Super User
“Mən orada idim” kitabını niyə oxumaq lazımdır?
Təqdim edir: Ülviyyə Əbülfəzqızı, “Ədəbiyyat və incəsənət”
“44 günlük Vətən müharibəsinin bədii-publisistik salnaməsi: Əli Abbasovun ‘Mən orada idim’ əsərinin poetikası, ideyası və struktur təhlili”
Giriş
2020-ci il Vətən müharibəsi Azərbaycan ədəbiyyatında yeni bir mərhələnin başlanğıcı kimi çıxış edir. Bu mərhələnin ən qiymətli mənbələrindən biri müəllifin birbaşa iştirakçı olduğu xatirə salnamələridir. Əli Abbasovun “Mən orada idim” kitabı bu baxımdan həm sənədli, həm bədii, həm də psixoloji aspektləri ilə xüsusi seçilən əsərlərdəndir. Əsər müəllifin Füzuli–Qubadlı–Şuşa istiqamətində döyüş yolu üzərində şəxsi təcrübəsinə söykənir və 44 günlük savaşın canlı şahidinin dilindən yazılmışdır.
Əsərin janrı və poetik mahiyyəti
Kitab müxtəlif janr elementlərini birləşdirən sinkretik quruluşa malikdir:
Xatirə-povest
Sənədli publisistika
Psixoloji roman
Fəlsəfi-etiqadi monoloq
Bu sinkretik struktur əsəri sırf hərbi gündəlikdən fərqləndirir və onu bədii dəyər daşıyan nümunəyə çevirir.
Nəql üslubu
Əsərdə birinci şəxsin nəqli hadisələrin real təəssüratını qoruyur. Müəllifin səmimi, bəzən isə ağrı dolu, çılpaq monoloqları oxucunu döyüşçünün iç dünyasına daxil edir. Realizm poetik dili üstələsə də, bədii simvollara və metafizik elementlərə də geniş yer verilir.
Kompozisiya və struktur
Əsərin kompozisiyası üç əsas xətt üzərində qurulmuşdur:
-Döyüş salnaməsi xətti
Müəllif hər bir döyüş mövqeyini, yürüşləri, gecə əməliyyatlarını, qarşıdurmaları, itkiləri və qalibiyyət anlarını ardıcıllıqla verir. Bu xətt həm sənədli funksiyanı yerinə yetirir, həm də tarixi faktları qoruyur.
-Psixoloji xətt
Əsərin nüvəsi məhz budur. Müharibə yalnız fiziki qarşıdurma deyil, insanın daxili dünyasının parçalanması, yenidən qurulması, özünü tanımasıdır.
Müəllif monoloqlarında: qorxu ilə əzm,ölüm anlayışı ilə mənəvi yüksəliş,insanın özünə hesabatı,şəhidlik fəlsəfəsi kimi mövzuları işləyir.
-İnsan taleləri və obrazlar xətti
Əsərdə onlarla obraz var. Onların arasında xüsusilə seçilənlər:
Məmmədzadə – həm ağıl, həm qardaşlıq rəmzi
Pərviz – təmənnasız fədakarlıq
Kərəm – şəhidliyin təcəssümü
Bəşir – döyüş yoldaşlığının ruhi dayağı
Rafael, Eyvaz, Elvin və b. – bir tağımın canlı psixoloji panoraması
Bu obrazlar müharibəni statistik faktlardan çıxarıb insan hekayələrinə çevirir.
Əsərin əsas ideyası
-Vətən naminə fədakarlıq
Kitab yalnız qəhrəmanlıqdan danışmır, onun arxasındakı psixoloji yükü, məsuliyyəti və ağrını göstərir.
-Şəhidlik fəlsəfəsi
Müəllif şəhid olmuş yoldaşlarını təkcə xatırlamır, həm də onları fəlsəfi mənada “yaşadan” mətni yaradır.
-Müharibənin insan üzərində izi
Əsərin ən dəyərli məqamlarından biri budur: müharibə insanı dəyişdirir və bu dəyişimin izləri müəllifin hər səhifəsində duyulur.
- Tarixin şəxsi yaddaşda yaşadılması
Kitab milli yaddaşın bir hissəsinə çevrilir.
Bədii ifadə vasitələri
-Simvolika
Daşaltı – həm coğrafi ölüm çuxuru, həm də ruhun sınma məqamı
Qaranlıq – bilinməzlik, qorxu, ölüm nəfəsi
Səslər – şəhidlərin ruhani davamlılığı
-Daxili monoloq
Əsərin ən güclü poetik vasitələrindəndir. Monoloq hadisələri yada salmır, onları yenidən yaşadır.
-Realist təsvirlər
Gecə soyuğu, torpağın qoxusu, güllə səsi, səngər həyatı—oxucu hadisələri sadəcə oxumur, hiss edir.
Nəticə
“Mən orada idim” yalnız müharibə haqqında yazılmış kitab deyil, həm də bir insanın vicdan salnaməsidir. Əsər həm ədəbiyyat, həm tarix, həm də psixologiya baxımından qiymətli mənbədir.
“Ədəbiyyat və incəsənət”
(11.12.2025)
Qadın döyüşçülər-şəhidlər barədə unikal əsərlərin müəllifi
İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Bəli, Zemfira Məhərrəmli Azərbaycan publisistikası tarixinə məhz qadın döyüşçülər və şəhidlər barədə unikal əsərlərin müəllifi kimi düşübdür – götürək elə "Döyüşə qızlar gedir” kitabını. O kitabı ki, onu əlinə aldıqda qırağa qoya bilmirsən.
Bu gün hörmətli, dəyərli Zemfira xanımın doğum günü – 70 illik yubileyidir. Böyük sevgilərlə onu təbrik edir, belə şux. Sağlam, gənc qalmaqla ona uzun ömür, cansağlığı və yeni-yeni yaradıcılıq uğurları arzulayırıq.
Zemfira Məhərrəmli 11 dekabr 1955-ci ildə Bakı şəhərində ziyalı ailəsində anadan olub. Orta təhsilini Bakı şəhəri, Cəfər Cabbarlı adına 187 saylı orta məktəbdə alıb. 1978-ci ildə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsini fərqlənmə diplomu ilə bitirib. Universitet auditoriyasında müəllimi olan ustad jurnalist Nəsir İmanquliyevin yaratdığı "Bakı" və "Баку" şəhər qəzetlərində 1978-ci ildən əmək fəaliyyətinə başlayaraq müxbir işləyib, elm, təhsil və mədəniyyət şöbəsinin müdiri vəzifəsində çalışıb.
Zemfira Məhərrəmli insan hüquqlarına, o cümlədən mənəvi problemlərə dair çoxsaylı publisistik yazıların müəllifidir. Azərbaycan Jurnalistlər (1979) və Yazıçılar (2003) birliklərinin üzvüdür. AYB-nin Hərbi vətənpərvərlik bölməsinin üzvüdür. 1990-1992-ci iliərdə Azərbaycan televiziyasında müntəzəm efirə çıxan populyar “Ana sözü” qadınlar üçün ictimai-siyasi proqramın ssenari müəllifi və aparıcısı olub.
2003-cü ilin aprelindən 2016-cı ilin yanvar ayına qədər Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının İnformasiya və ictimaiyyətlə əlaqələr sektorunun müdiri vəzifəsində çalışıb, Mətbuat xidmətinin rəhbəri olub. Fəaliyyəti ilə bağlı 30-dək xarici ölkəyə səfər edib, çoxsaylı beynəlxalq konfransların və seminarların iştirakçısı olub.
1991-ci ildən mətbuatda həm də hərbi mövzuda yazılarla çıxış edib. Dəfələrlə “qaynar” nöqtələrdə olmuş, Qarabağ müharibəsinin dəhşətləri, torpaqlarımızın bölünməzliyi uğrunda çarpışan oğul və qızlarımızın hünərini əks etdirən silsilə cəbhə reportajları yazaraq dərc etdirib. Z.Məhərrəmli “Döyüşə qızlar gedir” (1997), “Qarabağda savaş var” (İstanbul, “Turan” yayın evi, 1999), “Ötür durna qatarı” (2000), “Qırx qız dastanı” (2003) kitablarının müəllifidir.
- Döyüşə qızlar gedir
- Qarabağda savaş var
- Ötür durna qatarı
- Qırx qız dastanı
- Bir ömürdə yaşanan üç həyat
- Ömür bitər, yol bitməz...
- Oyuncaq
- Söz adamı
- Sonbaharın Ilgımları
- Qarabağ müharibəsi: zərif talelər
2003-cü ildən Azərbaycan Vətən Müharibəsi Veteranlar Birliyinin Fəxri üzvüdür. Müharibədə iştirak edən qadınların döyüş şücaətini işıqlandırdığına görə Veteran Qadınlar Təşkilatının və Şəhid Anaları Xeyriyyə Mərkəzinin Fəxri Fərmanları ilə mükafatlandırılıb
İngilis dilində nəşr olunan “Garabagh war witnessed by women” (“Qarabağ müharibəsi qadınların şahidliyi ilə”) (2005) və Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində çapdan çıxan “Карабахская война: сражались и женщины” (2005) kitablarına görə Beynəlxalq Avrasiya Mətbuat Fondunun “Qarabağ” Ali mükafatını alıb.
“Ədəbiyyat və incəsənət”
(11.12.2025)
Yeni dalğa müğənniləri içində o seçilir
İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Səhnə qrasiyasi, səhnə etikası və kübarlığına malik çoxmu xanım ifaçılarımız var? Bəzilərinin səsi, bəzilərinin libası, bəzilərinin siması əngəllidir. Bu çatışmazlıqlar içində parlayan bir ad var – Nigar Şabanova. Bu gün onun doğum günüdür, özü də 37-ci.
Azərbaycanın əməkdar artisti Nigar Şabanova 11 dekabr 1988-ci ildə Bakı şəhərində anadan olub. 111 nömrəli tam orta məktəbdə təhsil alıb. 2000-ci ildə Bülbül adına orta ixtisas musiqi məktəbinə qəbul olunub. Qəzənfər Abbasovun sinfində təhsil alıb. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Solo oxuma ixtisasında oxuyub.
2007-ci ildə "Xalq ulduzu" televiziya layihəsində iştirak edib. 2011-ci ildə Heydər Əliyev Fondunun dəstəyi ilə keçirilən "Muğam Televiziya Müsabiqəsi 2011"-də iştirak edib və 3-cü yerə layiq görülüb. İlk xarici səfəri Fransaya olub. Sonradan İtaliya, Norveç, Argentina, Yunanıstan, İspaniya, Amerika, Türkiyə, Rusiyada böyük səhnələrdə çıxış edib.
Fransada Kann festivalının səhnəsində simfonik orkestrlə çıxış edib. 2018-ci ildə Əməkdar artist adına layiq görülüb. Özbəkistanın Şəxrisəbz şəhərində keçirilən I Beynəlxalq Muğam Forumunda iştirak edib və burada 1-ci yerə layiq görülüb.
Müsahibələrində qeyd edir ki, həmişə böyük hədəflərə can atır. Əlbət ki, bu gözəldir. Xırda hədəflər və hədəfsizlik insanı cılızlaşdırar.
Mən əminliklə bu ifaçını ən azı Xalq artisti kimi görəcəyimizə də inanıram.
“Ədəbiyyat və incəsənət”
(11.12.2025)
Sovet ədəbiyyatı dönəminin tanınmış romançısı
İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Ötən əsrin 70-80-lərində Azərbaycan sovet gəncləriinin əlindən düşməyən romanlardan biri də "Mənim bəlalı sevgim" olub. Xalq yazıçısı Bayram Bayramovun yazdığı roman sevgi faciələrini ümumiləçdirən, əsl sevginin təsnifatını verən, yolayrıcında azıb qalanlara yol göstərəm bir roman idi.
Bayram Bayramov 1918-ci il dekabrın 11-də Cavanşir qəzasının Şıxavənd kəndində (indiki Ağdam rayonunun Əlimədədli kəndi) ziyalı ailəsində anadan olub. Yeddiillik kənd məktəbini bitirib Ağdam Pedaqoji Texnikumunda təhsilini davam etdirib. Tərtər rayonundakı Qusanlı kənd natamam orta məktəbində müəllim, Müsəlmanlar kəndində natamam orta məktəbin tədris hissə müdiri, Xoruzlu kənd yeddiillik məktəbində məktəb müdiri işləyib.
Böyük Vətən müharibəsində Mozdok uğrunda döyüşlərdə iştirak edib, ağır yaralanıb. Hərbi xəstəxanada sağaldıqdan sonra altı ay Yevlax rayonunun Qoyunbinəsi kənd yeddiillik məktəbində müdirlik edib. 1943-cü ilin aprelində yenidən Sovet Ordusu sıralarında qulluq edib. Bayram Bayramov bədii yaradıcılığa 1950-ci ildə "Azərbaycan gəncləri" qəzetində çıxan "Körpü" adlı ilk hekayəsi ilə başlayıb. Həmin vaxtdan dövri mətbuatda müntəzəm çıxış edib. Bayram Bayramov ilk əsərlərindən başlayaraq, müasir Azərbaycan kəndinin həyatına, məişətinə dərindən bələd olan bir yazıçı kimi tanınıb.
60-cı illərin sonlarına doğru bilavasitə şəhər mövzusunda, əsasən intelektual peşə adamlarının həyatından bəhs edən romanlar yazıb. Yazıçı ondan artıq roman, çoxlu hekayə və on beşdən çox povest yazıb. Ədibin ilk povesti olan "Tək adam" 1954-cü ildə qələmə alınmışdır. Yazıçı povestin mövzusunu kənddən almışdır. Həmin povesti qələmə alanda bir neçə hekayəsi və oçerki çap edilmişdir. Ədibin ikinci povesti olan "Müqəddəs vəzifə" 1955-ci ildə qələmə alınıb. Kollektivləşmə dövrünün hadisələrindən bəhs edən "Yasəmən" povesti istisna olmaqla, ədibin, demək olar ki, bütün əsərlərinin mövzusu müasir həyatdan, əsasən, yazıçının şahidi olduğu hadisələrdən, yaxşı tanıdığı adamların həyatından alınıb.
Bayram Bayramovun "Karvan yolu" epopeyasında görkəmli yazıçı-demokrat Cəlil Məmmədquluzadənin həyatına müraciət edilib. Ədib "Mən ki gözəl deyildim" povestində namuslu əməyin, halal zəhmətin və alıntəri ilə qazanılan çörəyin insana gətirdiyi sevinci və qürur hissini öz müsbət qəhrəmanlarının timsalında əks etdirib. Müəllifin 1960-cı ildə çap olunan "Gördüyümüz günlər" povestində sosializm mühitinin, onun bərqərar etdiyi birgə yaşayış prinsiplərinin müsbət, tərbiyəedici təsiri qabarıq göstərilib. "Gördüyümüz günlər" povestində də "Mən ki gözəl deyildim…" və "Sənsz" povestlərindəki kimi konkret bir gəncin həyat tarixçəsi, daha doğrusu, həyatının bir mərhələsinin təsviri və tənqidi öz əksini tapıb.
Romanları
"Xəzinə"
"Yarpaqlar"
"Mənim bəlalı sevgim"
"Fəhlə qardaş"
"Cıdır düzü"
"Tək palıdın kölgəsi"
"Şəhərdən gələn qız"
"Gün batanda"
"Yazılmamış kitab"
"Arakəsmələr"
Povestlər
"Sənsiz"
"Bələdçi"
"Sərinlik"
"Qoz ağacı"
"Ayna"
"Sevirsə qayıdacaq"
"Gördüyümüz günlər"
"Mən ki gözəl deyildim..."
Ömrünün sn dönəmində Qarabağın azadlığı cəbhəsində olub, parlamentdə yer qazanıb. Qarabağa Xalq Yardımı Komitəsinə rəhbərlik edib. 9 noyabr 1994-cü ildə vəfat edib.
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(11.12.2025)
Bu gün Əbdürrəhim bəy Haqverdiyevin anım günüdür
İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Klassik ədəbiyyatımızın adı yaddaşlara həkk olunmuş nümayəndəsi - Əbdürrəhim bəy Haqverdiyev!
Azərbaycan ədəbiyyatının görkəmli dramaturqu, dram janrının püxtələşməsində rol alan ilklərdən biri Əbdürrəhim bəy Haqverdiyev həm dramaturq, həm nasir, publisist, həm də ictimai xadim idi. O, XX əsrin əvvəllərində milli teatrın, dramaturgiyanın və maarifçilik hərəkatının inkişafında böyük rol oynayıb.
"Uşaqlıq və Gənclik İlləri"
1870-ci il, 17 may tarixində Şuşanın məşhur Haqverdiyevlər nəslində anadan olub. İlk təhsilini Şuşa real məktəbində alıb (bu məktəbdə ayrıca təbiət elmləri, dil, riyaziyyat və incəsənət dərsləri tədris olunurdu). Sonra Tiflisə gedərək Nersisyan seminariyasında oxuyub. Burada bir neçə Avropa dillərini – rus, fransız, gürcü dillərini öyrənib. 1891-ci ildə Sankt-Peterburqa yollanıb və Mühəndislik İnstitutuna daxil olub. Şəhərin zəngin teatr mühiti, Avropa dramaturgiyası ilə yaxından tanışlığı onun yazıçı kimi formalaşmasında mühüm rol oynayıb.
"Yazıçı və Dramaturq kimi Formalaşması"
Haqverdiyev gənc yaşlarından bədii yaradıcılığa maraq göstərib:
1892–1900-cü illər — ilk yaradıcılıq dövrü
İlk hekayələri və dramları:
“Dağılan tifaq”
“Bəxtsiz cavan”
“Pəri cadu”
“Ata və oğul"
“Yeyərsən qaz ətini...”
Bu əsərlərdə əsas mövzular cəmiyyətdə cahillik və mövhumat, köhnə ailə münasibətləri, qadın hüquqsuzluğu, təhsilin vacibliyi olub.
"Ədəbi İrsinin Əsas Xüsusiyyətləri"
1. Realizm və sosial tənqid
Haqverdiyev realist ənənənin davamçısıdır:
gerçək həyatın sərt tərəflərini göstərib, sosial ədalətsizlikləri ifşa edib, kənd və şəhər həyatını canlı təsvir edib, obrazların psixologiyasını dərindən açıb.
2. Satira ustası
Xüsusilə “Xortdan” seriyası ilə tanınır:
“Xortdanın cəhənnəm məktubları” - satirik janrda yazdığı bu əsərdə cəhalət, bürokratiya, rüşvətxorluq, ikiüzlülük kəskin tənqid olunur.
3. Psixoloji dram ustalığı
Xüsusən “Bəxtsiz cavan”, “Dağılan tifaq”kimi əsərlərində maarifçi ideyalarla yanaşı, ailə dramlarını, insan talelərini incə şəkildə təsvir edir.
"Əsərlərinin ətraflı siyahısı"
"Dramlar"
- Dağılan tifaq
- Bəxtsiz cavan
- Pəri cadu
- Marallar
- Ağaməhəmməd şah Qacar
- Yeyərsən qaz ətini, görərsən ləzzətini
- Nə əkərsən onu biçərsən
- Bomba (satirik səhnəcik)
"Nəsr əsərləri"
- Xortdanın cəhənnəm məktubları
- Mozalan bəyin səyahətnaməsi
- Şeyx Şaban
- Bakının işıqları
- Laqeydlik
- Psixoloji hekayələr
"Tərcümələri"
Şekspir, Molyer, Ostrovski, Lermontov və başqalarının əsərlərini Azərbaycan dilinə uyğunlaşdırıb.
"İctimai–Siyasi Fəaliyyəti"
1. Maarifçilik
Cəmiyyətin tərəqqisi üçün maarifin yayılmasını təbliğ edib. Məktəblərdə dərslik və təhsil islahatları ilə bağlı təşəbbüslərdə iştirak edib.
2. Mətbuat və publisistika
“Molla Nəsrəddin” jurnalının fəal yazarlarından biri olub. Cəmiyyətin nöqsanlarını satirik şəkildə tənqid edib.
3. Rusiyada təhsil və parlament fəaliyyəti
1905–1907-ci illərdə baş verən ictimai-siyasi hadisələrdə iştirak edib. Bir müddət Rusiya Dövlət Dumasının müsəlman fraksiyası ilə əməkdaşlıq edib.
4. Diplomatik və mədəni fəaliyyət
1918–1920-ci illərdə ADR dövründə Tiflis və Batumda diplomatik işlərdə iştirak edib. SSRİ dövründə müxtəlif mədəniyyət komitələrində çalışıb.
"Son illəri və ölümü"
Sovet hakimiyyəti qurulduqdan sonra Bakı Dövlət Universitetində, teatr sahəsində, mədəniyyət qurumlarında fəaliyyət göstərib.
"Ədəbiyyat və mədəniyyətdə rolu"
Azərbaycan realist dramaturgiyasının banilərindən biridir.
Modern ədəbi düşüncənin formalaşmasına böyük təsir göstərib.
Satiranın klassik nümayəndəsidir.
Onun əsərləri bu gün də teatr repertuarının əsas hissəsini təşkil edir.
Yazıçılar, dramaturqlar, rejissorlar üçün ilham mənbəyidir.
Əbdürəhman bəy 1933-cü il, 11 dekabr tarixində Bakıda vəfat edib. Fəxri Xiyabanda dəfn olunub. SSRİ dövrü üçün orada dəfn lunmaq çox nadir şərəf idi.
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(11.12.2025)
Dağlar günü, Massonlar və Biq Benin dayanması
Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”
Bu günə təsadüf edən əlamətdar hadisələrə diqqətinizi cəlb etmək istəyirik:
11 dekabr.
Beynəlxalq dağlar günü
İnternetional Mountain Day – BMT-nin Baş Assambleyasının təklifi ilə 2003-cü ildən qeyd olunur. Planetin dörddə birini tutan dağlarda dünya əhalisinin 10 faizi yaşayır. Dağlar bir çox unikal bitkilərin, heyvanların təbii qoruğu olmaqla bütün iri çayların da mənbəyidir. Dünyanın ən hündür zirvəsi – Himalay dağlarındadır, 8844 metrlik Everest (Comolunqma) zirvəsidir, ən uzun sıra dağları And dağlarıdır. Dəniz səviyyəsi nəzərə alınmazsa ən hündür dağ Mauna-Kea dağı sayılır.
Cənubi Qafqaz adlandırılan bir ərazidə yerləşməsi artıq Azərbaycanın dağlarla bağlı olmasına bir işarədir. Axı burda söhbət Qafqaz sıra dağlarından gedir. Azərbaycanın ən hündür dağ zirvələri Bazardüzü (4466m) və Şahdağdır (4243m). Kiçik Qafqaz, Zəngəzur, Dərələyəz, Murovdağ, Qarabağ, Şahdağ, Talış dağ silsilələrinə qucaq açıb Azərbaycanımız. Qərbdə Gədəbəy, Daşkəsən, Kəlbəcər, Laçın, Şuşa, cənub-qərbdə Qubadlı, şimalda Qax, Balakən, Zaqatala, Qəbələ, İsmayıllı, şimal-şərqdə Qusar, Quba, şərqdə Şabran, Xızı, cənub-şərqdə Yardımlı, Lerik sırf dağ rayonlarıdır.
Ümumdünya bronxial astma xəstəsi günü
Statistikaya görə dünyanın yaşlı əhalisinin 5, uşaqların isə 10 faizi bu xəstəlikdən əziyyət çəkirlər. Ümudünya Səhiyyə Təşkilatı bu günü təqvimə saldırmaqla cəmiyyətin diqqətini bu xəstəliyə yönəltmək istəyir, onun xüsusən uşaqlar arasında sürətli artımının qarşısını almağa yönəli tədbirlər keçirməyi tövsiyyə edir. Allah bütün xəstələrə şəfa versin!
Beynəlxalq tanqo günü
İçinizdə çətin ki, tanqosevər tapılmasın. Tanqo XIX əsrin sonlarında meydana gəlmiş musiqi janrı və onunla assosiasiya olunan rəqsdir. Montevideo və Buenos-Ayresin yoxsul məhəllələrində yaranıb, sonradan bütün dünyaya yayılaraq dünya rəqs incilərinin sırasına qoşulub. Dünyaşöhrətli argentinalı postmodernist Xorxe Luis Borxes tanqonu Uruqvay rəqsi milonqanın oğlu və habaneranın nəvəsi adlandırmışdı, lakin tanqo öz mənşəyini milonqa və habanera ilə yanaşı, həm də polka rəqsindən götürür. Tanqo adının Afrika tamtamlarının çıxardığı tan-qo səslərindən, ya da Latınca toxunmaq mənasını verən tangere sözündən götürüldüyü ehtimal edilir. Bu illərdə yaşanan müharibələr, aclıq və susuzluq əhalini depressiyaya salırdı. Bu zaman əhalinin depressiyadan çıxmasının tək səbəbi tanqo olurdu. İnsanlar tanqo ilə hirslərini, yalnızlıqlarını, sevgilərini və qısacası, həyatlarını anladırdılar.
Sözümü qəribçiliyə salmayın, hazırda ən depressiv hallarında insanlar ortaya düşüb saatlarca rəqs edirlər, bu, onların xilasına çevrilir, odur ki, ən küskün və ən kədərli anlarınızda tanqo da olmasa, tutalım, “Qaytağı” oynaya bilərsiniz.
Biq Ben saatı niyə dayandı?
Amerikalılar dünən milli lager pivəsi gününü qeyd ediblər, bu günsə onlarda iki bayram birdəndir, “Bublikin (simitin) olsun” günü və milli əriştə günü. Ümumiyyətlə, xoşbəxt amerikalılar xoşbəxtliklərini hər gün bir mətbəxə aid bayramla qeyd edirlər, yeyirlər, içirlər. Sabaha da mütləq bir mətbəx bayramları olmamış olmaz. Amma gəlin hadisələri qabaqlamayaq.
1994-cü ilin bu günündə rus ordusu Çeçenistana soxulub. 1993-cü ildə Nyu-York auksionunda tarixin ən bahalı teleqramının satışı baş tutub: SSRİ rəhbəri Xruşovun 12 aprel 1961-ci ildə kosmosa uçmuş kosmonavt Qaqarinə təbrik teleqramı 68500 dollara satılıb. 1988-ci ildə Leninakan yaxınlığında zəlzələdən zərər çəkən ermənilərə İl-76 təyyarəsi ilə köməyə gedən azərbaycanlılar qəzaya uğradılaraq həlak olublar, bu barədə Spitak zəlzələsi barədə qeydlərimdə ətraflı yazmışdım. 69 sərnişindən yalnız biri - Babayev Fəxrəddin təsadüf nəticəsində sağ qalıb, 68 nəfər sərnişin və 9 nəfər ekipaj üzvü bu terrorun qurbanı olub. Hələ də bu terror hər yerdə təyyarə qəzası kimi qeyd olunur, biz bu erməni cinayətinin üstünün açılmasına əsla cəhd etmirik.
1981-ci ildə Londondakı Biq Ben saatı tarixində ilk dəfə dayanıb, 12:27-də baş verən olay şiddətli şaxta səbəbindən olub. 1963-cü ildə oğlu oğurlanan Frenk Sinatra bundan ötrü quldurlara 240000 dollar ödəməli olub. 1960-cı ildə fransızlar prezidentləri Şarl de Qollun müstəmləkələri olan Əlcəzairə səfəri zamanı protest edən əlcəzairliləri gülləbaran ediblər. 1946-cı ildə milyardçı və filantrop Con Rokfeller Nyu-Yorkda 18 akrlıq torpağı BMT-yə iqamətgah tikmək üçün hədiyyə edib. 1946-ci ildə Böyük Britaniyada ilk proqram kompüteri patent alıb. Həmin il YUNİSEF uşaq fondu yaradılıb. 1941-ci ildə Almaniya və İtaliya ABŞ-a müharibə elan edib. 1937-ci ildə Moskvada, Böyük Teatrda Stalin “Deputat- xalqın quludur” frazasını işlədib (kaş ki,”deputat – pulun quludur” frazasını işlədəydi). 1894-cü ildə 9 firmanın iştirakı ilə Parisdə dünyanın ilk avtosalonu açılıb. 1872-ci ildə ABŞ tarixində ilk dəfə qaradərili şəxs qubernator olub – Luizanada Pinki Stüart. 1785-ci ildə Müqəddəs Roma imperiyasının imperatoru 2-ci İosif masson lojalarının leqallaşdırılması barədə qərar qəbul edib. Və ən nəhayət, 630-cu ildə Məhəmməd peyğəmbər 10 min nəfərlik ordunu Məkkəyə yeridib.
“Ədəbiyyat və incəsənət”
(11.12.2025)
Türklərin böyük kitabları - “Məhməd Akif Ərsoy. Seçmə şeirlər”
Könül, “Ədəbiyyat və incəsənət”
Türk ədəbiyyatının görkəmli nümayəndəsi Məhmət Akif Ərsoyun anadan olmasının 150 illiyi münasibətilə Azərbaycan dilinə uyğunlaşdırılan “Məhməd Akif Ərsoy. Seçmə şeirlər” kitabı TÜRKLƏRİN BÖYÜK KİTABLARI rubrikasında təqdim etdiyim növbəti kitabdır.
TÜRKSOY-un nəşri olan kitabın tərtibçisi və redaktoru, giriş yazısının müəllifi, Azərbaycan Yazıçıllar Birliyinin katibi və TÜRKSOY Yazıçılar Birliyinin vitse-prezidenti Səlim Babullaoğludur. Kitabın tərcüməçisi gənc şair, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü Elşən Mehdidir və kitab Məhməd Akif Ərsoyun yaradıcılığına bu həcmdə müraciətdir, yəni böyük şairin Azərbaycan türkcəsində nəşr olunan ilk kitabdır.
Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı - TÜRKSOY Daimi Şurasının qəbul etdiyi qərarla 2023-cü il “Türk dünyasında Məhmət Akif Ərsoy İli” elan edilmişdi. Kitab da bu münasibətlə çap edilib. Kitaba Xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin sədri Anarın, habelə TÜRKSOY-un Baş katibi Sultan Rayevin “ön sözləri” var.
Oxucularımız üçün maraqlı olacaq deyə Səlim Babullaoğlunun “Allah və vətən aşiqi böyük şair” giriş yazısını təqdim edirik.
Allah və vətən aşiqi, böyük şair
Məhməd Akif Ərsoy poetik və insani əxlaqı ilə Yunus Əmrənin, Füzulinin
davamçısıydı. Bəzən “mədəniyyət”lə bağlı söylədikləriylə şair Məhməd Akif
Ərsoy səhv anlaşılır, daha doğrusu, yozulur, halbuki bütün böyük və həqiqi şairlər
kimi Məhməd Akif Ərsoy kökündə “Xaliq” dayanan “əxlaqın” tərənnümçüsü olub,
çağdaş yozumda “mədəniyyət” kateqoriyasının törəmə olduğunu gözəl anlayırdı;
bilirdi ki, əxlaq Xəlq Edənlə xəlq olunan arasında, Yaradanla insan arasındakı
münasibətlər məcmusu, “kodeks”dir; bütün ruhuyla, yaradıcılığı ilə həmin o ali,
ilkin mədəniyyətin, yəni əxlaqın tərəfindəydi, ikincinin zahiriliyinə,
nümayişkaranəliyinə qarşı idi. Bəşər tarixi bunu dəfələrlə təsdiq edib, böyük şairi
haqlı çıxarıb. Eynən bizim, Azərbaycanın yaxın tarixində olduğu kimi. Çox
gördük zahiri mədəniyyətə sahib olanların riyasını.
Odur ki, təkcə Azərbaycan üçün deyil, elə Türkiyə üçün də bu əlamətdar, Zəfər
havası ilə dolu günlərdə, Azərbaycanın gözü olan Qarabağın, qədim türk yurdunun
işğaldan azad olunduğu bir vaxtda “İstiqlal marşı” ilə başlayıb “Çanaqqala
şəhidlərinə” şeiri ilə bitən bu şeir kitabının nəşri çox qiymətlidir.
Əlbəttə, böyük şairin irili-xırdalı 35 seçmə şeirinin toplandığı və müəllifinin
yubileyi, anadan olmasının 150 illiyi ərəfəsində işıq üzü görməsi də çox vacib
xüsusdur və həm də bir ilkdir. Çünki Azərbaycan türkcəsində şairin şeirləri bu
həcmdə, təəssüf ki, indiyədək təqdim olunmayıb. Başqa tərəfdən, istedadlı gənc
şair, əruz bilicisi və tərcüməçi Elşən Mehdinin “təqdimatında” işıq üzü görən bu
kitab böyük şairin azman yaradıcılığını, yaradıcı miqyasını və ali missiyasını
bütünlüklə anlamağa imkan verən daha müfəssəl növbəti kitabın ərsəyə gəlməsi
yolunda bir işarədir həm də.
Məhməd Akifin dili bir tərəfdən, “Osmanlı türkcəsi” idisə, o biri tərəfdən,
sələflərindən, klassiklərdən fərqlənən bir dil hadisəsi, XX əsr Osmanlı-türk
poeziyası faktı idi. Və gənc tərcüməçi ,əlbəttə, çox rahat yol seçib, yalnız Türkiyə
və Azərbaycan “türkcələrindəki” fərqli yazılışları və səslənmələri aradan qaldırıb ,
yalnız saysız izahlarla, “dipnot”larla da keçinə bilərdi. Amma bu doğru olmazdı.
Tərcüməçi orta bir yol tutdu: o yerdə ki, yalnız uyğunlaşdırmaq lazım gəldi – elə
də etdi; o yerdə ki, tərcümə etmək, ekvivalentləri tapmaq, üstəgəl tərcümə olunan
dilin klassik ədəbiyyata münasibətdəki “vərdişlərini və gerçəkliyi” nəzərə almaq
lazımdı- nəzərə aldı.
Həqiqi Allah və vətən aşiqi, böyük şair və böyük vətəndaş olan Məhməd Akif
Ərsoy Türkiyə və Azərbaycan var olduqca, bütün türk elləri durduqca anılacaq,
oxunacaq.
Məhməd Akif Ərsoy həmişə o azsaylı şairlərdən olacaq ki, onu məktəblərin
həyətlərində və sinif otaqlarında, ali salonlarda və kürsülərdə, toylarda, şənliklərdə
və daha harda və harda ayaq üstə, dik dayanaraq qürurla oxuyacaqlar. Hər gün, gün
ərzində dəfələrlə. Ən başlıcası isə ürəklərdə, bəzən isə kövrələrək.
“Ədəbiyyat və incəsənət”
(11.12.2025)
Mənim azadlığım – özümə yaxın olmaqdır. Bəs səninki? - ESSE
Kübra Quliyeva, “Ədəbiyyat və incəsənət”
Azadlıq!
Bu söz hər kəsin ağlında başqa bir şəkildə canlanır. Kimisi üçün azadlıq səssiz bir səhrada, kimisi üçün gurultulu şəhər küçələrində gəzib dolaşmaqdır. Mənim üçün isə azadlıq konkret bir məkanda deyil, daha çox qəlbin dərinliyində baş verən bir üsyandır.
Bir düşün: göy üzünü yara-yara uçan bir quşu izləyirsən. O, azaddırmı? Yoxsa qanadlarını havada saxlamaq üçün küləklə mübarizə aparır? İnsan da belədir. Azadlıq istəyirik, amma azad olmaq üçün çarpışırıq. Nə qəribədir, deyilmi? Azadlıq bəzən sahib olmaqdan çox, buraxmaqda gizlidir. Mən azadlıq deyəndə, ilk ağlıma gələn, çəkinmədən, tərəddüd etmədən “mən belə istəyirəm” deyə bilməkdir. Amma hər dəfə bu cümləni söyləyəndə ətrafdakı səslər artır, baxışlar sərtləşir. İnsanlar bəzən sənin azadlığını öz qorxularının divarları ilə mühasirəyə alır. “Bunu edə bilməzsən, çünki...” deyə başlayan cümlələr onların içindəki qorxu və ehtiyatkarlığın təzahürüdür.Amma azadlıq belə məhdud deyil. Məncə, o daha çox bir hissdir, bir seçimdir. Gecənin sakitliyində, əlimdə qələm, ağ vərəqin qarşısında dayananda hiss edirəm onu. Sözlər azaddır, düşüncələrim azaddır. Nə danışmağa ehtiyac var, nə də izah etməyə. Heç kim eşitməsə də, mən özümü dinləyirəm. Və həmin an anlayıram ki, azadlıq başqalarını razı salmaqdan imtina edib, öz qəlbinlə razılaşmaqdır.
Bəzən fikirləşirəm: insan azadlığı dərk etdikcə daha da darıxır. Çünki azad olmaq həm də tək olmaq deməkdir. Öz yolunu seçib, bu yolda səssizcə irəliləməkdir. Amma bu səssizlikdə qəribə bir güc var. O səssizlikdə özünü tapırsan, arzularını yenidən doğurursan.
Azadlıq çox vaxt qucaqlaşmaqda deyil, buraxmaqda gizlənir. İstər keçmişi, istər qorxuları, istər də səni anlayıb-anlamayacağını düşündüyün insanları burax. Çünki azad olmaq üçün ən böyük addım içindəki “bacararam” səsini eşidib onun arxasınca getməkdir.
Bir gün hamımız öz azadlığımıza çatacağıq. Amma bu yol, bu axtarış, özü azadlığın ən gözəl hissəsidir. Mənim azadlığım – özümə yaxın olmaqdır.
Bəs səninki?
“Ədəbiyyat və incəsənət”
(11.12.2025)
“Maraqlı söhbətlər”də Valiyyə xanımın taleyi
Nemət Tahir, “Ədəbiyyat və incəsənət” portalının Qarabağ təmsilçisi
Onları sovetlər dönəmi xalqa düşmən kimi tanıdırdı. Amma dövran dəyişdi və biz anladıq ki, onlar düşmən yox, qəhərmandırlar.
Valiyyə Kazımbəyli 1900-cü ildə Gəncə şəhərində anadan olub. Fətəli xan Xoyskinin qardaşı general Hüseynqulu xan Xoyskinin qızıdır. Sizə onun taleyi barədə söhbət açacağam.
Valiyə xanım 1919-cu ildə Azərbaycan Milli Ordusunun zabiti Cahangir bəy Kazımbəyli ilə ailə həyatı qurur. Onların Abbas, Mustafa, Əli adında üç övladı dünyaya gəlir.
O, Azərbaycan Xalq Cümhuriyyəti hökuməti dövründə müxtəlif vəzifələrdə çalışıb. 1920-ci ildə AXC-nin işğalı, Fətəli xan Xoyskinin qətlindən sonra Valiyyə xanımın həyat yoldaşı Cahangir bəy Gəncə üsyanında iştirak edir. Üsyan yatırıldıqdan sonra ailə üzvləri bir-birindən ayrı düşürlər.
Cahangir bəy əvvəl Gürcüstana, sonra isə Türkiyəyə gedir. Ailə üzvləri bir il sonra İstanbulda görüşüb bir-birlərini tapırlar. 1925-ci ildə Atatürkün göstərişi ilə Valiyyə xanımın atası Hüseynqulu xan və qardaşı İsgəndər hərbi məktəblərdə tərcüməçi kimi işləməyə başlayırlar.
Ancaq bir müddət keçir, Valiyyə xanım ailəsi ilə birgə Polşaya köçür. Cahangir bəy Polşa ordusunda xidmət edir. Sonra Azərbaycan Legionunun lideri Əbdürrəhman Fətəlibəyli Düdənginskinin yanında yer alır. II Dünya müharibəsi zamanı əsir düşsə də, əsirlikdən qaçaraq bir müddət Almaniyada, daha sonra İtaliyada yaşayır.
Valiyyə xanım həyatı boyu bütün mübarizələrdə həyat yoldaşının yanında olur. Mühacirətdə olduğu müddətdə hər il mayın 28-də yürüşə çıxaraq üçrəngli bayrağımızı daşıyır.
II Dünya müharibəsi illərində Valiyyə xanım almanlara əsir düşmüş, Varşava hərbi xəstəxanasında yatan xəstə, yaralı Azərbaycan əsgərlərinə kömək edir. Qardaşı Zahid xan öz xatirələrində bacısı haqqında bunları qeyd edir:
“Bacım Valiyyə xanım Varşavadakı evimizdə Yardım Komitəsi qurdu, xəstəxanalarda olan azərbaycanlılara əlimizdən gələn yardımı etdik. Mən şəxsən həftədə iki-üç dəfə gedərək bizim vətəndaşlarla danışır, onların mənəvi vəziyyətlərinə dəstək verirdim. Komitəmiz İsveçrə Qırmızı xaç təşkilatından gələn hər növ yardımları onlara paylayır, bacım bəzi çox xəstə olan əsgərlərə evdə yemək bişirib özü aparırdı”.
Valiyyə xanım 1943-cü ildə Berlində keçirilən ümum-Azərbaycan qurultayında yaradılmış Milli Birlik Məclisinin üzvü olur.
Müharibədən sonra ingilislər legionda döyüşmüş sovet əsgərlərini Stalinə təhvil verirlər. Stalin isə Moskvada onları edam etdirir. Romada isə 100-dən çox azərbaycanlı əsir vardı. İngilislər onları da SSRİ-yə verməyə hazırlaşırdılar. Bu xəbəri alan Milli Birlik Məclisi Ankaraya və Misir kralına müraciət edir. Azərbaycanlı əsirlərə öz vətənlərində sığınacaq vermələrini təklif edir. Misir kralı 100 azərbaycanlını gizlin yolla Neapola yollayır.
Valiyyə xanım 1947-ci ildə Milli Birlik Məclisinin xüsusi tapşırığını yerinə yetirmək üçün Romadan Türkiyəyə göndərilir. O, burada II Dünya müharibəsindən sonra Türkiyədə sığınacaq tapıb gizlənən yüksək rütbəli azərbaycanlı zabitləri SSRİ əks-kəşfiyyatının əlindən qurtarmaq üçün onları Romaya aparmalı idi. Türkiyədə olarkən atası Hüseynqulu xanın və qardaşı İsgəndər xanın köməyi ilə hərbçi azərbaycanlılara saxta sənədlər düzəldərək 1947-ci ilin aprelin 26-da təyyarə ilə İstanbuldan Romaya yola salır. Valiyyə xanımla birlikdə 12 nəfər yüksək rütbəli zabitin olduğu təyyarə Afina üzərində müəmmalı şəkildə qəzaya uğrayır. Valiyyə xanım Kazımbəyli beləcə şəhid olur, İstanbulun Feriköy məzarlığında dəfn edilir. Onu Türkiyədə “Millət qurbanı və millət yolunda şəhid” adlandırırlar.
Həyat yoldaşı Cahangir bəy isə 1955-ci ilin dekabrında sovet kəşfiyyatının əli ilə Berlində öldürülür. Elə Berlində də dəfn edilir.
Bax belə bir acı tale.
“Ədəbiyyat və incəsənət”
(12.11.2025)
Redaksiyanın poçtundan - Mənsurə Xələfbəylinin essesi
“Ədəbiyyat və incəsənət” portalının Redaksiyanın poçtundan rubrikasındakı növbəti yazı Mənsurə Xələfbəylinin essesidir. “Mərhəmətin işığı” adlanır esse. Kitabxanaçı Səadət Allahverdiyevadır.
Sevgi: Ruhun ilahi kodu
"İman gətirib yaxşı işlər görənlər üçün ər-Rəhman (qəlblərdə) bir sevgi yaradacaq."
(Məryəm surəsi, 96)
Dünya tərəzi kimidir: bir gözündə ağıl, digərində ürək dayanır. Ağıl bizə yol göstərir, amma insanı ucaldan, onu varlığın içində işığa çevirən qəlbin mərhəmətidir. Mərhəmət sadəcə hiss deyil, insanın yaradılış kitabında yazılmış ilahi koddur.
Mərhəmətli insan bütün varlığa qarşı məsuliyyət daşıyır. O, kimsəsiz heyvanın sevgi axtaran halını duyur, başqasının gözündəki kədəri görür, danışmayanların fəryadını hiss edir. İnsan nə qədər savadlı, nüfuzlu, güclü olsa da, mərhəməti yoxdursa, varlığı kölgədən ibarətdir. Əsl zənginlik qəlbin yumşaqlığı, insanlığın bütövlüyünü qoruyan xeyirxahlıqdır.
Mərhəmət zəiflik deyil; insanın öz içində qaranlığa rəğmən çıraq yandırmaq gücüdür. Xeyirxahlıq olan yerdə kin sönür, nifrət çəkilir, həyat yenidən nəfəs alır. Çünki hər insan bir kainatdır və insana edilən yaxşılıq bütün kainatın taleyinə yazılmış xeyir kimi yayılır.
Bu ülvi halın canlı nümunələrindən biri də uzun illərin sirdaşı, mənəvi dayağım Səadət Allahverdiyevadır.
Səadət həm mehriban dost, həm də kitabın, işığın, bilginin adamıdır. Kitabxanaçı kimi minlərlə insanın düşüncəsinə nur salıb, onların dünyagörüşünü zənginləşdirib. Rəflər arasında addımladıqca kitabları, kitabların içində gizlənmiş həyatı duyur. Sözlərin dərinliyində insanları birləşdirən sirr var və bu sirri elə incəliklə daşıyır ki, sanki kitablar onun varlığıyla dil açıb danışmağa başlayır.
Hər gənc əlinə kitab götürdükdə sanki gələcəyin qaranlıq nöqtəsinə bir işıq daha yandırır. Zamanla kitablar dostuna çevrilir və bu dostluğu oxucularına bəxş edərək onları da sözlərin sehrinə aparır. Kitabların toxunduğu yer qəlbdir. O isə bu toxunuşu insanlara çatdıran canlı körpüdür.
Lakin Səadət Allahverdiyevanın ən böyük zənginliyi və gerçək sərvəti mərhəmətli qəlbidir. Bu mərhəmətin kökləri isə daha dərinə, mənəviyyatla yoğrulmuş ailəyə dayanır. Onun valideynləri xeyirxahlığı yalnız sözlə deyil, əməllə yaşayan insanlar idi. Haqqın rəhmətinə qovuşsalar da, qoyub getdikləri xeyir izləri yaşayır və bu izlər elə aydın, elə işıqlıdır ki, onları tanımayan belə o nurdan pay alır. Hər gələnə səmimi bir “xoş gəldin” deməyi bacaran, başqasının dərdinə biganə qalmayan, yaxşılığı səmimiyyətlə edən insanlar idi.
Onların ruhu bu gün də ailənin üzərində işıq kimi dayanır. Səadətin və doğmalarının göstərdiyi hər yaxşılıq, elə bil ki, ata-anasının göydən göndərdiyi duanın davamıdır.
Səadət mənim qədim dostumdur. Onun kimi rəfiqəyə sahib olmaq böyük xoşbəxtlikdir. Varlığı ən böyük dayağımdır - çətin anlarda güc verir, insan olmağın gözəlliyini xatırladır. Xeyirxah insanların olduğu yerdə isə insanlıq heç vaxt tükənmir.
Səndən xəbərsiz ürək sözlərimi paylaşdığım üçün incimə; üzdə görünməyi sevməməyin qəlbindəki işığın təvazökar parıltısı kimidir. Mən bu sözləri o nadir insanlara həsr edirəm ki, zamanın toz-torpağı altında belə, insanlığın itirdiyi ən böyük xəzinəni, təmənnasız xeyirxahlığı qoruyub saxlayırlar. Onlar ümidini itirənə dayaq olur, qaranlığı işıqlandırır, dünyanın yorulmuş ürəyinə yenidən nəfəs verirlər. Elə bil kainatın nizamı onların yaxşılığı ilə tarazlanır.
Allah yaxşılıq edənlərin yolunu daim nura çevirsin, qəlblərinə rahatlıq, evlərinə bərəkət, addımlarına hüzur bəxş etsin.
“Ədəbiyyat və incəsənət”
(11.12.2025)


