BU GÜN ŞAİR TALEH HƏMİDİN DOĞUM GÜNÜDÜR
Bu gün şair Taleh Həmidin doğum günüdür. 3 gün öncə Yeni Azərbaycan Partiyası Binəqədi Rayon şöbəsinin binasında onun kitablarının təqdimatı oldu. Təqdimat şairin doğum gününə ailəsi tərəfindən bir ərməğan idi.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, Taleh Həmid (Taleh Həmid oğlu Babayev) 1952-ci ilin 19 iyununda Şəmkir rayonunun Dəllər Çəyir kəndində dünyaya gəlib.
Tanınmış Azərbaycan şairi, publisisti və jurnalistidir; SSRİ Yazıçılar Birliyinin və Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.
Azərbaycan SSR Lenin komsomolu mükafatı laureatıdır.
"Qapımı bahar döyür", "Dünya yaxşıdır hələ", "Mən gözləyən olsa", "Təltifsiz bulud" (Moskva), "Bu gündən sabaha", "Mənə ürəyində yaz yeri saxla", "Günəşdən gizlənir yay çiçəkləri", "Ömrün payız sovqatı", "Qarlı axşamların işığı", "Sənə məktublar yazıram" şeir və publisistik kitabları nəşr olunubdur. 2010-cu ildə şeir və poemalarından ibarət iki cildliyi Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin "Qızıl kəlmə" ədəbi mükafatına layiq görülüb.
2010-cu ildə şeir və poemalarından ibarət iki cildliyi Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin "Qızıl kəlmə" ədəbi mükafatına layiq görülübdür. 2012-ci ilin noyabrında "VI Uluslararası Canakkala Seir axşamları" festivalında Azərbaycan poeziyasını təmsil edib.
2015-ci ildə "Yəhya bəy Dilqəm" adlı ikihissəli lirik psixoloji dramı Naxçıvan Dövlət Musiqili Dram Teatrında tamaşaya qoyulub.
Taleh Həmid 2016-cı ilin 1 noyabrında - 64 yaşında vəfat edib.
Biz unudulmaz şairimizə Allahdan rəhmət diləyir, onun ömrünün son dönəmində yazdığı bir neçə şeirini təqdim edirik:
Mən bir çinaram
Mən bir çinaram – uca bir çinar,
Torpaqdan su içir qolum, budağım.
Dostlarım solmayan yarpağımdılar,
Qoynum quşlar üçün – yaşıl otağım.
Mən bir çəmənəm – gülüm, çiçəyim
Nə xəzan tanıyır, nə payız bilir.
Çiçəklər gözümdür, otlar köynəyim,
Başımdan dumanlar, çənlər çəkilir.
Mən bir bulağam – dumduru suyum
Sonsuz arzulartək çağlayıb axır.
Gecələr güzgüyəm ay işığına,
Ulduzlar şəklinə gözümdə baxır.
Mən bir axar çayam – şıltaq dağ çayı,
Daşlardan-daşlara dəyib axıram.
Uca zirvələrdən enib aşağı,
Başımı torpağa əyib axıram.
Mən bir cığıram dağ yamacında,
Dərəni zirvəyə çatmaq istərəm,
Bütün cığırları yığıb dövrəmə,
Hüdudsuz yollara qatmaq istərəm.
Mən bir insanam – eşqim, diləyim,
Şeirlə, nəğməylə açılıb dilim.
İnsandan aldığım yaxşılıqları
Vaxt verin, insana qaytara bilim.
Anamın nə kövrək
məzar daşı var...
Yanına gələndə həsrətim sönür,
Ocağa çevrilir, alova dönür,
İçim pöyşələnir, əlim isinir,
Anamın nə isti məzar daşı var!
Dinir, xəbər alır hər əhvalımı,
Kim daş çağırıbdı, bu daş zalımı?
İsladır quruyan yanaqlarımı,
Ay Allah, daşın da öz göz yaşı var!
Önündə varlığım çəkilir dara,
Bələnir yağışa, üz sürtür qara,
Ünvan göstərirəm qəlbidaşlara,
Anamın nə kövrək məzar daşı var!
Bir gün də var…
Elşən Əliyevə
Göz yaşına seldi demə,
Sellər dənizə axar.
Ağlamağı dərd eləmə,
Ağlar günlər arasında
Güləcək bir gün də var.
Demə keçən keçib getdi,
Ömrümüzü biçib getdi,
Ümid sonuncu ölür,
Keçmiş günlər arasında
Üstümüzə qayıdacaq –
Gələcək bir gün də var.
Biz nə vaxtsa təkəm-tənha,
Təklənib yalqız qalırıq.
Günləri doğmatək qarşılasaq da,
Sonda yad adamtək yola salırıq.
Gəl öpək ötən günləri,
O günlərin arasında
Biz öləcək bir gün də var...
Qoşa keçdilər
Gənclik durnalartək uçub gedəndən,
Ağrılar-acılar başa keçdilər.
Bilmirəm, nə gördü nazlı gözəllər,
Adımı sormamış, yaşa keçdilər.
Üstümdən tufanlar, yellər əsdilər,
Kəklik qanad çaldı, tellər əsdilər,
Ayağım titrədi, əllər əsdilər,
Atdığım güllələr boşa keçdilər.
Yorğunu düşdüyüm yaşıl otlaqlar,
Tamarzı qaldığım barlı budaqlar,
İçə bilmədiyim bumbuz bulaqlar
Qayadan qaynayıb daşa keçdilər.
Talehin halını sormayan dilbər,
Soruşub qaydına qalmayan dilbər,
Yolunu bir bizə salmayan dilbər,
Dünən acığıma qoşa keçdilər.
Oldu
Bu qoca aləmin dağı, çayı var,
Fəsillər bölünüb – qışı, yayı var.
Çox da ki, hərənin ayrı payı var,
Biri çox, biri az olanlar oldu.
Əzəldən dünyada haqq var, nahaq var,
Belə yaranıbdı – baş var, ayaq var.
İnsan var, adam var, adamsayaq var,
Doğrunu tərsinə qananlar oldu.
Yarandıq, bölündük doğmaya, yada,
Pərvanələr gördüm – çaxıldı oda.
Gör neçə aşiqlər getdilər bada,
Məhəbbət bağında talanlar oldu.
Mənə əzab verən – mənə döz deyir,
Mətləb qanmayanlar indi söz deyir.
Yalan ayaq tutar, yeriməz deyir,
Həqiqəti əyən yalanlar oldu.
Gəzdim dərələrdə, dolaşdım yalda,
Gözüm ormanlarda, könlüm xəyalda,
Xoşbəxtlik deyilən o sonsuz yolda
Qismətim azacıq xoş anlar oldu.
Ömür dediklərin keçir beləmi,
Ay Taleh, yoruldun, bezdin, eləmi?
Çiyninə yük olan o qəm şələni
Nə görən, nə də ki, alanlar oldu.
Görərsən yoxam
Özüm də bilmirəm, axı nədəndi,
Küsəyən olmuşam, kövrək olmuşam,
Xəyallar başımda dumandı, çəndi,
Dönüb bədən boyda ürək olmuşam.
Sənsiz il bilirəm hər dəqiqəni,
Gözümdən yaşı da silə bilmirəm.
Daha həsrətinə yandırma məni,
Gəlmirsən, sakitcə ölə bilmirəm.
Mən bir günəbaxan – günə sarıyam,
Qaytar o bahara – çağıma məni.
Deyirdin çinartək çox vüqarlıyam,
Qoymaynan içimdən sınmağa məni.
Çox da ki, nəğmələr düşmür dilimdən,
Qarşıda nələr var, axı nə bilim,
Elə əl gəzirəm tutsun əlimdən,
Elə dağ gəzirəm söykənə bilim.
Zaman ötüşübdü, vaxt o vaxt deyil,
Daşlardan-daşlara gəl çaxma məni.
Adım aldatmasın, baxt o baxt deyil,
Tale ümidinə buraxma məni.
Qoyma nəzərindən, gözündən məni,
Səbir də qalmayıb dalınca baxam.
Apar gözlərində, apar, sən məni,
Gedərsən, gələrsən, görərsən yoxam...
Ana yaşıyar
Ömrü pərvanəyə eyni yaşıyar,
Övladla ürəyi, beyni yaşıyar,
Yerin çəkisini öz oxundan çox
Bəlkə bir həsrətli ana daşıyar.
Sinirməz haqqını bir kimsə dansa,
Dünya od tutmazmı bir ana yansa?!
Könlü parçalansa, ürəyi sınsa,
Sağalmaz yarası, onu qaşıyar.
Bizi bu dünyaya gətirən ana,
Ucaldıb, böyüdüb, yetirən ana,
Mən gördüm övladın itirən ana –
Ömrü necə yana-yana yaşıyar!
Taleh, analardı əbədi ilqar,
Öldü deməynən, sən varsan, o var.
Köksünün altında sonsuz məhəbbət,
Dilinin ucunda ana yaşıyar.
Biz kimi öldürürük
Nələrdən keçməyir
deyin, bu bəşər?
yaxşılığın gözünə
yamanlıqlar qatılır.
Yazırlar yer üzündə
hər il –
əlli beş milyon körpə
Anaların köksündən
sıyrılaraq atılır...
Xeyirxahlıq, mərhəmət
insanlığa yad olur.
ağ xalatlı həkimlər
dönüb bir cəllad olur.
Müharibələr bir yana,
qəsd-qərəzlər bir yana,
terrorları demirəm,
Nədən kəsilir axı
ana övlada qənim?!
Niyə verir bu qədər
İnsan insana sitəm?
Nədən sabahlarına
əl uzadır, zor edir?
Zor edənlər bilirmi
Sabahları kor edir?
Ana qəlbi ağrımır,
Ata qəlbi göynəmir,
niyə ipək ürəklər
Dönüb oldu daş-dəmir?
neçə ana narkozdan
Uyuyaraq məst olur.
Müharibəsiz, terrorsuz
Dilaçmaz körpələrə
Hücum olur, qəsd olur.
Günəşə göz açmamış,
Yüyürməmiş, qaçmamış
Neçə körpə – neçə insan
Ovxarlı neştərlərin
Hədəfinə tuş gəlir.
Bahar görməyənlərin
Qismətinə qış gəlir...
Ölür gələcək alim,
Ölür gələcək həkim,
Görün kimlər məhv olur!
Gələcək neçə ata,
Gələcək neçə ana
Anaların bətnindən
Tumurcuqtək dərilir.
Görən biz bilirikmi
Kimləri öldürmürük?!
Onların arasında
İnsanlığın bəlası
Xərçəngə dərman tapan
Bir alim öldürmürük?!
Bir həkim öldürmürük?!
Şairi, bəstəkarı,
Kimləri öldürmürük?!
Ölənlərin gözündə
Dünyanı öldürmürük?!
Özümüz bilə-bilə,
Kor edirik sabahı.
Əl saxlayın, insanlar,
Axı hara gedirik?
Çiynimizdə dilaçmaz
Körpələrin günahı?!.
Ümidlərim ölməsin…
Vüqar Tapdıqlıya
Bir bağa ki xəzan düşmür, nə bağdı?
Niyə bizə sevinmək də yasaqdı.
Öldü neçə sevinclərim nə vaxtdı –
Təki bircə ümidlərim ölməsin.
Dərd çəkmişəm, dərd də mənə xoş olub,
Könlüm şirin həsrətlərə boş olub,
Doğmalara, əzizlərə qoşulub –
Təki bircə ümidlərim ölməsin.
Gəlmədim ki, bu dünyaya gülməyə,
Heç qorxmadım yox olmağa, ölməyə,
Diri gedəm ölənləri görməyə –
Kaş onadək ümidlərim ölməsin.
Çox çalışdım könülləri güldürəm,
Öz-özümə həm ocağam, həm pirəm,
Cəllad deyiləm ümidləri öldürəm –
Təki bircə ümidlərim ölməsin.
Yaxşıların əzabına qatlanım,
Arzularla, diləklərlə atlanım,
El yolunda alovlanım, odlanım –
Mən kül olum, ümidlərim yanmasın.
Zirvədə bitən tək ağaca
Ey uca zirvədə bitən tək ağac,
Yaşıl budağına əllər çatmayır.
Zərif budaqların sevgiyə möhtac,
Kölgəndə obalar, ellər yatmayır.
Xırdaca tum idin, quruca bir dən,
Səni gör, haraya əkdi küləklər?
Qolundan yapışıb uşaqlar kimi,
Uca zirvələrə çəkdi küləklər.
Buludlar halayla gəzir dövrənə,
Yoxdur budağını doğrayıb, kəsən,
Meşələr həsədlə boylanır sənə,
Sən də meşələrin həsrətindəsən.
Bilmirəm pallıdsan, bilmirəm vələs,
Orda – uzaqlarda kölgə kimisən.
Sənə yetişməyir nə hənir, nə səs,
Doğmalar içində özgə kimisən.
Ömür var şirindir, ömür var – acı,
Ömür var hər günü bir ulduz olur.
Hədsiz ucalıq da darıxdırıcı,
Hədsiz ucalıq da mənasız olur...
İllər itmir – illər itir
İllər çinar kimi göyərmir, bitmir,
İllər ömrümüzdən yox olmur, itmir.
Bütün bu sözlərə inanmadım mən,
Sadəlövh uşaqlartək
Təkcə xoşbəxtlik umuruq
Niyə axı illərdən?
Ağlımıza gəlməyir,
Bədbəxtlik də boylanır
İllərin o başından.
Dünən dəlicəsinə axtardım
Ömrümdən itən 2012-ni.
Bir də gördüm mənə baxır
Neçə doğmaların məzar daşından...
Gəncliyimi yada saldım
Bu gün yenə gəncliyimi yada saldım,
Qaranquştək uçub gedən
O günləri, o illəri xatırladım.
Uzaqlara uçub gedən
Durnaların karvanında
Xəyal məni necə çəkdi
Buludlardan-buludlara.
Üz qoymadım, baş vurmadım
Haralara?
Dağlar aşdım, yollar keçdim,
Yağış kimi səpələndim
Çöl-çəmənin sinəsinə.
Durub heyran kəsildim mən
Torağaylar nəğməsinə.
Arıların öpüşündən
Çiçəkləri xumar gördüm,
Bulaqları coşar gördüm,
Qaynar gördüm,
Buludları göy üzündə
Oynar gördüm.
Zirvələrdə çəkildikcə
Şimşəklərin çaxmağı,
Taya-taya buludlara od düşürdü.
Dağda təkə, çayda
Balıq hürküşürdü.
Nə vardısa, özünə
Bir sevgili seçirdi.
Təbiətin canından
Cavanlığı keçirdi...
“Ədəbiyyat və incəsənət”
(19.06.2023)