Super User

Super User

 

Murad Vəlixanov,

"Ədəbiyyat və İncəsənət" portalının İncəsənət şöbəsi

 

Azərbaycan kinosunun 1990-cı illər mərhələsi sovet imperiyasının dağılmasından sonra insanların yaşadıqları psixoloji sarsıntıları, iqtisadi çətinlikləri və dəyişən dəyərlər sistemini əks etdirən filmlərlə xarakterizə olunur. Görkəmli rejissor Rasim Ocaqovun ekranlaşdırdığı "Həm ziyarət, həm ticarət" tammetrajlı bədii filmi məhz həmin dövrün canlı, səmimi və ibrətamiz bir güzgüsüdür. Film, qazanmaq naminə qürbətə üz tutan sadə Azərbaycan ziyalısının timsalında bütöv bir cəmiyyətin mənəvi sınağını işıqlandırır.

 

 Rasim Ocaqov və Rüstəm İbrahimbəyov yaradıcılığının növbəti şedevri

Filmin uğurunun təməlində milli kinomuzun iki nəhəng imzasının – yazıçı-dramaturq Rüstəm İbrahimbəyovun ssenarisi və Rasim Ocaqovun rejissor baxışı dayanır. Onların birgə işlədiyi bu ekran əsəri insan xarakterlərinin dərinliyi, dialoqların həm düşündürücü, həm də yumoristik dili ilə seçilir.

Çəkilişləri Bakıda və İstanbulda aparılan film, müstəqilliyin ilk illərində azərbaycanlıların xaricə, xüsusən də Türkiyəyə kütləvi şəkildə "alver"  məqsədilə getdiyi tarixi dövrü vizual yaddaşa köçürür.

 

 Obrazların təzadı və aktyorların unudulmaz oyunu

"Həm ziyarət, həm ticarət" filmi aktyor ifası baxımından milli kinomuzun ən zirvə nöqtələrindən biridir:

 Hacı İsmayılov (Mustafa): Filmin əsas qəhrəmanı olan coğrafiya müəllimi Mustafa obrazı Hacı İsmayılovun ifasında unudulmaz bir xarakterə çevrilib. Mustafa köhnə dünyanın prinsipləri ilə yaşayan, vicdanlı, təmiz, lakin ailəsini dolandırmaq üçün məcburən İstanbula alverə gedən yazıq bir ziyalıdır. Onun yad bir mühitdə, ticarət dünyasında yaşadıqları həm güldürür, həm də ürək ağrıtır.

 Nurəddin Mehdixanlı (Səlim): İkinci əsas obraz olan Səlim isə Mustafanın tam əksidir. O, yeni dövrün, kapitalizmin qaydalarına tez uyğunlaşan, rəhmsiz, pragmatik və qazanmaq üçün hər şeyə hazır olan bir gəncdir. İki fərqli dünyagörüşün toqquşması filmin əsas dramatik xəttini təşkil edir.

 Səidə Quliyeva, Həmidə Ömərova, Cahangir Novruzov və digərləri: Filmdə rol alan digər ustad aktyorlar da Bakıdan İstanbula uzanan bu çətin yolda qarşılaşan insan tiplərini çox təbii şəkildə canlandırıblar.

 

 Filmin süjet xətti və dəyişən insan taleləri

Süjetin mərkəzində coğrafiya müəllimi Mustafanın həyat yoldaşı ilə birlikdə İstanbula etdiyi səfər dayanır. Mustafa bu səfəri həm vaxtilə oxuduğu, xəritədə gördüyü yerləri ziyarət etmək (həm ziyarət), həm də bir az pul qazanmaq üçün Bakıdan apardığı bəzi malları satmaq (həm ticarət) imkanı kimi görür. Lakin İstanbulun amansız reallıqları, alver mühitinin qanunları və qohum hesab etdiyi Səlimin xəyanəti Mustafanı ağır mənəvi və maddi böhranla üz-üzə qoyur.

Müəlliflər film boyu tamaşaçıya çox mühüm bir sual ünvanlayırlar: İnsan hər cür maddi sıxıntıya baxmayaraq öz ləyaqətini, daxili təmizliyini qoruya bilərmi, yoxsa pulla idarə olunan yeni dünya onu da öz çarklarında əzəcək? Filmin sonunda Mustafanın hər şeyini itirməsinə rəğmən öz insanlığını qoruması, ekran əsərinin əsas mənəvi qələbəsidir.

 

 Zamanın sınağından keçən ekran incisi

"Həm ziyarət, həm ticarət" filmi Emin Sabitoğlunun film üçün bəstələdiyi və İstanbul küçələrinin ruhunu əks etdirən hüznlü, lirik musiqisi ilə bütövləşir. 1990-cı illərin acı gerçəkliklərini ironiya və dramın vəhdətində təqdim edən bu film, bu gün də böyük maraq və nostalji ilə izlənilir.

Portalınızın oxucuları üçün bu məqalə, həm keçid dövrünün sosial çətinliklərini xatırlamaq, həm də Rasim Ocaqov kinosunun insana olan dərin sevgisini və fəlsəfəsini yenidən təhlil etmək baxımından çox zəngin və cəlbedici bir material olacaqdır.

 

“Ədəbiyyat və incəsənət”

(18.06.2026)

Cümə axşamı, 18 İyun 2026 09:33

18 iyundan 18 yanvaradək

 

İnci Məmmədzadə,

“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi

 

Numerologiyaya çox inanıram. Həqiqətən də insanın taleyini rəqəmlər həll edirlər. Onun da taleyini həll edən 18 rəqəmi oldu. O, 18 iyunda dünyaya gəldi, 18 yanvardasa dünyadan köçdü...

 

Azərbaycan SSR xalq artisti Cövdət Hacıyev 18 iyun 1917-ci ildə Nuxa (Şəki) şəhərində anadan olub. O, orta təhsilini başa vurduqdan sonra Azərbaycan Dövlət Konservatoriyasında, Moskva Konservatoriyasında oxuyub və müharibə illərində yarımçıq qalmış təhsilini sonralar davam etdirərək, 1947-ci ildə bəstəkar Dmitri Şostakoviçin sinfini bitirib.

1947-ci ildən ömrünün sonuna qədər bəstəkarlıq fəaliyyəti ilə yanaşı, Azərbaycan Dövlət Konservatoriyasında dərs demiş, 1957–1969-cu illərdə isə bu ali musiqi təhsil ocağının rektoru vəzifəsində çalışıb.

Azərbaycan bəstəkarlıq məktəbinin inkişafında böyük rol oynamış bəstəkar Hacıyev Azərbaycanda peşəkar musiqi kadrlarının hazırlamasında da misilsiz xidmətlər göstərib. O, Azərbaycan bəstəkarlarının bir neçə nəslini yetişdirən gözəl pedaqoq olub.

Cövdət Hacıyevin Azərbaycan musiqi mədəniyyətinin inkişafı və təbliğindəki xidmətləri yüksək qiymətləndirilib. O, iki dəfə SSRİ Dövlət mükafatına layiq görülmüş, bir çox orden və medallarla, o cümlədən Azərbaycan Respublikasının ali mükafatı – "Şöhrət" ordeni ilə təltif olunub.

Azərbaycanda musiqi simfoniyasının banilərindən biri olan C. Hacıyev yaratdığı simfoniyalarda, "Sülh uğrunda" simfonik poemasında öz dövrünün ən mühüm problemlərinə toxunaraq onları lirik-dramatik tərzdə əks etdirib. Qara Qarayevlə birgə bəstələdiyi "Vətən" operası, kamera-instrumental və fortopiano əsərləri də C. Hacıyev yaradıcılığında əhəmiyyətli yer tutur.

O, hələ tələbəlik illərində ilk böyük əsəri olan bir hissəli "Simfoniya"nı, iki simfonik poemasını, "Azərbaycan süitası"nı simli kvartet və sair əsərlərini bəstələyib. 1945-ci ildə Qara Qarayevlə birlikdə yazdığı "Vətən" operasına görə "Stalin" mükafatına layiq görülüb.

 "Zirvələrə" adlanan altıncı və "Şəhidlər" adlı yeddinci simfoniyaları sənətkarın vətəndaşlıq mövqeyinin parlaq ifadəsidir. "Şəhidlər" simfoniyası Azərbaycanın müstəqilliyi uğrunda canlarını qurban vermiş şəhidlərin xatirəsinə həsr olunub.

 

Təltif və mükafatları

1. "Azərbaycan SSR xalq artisti" fəxri adı

2. "Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adı

3. "Stalin" mükafatı (2-ci dərəcə) ("Vətən" operasına görə)

4. "Stalin" mükafatı (3-cü dərəcə) ("Sülh uğrunda" simfonik poemasına görə)

5. "Lenin" ordeni

6. "Oktyabr inqilabı" ordeni

7. "Qırmızı əmək bayrağı" ordeni

8. "Şərəf nişanı" ordeni

9. "Şöhrət" ordeni

 

O, 2002-ci ilin yanvarın 18-də ömrünün 85-ci ilində vəfat edib.

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(18.06.2026)

Cümə axşamı, 18 İyun 2026 08:02

Naxçıvanın musiqi təmsilçisi

 

İnci Məmmədzadə,

“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi

 

Sovet dönəmlərində konsert salonlarında, mavi ekranda, radio dalğalarında həmişə bir səs eşidilirdi: Ramiz Mirişli, "Naxçıvan təranələri", oxuyur Azərbaycan Televiziya və Radiosunun solisti Yaşar Səfərov.

Mahnı sanki Naxçıvanın musiqi rəmzinə çevrilmişdi...

Bu gün Azərbaycan SSR əməkdar artisti Yaşar Səfərovun anım günüdür...

 

Yaşar Səfərov 25 iyun 1940-cı ildə Naxçıvanın Şahbuz rayonunun Şahbuzkənd kəndində anadan olub. A. Zeynallı adına musiqi texnikumunun vokal və kamança şöbələrini, Mədəniyyət və İncəsənət Universitetinin musiqili komediya aktyorluğu fakültəsini bitirdikdən sonra o, uzun illər Azərbaycan Dövlət Radio və Televiziya Verilişləri Şikrətinin solisti olub.

Kuba, Avstriya, Macarıstan, Danimarka, Türkiyə və bir çox xarici ölkələrdə konsertlərlə çıxış edib, Azərbaycan musiqi sənətini müvəffəqiyyətlə təmsil edib. O, Azərbaycan bəstəkarlarının bir çox mahnı və romanslarının ilk ifaçısı olub. 1974-cü ildə milli mədəniyyətimizin inkişafında uğurlarına görə Naxçıvan MR-in Əməkdar Artisti, 1989-cu ildə isə Azərbaycan Respublikasının Əməkdar Artisti fəxri adlarına layiq görülüb.

F. Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs ansamblının solisti kimi əsgərlər qarşısında tez-tez çıxışlar edib. Vətəni, xalqımızın igid oğullarını vəsf edən mahnıları ilə onlara mətinlik hissi aşılayıb. O, eyni zamanda Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində pedaqoji fəaliyyətlə məşğul olub. Prezident təqaüdçüsü olub.

Repertuarında ilk əvvəl xalq mahnılarına, bəstəkar mahnılarına önəm verirdisə, sonrakı illərdə bununla yanaşı Azərbaycan və Qərb bəstəkarlarının klassik operalarından ariyalar, romanslar da oxumağa başlayır. Yaradıcılıq taleyi Yaşar Səfərovu yeni uğurlara doğru aparırdı.

Belə uğurlardan biri də onun 1959-cu ildə Azərbaycan Radio və Televiziya Verilişləri Komitəsinin xor kollektivində solist olaraq işə qəbul edilməsi olub. Böyük bəstəkar və dirijor Səid Rüstəmovla ilk tanışlıq və yaradıcılıq təmasları da elə məhz bu vaxtdan başlayıb. Yaşar Səfərovun səhnə həyatı çox uğurlu olub.

Səs diapazonuna, səhnə mədəniyyətinə, həyatda davranışına görə onu çox istəyiblər. Şövkət Ələkbərova onu hər dəfə görəndə deyib: "həm ifaçı həm də qədərsiz insan olduğun üçün sənə qədərsiz hörmətim var".

Təsadüfi deyil ki, Ramiz Mirişli, Cahangir Cahangirov, Tofiq Quliyev və başqa bəstəkarlar yeni nota aldıqları mahnıları ifa etməyi məmnuniyyətlə ona həvalə edərdilər. Elə bu səbəbdən də müğənninin repertuarındakı mahnılar günbəgün artıb.

Hazırda qızıl fondda saxlanılan "Oxu tar", "Şeir deyildi", "Ağ çiçəklər", "Süsən qızlar" xalq mahnılarından "Küçələrə su səpmişəm", "Gözəlim sənsən" və başqa mahnılar ilk dəfə səhnədə onun ifasında səslənəndə alqışlarla qarşılanıb.

Yaşar Səfərov sənət dünyasında Naxçıvanla bağlı mahnılar xüsusu yer tutub. Müğənni yaradıcılığı boyu Naxçıvanı vəsf etməkdən yorulmayıbdır. Harada oxuyursa oxusun, hansı səhnədə çıxış edirsə etsin onun konserti Naxçıvan mahnısı ilə başlayıb onunla da sona yetərdi.

Müğənni qəlbən, ruhən doğma diyara bağlı idi. Bu sevgi hələ uşaqlıqdan onun qəlbində baş qaldırıb. Sənətşünaslar "Yaşarın səsində şır-şır axan Arazın səsinin doğmalığı var"-deyirdilər. Doğma diyarı vəsf edən nəğmələrin ən gözəl təqdimatçısı idi desək yəqin ki, yanılmarıq.

Yaşar Səfərov 18 iyun 2007-ci ildə, ömür kitabının 66-cı səhifəsində dünyaya gözlərini qapayıb .

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(18.06.2026)

Nemət Tahir,

“Ədəbiyyat və incəsənət” portalının Qarabağ təmsilçisi

 

1978-ci ildə Sov.İKP MK Baş Katibi L.İ.Brejnevin Azərbaycana səfər tarixi müəyyənləşdikdən sonra, Bakıda onun qarşılanması, görüşləri, iştirak edəcəyi tədbirlərlə bağlı ciddi hazırlıq işləri görülməyə başlayır. Xüsusilə də ali qonağın şərəfinə veriləcək ziyafətin və konsert proqramının üzərində də ciddi iş gedir...

 

Bu məqsədlə Müslüm Maqomayevə də təklif olunur ki, xüsusi bir mahnı hazırlasın. Çünki, Leonid İliç Brejnevin Müslüm Maqomayevə xüsusi simpatiyası olub, onu həmişə həvəslə dinləyirdi. Hətta bir dəfə Baş Katib “Bella Çao” mahnısından sonra emosiyalarını gizlətməyi bacarmayıb, Müslüm Maqomayevi elə ürəklə alqışlayıb ki, ətrafında olanlar belə ona təəccüblə baxıblar. Baş katibin bu şakərinə görə Müslüm Maqomayevin çıxışı və xüsusilə də, yeni ifası vacib sayılıb. Müslüm Maqomayev bu təklifi tərəddüdlə qəbul etsə də, yeni mahnı üzərində işləməyi zəruri sayıb və bu haqda çox hörmətlə yanaşdığı, özünə doct saydığı bir insana - şair Robert Rojdestvenskiyə zəng vuraraq fikrini bildirib. O isə öz növbəsində təklifi qəbul edərək səhərisi günü təyyarə ilə Bakıya uçub. Bir neçə günlük gərgin yaradıcılıq işlərindən sonra mahnı ərsəyə gəlib.

Gerisi də çox maraqlıdır.

Beləliklə, Brejnevin Azərbaycana səfəri başlanır. Səmimi qarşılanma, yüksək qonaqpərvərlik, protokol qaydalarına uyğun tədbirlər, görüşlər hamısı plan üzrə gedib. Təntənəli konsertdə Müslüm Maqomayev yeni mahnısını ifa edir. Mahnı Brejnevin çox xoşuna gəlir. Konsertdən sonra Brejnevin şərəfinə verilən ziyafətdə Müslüm Maqomayev xüsusi hazırlanmış qovluğu xatirə hədiyyəsi olaraq Leonid İliçə təqdim edir:

- Hörmətli Leonid İliç, mən bu musiqi əsərini sizə bütün Azərbaycan xalqı, Azərbaycanın incəsənət nümayəndələri və şəxsən öz adımdan təqdim edirəm.

Müslüm Maqomayev bu sözləri o qədər aşağı tonla deyib ki, Brejnev heç nə eşitməyir. Görkəmli ifaçı sonralar bunu özü də etiraf edir: “Mən fikirlərimi çox yavaş ifadə edirdim. Demək olar ki, dodağımın altında mızıldanırdım. Hiss etdim ki, Brejnev heç nə eşitmədi və onu da hiss etdim ki, Brejnevin eşitmə qabiliyyəti çox zəifdir.”

Heç nə anlamayan Brejnev qovluğu götürüb stolun üzərinə qoyur. Elə düşünür ki, Müslüm Maqomayev ondan avtoqraf istəyir. Qələmini çıxarıb qovluğa öz imzasını qoyur. Çaş-baş qalan Müslüm Maqomayev nə edəcəyini bilmir və sakitcə o zaman Azərbaycan KP-nin birinci katibi olan Heydər Əliyevdən soruşur:

- Mən nə etməliyəm?

-Qovluğu götür, belə hadisə hər gün baş vermir, yadigar saxlayarsan-deyə Heydər Əliyev cavab verir.

Beləliklə, saysız-hesabsız insanlara avtoqraf verən Müslüm Maqomayev anlaşılmazlıq nəticəsində bu dəfə özü avtoqraf almağa məcbur olub. Özü də Leonid İliç Brejnevdən.

 

“Ədəbiyyat və incəsənət”

(18.06.2026)

 

“İyunun 15-də Şuşa şəhərində Yeni Azərbaycan Partiyasının (YAP) təşkilatçılığı ilə “Qlobal təhlükəsizliyə regional töhfə: Cənubi Qafqazda sülh quruculuğu” mövzusunda keçirilən beynəlxalq konfrans beynəlxalq sülh və təhlükəsizliyə töhfədir”.

 

Bunu “Ədəbiyyat və incəsənət” portalına açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, hərbi-siyasi ekspert, konfrans iştirakçısı polkovnik Cəlil Xəlilov bildirib.

 

Polkovnik qeyd edib ki, konfransda müasir dünyada təhlükəsizliklə bağlı ortaya çıxan təhdidlər, habelə, müharibə və münaqişələrdən əziyyət çəkən dünyamızda uzunmüddətli və etibarlı sülhün bərqərar olmasının vacibliyi qeyd olunub:

“Hər şeydən öncə qeyd edim ki, YAP-ın təşkilatçılığı ilə Şuşada keçirilən məlum konfrans Azərbaycanın sülh səylərinin bariz nümunəsi, ölkəmizin qlobal təhlükəsizliyin təminində son dərəcədə maraqlı olduğunun real təcəssümüdür. Prezident İlham Əliyevin konfrans iştirakçılarına ünvanladığı müraciət, müraciətdə yer alan fikir və çağırışlar sülh və təhlükəsizlik məsələsinin dövlətimiz üçün hər zamankı kimi prioritet olduğunu göstərir.

Şuşa konfransını əhəmiyyətli edən bir sıra mühüm amil var ki, bunlardan biri bütün siyasi qüvvələrin – partiya və təşkilatların, ictimai birliklərin sülh və təhlüksəzilik məsələsində Azərbaycan dövləti ilə həmrəy olması, dövlətimizin bu yöndəki siyasətini qətiyyətlə dəstəkləməsidir. Hansı ki, Şuşa konfransının gedişndə biz buna bir daha şahid olduq.

Şuşa konfransında diqqət çəkən digər bir məqam sülh və təhlükəsizlik məsələsində beynəlxalq səyləri birləşdirməyin, qlobal həmrəylik nümayiş etdirməyin vacibliyi ideyasının yenidən gündəmə gətirilməsidir.

Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dəfələrlə öz çıxış və müsahibələrində sülh və təhlükəsizliyin təmini üçün beynəlxalq miqyasda əməkdaşlığın zəruriliyini vurğulayıb, bunu qlobal sülhü təmin etməyin yeganə etibarlı vasitəsi adlandırıb. Bu baxımdan Şuşa konfransında dövlət başçısının bu çağırışının yenidən gündəmə gəlməsi Azərbaycanın qlobal sülhü təmin etməyin real mexanizminə bələd olduğunu, bunu həyata keçirmək üçün dünya dövlətlərini qlobal əməkdaşlığa səslədiyini göstərir”.

Polkovnik Cəlil Xəlilov konfransda post-müharibə dövründə həyata keçirilən abadlıq və quruculuq işlərinin də geniş şəkildə müzakirə edildiyini vurğulayıb:

“Şuşa konfransı üçün əlamətdar cəhətlərdən biri də “Postmünaqişə dövründə yenidənqurma: Şəhərsalma sahəsində müasir çağırışlar” mövzusunda panel sessiyasının keçirilməsi oldu. Sessiya zamanı Azərbaycanın işğaldan azad edilən ərazilərində Prezident İlham Əliyevin bilavasitə nəzarəti altında gerçəkləşən nəhəng quruculuq işlərindən ətraflı bəhs edildi, mühüm məqamlara, ciddi faktlara toxunuldu. Panel müzakirəsi zamanı edilən çıxışlar, səslənən çağırışlar bir daha göstərdi ki, Azərbaycan postmüharibə dönəmində bütün dünyada böyük heyrət və təqdirlə qarşılanan böyük abadlıq işləri həyata keçirib, yüzlərlə yaşayış məntəqəsinin yenidən qurulmasına nail olub. Buna paralel olaraq, işğaldan azad edilən ərazilərdə bütün infrastruktur və kommunikasiya yenidən qurulub, çoxsaylı parklar, yaşıllıqlar yaradılıb. 

Bütün bunlar onu deməyə əsas verir ki, Şuşa konfransı sülh və təhlükəsiziliklə bağlı müasir problemlərin həllinə dəstək verməklə yanaşı, Azərbaycanın postmüharibə dönəmində həyata keçirdiyi geniş quruculuq işlərinin beynəlxalq miqyasda təbliği baxımından da mühüm rol oynadı.

İnanıram ki, Şuşa konfransı qlobal sülh və təhlükəsizliyin təminində yeni mərhələ olacaq, müasir dünyamızda sülhün təntənəsinə töhfə verəcək”.

 

“Ədəbiyyat və incəsənət”

(17.06.2026)

 

Çərşənbə, 17 İyun 2026 11:11

Dövlətinə, xalqına xidmətdə keçən 70 il

Səbinə Yusif,

“Qazax” Xeyriyyə İctimai Birliyinin mətbuat katibi.

“Ədəbiyyat və incəsənət”

 

Elə insanlar var ki, bütün şüurlu ömürlərini övlətinə, xalqına xidmətdə keçirirlər. Onlardan biri də 70 illik yubileyini qeyd edən “Qazax” Xeyriyyə İctimai Birliyi İdarə Heyətinin sədr müavini, iş adamı, xeyriyyəçi Puşkin Əhmədovdur.

 

Həyatda elə yaşamaq lazımdır ki, geriyə baxanda yaşadığın ömrlə fəxr edəsən. Belə insanlar üçün bir amal var: Vətənə layiq övlad olmaq mənim ən müqəddəs borcumdur!

Puşkin Əhmədovhər zaman xeyriyyəçilik işləri ilə məşğul olub. Koronavirus pandemiyasının yayıldığı vaxtlarda “Qazax” Xeyriyyə İctimai Birliyinin İdarə Heyətinin sədri İlham Pirməmmədovun Prezident İlham Əliyevin çağırışından sonra iş adamlarına, imkanlı şəxslərə ünvanlı müraciətinə dəstək olaraq Qazax mahalında ehtiyacı olan onlarca ailənin köməyinə çatan Puşkin Əhmədov onlara maddi və mənəvi dəstək olub. Bundan əlavə Ağstafa rayonunda da bir neçə həssas təbəqədən olan aztəminatlı ailəyə zəruri yardımlar edib.

Bundan başqa 44 günlük Vətən müharibəsi dövründə Ali Baş Komandanın siyasətinə sədaqətini nümayiş etdirərək döyüşən orduya, yaralılara və Şəhid ailələrinə maddi, mənəvi dəstək olub.

“Qazax” Xeyriyyə İctimai Birliyinin fəaliyyətində yaxından iştirak etdiyinə görə Puşkin Əhmədov müxtəlif illərdə Birliyin İdarə Heyətinin qərarı ilə “General Əliağa Şıxlınski Dimpomu” və “Səməd Vurğun adına Diplom”la təltif edilib.

Tərcümeyi halına nəzər yetirsək, Əhmədov Puşkin Kəmaləddin oğlu 1956-cı ildə Ağstafa rayonunda ziyalı ailəsində anadan olub. 1963-cü ildə Ağstafa rayon 24 saylı dəmir yolu məktəbinə gedib və 1973-cü ildə həmin orta məktəbi bitirib.

1975-1977-ci illərdə sovet ordusu sıralarında qulluq edib. Əsgəri xidmətini başa vurduqdan sonra 1978-ci ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutuna daxil olub, müvəffəqiyyətlə təhsil alıb.

İnstitutu bitirdikdən sonra ümummilli liderimiz Heydər Əliyevin SSRİ Nazilər Sovetinin I müavini işlədiyi dövrdə “Azərbaycan Tümen” inşaat briqadasında baş iş icraçısı kimi Rusiyanın Tümen vilayətinin Koqalım şəhərində bir neçə mikrorayonun salınmasında yaxından iştirak edib. Həmin briqadada həmkarlar ittifaqı təşkilatının sədri və partiya sədrinin müavini olub. 1990-cı ildə yüz minlərlə soydaşımızın erməni təcavüzündən yaxa qurtarıb Bakıya pənah gətirməsi, 20 Yanvar hadisələri ilə bağlı Azərbaycan Nazirlər Sovetinin qərarı ilə həmin briqada ləğv olunduqdan sonra Bakıya qayıdan P.Əhmədov “Bakı Baş Tikinti İdarəsi” sistemində şöbə müdiri vəzifəsində çalışıb.

1993-cü ildə kommersiya fəaliyyəti ilə məşğul olmaq üçün “Anar” firmasını təsis edib, kommersiya fəaliyyəti ilə yanaşı daim xeyriyyəçilik işləri ilə də məşğul olub. 1993-cü ildə - 1-ci Qarabağ savaşı dövründə milli ordu və məcburi köçkünlərə “Qazax” Xeyriyyə Cəmiyyətinin xətti ilə iri məbləğdə pul vəsaiti, texnika üçün ehtiyyat hissələri və s. kimi yardımlar edib. Həmçinin Azərbaycan Təhsil işçiləri və tələbələri xeyriyyə fondunun sədr müavini kimi də çalışıb. İşlədiyi dövrdə maarifçiliyin inkişafında, Azərbaycanda fasiləsiz təhsil sisteminin həyata keçirilməsində əməyi olub. Bu fondun bəzi rayonlarda məskunlaşmış qaçqın uşaqlarına köməklik göstərib və onlarla tələbənin illik təhsil haqqını ödəyib.

2001-ci ildə “Səma-3” Mənzil Tikinti kooperativi təsis edərək Bakı və Gəncə şəhərlərində yüksək mərtəbəli binalar tikib.

Ölkəmizdən kənarda Özbəkistan Respublikasının paytaxtı Daşkənd şəhərində tikdiyi “Puşkin Evləri” (Пушкинские Дома) yaşayış kompleksi yerli sakinlər tərəfindən yüksək qiymətləndirilib.

Bundan əlavə “Iron İnşaat” MMC-ni təsis edib, hal- hazırda yüksək mərtəbəli yaşayış binaları tikir.

Yeni Azərbaycan Partiyasının üzvüdür.

Ailəlidir, iki övladı, altı nəvəsi var.

“Qazax” Xeyriyyə İctimai Birliyi İdarə Heyətinin sədri, professor İlham Pirməmmədov, İctimai Birliyin bütün üzvləri, o cümlədən Qazax mahalının ziyalıları  Puşkin Əhmədovu anadan olmasının 70 illik yubileyi münasibətilə ürəkdən təbrik edir, ona uzun ömür, möhkəm can sağlığı arzulayır və bütün işlərində uğurlar diləyirlər.

Hörmətli Puşkin müəllim, biz sizinlə fəxr edirik!

 

“Ədəbiyyat və incəsənət”

(17.06.2026)

“Ədəbiyyat və incəsənət” portalının Tələbə yaradıcılığı rubrikasında bu gün sizlərə Naxçıvan Dövlət Universitetinin Texnologiya Müəllimliyi ixtisası üzrə II kurs tələbəsi, Pedaqoji fakültənin Tələbə Elmi Cəmiyyəti üzrə sədrinin müavini Güldanə Haqverdiyevanın essesi təqdim edilir.

 

Mən həmişə xalqımla birlikdə olmuşam, bu gün də xalqımla birlikdəyəm və bundan sonra da xalqımla birlikdə olacağam. (Ümummilli Lider Heydər Əliyev)

Azərbaycan tarixinin ən çətin sınaq dövrlərindən biri olan 1993-cü ilin əvvəllərində ölkə dərin bir dövlət böhranı içərisindən keçirdi. Ermənistanın hərbi təcavüzü nəticəsində ərazilərimiz bir-birinin ardınca işğal altına düşür, cəbhə xəttindəki vəziyyət getdikcə ağırlaşırdı. Bununla yanaşı, ölkə daxilində idarəçilik mexanizmləri iflic vəziyyətinə gəlmiş, silahlı qruplaşmaların hakimiyyət uğrunda mübarizəsi ictimai-siyasi həyatı tam çökdürmüşdü. Beynəlxalq arenada isə Azərbaycan faktiki olaraq diplomatik təcrid içərisində idi.

Məhz bu həlledici anda xalqın iradəsi Ümummilli Lider Heydər Əliyevin ətrafında birləşdi. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri kimi fəaliyyət göstərən Heydər Əliyev, ağır iqtisadi blokada şəraitinə baxmayaraq, muxtar respublikanın idarəçiliyini səriştəli şəkildə həyata keçirmiş, Naxçıvanı beynəlxalq diplomatik dialoqa çıxarmış, xalqın gözündə dövlətçilik zəkasını bir daha sübut etmişdi. 1993-cü il iyunun 9-da Bakıya gələn ulu öndər Gəncədəki silahlı böhranın danışıqlar yolu ilə həllini təmin etdi və vəziyyəti nəzarət altına aldı. Həmin ayın 13-də Ali Sovetin sədri İsa Qəmbər vəzifəsindən istefa verdi.

1993-cü il iyunun 15-də Azərbaycan Respublikası Ali Sovetinin tarixi iclasında Heydər Əliyev xalqın təkidli tələbi ilə Ali Sovetin sədri seçildi. Bu tarix Azərbaycan tarixinə Milli Qurtuluş Günü kimi daxil oldu. Həmin ilin iyunun 24-dən Milli Məclisin qərarı ilə ulu öndər Prezident səlahiyyətlərini həyata keçirməyə başladı; oktyabrın 3-də isə ümumxalq səsverməsi nəticəsində Azərbaycan Respublikasının Prezidenti seçildi.

Yeni rəhbərliyin ilk addımları Azərbaycanın dövlət quruculuğu tarixinin ən intensiv mərhələlərindən birini əhatə edir. Ölkə daxilindəki silahlı müxalifətin zərərsizləşdirilməsi, nizami ordunun formalaşdırılması, hüquqi-normativ bazanın yaradılması eyni vaxtda həyata keçirildi. 1994-cü il mayın 12-də imzalanan atəşkəs sazişi cəbhə xəttindəki aktiv döyüş əməliyyatlarını dayandırdı. Həmin ilin sentyabrın 20-də isə dünyada "Əsrin müqaviləsi" adını alan neft hasilatı sazişi imzalandı, bu saziş Azərbaycanın iqtisadi müstəqilliyinin və beynəlxalq inteqrasiyasının möhkəm əsasını qoydu.

15 İyun eyni zamanda Azərbaycanın milli-mədəni həyatında yeni bir dövrün başlanğıcıdır. Dövlət dili, milli ədəbiyyat, incəsənət və mədəni irs dövlət siyasətinin prioritetləri sırasına daxil oldu. Nizami Gəncəvi, İmadəddin Nəsimi, Məhəmməd Füzuli, Molla Pənah Vaqif kimi klassiklərimizin irsinə yeni bir dövlət münasibəti formalaşdı; onların əsərləri milli kimlik məsələsinin ayrılmaz bir hissəsinə çevrildi. Bu yanaşma Azərbaycan ədəbiyyatının, teatrının, musiqisinin və təsviri sənətinin inkişafına güclü təkan verdi.

Ulu öndərin müəyyən etdiyi dövlətçilik kursu Prezident İlham Əliyevin rəhbərliyi altında ardıcıl şəkildə davam etdirildi. 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək davam edən Vətən müharibəsində Azərbaycan Silahlı Qüvvələri işğal altındakı torpaqlarımızı azad etdi; 9 noyabr 2020-ci il tarixdə imzalanan üçtərəfli Bəyannamə ilə ərazi bütövlüyümüz beynəlxalq hüquq çərçivəsində tanındı. Mədəniyyətimizin qədim mərkəzi olan Şuşa şəhəri yenidən Azərbaycanın idarəçiliyinə qayıtdı. Bu qələbə 1993-cü ildə bərpa edilmiş dövlətçilik iradəsinin məntiqi nəticəsi idi.

15 İyun Milli Qurtuluş Günü - bu gün Azərbaycan xalqı üçün yalnız tarixi bir hadisənin xatirəsi deyil, milli dövlətçilik şüurunun daim təzələndiyi simvolik bir tarixdir. Bu gün xalqımıza xatırladır ki, ən ağır sınaq anlarında belə güclü siyasi iradə, dövlətçilik zəkası və xalqın birliyi hər böhranın üzərindən gəlməyə qadirdir. 15 İyun — Azərbaycanın öz müstəqilliyinə, öz tarixinə və öz gələcəyinə sahib çıxdığı gündür.

 

“Ədəbiyyat və incəsənət”

(17.06.2026)

 

Bakı şəhər Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasında Mədəniyyət Konsepsiyasının icrası ilə əlaqədar həyata keçirilən “Kitablar səltənətinin inciləri” adlı mütaliə silsiləsindən izləyicilərə görkəmli pedoqoq, publisist, tərcüməçi, Əməkdar mədəniyyət işçisi, Xalq şairi Mirvarid Dilbazinin “Anam yadıma düşdü” şeiri təqdim olunur.

 

Bu barədə “Ədəbiyyat və incəsənət”ə kitabxanadan məlumat verilib.

 

Azərbaycanın ilk qadın Xalq şairi adına layiq görülmüş el anası Mirvarid Dilbazi yaradıcılığı xalqa, onun həyatında baş verən hadisələrə bağlı idi. Ulu Öndər Heydər Əliyev şairin 70 illik yubileyində demişdir: “Siz 70 ildir ki, xalqımıza, millətimizə, ölkəmizə, Vətənimizə sədaqətlə, öz fədakar əməyinizlə, parlaq yaradıcılığınızla xidmət edirsiniz. Sizin şeirləriniz, poemalarınız, bütün əsərləriniz neçə-neçə nəsillərə güc, inam verib və bu gün də verir, gələcəkdə də verəcəkdir”.

 

İsti küləklər əsdi,

Yaz gəlməyə tələsdi.

Mənim ürəyim əsdi,

Anam yadıma düşdü...

 

Bənövşə dəstə-dəstə,

Qızılgül yarpaq üstə.

Sular axır ahəstə,

Anam yadıma düşdü...

 

Yazıçı Şahzadə İldırım hazırladığı videoçarxda  Xalq şairi Mirvarid Dilbazi haqqında məlumat verir. İzləyicilərə təqdim olunan  “Anam yadıma düşdü” şeirində  təbiətin gözəl ahəngində ananın xatırlanması, anaya olan böyük sevgi və müqəddəs duyğular  tərənnüm olunur. Şeir Azərbaycan poeziyasında ana mövzusunda yazılmış ən təsirli, səmimi və kövrək nümunələrdən biridir. Şair bu əsərdə ana müqəddəsliyini, ona olan sonsuz sevgini və dözülməz ayrılıq həsrətini böyük bir ürək ağrısı ilə qələmə alıb. Müəllif uşaqlıq illərinə, anasının isti nəfəsinə və qayğısına duyduğu ehtiyacı dilə gətirir. Şairin “Anam yadıma düşdü” şeirinə bəstəkar, Xalq artisti Ramiz Mustafayevin bəstələdiyi mahnı Xalq artisti Gülağa Məmmədovun ifasında izləyicilərə təqdim olunur:

https://www.youtube.com/watch?v=jMTdlAjCT4g

 

“Ədəbiyyat və incəsənət”

(17.06.2026)

 

 

 

Çərşənbə, 17 İyun 2026 15:09

İnsan özünü nə vaxt eşidir?

Rəqsanə Babayeva,

”Ədəbiyyat və incəsənət” portalının Beyləqan və İmişli təmsilçisi

 

İnsan həyat boyu saysız-hesabsız səslərin içində yaşayır. Doğulduğu andan etibarən o, ətrafındakı dünyanın ritminə qarışır, müxtəlif səslərlə tanış olur, onlara öyrəşir və zaman keçdikcə həmin səslərin yaratdığı böyük axının bir hissəsinə çevrilir. Evdə valideynlərin səsi, küçədə insanların danışığı, məktəbdə müəllimlərin öyrətdikləri, iş həyatında bitib-tükənməyən söhbətlər, cəmiyyətin insan üzərində qurduğu gözləntilər... Bütün bunlar illər boyunca insanın daxilində elə bir gurultu yaradır ki, müəyyən bir vaxtdan sonra o, özünün həqiqi səsini eşitmək qabiliyyətini itirməyə başlayır.

 

Mən həmişə düşünmüşəm ki, insanın özünü tanıması üçün bəzən uzun yollar qət etməsinə ehtiyac yoxdur. Bəzən insan özünü dünyanın ən uzaq nöqtəsində deyil, sadəcə dərin bir səssizliyin içində tapır. Çünki insan həqiqətən yalnız o zaman öz daxilinə baxmağa başlayır ki, ətrafındakı bütün səslər bir anlıq dayanır.

Biz adətən sükutu yanlış anlayırıq. Çoxlarına görə sükut sadəcə danışığın bitməsi, səsin olmaması, ətraf mühitin sakitləşməsidir. Halbuki məncə, sükut heç vaxt boşluq deyil. Əksinə, sükut insanın daxilində illərlə toplanmış fikirlərin, qorxuların, gizlədilmiş hisslərin və cavabsız qalmış sualların danışmağa başladığı məkandır.

Gündəlik həyatın axarına diqqətlə baxanda bunu daha aydın görmək mümkündür. Müasir insan səhər gözünü açdığı andan etibarən artıq bir yarışın içində olur. İlk olaraq telefona baxılır. Gecədən gələn mesajlar yoxlanılır. Xəbərlər oxunur. Sosial şəbəkələrdə kiminsə paylaşdığı həyat fraqmentləri izlənilir. Sonra gün başlayır və insan sanki görünməz bir mexanizmin içində hərəkət etməyə məcbur olur.

Maraqlıdır ki, biz texnologiyanın həyatımızı asanlaşdırdığını düşünürük, amma çox vaxt texnologiya bizim düşünmək imkanlarımızı əlimizdən alır. Artıq insanlar boş qalmağa dözə bilmirlər. Liftlə beş mərtəbə qalxarkən belə telefon ekranına baxılır. Avtobus gözləyərkən insan ətrafı müşahidə etmir, başını aşağı salıb virtual dünyanın içində itib gedir. Gecə yatmazdan əvvəl belə son görülən şey telefon ekranı olur.

Bəzən özümə sual verirəm: insan niyə bu qədər səsə ehtiyac duyur?

Niyə insanlar sakit otaqda uzun müddət qala bilmirlər?

Niyə çoxları qulaqcıqsız küçəyə çıxmaq istəmir?

Niyə evdə televizor baxılmadığı halda belə açıq qalır?

Məncə, bunun cavabı sadədir. İnsan öz düşüncələri ilə tək qalmaqdan çəkinir. Çünki sükut başlayanda insan özündən qaça bilmir.

Biz çox qəribə dövrdə yaşayırıq. Tarixin heç bir mərhələsində insan bu qədər insanla əlaqədə olmayıb. Dünyanın o biri ucundakı biri ilə saniyələr içində danışmaq mümkündür. Minlərlə insanla virtual ünsiyyət qurmaq olur. Amma bütün bu imkanlara baxmayaraq, bəlkə də tarixdə heç vaxt insan bu qədər daxili tənhalıq yaşamayıb.

Paradoks da məhz budur.

İnsan ətrafındakı hər kəsin səsini eşidir, amma özünü eşitmir.

Mənə elə gəlir ki, insan ömrünün ən təhlükəli nöqtəsi də məhz budur. O an ki insan öz daxili səsini itirir, artıq yavaş-yavaş özündən uzaqlaşmağa başlayır. Çünki insanı ayaqda saxlayan yalnız bədən deyil. İnsanı daşıyan onun daxili dünyasıdır. Əgər insan ruhən yorulursa, bədəninin sağlam olması belə onu xoşbəxt etməyə yetmir.

Düşünürəm ki, hər insanın həyatında elə an olur ki, o, birdən-birə dayanmağa məcbur qalır. Həyat bəzən insanı özü ilə üz-üzə qoymaq üçün gözlənilməz vasitələr seçir. Bəzən bir ayrılıq, bəzən xəyal qırıqlığı, bəzən itki, bəzən uzun müddət qurulmuş planların bir anda dağılması...

Belə anlarda insan ilk dəfə ətrafındakı dünyanın səsini deyil, daxilindəki səssizliyi hiss edir.

Və qəribədir ki, insan ən vacib həqiqətləri məhz belə zamanlarda anlayır.

Bir insanı düşünün.

İllərlə eyni qayda ilə yaşayır.

Səhər oyanır.

İşə gedir.

Gələcək üçün planlar qurur.

Pul qazanır.

Yeni məqsədlər müəyyənləşdirir.

Başqalarının gözündə uğurlu görünməyə çalışır.

Hamının alqışladığı bir həyat qurmağa çalışır.

Sonra bir gün gözlənilməz hadisə baş verir.

Və birdən o insan özündən soruşur:

“Mən həqiqətən istədiyim həyatı yaşamışam?”

Bu sual asan görünür.

Amma məncə, insanın verə biləcəyi ən ağır suallardan biridir.

Çünki bizə həyat boyu bir çox şey öyrədilir.

Necə danışmaq.

Necə uğurlu olmaq.

Necə pul qazanmaq.

Necə cəmiyyətə uyğunlaşmaq.

Amma qəribədir ki, insanlara çox nadir hallarda özlərini dinləmək öyrədilir.

Heç düşünmüsünüzmü, insan niyə təbiətdə daha rahat olur?

Niyə dəniz kənarında oturarkən daxildə qəribə bir sakitlik yaranır?

Niyə yağışın səsinə qulaq asmaq insana təsir edir?

Niyə dağlara baxanda insan öz problemlərini bir anlıq unudur?

Məncə, bunun səbəbi təbiətin sükutunda gizlidir.

Təbiət insanı öz ilkin halına qaytarır.

Şəhərdə həyat insana daim bir şey olmağı diktə edir.

Daha uğurlu ol.

Daha sürətli ol.

Daha çox qazan.

Daha çox görün.

Daha çox sübut et.

Amma təbiət insandan heç nə istəmir.

Orada insan sadəcə mövcuddur.

Sadəcə nəfəs alır.

Sadəcə yaşayır.

Və məhz belə anlarda insan daxilində uzun müddət susmuş o səsi eşitməyə başlayır.

Mənə görə insan həyatının ən ağır yorğunluğu fiziki yorğunluq deyil.

İnsan bəzən saatlarla işləyir, yorulur və dincələrək bərpa olunur.

Amma ruh yorulanda vəziyyət tamamilə dəyişir.

Ruh yorulanda insan ən çox sevdiyi işdən belə həzz almır.

Ən çox istədiyi yerə getsə belə daxilində boşluq qalır.

Ətrafında insanlar olur, amma o özünü yenə tək hiss edir.

Çünki insanın ən böyük yorğunluğu daxildən başlayır.

Biz adətən xoşbəxtliyi xaricdə axtarırıq.

Yeni işdə.

Yeni münasibətdə.

Yeni şəhərdə.

Yeni imkanlarda.

Yeni uğurlarda.

Amma bəzən unuduruq ki, daxilində sülh olmayan insan dünyanın ən gözəl yerində olsa belə rahatlıq tapa bilməz.

İnsan özünü çox vaxt başqalarının gözündə qurmağa çalışır.

Kiminsə təsdiqi vacib olur.

Kiminsə fikri insanın həyatına istiqamət verir.

Cəmiyyətin gözləntiləri insanın seçimlərini dəyişdirir.

Bir müddət sonra insan elə bir nöqtəyə çatır ki, öz həyatını yaşamır.

Sadəcə ondan gözlənilən həyatı yaşayır.

Ən ağrılı həqiqət isə budur ki, insan bunu çox gec anlayır.

Mənə həmişə maraqlı gəlib.

İnsan niyə təklikdən qorxur?

Hamı tənhalıqdan qaçır.

Hamı özünü insanların arasında saxlamağa çalışır.

Halbuki təklik həmişə kədər demək deyil.

Bəzən insanın öz ruhu ilə görüşməsi üçün təklik vacibdir.

Bəzən insan dünyadan qaçmır.

Sadəcə öz yanına qayıdır.

Düşünürəm ki, insan özünü ən çox gecələr eşidir.

Hamı yatandan sonra.

Şəhərin səsi azalandan sonra.

Telefon bildirişləri dayanandan sonra.

Heç kim bir şey istəməyəndə.

Otaqda sakitlik yarananda.

İnsan birdən düşünməyə başlayır.

Bir neçə il əvvəl qurduğu xəyalları xatırlayır.

Geridə qoyduğu insanları yada salır.

Yarımçıq qalmış söhbətləri düşünür.

Dediyi bəzi sözlərə peşman olur.

Demədiyi bəzi sözlər üçün darıxır.

Məhz belə anlarda insan daxilində illərlə gizlənən həqiqətlərlə rastlaşır.

Sükut qəribə müəllimdir.

O heç nə demir.

Sadəcə gözləyir.

İnsan bütün səslərdən yorulduğu anda sakitcə qarşısına çıxır.

Və sanki deyir:

“İndi başqalarını yox, özünü dinlə.”

Məncə, insan həyat boyu çox uzaqlara getməyə çalışır.

Başqa şəhərlərə.

Başqa ölkələrə.

Başqa insanlara.

Yeni başlanğıclara.

Yeni arzulara.

Amma bəzən unudulur ki, insanın etməli olduğu ən çətin səfər daxilə doğru edilən səfərdir.

İnsan öz ruhuna doğru gedən yolu çox gec tapır.

Halbuki bütün cavablar həmişə orada olub.

İnsan dünyanı eşitməyi çox erkən öyrənir.

Valideynlərin səsini.

Müəllimlərin fikirlərini.

Cəmiyyətin qaydalarını.

İnsanların tələblərini.

Hamını eşidir.

Hamını anlayır.

Hamıya uyğunlaşır.

Amma bəzən bir ömür keçir və insan özünü eşitməyi öyrənə bilmir.

Mənə elə gəlir ki, xoşbəxtlik bəzən insanların düşündüyü qədər mürəkkəb deyil.

Bəlkə xoşbəxtlik sadəcə insanın öz daxilində sakitlik tapmasıdır.

Bəlkə xoşbəxtlik bütün dünyanı razı salmaq deyil.

Öz vicdanınla barışmaqdır.

Bəlkə uğur hamının səni alqışlaması deyil.

Gecə başını yastığa qoyanda daxilində narahatlıq hiss etməməkdir.

Çünki insanın ən vacib münasibəti dünya ilə deyil.

Öz ruhu ilədir.

Bir gün həyat mütləq insanı dayandırır.

Bəzən zaman bunu yumşaq edir.

Bəzən isə çox sərt şəkildə.

Amma gec-tez hər insan elə bir an yaşayır ki, ətrafındakı bütün səslər əhəmiyyətini itirir.

Və onda geridə yalnız bir şey qalır.

Öz daxilindən gələn həqiqi səs.

Bəlkə də həyatın ən böyük sirri budur.

İnsan dünyanı anlamağa illər sərf edir.

Başqalarını anlamağa çalışır.

Hamıya nəsə sübut etməyə çalışır.

Amma ən böyük həqiqət tamam başqa yerdə gizlənir.

İnsan bütün həyatını başqalarını dinləməklə keçirir.

Halbuki ən vacib səs həmişə onun daxilində olub.

Sadəcə dünya həddindən artıq gurultulu olduğu üçün o səs eşidilməyib.

Və bəlkə də insan həqiqətən yaşamağa yalnız o anda başlayır —

öz daxilindəki səsi eşitdiyi anda.

Çünki sükut heç vaxt sadəcə səssizlik olmayıb.

Sükut insanın öz ruhuna qayıtdığı yerdir.

İnsan isə, bəlkə də, özünü məhz orada tapır.

 

“Ədəbiyyat və incəsənət”

(17.06.2026)

Çərşənbə, 17 İyun 2026 16:12

Eldən gedən Ağsaqqal - Elegiya

 

Ağalar İdrisoğlu,

Əməkdar incəsənət xadimi, yazıçı, rejissor, jurnalist, publisist.

“Ədəbiyyat və incəsənət”

 

 

            

Böyümək şərt deyil. Şəxsiyyət kimi formalaşmaq şərtdir.

                                        (İnsanın özünüdərk fəlsəfəsindən)

 

 

Şakir Rəfi oğlu Həsənov. Bu ad və soyad məmləkətimizdə yüksək səviyyəli  mühəndis, bacarıqlı rəhbər, iş adamı kimi yaxşı  tanınırdı. Çünki bu insanın yaratdığı və rəhbərlik elədiyi  “Az. Termoizol” Açıq Səhmdar Cəmiyyəti məmləkətimizə  inşaat və quraşdırma sahəsində bir neçə xarici ölkələrdə uğurla  işlədiyinə görə dünya səviyyəli “Sokrat” mükafatı, Avropa ölkələrindən çoxli “Qızıl” medallar, diplomlar gətirmişdi. Azərbaycanın “Tərəqqi” medalı və “Əmək” ordeni kimi yüksək mükafatları, diplomları  ilə tərtif olunmuşdu Şakir Həsənov.

 

Bu ad və soyad həm də ona görə sevilirdi ki, Şakir Rəfi oğlu Həsənov anadan olduğu 235 mindən çox əhalisi olan Masallı rayonunun və 52 il yaşadığı 500 mindən çox ayrı-ayrı millətlərin  nümayəndələrinin yaşadığı Sumqayıt şəhərinin sayılıb-seçilən və üzdə olan hörmətli ağsaqqallarından biri idi. Eləcə də məmləkətimizin demək olar ki, bütün bölgələrində böyük hörmətlə  qarşılanan ziyalı, iş adamı, böyük təfəkkürə malik müdrik şəxsiyyət idi. Çünki o, hansı məclisdə olurdusa, on-on beş dəqiqə danışandan sonra, danışdığı müdrik kəlamlarla, çox incə yumorlarla, el məsələlərilə hamını ələ alır və insanlarda xoş ovqat yarada bilirdi. Onların sevimlisinə çevrilirdi.

Şakir Rəfioğlu Allah vergisi, hərtərəfli fitri istedadlı bir insan idi. Onun yaxşı diksiyası, böyük düşüncə tərzi, savadı, çoxlu el məsələlərini və incə yumorları bilməsini, həyatı məsələləri çox incə təhlil eləmək bacarığını, yaxşı səbrli olmasını Ulu Tanrı ondan əsirgəməmişdi. Özünün həyatı da çox maraqlı, keşməkeşli olduğundan, öz həyatından da elə maraqlı məsələləri incə yumorla deyirdi ki, adam istər-istəməz ona maraqla qulaq asırdı. Bəli. O, Allah vergisi olmaqla, nadir şəxsiyyətlərdən biri idi.

Şakir Rəfioğlunun hələ 10 yaşı olanda, artıq Masallının sevimlisi olmuşdu. Bunun da çox maraqlı tarixçəsi var. Həmin vaxtı, yəni 69 il bundan qabaq, Azərbaycan Dövlət Musiqili Komediya Teatrının kollektivi Məhərrəm Əlizadənin librettosu və Ağası Məşədibəyovun bəstəkarlığı ilə, rejissor Niyaz Şərifovun qurluş verdiyi “Toy kimindir?” tamaşasıyla  Bakıdan  Cənub bölgəsinə qastrol səfərinə gediblər. Həmin vaxtlar  bu tamaşa məmləkətimizdə  çox məşhur idi. Bu tamaşada o vaxtlar 10 yaşlı Tapdığı teatrın aparıcı aktyorlarından biri olan, çox istedadlı aktyor Məmmədsadıq Nuriyevin oğlu və sonralar Xalq artisti, svimli sənətkarımız olan Yaşar Nuriyev oynayırmış. Həmin vaxtı Yaşar xəstə olduğundan tamaşanın yaradıcıları fikirləşiblər ki, bu epizodik rola elə Cənub bölgəsindən bir istedadlı uşaq tapıb onunla məşq edərlər və o da bu rolu oynayar. Teatrın kollektivi həmin vaxtı Masallı mehmanxanasında yerləşiblər. Qastrolun başlamasına da iki gün qalmış gəliblərmiş ki, görsünlər biletlər necə satılır və Tapdıq roluna aktyor tapsınlar.  Onunla məşq eləsinlər.  Onlar Tapdıq rolu ilə bağlı  öz fikirlərini rayon rəhbərliyinə bildiriblər. O vaxtı məktəblərdən 20 nəfər istadadlı uşaqları seçib, mehmanxanaya gətiriblər. Quruluşçu rejissor Niyaz Şərifov, bəstəkar  Ağası Məşədibəyov, Xalq artistləri Lütvəli Abdullayev və Bəşir Səfəroğlu bu uşaqlarla söhbət eləyiblər. Onların arasından Tapdıq rolunu oynamağa qadir ən diribaşı, çeviki, cəldi, yaxşı diksiyası, aydın fikirlər ifadə eləyən gözləri olan Şakir Həsənovu seçiblər. İki gün onunla məşq ediblər və Şakir Həsənovun oyunu onların xoşuna gəlib. Beləliklə, Şakir Həsənov 40 gün onlarla birlikdə Cənub bölgəsinin bütün rayonlarında qastrol səfərində olub. Müqtədir aktyorlar Nəsibə xanım Zeynalova, Lütvəli Abdullayev və Bəşir Səfəroğlu deyirlərmiş ki, Şakir bu rolu heç də Yaşar Nuriyevdən pis oynamır. Cənub bölgəsindəki tamaşaçılar biləndə ki, belə məşhur aktyorlarla birlikdə tamaşada Tapdıq rolunu oynayan Masallıdandır, onu daha sürəkli alqışlarla qarşılayırmışlar...

Kollektiv qastrolu başa vurandan sonra Şakir Həsənovu da özlərilə Bakıya gətirmək istəyiblər. Şakir Bakıda həm məktəbdə oxuyacaqdı və həm də teatrın tamaşalarında uşaq rollarında oynayacaqdı. Amma Şakirin atası, o vaxtlar Cənub bölgəsinin sayılıb-seçilən ziyalılarından biri, bu bölgədə təhsilin, maarifin inkifaşında əvəzsiz  xidmətləri  olan Mirzə Rəfi müəllim və anası, Cənubda ən ağır seyidlər nəslindən olan Mir Xatun xanım, Şakirin Bakıya getməsinə razılıq vermirlər. Çünki həmin vaxtı onların Bakıda heç bir qohumları, simsarı yox idi... Beləliklə, kiçik Şakirin bu böyük arzusu ürəyində qubar olaraq, qalır...

Amma bu Tapdıq rolu ilə Şakir Həsənov Masallıda çox məşhurlaşır. Hamı ona “balaca artist” deyə müraciət edirdi. O vaxtı Masallı  Mədəniyyət evində olan Xalq Teatrı da Şakiri öz kollektivlərinə dəvət edir və ona tamaşalarda uşaq rolları verirdilər. Eləcə də Masallıda keçirilən mədəni-kütləvi tədbirlərdə Şakir Həsənov öz sinif yoldaşı, elə onun kimi istedadlı olan mərhum Bəhram Bəhramovla kiçik duet səhnəcikləri oynamaqla, tamaşaçılar tərəfindən maraqla qarşılanırdılar. Şakir teatr kollektivində məşğul olmaqla yanaşı, Masallı Pionerlər evində də tar sinifinə gedir və onun gələcəkdə yaxşı müsiqiçi olacağına da hamı inanırdı...

Şakir Həsənov orta məktəbi bitirəndən sonra böyük  qardaşı, vaxtsız dünyasını dəyişən  Şaiqin tövsiyyəsilə Azərbaycan Dövlət  Politexnik İnstitutunun “inşaat mühəndisləri” fakültəsinə daxil olur. Ailələri böyük olduğuna və atasına kömək etmək  məqsədilə qiyabi şöbədə təhsil almaqla Masallıda qalır. Elə bu vaxtı onu baxmayaraq ki, incəsənət, teatr sahəsində ali təhsili olmasa da fitri istedadına görə  Masallı Mədəniyyət evinə bədii rəhbər təyin edirlər. O, burada çoxlu kollektivlər yaradır. Ən əsası isə, Şakir Həsənov kimi çox istadadlı insan olan Adil Səfərovla birlikdə Miniətür Teatrını yaradırlar. Hər ikisi həm rollarda oynayır, həm də tamaşalara quruluş verirdilər. Bax, bizim- Əməkdar artistlər, rəhmətliklər  Baloğlan Əşrəfovla,  Əli Salayevlə mənim  Şakir Həsənovla ilk tanışlığımız da həmin vaxtlardan başladı. Baloğlan, Əli və mən ilk dəfə olaraq həmin kollektivdə çıxış etməyə başladıq. Bizim teatr sahəsində ilk müəllimlərimiz də Adil Səfərov və Şakir Həsənov oldular. Baloğlan həm də Mədəniyyət evindəki xalq çalğı alətləri ansamblında qarmon çalırdı. Qarmon sahəsində də uğurları vardı.

1966-cı ildə Şakir Həsənovu Mədəniyyət evinin direktoru təyin etdilər. Ondan sonra Şakir Rəfioğlu Masallı mədəniyyəti üçün daha çox işlər görməyə başladı. Həmin 1960-70-ci illər Masallıda həqiqətən də intibah dövrü sayılırdı. Belə ki, ədəbiyyat, təhsil, incəsənət, teatr, idman sahələrində Masallı rayonu  respublikada böyük uğurlar qazanırdı. Masallı rayon Mədəniyyət evinin kollektivləri Şakir Həsənovun rəhbərliyi ilə Cənub bölgəsinin bütün rayonlarında maraqlı proqramlarla çıxış edir və həmişə də sürəkli alqışlarla qarşılanırdılar. Şakir Həsənovun özünün çıxışı isə tamaşaçıların daha çox xoşuna gəlirdi. Həmin vaxtı reapublikanın aparıcı səhnə ustaları- SSRİ Xalq artistləri İsmayıl Dağıstanlı, Mehdi Məmmədov, Zeynəb xanım Xanlarova, Xalq artistləri Nəsibə xanım Zeynalova, Barat xanım Şəkinskaya, Rübabə xanım Muradova, Ağasadıq Gəraybəyli, Lütvəli Abdullayev, Bəşir Səfəroğlu, Əli Zeynalov, Həsnağa  Salayev, Əlibaba Məmmədov, Həsənağa Turabov, Canəli Əkbərov, Siyavuş Aslan, Hacıbaba Bağırov, Yalçın Rzazadə  və başqaları tez-tez  Masallıya  qastrollara gəlir və həmişə də tamaşaçılar tərəfindən maraqla qarşılanırdılar. O  vaxtlar Şakir Həsənov da rəhbərlik etdikləri Miniətür Teatrının kollektivi ilə onlarla  birlikdə çıxış edirdi və bu kollektiv də maraqla qarşılanırdı.

Həmin vaxtlar  Masallıda qastrolda olan Naxçıvan Dövlət Musiqili-Dram Teatrının və Gəncə Dövlət Dram Teatrının kollektivləri, teatr sahəsində təhsili olmasa da Şakiri  yüksək əmək haqqı ilə öz teatrlarında işləməyə dəvət etsə də, Şakir Rəfioğlu Masallını sevdiyinə görə həmin teatrlarda işləməyə getmədi. Amma 1970-ci ildə Masallıya raykom katibi işləməyə gələn birisi, Şakirin incəsənət sahəsində ali təhsili olmamasını bəhanə gətirib, onu Mədəniyyət evinin direktoru vəzifəsindən işdən çıxartdı. Şakir Həsənov Mədəniyyət evində işlədiyi üç ildə, teatr, musiqi, ədəbiyyat sahəsində çoxlu  istedadlı insanlar yetişdirmişdi. Sonradan bu insanlar respublikamızın  ən tanınan insanlarından oldular. Fəxri adlar aldılar. Hətta Şakir Həsənovun “şinelindən” çıxan insanlardan bəziləri müəllim, yazıçı, şair, jurnalist, həkim, hüquq işçisi, filologiya, pedaqogika üzrə elmlər doktoru, professor  olsalar da teatr sənətinə həmişə maraqları oldu. Özlərini Şakir Həsənovun yetirməsi bildilər.

Yuxarıda yazdığım kimi Şakir Həsənov həmin vaxtı Azərbaycan Dövlət Politexnik İnstitutun “inşaat mühəndisləri” fakültəsində təhsil alırdı. Ona olan bu haqsızlıqdan Şakir Rəfioğlu küsüb, tarını da qoltuğuna vurub, gənclər şəhəri olan Sumqayıta gəldi. Burada ən ağır iş olan betonçu işinə düzəldi. Az bir  vaxta onun savadını, təşkilatçılığını, ali məktəbdə təhsil aldığını görüb, onu iş icraçısı, sahə rəisi, baş mühəndis təyin etdilər. Bu xidmətlərinə görə Şakir Rəfi oğlu Həsənov SSRİ-nin əlaçı Əməkdar mühəndisi, Sumqayıt şəhər Sovetinin deputatı oldu. Çoxlu Fəxri Fərmanlara layiq görüldü. Nijni Novqorod şəhərində “Yüksək vəzifəli kadrların hazırlanması” institutunda  iki il təhsil aldı. Sonra Şakir Həsənovu Azərbaycanda ən böyük Nazirlik olan “ Xüsusitikintiquraşdırma”  naziri Telman Kazımovun əmrilə Sumqayıt “Termoizolyasiya” idarəsinə müdir təyin etdilər. Çox geridə qalan bu kollektivi Şakir Rəfioğlu az bir vaxtda respublikada tanıtdı.

Müstəqillik illərində Şakir Həsənov bu təşkilatı özəlləşdirib, “Az.Termoizol” Açıq  Səhimdar Cəmiyyəti elədi. Bu kollektivlə çoxlu beynəlxalq səviyyəli layihələrin  iştirakçısı oldu. Bakı-Tiflis- Ceyhan neft kəmərlərinin çəkilişində uğurla iştirak elədi. İmişlidə Şəkər zavodunun qurulmasında, Sumqayıtda və Bakıda çoxlu kimya və neftayırma  zavodlarının əsaslı təmirində, Gəncə şəhərinin, Göy-cöl rayonunun quruculuğunda, Sanqaçal terminalının, Qaradağ Sement zavodunun və başqa yüzlərlə müəssisələrin  quruculuq işlərində “Az.Termoizol” Açıq Səhmdar Cəmiyyəti böyük uğurla iştirak elədi. Eləcə də MDB ölkələrinin, Almaniyanın, İngiltərənin, İtaliyanın, İspaniyanın, Fransanın xarici təşkilatları ilə müştərək  işlər gördülər. Bütün bu uğurlu  işlərilə Şakir Həsənov məmləkətimizə baş ucalığı gətirdi. Çoxlu mükafatlarla təltif olundu. Respublikada sayılıb-seçilən müəssisə rəhbərlərindən, iş adamlarından biri oldu.

Şakir Rəfi oğlu Həsənov mühəndis və kollektiv rəhbəri kimi nə qədər böyük uğurlara imza atsa da, amma onun daxilində, ürəyinin sarı simində teatrla bağlı bir nisgil qaldı. Bu nisgil ömürünün sonuna qədər davam elədi... O, tez-tez Masallı rayonundakı Mədəniyyət evində gördüyü uğurlu işləri yada salırdı...

Biz onunla hər görüşümüzdə yalnız teatr haqqında, teatrda çalışan aktyorlar və teatr tamaşaları ilə bağlı söhbətlər edirdik. Keçmiş illərə, onun Masallı Mədəniyyət evinə rəhbərlik etdiyi illərə, oynadığı rollara, quruluş verdiyi tamaşalara qayıdırdıq...

Mən Sumqayıt Dövlət Musiqili-Dram Teatrında aktyor işlədiyim doqquz ildə və bu teatrın bədii rəhbəri-direktoru olduğum on il müddətində,  Şakir Həsənov həmişə bu teatrın tamaşalarının  ilk premyeralarına gəlirdi. Teatra rəhbərlik etdiyim vaxtı Şakir Həsənov həm də bədii şuranın üzvü idi və teatra lazım olan kimi maliyyə yardımı ilə köməklik edirdi. Hər tamaşadan sonra mənə maraqlı təkliflər verirdi. Bəli. Teatr sənətinin aşiqi Şakir Həsənov bu sənətin  ardınca getsəydi, ömrünün 50 ilindən çoxunu teatr sənətinə həsr edən, bu sahədə Azərbaycanda və Moskvada ali  təhsil alan, 140-dan çox tamaşaya quruluş verən, 40-dan çox rol oynayan mütəxəsis, yazıçı-dramaturq  kimi qətiyyətlə deyirəm ki, o, Xalq artisti olub, Azərbaycan teatr tarixində maraqlı rolların, obrazların  yaradıcısı kimi qalardı.

Tale elə gətirdi ki, 2000-ci ildə mən Xalq artisti  Yaşar Nuriyevlə Şakir Həsənovu tanış elədim. Yaşar biləndə ki, onun “Toy kimindir?” tamaşasındakı Tapdıq rolunu Cənub bölgəsində məhz Şakir Həsənov oynayıb, ona marağı, məhəbbəti daha da artdı. O vaxt mən mətbuatda onların görüşü  və söhbətilə bağlı bir yazı da çap etdirdim. Yazı belə adlanırdı. “Tapdıq, Tapdığı tapdı”. Bu yazının başlığını da Yaşar Nuriyev mənə təklif elədi və bu maraqlı başlıqla Şakir Həsənov da, mən də razılaşdıq. Bu məqalə də bir neçə qəzetdə çap olundu və çox maraqla qarşılandı...

... 2022-ci ilin  mart ayının 26-da biz Şakir Həsənovu son mənzilə yola salanda, Sumqayıt qəbiristanlığında torpağa tapşıranda bütün bu hadisələr bir kino lenti kimi gəlib mənim gözlərimin qarşısından keçirdi və tez-tez də kövrəlirdim. Həmin gün təbiət də Şakir Həsənovun, belə gözəl insanın itgisinə göz yaşı tökürdü. Çisgin yağış yağırdı... Taleyin hökmünə bax ki, bir gündən sonra, yəni mart ayının 27-də Beynəlxalq teatr günü idi... Həmin gün də Şakir Həsənovun ən çox sevdiyi günlərdən biri idi. 

Mən  Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı, dəyərli ziyalı  Zakir Fərəcova bütün ziyalılar və Şakirsevərlər adından öz təşəkkürümü bildirirəm. Həmin vaxtı o, Şakir Rəfioğlunun dəfnini böyük izdihamla təşkil etmişdi. Axı Şakir Həsənov 50 ildən çox idi ki, bu  şəhərdə yaşayırdı və Sumqayıtın quruculuğunda böyük işlər görmüşdü və şəhərin inkişafında əlindən gələni edirdi. Sumqayıta çoxlu xarici ölklərdən özünün peşəkar işi ilə böyük mükafatlar gətirmişdi. Şakir Həsənov bu şəhərlə nəfəs alırdı. Hamı ona təkcə Şakir müəllim yox, həm də  “Ağsaqqal”,- deyə müraciət edirdi. Çünki o, bu şəhərin sayılıb-seçilən ağsaqqallarından biri idi.

Şakir Həsənovun qəbri üstündə çıxış edən azadlıq mücahidi, demokratik fikirli, müstəqillik aktına imza atanlardan biri və müstəqil respublikamızın quruculuğunda əvəzsiz xidmətləri olan Mir Mahmud bəy Mirəlioğlu çıxış edərək belə dedi:           “ Mənim inkişafımda, bu mərtəbəyə gəlib çatmağımda Sumqayıt şəhərinin çoxlu xeyirxah  ağsaqqal kişilərinin  xidməti çox olub. Onlardan birincilərindən biri də Şakir Həsənov idi. Mən ona bir dost, böyük qardaş kimi çox borcluyam. Belə kişilər indiki zamanda çox azdır. Allah ona qəni-qəni rəhmət eləsin. O, həmişə mənim kimi yüzlərlə insanların qəlbində əbədi yaşayacaq”. Onun bu sözlərini qəbir üstə, dəfn mərasimində  olan insanlar baxışları, gözləri ilə təsdiq etdilər. Həmin gün mən də, onun yetirmələri, tələbələri adından çıxış elədim. Çox kövrəldim...

Axı, həmin vaxtı biz iyun ayının 15-də teatr sahəsində sevimli ilk müəllimim  olan Şakir Həsənovun 75 illik yubileyini qeyd etməyə hazırlaşırdıq. Sumqayıt şəhər rəhbərliyi də bununla bağlı planlar fikirləşirdi. Mən də həmin tədbirlə bağlı ssenari yazırdım... Taleyin hökmünə bax ki, biz 87 gündən sonra onun yubileyini keçirməyə  hazırlaşdığımız vaxtda, mart ayının 26-da Şakir müəllimi son mənzilinə yola saldıq.

... Doğrudan da həyat maraqlıdı, keşməkeşlidi, haqsızlıqlarla doludu və bizim hələ də başa düşə bilmədiyimiz sirlərlə doludu dünya...  Ey gidi dünya...

Heyif sizdən əziz dostum, böyük qardaşım, müəllimim, hamımızın Ağsaqqal kimi dərin məhəbbtlə sevdiyimiz Şakir Rəfi oğlu Həsənov. Sizin bu dünyadan köçməyinizə hamı heyifislənir. Ən çox heyifislənənlərdən biri də Sumqayıt şəhərinin ağsaqqallarından biri, Prezidentin Fərdi Təqaüdçüsü, Əməkdar mədəniyyət işçisi, çox maraqlı şair, dəyərli ziyalı,  Sumqayıt Dostlar Klubunun idarə heyyyətinin üzvü, 2026-cı ilin 5 iyun tarixində- şairlər günüdə haqq dünyasına qovuşan  Əşrəf Veysəlli idi. Həmin vaxtı o, özünün ürək ağrısı ilə bu bir bənd şeiri yazıb mənə göndərmişdi və demişdi ki, “Şakir Həsənovla bağlı yazı yazsan bu şeiri də ora  əlavə edərsən”.

 

Nə olsun gedənlər qayıtmır, gəlmir,

Yaxşı deyirlər ki, yaxşılar ölmür.

Harda məhəbbətlə adını çəksən,

Orda varlığını hiss edəcəksən.

 

Bu, bir bənd şeiri həm Şakir Həsənova və həm də Əşrəf Veysəllinin özünə də aid etmək olar. Allah hər ikisinə qəni-qəni rəhmət eləsn.

Mən də bu elegiyaya həmin şeiri əlavə elədim  əziz ilk sənət müəllimim, dostum Şakir Rəfioğlu. Onu da vurğulayım ki, sizin yeriniz həqiqətən də behiştlikdir. Çünki siz həmişə insanlara əlinizdən gələn yaxşılıqları edibsiniz.  Doğrudan da əsl ağsaqqal olubsunuz. Atanız Mirzə Rəfi müəllimin  ağsaqqal kimi  Masallıdakı yolunu davam etdiribsiniz. Belə deyirlər ki, “ən böyük şərəf xalqın rəğbətini qazanmaqdır”. Atanız da, siz də həmin rəğbəti qazanmışdınız. Dahi Siseron deyib ki, “ ən böyük gözəllik təmiz vicdandır”. Siz də təmiz vicdanınızla, xeyirxah  əməllərinizlə  uca zirvəyə qalxmışdınız. İndiki uca zirvəniz, son mənziliniz  Sumqayıt  şəhər  qəbiristanda, yolun kənarındadır. Bundan sonra sizin ruhunuz  bura, bu müqəddəs yerə gələnləri  görəcək və salamlayacaq. İnsanlar da sizi həmişə ziyarət edəcək. Hamı da bu sözləri deyəcək: “Allah sizə qəni-qəni rəhmət eləsin Sumqayıtın, Masallının  sayılıb-seçilən ağsaqqallarından  biri olan Şakir Rəfi oğlu Həsənov”.

P. S.  Əziz ağsaqqalım, sevimli ilk sənət müəllimim, dostum Şakir Rəfioğlu! Sizin yaşadığınız Sumqayıt şəhərində  ikinci mikrorayondakı binaya Sumqayıt şəhər rəhbəri Zakir Fərəcovun əmri ilə barelyefiniz vurulub. Həmin küçədən keçən insanlar o barelyefdəki sizin nurani sifətinizə baxıb və orada yazılan bu sözləri oxuyurlar: “Bu binada Sumqayıtın qurucluğunda əvəzsiz xidmətləri olan, Beynəlxalq “Oskar” mükafatı laureatı, “Tərəqqi”medallı, “Əmək” ordenli Şakir Rəfi oğlu Həsənov yaşayıb”.

Onu da vurğulayım ki, siz 1947-ci ilin  iyun ayının 15-də Masallıda anadan olubsuz. Əgər yaşasaydınız indi sizin 79 ilinizi qeyd  edəcəydik... Nə etmək olar?.. Biz, Ulu Tanrının işlərinə qarışa bilmərik... Deməli, O, sizə 75 illik ömür yazıbmız. Siz də həmin ömrü çox mənalı, şərəflə yaşayıb, adınızı tarixə yazdınız. Mən inanıram  nə qədər ki, Masallı və Sumqayıt varsa siz də yaşayacaqsız. Çünki siz həm Masallının və həm də Sumqayıtın inkişafında çox işlər görübsüz.

Əziz ustad! Siz çox istəyirdiniz ki, mən yenidən Sumqayıt Dövlət Dram Teatrına qayıdım və burada tamaşalar hazırlayım. Artıq sizin arzunuz çin oldu. İyirmi doqquz ildən sonra bu ilin aprel ayının 14-dən bu teatrda Xalq şairi Sabir Rüstəmxanlının “Sürgün sevgi” pyesinə quruluş verirəm. Bu tamaşanı hazırladığım ərəfədə siz tez-tez mənim yuxularıma girirsiz. Deməli, siz də bu işə sevinirsiz. Deməli, sizin ruhunuz yanımdadır... Bu ruh da mənə inam, mübarizlik  və nikbinlik verir.

 

“Ədəbiyyat və incəsənət”

(17.06.2026)

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.