Super User
Gələcəyə aparan yaddaş
Əkbər Qoşalı, “Ədəbiyyat və incəsənət” portalının redaktoru
12 dekabr Azərbaycan üçün sıradan bir təqvim günü olmaqdan daha üstün — bu tarix çağdaş Ümummilli Lider Heydər Əliyevin əbədiyyətə qovuşduğu gündür. Zaman keçdikcə bu günün mahiyyəti nə azalır, nə də köhnəlir — əksinə, dövlətçilik təcrübəmiz dərinləşdikcə Heydər Əliyev irsinin miqyası və güncəlliyi daha aydın görünür.
Heydər Əliyev fenomeni bir siyasi lider obrazı olmaqla yanaşı, dövlət düşüncəsinin sistemləşdirilməsi, milli iradənin institutlaşması və xalq–hakimiyyət münasibətlərinin tarixi məsuliyyət üzərində qurulması modelidir.
O, xaosdan dövlət, parçalanmadan sistem, qeyri-müəyyənlikdən strateji yol xəritəsi yaratdı. Bu gün Azərbaycan bölgənin sabitlik və təşəbbüs mərkəzi kimi çıxış edirsə, bunun kökündə Heydər Əliyevin qurduğu idarəetmə fəlsəfəsi dayanır.
Elə bu il - “Konstitusiya və Suverenlik İli”ndə həyata keçirilən dövlət proqramları, institusional islahatlar, idarəetmədə çeviklik və milli maraqlara söykənən qərarvermə mexanizmləri bir daha göstərir ki, Heydər Əliyev irsi keçmişdə qalmış siyasi miras deyil — işlək, canlı və yönverici sistemdir.
Ümummilli Lider milli kimliyi romantik şüarlardan üstün — mədəniyyət, dil, tarix və təhsil üzərindən möhkəmləndirirdi. Onun baxışında mədəniyyət dövlət siyasətinin əlavə sahəsi yox, ideoloji dayağı idi.
Bu gün Azərbaycanın mədəni siyasətində — azad edilmiş ərazilərdə mədəni həyatın bərpasında, milli yaddaşın yenidən qurulmasında, beynəlxalq mədəni platformlarda artan fəallıqda — Heydər Əliyevin “milli olanı qlobal dildə ifadə etmək” xətti aydın sezilir.
44 günlük savaşdan, özəlliklə də, antiterror əməliyyatından sonrakı dönəmdə formalaşan yeni gerçəkliklər bir daha sübut etdi ki, Heydər Əliyevin dövlətçilik konsepti yalnız barış dönəmi üçün deyil, tarixi dönüş mərhələləri üçün də nəzərdə tutulmuş strateji modeldir.
Ərazi bütövlüyünü və suverenliyini tam təmin etmiş Azərbaycan bu gün bölgə və beynəlxalq miqyasda məsuliyyətli aktor kimi çıxış edir. Bu mövqenin ideoloji kökləri isə məhz Heydər Əliyevin güclü dövlət və ləyaqətli xalq prinsipinə dayanır.
Bəli, 12 dekabr təkcə xatırlama günü deyil, həm də siyasi, mənəvi və vətəndaş məsuliyyətinin yenidən dərk edildiyi gündür. Heydər Əliyevi anmaq onun ideyalarını sadalamaqla yox, həmin ideyaları yaşatmaqla mümkündür.
Bu gün dövlətə xidmət anlayışı, milli maraqlara sədaqət, peşəkarlıq və siyasi mədəniyyət meyarları hələ də Heydər Əliyevin qoyduğu ölçülərlə dəyərləndirilir.
Əgər bir liderin irsi dövlətin tarixində yaddaş kimi yaşayırsa, o yaddaş həm keçmişə bağlayan, həm gələcəyə aparan yaddaş kimi dəyərləndirilməkidir.
DÖVLƏTİMİZ ZAVAL GÖRMƏSİN!
“Ədəbiyyat və incəsənət”
(13.12.2025)
Toğrul Nərimanbəyovun Fransada doğulmuş rəssam qardaşı
İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Azərbaycan rəssamlıq sənətinə iki rəssam qardaş – Nərimanbəyovların verdikləri töhfələr böyükdür. Bu gün onlardan birinin – böyüyü Vidadinin anadan olmasının 99-cu ildönümüdür.
Vidadi Yaqub-Fərman oğlu 1926-cı ildə Fransanın Kann şəhərində dünyaya göz açıb. İlk addımlarını da qürbət ölkədə atıb. Valideynləri qəriblikdə çox qala bilməyib doğma vətənə qayıdıblar. İkinci Dünya müharibəsi bu ailənin də həyatına təsir edib. Qorxu, səksəkə yeniyetmə Vidadinin dincliyini, rahatlığını alıb. Dövrün amansızlıqlarına qarşı nifrətini kağız üzərində "Nədir günahımız?" adlı ilk əsərində təsvir edib.
İllər ötüb keçib. Müharibə əzabları tədricən unuduldu. Vidadi də yaradıcılıq həvəsi ilə düşünüb, axtarışlar aparıb, eskizlər edib. Ə. Əzimzadə adına Rəssamlıq Texnikumunu bitirib V. Muxin adına Leninqrad Ali Rəssamlıq-Sənaye Məktəbində, sonra isə Tbilisi Rəssamlıq Akademiyasında təhsil alıb.
Tələbə ikən "Düşmənin sevinci…" tablosu ilə şöhrət qazanıb. Gənc rəssam həmin əsərdə qəribə mənzərə təsvir edib. Açıq səmanın, Günəşin fonunda qara bulud layları təsvir olunub. Tablonun önündə iki insan obrazı görünür. Onlardan biri yağış, digəri quraqlıq arzulayır. Bu mənzərə o qədər inandırıcı, bədii, gələcəyə inam, ümid həvəsi ilə işlənib ki, seyrçilər əsərə yaradıcı əməyin məhsulu kimi yox, həyat həqiqətinin rəmzi tək baxıb, müəllifin fikrini asanlıqla dərk ediblər.
Vidadi Nərimanbəyov 1963-cü ildə "Yolda" monumental, irihəcmli tablosu ilə şöhrət qazanıb. Görkəmli təsviri sənət ustası fəal çalışıb, bir-birindən baxımlı mənzərələr, obrazlar yaradıb. 20 Yanvara həsr etdiyi "Qatillər" tablosu dünyanın bütün sərgi salonlarında nümayiş etdirilib, qəddar sovet rejiminə qarşı nifrət oyadıb. Milli dəyərləri daim uca tutan rəssam quduzlaşan ermənilərin ümumiləşmiş obrazını yaradıb.
Mükafatları
- Azərbaycan SSR əməkdar rəssamı
- Azərbaycan SSR xalq rəssamı
- "Şöhrət" ordeni
Vidadi bəy 13 dekabr 2001-ci ildə vəfat edib.
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(13.12.2025)
Anardan sonra KVN-in lideri
İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
90-ların sonu 2000-lərin əvvəllərində Azərbaycanda bir KVN – Şən və Hazırcavablar Klubu bumu yaşandı, onda ki, Bakılı oğlanlar komandası MDB üzrə əsrin çempionu oldu. Komandanın başında Anar Məmmədxanlı dayanırdı, onun vəfatından sonra estafeti Tahir İmanov qəbul etdi. Bu gün də onun doğum günüdür. Əlbəttə ki, dogma qardaşı, KVN-in parlaq ulduzu Cabirin qəfil və vaxtsız vəfatından sonra Tahir hələ də sarsıntı içindədir, ad günü kimi xırda təsəllilər də onu ovunduran deyildir, hər halda, haqqında oxucularımızı məlumatlandırmaq qərarına gəldik.
Tahir İmanov 12 dekabr 1974-cü ildə Bakı şəhərində anadan olub. 1981–1991-ci illərdə Bakı şəhəri 189 saylı məktəbdə təhsil alıb. 1991-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinə qəbul olub və 1996-cı ildə həmin universiteti bitirib. İxtisasça iqtisadçıdır. 1991–2001-ci illərdə "Parni iz Baku" KVN komandasının üzvü olub.
1992-ci ildə KVN çempionu, 1995-ci ildə KVN "Yay Kubokunun" sahibi və 2000-ci il KVN "Əsrin Çempionu" olub. 2001-ci ildə "Planet Parni iz Baku" KVN teatrını yaradıb. Hazırda həmin teatrın bədii rəhbəri, rejissoru və aktyorudur.
Filmoqrafiya
- Bir anın həqiqəti (film, 2003)
- Durnalar qayıtdı (film, 2003)
- Məhəllə (film, 2003) — rol: Rövşən (Roşka)
- Məhəllə 2 Moskvada (film, 2004) — rol: Rövşən (Roşka)
- Tam məxfi (film, 2004)
- Məşədi İbad-94 (film, 2005) — rol: Sərvər
- Nümunəvi şagird (film, 2006)
- Vərdiş (film, 2006)
- Bir kəndin sevinci(serial 2012)-rol:Kamran
- Qorxma, mən səninləyəm! 1919 (film, 2013)
- Ögey ata (film, 2013)
- Ağanatiq (film, 2017)
Və mütləq xatırlatma edək ki, Tahir obrazları çox mükəmməl yaradır. Xüsusən, sabiq Bakı meri Hacıbala Abutalıbovun obrazı olduqca sevilib, hədsiz populyarlıq qazanıb. Hətta lətifə də var ki, Hacıbala müəllim ekranda Tahirin yaratdığı obrazını gördükdən sonra özünü obrazına uyğunlaçdırmağa başlayıbdır...
“Ədəbiyyat və incəsənət”
(13.12.2025)
Sumqayıtda Ümummilli Lider Heydər Əliyevin xatirəsi anılıb
İlhamə Məhəmmədqızı, “Ədəbiyyat və incəsənət” portalının Sumqayıt təmsilçisi
Sumqayıt şəhərində Ümummilli Lider Heydər Əliyevin anım mərasimi keçirilib. Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, millət vəkilləri, hüquq mühafizə orqanlarının, idarə və müəssisələrin rəhbərləri, ictimaiyyət nümayəndələri Ümummilli Lider Heydər Əliyevin adını daşıyan parkda Ulu Öndərin abidəsini ziyarət edərək, abidə önünə güllər düzüb, dahi şəxsiyyətə hörmət və ehtiramlarını bildiriblər.
Ümummilli Lider Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Vurğulanıb ki, Azərbaycanın ictimai-siyasi, iqtisadi və elmi-mədəni həyatında elə bir istiqamət yoxdur ki, xalqımızın dahi oğlu Heydər Əliyevin uzaqgörən siyasətinin, müdrik liderliyinin və misilsiz quruculuq fəaliyyətinin izləri görünməsin. Ölkənin formalaşması və inkişafında böyük əhəmiyyət kəsb edən hər bir layihədə Ulu Öndərin düşünülmüş strategiyası, dövlətçilik fədakarlığı və xalqına sonsuz sevgisi özünü aydın şəkildə göstərir.
Ötən əsrin 70–80-ci illərində Azərbaycana rəhbərlik edən Heydər Əliyevin həyata keçirdiyi islahatlar, müasir dövlətçilik modelinin əsasını qoyan inkişaf kursu nəticəsində respublikamızın bütün bölgələri kimi Sumqayıt da yeni bir mərhələyə qədəm qoyub. Həmin dövr şəhər həyatında dönüş nöqtəsi olub – genişmiqyaslı sənaye təşəbbüsləri irəli sürülmüş, şəhərin gələcək inkişaf konsepsiyası müəyyən edilmişdir. Məhz Ulu Öndərin xüsusi diqqət və qayğısı sayəsində Sumqayıt o illərdə Azərbaycanın ən iri sənaye mərkəzlərindən birinə çevrilib. Metallurgiya, kimya, energetika və tikinti materialları üzrə SSRİ miqyasında nümunə sayılan müəssisələrin yaradılması, şəhərin yaşayış fondunun genişləndirilməsi, yeni mikrorayon və məhəllələrin salınması bunun bariz göstəricisidir.
Müstəqillik dövründə də Heydər Əliyevin Sumqayıta verdiyi önəm dəyişməyib. Ulu Öndərin şəhərə etdiyi çoxsaylı səfərlər, sənaye müəssisələrinin açılışında şəxsən iştirak etməsi Sumqayıtın dövlət inkişaf strategiyasında daima xüsusi yer tutduğunu bir daha təsdiqləyirdi. Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi illərdə Sumqayıta düz 16 dəfə səfər etməsi onun şəhərə göstərdiyi böyük diqqət və etimadın ən mühüm göstəricisidir.
Bu gün inkişafının yeni mərhələsinə qədəm qoyan Sumqayıtın simasında aparılan genişmiqyaslı sənaye quruculuğu, müasir sənaye parkının yaradılması, yeni ixracyönümlü müəssisələrin inşası, sosial infrastruktur layihələrinin ardıcıl şəkildə həyata keçirilməsi Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi strateji iqtisadi və siyasi kursun bəhrələridir. Prezident İlham Əliyevin rəhbərliyi ilə reallaşdırılan islahatlar, dövlət investisiya proqramları və şəhərin inkişafına yönəlmiş kompleks tədbirlər Sumqayıtın sürətli tərəqqisini təmin edib. Son illərdə həyata keçirilən layihələr nəticəsində Sumqayıt təkcə sənaye mərkəzi kimi əvvəlki nüfuzunu bərpa etməklə kifayətlənməyib, həm də regionun ən müasir istehsal və texnoloji bazalarından birinə çevrilib.
Şəhərin bugünkü mənzərəsi Ümummilli Lider Heydər Əliyevin illər əvvəl müəyyən etdiyi inkişaf vizionunun uğurla reallaşdığını təsdiqləyir. Sumqayıtın hərtərəfli tərəqqisi, müasir sənaye infrastrukturu, yeni sosial layihələr və genişlənən iqtisadi imkanlar göstərir ki, Ulu Öndərin arzuları artıq reallığa çevrilir, dahi liderin ideyaları yaşayır və həyatın bütün sahələrində öz təsdiqini tapır.
Sonra Ümummilli Liderin anım günü ilə bağlı şəhər ictimaiyyətinin iştirakı ilə ehsan süfrəsi təşkil olunub.
“Ədəbiyyat və incəsənət”
(13.12.2025)
Xalq artisti Azər Zeynalovun doğum günüdür
İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
O, “Şükriyyə” mahnısını oxuyanda o qədər içdən oxuyur, adamın damarlarında qanı donur. Yainki “Ana” mahnısını. Bu qədər mahnıya özünü aid edən, bu qədər musiqiyə bağlı müğənniyə çox az rast gələrsən...
Azərbaycan və Dağıstan Respublikalarının Xalq artisti Azər Zeynalov 1964-cü il dekabrın 13-də Naxçıvan şəhərində ziyalı ailəsində anadan olub. 1969-cu ildən Bakıda yaşayan Azər 1972-ci ildə 132 saylı orta məktəbə və 12 saylı musiqi məktəbinin fortepiano sinfinə gedib. 1982-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dram rejissorluğu şöbəsinə daxil olub, arada 2 il hərbi xidmətə gedib və 1989-cu ildə dram rejissoru ixtisası ilə təhsilini başa vurub.
Lirik-dramatik tenor səs tembrinə malik olan Azər Zeynalov Avropanın və Azərbaycanın klassik operalarında baş rolların ifaçısıdır. Azər Zeynalov tək opera ifaçısı kimi yox, həm də Azərbaycan bəstəkarlarının mahnı və romanslarını, oda və oratoriyalarını da ifa edir. Buna Emin Sabitoğlunun "Şükriyyə", "Gəncədən gəlirəm", Tofiq Quliyevin "Bəxtəvər oldum", "Azərbaycan", Rauf Hacıyevin "Leyla" bu kimi əsərləri misal çəkmək olar
Öz ifası ilə xarici dövlətlərin böyük konsert salonlarında, o cümlədən İtaliya, Avstriya, İngiltərə, Fransa, İsveç, Almaniya, Çexiya, Hollandiya, Çin, Türkiyə, ŞKTR, Rusiya, Belarus, Moldova, Qaqauz, Ukrayna, Dağıstan, Gürcüstan, Tacikistan, Başqırdıstan, Qırğızıstan,Qazaxıstan, Tatarstan, Türkmənistan, Özbəkistan, Macarıstan, Hindistan, Albaniya, Mərakeş, Misir, Səudiyyə Ərəbistanı, Qətər, Vyetnam, ABŞ, Kanada və s. ölkələrdə dəfələrlə çıxış edib.
Əsərləri
- "Vokal ifaçılığı" (dərslik) -2012
- Maqistr hazırlığı üçün "Vokal" fənninin proqramı -2008 (ADMİU)
- Bakalavr hazırlığı üçün "Vokal" fənninin proqramı -2012 (ADMİU)
- 50 yaşlı Vokal kafedramızın (ADMİU) yaranmasında və inkişafında əməyi olan müəllimlərimiz (Albom-məcmuə)-2012
- Bakalavr hazırlığı üçün "Milli vokal ifaçılığı" fənninin proqramı -2016 (AMK)
Mükafatları
2001-2003-cü illərdə, 2009, 2010, 2011, 2012, 2013-cü il, 30 aprel 2014-cü ildə, 6 may 2015-ci ildə, 6 may 2016-cı ildə, 1 may 2017-ci ildə, 9 may 2018-ci ildə, 10 may 2019-cu ildə, 7 may 2020-ci ildə, 7 may 2021-ci ildə, 10 may 2022-ci ildə, 6 may 2023-cü ildə, 9 may 2024-cü ildə və 8 may 2025-ci ildə Prezident Mükafatına layiq görülüb.
“Ədəbiyyat və incəsənət”
(13.12.2025)
Neftçalada kəlağayı günləri
Neftçala Rayon İcra Hakimiyyətinin dəstəyi, Mirvarid Dilbazi Poeziya Məclisi İB və Kəlağayı Ev Muzeyinin birgə təşkilatçılığı ilə
11 dekabr 2025- ci il tarixində "Konstitusiya və Suverenlik ili" çərçivəsində
"Kəlağayı Günləri 2025" adlı tədbir keçirilib.
“Ədəbiyyat və incəsənət” portalına İB-dən verilən məlumata görə, tədbirdən öncə "Kəlağayı Ev Muzeyi" nin qədimi və müasir kəlağayılarından, milli papaqlardan, kəlağayı haqqında kitablardan ibarət sərgi ilə tanışlıq olub.
Tədbiri giriş sözü ilə açan Mirvarid Dilbazi Poeziya Məclisi İB- nin rəhbəri, Kəlağayı Ev Muzeyinin direktoru Güllü Eldar Tomarlı tədbirin mahiyyəti haqqında danışıb. Qeyd edib ki, qadınlarımızın simvolu olan kəlağayımızı geniş təbliğ etməkdə məqsədimiz bu müqəddəs örpəyin əzəlki şan- şöhrətini özünə qaytarmaq, beynəlxalq səviyyədə tanıtmaqdır.
Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilub. Dövlət himnimiz səsləndirilib.
Söz Neftçala Rayon İcra Hakimiyyəti Başçısı aparatının ictimai- siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Səidə Rzayevaya verilib. O, qeyd edib ki, milli dəyərlərimizin təbliği çox vacibdir. Milli dəyərlərimizin bir parçası olun kəlağayımızın geniş təbliği onun istifadəsinə, istehsalına geniş yollar açır. Mirvarid Dilbazi Poeziya Məclisi və Kəlağayı Ev Muzeyinin gördüyü işlər nəticəsini verir. Bu gün də Neftçalada milli bayramdı sanki. Milli dəyərlərimizi qorumaq və gələcək nəsillərə çatdırmaq milli borcumuzdu.
Tədbirdə şəhid Elşən Xankişiyevin anası Aidə Xankişiyeva, şəhid Mir Möhsün Əhmədovun anası Arzu Əliyeva, şəhid Rəfael Fətullayevin anası Fəxriyyə Fətullayeva, şəhid Məhəmməd Kərimlinin anası Gülşən Kərimova çıxış ediblər, milli dəyərlərimizdən, kəlağayı haqqında xatirələrini söyləyiblər.
Azərbaycanın ilk qadın Xalq şairi Mirvarid Dilbazinin Ulu Öndərə həsr etdiyi şeirlərindən ibarət olan "Vətən oğulsuz olmasın" kitabı şəhid analarına təqdim olunub.
"Sazın,sözün butası" təşkilatının sədri, Gürcüstanın "Şərəf" ordenli şairi, Aşıq Pəri Məclisinin qurucularından olan Səadət Buta çıxışında söyləyib:
-Kəlağayı ulu nənələrimizin ismət örpəyi, anaların sədaqət, məhəbbət örpəyi, qız- gəlinlərin qismət örpəyi, qan- qada yetirən qeyrət örpəyidi. 26 noyabr "Kəlağayı Günü" nün bayram kimi qeyd edilməsinin təşəbbüs göstərən və hər il yüksək səviyyədə "Kəlağayı Bayramı" nı qeyd edən, geniş təbliğ edən, bu yolda fədakarlıq göstərən Güllü Eldar Tomarlıdl. Diyar- diyar gəzir, kəlağayı haqqında festivallar, bayramlar, sərgilər keçirir, təşkilatın sayəsində 10 - a qədər kəlağayı haqqında kitab işıq üzü görüb, 300 -ə qədər. kəlağayı haqqında şeirlər yazılıb. Bu gün də Neftçalada qeyd olunması ürəyimcə oldu. Çünki, bura mənə doğmadı. Bu rayonda çox olmuşam, vəfalı dostum- Əməkdar Mədəniyyət İşçisi, Aşıq Pəri Məclisinin qurucusu, şair, mədəniyyətimiz yolunda fədakarlıq göstərən Narınc Xatunun yurdudu bu yurd. Məzarını ziyarət etdik bu gün, duyğulu anlar yaşadım. Ruhu şad olsun. Qürur duyuram ki, milli dəyərlərimiz bizi birləşdirir.
Sonra İnteqrasiya təlimli internat tipli gimnaziyanın direktoru Aytəkin Mahmudova, AYB- nin üzvü Etibar Əbilov, "Gündoğan" qəzetinin baş redaktoru Bədirə Niftalıyeva, şairlərdən- Brilyant Atəş, Fərhad Əzizbəyli, Hənifə Şəbnəm, Heydər Əliyev Mərkəzinin əməkdaşı Şokət Əliyeva kəlağayı haqqında maraqlı çıxışları ilə alqışlarla qarşılanıb.
Müğənni Yusifova şən nəğmələr ilə tamaşaçılara xoş ovqat bəxş edib.
Güllü Eldar Tomarlının toplayıb tərtib etdiyi "Babamın papağı, nənəmin kəlağayısı", Güllü Eldar Tomarlının "Kəlağayı Bayramı", Brilyant Atəşin "Keçmişdən sabaha yol kəlağayı" kitabları təqdim olunub.
Sonda Güllü Eldar Tomarlı Neftçala Rayon İcra Hakimiyyətinə, aidiyyatı olan dövlət qurumlarına, tədbirə zəhməti keçən hər kəsə və tədbir iştirakçılarına minnətdarlığını bildirib.
Sonda xatirə şəkili çəkilib.
“Ədəbiyyat və incəsənət”
(12.12.2025)
Gənclər Kitabxanasında Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr edilən silsilə materiallar hazırlanıb
Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı, bütün varlığı ilə Vətəninə, xalqına bağlı olan dünya şöhrətli siyasətçi və böyük dövlət xadimi, Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş geniş virtual kitab sərgisi və “Heydər Əliyev və milli dövlətçilik” adlı daycest hazırlanıb. Hazırlanan materiallar Azərbaycan dövlətçiliyi tarixində müstəsna, əvəzsiz xidmətləri ilə əbədilik qazanan, dövlət müstəqilliyimizin, azərbaycançılıq məfkurəsinin banisi, Ümummilli Liderin mənalı həyat yolu, zəngin və çoxşaxəli irsinin tədqiqi və gənclər arasında təbliği məqsədilə hazırlanıb.
“Ədəbiyyat və incəsənət” portalına Kitabxanadan verilən məlumata görə, vrtual kitab sərgisində dahi şəxsiyyətin həyatının müxtəlif dövrlərini əks etdirən kitablar, sənədlər, məlumatlar yer alır.Belə ki materialda bir sıra rəsmi sənədlərin tam mətni, Ulu Öndər Heydər Əliyevin həyatı və ictimai fəaliyyətinin əsas tarixləri, müdrik kəlamları, təltifləri haqqında məlumatlartəqdim edilir. Virtual kitab sərgisində Ulu Öndərə həsr ediləndövlətçilik, gənclər siyasəti, elm, mədəniyyət, təhsil, səhiyyə, iqtisadiyyat, kitab, mütaliə və digər mövzularda qələmə alınan“Heydər Əliyev. Xalqa həsr olunmuş ömür”, “Ümummilli lider: Azərbaycandan türk dünyasına”, “Tariximizin Heydər Əliyev zirvəsi”, “Heydər Əliyev obrazı təsviri sənətdə”, “Heydər Əliyevin siyasi dilinin lüğəti”, “Heydər Əliyev hər zaman bizimlə” kimi kitabların tam mətni sərgilənir.
Ümummilli lider Heydər Əliyevin anım günü münasibətilə hazırlanan virtual kitab sərgisi kitabxananın rəsmi saytında https://www.ryl.az/multimedia/umummilli-lider-heyder-eliyevin-anim-gunu yerləşdirilib.
“Heydər Əliyev və milli dövlətçilik” adlı daycestdə Ulu Öndərin milli dövlətçiliyin qorunub saxlanması və inkişafı uğrunda misilsiz fəaliyyətini əks etdirən materiallar, bir sıra müəlliflərin elmi, publisistik və analitik məqalələrinin biblioqrafik təsviri və qısa xülasəsi toplanmışdır. Kitabxana əməkdaşları tərəfindən hazırlanan materialda bir sıra rəsmi sənədlərin tam mətni ilə yanaşı, görkəmli şəxslərin Ulu Öndər Heydər Əliyev haqqında söylədikləri dəyərli fikirlər də yer alır. Bundan əlavə daycestdə “Müstəqil dövlətin memarı və qurucusu” adlı məqalənin tam mətni də təqdim edilir.
“Heydər Əliyev və milli dövlətçilik” adlı daycest kitabxananın rəsmi saytında https://www.ryl.az/funds/daycest yerləşdirilib.
“Ədəbiyyat və incəsənət”
(12.12.2025)
Avropada “ASAN" mükafatı təqdim olunub
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyevin rəhbərlik etdiyi nümayəndə heyəti Rumıniya Hökumətinin Baş katibinin dəvəti əsasında Buxarest şəhərində səfərdədir.
“Ədəbiyyat və incəsənət” portalına ASAN-dan verilən məlumata görə, səfərin ilk günü nümayəndə heyəti Buxarest şəhərində Tey Parkında Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin abidəsini ziyarət edib. Abidənin önünə gül dəstəsi qoyulub, Ulu Öndərin xatirəsi ehtiramla anılıb.
Dövlət Agentliyinin nümayəndə heyəti Rumıniya Hökumətinin Baş Katibliyinin təşkilatçılığı ilə keçirilən “Dövlət Sektorunda İnnovasiya Forumu”nda iştirak edib.
Açılış mərasimində Dövlət Agentliyinin sədri innovasiyaların və müasir texnologiyaların dövlət xidmətlərinin səmərəliliyinin artmasındakı rolu və bu istiqamətdə “ASAN xidmət” tərəfindən görülmüş işlər barədə məlumat verib.
Forum çərçivəsində Rumıniyada dövlət xidmətləri sahəsində tətbiq olunan innovativ həllərin təqdimatı, həmçinin seçilmiş layihələrin mükafatlandırılması mərasimi baş tutub.
“ASAN xidmət” Rumıniya Hökumətinin təşəbbüsü və dəvəti ilə bu ölkədə dövlət xidmətləri sahəsində həyata keçirilmiş layihələrin cari il üzrə qiymətləndirilməsində və mükafatlandırılmasında iştirak edib. “ASAN xidmət” modelinin dövlət xidmətləri sahəsində innovasiyaların və rəqəmsal həllərin tətbiqi ilə əldə etdiyi qabaqcıl nailiyyətlərinə istinad edilərək müsabiqənin qaliblərindən biri Dövlət Agentliyi tərəfindən seçilib və qalibə xüsusi olaraq təsis olunmuş “ASAN" mükafatı təqdim olunub.
Xüsusi “ASAN" mükafatının qalibi Rumıniyanın Yaşı şəhəri tərəfindən həyata keçirilmiş layihə olub. Mükafatın qalibi olmuş layihənin nümayəndələri və Yaşı şəhər rəhbərliyi “ASAN xidmət” təcrübəsi ilə yerində tanış olmaq imkanı əldə edəcəklər.
Xüsusi olaraq qeyd olunmalıdır ki, “ASAN xidmət”ə dair mükafat ilk dəfə olaraq Avropa İttifaqı üzv ölkəsinin nümayəndələrinə təqdim olunub. Bundan öncəki dövrdə müvafiq mükafat Afrika qitəsində dövlət xidmətləri sahəsində qabaqcıl nailiyyətlər əldə etmiş dövlətlərin nümayəndələrinə təqdim edilib.
Forum çərçivəsində, həmçinin “ASAN xidmət”ə həsr edilmiş xüsusi sessiya keçirilib və Dövlət Agentliyinin nümayəndəsi tərəfindən müvafiq sahə üzrə ölkəmizin qabaqcıl təcrübəsi barədə geniş təqdimat edilib.
Səfər zamanı baş tutan tədbir və görüşlərdə Azərbaycan Respublikasının Rumıniyadakı fövqəladə və səlahiyyətli səfiri Qüdsi Osmanov da iştirak edir.
“Ədəbiyyat və incəsənət”
(12.12.2025)
Qafqazda yenilik, yoxsa tamamən Yeni Qafqaz?
Əkbər Qoşalı, “Ədəbiyyat və incəsənət” portalının redaktoru
Azərbaycan Prezidenti İlham Əliyevin ABŞ Prezidenti Donald Trampa ünvanladığı təşəkkür məktubu, ilk baxışda iki dövlət arasında diplomatik jest təsiri bağışlasa da, əslində, bölgənin gələcək siyasi arxitekturuna yönəlmiş strateji ismarıcdır. Prezident Əliyevin Prezident Trampın qlobal gərginliyi azaltmaq yönündəki fəaliyyətini yüksək qiymətləndirməsi və bunu Nobel Sülh Mükafatı səviyyəsində dəyərləndirməsi, çağdaş beynəlxalq münasibətlərdə məsuliyyətli liderliyin önəminə edilən çağırışdır.
Qarşılıqlı sayğıduyarlığın bölgəyə təsiri danılmazdır; özəlliklə də dialoqdan sabitliyə keçid mərhələsində.
Günümüz dünyasında gərginlik yaradan ən ciddi səbəblərdən biri dövlətlər arasında güvən çatışmazlığıdır. İran–Qafqaz xətti, Rusiya–Qərb münasibətləri, Yaxın Şərqdə sınanmış siyasi strukturlar fonunda Bakı–Vaşinqton xəttində nümayiş olunan qarşılıqlı sayğı və dəyərləndirmə, ikitərəfli münasibətlərlə birgə, bütün bölgənin psixoloji sabitliyinin formalaşmasına töhfə verə bilər.
Prezidentlərin bu ismarıcları həm də belə bir siqnaldır ki, “əsəblər dönəmi”nin bitdiyi Qafqazda, “rasional işbirliyi dönəmi” güclənməlidir.
Bəs liderlərin sülh vurğusu güvəni necə formalaşdırır?
Güvən hərbi-siyasi təhlükəsizliklə yanaşı, iqtisadi inkişafın, humanitar bağların və uzunmüddətli sabitliyin əsas sütunudur. Liderlərin – özəlliklə də beynəlxalq sistemdə çəkisi olan dövlət başçılarının – sülh və sabitlik haqqında ardıcıl ismarıcları yüksək səviyyə və səciyyəyə malikdir:
-qarşı tərəfə niyyətin şəffaf olduğunu göstərir;
-gərginliyi azaldır;
-bölgəsəl aktorlar arasında “maraq üstündə maraq” deyil, “maraq üstündə güvən” modelini önə çıxarır;
-diplomatik kanalların açıq qalmasını təmin edir.
Bu fonda Prezident Əliyevin məktubu bölgədə güvən mühitinin institusionallaşmasına çağırış kimi oxunmağı haqq edir.
Nəzərə almaq lazımdır ki, Güney Qafqaz hazırda savaşsonrası mərhələsini yaşayır və bu mərhələ yalnız Azərbaycan və Ermənistanın yox, həm də beynəlxalq güclərin çevik diplomatik dəstəyi ilə sabitləşə bilər. ABŞ Prezidentinə ünvanlanan təşəkkür məktubu daha nələri göstərir? – Bizcə:
-Bakı bölgəsəl sülhü qlobal dəstək mexanizmləri ilə sinxron şəkildə qurmaq istəyir;
-Vaşinqtonun bölgəyə marağı artıq yalnız enerji və təhlükəsizlik kontekstində deyil, davamlı sabitlik arxitekturu müstəvisində dəyərləndirilir;
-bölgəsəl oyunçulara siqnal verilir ki, Qafqazda hərbi ritorika deyil, geosiyasi məsuliyyət dönəmi başlanır.
Bəs bu ismarıclar bölgəyə necə bir gələcək vəd edir?
Birinci perspektiv – psixoloji baryerlərin aradan qaldırılması olacaq.
Sülh öncə beyinlərdə başlayır. Liderlərin verdiyi hər sülh ismarıcı cəmiyyətlərə, özəlliklə də düşmənçilik sindromundan yeni çıxan xalqlara yönəlmiş önəmli psixoloji təsirdir.
İkinci perspektiv – güvən institutlarının yaranması ola bilər.
Sərhəd komissiyaları, iqtisadi işbirliyi formatları, kommunikasiya xətlərinin açılması kimi texniki məsələlər yalnız siyasi güvən fonunda mümkündür.
Üçüncü perspektiv – Qafqazın yeni geosiyasi cazibə mərkəzinə çevrilməsidir.
Sabit bölgə yatırım, innovasiya və daşımaçılıq-marşrut üstünlükləri baxımından beynəlxalq aktorlar üçün daha cəlbedici olur.
Beləliklə,
Prezident Əliyevin Prezident Trampa ünvanladığı təşəkkür məktubu həm ikitərəfli diplomatiyada yeni səhifə, həm də bölgə üçün sülh düşüncəsinin davamlı siyasi jestə çevrilməsinin ifadəsidir. Bu cür ismarıclar Qafqazda gərginliyi azaldır, dialoq mühitini gücləndirir və güvənin bərpası üçün vacib siyasi “fond” yaradır.
Bu proses, əslində, Qafqazda sadəcə yeniləyiş sayılmamalı, tamamilə yeni bir siyasi fəlsəfənin formalaşması kimi qəbul edilməlidir.
Bugünkü dünya liderləri danışıqları bir masa arxasında aparmırlar – bəzən bir məktub, bir bəyanat, bir jest bütövlükdə bölgələrin taleyini dəyişdirə bilir.
Əsas olan odur ki, sülhə yönəlik bu siyasi iradə tərəflər arasında güvəni gücləndirərək, Güney Qafqazı yeni bir sabitlik epoxasına daşıya bilsin.
DÖVLƏTİMİZ ZAVAL GÖRMƏSİN!
“Ədəbiyyat və incəsənət”
(12.12.2025)
Gənclər Kitabxanasında Zemfira Məhərrəmlinin 70 illik yubileyi münasibətilə elektron məlumat baza hazırlanıb
Əməkdar jurnalist, pedaqogika üzrə fəlsəfə doktoru Zemfira Məhərrəmlinin 70 illik yubileyi ötən gün tamam olur. Bu münasibətlə Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında Zemfira Məhərrəmlinin həyat və yaradıcılığından bəhs edən elektron məlumat bazası hazırlanaraq istifadəçilərə təqdim edilib.
“Ədəbiyyat və incəsənət” portalına kitabxanadan verilən məlumata görə, elektron məlumat bazasında Zemfira xanımın həyat və fəaliyyətinin əsas tarixləri, bir sıra görkəmli şəxslərinin onun haqqında söylədikləri dəyərli fikirlər, rəsmi sənədlər, layiq görüldüyü mükafatlarla yanaşı, “Həyatın qadınca izahının səsi Zemfira Məhərrəmlinin əsərləri haqqında”, “"Çox kiçik dünya"nın incə qəlbli söz adamı”, “Döyüşə qızlar gedir... Zemfira Məhərrəmlinin “Ümid işiği” pyesi əsasinda hazırlanmış tamaşa haqqında”, “Yaz təravətli, bahar ətirli - Zemfira Məhərrəmli” kimi məqalələrin tam mətni təqdim edilir.
Elektron bazada Zemfira Məhərrəmlinin yaradıcılıq nümunələrinin, tərtib və redaktə etdiyi kitabların, elmi məqalələrinin, müsahibələrinin, eləcə də onun haqqında qələmə alınan dövri mətbuat nümunələrinin siyahıları yer alır.
Kitabxana əməkdaşları tərəfindən hazırlanan bazada “Virtual sərgi”, “Filmoqrafiya”, “Foto və videoqalereya” bölmələri də istifadəçilərin ixtiyarına verilir.
Əməkdar jurnalist, pedaqogika üzrə fəlsəfə doktoru Zemfira Məhərrəmlinin 70 illik yubileyi münasibətilə hazırlanan elektron məlumat bazası kitabxananın rəsmi saytında yerləşdirilib.
“Ədəbiyyat və incəsənət”
(12.12.2025)


