Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş Xalq artisti, professor Gülbacı İmanovanın rəhbərliyi ilə Azərbaycan Dövlət Xor Kapellasının konserti təşkil edilib.
“Heydər Əliyev İli” çərçivəsində keçirilən tədbirlər musiqi mədəniyyətimizin inkişafı, təbliği nöqteyi-nəzərindən olduqca əhəmiyyətli və vacibdir. Dövlət Xor Kapellasının konsert proqramı da məhz musiqimizin inkişafına qiymətli töhfədir.
Konsert proqramında Azərbaycan və dünya bəstəkarlarının əsərləri səslənib.
Konsertdə, eyni zamanda, Azərbaycan Dövlət Uşaq Filarmoniyasının “Şəms” uşaq xoru da iştirak edib. Yaradıcısı, bədii rəhbər və baş dirijoru Əməkdar incəsənət xadimi Dilarə Əliyeva olan “Şəms” uşaq xorunun maraqlı, zəngin, öz dünyalarına xas şıltaqlıqla ifa etdikləri repertuarı bu dəfə Xor Kapellası ilə bir səhnədə təqdim olunub.
Böyük marağa səbəb olan balacalar tamaşaçılar tərəfindən xoş təbəssüm və aramsız alqışlarla qarşılanıb.
“Ədəbiyyat və incəsənət”
(19.06.2023)