“Ədəbiyyat və incəsənət” portalının Redaksiyanın poçtundan rubrikasındakı növbəti yazı Mənsurə Xələfbəylinin essesidir. “Mərhəmətin işığı” adlanır esse. Kitabxanaçı Səadət Allahverdiyevadır.
Sevgi: Ruhun ilahi kodu
"İman gətirib yaxşı işlər görənlər üçün ər-Rəhman (qəlblərdə) bir sevgi yaradacaq."
(Məryəm surəsi, 96)
Dünya tərəzi kimidir: bir gözündə ağıl, digərində ürək dayanır. Ağıl bizə yol göstərir, amma insanı ucaldan, onu varlığın içində işığa çevirən qəlbin mərhəmətidir. Mərhəmət sadəcə hiss deyil, insanın yaradılış kitabında yazılmış ilahi koddur.
Mərhəmətli insan bütün varlığa qarşı məsuliyyət daşıyır. O, kimsəsiz heyvanın sevgi axtaran halını duyur, başqasının gözündəki kədəri görür, danışmayanların fəryadını hiss edir. İnsan nə qədər savadlı, nüfuzlu, güclü olsa da, mərhəməti yoxdursa, varlığı kölgədən ibarətdir. Əsl zənginlik qəlbin yumşaqlığı, insanlığın bütövlüyünü qoruyan xeyirxahlıqdır.
Mərhəmət zəiflik deyil; insanın öz içində qaranlığa rəğmən çıraq yandırmaq gücüdür. Xeyirxahlıq olan yerdə kin sönür, nifrət çəkilir, həyat yenidən nəfəs alır. Çünki hər insan bir kainatdır və insana edilən yaxşılıq bütün kainatın taleyinə yazılmış xeyir kimi yayılır.
Bu ülvi halın canlı nümunələrindən biri də uzun illərin sirdaşı, mənəvi dayağım Səadət Allahverdiyevadır.
Səadət həm mehriban dost, həm də kitabın, işığın, bilginin adamıdır. Kitabxanaçı kimi minlərlə insanın düşüncəsinə nur salıb, onların dünyagörüşünü zənginləşdirib. Rəflər arasında addımladıqca kitabları, kitabların içində gizlənmiş həyatı duyur. Sözlərin dərinliyində insanları birləşdirən sirr var və bu sirri elə incəliklə daşıyır ki, sanki kitablar onun varlığıyla dil açıb danışmağa başlayır.
Hər gənc əlinə kitab götürdükdə sanki gələcəyin qaranlıq nöqtəsinə bir işıq daha yandırır. Zamanla kitablar dostuna çevrilir və bu dostluğu oxucularına bəxş edərək onları da sözlərin sehrinə aparır. Kitabların toxunduğu yer qəlbdir. O isə bu toxunuşu insanlara çatdıran canlı körpüdür.
Lakin Səadət Allahverdiyevanın ən böyük zənginliyi və gerçək sərvəti mərhəmətli qəlbidir. Bu mərhəmətin kökləri isə daha dərinə, mənəviyyatla yoğrulmuş ailəyə dayanır. Onun valideynləri xeyirxahlığı yalnız sözlə deyil, əməllə yaşayan insanlar idi. Haqqın rəhmətinə qovuşsalar da, qoyub getdikləri xeyir izləri yaşayır və bu izlər elə aydın, elə işıqlıdır ki, onları tanımayan belə o nurdan pay alır. Hər gələnə səmimi bir “xoş gəldin” deməyi bacaran, başqasının dərdinə biganə qalmayan, yaxşılığı səmimiyyətlə edən insanlar idi.
Onların ruhu bu gün də ailənin üzərində işıq kimi dayanır. Səadətin və doğmalarının göstərdiyi hər yaxşılıq, elə bil ki, ata-anasının göydən göndərdiyi duanın davamıdır.
Səadət mənim qədim dostumdur. Onun kimi rəfiqəyə sahib olmaq böyük xoşbəxtlikdir. Varlığı ən böyük dayağımdır - çətin anlarda güc verir, insan olmağın gözəlliyini xatırladır. Xeyirxah insanların olduğu yerdə isə insanlıq heç vaxt tükənmir.
Səndən xəbərsiz ürək sözlərimi paylaşdığım üçün incimə; üzdə görünməyi sevməməyin qəlbindəki işığın təvazökar parıltısı kimidir. Mən bu sözləri o nadir insanlara həsr edirəm ki, zamanın toz-torpağı altında belə, insanlığın itirdiyi ən böyük xəzinəni, təmənnasız xeyirxahlığı qoruyub saxlayırlar. Onlar ümidini itirənə dayaq olur, qaranlığı işıqlandırır, dünyanın yorulmuş ürəyinə yenidən nəfəs verirlər. Elə bil kainatın nizamı onların yaxşılığı ilə tarazlanır.
Allah yaxşılıq edənlərin yolunu daim nura çevirsin, qəlblərinə rahatlıq, evlərinə bərəkət, addımlarına hüzur bəxş etsin.
“Ədəbiyyat və incəsənət”
(11.12.2025)


