Qadın döyüşçülər-şəhidlər barədə unikal əsərlərin müəllifi Featured

 

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

Bəli, Zemfira Məhərrəmli Azərbaycan publisistikası tarixinə məhz qadın döyüşçülər və şəhidlər barədə unikal əsərlərin müəllifi kimi düşübdür – götürək elə "Döyüşə qızlar gedir” kitabını. O kitabı ki, onu əlinə aldıqda qırağa qoya bilmirsən.

 

Bu gün hörmətli, dəyərli Zemfira xanımın doğum günü – 70 illik yubileyidir. Böyük sevgilərlə onu təbrik edir, belə şux. Sağlam, gənc qalmaqla ona uzun ömür, cansağlığı və yeni-yeni yaradıcılıq uğurları arzulayırıq.

Zemfira Məhərrəmli 11 dekabr 1955-ci ildə Bakı şəhərində ziyalı ailəsində anadan olub. Orta təhsilini Bakı şəhəri, Cəfər Cabbarlı adına 187 saylı orta məktəbdə alıb. 1978-ci ildə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsini fərqlənmə diplomu ilə bitirib. Universitet auditoriyasında müəllimi olan ustad jurnalist Nəsir İmanquliyevin yaratdığı "Bakı" və "Баку" şəhər qəzetlərində 1978-ci ildən əmək fəaliyyətinə başlayaraq müxbir işləyib, elm, təhsil və mədəniyyət şöbəsinin müdiri vəzifəsində çalışıb.

Zemfira Məhərrəmli insan hüquqlarına, o cümlədən mənəvi problemlərə dair çoxsaylı publisistik yazıların müəllifidir. Azərbaycan Jurnalistlər (1979) və Yazıçılar (2003) birliklərinin üzvüdür. AYB-nin Hərbi vətənpərvərlik bölməsinin üzvüdür. 1990-1992-ci iliərdə Azərbaycan televiziyasında müntəzəm efirə çıxan populyar “Ana sözü” qadınlar üçün ictimai-siyasi proqramın ssenari müəllifi və aparıcısı olub.

 2003-cü ilin aprelindən 2016-cı ilin yanvar ayına qədər Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının İnformasiya və ictimaiyyətlə əlaqələr sektorunun müdiri vəzifəsində çalışıb, Mətbuat xidmətinin rəhbəri olub. Fəaliyyəti ilə bağlı 30-dək xarici ölkəyə səfər edib, çoxsaylı beynəlxalq konfransların və seminarların iştirakçısı olub.

1991-ci ildən mətbuatda həm də hərbi mövzuda yazılarla çıxış edib. Dəfələrlə “qaynar” nöqtələrdə olmuş, Qarabağ müharibəsinin dəhşətləri, torpaqlarımızın bölünməzliyi uğrunda çarpışan oğul və qızlarımızın hünərini əks etdirən silsilə cəbhə reportajları yazaraq dərc etdirib. Z.Məhərrəmli “Döyüşə qızlar gedir” (1997), “Qarabağda savaş var” (İstanbul, “Turan” yayın evi, 1999), “Ötür durna qatarı” (2000), “Qırx qız dastanı” (2003) kitablarının müəllifidir.

 

- Döyüşə qızlar gedir

- Qarabağda savaş var

- Ötür durna qatarı

- Qırx qız dastanı

- Bir ömürdə yaşanan üç həyat

- Ömür bitər, yol bitməz...

- Oyuncaq

- Söz adamı

- Sonbaharın Ilgımları

- Qarabağ müharibəsi: zərif talelər

 

2003-cü ildən Azərbaycan Vətən Müharibəsi Veteranlar Birliyinin Fəxri üzvüdür. Müharibədə iştirak edən qadınların döyüş şücaətini işıqlandırdığına görə Veteran Qadınlar Təşkilatının və Şəhid Anaları Xeyriyyə Mərkəzinin Fəxri Fərmanları ilə mükafatlandırılıb

İngilis dilində nəşr olunan “Garabagh war witnessed by women” (“Qarabağ müharibəsi qadınların şahidliyi ilə”) (2005) və Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində çapdan çıxan “Карабахская война: сражались и женщины” (2005) kitablarına görə Beynəlxalq Avrasiya Mətbuat Fondunun “Qarabağ” Ali mükafatını alıb.

 

“Ədəbiyyat və incəsənət”

(11.12.2025)

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.