QULU AĞSƏSİN POEZİYASI BARƏDƏ
“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə “Biri ikisində” layihəsində bu gün ədəbi tənqid saatıdır, Filologiya üzrə fəlsəfə doktoru, Bakı Slavyan UniversitetininRus ədəbiyyatı tarixi kafedrasının dosenti Kəmalə Umudovanın “Adı soyadını eşidən şair – Qulu Ağsəs” məqaləsi ilə tanışlıqdır.
Ön söz əvəzi
Qulu Ağsəsin şeirlərini oxumaq çətindir – oda yaxınlaşmaq kimi bir hissdir: səni yandırıb-yaxarmı, səni əridib qəlibinimi dəyişər, kül edib bir ovucamı sığdırar, yoxsa səni səndəki çərçivədən alıb sən olmayan, mən olmayan, yalnız O olan dünyaya götürər – bütün bu həqiqətləri hər kəs şairin yaradıcılığı ilə yaxından tanış olduqdan sonra özü üçün bəlli edə bilər.
Qaçdığım yerdə yaxaladı məni Qulu Ağsəsin şeirləri. Eşq əhli, ruh adamı bu qaçışın hansı məsuliyyətdən doğduğunu yaxşı bilir, onu da bilir ki, gözünü, qulağını Haqqa bağlaya bilməz – başqa aləmlərlə görüşə çıxmaq nəsibimdir deyib, boynuma daha bir borc yükünü almağa cəsarət edirəm. Uzaq yoldur, uzun və incə yoldur. Yol yoldaşı ola biləcəyim yolun deyil, yolçuların sınağıdır. Sınayaq bir-birimizi – oxucu və şair.
İncəsənət ruhun təcrübəsi kimi
Bəşəriyyət var olduğu zamandan bu yana incəsənət onu müşayiət edir. Cəmiyyət bir çox fəaliyyətləri mühüm hesab etsə də, bədii sənətlə məşğul olmağı heç də mütləq dəyər olaraq qəbul etmir və aşılamır. Din mənsubu və ya ateist olmaq, siyasi maraqlarını bəyan etmək kimi cəhətlər məcburi görünsə də, bədii dəyərlər yaratmaq, onları çoxaltmaq və inkişaf etdirmək həmişə ikinci dərəcəli iş hesab olunur. İncəsənət həyatın dərkolma şəklidir, bəşəriyyətin ehtiyacı olduğu həqiqət uğrunda mübarizəsidir. Bu, elmi məntiq yolundan fərqli yoldur. Hegel belə hesab edirdi: “Öz formasına görə incəsənət müəyyən məzmunla məhdudlaşır. Həqiqət yalnız bəlli çərçivədə və səviyyədə bədii əsərdə öz ifadəsini tapa bilər”. Hegelin bu mülahizəsi dəfələrlə tənqid olunsa da, mədəniyyət tarixində zaman-zaman mübahisələr doğurmuşdur. Elmi, yoxsa bədii idrak – hansı cəmiyyətin həyatında və inkişafında daha çox üstünlük təşkil edir? Alim haqlıdır, ya sənətkar?!
Məktəbdə bədii əsəri şagirdlərə və ya tələbələrə öyrədərkən onun bütün mahiyyətini bir neçə “ciddi”, məntiqi nəticələr vasitəsilə ifadə etməyə çalışırıq. İncəsənəti ikinci dərəcəli həyat fəaliyyəti hesab etdiyimiz bəllidir, lakin “nə üçün cəmiyyət incəsənətsiz yaşaya bilməz?” sualı hər zaman açıqdır. İncəsənət insan ruhunun hansı ilkin tələbinə cavab verir, hansı əzəli ehtiyacından doğur? Şekspirin “Bu sizin xoşunuza gəlirmi” komediyasının qəhrəmanı sadəlövh və cahil Odri soruşur: “Poeziya nədir? Həqiqidirmi?”. Həmsöhbətinin “Əsla yox, çünki ən həqiqi poeziya – ən böyük təxəyyüldür” cavabı bizi daha dərin suallar qarşısında qoyur. “Tanrı” odasının müəllifi Derjavin isə poeziya haqqında fikrini belə ifadə edir:
Yayda dadlı limonadtək
Xoş, şirin və faydalıdır.
Mandelştam Birinci Dünya müharibəsi ərəfəsində daxilində mütləq bir tənhalıq yaşadığı vaxtda bu sətirləri yazır:
Və əgər əsl nəğməkarsan,
Tam qəlbinlə oxuyursan,
Hər şey yox olur o zaman –
Ənginlik, ulduzlar və səmadır yalnız doğru olan.
Anna Axmatova məşhur “Sənət sirləri” silsilə şeirlərinin birində yazır:“Bir bilsəniz, hansı qarmaşadan / Boylanır şeirlər anidən, heç utanmaq bilmədən”. Böyük rus şairi Yevgeni Baratınski “Arifə” adlı şeirində arifə belə müraciət edirdi:“Yaradıcılq iztirabı öz sözü ilə çıxarar bizi yoxluqdan / Həyat verilmişdir iztirab üçün: Həyat və iztirab yanaşıdır hər zaman”. Göründüyü kimi, fikirlər müxtəlifdir, subyektivdir. Danılmaz olan bir şey var: ədəbiyyat humanitar düşüncə sahəsi kimi ilk növbədə obyektiv biliklərə yiyələnməyi deyil, insan şəxsiyyətinin formalaşması məsələsini önə çəkir.
Yaradıcı düşüncə kamil insan axtarışından doğur. Əsl şair günahlardan sıyrılır və Tanrının qurub nizama saldığı dünyanı yenidən, öz dünyasıymış kimi qurmağa cəhd edir, İlahi yaradana bənzəyərək, Ona uyğun olaraq varlığı dərk etmək istəyir. Bu yaradıcılıq təşnəsində əbədi eşq və ontoloji həqiqət var, Qulu Ağsəsin yazdığı kimi: “bir sevdiyini biryolluq sevmək” var, “çətin” də olsa (“Çətirim səma”). Vərəqlərlə söhbət edən, onları qarşısında zəmi kimi görən, yaradılışdan və yaradıcılıqdan xəbər verməyən söz yazmaq istəməyən şairdir Qulu Ağsəs... O, sözə münasibəti ilə öz ilahi təyinatına sədaqətini qoruyur.
Tanrı səltənətində də, Allahın altında da hər şey həqiqətdir – Var olandır. Qədim Misirdə “yaradıcılıq” məfhumu artıq dərk olunmuşdu. Yeni dövr mətnlərində “hm.(w).t” sözü incəsənət tanrısı Ptaha məxsus yaradıcı güc, ustad sənəti anlamı daşıyırdı. Yenidən yaradılma və ya yaratma (qədim yunan dilində isə poiesis adlanırdı) fəlsəfi kateqoriya olaraq “fəaliyyət”, “proses” və “yaranış” məfhumlarını özündə birləşdirir və yaradıcılığın yenidən yaratma mahiyyətini ifadə edirdi. “Şair” sözü də (poietes) qədim yunan dilində “yaradan” deməkdir. Reallığı dağıdaraq, parçalayaraq onun bütöv görünən şəklinin daxili mənzərəsinə nüfuzetmə, yenidənyaranma, dirilmə, daha üst məna üfüqlərini fəthetmə, sonsuzluğaqovuşma istəyi Qulu Ağsəs poeziyasının əsas intensiyasını təşkil edir.
Mətn və metamətn
Qulu Ağsəs bədii mətni nədir, onun şeirini aktuallaşdıran hansı cəhətlərdir? Dünya ilə mürəkkəb qarşılıqlı münasibətlər quran sənətkar, şair müəyyən təsirlərə qarşı müqavimət göstərməsə, onlarla bəzən “dil tapmasa”, məhv ola bilər. Xarici mühitlə qarşılıqlı münasibət müəyyən biliklərin, mesajların, siqnalların alınması və anlaşılması, çözülməsi, oxunması anlamına gəlir. İnsan bütün ömrü boyu məlumat axınının içindədir. Sənətkar mövqeyi olmaq bu prosesdə varolma, sağ, diriqalma şansını qoruyub saxlamaq üçün öz üslubunu, işarə sistemini, öz dilini yarada bilmək və cəmiyyətlə bu dildə danışmaq istedadına sahib olmaq deməkdir. Bu söz, bu dil sondahəm də insanların sərvətinə çevrilir. Bu sözdə, bu dildə ifadə olunan mənalar, mətləblər, sadəcə, emosional, estetik təəssüratlar əldə etmək istəklərimizi təmin etmir. İnsan həyatının mahiyyətində Haqqa yetişmək, Onunla görüşmək, Onu tanımaq, Onunla üz-üzə gəlmək və Onda öz üzünü aramaq və görmək eşqi yaşayır. Sənət əsəri insana ona tam bəlli olmayan metafizik aləmlə bəsit duyğularla deyil, daha dərin, əzəli bağlarla əlaqə yaratmaq üçün vasitədir.
Qulu Ağsəsin şeirində yaradılanı dərk etmək Yaradanı təsdiq etməkdən keçir. Dünyanı anlamaq – dünyanın alnına yazılanı oxuya bilməkdir. Anlamaq istəyi – heyranlıq, heyranlıq – təəccüb, təəccüb – sual doğurur. Qulu Ağsəsin poeziyası fəlsəfi suallar və onlara verilən cavablar üzərində qurulmuş mətndir, yerdə cavabı tapılmayan suallara başqa aləmlərdə cavab axtarmaq niyyətidir. Yer üzü axan çaydır, qışda donub yazda yarpaqlayan ağacdır, yağışı var, qarı var. Lakin görünən hər şey yalnız sirli aləmlərin lütfü olaraq dərk olunarsa, yaşayır və canlıdır. Dünyaya qonaq olduğunu bilsə də, əbədi sevgiyə inanır şair. “Bir yol yatağından qalxmayan bir çay” şeirində dünya insan üçün hazır və ya bəlli bir cavab deyil, axtarış, kamillik yolu kimi təsvir olunur. “Başını yelləsən, külü közərir” metaforasında insanın Allah lütfünə inamına, itaət mövqeyinə işarə olunur. İşıq deyil, işıqsöz verən Allah insanı azad seçimə, məsuliyyətə, mənəvi varlığını daim yaşatmağa səsləyir:
Şükür o göydəki ismin halına,
Şükür yağışına, şükür qarına.
Şükür – adımızı öz jurnalına
Əcəl – adqoydudan qabaq yazdırıb...
Allahın tək yaratdığı aləmin içində hər birimizin Onun qulu olmağımıza sevinir şair, bizi də adının daşıdığı o sevincə şərik edir.
Adəm və Həvvanın günaha batdığı o mübhəm gündən bu yana fanilik alnımıza yazılıb. Qulu Ağsəs isə bu fanilyi sükranlıqla qəbul edir, onunla barışır. Çünki insanın var olduğu məkanı, yeri, mövqeyi doğru dəyərləndirir. Şair cəmi bir misrası ilə dünyanın sirrindən xəbərdar olduğunu və insanla dünya arasında məsafəni, münasibəti bəlli edir, arif olmağa çağırır. Dünya “İşıq vermir, amma işıqsöz verir” deyən şair müdrik bir abiddir, susaraq yol göstərir. Bu, daxilə yönəli bir yoldur, yaşam və düşüncə biçimidir. O yolun boyu yoxdur, dərinliyi var. O dərinlyə getdikcə də ondan geri dönmək daha çətindir, hətta mümkünsüzdür.
Əsl həyat ətrafımızda olub-bitənlər deyil, qəlbimizin dərinliyində yaşananlardır. Dünyanı bu cür görə bilən şair ona verilən “söz”dən razıdır – bu, sözün adı “ümid”dir. Sonsuzluga götürən, insanın əbədi varlıq hissini təmin edən, onu bir gün işığın özü edən “söz”, ümid. “Günəş olun, sizi hamı görəcək!”, – deyirdi müstəntiq Porfiri qarşısındakı zavallı Raskolnikova. İnanclı pravoslavlar üçün Günəş İsa Məsihin simvoludur. Peyğəmbər olmaq Tanrıya İsa kimi inanmaq deməkdir. Əslində, Dostoyevski öz söz hüququnu qəhrəmanına verir, öz düşüncəsini birbaşa ifadə etmir – oxucusuna düşünmək üçün azad məkan yaradır. Şeirdə bunu etmək çətindir, çünki lirik qəhrəman məfhumu var, müəllif sözün sübyektidir, özünü gizlədə bilmir. O, poetik mətnin konstruksiyasından kənarda deyil, içində görünməlidir.
Qulu Ağsəs mətnlərini çox zaman sualla başlayır, onları sual-cavab şəklində qurur, oxucunu da dərk olunana subyekt olaraq daxil olmağa, anlamadığını anlamağa, xəbərdar olmağa dəvət edir. Şair oxucunu dünyaya kənardan deyil, onun içindən baxmağa, yanlışını qoyub doğrusunu görməyə, pisini qoyub yaxşısını axtarmağa sövq edir. Dərinliyə açılan yollarda qaranlıqlar geri çəkilir, işıq çoxalır, yer – səma, fanilik – ölümsüzlüklə əvəz olunur. Kainatın ənginliklərinə doğru irəliləmək, onun sirrini çözmək, Yerlə mələklər arasında əlaqə yaratmaq insanın Allahla yaxınlığına və uzaqlığına bağlıdır.
Qulu Ağsəs daim yenilənən, ilahi bağları görmək üçün maneələri dəf edən, insanı formalaşdıran mətnlər yaradır. Nəticə olaraq, mətndənkənar hadisələri vəhy ilə qavrayan, sezən şair xüsusu bir metamətn ortaya qoyur. Bu mətnin qəhrəmanı sirli dünya və sirli insandır.
Həyat və ədəbiyyat
Günah incəsənətin predmetidir (Lotman). İncəsənət günahı təbliğ etmir və əxlaq dərsi də vermir. İncəsənət günahı araşdırır. Tanınmış türk folklorşünas alimi professor Özkul Çobanoğlu universitetdə təhsil alarkən kirayə qaldığı evin sahibəsini öldürmək fikrindən məhz “Cinayət və cəza”nı oxuduqdan sonra vaz keçdiyini deyir: Raskolnikovun əzablarını yaşamaq onu qorxudur və cinayətdən çəkindirir.
Həyat ədəbiyyat üçün materialdır, lakin ədəbiyyat özündə gizli bir sirr saxlayır – bu sirr müəllifin mövqeyi, insana və dünyaya, onların fikili münasibətlərinə baxışıdır. Qulu Ağsəsin yaradıcılıq yolu, onun fəlsəfi poeziyası “Həyat nədir?” sualının ətrafında dövr edir və ona cavab axtarmaqla formalaşır. Onun zahirən böyük olmayan, lakin dərin mənaları arayan meditativ mətnləri oxucunu da bu fkir burulğanına baş vurmağa, öz daxili aləmini kəşf etməyə və gizlinində saxladığı eşqi, İlaha bağlılığı üzə çıxarmağa sövq edir.
Yuxarıda Şekspir, Axmatova, Baratınski kimi qələm sahiblərinin poeziya haqqında qısa aforistik düşüncələrini qeyd etmişdik. Qulu Ağsəs isə deyir:
Əkinçinin
havaya atdığı
bir ovuc toxumdu ulduzlar –
bar vermədiyindən qızarar.
...Şeir sirdi, Adam,
sirri bağırmazlar –
ulduzlardan utan.
Müəllifin bizə söyləmək istədiyi bir sözə sığmır, o, canlı və mürəkkəb quruluşa malik fikirdir. Dünyanın ulduzlar boyda sirri varkən, sözə böyük yük düşür, şairə isə peyğəmbərlik. Bu sirrə cavab arayışı boyunca insan ömrü mənaya yetir.
Bilinməyən həqiqətləri üzə çıxarmağı poeziyanın qayəsi hesab edən şair sözə bəsit münasibətdən nigarandır. “Hara baxıram, şairlər” şeirində “Kimdir şair?” deyil, “Kimlər şair deyil?” sualına cavab verir Qulu Ağsəs. “Yaxadan tutub danışan”, “misranın qulağını burub qışqırdan”, “şeiri oxucu üstünə qısqırdan”, “çığıran şairlər”, “bağıran şairlər” , “ağıstan şairlər”, “dağıstan şairlər” və s. kimi təşbehlərdə təkrarlanan müraciət “şair” sözünün hansı səbəblərdən öz ilkin mənasını itirdiyini, ucuzlaşdığını, bayağılaşdığını göstərir.
Müsahibələrinin birində özü və sözü arasında münasibətlərə aydınlıq gətirməyə çalışır və söhbətin əvvəlindən dəfələrlə təkrarladığı “Bəyəm buna görə seir yazmağa başladım?” sualına özü də bilmədən sualla cavab verir: “Təzə nəsə yazmaq, özünü təzədən kəşf eləmək adama həmişəmi nəsib olur?!”. Cavabın sonunda yenə bir sual işarəsi qoyur, yenə bir cavaba, bəlkə də, bu cavabdan doğacaq daha bir suala yer qoyur və beləliklə, Qulu Ağsəs öz poetik sözü ilə yerin-göyün başına dolanır.
Özünü kəşf etmək yaradıcı olduğunu hiss etməkdir şair üçün. Söz söyləmək, dünyanı fəth etməkdir. Qəlibləşmiş hiss və düşüncələri təkrarlamaq deyil, sözçülük deyil, yaradılanı söz vasitəsilə görmək üçün bir də Yaradanın yolu ilə getməyə can atmaqdır əsl şair olmaq. “Bəs Allah, qardaşım, Allah?! Hər şey insanınmı əlindədi?! Yox, atam, yox! Bayaq soruşdun ki, nə var, nə yox; Allah var, Allah! Yoxu var, varı yox eləyən…”, – deyə sözünə davam edir Qulu Ağsəs müsahibəsində.
“Həzərat!” müraciəti ilə başlayan eyniadlı şeirində isə cəmi üç suala cavab üzərindən həyatı anlatmağa çalışır şair:
Həzərat
cəmi üç suala
cavabdı həyat:
Kim?
– Heç kim!
Hara?
– Heç hara!
Nə vaxt?
– Heç vaxt!
İnsanı, məkanı, zamanı və onların qarşılıqlı münasibətlərini təyin edən bu lakonik magik mətndə cavab oxucu üçün yenə də sirr olaraq, sual olaraq saxlanılır. “Heç kim”, “heç hara”, “heç vaxt” inkarının arxasında isə, əslində, əbədiyyət, qədim yunanların həqiqət adlandırdığı Varlıq təsdiq olunur.
Qulu Ağsəsin şeirlərində axtarış var, sual var, insana inam, abid təvazökarlığı, Allaha şükür etmə məqamı var. Ümumiyyətlə, Qulu Ağsəs mətninin dialektikası təzadların qarşıdurması ilə deyil, qarşılaşdırmasından doğan tamamlanma ilə səciyyələnir:
Cənnətin qapısını döyən –
demək, orda deyil,
arxada qalan göz –
düz yolda deyil.
Ba-ax, ikisi də tərs keçidi:
biri –
gündüzdü,
biri –
gecədi.
Gecə –
səhəri su kimi üzünə çəkər,
Gündüz –
gecənin çiynindən ulduzları sökər...
İlk baxışda şeirdə zahiri dinamikaya rast gəlmirik, sanki statik bir mənzərə təsvir olunur, lakin bu “durğunluğun” arxasında gecə ilə gündüzün mübhəm görüş anı – həyata dönüş anı dayanır. Bu hadisə “səhəri su kimi üzünə çəkər” metaforası ilə böyük canlılıq qazanır. Obraz öz daxili mənası ilə sonsuz və əbədi zaman hadisəsinə çevrilir: gecə səhərin su lallığına, sakitliyinə, paklığına təşnədir və əksinə, gündüz də gecədən ayrı deyildir – onun çiynindən sökdüyü ulduzları öz rənginə boyayaraq onları çoxaldır, gecəyə sədaqətini nümayiş etdirir, dünyaya şəfəq yayır. Qulu Ağsəs əbədiyyəti ziddiyyətlərin vəhdətində görür. Konkret halda “gecə-gündüz” antinomiyası Varlığın dərki üçün müdrikliyə yeni qapı açır və başqa aləmlərlə görüşə hazırlayır. Bu məqam sirr qapısı, Varlığın dərkinə keçid məqamıdır.
Bilinməyən dünyalarla görüş məqamının, ölüm qarşısında həyatın metafizik təsdiqinin, reallıqla üzləşmənin həm də yüksək faciə anı olduğunu Qulu Ağsəs poeziyasının bəzi nümunələrində açıqlamağa çalışacağıq.
Üçölçülü poeziya
Azərbaycan ədəbi camiəsində xaotik bir durum var. Hamı var, heç nə yoxmuş kimi, ad var, söz yoxmuş kimi, söz var, ədəbi söhbət yoxmuş kimi, yazıçı var, oxucu yoxmuş kimi və s. Bu qeyri-müəyyənliyin içində ən asan iş kütləni arxasına alıb onunla yol getməkdir. Qulu Ağsəs kütlə şairi deyil, hara getsə, çevrilib baxanda arxasında yenə də kütləni görməmək üçün o, təkliyinə, özünə, qələminə, qələm tutan barmaqlarına və qarşısındakı ağ vərəqə güvənir. Ona görünən deyil, görünməyən yazılar mənalı görünür. Özünü yerin bətnində, Tanrının gözündə görmək istəyir, Tanrının da gözünə göründünsə, səni nəzərində saxlayacaq, izləməkdə davam edəcək, hələ bir görməyə neçə göz də verəcək. Düşünürəm ki, uzağı-yaxını görmək üçün deyil – və ya yalnız bunun üçün deyil – həm də göylərdəki cənnəti və yerdəki cəhənnəmi görmək üçün, gecə ilə gündüzü həm ayıran, həm də birləşdirən nöqtəyə nüfuz etmək üçün, dörd bir tərəfinə nəzər salıb orda öz yerini də doğru-dürüst təyin etmək üçün eynəyə ehtiyacı da yaranıb Qulu Ağsəsin...
Qulu Ağsəs şeiri yalnız Allahdan gələndə yazır. Bunu bütün şairlər demək istəyər və ya deyə bilər və yaxud da deyər, amma Ağsəs həm də onu deyir ki, Allahınız olsun, onun olmadığı yerdə söz axtarmayın, söz müqəddəsdir. Bunu İncil də deyir, Quran da. “Başlanğıcda söz vardı. Söz Tanrı ilə birlikdəydi və Söz Tanrıydı”. Tanrı Sözünü İsanın çiyinlərinə yüklədi və öz Sözünü onun vasitəsilə insanlara çatdırmaq istədi. İsa çarmıxa çəkiləndə ən son qorxusu Tanrıdan uzaq düşmək oldu, özünün Həqiqət olduğunu bir də sorğuladı, Söz olmamaqdan qorxdu, özü üçün deyil, insanlar üçün qorxdu, arxasınca səslədiyi insanların xilas oluna bilməyəcəklərindən qorxdu. Şair peyğəmbər deyil, lakin onun getdiyi yollardan xəbərdar olan Allah elçisidir.
“Mən sirrimi vərəqə yazası oldum, özü də qələmlə, işin ən yüngülündən yapışdım, neçə ildir şeir yazıram, deməli, ömrümün çoxunu qaya başında keçirmişəm”, – deyir Qulu Ağsəs. Vərəq yüksəkliklə assosiasiya olunur. Şairin yerdəki taleyi ruhun son məqamına yetişmək, abidlər kimi səma dilində danışmaqdır. Onun yaşadığı qayanın yüksəkliyindən “yüngül” görünən “iş” seçilmişlərin qədəridir. Adı soyadını eşidən şairdir Qulu Ağsəs...
Dünyanın ilkin təbiətində ona yaxınlıq, bağlılıq sosial mərtəbələrlə, maddi gözləntilərlə ölçülmür – bu, süni yaradılmış əlaqələrdir. Söz Qulu Ağsəs üçün cismən varolma, ölməmək üçün yaşamaq vasitəsi deyildir:
Çörəkpulundan ötrü yazdığım
reklam mətninə
rast gəldim
şəhərdə.
Sözlər üstümə qışqırdı:
Bizi niyə küçəyə atmısan?!
Söz şairlə Allah arasındakı məsafəni təyin edən ölçü vahididir. “İkimizə bir şeir” adlı şeirində şair insan ömrünü əbədiyyətin parçası kimi dərk etmək istəyir:
Baş açmadım – bu, ömürdü, nağıldı, nədi?!
Uzun olsun, gödək olsun, usanır adam.
Bilməm şirin arzuları, acı qisməti
Yaşayanmı İlahidi, yazanmı adam?!
Şair reallığı idrak edən və idrak olunanın bərabərhüquqlu qarşılıqlı əlaqəsi kimi təqdim edir. Burada insan təsir obyekti kimi təsvir olunmur. Müəllifin məqsədi idrak olunanın zahiri təzahürlərini deyil, onun daxili mənasını və bənzərsiz bütünlüyünü önə çəkməkdir. Şair idrak olunan qarşısında könüllü təvazökarlıq edir, ona verilən bilikləri olduğu kimi, hazır şəkildə təqdim etməkdən çəkinir:
Mən dəliyəm, mən güclüyəm, mən zorakıyam,
Ən alınan qalalar da gücnən alınmır.
Mən sonuncu sonralardan ən sonrakıyam,
Bəhsə düşdüm, zor elədim, heç nə alınmır.
İdrak olunan idrak edənin qarşısında ən uca mərtəbəyə yetişmək imkanı açır. İlahi həqiqət qarşısında mütəvazilik göstərməyin gücsüzlük olmadığını, eyni zamanda tam həqiqətləri üzə çıxarmaq üçün geniş qarşılıqlı təsir sahəsi yaratdığını vurğulayır şair. İnsan və Allah arasında qarşılıqlı əlaqələr bu cür qurula bilər. Bu cür qarşılıqlı təsirin nəticəsində anlama prosesinin hər mərhələsində anlamaq istəyən özü də yeni biliklər səviyyəsinə yüksəlir:
Qırışından ulduz axan bu göyün altda
Biz kimik ki, səsimizi zilə qaldıraq?
Ağzı üstdə bir arzum var tək bu həyatda:
İstədiyim sözə çatan qələm qaldıram!
Sirr olan sözə çatmaq, onu çözmək, haqqı tapmaq üçün şair yol gedir:
Doldurmuşam mürəkkəbnən qələm-maşını,
Şütüyürəm varaqların üstüynən hələ...
Qələmi ilə qət etmək istədiyi yolu – uzunluq, “ömrünün çox hissəsini keçirdiyi” qayanı – hündürlük, “yorulub küncündə oturduğu” vərəqi isə enlik, horizontal səth (xana, otaq, yer və s.) hesab etsək, Qulu Ağsəs poeziyasında yaşadığımız dünyanın üçölçülü təsvirinin əks olunduğunu görə bilərik.
Universum axtarışında
Qulu Ağsəsin poeziyasında həyat və insan haqqında düşüncələrin mənbəyi İlahiyə bağlıdır. İnsan və Tanrı, günah və xilas, şübhə və səbir, şükranlıq onun yaradıcılığının təməl mövzularındandır. Kainatın sirlərinə cavab axtarışına yönəli fəlsəfi məzmunu, simvollarla zəngin metaforik üslubu ilə fərqlənən yaradıcılığı çox geniş mifopoetik düşüncə sahəsi, obrazyaratma xüsusiyyətəri ilə ədəbiyyata və ədəbiyyatşünaslıq elminə (tədqiqat obyekti kimi) böyük töhfədir.
Şairin bir çox şeirlərində Yer üzü, yaşadığımız məkan əbədi zamanla ölçülür. Sözünün vardığı məkanlarda Tanrı ilə görüşəndəsözü boyda susar şair. Tanrını görə bilmək məqamında özünə yetişən abiddir, arifdir Qulu Ağsəs. Hamımızın yerinə susur bəzən – bizi sözə dəvət etmək üçün. “Sənsən hər yer...” şeirində o, Tanrı ilə cənnətdə görüşə tələsir:
Gedib tövbə eləməyə
mənə yer ver, İlahi,
Elə yer ki, baxım görüm
Sənsən hər yer, İlahi!
Günahımı nəylə desən,
razıyam, yuyum orda,
Əgər gücün çatsa, məni
özündən doyur orda...
Qulu Ağsəs söz söyləmir, divanə bülbüllər kimi nəğmə deyir. “Quş budaqda oxuyur, / şair varaqda” (“Bunu ancaq sənə danışıram”) anladır bəzən ən doğma insanına, bəzən də susaraq peyğəmbər səbrində hər şeyi ifadə edir. Gözü deyil, “dizi yol çəkən”, “dizini yol çəkən” şair dünyanın yükünü çəkib bir sahilə çıxarmağa səssiz umid edir başqa bir şeirində (“Dünya zəhər kimi”):
Bu yolun düzü olmaz,
Əyrisi, düzü olmaz.
İçiynən danışanın
Deməyə sözü olmaz.
Bu yol sonsuzluğun, Allahın, Varlığın mənasına qovuşmağın yoludur. Göydən gələn bərəkəti, lütfü görüb dəyərləndirməyən insanların olduğu yerdə durmaq istəmir lirik qəhrəman, Yaradanın dərgahına üz tutur, öz taleyini Onun xilaskar əlinə etibar edir:
...Çıxmaq istəyirəm üzü qüruba –
apar dərgahına məni, Yaradan,
kimsəni yarıdammadım,
bəlkə, Səni yarıdam...
Tanrı dünyanı və insanı gözəl yaratmış tək və əsl Şairdir. Şair də yaradandır, öz poetik yaradıcılığında yeni aləmlər yaradır. Həqiqi şair, sadəcə, yazan deyil, o BÖYÜK ŞAİRin yazdıqlarını oxuyandır.
Rasional düşüncəyə malik insanlar şairlərə və onların poetik baxışlarına, təcrübəsinə duyarsız yanaşır, poeziyanı reallıqdan uzaq, fantasmaqoriya adlandırırlar. Blok Puşkinə həsr olunmuş ”Şairin taleyi” adlı məruzəsində ”Şair kimdir? – deyə soruşurdu. Nəzmlə yazan insanmı? Yox, əlbəttə. O ona görə şair adlanmır ki, nəzmlə yazır; o, sözləri nəzmə çəkir, yəni sözləri və səsləri bir ahəngə gətirir, çünki o, ahəngdən doğulmuşdur. Ahəng nədir? Ahəng dünya güclərinin, həyatın nizamıdır. İntizamsızlığın – xaosun əksinə olaraq, nizam kosmosdur”.
Qulu Ağsəs yaratdığı əsərlərdə özünü sonsuz makrokosmun bir parçası kimi dərk edərək yaradılışın haradan gəlib, hara getdiyi, görünən dünyanın hansı qüvvələrin, ünsürlərin amansız mübarizəsindən yarandığı haqda düşünür, öz duyğularını kosmik varlığın təzahürü kimi qəbul edir. Ay, günəş, ulduzlar, buludlar, külək, yer, göy, gecə, səhər, quşlar, ağaclar, dağ, meşə, çay və s. zahiri təbiət mənzərələri şairin qəlbində və poetik düşüncəsində canlı obraza çevrilir. “Bir yol yatağından qalxmayan bu çay”, “Çətirim səma”, “Bura bir dağ döşüdür... hər tərəf duman, çiskin”, “Görsən ki qaranlıq çökür aləmə”, “Ay yupyumruydu axı” və s. şeirlərində insan dolayısı ilə Tanrının ilahi təzahürü olan təbiətin ayrılmaz hissəsi kimi təqdim olunur, təbiətsə insanı düşündürən sualların cavabını özündə gizlədən ilahi nəsnə kimi dəyərləndirilir.
İlin fəsillərinin, gecə ilə gündüzün, qaranlıq və işığın, inam və şübhənin bir-birini əvəz etməsi xaos və kosmosun, xaos və dünya nizamının qarşılıqlı əlaqəsini, dialektikasını ifadə edir. “Haradı dünyanın / əvvəli, axırı?!”, “Nə çəkir göylərə,/ nə çəkir?!/ – Adamı boynundan ip təki...” və ya “Mən – ölümlə həyatın arasından keçirəm, / düz yolda olsam da”, “Mat qalmışam arasında /cəhənnəmlə cənnətin” və s. bu kimi sonsuz suallar və düşüncələr iki əks qütbün arasında döyünən şair qəlbinin dünyanın pozulmuş düzənini bərpa etmək istəyindən xəbər verir – onun şeirlərində insan hissləri kosmik nizamın səviyyəsinə uyğunlaşır.
Bunu ancaq sənə danışıram: bircə balama...
“Bunu ancaq sənə danışıram” şeirində şair övladına dünyanın dixotomik gerçəkliyini (in-yan fəlsəfəsində olduğu kimi) kişi-qadın, yalan-həqiqət simvolları üzərindən anladır. Bu zaman o, insanın olacaqlar qarşısında təkliyinin, “kimsəsizlikdən bənzərsizliyin” qaçılmazlığını dilə gətirməkdən çəkinmir. Lakin bu xəbərdarlıq gecə yuxusuna hazırlaşan kiçik həmsöhbətinin qəlbinə qaranlıq, xaos daşımamalıdır, əksinə, şair ona qaranlığın içində işıqolmanın dəyərini aşılayır. Buna görə ona son olaraq gecəni gündüzlə barışdıran, qaranlığın özünü işıqda xilas edən ilahi səxavətdən, sevgidən danışır:
Gör göy üzü nə qədər qayğıkeşdir,
gecənin kürəyinə
ulduzdan piltə qoyur...
Xaos yaradan gücləri təmsil edən gecə Qulu Ağsəsin poeziyasında insana həyatın hər anının təkrarsız olduğunu xatırladır. Ona görə insan Yer üzündə ülviyyətə dəyər verməli, onu qorumalı və çoxaltmalıdır. Kosmos xaosdan yaranmışdır və geri dönüş yolverilməzdir. İşıq bizi xaosdan qoruyan səddir.Qaranlığın işığa çıxması, gecənin gündüzlə əvəz olunması dialektikası Qulu Ağsəsin bir çox şeirlərində leksik, semantik və süjet səviyyəsində açıqlanır: gecənin vaxtı “sübh azanına” qədərdir (“He-ca”), “Dan yeri gecənin göydə od tutan / Bağrıdı” (“Dan yeri...”), “Səhər – körpəsidi doğan Günəşin” (“Görsən ki qaranlıq çökür aləmə”), “Günəş – müqəvva görünsəydi, / gecəni quş kimi qorxudub uçura... (“Yorulub oturdum”), ”Qış günü soyuqdan ölən ağacın / Yasına mart ayı yarpaq yazdırıb...” (“Bir yol yatağından qalxmayan bu çay”) , “Bu da axır... / bu da xilas.../ “Son gecə... / səhər ertə...” (“Qələt eləyərəm, desəm”) və s.
Poetik an axan zamana qarşı
Əsərlərində dualizmin bu cür ardıcıl şəkildə ifadə olunduğu digər Azərbaycan şairi varmı, söyləməkdə çətinlik çəkirəm. Qulu Ağsəsin öz şeirlərini xronoloji olaraq sıralamaması da təsadüfi sayılmaz, çünki yaşanılan, ifadə olunan təsvir predmeti insanın dünyaya münasibətidir. O da özü-özlüyündə bir qavrama, anlama mədəniyyətidir. Ədəbiyyatın predmeti də insanın formalaşması (formalaşdırılması deyil) məsələsidir. Sonu olub bitən və tükənən insanı uzun bir tarixi zamanın içində qoruyub saxlamaq, onun fanilyini dəf etmək üçün mədəni yaddaş köməyə gəlir. Bu zaman mühüm olan hadisələrə baxışdır.
Qulu Ağsəs yaradıcılığında həyat mənzərəsi məkanda ardıcıllıq qanununa görə deyil, daxili məna əlaqələrinə görə qurulur. Zaman da nizami xətt üzrə deyil, səbəb-nəticə qanununa tabe olmayan mədəni dəyərlər üzərindən öz üst, metafizik anlamını qazanır. “Bir də baş qoşan deyiləm” şeirində zahirən sadə görünən süjet xəttinin arxasında Varlığın bütünlük qazanması məqamı təsvir olunur. Gün boyu baş verən bəsit hadisələri bir sıraya düzərək onları “yuxuya verən” şair, əslində, axıb gedən zamanın nisbiliyni dərk edir və ona qarşı mütləq zaman anlayışını qoyur, adi zamanı məhv edərək (“verdim getsin yuxuya”), əbədi zaman haqda düşünür. O, qəlbini sıxan qapalı tənhalıq çərçivəsini qırır, başqa aləmlərlə təmas qapılarını açaraq dünya ilə bütünləşir, vəhdət halına gəlir:
Düşündüm, görən, O neynir,
hardan tapır dincliyi?
Gecə Ona,
gündüz Ona,
saat Ona işləyir!
Pəncərəmdə Günəş doğdu –
üzünə töküb telin.
Olan-qalan ağlımı da
qarışdırdı sübh yeli.
Uzaqda göy guruldadı, qəfil yağış çilədi,
qalxıb fərman imzaladım,
hamını əvf elədim...
“Sevgi bol, dərd də namxuda...” şeirində təzadlı hisslərin, günahların içindən yol, xilas axtarışı vertikal perspektiv üzərindən həllini tapır, zaman da yerdəki axarından qopur, yuxarıdan gələn zamanla nizamlanır, hadisələrin zahiri axını qəhrəmanın qəlbinin dərinliyində baş verən metamorfoza ilə əvəz olunur. Bu, ani olaraq, ilğım şəklində bir nurlanmadır, gizlinin və sirr olanın insan daxilindən zühur etməsidir, insanın özünə qayıdışıdır. Tanrı ilə dua dilində, şükür məqamında söhbət edən şair təslim olmuş ruhun heyranlığını belə ifadə edir:
Ömrü sürürəm hələ ki
Verdiyin gündən yuxarı.
Hərdən qaldırmağım gəlir –
(döşənib ayaqlarına)
Səni özümdən yuxarı...
“Mən şeytan balanam, Tanrım, / Ölü ver, diri qaytarım!” sözlərində fövqəlbəşərilik ideyası daşıyan qəhrəman sonda kor fələyin əlindən qurtulmaq üçün müdrikliyə can atır. Bu, xilas məqamı son anda baş verir, lirik qəhrəman Tanrının ayaqlarına döşənərək onun sevgisinə tapındığını və tamamilə xilas olunacağına ümidini ifadə edir (Dostoyevskinin “Cinayət və cəza” romanının epiloqunda Raskolnikov Sonyanın ayaqlarına döşənərək şeytandan qurtulmuş ruhunu eşqlə görüşə gətirir).
İlahi ruhu dərk edən özünü dərk etmiş olur, eşqi dərk edən özündəki eşqin gücünə inanır. Fəlsəfi germenevtikaya görə, özünü anlamaq “Başqa Mən”i anlamaqdan keçir. Özünü dərk etmək üçün “Başqası”na müraciət etməlisən, “Başqası”nı anlamaq üçün onu hiss etməlisən, onu yaşamalısan. Poeziya bu kosmoqonik ideyanı ifadə edir. Qulu Ağsəsin “Məni mənlə” şeiri bu mənada səciyyəvi xarakter daşıyır:
Yatammıram ertəyəcən,
Bəlkə, bir şeir deyəcəm...
Qulağıma sirr deyəcəm,
Məni mənlə tək buraxın!
Nə daddım, nə gördüm hələ,
Laldım, kardım, kordum hələ.
...Çıxsam özümlə duelə,
Məni mənlə tək buraxın!
Yoxdan varolma, ruhən təzələnmə, qeybdən zühur, özünü əbədiyyətdə görmək istəyi şairin daha bir şeirində “mən” axtarışı ilə bağlıdır:
Sizə kimdən deyim?
Özümdən deyirəm:
Görmədiyim adama
Getmədiyim yerdə
Heç vaxt
Heç bir görüş verməmişəm.
Amma oturub gözləyirəm...
Kimi?
Harda?
Nə vaxt?
...Heyhat!
Bu şeirdə uzun, incə yolla gedən sufi dərvişin axtarış fəlsəfəsi, özünü əbədi zamanın yolçusu görmək istəyi ifadə olunub. Dünyanı sintez şəklində, bütöv mənzərəsini İlahi məqamda, metafizik yüksəklikdə, müdriklik mərtəbəsində görmək istəyi Qulu Ağsəs poeziyasının simvolik, mifopoetik, arxetipik cəhətlərini və dini-fəlsəfi əsaslarını önə çıxarır.
Rza Diqqətini oxumaq cəhdi
Foto da bədii mətndir. Rza Diqqəti kimi sənətkarın fotosu da ki illah. Adi gözlə nəzər saldıqda o fotolarda Qarabağ xarabalıqlarını görür, üzüntümüzü, göz yaşımızı, qarı düşmənə dost deməyimizi xatırlayıb peşmanlığımızı, təəssüfümüzü, heyrətimizi və s. sonsuz emosiya və hisslərimizin estetik şəklini görə bilirik. O fotolarda yer yerindən oynamış, altı üstünə çevrilmiş, keçilməz yollara dönmüş doğma/yad bir məkan görürük. Qulu Ağsəs isə məşhur fotoqrafın mətni üzərinə mətn yazır. Böyük sənətkarla xəyali söhbətində Qulu Ağsəs, əslində, həm də onun yaradıcılığının daxili, dərin qatlarını açıb göstərir.
Rza Diqqətinin fotolarındakı Qarabağa irreal qorxunc monstrların ruhu hakim kəsilmişdir. Burda insan dünyanı görə bilmir – dünya insan təxəyyülünün və təsəvvürünün heç bir ölçüsünə uyğun gəlmir. Şeirin əvvəlində qoyulan “Nə gördün Qarabağda... orda vəziyyət nə cürdü?” sualına cavabı da şair elə özü verir – “Salamatçılıqdı”. Cavab ümidsizliyi gizlətmək, özünütəsəlli üçündür və ironiya kimi səslənir. Ardınca Qarabağın real mənzərəsi məhz pikassovari, sürrealist cizgilərdə təsvir olunur. Qarabağın viran edilməsi tarixi, böyük epik məzmun forma və ölçülərin paradoksal uzlaşdırılması ilə cəmi bir neçə sətrə sığışdırılır:
məscid – minbərdən,
kəhriz – çinardan,
qəbir – başdaşından,
mina – kadrdan
hündürdü!
Yerini dəyişmiş həqiqətlər, dünyanın əyri güzgüsündə düzünü itirmiş tarix, coğrafiya, mədəni yaddaş insanın torpağı ilə vəhdəti, bağlılığı təcrübəsini qırır, yeni təcrübə qazanılması mümkünsüz görünür, çünki bu yeni bir mövzu, yeni bir dünya mənzərəsi qurmaq anlamına gəlir, bunun üçün isə dəyərlərin fərqli şəkildə yenidən nizamlanması gərəkdir.
Qarabağ məkanı yalnız ərazi olaraq dağılmayıb, assimmetriyaya uğrayan daha dərin nəsnələrdir, mənalardır. Burda hədəfdə şüur deyil – onu idarə etmək üçün insanın gücü yetərli ola bilər. Burda hədəf təhtəlşüurdur, təbiətlə, ulduzlarla körpü yaradan, ünsiyyət quran dildir, qəlbdir. İnsanın özü ilə və dünya ilə əlaqələrinin əvvəlki kimi, varlığını təsdiq edən duyğu və baxışlar üzərindən qura bilməməsi iztirabının özü faciəlidir, qorxuludur. Formasını itirmiş obrazlarda bir qarabağlı (hər qarabağlı yox!) öz obrazını tapa bilmir. Təsvir olunan zahiri görüntülər: məscid-minbər, qəbir-başdaşı, kəhriz-çinar kimi məkanlar immanent fəlsəfi dünyaya malik varlıqlardır. Nə yazıq ki, bu məkanın əbədi, fəlsəfi taleyinin sakini həm də mina – gizli ölümdür. ”Kadrdan hündür”, hardan baxsan, görünən, hər an bizi gözləyən heçlik qorxusu, odu sönmüş qara torpaqda göyərib boy atmamaq düşüncəsi dünyanın üçölçülü cizgisini təsəvvürlərdən silir, yaddaşı, keçmişi yox edir.
Yuxularının, nağıllarının, səssiz düşüncələrinin mövzusu və həmsöhbəti Qarabağı, təhtəlşüurunda əbədiləşmiş Sürüşəkdaşı, Qaraqaya yüksəkiliyini itirməmək üçün, bəlkə, hələ də getməyib Ağdama, Şuşaya Qulu Ağsəs. O assimetriyada dünyanın nizam-tərəzisi itmiş, altı üstünə çevrilmişdir, minbər və məscidin, qəbir və başdaşının yerini dəyişmiş cizgiləri absurd, anlaşılmaz xaos mənzərəsi yaratmışdır. Yurdun xarabalıqlarını real çərçivədən çıxararaq abstrakt şəkildə təsvir etməsi müəllifin hadisələrə dərin, şüuraltı qatları ifadə edən baxış bucağından xəbər verir. O, gördüyünü deyil, görmək istəmədiyini qələmə alır – işığın və ümidin yurduna dönməsini gözləyir. Və bir də sonda nağıllara dönür şair:
Hə, bir də
mat qaldım bir şeyə:
oranın quşları
adam kimi danışır,
adamları
quş kimi oxuyur deyə...
Baş vermiş metamorfoza – insanların quş kimi ötməsi və quşların dil açıb danışması – Ağsəs mətninə mifoloji ölçülər qazandırır, müəllif idealını ifadə edir.
Ümumiyyətlə, şairin Qarabağ və müharibə şeirlərinin yaşadığımız zaman kəsiyində deyil, ədəbiyyatımızın böyük zamanında ayrıca dəyər kəsb etdiyini vurğulamaq istəyirəm. Onun “Ağam!.. Adam!.. Ağdam!..” elegiyası, “Özün dağ başına qoyan şəhərin” adlı Şuşa oxşaması, ən gözəl xəyalını, əfsanə sevgisini bəyan etmək istəməməsinin səbəblərini tarixə anladan ”Qarabağ şikəstəsi” andı, zənnimcə, daxili zəngin dramaturgiyası ilə xüsusi araşdırma mövzusu təşkil edir.
Günəşə sarılan poeziya
Əsl şair odur ki, sözə, sözün xilas gücünə, sözdə xilasa inansın. Fikir qarmaşasının içindən boylanan misraları ilə gecənin qaranlığından doğan işığı, günəşi salamlayır Ağsəs öz əsərlərində. Səssiz gecədən sübh azanına gedən zamanın dəyəri söz söyləyə bilmək, üslubunu cilalamaqla özünü və dünyada öz yerini bəlli etmək, incə mənalara, başqa aləmlərin sirrinə varmaq istəyilə ölçülür Qulu Ağsəsin şeirlərində. Əbədi zamanı ifadə edən söz şair taleyinin ilkin anlamına işıq salaraq özü də əbədiləşir.
“Dur(y)ğu işarələri” silsiləsindən iki bəndli “He-ca” şeirində ifadə olunan şair və poeziya mövzusunu xeyir və şər, zülmət və işıq, yalan və həqiqət diskursları üzərindən dəyərləndirmək vacibdir. Əslində, şairin missiyası oxucunu qaranlığın, boşluğun olmamasına inandırmaq, optimizm aşılamaq deyil, qaranlıqların içindən günəşi görmək, günəş olmağı bacarmaq və bir daha, hər sabah sübhə diri çıxmaqdır. Bu, söz, sənət qarşısında sənətkar məsuliyyətidir. “Qələmim balta kimi / yenə doğrayıb tökür gönüqalın gecəni / he-ca-nın qazanına...” bəndinin son misrasında sözün hecaya bölünməsi ilə şəkilçinin üzərinə düşən vurğu kökdəki mənanı önə çəkir. Qədim yunanlarda üslub (heca) kəlməsi “stilus” adlanan qələmi ifadə edirdi – iti ucu yazı, digər ucu isə mum üzərində yazılanı pozmaq üçün istifadə olunurdu. “Stilusu çevirmək” hərfi mənasından başqa, məcazi mənada “heca üzərində işlə, üslubunun üzərində düşün” demək idi. Qulu Ağsəs də qədim sənətkarlar kimi qələminin iti ucu ilə öz borcunu şərəflə yerinə yetirir. O, “heca qazanından” – gecə zamanından, söz sınağından bişmiş, müdrik sözlərlə çıxır səhərə:
Qəribə səhərdi o
(vaxtını unutmuşam)...
Sevindim ki, nə yaxşı
Ürəyimin yağıyla
Bişirdiyim gecəni
Günəşə pay tutmuşam...
Birinci bənddə gecədən sübhəqədərki zaman ölçüyə sığışdırılmışdır (“çox var hələ sübh azanına”), çünki bu, sözün sirrinə vaqifolma zamanıdır, şair bu zamanın sahibidir, zamanı iradəsinə tabe etməyə borcludur – sınanıldığının və məsuliyyətinin fərqindədir. Gecənin zamanı da sübh namazına qədərdir. Bəs səssiz gecədən doğan səhərin nəyi qəribədir? Unudulmuş vaxt metaforası nəyi ifadə edir? Əlbəttə, şair o səhərin tarixinə işarə etmir. O, əbədi, ölümsüz zaman söz verir, orda nə keçmiş, nə indi, nə də gələcək var. Orda dünya başqadır və gecənin yaradıcılıq əzabının sonunda büsat, sevinc, işıqlı nəfəs, yoxluqdan varlığa sıçrayış, sözün doğulması – azad olması var.
Qulu Ağsəsi gecənin səssiz qaranlığında günəşi görməsi ilə, onu qısa misralarla, amma böyük təntənə ilə uğurlamasından tanıya bilərik. Yaradıcılıq ideyası Ağsəs üçün dünyanın kəşfi deməkdir. “Ürəyinin yağında bişirdiyi” həqiqət payı, söz payı da günəşin missiyası ilə üst-üstə düşür. Günəşi görmək, elə günəş ola bilmək deməkdir. Azərbaycan ərazisində qədim türklərdə Günəş kultunun mövcudluğunu, Qədim Misirdə Ra adlanan Günəş Tanrısına sitayiş olunduğunu nəzərə alsaq, Həzrəti İsanın da həvariləri qarşısında günəş kimi işıq saçmasını xatırlasaq (ilkin xristianlar üçün Tanrı Səltənətinin bərqərar olmasını ifadə edən hadisə), şairin günəş sevgisinin və sevincinin sirrini, bəlkə, anlamış olarıq.
“Barmqlarım yaman şeydir” şeirində yaradıcılıq, poeziya mövzusu faciəvi çalar qazanır. Qulu Ağsəs poeziyanın, qələmin ali təcəlləsini gizlində yatan həqiqətə nüfuz etməkdə, onu aşkarlamaqda görür. Bu, yaradıcılığın məqsədidir. Bu yolda şair qarşısına çıxan bütün maneələrdən xəbərdardır və onlara sinə gərməyə hazırdır. Şair üçün mühüm olan Həqiqətin özüdür:
Barmaqlarım yaman şeydi,
hara gəldi uzanır.
Çıxarmağa göz axtarır,
mənə düşmən qazanır.
Bir ucu tətikdədi,
hədəf elə özüməm.
Özündəki buxovları qırıb özünü həqiqətdə tapmaqdan keçir şairliyin yolu. Bu mənada, şairin taleyi söz sənətinin vəhy məqamına şahidlik və sahiblik etməsi ilə bağlıdır. Qırılma nöqtəsindən həyat başlayır (dirilmə məqamı Qulu Ağsəsin bir çox şeirlərində əks olunur) və vəhydə özünü tapır. Sənət dünyanın duyğu vasitəsilə dərk edilməsi təcrübəsidir. Sənətdən başqa digər bu cür təcrübə mövcud deyil. Qulu Ağsəsin poeziyası özündə bu təcrübəni ehtiva edir. Şairin “iki misra şeir” uğrunda “səhərəcən tövşüyən” barmaqları başqa aləmlərlə, naməlum gizli dünyalarla üzləşir, soyuqdan qaçır, isti nəfəs, sığınmağa yer axtarır. Bu cür vəhy – ruhi formalaşma təcrübəsidir, son nəticədə əbədiyyət axtarışıdır. Real dünya mənzərəsi ilə qarşılaşmanın nəticəsi kimi vəhy – faciədir. Gizlində yatan, Varlığın məhvəri olan Həqiqəti üzə çıxarmaq istəyi insanın özünüqoruma instinktinə ziddir, qaşınmayan yerdən qan çıxarmaqdır:
Ortası nişan üzüyün
indiyədək görməyib.
Üstündən dırnaq geyinib,
amma əlcək görməyib.
Şair gizlinləri aşkarlamaq, mahiyyətə varmaq istəyini özünəxas simvolik dillə ifadə edir: məqsədi barmaqlarına sonsuz xoşbəxtliyin, sevginin girovu olan nişan üzüyü, onları “üşüməkdən” qoruya biləcək əlcək deyil, “dırnaq geyinib” ən dərin yaraların közünü qoparmaqdır.
Şeirin son iki bəndində şair cəhalətdə, qaranlıqda yatmış həyat ruhunu, eşqi oyatmaq istəyinə insanın fitri əqli ilə varması məqamına işarə edir. Sonsuz təlatümtlərin, “dərdin at oynatdığı” şair qəlbi Rəbbi zikr edərək, özünə “barmaqlarının üşüməməsi” üçün “isti ölüm” arzulayır. Əslində, ölüm həqiqətin əbədi məqamına yetişərək orda əbədi varolma deməkdir. Ata obrazının da Qulu Ağsəs şeirində arxetipik səciyyə daşıdığını (ana və övlad obrazları kimi) nəzərə alsaq, üzünü görmədiyi atasının ruhuna müraciətin “daş altında”, “qəbirdə” yatan Loqosun (doğru söz) müqəddəsliyini və İlahi ruhu ifadə etdiyini söyləyə bilərik. “Soyuq və isti” konnotasiyası şeirdə ölüm və həyat, xeyir və şər, qaranlıq və işıq semantikası üzərindən geniş fəlsəfi düşüncələrə məkan yaradır.
İpək günəş
Qulu Ağsəs poeziyasında günəşin qarşılanması, günəş obrazına müraciət, onun təntənəli gözəlliyinin vəsfi və təqdimatı çox mühüm mövzudur. Daha bir poetik nümunədə cəmi iki cümlədə, sadəcə, təbiət mənzərəsi deyil, böyük ruh hadisəsi, oyanış, dirilmə, qurtuluş və bir daha həyat eşqinin uğurlanması təsvir olunur:
Günəş
meşənin üstündən
çəkdi duman-pərdəni
şöləsiylə,
quşlar səhnəyə çıxdı
yarpaqların alqış səsiylə...
Böyük bir həyat səhnəsində təbiət sanki bayram edir və insanı bu gözəlliyin, harmoniyanın dəyərini, mənasını anlamağa, görməyə, duymağa səsləyir.
“İkiyaşlı İpək Məcidə” şeirində karantin dövrünün məhkumluğuna, qaranlığına işıq saçan, ürəkləri təmənnasız saf sevgisi və həyat eşqi ilə isindirən iki yaşlı qızcığaz İpək Məcidə günəşin simvolu kimi müraciət edir şair:
Yollar yasaqdı, İpək,
Hava sazaqdı, İpək,
Çiçək taxıb telinə –
Çıx günəşin yerinə!
Səhər doğan günəş, xəstə dünyaya işıq verən günəş, qışda üşüməməsi üçün şairin uğrunda meşələri yandırdığı günəş və nəhayət, balaca İpəyə bənzəyən günəş Qulu Ağsəsin şeirlərində, sadəcə, seyr edilən təbiət hadisəsi kimi deyil, məcazi və simvolik məna daşıyan, magik rituallıq yaradan canlı obrazdır.
Göydən gələn həqiqət
“Yaradıcılıq yol getmək kimidir, məsafə qət etməkdir... Uşaq vaxtı bir şeyə marağım var idi – kəndimizdən görünən “yerlə göyün birləşdiyi” yerə qaçırdım... Heç vaxt yerlə göyün birləşdiyi yerə çata bilmirdim”. Sabit görünən xətt üfüqi səthdə yerləşmir, lütf – göydən yerə göndərilir. İnsan həyatının əsas hadisələri vertikal münasibətlərdə, göydən yerə ilğım kimi axan eşqə, ilahi ruha yerdən qanad açan könüldə, ürəkdə baş verir.
”Ədəbiyyatda, şeirdə belə peşəkarlığı qətiyyən qəbul etmirəm. Mən jurnalistikaya ona görə bağlandım ki, bədii sözlə heç vaxt pul qazanmayım”, – deyir Qulu Ağsəs. Poeziyanın irrasionallığını, azad ruhun ifadəsi olan şeirlərini satmaq istəməməsi də təsadüfi deyil şairin. Onları satmaq günahdır, Yaradanın insana verdiyi yaşamaq eşqini dolu-dolu içmək azadlığından özünü məhrum etməkdir. Lakin aid olduğu məkanların və ona məlum olan mənaların saflığından, ucalığından, yaradıcılıq kəşflərinin ona yaşatdığı duyğuların gözəlliyindən uzaq düşmək istəmir şair – bu onun qəlbindən gələn, amma “ağıllı qəlbindən” (Dostoyevski, İbn Sina) gələn seçimidir.
Könlün sonsuz sərhədlərində, əbədiyyətlə görüşdə sabitlik axtarır şair. Uca məqamlara çata bilməyəndə ümidsizliyə qapanır, “çarəsizlik şeirləri” yazır. “Dost toyundan qayıdır” adlı şeirində qarşımıza nizamı pozulmuş, ahəngsiz, rəngsiz dünya mənzərəsi çıxır. Burda ilahi ruh hələ doğulmayıb (“ruhumuz kilidlənib”), insan Tanrıdan uzaq dərdləri ilə baş-başa tənha ömür sürür, narahat düşüncələr və hisslərlə qəzəblənir və təsadüfi deyil ki, onun qarşısında dayanan yeganə çıxış yolu ölümdür – “Əcəl də yiyə durmur, / əlac kəndirə qalıb”. Könül dünyası cənnətin, gözəlliyin, ibadətin məkanı olmadıqca “Söz də yuva bağlamır / viran ürəkdə daha”. Çarəszlik qəhrəmanın dünyaya subyektiv baxışı kimi dəyərləndirilir. Göy üzünə, aya, buluda şikayətin, üsyanın arxasınca “naşükür bəndə” olduğunu etiraf etməsi lirik qəhrəman üçün xilasolma yolunun heç də bitmədiyini göstərir: müəllif əxlaq dərsi keçmədən dolayısilə öz mövqeyini, sevgiyə, inama dönüşün hər zaman mümkün olduğunu vurğulayır.
Başqa bir şeirində isə şair muhiti inkar edir (“Qələt eləyərəm, desəm”). Onu “xain” adlandırmaqla, sadəcə, olduğu yerdən deyil, mənadan, daha doğrusu, mənasızlıqdan imtina edir. “Xain” sözünün antonimi “siddiq” kəlməsinin “son dərəcə doğru sözlü, əsla yalan söyləməyən kimsə”, “lap doğru”, “lap düz” kimi mənalar daşıdığını nəzərə alsaq, o zaman şairin bu əsərdə hansı bədii situasiya, kontekst yaratdığını anlamış olarıq. Qəhrəmanın xilas üçün üz tutduğu, əriyib yox olmaq istədiyi “hava” isə rahat nəfəs ala biləcəyi, ətrafında xain insanların olmadığı, “lap doğru“ların olduğu bir yerdir:
Qaç bu xain yuvasından,
Əri, yox ol havada.
Qorx ki, yenə yerdən çıxa,
Buluddan dama adam...
Sonrakı bənddə qəhrəmanın özünü ruhən azad hiss etdiyi, başqa dünya axtarıdığı və bu zaman göz yaşı tökdüyü ifadə olunur:
Baş açmazsan:
yaşdı, ya da daş?! –
Damarında qan durar.
Gözündən düşən nədisə,
Ayağını sındırar...
Ayağına dəyən “göz yaşı – daş” assosiasiyası yeni koqnitiv məna yaradır: əzab-göz yaşı düz yol tapmağa kömək edər, ayağına dəyən daş yolunu azmağa qoymaz insanı. Şeirin son bəndində epik sujet geniş faktlar və hadisələr göstərilmədən poetik dildə təqdim olunur:
Bu da axır...
bu da xilas...
Son gecə...
səhər ertə...
Qoşulub göyün quşuna
Üstündən saat ötər...
Yerdən, yalan dünyadan, xaosdan, insan cəmiyyətindən qaçan qəhrəman başqa düzəni, yaşam konsepsiyası olan dünyaya gəlir. Bu, dünyanın özünü qoruyan, onun cənnət olacağına insanın inamını qoruyan başqa bir aləmdir. Bu məkan insanın yaradıcılıq və düşüncəsinin mahiyyəti olaraq onun qəlbinin dərinliyində yaşayır.
Şairin bir sıra əsərlərində insan, sadəcə, cisimlər arasında cisim deyil, dünyanı və özünü mərifətə doğru dəyişə biləcək subyekt kimi çıxış edir. Təsəvvüf poetikasını ifadə edən ən gözəl poeziya nümunələrindən biri “Görsən ki, qaranlıq çökür aləmə” şeirində şairin müdrik sözləri, nəsihəti səslənir:
Görsən ki qaranlıq çökür aləmə,
Görsən ki axşamdı... fikir eləmə.
.................................................
...Görsən hər tərəfdən əlin üzülür,
Görsənüşüyürsən... yandır özünü...
Və yaxud “Hardasa çölün düzündə” adlı şeirində yanar ürək, insanın daxilindəki işıq onun gizli həyat sirri kimi açıqlanır:
Hardasa çölün düzündə
Su köşkü olmalıydı.
Ürəyinin alt gözündə
Son eşqim olmalıydı.
Qulu Ağsəs o əsl sənətkarlardandır ki, insanı mənəvi dəyərlər sistemində təsvir edir, odu, nuru insanın qəlbinə gətirmək istəyir. Könüllərdə yanan od, mənəviyyat işığı Qulu Ağsəs poeziyasında mühüm yer tutur və onun yaradıclığının gələcək tədqiqat istiqamətlərindən birini təşkil edir.
Ölüm və sözün ölümsüzlüyü
Bəs dünya nizamında ölüm hansı yeri tutur? Qulu Ağsəsin “Az qalıb” şeirindəölüm həyatın həll edə bilmədiyi bütün sualların cavabıdır. Şair həyatın qanunları üzərində baş sındırır:
Fərqi yoxdur: yaxşı-pis,
bir günə qoyacaq,
Ya bir gün ağlayacaq
Yaradan özü bizə.
Bu bənddə misralar fərqli intonasiyalarda və vurğularda fərqli məna çalarları kəsb edir. Bütün insanların metafizik biliklərə malik olması və onları qəbul edəcəyi absurddur. Amma şair Yaradan haqqında xəbər verir, görünəndən görünməyənə keçid edir. Fələyin gərdişində vurnuxub yerini tapa bilməyən, payına düşən zamanda ən mühüm işini – Allaha üz tutub yaşamağı – təxirə salan insanı bir gün O özü də əcəldən xilas edə bilməyəcək. “Üzü şeytana” yaşayan dünyanın mənzərəsini ölüm tamamlayır. Tanrının özünü, həqiqətini bilən filosof-şair Ağsəs insanları elə Tanrıdan aldığı ilhamla xəbərdar edir:
Bir anda dağıdacaq!
Bir an – bir göz qırpımı,
Tar-mar eləyəcək bu şux
nizamı düzən.
Şair sözü bu ölümə qarşıdır, o, bəşəriyyətin özünüməhvinin qarşısına çıxır. Onun özünüxilas imkanından və ehtiyacından xəbərsiz olması, ilk növbədə, şairin faciəsidir. Dünyanı xəbərdar etmək ilahi aləmləri ifadə etmək üçün şairlərə verilmiş müqəddəs sözü, əqli yaşatmağa bərabərdir:
Baxarıq – ayağımız altda
bir söz çırpınır,
Əlimiz çatmayacaq
əliuzalı sözə.
Qəbirlər şahə qalxıb
şair inadı kimi.
Sancılacaq torpağa...
Bu da son acıq, hədə.
Şair sözün ölümünü Həqiqətin ölümü kimi dəyərləndirir, onunla eyni düşüncə və qavrayış sahibi olmayan insanlara məcazi şəkildə, simvollar vasitəsilə öz “şair inadı”ndan əl çəkməyəcəyini bildirir. Qəbirdən də olsa, yəni o dünyadan bu dünyaya gələrək və gəlməkdə davam edərək cahilliyə qələbə çalacaq – şahə qalxmış at belində Məkkəyə gələn peyğəmbər kimi qılıncını Haqq yolunda bayraq edəcək, birliyi, peyğəmbəri, axirəti tanıyan insanları qazanmaq üçün mücadilə edəcəkdir.
Son söz əvəzi
Nə zamansa Qulu Ağsəs poeziyasına geri dönməli olsam, yazım “Axirət şeirləri” adlanacaq. Qədim Misirdə yaranmış, əsl adı “Yenidən dirilmə” olan “Ölülər kitabı”nın mətnlərini oxuduqdan sonra...
“Ədəbiyyat və incəsənət”
(19.06.2023)