Super User

Super User

 

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

Satira sahəsində külüng döyənlərimiz ulu Sabirdən üzü bu yana çox azdır, ona görə də onların hər birinə diqqətlə yanaşmağımız zəruridir.

 

Rüfət Əhmədzadə 25 mart 1933-cü ildə Bakıda anadan olub. Atası Zülfüqar Əhmədzadə xalq düşməni kimi həbs edilib və ailə Azərbaycanın Balakən rayonuna köçüb. Əmək fəaliyyəti də erkən yaşlarında Balakəndə başlayıb. 13 yaşında səyyar kinomexanik vəzifəsində çalışıb.

Bakıya döndükdən sonra pionerlər evində direktor vəzifəsində çalışıb və mətbuatda müxtəlif şerləri ilə çıxış edib. "Kirpi" satirik jurnalının redaktoru Əvəz Sadıq onu jurnala dəvət edib və o, ömrünün sonuna qədər bu jurnalda çalışıb.

11 kitab, 4 musiqili komediya ("Sizin ilə, gülə-gülə", "Bildirçinin bəyliyi", "92 dəqiqə gülüş", "Hələlik"), 3 televiziya tamaşası ("Sonuncu məhəbbət", "Gülüş sanatoriyası", "Şirbalanın məhəbbəti") və yüzlərlə satirik televiziya novella-səhnəciklərin müəllifidir.

Bir çox tanınan mahnılar onun şerlərinə bəstələnib. Sonuncu "Sizin ilə gülə-gülə" kitabı 2012-ci ildə dərc olunub. Emin Sabitoğlunun bəstələdiyi "Sıravi Əhməd", Zeynəb Xanlarovanın ifasında məşhurlaşan "Necəsən?" kimi mahnıların sözlərinin müəllifidir

Korrektor vəzifəsindən baş redaktorun müavini vəzifəsinə qədər yüksələn Rüfət Əhmədzadə SSRİ Yazıçılar İttifaqının və SSRİ Jurnalistlər İttifaqının üzvü olub.

 

Kitabları

Məhəbbətlə, gülüşlə"

"Sizin ilə, gülə-gülə"

 

Filmoqrafiya

- Sonuncu məhəbbət (film, 1985)

- Gülüş sanatoriyası (film, 1989)

- Şirbalanın məhəbbəti (film, 1991)

 

Rüfət Əhmədzadə 1988-ci il dekabrın 15-də 55 yaşında vəfat edib.

Qırmızı terrorun qurbanı olan atasının adını qoyduğu Zülfüqar Rüfətoğlu da şairlər yazdı, publisitik yazıları ilə sevildi, “Xalq qəzeti”ndə onun yazılarını minlərlə oxucu su kimi içdi. Sonra Londona mühacirətə getdi, o da 66 yaşında qürbətdə dünyadan köçdü. Baba, ata və oğul – üç fərli tale və oxşar aqibət.

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(15.12.2025)

Bazar ertəsi, 15 Dekabr 2025 10:02

Təhminəni Anarmı öldürdü?

 

Kübra Quliyeva, “Ədəbiyyat və incəsənət”

 

Anara sual verirlər: “Bu gün yazsaydınız, Təhminəni yenə öldürərdinizmi?”

Cavab isə qəribə bir sakitliklə gəlir: “Onu mən yox, insanlar öldürdü.”

 

Bu cümlə nə özünühaqqlandırmadır, nə də müəllifdən yayınma. Bu, ədəbiyyatın ən ağır funksiyalarından biridir — güzgü tutmaq. Çünki bəzən insanın ölümündə bıçaq olmur, güllə olmur, cinayət olmur. Amma ölüm var. Və o ölüm illərlə davam edən baxışların, sözlərin, susqunluqların nəticəsi olur.

Anarın “Beşmərtəbəli evin altıncı mərtəbəsi” əsəri sevgi hekayəsi kimi oxunsa da, əslində bu mətn bir qadının cəmiyyət daxilində boğulmasının hekayəsidir. Burada sevgi əsas mövzu deyil, sadəcə vasitədir. Əsas məsələ qadının özünə aid olmaq cəhdinin hansı aqibətlə nəticələndiyidir.

Beşmərtəbəli binada altıncı mərtəbə yoxdur. Bu, sadə memarlıq detalı kimi görünə bilər. Amma Təhminənin məhz həmin mərtəbədə yaşaması onun cəmiyyətdəki yerini dəqiqliklə ifadə edir. O, sistemin qəbul etdiyi mərtəbələrdən birində deyil. O, normadan kənardadır. Və cəmiyyət normadan kənarda olanı ya içəri çəkir, ya da kənardan silir. Təhminə isə nə tam uyğunlaşır, nə də geri çəkilir.

Təhminənin faciəsi sevməsi deyil. Onun faciəsi sevdiyini gizlətməməsidir. O, qadın olmağı günah kimi daşımır. İstədiyini deməkdən, seçməkdən, hisslərini ifadə etməkdən çəkinmir. O, susmur. Patriarxal düşüncə üçün isə susmayan qadın təhlükədir. Çünki susmayan qadın idarə olunmur. İdarə olunmayan qadın isə sistem üçün riskdir.

Cəmiyyət bu riski sevmir. Ona görə də belə qadınları tək qoyur. Əvvəl adını çıxarır, sonra müdafiəsiz buraxır, ən sonda isə taleyini labüd göstərir. Təhminənin ölümü ani hadisə deyil. O, mərhələli şəkildə öldürülür. Hər qeybət, hər “ayıbdır” sözü, hər yarımçıq münasibət bu ölümün bir addımıdır.

 

Zaur obrazı bu faciənin ən tanış tərəfidir. O, Təhminəni öldürən deyil. Amma onu yaşadan da deyil. Sevir, amma cəsarət etmir. Anlayır, amma tərəf tutmur. Onun seçimi Təhminə yox, öz rahatlığıdır. Və məhz bu seçim əsəri faciəyə çevirir. Çünki Zaur pis adam deyil. O, sadəcə qorxaqdır. Anar isə bu qorxaqlığı açıq şəkildə ifşa edir.

Əsərdə ən ağır cəza nifrət deyil, laqeydlikdir. Çünki nifrət açıqdır, onunla mübarizə aparmaq olar. Amma laqeydlik səssizdir. O, insanı tədricən tükəndirir. Təhminə də məhz bu səssiz mühitdə tənha qalır.

“Onu mən yox, insanlar öldürdü” cümləsi ilə Anar məsuliyyəti süjetdən çıxarıb oxucunun üzərinə qoyur. Bu, oxucunu rahat buraxmayan bir mövqedir. Çünki burada günahkar təkcə obrazlar deyil. Günahkar onları yaradan düşüncədir. Qadının azadlığını təhlükə sayan, sevginin açıq yaşanmasını ayıb hesab edən, susqunluğu fəzilət kimi təqdim edən düşüncə.

Bu esse ittiham aktı deyil. Bu, düşünməyə məcbur edən çağırışdır. Çünki Təhminə ədəbiyyatda ölsə də, həyatda onun bənzərləri yaşayır. Və əsas sual hələ də cavabsızdır:

Əgər Təhminə bu gün yaşasaydı, biz onu yaşada bilərdikmi, yoxsa yenə də altıncı mərtəbədə tək buraxardıq?

 

“Ədəbiyyat və incəsənət”

(15.12.2025)

 

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

Səttar Bəhlulzadə heç vaxt evlənməyib, tək-tənha ömür sürüb. Amma onun gizli sevdiyi bir qadın olub. Sevdiyi qızla birlikdə Moskvaya, Vasiliy İvanoviç Surikov adına Rəssamlıq İnstitutunda təhsil almağa gəliblər. Səttar Bəhlulzadə qızı nə qədər çox sevsə də, sevdiyi qız ona həmişə bir dost kimi yanaşıb.

Bir müddətdən sonra onun sevdiyi qız başqa birisi ilə ailə həyatı qurub, lakin çox keçməyib ki, onların birgə həyatı baş tutmayıb və ayrılmalı olublar. Amma yenə də onun yolu Səttarın yolu ilə birləşməyib.

Deyilənlərə görə, Səttarla həmin o gizlincə sevdiyi qızı birləşdirən iki cəhətdən biri onların hər ikisinin rəssam olması idisə, digər bir cəhət hər ikisinin mavi gözlü olmaları idi.

Səttar Bəhlulzadənin hamıdan gizli saxladığı məhəbbəti – Xalq Rəssamı, qrafika ustası Maral Rəhmanzadə olub…

 

Azərbaycan SSR xalq rəssamı Səttar Bəhlulzadə 1909-cu il dekabr ayının 15-də Bakı yaxınlığındakı Əmircan (Xilə)  kəndində anadan olub. Səttarın anadan olduğu Əmircan kəndi çoxəsrlik mühafizəkar ənənləri ilə tanınan bir yer olub və burada kişilər əsasən tarla və bağlarda işləyiblər. Burada ailələr öz uşaqlarını rəsm məktəblərinə göndərməyiblər, rəsm çəkməyi uşaq hobbisi sayıblar. 1920-ci illərdə Azərbaycanda peşə məktəblərinin fəaliyyətə başlaması ilə bir çox rəssamlıq məktəbləri də işıq üzü görməyə başlayıb.

Beləliklə ailəsi onun həvəs və istedadına biganə qala bilməyərək 1927-ci ildə Azərbaycan Dövlət Peşə Rəssamlıq Məktəbinə göndərib. Buradakı tələbəlik illərində müəllimi, məşhur rəssam Əzim Əzimzadənin diqqətini çəkən Səttar onun baş rəssam olduğu "Kommunist" qəzetində müxtəlif mövzularda karikaturalar çəkmək təklifi alıb. Təklifi böyük məmnuniyyətlə qəbul edən gənc rəssam bu üslub onun üçün yeni olsa da, çəkdiyi rəsmlərlə yumorun və qroteskinin uğurlu bütövlüyünü əldə edə bilib.

Karikaturadakı bacarığını görən Əzim Əzimzadə ona təhsilini qrafika sahəsində davam ettirməyi tövsiyə edib. Onun tövsiyəsi ilə Səttar Bəhlulzadə 1933-cü ildə V. Surikov adına Moskva Dövlət Rəssamlıq İnstitunun qrafika fakültəsinə daxil olub. Burada o dövrün məşhur qrafika sənətçiləri V. A. Favorski, P. Y. Pavlinov, K. N. İstomin və L. A. Brunidən dərs alıb. 3-cü kursda olarkən müəllimi tanınan rəssam Q. M. Şaqal ona rəsm fakültəsinə keçməyi tövsiyə edib. Səttar heç tərəddüt etmədən bu təklifi qəbul edib və 3-cü kursdan təhsilini Şeqalın atelyesində davam etdirib.

Realist sənət ənənələrini dərindən mənimsəyən rəssamın hazırladığı "Qadın Model" (1939) və "Qaraçı qadın" (1939) etüdləri bu dəyişikliyin bəhrəsidir. Moskvada yaşadığı illərdə müəllimindən aldığı təhsillə yanaşı, onun məsləhəti ilə Tretyakov qalereyasında və Puşkin muzeyində yerli və xarici rəssamların əsərlərinin surətlərini çıxarıb. Görkəmli rəssam bu əsərlərin ona qazandırdıqlarını, xüsusən də bu araşdırmalar nəticəsində lirik rəsmlərə keçdiyini hər fürsətdə vurğulayıb. Bu müsbət təsir onun mənzərə janrındakı ilk əsərlərində (Qudyalçay vadisi (1953), Qızılbənövşəyə gedən yol (1953)) aydın görünür. Səttar Bəhlulzadə buraxılış işi kimi Babək hərəkatı mövzusunu seçib və 1939-cu ildə bu mövzuda araşdırma aparmaq məqsədilə Bakıya qayıdıb.

1940-cı ildə diplom işi kimi "Babək üsyanı" və "Bəzz qalasının müdafiəsi" tablolarını çəksə də, İkinci Dünya müharibəsi başladığına görə diplom işini müdafiə edə bilməyib. Hər iki əsər hal-hazırda Azərbaycan Dövlət İncəsənət muzeyində sərgilənməkdədir. Müharibədən sonra dəfələrlə müdafiə üçün Moskva Dövlət Rəssamlıq İnstitutu tərəfindən çağırılsa da getməyib, səbəbini soruşanlara isə "diplomsuz rəssam olmur?" cavabını verib. Rəssam 1941-ci ildə SSRİ Sənətkarlar Birliyinə üzv seçilib. Müharibə illərində bir müddət təhsil aldığı Əzim Əzimzadə adına Rəssamlıq Məktəbində müəllim olaraq çalışsa da, müharibədən sonra buradakı işindən ayrılıb.

1945-ci ildə ərsəyə gətirdiyi Qubalı Fətəli xan və Xəttat Mirzə Təbrizi portretləri Azərbaycan İncəsənət Muzeyində saxlanılıb. Bəhlulzadə bildirib ki, Babək üsyanı tablosu müəllimləri tərəfindən bəyənilib və ona tarixi mövzularda çalışmağı tövsiyə ediblər. Lakin rəssam onların bu istəklərinə qarşılıq verməyib və mənzərə janrında əsərlər yaratmağa başlayıb. Bu dövrdə Bəhlulzadənin yaradıcılığında təbiət təsvirlərinə meyil getdikcə güclənib, o, mənzərə janrında daha bitkin əsərlər yaratmağa başlayıb.

"Mən ilham və natura ardınca Qogen kimi baş götürüb Taiti adasına getmirəm və bunu başqalarına da məsləhət görməzdim. Çünki doğma xalqın həyatı, Vətən torpağı əsl ilham mənbəyidir", - deyib böyük rəssamımız.

 

Təltif və mükafatları

- "Azərbaycan SSR xalq rəssamı" fəxri adı

- "Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adı

- Azərbaycan SSR Dövlət mükafatı ("Azərbaycan mənzərələri" işlər silsiləsinə görə)

- 2 dəfə "Qırmızı əmək bayrağı" ordeni

- "Əməkdə fərqlənməyə görə" medalı

 

Sərgilər

Sənətçinin qrafika əsərləri 1966-cı ildə Praqada, ölümündən sonra 1977-ci ildə Moskvada, Yalta (1978), Nyu-York (1994), İstanbul (1994), London (1995), Bonn (1996), Bakı (1999 və 2000), Daşkənd, Paris (2009) şəhərlərində sərgilənib. 1966-cı ilin yazında Praqadakı "U Rjeçitski" qalereyasında Bəhlulzadənin qrafika işlərindən ibarət fərdi sərgisi açıldı. Bu, sovet azərbaycanlı rəssamının xaricdə açılan ilk fərdi sərgisi olub. Fərdi sərgilərindən başqa S. Bəhlulzadənin əsərləri həm keçmiş sovet respublikalarının paytaxtlarında, həm də dünyanın bir çox şəhərlərində — Qahirə, Vyana, Berlin, Paris, Neapol, Monreal, Havana və b. şəhərlərdə keçirilən Azərbaycan təsviri sənəti, Azərbaycan rəngkarlığına həsr olunmuş sərgilərdə nümayiş olunub

 

Filmoqrafiya

1. Toğrul Nərimanbəyov 

2. Bu, Səttar Bəhlulzadədir

3. Üç hekayə

4. Səttar Bəhlulzadə

5. Sonuncu dərviş

 

Səttar Bəhlulzadənın həyatından bəzi anları diqqətinizə çatdırırıq:

-Səttar uşaqkən riyaziyyat fənnində xüsusilə diqqət çəkdiyindən, hər kəs onun gələcəkdə böyük riyaziyyatçı olacağını düşünüb. Qonşuluqda, yoldaşları arasında bu fəndən çətinə düşən uşaqlara köməklik etməkdə ad çıxardığından, onun rənglərə olan marağı hamıya ötəri hiss təsiri bağışlayıb.

 

-Səttar Bəhlulzadə dostu ilə trolleybusda söhbət edə-edə yol gedib. Dayanacaqlarınbirində trolleybusaminənbirqadınınyanındakı 2-3 yaşlı uşaqSəttarın üzünü görəndə qorxudanağlamağabaşlayıbvə heç cürsakitləşməkbilməyib. Səttarnövbətidayanacaqda, yarı yoldadostunuməcbureləyibki, ouşağınxətrinə trolleybusdandüşək...

 

-Səttarın özünəməxsus qəribə hərəkətləri olub. Günlərinin birində, gecə vaxtı dostu Bəxtiyar Vahabzadənin evinə qonaq gedib. Gec olsa da ona mürəbbəli çay süfrəsi açılıb. Süfrə arxasında əyləşən Səttar qəflətən barmağını mürəbbəyə batırıb yerdəki xalçanı qaldırıb və döşəmədə ceyranı andıran rəsm çəkib.

 

-Füzulini dəhşət çox sevib, ona vurğun olub. Bir dəfə, ad gününü qeyd edən Səttar başına yığışan yaxın adamları ilə yeyib-içdikdən, gülüb-danışdıqdan sonra o biri otağa keçib ordan xeyli şam gətirib. Sonra onların hamısını yandırıb masanın üzərinə, pəncərələrin qarşısına qoyub. Evin işıqlarını söndürüb belə bir təklif edib: "Gəlin ağır-ağır "Şəbi-hicranı" oxuyaq".

Otaqda olan hər kəs onunla birgə oxumağa başlayıb. Qaranlıq otaqda yanan şamların şöləsi, divarlarda əks olunan kölgələr və Səttarın üz-gözünə dağılan saçları, parlaq baxışları Füzulinin qəzəli ilə ahənglik yaradıb. Və həmin an bəlkə də elə Səttar bir neçə dəqiqəlik də olsa, Məcnuna çevrilib.

 

-Heç vaxt maddiyyat güdməyən, bir növ, təki-dünya həyat yaşayan birisi olubdur o. Yetmişinci illərin ortalarında “Ulduz” jurnalında rəsmlərinin çapından bir neçə aylıq qonarar yığılıb. Jurnaldan tez-tez ona zəng edib qonorarını almağa çağırırlarmış. Günlərin bir günü rəssam “Ulduz”un redaksiyasına gəlib və soruşub:

– Nə qədər qonorarım var?

Cavab veriblər:

– Min beş yüz manat.

Səttar Bəhlulzadə fikrə gedib və əlini cibinə atıb siqaret tapmayanda onun başına yığışan jurnalın əməkdaşlarına deyib:

– Mənim min beş yüz manatımı köçürdərsiniz yetimxanaların birinə. Ancaq üstümdə də pul yoxdur, gərək mənə bir qutu “Avrora” tapasız!

 

-Səttar Bəhlulzadə sufi həyatı keçirib, geyim-keçiminə qətiyyən fikir verməyib, həmişə nimdaş paltarda gəzib. Hətta əsgər şinelini də geyinməyi özünə ar bilməyib. Bir sözlə o, geyimə bəzək kimi yox, isti-soyuqdan qoruyan şey kimi baxıb. Bir dəfə rəssam elektrik qatarı ilə Əmircana gedərkən hava isti olduğundan beretini yanına, oturacağın üstünə atıb. Uzun yolda onu yuxu aparıb. Sənətkar ayılanda görüb ki, beretin içərisinə xeyli xırda pul atıblar. Görkəminə görə Səttar Bəhlulzadəni dilənçiyə oxşadıblarmış.

 

-Səttar Bəhlulzadə həyatda bir çox acılara, ağrılara sinə gərib, dərd-sərini çox adamla bölüşmədiyindən yaxınları onun xəstəliyindən çox gec xəbər tutublar. Həm də bu xəstəlik elə bir vaxtda onun yaxasından yapışıb ki, o, qayğıdan, diqqətdən də kənarda qalıb. Onun sənəti və şəxsiyyəti ilə ondan da qat-qat aşağı səviyyədə olan rəssamla davrandıqları kimi davranıblar. Belə diqqətsizliyi hiss etdikdə o, Əmircandakı evlərinə çəkilib, günlərlə oradan çıxmayıb. Yaxın dostlarından biri onun bu halını görüb çox pis olub və onun üz-gözündən öpüb leçkomissiyaya aparmaq üçün dilə tutub. O, isə ağlayıb deyib ki, onlar adam deyillər, məndən soruşurlar ki, niyə evlənmirsən?

 

-1973-cü ilin avqustunda Sabunçuda yerləşən xəstəxanaların birinin yoluxucu xəstəlikləri üzrə şöbəsinə yerləşdirib, sarılıq xəstəliyi diaqnozunu qoyublar. Dostları hər gün ona gül, meyvə aparıblar. Otuz doqquz dərəcə qızdırması olmasına baxmayaraq o, həmin güllərin və meyvələrin şəkillərini çəkib divarlara yapışdırıb.

 

-Əməliyyat olunsa da, Səttar Bəhlulzadənin vəziyyəti düzəlməyib. O, 1974-cü ilin yağışlı oktyabr ayının 15-də gözlərini əbədi olaraq yumub. Fəxri xiyabanda dəfn olunmasına icazə verilməyən cənazə rəssamın öz vəsiyyətinə uyğun olaraq, Əmircan kəndində anasının yanında torpağa tapşırılıb.

Halbuki, Fəxri Xiyabana məhz elə o layiq idi.

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(15.12.2025)

Bazar ertəsi, 15 Dekabr 2025 08:04

Uşaqlara opera yazmaq hər bəstəkarın işi deyil

 

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

Bu gün böyük bəstəkarın anım günüdür, 3 ildir ki aramızda yoxdur.

Onu xüsusən uşaqlar çox sevirdilər. Çünki uşaqlar üçün mən biləni, ondan başqa opera yazan bəstəkarımız olmayıb. “Göyçək Fatma"-cizgi film-operası var, “Xeyir və Şər", “Sərçəcik" uşaq operaları var…

 

Oqtay Məmmədağa oğlu Rəcəbov (Rəcəbli) 1941-ci il aprelin 5-də Bakıda anadan olub. Ali təhsilini Azərbaycan Dövlət Pedaqoji İnstitutunun fizika və istehsalatın əsasları fakültəsində alıb (1958–1963). Azərbaycan EA-nın Fizika İnstitutunda aspirantura təhsili alıb. Sonradan musiqiyə həvəs onu Azərbaycan Dövlət Konservatoriyasına aparıb. Oranı da müvəffəqiyyətlə bitirib. 116 nömrəli axşam məktəbində fizika, 1 nömrəli Musiqi məktəbində isə musiqi fənnini tədris edib. Azərbaycan Elmi Tədqiqat Pedaqoji Elmlər İnstitutunda kiçik elmi işçi, baş elmi işçi və şöbə müdiri vəzifələrində çalışıb.

Ü. Hacıbəyli adına Musiqi Akademiyasının "Azərbaycan xalq musiqisi" kafedrasının professoru olub.  Mahnı janrı ilə yanaşı irihəcmli musiqi əsərləri də onu cəlb edib. 4 operanın, 3 musiqili komediyanın, 3 simfoniyanın, 2 oratoriyanın, 1 kantatanın, 500 mahnının müəllifidir. Pedaqogika və musiqi ilə bağlı 10 monoqrafiyanın, 70 dərslik, dərs vəsaiti və proqramın, 100-dən artıq məqalənin müəllifidir.

O. Rəcəbovun uşaq mahnıları 6 məcmuədə çap olunub. Onun uşaq mahnıları, əsasən vətənpərvərlik, Flora və fauna, rəqəmlər və vurma cədvəli kimi mövzuları əhatə edib.

 

Operalar

- "Göyçək Fatma"-cizgi film-opera (1992)- Azərbaycan xalq nağılı əsasında

- "Xeyir və Şər" uşaq operası (1994) — N. Gəncəvinin əsəri əsasında

- "Sərçəcik" uşaq operası (2012) — Libretto müəllifi Sevinc Nuruqızı

- "Atatürk" operası (2016) — Libretto müəllifləri Akif Abbasov, Babək Abbaszadə

 

Musiqili komediyalar, tamaşalar

- "Əlin cibində olsun" (2001) — libretto müəllifi Aqşin Babayev

- "Şeytanın yubileyi" — libretto müəllifi Aqşin Babayev

 

Simfonik əsərləri

- 4 saylı Simfoniya (1997)

- Simli orkestr üçün 5 saylı Simfoniya (1998);

 

Məqalə və kitablar

- Musiqi və mənəvi tərbiyə. Monoqrafiya. B., "Maarif", 1995.

- "Musiqi" — I sinif üçün dərslik (rus dil.), B., "Maarif", 1998.

- "Musiqi" — II sinif üçün dərslik (rus dil.), B., "Maarif", 1998.

- Dahilik fenomeni haqqında nə bilirik?"Musiqi dünyası" jurnalı, № 1, 1999.

 

Oqtay Rəcəbov 2022-ci ilin dekabrın 15-i vəfat edib.

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(15.12.2025)

Bazar ertəsi, 15 Dekabr 2025 15:06

Səssiz körpülər və genişlənən bir baxış

 

(TURKKON-un Türk Dünyası Yolçuluğu, Türkiyə–Azərbaycan Xətti və Vətəndaş Diplomatiyası)

 

Rəqsanə Babayeva, “Ədəbiyyat və incəsənət”

 

Böyük quruluşlar deyil, uzunmüddətli niyyətlər

 

Türk dünyası üzərində düşünərkən çox vaxt dövlətlər, sazişlər və zirvələr mərkəzli bir narrativ qurulur. Halbuki son illərdə diqqət çəkən əsas inkişaf, bu rəsmi çərçivənin yanında və bəzən onun səssiz dəstəyi ilə irəliləyən vətəndaş, mədəni və intellektual təmaslardır. Bu sahə nə məcburi qərarlar qəbul edir, nə də yüksək səslə danışır; lakin qurduğu əlaqələrlə uzunmüddətli bir zəmin formalaşdırır.

TURKKON – Turan Dövlətləri Birləşmiş Konfederasiyası məhz bu zəmin üzərində fəaliyyət göstərən strukturlardan biridir. Konfederasiyanın baxışı və Türkiyə ilə Azərbaycan mərkəzli fəaliyyəti, Türk dünyasının bu günü və sabahı barədə mühüm ipucları təqdim edir. Bu məqalə TURKKON-un ümumi vizyonunu, Türkiyə və Azərbaycandakı fəaliyyətlərini, məqsəd və məramını; Məsud Gülaçtının təmasları və sahə müşahidələri işığında mədəni bir perspektivlə ele alır.

 

TURKKON-un Vizyonu: siyasi olmayan bir birlik təsəvvürü

 

TURKKON-un ən seçilən cəhətlərindən biri, özünü siyasi bir qurum kimi təqdim etməkdən şüurlu şəkildə çəkinməsidir. Bu seçim onu təsirsiz etmir; əksinə, daha əhatəli və çevik bir fəaliyyət sahəsi yaradır.

Konfederasiyanın əsas vizyonu aşağıdakı başlıqlarla ümumiləşdirilə bilər:

Türk dünyasında ortaq mədəni şüurun diri saxlanması

Dil, tarix və yaddaş üzərindən intellektual davamlılığın təmin edilməsi

Vətəndaş cəmiyyəti, akademiya və diaspora şəbəkələrinin bir-birinə bağlanması

Gənc nəsillərdə Türk dünyası ideyasının ideoloji deyil, mədəni bir zəmin üzərində qarşılıq tapması

Bu baxış, qısamüddətli görünürlükdən çox, uzunmüddətli mədəni inşa prosesinə işarə edir.

 

Türkiyədə TURKKON: Mərkəz, koordinasiya və mədəni təmas

 

TURKKON-un Türkiyədəki fəaliyyəti əsasən koordinasiya, təmsilçilik və əlaqə qurma oxunda formalaşır. Türkiyə təbii olaraq konfederasiyanın əsas təmas nöqtələrindən biridir.

Türkiyədə əsas fəaliyyət sahələri:

Vətəndaş cəmiyyəti təşkilatları ilə məsləhətləşmə görüşləri

Mədəniyyət dərnəkləri və federasiyalarla birgə tədbirlər

Türk dünyası mövzulu panellər, toplantılar və anım proqramları

Akademiklər, yazarlar və fikir adamları ilə təmaslar

Bu fəaliyyətlərdə önə çıxan cəhət mərkəzləşdirici olmayan yanaşmadır. TURKKON Türkiyəni bir “üst mərkəz” kimi deyil, təbii bir görüş və qovuşma məkanı kimi dəyərləndirir.

Bu mövqe Türk dünyası daxilindəki həssas tarazlıqları nəzərə alan, kimsəni kənarda qoymayan bir dilin qurulmasına imkan verir.

 

Azərbaycanda TURKKON: Mədəni yaddaşla qurulan əlaqə

 

Aərbaycan TURKKON-un vizyonunda yalnız bir “qardaş ölkə” deyil; Türk dünyası düşüncəsinin intellektual və mədəni mərkəzlərindən biri kimi yer alır.

Gəncə: Yerli Yaddaşla Təmas

Gəncədə həyata keçirilən təmaslar yerli vətəndaş aktorları və mədəni çevrələrlə görüşləri əhatə edir. Bu seçimlə verilən mesaj aydındır: Türk dünyası ideyası təkcə paytaxtlarda deyil, qədim şəhərlərin yaddaşında da yaşayır.

Bakı: İnstitusional və Akademik Dərinlik

Bakıda aparılan görüşlər isə daha institusional xarakter daşıyır:

Diasporla İş üzrə Dövlət Komitəsi ilə təmaslar,

AMEA Nəsimi adına Dilçilik İnstitutu ilə görüşlər,

Akademiklər və mədəniyyət xadimləri ilə toplantılar.

Bu görüşmələrdə xüsusilə dil, diaspora və akademik əməkdaşlıqlar ön plana çıxır. Dil məsələsi Türk dünyasında tez-tez emosional bir mövzu kimi müzakirə olunsa da, burada elmi və davamlı bir çərçivədə ələ alınıb.

 

Tədbirlər və sahədə görünürlük

 

TURKKON-un Türkiyə və Azərbaycandakı tədbirləri iri miqyaslı təşkilatlardan çox, keyfiyyətli təmaslara fokuslanır. Panellər, mədəni görüşlər, federasiya ziyarətləri və ortaq proqramlar bu anlayışın konkret nümunələridir.

Bu tədbirlərdə üç əsas xüsusiyyət ön plana çıxır:

1. Rəsmi protokollardan uzaq, lakin hörmətli bir dil

2. Mədəniyyət və fikir insanlarının prosesə cəlb edilməsi

3. Görünürlükdən çox, əlaqə qurma hədəfi

Bu yanaşma konfederasiyanın “səs-küysüz, amma qalıcı” olma arzusunu əks etdirir.

Bakıda Mədəni Bir Kəsişim: Rəqsanə Babayeva(rejissor,teatr rəhbəri) və İrem Çetinkol(TRT Ankara radio yapımcısı, Kafkas esintisi proqram yapımçısı, tarixçi,sosioloq)

TURKKON-un Azərbaycan təmasları çərçivəsində baş tutan Rəqsanə Babayeva və İrem Çetinkol görüşü, bu prosesin mədəni ölçüsünü görünən edən önəmli nümunələrdəndir.

Bu görüş:

Mədəniyyət, media və fikir sahələrinin vətəndaş diplomatiyası ilə kəsişdiyi nöqtəni göstərir,

Qadın intellektual aktorların Türk dünyası narrativindəki yerini gücləndirir,

Rəsmi olmayan, lakin təsiri uzunmüddətli olan bir təmas sahəsi yaradır.

Bu tip görüşlər çox vaxt böyük toplantılardan daha qalıcı izlər buraxır; çünki onlar ortaq gündəmdən deyil, ortaq mədəni yaddaşdan qidalanır.

 

Məqsəd və Məram: bu gün üçün deyil, sabah üçün

 

TURKKON-un məqsədi qısamüddətli nəticələr əldə etməkdən çox, Türk dünyasında davamlı və etimada əsaslanan bir əlaqə şəbəkəsi qurmaqdır. Bu şəbəkə:

Dövlətləri zorlamır,

Cəmiyyətləri parçalamır,

Mədəniyyəti siyasətin önünə keçirmir.

Əksinə, mədəniyyəti daşıyıcı bir ünsür kimi mövqeləndirir.

 

Səssiz, amma qətiyyətli bir yol

 

TURKKON-un Türkiyə və Azərbaycandakı fəaliyyəti böyük iddialardan uzaq, lakin sabit bir vizyonun izlərini daşıyır. Bu vizyon:

Mədəniyyəti mərkəzə alır

Akademiyanı ciddiyə alır

Vətəndaş sahəsini gücləndirir

Bəlkə də bu gün Türk dünyasının ən çox ehtiyac duyduğu məhz budur: yüksək səslə iddialar deyil, doğru yerdə, doğru insanlarla qurulan səmimi bağlar.

Və bəzən ən qalıcı quruluşlar, ən səssiz addımlarla inşa edilir.

 

“Ədəbiyyat və incəsənət”

(15.12.2025)

Bazar ertəsi, 15 Dekabr 2025 10:44

Əsas odur ki, deməyə sözün olsun...

 

 

Könül, “Ədəbiyyat və incəsənət”

 

Hər kitabın gəlişi bir hadisədir. Amma kitab da gərək sanballı olsun, vaxt itkisinə səbəb olmaqsın, öyrətsin, sevindirsin, yaşatsın...

 

Bakı Xətai Sənət Mərkəzinin və Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyinin birgə təşkilatçılığı ilə 13 dekanr 2025-ci il tarixində Nəsib Abidin "Səringül Sadə və onun söz dünyası" və  "Əsrimizin şairləri, ədəbi düşüncələr" kitablarının 1- ci və 2-ci cildlərinin təqdimatı keçirildi.

Öncə Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Dövlət himnimiz səsləndirildi.

Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyinin sədri  Güllü Eldar Tomarlı qonaqları salamladı və Nəsib Abidin yaradıcılığı və yeni işıq üzü kitablar haqqında məlumat verdi.

Söz Nəsib Abidə verildi. O, qeyd etdi ki, "Əsrimizin şairləri, ədəbi düşüncələr" kitabında bugünümüzün işığında yazıb-yaradan şairlər haqqında, eləcə də digər peşə sahibləri - həkim, jurnalist, rəssamlar haqqında yazıları, araşdırmaları dərc olunub. "Səringül Sadə və onun söz dünyası" kitabında isə şairin yaradıcılığı təhlil edilib, onun ömür yolunu işıqlandırmağa çalışılıb, müxtəlif səpgidə poeziya nümunələri incələnib. Yazar şairin lirik şeirlərində onun poetik dünyasını, şeirindəki incə lirizmi təhlil edib.

Sonra şair Səringül Sadə öz çıxışında onun yaradıcılığına dəyər verdiyi üçün müəllifə dərin təşəkkürünü bildirdi. Qeyd etdi ki, müəllif onun poetik dünyacını olduğu kimi ifadə edib, poetik duyğuları kitabda düzgün əks olunub.

Tədbirdə şair, əməkdar mədəniyyət işçisi Qəşəm Nəcəfzadə, şərəfli döyüş yolu keçmiş, 44 günlük vətən müharibəsinin qəhrəman oğullarından olan qazi Nadir Həsənli, alim, şair, filologiya üzrə fəlsəfə doktoru Fəxrəddin Qacar, Ədəbi Tədbirlər Birliyinin qurucusu, Qafqaz Eksperimental Dram Teatrının direktoru, Mirvarid Dilbazi Poeziya Məclisi İB- nin gənclər şöbəsinin rəhbəri Polad Ağa İbrahimov, Mirvarid Dilbazi Poeziya Məclisi İB- nin idarə heyətinin üzvləri- Səyalı Dadaşova, şair Qulu Xaləddin oğlu, şair Brilyant Atəş,  şairlərdən- İldırım Əliş oğlu,  İlham Qazaxlı və başqaları öz çıxışlarında müəllifi təbrik etdilər, kitab haqqında fikirlərini bildirdilər, müəllifə uğurlar dilədilər.

 

Sonda Güllü Eldar Tomarll Bakı Xətai Sənət Mərkəzinin direktoru Zahid Əvəzova, müavini Nəzakət Əvəzova və tədbir iştirakçılarına təşəkkürünü bildirdi.

Beləcə, atəçin fəaliyyətdə olan, tədbirləri sıralayan, mənəviyyatımız və mədəniyyətimiz yönündə dayanmadan çalışan Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyinin daha bir tədbiri tarixə qovuşdu.

 

“Ədəbiyyat və incəsənət”

(15.12.2025)

 

 

Ülviyyə Əbülfəzqızı, “Ədəbiyyat və incəsənət”

 

Ölkəmizdə  “Qısa Hekayə” müsabiqəsinin keçirilməsi barədə məlumat almışıq.

Təşkilatçıları “Zərif Kölgələr” Yaradıcılıq Klubu, VHP-nin Qadın Qolları, “Güftə” ədəbiyyat dərgisi və Yunus Emre İnstitutu olan müsabiqənin məqsədi qısa hekayə janrına diqqət çəkmək və yaradıcı qələm sahiblərini bu sahədə təşviq etməkdir.

 

Qaliblər üçün mükafatlar və seçilmiş hekayələrin yayımlanması nəzərdə tutulur! Ədəbiyyata marağı olan hər kəs müsabiqədə iştirak edə bilər.

 Şərtlər:

1. Müsabiqəyə təqdim olunacaq hekayələr başlıq daxil olmaqla 100 sözü keçməməlidir.

2. Müsabiqəyə yalnız Azərbaycan dilində yazılmış implying hekayələr qəbul edilir. (implying – yəni fikri açıq-aşkar deyil, dolayı yolla bildirməkdir; fikrin, əsasən, obrazlı şəkildə verilməsi də istisna edilmir).

3. Mövzu sərbəstdir.

4. Hekayələr Word sənədi formatında göndərilməli və sənədin adı yalnız hekayənin adı ilə qeyd olunmalıdır.

5. Hər müəllif müsabiqəyə yalnız bir hekayə göndərə bilər.

6. Hekayələr heç yerdə yayımlanmamış olmalıdır.

Son müraciət tarixi: 5 yanvar 2026-cı il

Göndəriş: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

 

Xüsusən gənclərimizi müsabiqədə iştirak etməyə səsləyirəm. Gücünüzü sınayın. Hər imtahan mükəmməlləşmə yolunda bir addımdır.

 

“Ədəbiyyat və incəsənət”

(15.12.2025)

 

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

Kitab festivallarında yalnız 2-3 oxucuya auditoriya gəlir, qalanları, özləri adam tapmaq əziyyətinə qatlaşır. Şairlərdən isə böyük-böyük zalları öz gəlişi ilə doldiran tək şairdir Ramiz Rövşən.

 

Ramiz Rövşən 1946-cı il dekabrın 15-də Bakının Əmircan (Xilə)  kəndində anadan olub. Əslən Qubadlı rayonunun Teymur Müskanlı kəndindəndir. Suraxanı rayonundakı 208 N-li şəhər orta məktəbində təhsil alıb. Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsini, Moskva Ali Ssenari Kurslarını bitirib.

Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında, "Mozalan" satirik kinojurnalı studiyasında redaktor, kinostudiyanın ssenari emalatxanasında ssenarist, ssenari redaksiya heyətinin üzvü (1979–1987), kinostudiyanın baş redaktoru (1987–1992), Azərbaycan Tərcümə Mərkəzinin baş redaktoru (1992–2020) işləyib.

Ramiz Rövşənin ssenariləri əsasında çoxlu sayda bədii və sənədli film çəkilib. Şeir və hekayələri tərcümə edilərək bir sıra keçmiş SSRİ respublikalarında, eləcə də ABŞ-də, Almaniyada, Böyük Britaniyada, Fransada, Polşada, Bolqarıstanda, Türkiyədə və İranda çap olunub.

 Ramiz Rövşən Müsavat Partiyasının 1997-ci ildə qəbul olunan himninin sözlərinin müəllifidir. 2013-cü ildə "Türk Dünyası Bilim, Kültür ve Sanat Ödülü"nü alıb. Avrasiya Akademiyasının akademiki və akademiyanın "Avrasiya Əfsanəsi" mükafatının sahibidir.

Azərbaycan Respublikası Prezidentinin 25 may 2019 tarixli Sərəncamı ilə Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə Azərbaycan Respublikasının xalq şairi fəxri adına layiq görülüb. Mədəniyyət Nazirliyinin təsis etdiyi "Nizami Gəncəvinin 880 illiyi (1141–2021)" xatirə nişanı ilə təltif edilib.

Azərbaycan Yazıçılar Birliyi İdarə Heyətinin, Dünya Poeziya Hərəkatı (WPM) Koordinasiya Şurasının üzvüdür. Yazıçı Yaşar Əliyevin qardaşıdır. Tərcüməçi Rövşən Ramizoğlunun atasıdır. 8 may 2025-ci ildən etibarən Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünü alır..

 

Kitabları

- Bir yağışlı nəğmə. Bakı: Gənclik.

- Göy üzü daş saxlamaz. Bakı: Yazıçı.

- Kəpənək qanadları. Bakı: Səda.

- Gedək biz olmayan yerə. Bakı: Çıraq.

- Nəfəs – kitablar kitabı. Bakı: Qanun.

- Göy üzü daş saxlamaz. Təbriz: Yaşmaq. 2007. ISBN 965-6743-87-0.

 

Tərcümələri

- Aleksandr Blok. Şair; "Bir qız oxuyurdu kilsə xorunda…"; "Dünən olanlar bu gün tamam yadımdan çıxır" (şeir). "Xəzər", 2005, № 2, s.25–26.

- Aleksandr Sergeyeviç Puşkin. "Bir ac quzğun o birinə deyirdi" (şeir). Ramiz Rövşən. Sevgi açarı. Bakı: TEAS Pres Nəşriyyat evi, 2019, s.188.

- Aleksandr Sergeyeviç Puşkin. Yorğun yolçu; Peyğəmbər dedi ki; "Bir ac quzğun o birinə deyirdi"; Matəm nəğməsi; At; "Gözəl qız, gördünmü mənim atımı…" (şeir). "Xəzər", 2014, № 1, s.22–28.

- Anna Axmatova. Qonaq (şeir). Ramiz Rövşən. Sevgi açarı. Bakı: TEAS Pres Nəşriyyat evi, 2019, s.92.

 

Ən nəhayət, şairin dillər əzbəri olan bir şeirini bu doğum günündə dərc edərək ona cansağlığı, uzun ömür, yeni-yeni şeir kitabları arzulayırıq.

 

Yenə bu şəhərdə üz-üzə gəldik, 
Neyləyək, ayrıca şəhərimiz yox.
Bəlkə də, biz xoşbəxt ola bilərdik,
Bəlkə də, xoşbəxtik,
xəbərimiz yox.
Aradan nə qədər il keçib görən, –
Tanıya bilmədim,
məni bağışla.
Mən elə bilirdim, sənsiz ölərəm,
Mən sənsiz ölmədim,
məni bağışla!
“Ölmədim” deyirəm,
nə bilim axı, –
Bəlkə də, mən sənsiz ölmüşəm elə,
Qəbirsiz-kəfənsiz
ölmüşəm elə.
Bəlkə də, biz onda ayrılmasaydıq,
Nə mən indikiydim,
nə sən indiki, –
Ayrıldıq, şeytanı güldürdük onda;
Bu ilin
bu ayın
bu günündəki,
Elə bu küçənin bu tinindəki
məni də, səni də öldürdük onda.
…Sağımız-solumuz adamla dolu,
Qol-qola kişilər, qadınlar keçir.
Özündən xəbərsiz
ömründə min yol
Özünü öldürən adamlar keçir.
Keçir öz qanına qatan adamlar,
Bir də ki, qan hanı?
Qan axı yoxdu.
Hamı günahkardı dünyada,
amma
Dünyada heç kəsin günahı yoxdu.
Bizsiz yazılmışdı bu tale, bu baxt,
Sapanddan atılan bir cüt daşıq biz.
Bəlkə bu dünyada
on-on beş il yox,
Min il bundan qabaq ayrılmışıq biz.
Halal yolumuzu dəyişib,
nəsə
Çaşmışıq, bir özgə yoldan getmişik.
Bəlkə min il qabaq səhv düşüb nəsə,
Minillik bir səhvə
qurban getmişik.
Dəyişib yerini bəlkə qış-bahar,
Qarışıb dünyanın şəhəri, kəndi.
Bəlkə öz bətnində
ögey analar
Ögey balaları gəzdirir indi.
Ömrüm başdan-başa yalandı bəlkə,
Taleyim başqaymış doğrudan elə.
O yoldan ötən qız
anamdı bəlkə,
Bəlkə də, oğlumdu bu oğlan elə.
Bu yalan ömrümdə
görən sən nəsən?
Bəlkə heç sevgilim deyilsən mənim.
Anamsan,
bacımsan,
nənəmsən,
nəsən?!..
Bircə Allah bilir, nəyimsən mənim.
Bizi kim addadar bu ayrılıqdan,
Çatmaz dadımıza
nə yol, nə körpü.
Ölüsən,
dirisən,
hər nəsən,
dayan!
Dayan, heç olmasa əlindən öpüm…
Deyirsən: “Ölüyəm, ölünü öpmə…”
Əlimin içində
soyuyur əlin.
Deyirsən: “Sən allah, əlimi öpmə,
əlimdən, deyəsən, qan iyi gəlir…”

 

“Ədəbiyyat və incəsənət”

(15.12.2025)

“Ədibin Evi” Ədəbiyyata Dəstək Fondu tərəfindən elan olunmuş Mir Cəlal adına V Hekayə Müsabiqəsinin münsiflər heyəti iştirakçılara müraciət edib. Bu barədə “Ədəbiyyat və incəsənət” portalına “Ədibin Evi”ndən məlumat verilib.


Məlumata görə, yazıçılardan bəzi qeydləri nəzərə alaraq, müsabiqə yekunlaşanadək – yəni, 2026-cı il fevralın 1-dək daha keyfiyyətli işlərin göndərilməsi gözlənilir.

Qeyd olunub ki, cari ilin noyabrında elan edilən müsabiqəyə bu günə qədər artıq müəyyən sayda hekayələr daxil olub və onların bir qisminin qiymətləndirilməsinə başlanılıb.

“Ədibin Evi”nin icraçı direktoru Şəfəq Mehrəliyevanın sözlərinə görə, hələ ki, təqdim olunan hekayələrin ümumi səviyyəsi münsifləri qane edə bilməyib. İlk qiymətləndirilən 25 hekayədən yalnız biri ikinci oxunuş mərhələsinə keçə bilib. Münsiflərin fikrincə, təqdim olunan işlərdə müəlliflərin mütaliə azlığı hekayələrin dilində və üslubunda özünü büruzə verir. Hekayə janrı ilə yaxşı tanış olmamaları müəlliflərin söz ehtiyatının azlığında, artıq detal, yersiz təfərrüatlara yer vermələrində görünür. Əksər işlərdə əsasən ideya qıtlığı, süjet natamamlığı müşahidə olunur. Hekayə janrında söhbət, sadəcə, yazarın eşitdiyi, gördüyü əhvalatı inşa kimi kağıza köçürməsindən getmir. Qısa hekayə özü-özlüyündə seçmə elementləri əhatə edən, emosional təsiri olan yığcam ədəbi-bədii əsər olmalıdır.

Mir Cəlal adına V hekayə müsabiqəsinin şərtlərini bir daha xatırladırıq.

 

Təqdim edilən işlər:

-Azərbaycan dilində yazılmalı;

-Həcmi 1500 sözdən çox olmamalı;

-Yeni olmalı, əvvəllər çap və ya elektron şəkildə yayılmamalı;

-Müəlliflərin adı, soyadı, əlaqə məlumatı ilə birgə növbəti il fevralın 1-dək elektron şəkildə  Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.  ünvanına göndərilməli;

-Hekayə mövzusu sərbəstdir.

Müsabiqəyə 2026-cı il aprelin sonunda yekun vurulacaq.

Mükafat fondu:

- I yer üçün 3000 manat;

- II yer üçün 2000 manat;

- III yer üçün 1000 manat nəzərdə tutulub. 

İlk dəfə 2017-ci ildə elan edilən Mir Cəlal adına hekayə müsabiqəsinə bu günə qədər iki mindən çox iş təqdim olunub.

 

Qeyd edək ki, müsabiqə Azərbaycan ədəbi irsinin tədqiq və təbliği ilə məşğul olan “Ədibin Evi” Ədəbiyyata Dəstək Fondu tərəfindən keçirilir.

 

“Ədəbiyyat və incəsənət”

(13.12.2025)

 

 

Şərəf Cəlilli,

Filologiya üzrə fəlsəfə doktoru, “Ədəbiyyat və incəsənət” üçün

 

Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti,  M. V. Lomonosov adına Moskva Dövlət Universitetinin  Bakı filialının rektoru, Bakı Dövlət Universitetinin “Klassik Azərbaycan ədəbiyyatı” kafedrasının müdiri, BDU-nun nəzdində fəaliyyət göstərən filologiya elmləri doktoru və fəlsəfə doktoru dissertasiyalarının müdafiəsini keçirən Dissertasiya Şurasının sədri, Azərbaycan Mədəniyyət Fondunun İdarə Heyətinin, Azərbaycan Yazıçılar Birliyinin üzvü, "Azərbaycan-İrs" jurnalının ədəbi şöbəsinin redaktoru, ÜNS Yaradıcılıq Səhnəsinin yaradıcısı və bədii rəhbəri, “İngiltərə-Azərbaycan Cəmiyyəti”nin həmsədri, Oksford Universitetinin Nizami Gəncəvi adına Azərbaycan və Qafqazşünaslıq Elmi Mərkəzinin Azərbaycan tərəfindən rəhbəri, Beynəlxalq Nizami Mərkəzinin qurucularından biridir Nərgiz Paşayeva!

 

Sivilizasiyalar və mədəniyyətlərarası dialoqa verdiyi töhfələrə görə Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin Rusiya Beynəlxalq elmi və mədəni əməkdaşlıq Mərkəzi tərəfindən Rusiya-Azərbaycan dostluq və əməkdaşlıq münasibətlərində göstərdiyi xidmətlərə görə “Dostluqda göstərdiyi xidmətlərə görə” nişanı, Rusiya Federasiyasının dövlət mükafatı “Dostluq” ordeni, Macarıstanın dövlət mükafatı “Xidmətlərə görə” Komandor xaç ordeni, Avropa İqtisadiyyat, Sənaye və Ticarət palatasının “Xidmətlərə görə” Qızıl Ordeni, UNESKO- nun “Mədəniyyətlərin müxtəlifliyinə görə” medalı, “Akademik Palma” fransız ordeni, AMEA-nın Nizami Gəncəvi adına “Qızıl medal”ı, Azərbaycan Respublikasının “Şərəf” ordeni ilə təltif olunan əməkdar elm xadimi, akademik Nərgiz Arif qızı Paşayeva 1962- ci il dekabrın 13-də anadan olmuşdur, bu gün onun doğum günüdür.

Bütün həyatını elmi-pedaqoji, ictimai fəaliyyətə həsr edən akademik Nərgiz Paşayeva peşəkar müəllim, orijinal təfəkkürlü alim, mütəfəkkir ziyalı, istedadlı şair və publisist, alicənab insan, tanınmış ictimai xadim, eyni zamanda ölkəmizin beynəlxalq aləmdə nüfuzuna çevrilən, ilklərə imza atan tarixi şəxsiyyətlərdən biridir. O, ilk Azərbaycanlı alimdir ki, 2012-ci ildə Böyük Britaniyanın İcmalar Palatasının “Çörçil” zalında, 2013-cü ildə isə Böyük Britaniyanın Oksford Universitetində “Nizami Gəncəvinin yaradıcılığı və elmi irsi” adlı məruzələrlə çıxış etmişdir. Elə həmin il Oksford Universiteti nəzdində Nizami Gəncəvi adına Azərbaycan və Qafqazşünaslıq Elmi Mərkəzinin təşəbbüskarı kimi Oksford Universitetinin Şərqşünaslıq Departamentində Memorandum imzalamışdır. 2006-cı ildə ÜNS Bədii Yaradıcııq Səhnəsini quran akademik Nərgiz Paşayevanın təşəbbüsü ilə “Molla Nəsrəddin” jurnalı yenidən çap olunmuş, “Səməd Vurğunun xatirələri” kitabı işıq üzü görmüş, “Azərbaycan xalq çalğı alətləri” kataloqu elmi-mədəni ictimaiyyətə təqdim olunmuşdur. Azərbaycan Mədəniyyəti Dostları Xeyriyyə Fondunun İdarə Heyətinin üzvü olan akademik Nərgiz Paşayeva 2007-ci ildən İngiltərə - Azərbaycan Xeyriyyə Cəmiyyətinin həmsədridir. Akademik Nərgiz Paşayeva görkəmli bəstəkar, xalq artisti, Firəngiz Əlizadənin “İntizar” operasına ilk dəfə liberetto yazmış, operanın yeni quruluşda təqdim olunmasına nail olunmuşdur. O, həm də bəstəkar Firəngiz Əlizadənin “Qarabağnamə” operasının liberettosunun müəllifidir.

Bu gün  20 Yanvardan, Milli Azadlıq hərəkatından, İstiqlal mücadiləsindən qürurla danışanlar qeyd-şərtsiz Universiteti, Universitet mühitini, Universitet auditoriyalarında formalaşan milli ruhun dəyərini etiraf edirlər. Bu o Universitetdir ki, beşiyinin başında Tağı Şahbazi, Hüseyn Cavid, Abdulla Qarayev, Əziz Əliyev, Yusif Məmmədəliyev, Şəfaət Mehdiyev, Cəfər Xəndan, Mir Cəlal, Mirzə Feyzulla Qasımzadə, Əli Sultanlı, Rüstəm Əliyev, Bəxtiyar Vahabzadə, Nəsir İmanquliyev, Abbas Zamanov kimi böyük ziyalılar, ustad müəllimlər, ilklərə imza atan mütəfəkkir alimlər, müdrik şəxsiyyətlər dayanıb.    

Ötən əsrin 60-ci illərindən başlayan yaddaşa qayıdış ideologiyasının formalaşması milli lider Heydər Əliyevin hələ Təhlükəsizlik Komitəsindəki fəaliyyəti dövründə Universitet mühitinə yaradılan şərait, alimlərə verilən geniş meydanla bilavasitə bağlı idi. Əslində, bu 80-ci illərin sonu, Milli azadlıq hərəkatı üçün bir zəmin idi. İstiqlal marşının Universitet yataqxanalarının həyətində çalınıb Lenin meydanında səs salması, üç rəngli bayrağın Xəzərin səmasına sərilməsi, onun Universitet ziyalılarının çiyinlərində gətirilməsi “Bir gəncin manifesti”ndəki Sonanın - Azərbaycan anasının dili ilə “Dirilən adam”a “Yolumuz hayanadır” sualını ünvanlayan, onu “İnsanlıq fəlsəfəsi”nə səsləyən, bununla da millətinin İstiqlal Manifestini yaradan Mir Cəlal kimi ustadların verdiyi dərsə bağlı idi. 

80-ci ilin sonu, 90-cı ilin əvvəllərində  akademik Nərgiz Paşayeva Universitet mühitinin yetişdirdiyi, eyni zamanda o mühitin ənənələrini yaşadan alimlərdən, müəllimlərdən idi. O dövr müəllimlərinin çoxu kimi  “azadlığı zərrə-zərrə, qram-qram” deyil, bütöv istəyənlərə şərait yaradır, rektorluqdan “komissiya” gələndə tələbələrini himayə edirdi. Bu onun milli mənlik və kimlik uğrunda mücadilədə ən böyük xidmətlərindən olmaqla, ali vətənpərvərlik keyfiyyəti, vətəndaş mövqeyi idi. Bu həm də o zamanlar idi ki, SSRİ Elmlər Akademiyasında şərqşünaslığın problemləri ilə bağlı konfranslarda anası, AMEA-nın Şərqşünaslıq İnstitutunun direktoru professor Aida İmanquliyeva Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, erməni daşnaqlarının ölkəmizə hücumu, bu təcavüzün başında dayanan Aqambekyan, Zori Balayan, Qalina Stravoytova kimi fitnəkarlara elmi əsaslar və tarixi dəlillərlə cavab verir, etirazını bildirirdi. Bu həm də o illər idi ki, bütün həyatını Azərbaycanın inkişafına həsr etmiş Heydər Əliyev ucalığına qısqanclıqla yanaşanlar Əliyevlər kimi  Paşayevləri, İmanquliyevləri onunla qohumluq bağlarına görə  incidirdilər.

Akademik Nərgiz Paşayeva Bakı Dövlət Universitetində Azərbaycan ədəbiyyatından mühazirələr oxuyurdu. Sabiri, Mirzə Cəlili, Haqverdiyevi, ümumiyyətlə “Molla Nəsrəddin” ədəbi məktəbini təmsil edən böyük qələm sahiblərini sevə-sevə tədris edirdi. Mühazirə boyu isə “Cəlil Məmmədquluzadəni oxuyun” deyirdi. Sonralar məlum oldu ki, Mir Cəlal müəllim də nəvələrinə belə deyərmiş. İnsan eşitdikləri, duyduqları və sevdikləri ilə böyüyür. “Molla Nəsrəddin” jurnalı akademik Nərgiz Paşayevanın təşəbbüsü ilə yenidən nəşr olunanda buna bir daha əmin olduq...

İnsanı, alimi, ziyalını, vətəndaşı şəxsiyyət səviyyəsinə ucaldan ən ali keyfiyyətlərdən biri də cəsarətdi.   Akademik Nərgiz Paşayevada olan  bu keyfiyyətin şahidlərindən biri kimi bir çox faktları saya bilərik. Ancaq birinin üstündə dayanmaq istəyirəm: 2007-ci ilin payızı idi. Tehran Universitetinin rektoru başda olmaqla bir qrup alim Bakı Dövlət Universitetinin ziyarətində idi. Universitetlərarası əməkdaşlıq haqqında protokol imzalanırdı. Mərasimdən sonra hədiyyələr təqdim edildi. İranlı rektor əlindəki çini qabı farsca “Tehran ustalarının əl işidir”. - deyib  təqdim edərkən akademik Nərgiz Paşayeva tərcüməçini gözləmədən fars dilində belə dedi: “Hədiyyəyə görə təşəkkür edirəm. Bu Təbriz miniatür məktəbinə xas olan əl işidir”. Onun farsca səlis nitqi, Tehran deyil, Təbriz kəlməsi bütün tədbir içtirakçılarını heyrətləndirdi. Bu bir Azərbaycanlının üsyanı, zaman-zaman maddi-mədəni irsi İran və yaxud fars sənətkarlıq nümunəsi kimi təqdim olunub satılan Odlar Yurdunun harayı idi. Ondan Mircəlalın “Yada satmaram” kəlamının ətri, iyi gəlirdi. Onun adı böyük hərflərlə yazılacaq Cəsarət idi. Onda rus çarını heyrətə salan Şeyx Şamilin əzəməti, Hacı Zeynalabdin Tağıyev qeyrəti, “Keçmə namərd körpüsündən, qoy aparsın sellər səni”, deyib ilk ana dilli dövlətimizi quran, sarayını sənətin, mədəniyyətin gülzarına çevirən Şah İsmayıl Xətainin məhəbbəti var idi.

Bakı Dövlət Universitetinin beynəlxalq əlaqələrinə akademik Nərgiz Paşayeva rəhbərlik etdiyi dövrdə Universitetdə kifayət qədər inkişaf, özü də hərtərəfli inkişaf olub. 2006-2008-ci illəri əhatə edən bu dövrdə MDB-nin, İran İslam Respublikasının, Türkiyə Cümhuriyyətinin, eləcə də Avropa və Asiya ölkələrinin elm-tədris mərkəzləri, universitetləri ilə əməkdaşlıq protokolları, memorandumları imzalandı. Tələbə, müəllim, aspirant və dissertant mübadiləsi həyata keçirildi. Çoxsaylı qrant layihələri çərçivəsində Universitetin maddi-texniki bazası və kadr potensialı inkişaf etdirildi. Xarici ölkələrin Azərbaycanda akreditə olunan səfirləri, dünyanın nüfuzlu ictimai xadim, tanınmış alim və məşhur yazarları ilə görüşlər təşkil olundu.

Bakı Dövlət Universitetinin Beynəlxalq əlaqələr üzrə propektoru vəzifəsi akademik Nərgiz Paşayevanın rəhbər obrazını, təşkilatçılıq bacarığını üzə çıxardı, səviyyəli, yüksək mədəniyyətli, intelektual potensiala malik, səriştəli kadrın, elmi-mədəni əməkdaşlığa töhfələr verə biləcək bir rəhbər şəxsin formalaşıb yetişdiyini sübut etdi. Çünki o, bu zirvəyə pillə-pillə ucalmışdı. Bakı Dövlət Universitetini fərqlənmə diplomu ilə bitirmişdi. Bu doğma divarlar arasında püxtələşib yetişmişdi. Babası professor Mir Cəlal Paşayevin təməlini qoyduğu, bu gün isə rəhbərlik səadəti ona nəsib olan “Klassik Azərbaycan ədəbiyyatı” kafedrasında müəlim, baş müəllim kimi şərəfli ömür yaşamışdı. Namizədlik və doktorluq dissertasiyaları  müdafiə etmişdi.  Dosent, professor adı almışdı. 1994-cü ildən 2008-ci ilə qədər isə o, həm də Bakı Musiqi Akademiyasının “Dil və ədəbiyyat” kafedrasının rəhbəri kimi ana dili və ədəbiyyatımızın keşiyində dayanmışdı. Akademik Nərgiz Paşayevanın Üzeyir bəyin ruhundan qida verdiyi bu məbədə gəlişi də təsadüfi deyildi. O, ilk təhsilini Bülbül adına orta ixtisas musiqi məktəbində almışdı.

Yaddaşımızın “Gülüstan”, “Türkmənçay”, 28 aprel, 20 yanvar səhifələri olsa da, heç bir Azərbaycanlı böyük rus ədəbi-elmi, ictimai fikrini inkar edib, Gertseni, Dobrolyubovu, Dostoyevskini, Puşkini, Tolstoyu, Çernşevskini, Qoqolu, Qorkini, Fadeyevi, Şoloxovu, Yesenini, Bloku, Axmatovanı, Soljenitsnı dana bilməz. “Kolokol”u, “İskra”sı olan dünyanın “Əkinçi”sinə, “Molla Nəsrəddin”inə Həsən bəy Zərdabiyə, Mirzə Fətəli Axundzadəyə, Abbasqulu ağa Bakıxanova, Mirzə Kazım bəyə, Əlimərdan bəy Topçubaşova, Ömər Faiq Nemanzadəyə, Mirzə Cəlil ədəbi məktəbinə, Firudin bəy Köçərliyə, Yusif Vəzir Çəmənzəminliyə, Mirəsədulla Mirqasımov, Yusif Məmmədəliyev, Şəfaət Mehdiyev, Mircəlal, Nəsir İmanquliyev, Qulam Məmmədli zirvələrinə görə də rus elmi, ədəbi, mədəni və ictimai mühitinə minnətdar olmamış olmaz. Rus-tatar məktəblərindən, Qori Müəllimlər Seminariyasından çıxan, Çernyayevin bulağından içən Üzeyir bəyi ondan ustad dərsi alıb zirvələri fəth edən Qara Qarayev, Fikrət Əmirov, Cövdət Hacıyev kimi dühaları danmaq, inkar etmək də mümkün deyil.

Elmi, bədii, publisistik əsərləri, monoqrafiyaları, genişmiqyaslı layihələri, Bakı Dövlət Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru kimi uğurlu fəaliyyəti ilə nüfuz qazanan akademik Nərgiz Paşayeva M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialını qurmaqla, təkcə elmin, təhsilin deyil, eyni zamanda, mədəniyyətlərin, xalqların, dövlətlərin inteqrasiyasına, elmi-mədəni əməkdaşlığa təkan vermiş oldu. Azərbaycanın özgürlüyünü sübut üçün klassika ilə müasirliyin körpüsünə çevrildi. Fundamental elmlərin tədrisi istiqamətində əldə etdiyi uğurlarla dünyanın məşhur elmi mərkəzləri ilə eyni cərgədə dayanan, 266 illik böyük bir tarixi olan M. V. Lomonosov adına Moskva Dövlət Universitetinin filialını Bakıya gətirməklə Güney Qafqazda, ümumən Rusiya - Azərbaycan münasibətlərində yaranan buzu ərtimək üçün şərqli hərarətinə ehtiyac olduğunu təsdiqləyərək, narahat və nigaran dünyamızın nicatının İşığın Qaranlıq, Kamilin Cahil üzərində qələbəsində olduğunu sübut etdi!

Məlumdur ki, hər hansı elm-tədris ocağının filialının digər bir ölkədə yaradılması ictimai-siyasi, iqtisadi-sosial maraqlardan daha çox elmi-mədəni əlaqələrin  inkişafı üçün böyük əhəmiyyət kəsb edir. Heç şübhəsiz ki, Rusiyanın siyasi elitası, elmi dairələri, xüsusən də postsovet məkanında humanitar əməkdaşlığa əhəmiyyət verən, elmin, mədəniyyətin, incəsənətin təntənəsinə inanan ziyalıların ümumbəşəri dəyərlər, ortaq mədəniyyətlər naminə verdikləri qərar, gəldikləri qənaət şərt idi. Əgər bunun üzərinə Rusiyanın Guney  Qafqaza tarixi maraqlarını əlavə etsək deyilənlərin həqiqət olduğuna kimsənin şübhə yeri qalmayacaq. Belədə bir gerçək üzə çıxır, bu elm ocağına sıradan bir alim, rəhbər şəxs təyin oluna bilməzdi. O, intelektual potensialı, elmi dünyagörüşü, qloballaşan dünyada baş verən proseslərə öz baxış bucağı ilə seçilən, klassik və müasir rus, Azərbaycan və Avropa dəyərlərinə bələd olan, onların vəhdətində Yeni Dünya Modelini formalaşdıra bilən müdrik şəxsiyyət, mütəfəkkir alim kimi özünü təsdiq etmiş ziyalı, ictimai xadim olmalı idi. Məhz bu səbəbdən də ölkə başçısı cənab İlham Əliyev diqqəti fəaliyyəti ilə rus elmi-mədəni və ictimai mühitində kifayət qədər nüfuz qazanmış, BDU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru  akademik Nərgiz Paşayevanın üzərində cəm etdi. Prezidentin 2008-ci il iyunun 23-də imzaladığı sərəncamla xanım Paşayeva M. V. Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialına rektor təyin olundu.

Moskva Dövlət Universitetinin Bakı filialı fəaliyyətə Azərbaycanın görkəmli maarifçilərindən biri – Firudin bəy Ağayevin adını daşıyan ünvanda başladı. Törənə yığışanları narın-narın yağan yağışın altında salamlayan, gələcəyin 75 filoloquna, kimyaçısına və riyaziyyatçısına xeyir-dua verən xanım Rektor: “Şərqdə yağış ruzi-bərəkət, əmin-amanlıq rəmizidir. Bizim məqsədimiz odur ki, nigaran və narahat dünyamıza sabitlik gətirəcək elmli, bilikli kadrlar yetişdirək. Məhz belələri dünyanı müharibələrdən, terrordan qoruyub insanları ədalətə, mərhəmətə, tərəqqiyə çağıra bilər!”

Akademik Nərgiz Paşayevanın birinci şəxs olaraq açılışa ana dilində başlaması, hər iki dildəki mükəmməl nitqi, bədii, fəlsəfi deyimləri ilə salonu ovsunlaması tarixi yaşamaqdan çox yaradan mütəfəkkir alimin, ictimai xadimin obrazını canlandırdı.

Hacı Zeynalabdin Tağıyevin təməlini qoyduğu ilk teatr binasından 100 il sonra müstəqil teatrdan – ÜNS Yaradıcılıq Səhnəsindən, klassik musiqi ilə milli musiqinin sintezindən yaranan “İntizar” və “Qarabağnamə”  operalarından sonra, M. V. Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialını qurmaqla akademik Nərgiz Paşayeva növbəti bir əsərinə, daha bir ilkə imza atırdı!

Hacı Zeynalabdin Tağıyev “Qız Məktəbi”ni quranda atalar qızlarını məktəbə güclə buraxırdı, Hənifə xanım Məlikova-Abayeva, Həmidə xanım Cavanşiri kimi  qüdrətli qadınlar Həsən bəyə, Mirzə Cəlilə olan böyük sevgisinin eşqinə mətbəxi məktəbə dəyişərək elmin, maarifin çırağına pərvanə oldular. Yüz il sonra modern tədris mərkəzini qurmaqla  akademik Nərgiz Paşayeva əslində həm də, informasiya-kommunikasiya texnologiyaları ilə soyuyan təhsilə, tədrisə Ana sığalı, Qadın hərarəti, Ustad ucalığı gətirdi.

2012-ci il sentayabrın 16-da yaşanan möhtəşəm hadisə ilə Rusiya-Azərbaycan münasibətlərində yeni mərhələnin əsası qoyuldu. M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının yeni tədris kompleksinin açılışı oldu. Təntənəli mərasimdə Azərbaycan Prezidenti İlham Əliyev, Azərbaycan Respublikasının vitse-prezidenti, Birinci xanım Mehriban Əliyeva, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin rektoru Viktor Sadovniçi və bu ali təhsil ocağının Bakı filialının rektoru akademik  Nərgiz Paşayeva, ölkənin tanınmış ziyalıları, alim və ictimai xadimləri iştirak edirdi.

Şübhəsiz ki, Moskva Dövlət Universiteti Bakı filialının yeni korpusunun məhz Rusiya Federasiyasının “tarix ili” elan etdiyi 2012-ci ildə açılması rəmzi xarakter daşıyırdı. Rusiya üçün olduqca böyük məna daşıyan iki yubiley tarixi eyni vaxtda qeyd edilirdi: dövlətçiliyin 1150, Borodino döyüşü və 1812-ci il Vətən müharibəsinin 200 illiyi. Ölkədə bu münasibətlə bir sıra maraqlı və yaddaqalan tədbirlər təşkil olunaraq elmi konfranslar keçirildi. Bu da təbiidir, çünki heç bir ölkənin tarixi yalnız hərbi döyüşlərin, iqtisadi və siyasi qələbələrin salnaməsi deyil, daha çox qlobal elmi kəşf və qiymətli mədəni nailiyyətlərin tarixidir. 2008-ci ildə Bakıda  Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının açılması da Rusiya dövləti, Rusiya – Azərbaycan münasibətləri üçün əlamətdar hadisələrdən idi.

Akademik Nərgiz Paşayeva hansı məsələdən, istər ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni, ədəbi-bədii mövzulardan, istər də ümumbəşəri problemlərdən danışırsa danışsın, o həmişə mütəfəkkir, böyük fikir və düşüncə sahibi, milli və bəşəri dəyərlərə ehtiram bəsləyən, ədalətli mövqe nümayiş etdirən müdrik bir şəxsiyyət kimi görünür. Çünki onun duyğularına, ruhuna Şərq müdrikliyi ilə yanaşı, rus maarifçiliyi, Qərbin həyat tərzindən doğan analitik təfəkkür, yerində qərar vermək, nəticə çıxarmaq kimi hər kəsə, hər alimə, ictimi xadimə xas olmayan hiss hakimdir. Heç şübhəsiz ki, bu da onun intelektual potensialından, genetikasından, tərbiyə alıb yetişdiyi mühitin ona bəxş etdiyi müqəddəsliklərdən boy alır. Gerçək olan budur ki, bir şəxsiyyətin formalaşması, özünü dərki, cəmiyyətə təsir imkanına malik olması üçün məkanı, zamanı, mühiti və bunların fövqünə qalxan ustadlarından aldığı dərs xüsusi əhəmiyyət kəsb edir.

Akademik Nərgiz Paşayeva  bəşəriyyəti insanlığa, ədalətə, haqqa, səviyyə axtarışına çağıran Mircəlalın, milli mətbuatın “dəqiq, qərəzsiz, vicdanlı” üzü olan professor Nəsir İmanquliyevin müdrikliyinə, “harada ki, sülh var, xeyir var, məhəbbət var, orada Allahın özü var.” - deyib dünyanı gözəliyə, sevgiyə, məhəbbətə, sülhə və əmin-amanlığa səsləyən professor Aida İmanquliyevanın, Milli Aviasiya Akademiyasının querucu rektoru  akademik Arif Paşayevin genetik kodlarına bağlı idi. Ata tərəfdən sindikatlarının, toxuculuq fabriklərinin, xurma, badam və tut bağlarının izi hələ də Savalanın, Səhəndin, Təbrizin ətəklərindən, Vətənin o tayından boy verən Paşa bəyin, imam Zeynalabdinin, Milli Firqənin və hökumətin qurucusu Seyid Cəfər Pişəvərinin, ana tərəfdən Şirvanşahlar, Səfəvilər və Osmanlı sultanlarına bağlı olan Mahmud ağanın, Zəngəzura maarif işığı gətirən Teymur bəy Sultanzadənin soyunun daşıyıcısı olan akademik Nərgiz Paşayevanın müəllim, alim, ictimai xadim kimi çoxşaxəli fəaliyyətində  əldə etdiyi nailiyyətlər əslində Azərbaycan elminin, ədəbi, fəlsəfi, ictimai fikrinin formalaşmasına, elmi potensialının inkişafına təkan verib.

 “Sabirin novatorluğu”, “Müasr Azərbaycan ədəbiyyatında insanın bədii-estetik dərki”, “İnsan bədii tədqiq obyekti kimi”, “Yeniləşən ədəbiyyatın yeni insanı” monoqrafiyaları, iki hissədən ibarət Qədim Yunan və Qədim Roma ədəbiyyatını əks etdirən “Antik ədəbiyyat tarixi”, elmin, publisistikanın vəhdətindən, ilahi sevgidən, övlad məhəbbətindən yaranan “Dünya deyilən sənmişsən” kitabları ilə ədəbiyyatşünaslıq elminə töhfələr verib.  Onun rəhbərliyi ilə hazırlanan Şərq-Qərb dəyərlərinə, sivilizasiyaların dialoquna, Azərbaycan ədəbiyyatının, tarixinin, incəsənətinin müxtəlif dövrlərini əhatə edən kitab, monoqrafiya, biblioqrafiya və kataloqlara nəinki ölkəmizin, eyni zamanda dünyanın tanınmış elmi mərkəzləri tərəfindən yüksək qiymət verilib. 

Akademik  Nərgiz Paşayevanın təşkilatçılığı, rəhbərliyi və iştirakı ilə ölkəmizdə, Bakı Dövlət Universitetində, Moskva Dövlət Universitetinin Bakı filialında, Rusiyada, İngiltərə və Fransada, Avropanın müxtəlif şəhərlərində gerçəkləşən beynəlxalq elmi konfrans, simpozium və forumlar, o cümlədən “Müqayisəli ədəbiyyat” adlı I Beynəlxalq konfrans, “Əsatir. Millət. Ədəbiyyat” adlı Beynəlxalq simpozium, görkəmli jurnalist, alim və ictimai xadim Nəsir İmanquliyevə həsr edilmiş “Nəsir İmanquliyev-100” adlı konfrans, görkəmli alim, yazıçı və pedaqoq Mircəlalın 100 illik yubileyinə həsr edilmiş “Mircəlal-100” adlı Beynəlxalq elmi konfrans, “Milli geyim və müasir modada ümumilik” adlı Beynəlxalq simpozium, MDB ölkələri tələbə təşkilatları liderlərinin IV Forumu, görkəmli alim-şərqşünas Aida İmanquliyevanın 70 illik yubileyinə həsr edilmiş “Şərq və Qərb: ortaq mənəvi dəyərlər, elmi mədəni əlaqələr” adlı Beynəlxalq İbn Ərəbi simpoziumu, “Qloballaşma dövründə mədəniyyətlərin dialoqu” adlı filosofların Beynəlxalq elmi konfrans, “Əl-Fərabi və Avropa İntibahı” adlı Beynəlxalq elmi konfrans, Bakı Beynəlxalq Humanitar Forumu, “Rusiya dövlətçilik tarixi: qədim rus dövlətindən Rusiya Federasiyasınadək” Beynəlxalq elmi konfrans onun bəşəri dəyərlərə, sivilizasiyaların, mədəniyyətlərin dialoquna, dəyişən dünyanın maddi-mədəni irsinə etiram hissini özündə ehtiva edir.

Bir alim, təşkilatçı rəhbər kimi xanım Paşayevanın yaxından tanıyanlar, ünsiyyətdə olanlar bilir ki, o, milli, elmi və dünyəvi dəyərlər naminə istənilən insanla, tərəflə dialoqa açıq olan, mütəfəkkir ziyalı, müdrik şəxsiyyət, tanınmış ictimai xadim, sözün geniş mənasında babaları Mircəlal Paşayev, Nəsir İmanquliyev kimi Xalq Müəllimidir!

Məhz bu səbəbdən də ona öz vətənində olduğu kimi, dünyanın müxtəlif guşələrində də hörmət göstərilir, təltiflər edilir, mükafatlar verilir.

 ÜNS bədii yaradıcılıq səhnəsini qurmaqla öz dəsti-xətti, orijinal iş üslubu ilə Mirzə Fətəli Axundzadənin, Həsən bəy Zərdabinin, Həbib bəy Mahmudbəyovun, Nəcəf bəy Vəzirovun, Əsgər ağa Goraninin, Üzeyir bəyin, Əbdürrəhim bəy Haqverdiyevin, Hüseynqulu Sarabskinin sinif otaqlarına, auditoriyalara sığmayan səsini mətbuata, teatra, sənətə və səhnəyə  gətirən maarifçilərin, onların himayədarı Hacı Zeynalabdin Tağıyevin səsinə səs vermişdi.

Kənardan baxanda zahirən daha çox qərbli, Avropalı təsiri bağışlayan akademik Nərgiz Paşayeva əslində daha çox millidir, əsl Azərbaycanlıdır! Onun üçün ailə, ocaq ruhu, soy-kökdən, nəsil-nəcabətdən gələn dəyərlər mühüm şərtdir. O, əksər tədbirlərə, mərasimlərə, müsamirələrə, sənət, incəsənət və ziyafət salonlarına ailə üzvləri, sevimli övladları ilə gəlir. Onların varlığı ilə qürur duyur. Dünən babalarının, nənələrinin, valideynlərinin, Mircəlalın, Püstəxanımın, Nəsir İmanquliyevin, Gövhər xanım Sultanzadənin, Arif Paşayevin, Aida İmanquliyevanın getdiyi yolla yaradıcı və istedadlı övladları ilə birlikdə şəstlə addımlayır.

Nəsir müəllimi tanıyanlar bilir ki, aforizmə çevrilən kəlamlarının içərisində onun üçün biri daha qiymətli idi: “Mənim iki evim, ailəm var. Biri iş yerim, biri də ailəmdir. Hər ikisi mənə doğma, əzizdir”. Mircəlal müəllimlə bağlı xatirələrdə isə belə bir məqam var. Görüşlərin birində ona sual verirlər: ”Ən böyük nailiyyətiniz, ən qiymətli əsəriniz  hansıdır? Mircəlal müəllim tərəddüd etmədən deyir: “Ən böyük nailiyyətim ailəm, ən qiymətli əsərim övladlarımdır!” - deyə cavab verir. Bu bir yazıçını böyüklüyü, müdrük insanın qənaəti, həyatın isə ən  böyük həqiqəti idi!

 İndi həmin alim, müəllim, ictimai-siyasi xadim övladlar, nəvələr ən yeni Azərbaycanın uğurlarına imza atır, sivillizasiyaların, mədəniyyətlərin, dinlərin dialoquna töhfələr verirlər. Bəşəri dəyərlərin, humanist prinsiplərin qorunması üçün əllərindən gələni əsirgəmirlər. Onların sırasında Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti,  M. V. Lomonosov adına Moskva Dövlət Universitetinin  Bakı filialının rektoru, akademik Nərgiz Paşayevanın öz yeri, öz imzası var!

 

“Ədəbiyyat və incəsənət”

(13.12.2025)

 

 

 

 

 

 

 

 

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.