Super User

Super User

Cümə axşamı, 12 Dekabr 2024 13:30

Heydər Əliyev və Azərbaycan gəncliyi

Sevda Verdiyeva, Oğuz şəhəri – “Ədəbiyyat və incəsənət” üçün

 

 

 

Tarix göstərir ki, yalnız güclü və uzaqgörən liderləri olan xalqlar azadlığa qovuşa bilirlər. Xalqı qələbəyə ancaq güclü iradəyə sahib, qətiyyətli qərarlar qəbul edən, milli maraqları hər şeydən üstün tutan lider apara bilər.

 

Ş.İ.Xətaidən sonra xalqımızın 500 illik tarixində belə bir lider Heydər Əliyev olub. Məncə, Heydər Əliyev Bozqurd kimi Tanrı tərəfindən göndərilmiş rəhbər və xilaskar idi. Hər dəfə ölkə zor duruma düşəndə  ortaya çıxmış, xalqı və məmləkəti xilas etmişdir. Təsadüfi deyil ki,  böyük qırğız yazıçısı Çingiz Aytmatov onu həm tarixi, həm də əfsanəvi şəxsiyyət adlandırmışdı.

Qorxmaz, cəsarətli, qranit kimi möhkəm iradəyə malik Heydər Əliyevin hakimiyyətə gəlişi ilə uzun illərin sükunəti hərəkətə gəlmiş, türk düşüncəsi silkələnmiş, beynəlmiləlçilikdən milliliyə dönüş başlamış, simasızlaşmağa gedən millət oyanmış, milli düşüncənin formalaşmasında möhtəşəm işlər görülmüş, milli dövlətçilik arzuları və hissləri güclənmişdi.

Tarixin gedişini həssaslıqla izləyən H.Əliyev müəyyən taktiki gedişlərlə Moskvanın gözünü qamaşdırır, mənsub olduğu xalq üçün strateji planlarını həyata keçirirdi. Sovet imperiyasının məhvə məhkum olduğunu hamıdan yaxşı görən  ulu öndər siyasi imkanlarından və nüfuzundan gələcək müstəqil Azərbaycan dövlətçiliyinin qurulmasına zəmin yaradan faktorların təmin edilməsi naminə istifadə etməyə çalışırdı. Belə faktorlardan biri də müstəqil Azərbaycanın parlaq gələcəyini təmin edəcək savadlı, bilikli, intelektual qabiliyyəti yüksək olan gənclərin yetişdirilməsi idi.     

Ona görə də ulu öndər hakimiyyətə gəldiyi gündən gənclərin himayədarı kimi çıxış etmiş, həmişə Azərbaycan gəncliyinin gələcəyini düşünmüşdür. O, yaxşı bilirdi ki, gəncliyə etinasız yanaşmaq gələcəyi təhlükəyə atmaq deməkdir. Çünki gənclik gələcəkdir, gələcəyin təminatıdır. Tarixə nəzər saldıqda da görürük ki, gəncliyə dəyər verən, onun inkişafına sərmayə qoyan dövlətlər nəinki məhv olmaq təhlükəsindən xilas olub, zaman keçdikcə daha da güclənib, inkişaf edib.  

 Ulu öndər respublika rəhbərliyinə gəldiyi ilk illərdən sağlam düşüncəli yeni nəslin yetişdirilməsi sahəsində böyük işlər görmüşdür Mənim qələmimin gücü Heydər Əliyevin gənclər siyasətindən təfsilatı ilə bəhs etməyə yetməz. Lakin oxuduqlarımdan və gördüklərimdən belə qənaətə gəlirəm ki, milli mənəvi dəyərlərimizin qorunmasında gənclərin rolunun artırılması, gənc nəslin tarixi köklərimizə bağlı və vətənpərvər ruhda tərbiyə olunması, onların təşkilatlanmas elmi, intellektual potensialının gücləndirilməsi, dövlət idarəçiliyində rollarının  artırılması, beynəlxalq aləmə inteqrasiyanın yaratdığı imkanlardan maksimum səviyyədə yararlanmalarının təmin olunması bu siyasətin əsas istiqamətləri olub.

Ümummilli lider Heydər Əliyev hakimiyyətinin birinci dövründə daha çox gənclərin bir kadr kimi yetişməsinə, güclü kadr potensialının yaradılmasına çalışırdı. Məhz onun şəxsi müdaxiləsi və qayğısı ilə ötən əsrin 70-ci illərindən başlayaraq ölkəmizdə təhsil müəssisələrinin zəngin şəbəkəsi yaradılmış, azərbaycanlı gənclər təhsil almaq üçün kütləvi şəkildə keçmiş SSRİ-nin ali məktəblərinə göndərilməyə  başlanmışdı.  Bakıdakı ali hərbi məktəblərə qəbul olunan gənclərin sırasında azərbaycanlıların sayı intensiv şəkildə artmış, bu sahədə  milliləşdirmə prosesinə start verilmiş və Cəmşid Naxçıvanski adına hərbi lisey yaradılmışdı.  Həmin illərdə ümummilli liderin təşəbbüsü ilə ölkədə ali təhsil müəssisələrinin sayı 12-dən 17-yə, burada təhsil alan tələbələrin sayı isə 70 mindən 100 minə çatmışdır. 

H.Əliyev sovet dönəmindəki rəhbərliyi dövründə 15 mindən çox gənci keçmiş ittifaqın 50-dən artıq şəhərinin 170 ali təhsil müəssisəsində 250-yə yaxın ixtisasa yiyələnmək üçün həmin ali məktəblərinə təhsil almağa göndərmiş, onların yüksək ixtisaslı və peşəkar kadr kimi hazırlanmasına nail olmuşdu.   Hələ 1975-ci ildə o, Azərbaycandan kənarda təhsil almağa göndərilən tələbələrlə görüşündə qeyd etmişdi: “Siz bu əsrin axırıncı onilliklərində və gələn əsrin əvvəllərində işləyəcəksiniz. O zaman elmi-texniki tərəqqi üfüqlərinin necə cazibədar olacağını bu gün təsəvvür etmək mümkündür. Sabahkı gün sizə yeni, yüksək tələblər verəcəkdir. Əgər mütəxəssis həqiqətən yaradıcı şəxsiyyətdirsə, o, sadəcə olaraq, zamanla ayaqlaşmalı deyil, həmişə zamanı bir qədər qabaqlamalıdır. Bu isə o deməkdir ki, daim öyrənmək lazımdır, buna görə də bilik, bacarıq, vərdiş bünövrəsi möhkəm olmalıdır”. 

 Mən gənc nəslin geniş fəaliyyət meydanına çıxarılmasında ulu öndərin həyata keçirdiyi möhtəşəm işləri xatırlayarkən  riqqətə gəlirəm. Bu günün prizmasından baxdıqda onun gördüyü işlərin dövlət quruculuğundakı əvəzsiz rolunu   daha aydın və qabarıq görürük. Zənn edirəm ki, əgər ulu öndər Heydər Əliyevin hələ respublikamıza birinci rəhbərliyi dövründə gənclərdə milli şüurun oyanışı istiqamətində istər açıq, istərsə də gizli şəraitdə görülən işlər olmasaydı, ötən əsrin sonlarında Azərbaycanın müstəqil dövlət kimi mövcudluğundan danışmaq çətin olardı.

Ulu öndər müstəqil Azərbaycana rəhbərliyi dövründə artıq gəncləri dövlətin idarəedilməsində aparıcı qüvvə, müstəqilliyin qarantı kimi görürdü. O, xalqın tələbi ilə ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonra da gəncliyin inkişafını diqqətdə saxlamış, gənclərlə iş dövlət siyasətinin əsas istiqmətlərindən biri olmuşdur. H.Əliyevin yetişməkdə olan gənc nəslə böyük inamı vardı. Çıxışlarının birində öz inamını belə ifadə etmişdi: “İnanıram ki, gənc Azərbaycan dövləti məhz bu saf əqidəli, dərin bilikli, geniş dünyagörüşlü, mətin və dönməz gənclərimizin fəaliyyəti sayəsində öz müstəqilliyini əzmlə qoruyacaq, dünyanın ən qüdrətli dövlətlərindən birinə çevriləcəkdir... Biz müstəqil Azərbaycanın taleyini gələcəkdə sizə tapşıracağıq. Ona görə də Azərbaycanı, Azərbaycan dövlətini yaşatmaq, inkişaf etdirmək üçün hazır olun!"

Bunun üçün ümummilli liderimiz gənclərin milli-mənəvi dəyərlərə yiyələnmələri, dövlətinə və bayrağına sevdalı, vətənpərvər ruhda yetişmələri, mükəmməl təhsil almaları, həyatı dərindən öyrənmələri və dünyada gedən prosesləri bilmələri üçün səy göstərir, onlara diqqət və qayğını daha da gücləndirirdi. 
H.Əliyevin gənclərlə müntəzəm görüşləri, ölkə gənclərinin forumlarının keçirilməsi, Gənclər və İdman Nazirliyinin yaradılması, gənclər gününün təsis olunması,  gənclərin sosial, iqtisadi və s. problemlərinin həllinə yönəldilən, onların öz qabiliyyətlərinin inkişaf etdirmələrinə kömək edən fərman, sərəncam və dövlət proqramlarının qəbul edilməsi, gənclər siyasətinin dövlət siyasətinin tərkib hissəsinə çevrilməsi və s. göstərilən diqqət və qayğıya nümunə ola bilər.  

 H.Əliyevin gəncliyə verdiyi qiyməti dünya ölkələrinin heç birində heç bir dövlət başçısı öz ölkəsinin gəncliyinə verməyib. Bu gün ölkəmizdə hərbi, təhsil, siyasi, iqtisadi, idman və digər bütün sahələrdə təmsil olunan gənclərin qazandığı uğurların, nailiyyətlərin hamısı ümummilli lider H.Əliyevin adı ilə bağlıdır.

Heydər Əliyev ancaq azərbaycançılıq ideologiyası əsasında formalaşdırdığı gənclər siyasəti ilə könlümüzdə taxt qurmamış, həm də öz şəxsiyyəti, fəaliyyəti, məsləhət və tövsiyələri ilə hər birimiz üçün nümunə olmuş, idealımıza çevrilmişdir. Şəxsən mən H.Əliyevi məşhur hekayənin qəhrəmanı Dankoya bənzədirəm. Danko qaranlıqda çaşıb qalmış xalqı azadlığa qovuşdurmaq üçün ürəyini məşəl etdiyi kimi H.Əliyev də “Mən həyatımın qalan hissəsini də xalqıma bağışlayıram”, - deyərək keçən əsrin əvvəlindən AXC-nin başlatdığı istiqlal savaşını əsrin sonlarında müstəqil Azərbaycan dövləti kimi əzəmətli reallığa qovuşdurmuşdur.  

Tam əminliklə deyə bilərəm ki, ulu öndər H.Əliyevin gəncliyə və gənclərə diqqət və qayğısı indi yeni mərhələyə qədəm qoyub. Ölkəmizdə gənc nəslin problemlərinin həlli, onların cəmiyyət həyatında layiqli təbəqə kimi iştirakının təmin olunması, milli adət-ənənələrə, saf dəyərlərə bağlılığı üçün dövlət səviyyəsində bütün zəruri tədbirlər həyata keçirilir. Əsası ümummilli lider  tərəfindən qoyulan  gənclər siyasətinin Prezident İ.Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir ki, bu gün Azərbaycan gənclərinin ölkənin ictimai-siyasi həyatında rolu günü-gündən artır, gənclərimiz bütün sahələrdə öz sözlərini deyə bilirlər. 

Bəli, artıq Azərbaycanda milli-mənəvi dəyərlərə sahiblənmiş, cəsur, yüksək vətənpərvərlik hissinə, intellektual səviyyəyə,  milli düşüncəyə malik gənc nəsil formalaşıb. Dövlətin gənclərə dəstək və diqqət göstərməsinin nəticəsində Azərbaycan gəncliyində öz dövlətinə, özünə, öz gücünə və  istedadına inam hissi artıb.

Bunun ən bariz nümunəsi 44 günlük Vətən müharibəsində qazanılan qələbədir. Bu qələbəni bizə H.Əliyevin ölkəmizə rəhbərlik etdiyi illərdə doğulan və böyüyən, İ.Əliyevin ölkəyə rəhbərlik etdiyi dövrdə yetişən və fomalaşan gənclər bəxş etdilər. 2003-cü  ildə 10-15 yaşında olan bu gənclər Vətən savaşına qatılan 25-35 yaşlı qəhrəmanlara çevrildilər, yeni tarix yazdılar.

Dövlətin diqqət və qayğısına cavab olaraq ölkəmizin gələcəyinin təminatçısı olan gənclər bütöv və müstəqil Azərbaycan naminə bütün güclərini səfərbər edir, Vətənin inkişafı üçün səylə çalışır,  ölkəmizin uğurlu daxili və xarici siyasətini dəstəkləyirlər.

Tam inamla deyirəm ki, ölkəmizdə ulu öndərin gənclər siyasətinin uğurla davam etdirilməsi  Azərbaycan gəncliyini daha işıqlı sabahlara aparacaqdır. 

 

“Ədəbiyyat və incəsənət”

(12.12.2024)

 

 

Cümə axşamı, 12 Dekabr 2024 13:03

Aşıq Pənahın ad günü

Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”

 

Aşıq musiqisini sevəniniz varmı? Deyəcəksiniz, Qazax-Gədəbəy-Tovuz, Borçalı, Göyçə camaatı sevsin, biz niyə sevirik. Amma aşıqlar tək o yerlərdən deyil ki. Elə Şamaxıda, Salyanda da güclü aşıq məktəbi var.

Sovetlər dönəmində bütün dövlət konsertlərində başında iri papaq olan bəstəboy bir aşıq çıxış edər, saz çalar, rəqs edər, pariyadan, Lenindən mahnılar oxuyardı, Əlipənаh Ələsgər оğlu Pənаhоv (Аşıq Pənаh) idi o. 1926-cı ilin bugünkü günündə Salyan rаyonunda аnаdаn оlan Aşıq Pənah Şirvan aşıqlarının yetişdirilməsində müstəsna rol oynamışdı. İşin ideoloji tərəflərini çıxsaq, insafən, yaxşı aşıq idi, sadəcə, qırmızı kommunist kabusuna xidmətdən sui-istifadə etmişdi.

Aşıq Pənahın yaradıcılığında dörd və beşbəndlik gəraylılar və qoşmalar əsas yer tutur, məşhur gəraylılarından “Dilbər”, “İnciyər”, “Vurulmuşam”, “Ana Kürüm”, qoşmalarından isə “Desin”, “Uşaqlar”, “Bu yanda dur”, “Gördüm” və s. adlarını çəkmək olar. Aşıq Pənah iki dastanın (“Sülh”, “Pambıqçılar”), 18 aşıq havasının (“Dilbər”, “El gözəli”, “Ala gözlüm”, “Yeddi qardaş”, “Səhər nəğməsi”, “Azərbaycanım” və s.), 128-ə qədər qoşmanın müəllifi olub, onun “Saz və söz”, “Sözlərimi saxla yadda”, “Məhəbbətdən danışaq”, “Təzə söz, təzə mahnı”, “Mənim sazım” kimi şeirlər kitabı işıq üzü görüb. Аşıq Pənаh kеçmiş SSRİ-nin müхtəlif şəhərlərində, Finlandiya, Bolqarıstan, Rumıniya, Polşa, Çexoslovakiya, Hindistan kimi xarici ölkələrdə Azərbaycan mədəniyyətini, aşıq sənətini təbliğ edib, mədəniyyətimizin inkişafı sahəsindəki xidmətlərinə görə 1967-ci ildə Azərbaycanın “Əməkdar mədəniyyət işçisi” fəxri adına layiq görülüb. 1978-ci il аvqust ayının 26-da vəfаt еdən aşığın adını Salyanda bir küçə, 1 lisey və Salyan rayon Yenikənd Folklor Evi daşıyır. 2007-ci ildə haqqında film də çəkilib.

 

“Ədəbiyyat və incəsənət”

(12.12.2024)

 

 

Xalq yazıçısı, akademik Kamal Abdullanın əsəsrlərindən seçilmiş bir sıra qranula – cövhər sayıla biləcək məqamları “Ədəbiyyat və incəsənət” oxucularına təqdim edir.

 

Kamal Abdulla özü seçilmiş bu cövhərlər barədə yazır: “İllərdən bəri yazdığım müxtəlif şeirlərin, esselərin, pyeslərin, hekayə və romanların, publisistik məqalələrin və elmi əsərlərin, verdiyim intervülərin hər birinin içində yer almış və bu gün də öz məzmunu, tutumu, forması ilə diqqətimi çəkən misralar, cümlələr günlərin bir günü sanki dil açıb mənə dedilər ki, bizim bir-birimizdən zaman və məkanca ayrılığımıza son qoy və bizi bir-birimizin yanında yerləşdir. Sən görəcəksən ki, bu zaman biz tamamilə yeni bir cazibədə zühur etmişik. Onlar qeyri-səlis məntiq dili ilə desək, içində olduqları mətnin qranulaları (ilkin vacib hissəcikləri) idi. Qranula, başqa cür ifadə etsək, cümlədən (mətndən) bütün artıq hissələri siləndən sonra yerdə qalan cövhərdir.”

 

Bu günlərdə “Everest” nəşriyyatında müəllifin “Seçmələrin seçməsi-qranulalar” adlı kitabı da işıq üzü görmüşdür.

Beləliklə, hər gün Kamal Abdulladan 7 qranula:

1.

Nəsr müstəvisində xüsusi canfəşanlıqla səliqə göstərmək istəyənlər ənlik-kirşanının dərəcəsini tuta bilməyən zövqsüz qadınlar kimidir.

2.

“ Düz yollar haracan uzanasıdı?!

Tutmayacaqlar ki düzü-dünyanı?!

Gec, ya tez bu çevrə qapanasıdı,

Sonu çatacaqdır komediyanın.”

3.

Borxes heç kimə bənzəmir. O birilər hamısı bir-birinə bənzəyir. O birilər bir-birinə ona görə bənzəyir ki, onlar, ümumiyyətlə, süjet yazırlar. Borxes isə süjet yazmır.

4.

Flober deyirdi ki, yazıçı mətnə daxil etmək istədiyi cümləni əvvəlcə ayrıca bir kağıza yazmalıdır. Əgər o cümlə ayrılıqda da gözəl görünürsə, o zaman onu mətnə daxil etmək olar.

5.

Tək əldən səs çıxmaz deyənlər yanılır. Tək əldən sükutun səsi çıxar.

6.

Bütün ədəbiyyat Düma ilə Coys arasında!.. Coysun ağır və mürəkkəb çətinliyi, Dü manın meh qədər sadə və zərif ahəngi iki qütb kimidir. Aralarında isə - hamı! Qütblərin arasındakılardan kimsə Coysa yaxındır, kimsə Dümaya. Yenə də qeyri-səlis məntiq!

7.

Sevdiyim əsər dönə-dönə oxumaq istədiyim və oxuduğum əsərdir.

 

“Ədəbiyyat və incəsənət”

(12.12.2024)

 

 

 

 

Azərbaycan Kinematoqrafçılar İttifaqı “OB FILM” və “KİNOBİZ” şirkətləri tərəfindən birgə istehsal olunmuş “İşığa doğru” sənədli filminin beynəlxalq film festivallarına təqdim olunmasına vəsait ayırıb.

 

İttifaqdan AzərTAC-a bildirilib ki, müşahidə və subyektiv kamera üsulları ilə ərsəyə gətirilən və iki paralel süjet xətti üzərində qurulan “İşığa doğru” sənədli filmində hadisələr Qarabağın işğaldan azad olunmuş ərazilərində cərəyan edir.

 

Sübh tezdən ata, oğul və qardaşoğlu illər sonra işğaldan azad olunmuş kəndlərinə doğru yola çıxırlar. Bu səfər zamanı onlar müharibənin törətdiyi dağıntılar altından 30 il əvvəl itirdiklərini – doğmalarının məzarını, uşaqlıqlarını, gəncliklərini, bir sözlə, keçmişin izlərini axtarırlar...

 

Ərşad Əliyev, Rəsul Kamal və Elşad Ərşadoğlunun iştirakı ilə çəkilən filmin ssenari müəllifi və rejissoru Elşad Ərşadoğludur.

 

“Ədəbiyyat və incəsənət”

(12.12.2024)

Cümə axşamı, 12 Dekabr 2024 11:42

“Şimalda kino günləri” layihəsi başa çatıb

Azərbaycan Kinematoqrafçılar İttifaqının “Şimalda kino günləri” layihəsinin ikinci mərhələsi uğurla başa çatıb.

 

İttifaqdan AzərTAC-a bildirilib ki, üç gün davam edən bu mərhələ Şəki, Qəbələ və Oğuz rayonlarını əhatə edib.

 

Qəbələnin Mədəniyyət Mərkəzində baş tutan ilk nümayişdə yerli tamaşaçılara rejissor Qulu Əsgərovun “Mən burdayam, İlahi” tammetrajlı filmi təqdim olunub. Filmə böyük maraqla baxan tamaşaçılar daha sonra öz təəssüratlarını bölüşüblər.

 

Layihənin ikinci günü Oğuz rayonunun Mədəniyyət Mərkəzində Əli Səttar Quliyevin “Olimpiya” bədii filmi nümayiş olunub. Filmə baş rolun ifaçısı, Xalq artisti Qurban İsmayılovla birlikdə baxan tamaşaçılar daha sonra aktyora suallarını veriblər.

 

Tədbirdə Yeni Azərbaycan Partiyasının Oğuz rayon təşkilatının sədr müavini Mehman Ramazanov da çıxış edərək bu cür layihələrin vacibliyindən danışıb.

 

Oğuz rayonunun Musax Kənd Diyarşünaslıq Evində keçirilən ikinci seansda isə kənd sakinləri gənc rejissor Şirin Əhmədovun “Qütb ulduzu” qısametrajlı bədii və İntiqam Hacılının “Atam, anam, bir də mən” sənədli filmlərinə böyük ekranda baxmaq imkanı qazanıblar.

 

“Şimalda kino günləri” layihəsinin sonuncu günündə şəkili tamaşaçılar əvvəlcə M.F.Axundzadə adına Şəki Şəhər Mədəniyyət Mərkəzində rejissor İlqar Nəcəfin “Suğra və oğulları”, daha sonra isə Şəki “ASAN xidmət” mərkəzinin kinoklubunda Mirsadıq Ağazadənin “Eviniz abad” filmlərinə baxıblar. “Suğra və oğulları” filminin nümayişindən sonra aparılan ənənəvi müzakirələr zamanı rejissor İlqar Nəcəf tamaşaçıların suallarını cavablandırıb.

 

Mədəniyyət Mərkəzinin direktoru Ağaəli Cəlilov isə artıq unudulmaq üzrə olan bir ənənəni dirçəltmək təşəbbüsünə görə Azərbaycan Kinematoqrafçılar İttifaqına minnətdarlığını bildirib və bölgələrdə kinoteatrların yaradılmasının vacibliyindən danışıb.

 

“Ədəbiyyat və incəsənət”

(12.12.2024)

Cümə axşamı, 12 Dekabr 2024 12:00

Yazarlar 2024-cü ili necə uğurlayırlar? - II yazı

Şəfa Vəli, “Ədəbiyyat və incəsənət” portalının Şəki-Zaqatala təmsilçisi

 

    Gedir gedənlər...  Addımladıqları yoldur, amma qoşulub getdikləri zaman. Elə həmin zamanın kölgəsini qoyurlar bizə. Öz aləmlərində təsəlli cümləsi də tapıblar axı: “Zamanla unudarsan...” Və yenə zamanın bir küncündə rast gəlirik onlara, üzlərinə baxır, gözlərinin içinə də gülümsəyirik.  Onda hamımız-bütün gedənlər və bütün qalanlar eyni şeyi anlayırıq: elə həmənkiyik o zamanın küncündə. Zaman da həmənkidir... Yaşananları göstərən ancaq təqvim vərəqləriymiş...

    Nə Jül Vernin Zəkəriyyə ustası zamanın sirrini açdı bizə, nə təqvimin vərəqləri, xanaları. Axşam öz yerindədir, sabah öz yerində. Qışı da gəlir dünyanın bircə çağırışına, yayı da. Bizə qalır elə özümüz...Və özümüzünküləşdirdiklərimiz.

Hər dekabrda özümüzü ovuduruq yol üstdə olan ildə qazandıqlarımızla... Bu qazancın sorağına düşdüyüm yolda rastıma çıxanlar da elə mənimlə həmfikir idi...   Söhbətləşdik,  bir ayağı ömür qapısında olan 2024-cü ili dəyərləndirdik:

 

Şair, nasir Güldərən Vəli:

“2024-cü il mənimçün ədəbi baxımdan yaddaqalan il oldu.  Gəncliyimdən bəri,  şeirlərini sevə-sevə oxuduğum Məmməd İsmayılın yubileyi keçirildi. Şair İradə Aytelin tərtib etdiyi jurnalda sevimli şairimə yazdığım ədəbi məktub yer aldı. Ən gözəl təəssüratım isə bir noyabr günündə Şəkidə Xalq şairi Bəxtiyar Vahabzadənin ev muzeyinə qədəm qoymağım oldu. Şəkinin Yuxarıbaş məhəlləsində, Qurucana çayının sahilindəki o ev, orada şairin yazı masası, əsərləri, əlyazmaları...  Təəssüratım şeirə çevrildi orada:

 

         Gəldim yurd yerinə, böyük sənətkar,

         Şeirinin hər rəngi orada idi.

         Yazı masandakı qələmin ki var,

         Ruhun söz ahəngi orada idi.

 

         O sirdə, sehirdə yazmaq istədim,

         Misra xəyal oldu, qafiyə ümid.

         Sinəmdən bir sevda karvanı keçdi,

         Ərşə əyan oldu qəfilə ümid...

 

         Sonra bir “ah” çəkdim, Kürü qurutdu,

         Sal yandı, yadıma bir muğam düşdü...

         Sənin qəzəlinlə ruhum ovundu,

         Nə yaxşı yurduna bu məqam düşdü...   

        

    ***

 

Yazıçı Tural Cəfərli:

“Bu il mənim üçün yaradıcılıq baxımından məhsuldar və uğurlu oldu. 2024-cü ildə üç kitabım çap olundu. Oxucular tərəfindən maraqla qarşılandı. İki kitabımın ilk nəşri artıq bitib. Bu da müəllif üçün sevindirici haldır. Oxucular tərəfindən müxtəlif rəylər alıram. Rəylərin əksəriyyəti müsbət təsir bağışlayır. Bu da görülən işə verilən ən böyük dəyərdir. Bu il ilk dəfə olaraq kitabımı ön satışdan çapa göndərdim. “Sokratla çayxana söhbətlərim” adlı ilk romanım nəşr olundu. Bu roman yaradıcılığımda xüsusi önəm daşıyır. Çünki ilk dəfə bir yunan filosofunu Azərbaycanda təsvir etməklə, fərqli süjet və ideyanı təqdim etmiş oldum.  Roman oxucuların diqqətini çəkdi. Bu da mənim növbəti romanım üçün stimul oldu. Hesab edirəm ki, on illik yaradıcılıq dövrümdə ən yadda qalan il məhz 2024-cü il oldu”.

 

***

Şair, nasir Pərvanə Kəlağay:

 “Hesab edirəm ki, 2024-cü il yaradıcılığımda məhsuldar il olub. Yanvar ayında mahnıları dillər əzbəri olan, musiqiləri könüllər fəth edən  həmyerlimiz Şəfiqə Axundovanın anadan olmasının 100 illiyinə həsr etdiyim “Elin nəğməkar qızı” publisistik kitabım  Şəkidə keçirilmiş ədəbi-bədii gecədə ictimaiyyətə təqdim edilib. Mart ayında  anamın ruhuna ithaf etdiyim “Əsmaul-hüsna Allahın Gözəl Adları” (poema) kitabım nəşr olunub.

İyun ayında ideya müəllifi və tərtibatçısı olduğum, Azərbaycanın suverenliyi, bütövlüyü uğrunda canından keçmiş şəhidlərin şərəfli ömür yolundan bəhs edən “Vətən Məcnunları” kitabının II hissəsi işıq üzü görüb. “Yeni Azərbaycan” qəzetində 23.07.2024-cü il tarixində istedadlı jurnalist, yazıçı Şahanə Müşfiqin “Pərvanə Məmmədova-Kəlağayı: Vətənpərvərlik mövzusunda yazılan şeirlərimin əksəriyyətində qürur var” adlı yazısı geniş oxucu kütləsinə təqdim edilib. Oktyabr ayında “Ədəbiyyat və incəsənət” portalında  haqqımda yazı dərc olunub, essem yer alıb. 

Milli İrsi Mədəni Tarixi Araşdırmalar Fondu – MİMTA-nın "İşıq" dərgisində dərc olunan, 6 fevral 2023-cü ildə  Türkiyədə baş vermiş zəlzələdə zərər görən insanlara, xilaskar itlərə ithaf etdiyim "Xilaskar Köpük" adlı hekayəm  10 oktyabr 2024-cü il tarixində YAZSADER (Yazarlar və şairlər dayanışma Dərnəyi) tərəfindən keçirilən  beynəlxalq hekayə və şeir müsabiqəsində  hekayə nominasiyası üzrə 3-cü yerə layiq görülüb.

26 ildən artıqdır ki, pedaqoji fəaliyyətlə də məşğul olduğum Şəki Tibb Kollecində tələbə gənclərin bədii ədəbiyyata, söz sənətimizə marağının artmasına cəhd göstərmişəm,  vətənpərvərlik ruhunda tərbiyələnmələrinə şərait yaratmışam. İdeya müəllifi və tərtibatçısı olduğum, müəllifi kollecimizin tələbələri və əməkdaşları, tibb işçiləri olan esselərdən ibarət  “Vətən sizə oğul dedi” (qazilər, veteranlar, müharibə iştirakçıları haqda) kitabımızın  I və II hissəsi  çap prosesindədir”.

 

***

Şair, aktyor  Oğuz Alparslan:

“2024-cü il ömrümə möcüzəvi təqvim ili kimi yazıldı.  Baba oldum...  Bir var qələmin yazdığı hekayə, bir var yaşayaraq yazdığın hekayə. İnsandan sonra bəzən qələmiylə yazdığı deyil, yaşadıqlarıyla yazdığı hekayələr qalır.  Bu dərinliyi dərk edib yenə qələmə sarılmaqdır yazıçının möcüzəsi həm də. 2024-cü ildə, nəhayət, ilk romanımı yazmaq, üzə çıxarmaq üçün cəsarətimi topladım.  Hazırda redaktə prosesindədir. İlin sonuna doğru isə  bir serialda baş rolu ifa etmək təklifi aldım. Təbii, insan həyatı uğur və uğursuzluğun növbələşməsindən ibarətdir. Uğurun qədrini bilməli, uğrusuzluqları həyatımızın “təcrübə” başlıqlı nüsxəsində qeyd etməliyik. 2025-ci ildə  oxucular romanımla görüşəcək...”

 

***

 

      Şair Zülfiyyə Yaqub:

       “2024-cü il ömrümə elə gözəl yazıldı ki... AYB-yə üzv oldum.  Şeirimlə “Mədəniyyət” televiziyasında çıxış etdim. İyun ayında  Şəkidə, Xalq şairi Bəxtiyar Vahabzadənin ev muzeyinin direktoru Elşən Zəkəriyyəbəylinin aparıcılığı ilə çəkilən “Məclisi-şüəra” verilişinin qonağı oldum.  Böyük şairin doğulduğu məkanda olmaq, orada şeirdən danışmaq insanı yeniləyir sanki... Şəki səfərim, həm də, Şəki ədəbi mühiti ilə yaxından tanışlığıma vəsilə oldu.  2024-cü ildə  qızıma və nəvəmə yazdığım şeirlərə musiqi bəstələndi, o mahnılar dillər əzbəri oldu. Sentyabrda Gəncədə keçirilən “Nizami günləri”ndə iştirak etməyim də gözəl xatirəmdir.    Bu il şeirlərim milli mətbuatla yanaşı, qardaş Türkiyə mətbuatında da dərc olundu. Bir qələm adamı bundan ayrı nə istəsin ki zamandan?!”

 

         ***

 

         Yazıçı Əli Rzazadə:

           “2024-cü il  yaradıcılıq baxımından yaddaqalan oldu. AYB-yə üzv qəbul olundum.  Şeirin Cıdır düzündə təbim pərvazlandı,  qələm dostlarımdan yaradıcılığımla bağlı gözəl rəylər aldım.  Şəhid Teymur Abbasovun xatirəsinə həsr etdiyim "Cənab Leytenant" romanım da bu il işıq üzü gördü. Milli Kitabxanada keçirilən kitab təqdimatındakı qələbəlik Azərbaycan xalqının həm ədəbiyyata, həm də şəhid ruhuna olan ehtiramının göstəricisi idi.  Xüsusi qeyd etməliyəm ki, Teymurla tələbə yoldaşı olmuşuq... Tələbəlikdən sonra da aramızdakı bağ qopmayıb.  İndi o yoxdur-əbədiyyət yolçusudur.  Saatlarla etdiyimiz söhbətlər, onun ürəyindəki Vətən sevdasının qəniliyi əziz xatirələrdəndir. “Cənab Leytenant”ı yazmaq, bir növ, könül toxtaqlığı qazanmaq cəhdim idi...”

 

 

         Daxilimizdə böyük uçurumlar var hamımızın... Qələmimiz o uçurumlara körpü olurmu? Bəzən...  Ən əsası isə bizim o körpüdən necə keçməyimizdir: qorxa-qorxa, yoxsa cəsarətlə? Yox, bu sirri açmayaq... Şair, yazıçı o uçurumun dibində də yazıb/yazır/yazacaq. Və yazdıqlarını verəcək zamanın ixtiyarına. İstəyər, başına tumar çəkər, istəyər sözümüzü çarmıxa çəkər zaman. Bəşərik; hər gün zamana ayrı don geyindirə-geyindirə, gah onun doğması, gah da ögeyi ola-ola günləri keçirəcəyik oyuqdan.  Oyuqmu? Tanımaq üçün həmmüəllifi olduğum “Qələmli və qələmsiz: Rəşad Məcid portreti”” kitabındakı “Zaman oyuğunda şair neyləyər?” adlı yazını oxuya bilərsiniz...

 

“Ədəbiyyat və incəsənət”

(12.11.2024)

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə BİRİ İKİSİNDƏ layihəsi bu dəfə dahi Azərbaycan şairi Məhəmməd Füzuliyə həsr edilib.

 

On altıncı əsrdə ərəb İraqında dərin bir nalə qopurdu, o nalə bir Azərbaycan şairinin naləsi idi.

On altıncı əsrdə ərəb İraqında böyük bir ürək çırpınırdı, o ürək bir Azərbaycan şairinin ürəyi idi.

O nalənin sədası bizə bütün mənasilə hələ indi çatır. O ürəyin çırpıntısını bütün mənasilə biz hələ indi eşidirik.

On altıncı əsrdə bir daha Azərbaycan şairi “Oyadar xəlqi əfqanım” deyə bizə xitab edirdi. O əfqan bütün mənasilə bizi hələ indi oyatmağa başlamışdır.

O nalənin böyük mənasını, o qəlbin dərin hisslərini, o əfqanın xalqına xitabını layiqincə, Füzuli mərifətilə biz əsl indi duyuruq, indi anlayırıq. Füzulinin dilini, sənətini, onların sonsuz gözəlliklərini biz əsl indi mənimsəməyə başlayırıq.

Dili və ədəbiyyatı qaranlıq əsrlər içində İsfaraindən Sivasa qədər işıq saçan, Şirvandan İraqa qədər gurlayan Azərbaycan xalqının o böyük şairini biz indi daha yüksək qiymətləndirməliyik. Füzuli öz dühasının qiymətini bizdən əsl indi almalıdır. Onun ölməz sənətində hələ minlərcə çözülməmiş düyünlər, minlərcə açılmamış mənalar, minlərcə anlaşılmamış obrazlar bizi gözləyir.

Qəlbim mənə deyir ki, tarixçilərimiz bizə Füzuli İraqının, on altıncı əsr Bağdad vilayətinin, oradakı azəri dili sahəsinin tarixini daha aydın işıqlandırmalıdırlar.

Qəlbim mənə deyir ki, ədəbiyyatşünaslarımız Füzuli dühasının o qədər mürəkkəb, o qədər rəngarəng sənətini, o sənətin tükənməz bədii sərvətlərini, hər sözü ürək xəzinəsinin bir gövhəri olan Füzuli misralarının sirlərini, Füzuli beytlərindəki təqlidolunmaz obrazları, təkraredilməz istiarələri, xəyalasığmaz təşbehləri, bir-birini izləyən və bir-birinə sarmaşan ağlagəlməz məcazları açıb xalqa daha ətraflı göstərməlidirlər.

Qəlbim mənə deyir ki, dilçilərimiz Füzuli dilinin o qədər zəngin lüğətini, sözlərindəki qövsi-qüzeh kimi parıldayan rəngarəng mənaları, o qədər zəngin qrammatikasını, onun fonetikasındakı səslərin müxtəlif ahənglərini, müxtəlif dərəcəli saitlərini, uzanıb-qısalan, enib-qalxan, büllur bulaq kimi axan söz musiqisinin incəliklərini daha dərindən öyrənməlidirlər.

Qəlbim mənə deyir ki, bəstəkarlarımız, musiqişünaslarımız Füzuli şeirinin dənizindəki füsunkar dalğaların simfoniyasını, onun duyan ruhları heyran edən sənətindəki pərdələri hələ layiqincə açıb xalqa çatdırmamışlar. Onun sözləri saz, sazları söz edən və başdan-başa ruhun qidası olan qəzəllərini daha Füzuliyanə bəstələməlidirlər.

Qəlbim mənə deyir ki, müğənnilərimiz, artistlərimiz, xanəndələrimiz, deklamatorlarımız Füzuli şeirlərini necə inşad etməyi, onlardakı incə, bədii duyğuları, hissləri, gözlə görünməz, əllə tutulmaz gözəllikləri öz səslərində xalqa, dinləyicilərə necə çatdırmağı, qəzəllərin vəzn növlərini onların mənaları ilə necə bağlamağı, müxtəlif tipli vurğuları hansı qəzəllərin hansı misrasına və hansı misranın hansı sözünə, hətta hansı sözün hansı hecasına, hansı səsinə qoymağı daha dəqiq öyrənməlidirlər.

Qəlbim mənə deyir ki, rəssamlarımız Füzulinin əsərlərindəki əlvan-əlvan surətləri xəyallarında daha gözəl canlandırmalı, onlardakı Fərhadlı dağları, Məcnunlu səhraları, ürəklərin aynalarından baxan Leylivəş gözəlləri, hicran gecələrində şam kimi yanan qəlbləri, məşuqənin al yanaqları qarşısında aşiqin qanlı görünən göz yaşlarını, qəfəs küncündə gülzar istəyən nalan bülbülləri, Füzulinin baharı təsvirini, qış qəsidəsini, onlardakı saysız boyalı mənzərələri təsəvvürlərinin karxanasına daha Füzuliyanə salmalıdırlar...

Qəlbim deyir ki, alimlərimiz, sənətkarlarımız, şairlərimiz özlərini böyük Füzuliyə hələ çox borclu bilməlidirlər.

Füzuli öz xalqının, Azərbaycan xalqının başını dünya qarşısında dikəldən, onu dünyanın ən mədəni, ən məğrur xalqları sırasına qaldıran dahi şairimizdir. Şərqin və Qərbin xalqları Füzulini tanıyırlar və ona Azərbaycan şairi deyirlər. Qoy o xalqlar görsünlər ki, Azərbaycan xalqı da ölməz şairini qəlbinin bütün həyəcanıyla sevir, beyninin bütün girinti-çıxıntıları ilə anlayır və qiymətləndirir...

 

1957

 

“Əkrəm Cəfər. Yandım avazeyi-eşqinlə sənin” (Bakı, 2010) kitabından

 

“Ədəbiyyat və incəsənət”

(12.12.2024)

Cümə axşamı, 12 Dekabr 2024 11:16

Salonikidə Ulu Öndər Heydər Əliyev anılıb

Yunanıstanın Saloniki şəhərində müasir Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin anım günü münasibətilə tədbir keçirilib.

 

“Ədəbiyyat və incəsənət” portalına Diasporla İş Üzrə Dövlət Komitəsindən verilən məlumata görə, komitənin və Azərbaycanın Yunanıstandakı Səfirliyinin dəstəyi, “QALA" Yunanıstan-Azərbaycan Dostluq Cəmiyyətinin təşkilatçılığı ilə baş tutan tədbirdə Azərbaycanın Yunanıstandakı səfiri, Türkiyənin və Gürcüstanın Saloniki şəhərindəki baş konsulluqlarının əməkdaşları, yerli QHT-nin üzvləri və ictimaiyyətin nümayəndələri iştirak edib.

Qonaqları salamlayan "QALA" Yunanıstan-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Rəşid Məmmədov müasir Azərbaycan dövlətinin qurucusu, Ümummilli Lider Heydər Əliyevin xalqımız qarşısındakı tarixi və misilsiz xidmətləri barədə tədbir iştirakçılarına məlumat verib. Ulu Öndərinin xatirəsinin Yunanıstanda hörmətlə anıldığını vurğulayıb.

Azərbaycanın Yunanıstandakı səfiri Arif Məmmədov dünyanın nüfuzlu siyasətçiləri arasında xüsusi yer tutan Heydər Əliyevin parlaq və şərəfli həyat yolundan, çoxşaxəli dövlətçilik fəaliyyətindən, müasir Azərbaycan dövlətinin müstəqilliyinin əldə olunması, qorunması və möhkəmləndirilməsində əvəzsiz və müstəsna rolundan danışıb. Heydər Əliyevin siyasi kursunun Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırıb.

Daha sonra iştirakçılar Ulu Öndərin həyat və yaradıcılığına həsr olunmuş  foto-sərgiyə baxıblar.

 

“Ədəbiyyat və incəsənət”

(12.12.2024)

“Ədəbiyyat və incəsənət” portalı PORTAL AKADEMİYASInda növbəti, üçüncü abituriyent kurslarına davam edir. Həyatda necə uğur qazanmalı, hədəfi necə seçməli, hədəfə doğru necə irəliləməli, necə lider olmalı – bu sayaq suallar hər birinizi düşündürür, bilirik. Onlara PORTAL AKADEMİYASI məşğələlərinə qatılmaqla çavab tapacaqsınız. Rubrikanı millət vəkili, motivasiya spikeri, yazıçı Əlibala Məhərrəmzadə aparır.                           

 

Ta qədimdən filosoflar, yazıçılar, dövlət xadimləri uğur barədə, məqsəd və hədəfə çatma yolları barədə fikirlər söyləmiş, rəy bildirmişlər. Bu söylənilənlərdən ən qiymətliləri aforizim halını almış, tarixin sınağından çıxaraq bu günə qədər gəlib çıxmışdır.

Bu aformzmləri elə bircə dəfə oxumaq insana bəs edir ki, fikir təlatümlərindən qopub müəyyən qərarları qəbul etsin, özünə lazımi keyfiyyətlər aşılasın, uğura, məqsədə doğru gedən düz yolu tapıb inamla, qətiyyətlə irəliləməyə nail olsun. Bu cür kəlamlardan bəziləri, düşünürəm ki, uğura doğru yolunuza işıq tuta bilər. Odur ki, məşğələlərin başlanğıcında uğur barədə aforizmlər seçməsi verməyi məqsədyönlü hesab edirəm.

Beləliklə, növbəti 10 aforizm:

 

Kamalındır dövlətin, kamalına arxalan.

N.Gəncəvi

 

Uğur qazanıb yolunu azmayan adam, başqa uğurlar da qazanar.

H.Laski

 

Babanın kim olması deyil, onun nəslinin necə olması əhəmiyyətlidir.

A.Linkoln

 

Uğur qazanmaq üçün əlimizdən gələn hər şeyi etdiyimiz halda, xoşbəxt olmaq üçün heç bir səy göstərmirik.

Lukian

 

Viktor Hüqodan: «Uğur qazanmaq üçün əhəmiyyətli olan nədir: pul, iş ya ağıl?», - deyə soruşduqda, o demişdir: «Təsəvvür edin ki, üçtəkərli maşınınız var. Sizcə, təkərlərdən hansı daha əhəmiyyətlidir?»

Naməlum

 

Uğur istedad, zəhmət və bəxtin birliyindən yaranır.

Naməlum

 

Uğur qazanmaq üçün böyük səbr tələb olunur.

Napoleon

 

Uğur və sevgi cəsurların tərəfindədir.

P.Ovidi

 

Uğur başda əks-səda verir, uğursuzluq ürəkdə.

L.Piter

 

Hər bir insan öz uğurunun memarıdır.

Q.Sallyusti

 

Düşünürəm ki, yadınızda yaxşı qalsın deyə bu gün üçün 10 aforizm bəsinizdir. Davamı da sabah olacaq.

 

Şəkildə: A.Linkoln


“Ədəbiyyat və incəsənət”

(12.12.2024)

 

Cümə axşamı, 12 Dekabr 2024 10:44

I Bakı Kitab Festivalı keçiriləcək

19 – 22 dekabr tarixlərində “Azərbaycan Nəşriyyatları Assosiasiyası” İctimai Birliyi və Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı ilə ANAİB I Bakı Kitab Festivalı keçiriləcək.

 

“Ədəbiyyat və incəsənət” portalıxəbərverirki, festivalBakı ƏlOyunları Sarayındabaş tutacaq.

“Yeni ilə yeni kitablarla!” şüarı ilə keçiriləcək festivala ANAİB üzvü olan nəşriyyatlarla yanaşı digər nəşriyyatlar da qatıla, öz kitablarını təqdim edə bilərlər. Yeni il əhval-ruhiyyəsində keçiriləcək sərgidə minlərlə kitab 90 %-dək endirimlə təklif olunacaq, tanınmış yazıçıların, şairlərin təqdimat və imza mərasimləri, məşhurlarla görüşlər, şeir saatları, uşaqlar üçün nağıl saatları təşkil ediləcək.

Son illərdə keçirilən sərgilərin formatına əlavə kimi festivalda yerli qəzet və jurnallar stendlə təmsil olunacaq.

Dörd gün davam edəcək festival hər gün 10:00-dan 20:00-dək oxucuların üzünə açıq olacaq.

Festivalda 30-dan çox nəşriyyatın iştirakı gözlənilir.

Giriş sərbəstdir.

 

“Ədəbiyyat və incəsənət”

(12.12.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.