Super User

Super User

“Ədibin Evi” Ədəbiyyata Dəstək Fondunun təşkil etdiyi Mir Cəlal adına V Hekayə Müsabiqəsi də tarixə qovuşdu. Finalçılar arasından, ümumən isə müsabiqəyə 258 əsər təqdim edən 211 müəllifin arasından 6 mükafatçı seçildi.

 

3-cü yer

 Turan Uğurun “Əbabil Quşu” hekayəsi;

 Həmid Piriyevin “Müjdə” hekayəsi;

  Xatirə Nurgülün “Bilalın Qayıdışı” hekayəsi;

 

2-ci yer

 Elnur Məmmədlinin “Kəkələmə” hekayəsi;

 Ömər Xəyyamın “10410-cu gün” hekayəsi;

 

1-ci yer

  Sərvanə Dağtumasın “Körpənin intiharı” hekayəsi.

 

Qalib hekayələr geniş oxucu kütləsinə "Azərbaycan" jurnalının iyun sayında təqdim ediləcək. Seçmə hekayələri isə “Ədəbiyyat və incəsənət” portalınada yayımlayırıq.

  

FƏRİD SADİQ

 

UROBOROS

və ya qurtuluşun olmadığını anlamağın gətirdiyi məyusluq

 

Güzgüyə baxıb bəzi detallarda fərqlilik olduğunu sezirdim. Əsas da gözlərimin rəngi dəyişmişdi. İndi daha çox bataqlıq ilə zümrüd rənglərinin qarışığı olan qeyri-müəyyən bir çalar formalaşmışdı. Bundan əvvəl mavi idilər. Öz təbii rəngi isə qonurdu – bioloji valideynlərimdə olduğu kimi. Niyə bioloji? Çünki məni uşaqlıqdan böyüdənlərin sayı ikidən daha artıq idi. Hətta iyirmidən, bəlkə də yüzdən artıq deyərdim. Hər zaman eyni cütlüyün ailəsində dünyaya göz açırdım. Amma hadisələrin sonrakı inkişafı müxtəlif yollarla gedirdi. Bəzən valideynlərimlə yaşayırdım. Hərdən də onlardan birini və ya hər ikisini eyni vaxtda itirib, uşaq evinə düşürdüm. Övladlığa götürüldüyüm vaxtlar da az olmayıb. Belə olan halda, hər dəfə fərqli bir ailəylə yaşamalı olurdum. Bu hadisəyə lotereya adını qoymuşdum. Aralarında yaxşıları da var idi, lakin çox vaxt uşaq arzusunda olub, uşaqla necə davranmalı olduğunu bilməyən insanların himayəsinə verilirdim. Təbii ki, uşaqla həyatlarındakı boşluqları doldurmaq ümidi ilə internatlara müraciət edən insanların sonrakı ümidsizliyi tamam ayrı mövzudur.

 Ailə üzü görmədiyim vaxtlar da olurdu ki, indi bütün bunların müzakirəsi əhəmiyyətsizdir. Vacib olan mənim müxtəlif həyatlar yaşamağımdır. Bunun səbəbini soruşsanız, cavab verə bilməyəcəm - səbəbi heç özümə belə bəlli deyil. Sadəcə bir mexanizm var ki, zamanı hər kəs üçün düz xətt kimi çəkdiyi halda, mənim üçün sonsuz spiral formasına salıb. Lap öz quyruğunu dişləyən ilan – uroboros kimi.

 İT ilə məşğul olanların “loop” dediyi fenomeni mən reallıqda yaşayıram. Amma bu əslində səsləndiyi qədər dəəyləncəli deyil. Fantastik film və kitablarda olduğu kimi macəralarla da dolu deyil. Əgər zühurum hər dəfə müxtəlif məkan və zamanlara təsadüf etsəydi, məsələyə bir az rəng qatmaq olardı. Amma bu hər dəfə29 sentyabr 1977-ci il, Kaluqa vilayəti, Borovsk şəhəri, 1 nömrəli doğum evində baş verirdi. Ən ağrılısı anamın doğuş əsnasında öldüyü zamanlardı. Anamı itirdiyimiz vaxtlar atam adətən elə həmin gündən içkiyəqurşanır, bir il keçməmiş məni internata yola salırdı. Hərdən isə evdən çıxıb, bir daha geri qayıtmırdı. Qonşular da sanki bunu gözləyirmiş kimi, məni küçəyə atıb, evi mənimsəyirdilər. Növbəti “zühurlarımın” birində həmin qonşuların birindən qisas da almışdım. Amma sonradan, sonsuz həyat təcrübəm artdıqca, insanlara kin bəsləmək kimi hisslərdən də azad oldum. Nə isə ki, senarisi pis yazılmış komediyatək, hər yeni həyatım absurd, amma heç də gülməli olmayan hadisələrlə dolu keçirdi.

 Maraqlı bir detal var ki, onu heç cür buraxa bilmərəm. Əks halda bütün danışdıqlarım mənasını itirmiş olacaq. İş ondadır ki, şüurum formalaşmağa başladığı andan bütün keçmiş həyatlarımı, təcrübələrimi xatırlamağa başlayıram. Beş yaşlı uşağın sərxoş ataya məsləhət verdiyini təsəvvür edin. Məsləhətlər isə nə 5, nə də 50, 500 yaşlı insanın məsləhətləri olurdu əslində. İndi isə siz özünüzü zavallı atamın yerinə qoyun. İçkinin təsirindən ayılan kimi nə baş verdiyini anlamağa çalışırdı. Məni çağırıb sorğu-sual edirdi. Əvvəllər özümü “uşaqlığa” vursam da, sonradan oyun oynamağa olan həvəsim azaldı. Eşitdiklərindən saçı ağaran atam isə məni o saat uşaq evinə təhvil verib, bütün əlaqələri kəsirdi.

 Başlanğıcda hər şey çox çətin idi. Brejnevin tabutunun Moskva küçələrində necə daşındığının sonsuz sayda şahidi olmaq hər adama qismət olmur. HələBerlin divarının dağılmasını demirəm. Təzə-təzəsuvenirlər də yığırdım hətta. Berlin divarından qopan kiçik bir parçanı uzun müddət özümlə gəzdirdim. Buddistlərdən yadigar qalan antik təsbeh, Triada üzvünün bağışladığı, möhtəşəm işləmələrlə bəzədilmiş bıçaq və bunun kimi, dünyanın müxtəlif nöqtələrindən əldə olunan minlərlə suvenir... Zamanla hər dəfə ciddi-cəhdlə mənalandırmağa cəhd etdiyim simvollar, inanmağa çalışdığım təriqətlər, topladığım var-dövlət vəsairə, bir sözlə hamısı mənasını itirməyə başladı. Var-dövlətin mənbəyini də deyə bilərəm. Mərc oyunları. Xüsusən də oyunun nəticəsini əvvəldən bilirsənsə. Əgər nə vaxtsa mənim yerimdə olsanız, pul mənbəyini tapmaq üçün başınızı çox yormayın. Qumar və onun müxtəlif formaları tarixin hər dönəmində yaxşı qazanc mənbəyi sayılıb. Sadəcə vaxtaşırı bilərəkdən səhv etməyi və ara-sıra “kontoranı” dəyişməyi unutmayın.

 İllər öncə “prokrastinasiya” sözünün izahını lüğətdə axtarmışdım. Mənasını da təqribən anlamışdım, amma tam o terminə uyğun vəziyyəti yaşadığımı yadıma sala bilmirdim. Ta ki, həqiqətən də o anlayışı bir sözdən ibarət formaya salan insan kimi, həmin vəziyyəti bütün çalarları ilə yaşayana qədər. İlk 20, bəlkə də 30 həyatımda xroniki depressiya, bipolyar pozuntu, apatiya kimi problemlərdən tam uzaq olduğuma əmin idim. Dünyada o qədər gəzəsi yerlər, görəsi işlər var ikən həyata ağ-qara tonlarla baxmağın ərköyünlükdən başqa bir şey olmadığına inanırdım. Eynilə sizin bir həyatınız olduğuna inandığınız kimi. Amma heç vaxt “heç vaxt” demə və heç vaxt bolluq içində hərəkət etmək üçün motivasiyası olmadığından acından ölən birinə gülmə.

 Bütün mənaların gücünü itirdiyi bir dönəmdə ilahi missiyamı insanları xilas etməkdə tapmışdım. Tarix boyu etdiklərinin qarşılığını nə vaxtsa alacaqları ümidi ilə yaşayan insanlardan fərqli olaraq, xeyirxah əməllərimin əvəzini almaq kimi bir imkanım yoxdur. Bəlkə də ölümsüz olsaydım, bunu eləəvvəldən verilən hədiyyə kimi qəbul edər, özümü məni ali mükafatla təltif edən qüvvələrə xidmət etməkdə tapardım. Amma bəzi fərqlərlə eyni həyatı yaşamağın verdiyi əziyyəti yazı ilə izah edə bilmirəm. Heç danışaraq da edə bilmərəm. Bəzi inanclarda cəhənnəm məhz bu cür təsvir olunur – insan eyni həyatı və hadisələri təkrar-təkrar yaşayır. Həmin an nəo yaşamı bitirə bilirsən, nə də ki hadisələrin gedişatına təsir edə. Məncə bağışlanmaz günah işlədən üçün belə, bu çox ağır cəzadır.

 Haşiyəyə çıxdım. Demək, yeni məna tapmışdım. Növbəti addımımı qətiləşdirmək axtarışında gözüməAlp dağlarında baş verən təyyarəqəzası sataşdı. Çox sayda insanın həyatını itirdiyi qəzada günah ikinci pilot Andreas Lyubiçdə idi. O, komandirin pilot kabinəsinə girişini əngəlləyib, təyyarəni bilərəkdən dağa çırpmışdı. Səbəb kimi isə Lyubiçin həmin an depressiyadan əziyyət çəkməsi göstərilmişdi. 150 günahsız insan bir nəfərin emosional boşluğunun qurbanı ola bilməzdi.

 Qəzanın qarşısını almaq üçün qurduğum planı üçüncü dəfədən həyata keçirə bildim. Lyubiçlə dostlaşmağı bacarmışdım. Onu başqa cür zərəsizləşdirmək imkanlarını heç nəzərdən belə keçirmədim, çünki mənə görə bir insanla milyon insanın həyatı eyni dərəcədə önəmlidir. Qısası, dostum qəza günü mənimlə birgə xizək sürdüyü üçün reysə başqa pilot təyinat almışdı. Xoşbəxtlikdən özümə yer tapa bilmirdim. Yeni Məsih adlandırıla biləcək qədər önəmli bir addım atmışdım - 150 insanın həyatının xilaskarına çevrilmişdim. Onlarsa mənim heç adımı belə bilməyəcəkdilər. Bəlkə də bir gün öyrənəcəkdilər. Hər şey eqomun nəqədər böyüyəcəyindən asılı idi.

 Təyyarə həmin gün Alp dağlarına çırpılmadı. Amma eniş zamanı dispetçerin səhvi ucbatından uçuş zolağında daha bir təyyarə peyda olmuşdu. Enişdə olan təyyarəson anda toqquşmadan yayınsa da, digəri imkan tapmayıb yanacaq çəninə çırpıldı. Nəticədə həmin gün dünya 150 yox, 272 insanın həyatını itirməsinin şokunu yaşadı. Nəyisə düzgün hesablamamışdım. “Kəpənək effektinin” nəticəsi olduqca ağır olmuşdu. 24 mart 2015-ci ildə - paralel reallıqda əcəl tamamilə başqa insanları özüylə apardı.

 Baş tutmayan planımın nəticəsindən düşdüyüm şokdan özümə gələn kimi yenidən hərəkət etməli olduğumu anladım. Fikrimdən bu qədər asanlıqla dönməməkdə israrlı idim. Kütləvi tələfatla nəticələnən qəzaları buraxıb, daha kiçik çaplı hadisələrə köklənməyəqərar verdim. Nekroloqları izləyirdim. Qəzaların baş verdiyi yerlərə öncədən gəlib, avtomobilləri toqquşmadan yayındırırdım. Ağır xəstəliyə tutulmağından bixəbər insanları anonim şəkildə xəbərdar edirdim. Hamısı olmasa da, bəziləri deyilənləri ciddiyə alıb, ömürlərini uzadırdılar. Yanğın hadisələrinin qarşısını aldığım vaxtlar da az olmayıb. İşiməo qədər aludə olmuşdum ki, bir qədər də canfəşanlıq etsəm, dünya artıq gözəgörünməz xilaskarın varlığından şübhələnəcəkdi.

 Bir neçə dəfəxoşagəlməz cinayətlərin qarşısını da almışam və həmin hadisələr uzun illər qürur mənbəyim olub. Amma müraciətimi azyaşlıların da oxuya biləcəyindən ehtiyat edib, bəzi təfərrüatları buraxmaq məcburiyyətindəyəm.

 Qəhrəmalıq qərarını verdiyim andan etibarən, 90 ildən bir qədər artıq vaxt ərzində bir çox hadisələrə şahidlik edib, bədbəxtliklərin qarşısını aldım. Əməllərimin nəticəsi barədə təkcə onu deyə bilərəm ki, təyyarə hadisəsində olduğu kimi burada da bir xeyli məntiqsizlik və uyğunsuzluqla qarşılaşdım. Bəzi hallarda heç nə baş vermirdi - olmayan qəzalarda həyatlarını itirməyən insanlar sadəcə yaşamlarına davam edib, sakitcə də onu bitirirdilər. Amma bəzən az qala qlobal bədbəxtçiliklərə gətirib çıxara biləcək hadisələr baş verirdi ki, bunun da səbəbkarı birbaşa və ya dolayı yolla “xilas” olunanlar olurdu. Son ana qədər qanunauyğunluqları anlamağa çalışırdım. Sonda heç bir alqoritmin olmadığına əmin olmaq üçün az qala bir əsr vaxtım getdi.

 Yuxarıda qeyd etdiyim kimi təfərrüatlara girmək istəmirəm. Heç məqsədim də o deyil. Sonu görünməyən həyatımda səhərlər yatağımdan qalxmaq üçün sonuncu səbəbimi də itirmişəm. Ən çətin vəziyyətdə belə son çıxış yolu olanlara qibtə edirəm. Yazmaqda məqsədim də elə bunu bildirməkdir. Heç həyatın qısa olduğuna sevindiyiniz vaxtlar olub? Olmayıbsa, onda zorla məna qatmağa çalışdığınız həyatınızdan dincələndə bir az da bu barədə düşünün.

 Hal-hazırda 9 yaşım var. Televizorda Qorbaçovun çıxışını göstərirlər. SSRİ xalqlarının dostluğundan danışır. Çox pafoslu çıxışdır, amma bir neçə il sonra baş tutacaq hadisələr hər kəsi olduqca təəccübləndirəcək.

  

P. S. Daha nələr yazmalı olduğumu bilmirəm. Seçimin çox olmağı da əslində ziyandır, çünki, doğru seçimi olduqca çətinləşdirir. Ortalama üst-üstə dörd min il yaşamışam. Sizin ağsaqqal adlandırdığınız insanlar kimi gələcək nəsillərə həyat barədə məsləhətlər verə bilərdim, amma bu illər ərzində dəyişilməz və mütləq sayılacaq həqiqətləqarşılaşmamışam.

 Sevgi? Xeyirxahlıq? Xoşbəxtlik?

 Bəlkə də bunları tam anlayacaq qədər uzun yaşamamışam hələ. Deyilənə görə həyatı bir uşaqlar yaxşı anlayır, bir də qocalar. Mən isə yəqin ki, hələ də hekayənin ortasındayam.

  

“Ədəbiyyat və incəsənət”

(19.06.2026)

 

 

 

Bakı şəhər Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) MŞ.Vazeh adına Mərkəzi Kitabxanasında Mədəniyyət Konsepsiyasının icrası ilə əlaqədar həyata keçirilən “Kitablar səltənətinin inciləri” adlı mütaliə silsiləsindən tariхi rоman və hеkayə ustası, dramaturq, publisist, ədəbiyyatşünas, fоlklоrşünas, tariхçi-еtnоqraf və tərcüməçi Yusif Vəzir Çəmənzəminlinin “Toy” hekayəsi təqdim olunur.

 

Bu barədə “Ədəbiyyat və incəsənət”ə kitabxanadan məlumat verilib.

 

“Bizim məqsədimiz və amalımız Azərbaycanımızdır”, – deyən Yusif Vəzir Çəmənzəminli 12 sentyabr 1887-ci ildə Şuşada anadan olmuşdur. Böyük romanlar, bir-birindən maraqlı hekayələr müəllifi olan Y.V.Çəmənzəminli Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasında, onun daxili və xarici siyasətinin formalaşmasında böyük və əhəmiyyətli rol oynamışdır. “Yeddi hekayə”, “Həyat səhifələri”, “Arvadlarımızın halı”, “Qanlı göz yaşları”, “Ana və analıq”, “Studentlər” və s. kitablar müəllifi olan Çəmənzəminli eyni zamanda elmi-nəzəri əsərlər müəllifidir. 

“Toy” hekayəsində dövrün qadın və qızlarının istəyi nəzərə alınmadan yaşlı və çoxuşaqlı əzazil kişilərə ərə verilməsindən söhbət açılır. Əsərin mərkəzində adından da göründüyü kimi, ənənəvi bir toy mərasimi dayanır. Hekayədə toy hazırlıqları, qonaqların rəftarı, adətlərin bəzən kor-koranə icra olunması və bu fon daxilində yaşanan insan dramı ön plana çəkilir. Lakin Y.V.Çəmənzəminli bu toyu sadəcə bir şənlik kimi deyil, cəmiyyətin daxili ziddiyyətlərini, insanların xarakterini və dövrün eybəcərliklərini üzə çıxaran bir güzgü kimi təqdim edir.

Yazıçı Şahzadə İldırım “Toy” hekayəsindən bir parça səsləndirir və yazıçının əsərlərini oxumağı tövsiyə edir.

Videoçarx aşağıdakı keçiddə təqdim olunur:

https://www.youtube.com/watch?v=nb-TbopksdM

 

“Ədəbiyyat və incəsənət”

(19.06.2026)

 

 

Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, “Böyük İpək Yolu” Beynəlxalq Gənclər İttifaqı və Ümumçin Gənclər Federasiyasının birgə əməkdaşlığı ilə Çinin Şanxay və Uhan şəhərlərində beynəlxalq səviyyəli gənclər proqramları təşkil olunub. Proqramlar “Qlobal Gənclərin İnkişaf Proqramı” çərçivəsində həyata keçirilib.

 

“Ədəbiyyat və incəsənət” portalına Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, Şanxayda “Gənc sahibkarlar və startap yaradıcıları akselerasiya” mövzusunda keçirilən təlimə İpək Yolu coğrafiyasından olan gənc sahibkarlar, startap təsisçiləri və innovativ layihələrin müəllifləri qatılıb. Onlar texnologiya, innovasiya, süni intellekt, sağlam həyat tərzi, davamlı istehsal, yaradıcı iqtisadiyyat, müasir media, musiqi, mədəniyyət, iqtisadi inkişaf, sahibkarlıq və könüllülük istiqamətləri üzrə fikir mübadiləsi aparıblar.

Daha sonra Uhan şəhərində Dünya Gənclərinin İnkişaf Forumu (World Youth Development Forum – WYDF) öz işinə başlayıb. 5-ci dəfə təşkil olunan forum dünyanın müxtəlif ölkələrindən gənc liderləri, sahibkarları, siyasətçiləri, tədqiqatçıları və beynəlxalq təşkilatların nümayəndələrini bir araya gətirib.

Forumda Şanxayda keçirilən Akselerasiya Təlim Proqramının nəticələri də açıqlanıb. Seçilmiş iştirakçılar öz startap layihələrini beynəlxalq auditoriyaya təqdim edib, innovativ təşəbbüsləri barədə məlumat veriblər. Tanınmış sahibkar, “Xiaomi” şirkətinin təsisçisi Lei Jun gənc sahibkarların layihələrini qiymətləndirib, innovasiya və sahibkarlıq sahəsində öz təcrübəsini iştirakçılarla bölüşüb.

Bununla yanaşı, “Yaradıcı iqtisadiyyat və müasir mədəniyyət” adlı tematik sessiya olub. Sessiyada “Böyük İpək Yolu” Beynəlxalq Gənclər İttifaqının prezidenti, soydaşımız Aytən Əliyeva çıxış edərək, sosial medianın müasir mədəniyyətin ayrılmaz hissəsinə çevrildiyini vurğulayıb. O bu platformaların cəmiyyətə təsirinin həm müsbət, həm də mənfi tərəflərinin nəzərə alınmasının vacibliyini diqqətə çatdırıb.

Yekunda Dünya Gənclər İnkişaf Federasiyasının İdarə Heyətinə növbəti seçkilər keçirilib. Aytən Əliyeva yenidən təşkilatın İdarə Heyətinin üzvü seçilib. Eyni zamanda, Gənclər Bəyannaməsi qəbul olunub. Sənəddə gənclərin dayanıqlı inkişaf, innovasiya, sahibkarlıq, könüllülük və beynəlxalq əməkdaşlıq sahələrində rolunun gücləndirilməsi ilə bağlı çağırışlar yer alıb.

 

“Ədəbiyyat və incəsənət”

(19.06.2026)

17 iyun 2026-cı il tarixində  F.Köçərli adına Respublika Uşaq Kitabxanasının təşkilatçılığı ilə Azərbaycan uşaq ədəbiyyatının  görkəmli şairi, yazıçı, dramaturq və maarif xadimi Abdulla Şaiqin anadan olmasının 145 illiyi münasibətilə  “Söz dünyasına səyahət” adlı tədbir keçirilib.  Bu barədə  “Ədəbiyyat və incəsənət”ə kitabxanadan məlumat verilib.

   

Tədbirdə 83, 187 nömrəli tam orta məktəbin şagird və müəllim heyəti, Abdulla Şaiq ev-muzeyinin rəhbəri, ədibin nəvəsi Ülkər Talıbzadə,  3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi (UGİM)-in direktoru  Qəti Lalə,  Nizami adına Ədəbiyyat İnstitutunun  uşaq ədəbiyyatı şöbəsinin  dosenti  fil.ü.f.d.İlhamə Ağazadə, uşaq yazıçıları Solmaz Amanova,  Gülzar İbrahimova və digər  qonaqlar iştirak ediblər.

Tədbirdə çıxış edən F. Köçərli adına Respublika Uşaq Kitabxanasının direktoru Şəhla Qəmbərova qonaqları salamlayaraq Abdulla Şaiqin Azərbaycan uşaq ədəbiyyatının inkişafında müstəsna xidmətlər göstərdiyini bildirib. O qeyd edib ki, böyük ədibin əsərləri bu gün də öz aktuallığını qoruyur, uşaqların mənəvi dünyasının formalaşmasında mühüm rol oynayır. Direktor kitabxana tərəfindən milli ədəbi irsin təbliği və gənc nəslin klassik ədəbiyyat nümunələri ilə yaxından tanış olması istiqamətində həyata keçirilən layihələrə xüsusi önəm verildiyini vurğulayıb.

Ədibin nəvəsi Ülkər Talıbzadə çıxışında qeyd edib ki,  “Abdulla Şaiq ömrünü xalqının maariflənməsinə, uşaqların savadlı və vətənə layiqli vətəndaş kimi yetişməsinə həsr etmiş böyük ziyalılardan biridir. Onun əsərlərinin bu gün də uşaqlar tərəfindən sevgi ilə oxunması və səhnələşdirilməsi yaradıcılığının daim yaşadığını göstərir. Belə tədbirlər gənc nəslin milli-mənəvi dəyərlərimizə bağlı ruhda formalaşmasında mühüm rol oynayır”. O, həmçinin F. Köçərli adına Respublika Uşaq Kitabxanasına Abdulla Şaiqin 145 illik yubileyi münasibətilə keçirilən tədbirə və yaradılmış elektron məlumat bazasına görə təşəkkürünü bildirərək bu cür layihələrin böyük ədiblərin irsinin gələcək nəsillərə çatdırılması baxımından xüsusi əhəmiyyət daşıdığını vurğulayıb.

   Tədbirin bədii hissəsində 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi (UGİM)-in “Çiçəyim” uşaq teatrının dərnək üzvləri Abdulla Şaiqin yaradıcılığından nümunələr təqdim ediblər. Uşaqlar “Tülkü həccə gedir”, “Həpimiz bir günəşin zərrəsiyik”, “Altın oğlu”, “Lay-lay”, “Ana” və “A gülüm” əsərlərini  səsləndirmiş, həmçinin  “Tık-tık xanım” kompozisiyasını təqdim ediblər.

   Tədbir çərçivəsində F. Köçərli adına Respublika Uşaq Kitabxanasının Ölkəşünaslıq və Milli Ədəbiyyatın Təbliği Şöbəsi tərəfindən hazırlanmış Abdulla Şaiqin 145 illiyinə  həsr olunmuş elektron məlumat  bazasının təqdimatı olub. Virtual oxucuların istifadəsinə təqdim edilən e- resurs 12 bölmədən və yarım bölmələrdən ibarət olmaqla, ədibin zəngin yaradıcılıq irsini sistemli və əlçatan formada təqdim edir.

   Elektron məlumat bazasında “Həyat və yaradıcılığı”, “Əsərləri”, “Tərcümələri”, “Müdrik deyimləri”, “Sözlərinə yazılmış mahnılar”, “Xatirəsinin əbədiləşdirilməsi”, “Fotoqalereya” və “Videoqalereya” kimi bölmələr yer alıb. Resursun əsas məqsədi Abdulla Şaiqin çoxşaxəli yaradıcılığını geniş oxucu auditoriyasına, xüsusilə gənc nəslə və tədqiqatçılara çatdırmaqdır. Ümumilikdə elektron məlumat bazaya 675 e-resurs daxil edilib.

   “Söz dünyasına səyahət” tədbirinin əsas məqsədi Abdulla Şaiqin zəngin ədəbi irsinin təbliği, uşaqlarda mütaliə mədəniyyətinin və milli ədəbiyyata marağın artırılması, həmçinin  ədibin yaradıcılığının gələcək nəsillərə daha əlçatan və müasir formatda təqdim edilməsinə töhfə vermək olub.

 

“Ədəbiyyat və incəsənət”

(19.06.2026)

 

 

Kübra Quliyeva, “Ədəbiyyat və incəsənət”

 

Alt yazı:

Avtobusda baş verən adi bir hadisə, cəmiyyətin yaşlı nəslinin gənclərə olan münasibətini, zorbalığın susqun dəstəyini və ictimai laqeydliyi üzə çıxardı.

 

Gündəlik həyatımızda elə anlar yaşanır ki, təkcə bir insanın davranışı deyil, bütöv bir cəmiyyətin aynası kimi çıxış edir. Əxlaqın, hörmətin, anlayışın və şəxsiyyətin yoxluğunu bir nəfəsdə göstərən bir səhnə. Bu dəfə o səhnə adi bir ictimai nəqliyyat vasitəsində – marşrut avtobusunda yaşandı.

Hava isti, avtobusda nəfəs almaq müşkül. Pəncərələrin bir neçəsi açıq deyil, sərnişinlərin tərlədiyi hiss olunur. Və bu mənzərənin içində yaşlı bir qadın – xalq arasında “xala” deyə çağırılan biri – ətrafına hökm edir:

"Ay qız, aç da o zibili, mən ölürəm axı burda!"

Əlbəttə, insanın halı pisləşə bilər. Amma səs tonu və yanaşma – əmr, təhqir və kobudluqla dolu. Pəncərə yanındakı gənc bir qız nəzakətlə cavab verir:

"Ay xala, qulağım ağrıyır, o biri dayıya deyin, o açsın."

Burada bir anlıq susqunluq olmalıydı. Lakin bu susqunluğu bir neçə “şəxsiyyətini itirmiş” sərnişin pozur. Ədəbsiz sözlər, təhqir, qızın zahiri ilə bağlı alçaldıcı ifadələr – "eşşəyə oxşayırsan" tipli qeyri-insani çıxışlar.

Sanki cəmiyyətin yaşlı təbəqəsində bəzi şəxslər gənc nəsli linç etməyi özünə borc bilir. Halbuki tərbiyə nə yaşla ölçülür, nə də saçın ağarması ilə.

Gənc qız, bütün bu təhqirlərə baxmayaraq sakitcə ağlamağa başlayır və deyir:

 "Onda mən keçim, xala gəlsin otursun burda."

 

Sözün qurtardığı nöqtə bəlkə də budur. Sanki bu torpaqda anlayış və empatiya deyil, kobudluq və zorakılıq hörmət sayılır.

Hadisəyə şahid olan biri kimi sükut edə bilmədim. Həmin anda səsləndim:

 "Utanmırsız? Bir qızın üstünə bu qədər kişi və qadın yığışıb təhqir edirsiz? Əgər doğrudan da xalanın halına yanırsızsa, durun, siz yer verin. Niyə pəncərəni digər sərnişinlər açmır?"

Hadisənin gedişində sürücü də maşını saxladı, vəziyyəti soruşdu. Sağ olsun, düşüb yaşlı qadına su aldı. Amma qadının cavabı bu dəfə də özünü ələ verdi:

"İçmirəm dəə. Belə tərbiyəsizlərə nə deyəsən axı..."

Mən isə son olaraq həmin qıza dedim:

 "Sən niyə ağlayırsan bunlara görə? Gərək sən ağlayasan, yoxsa bu cəmiyyət?"

 

Nəticə: Nəfəs almağa pəncərə açmaq lazımdır əlbəttə.

Amma biz cəmiyyət olaraq fiziki pəncərələri deyil, mənəvi pəncərələri bağlamışıq. Nəfəs alan, düşünən, hiss edən insanlara yer dar gəlir. Xüsusən də qadınsan, gəncsənsə və itaət etmirsənsə.

 

Bu hadisə təkcə bir qızın pəncərə açmaması ilə bağlı deyil. Bu, cəmiyyətin dəyişməyə dirənməsi, nəsillərarası dialoqun pozulması və kobudluğun normal hala çevrilməsinin faciəsidir.

Əgər bir pəncərə açmaq bu qədər çətinləşibsə, bəlkə də əvvəlcə vicdanlarımızı havalandırmalıyıq.

 

“Ədəbiyyat və incəsənət”

(19.06.2026)

 

Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”

 

İnsan istərsə rəhbər vəzifədə çalışsın, istərsə də sadə peşə sahibi olsun- əgər xarizmatik deyilsə heç zaman şəxsiyyət ola bilməyəcək. Bu dəfə sizə tanıyanları tərəfindən şəxsiyyət kimi qəbul olunan, gözəl bir insan haqqında söhbət açmaq istəyirəm.

 

O, 20 oktyabr 1978-ci ildə Bakı şəhərində dünyaya gəlib. Orta təhsilini Bakı şəhər 1 saylı orta məktəbdə başa vurub. Sonra Azərbaycan Dövlət İqtisad Universitetində maliyyə ixtisasına yiyələnib. 2004-cü ildən klub oyunlarının iştirakçısıdır. 2004-cü ildə “Nə? Harada? Nə zaman?” oyununun idman variantı üzrə dünya çempionu olub. Beynəlxalq “Nə? Harada? Nə zaman?” klubları assosasiyası təfərinfən 2010-cu ildə ilin adamı seçilib. 2010-cu ilin yekunlarına əsasən "Büllur bayquş", "Brilyant bayquş", "Klubun ən yaxşı kapitanı" mükafatlarına layiq görülüb. Hazırda İctimai Televiziyaya rəhbərlik edir. Xidmətlərinə görə “Tərəqqi” medalı ilə təltif olunub. Bəli, söhbət Balakişi Qasımovdan gedir...

Deyir ki:- “Əvvəllər hər həftə futbol oynayırdım, bəzən vaxt tapanda daha tez-tez də oynamaq imkanım olurdu. Amma sonra zədələr başladı: əvvəlcə ayağım sındı, daha sonra dizimin lateral və medial bağları qopdu. İndi ancaq yuxularımda və “PlayStation”da futbol oynayıram. Niyə futbolçu olmadım? O vaxtlar çox çətin idi: Sovet İttifaqı yenicə dağılmışdı, müharibə gedirdi, hər bir sahədə, o cümlədən futbolda da qeyri-sabit vəziyyət hökm sürürdü. Son ana qədər davam etdim, amma sonra başa düşdüm ki, məşqlər təhsilimə mənfi təsir göstərir. Seçim etmək məcburiyyətində qaldım. Düşünmürəm ki, bəlkə də məndən böyük futbolçu çıxardı. Amma və lakin... Heç vaxt seçimimdən peşman olmamışam. Allaha şükür ki, hər şey yaxşı alındı...”

Onun öz dünyası var. Bu dünyanı ədalət tərəzisi idarə edir. Elə ona görə də hər şeyin ədalətli olmasını istəyir. Və bu dünyada sülh və harmoniya axtarır. Ehtiyacı olan birisini görərsə, əlindən gələn köməyi əsirgəməyəcək. Bəli, o sülhsevər insandır, kiminsə ondan incməsinə imkan vermir...

 

Yazıçı, ssenarist, kulturoloq Hafiz Ataxanlı onu belə təqdim edir: “Balakişi Qasımovu "Nə? Harada? Nə zaman?" məşhur proqramdan, hər dəfə uğurlu çıxışları ilə yadda qalan Bakı komandasının kapitanı kimi tanıyırdım. Təbii ki, qiyabi.  2019-cu ildə Səməd Seyidovun elmi redaktoru olduğu, Zeydulla Ağayevin tərcümə etdiyi: Səmyuel A. Uymzun “Ermənistan- terrorçu “xristian” ölkənin gizlinləri” adlı kitab əlimə düşdü. Kitabda yetərincə maraqlı faktlar vardı. Dərhal əlavə faktları da topladım. Sənədli film üçün ssenari yazıb göndərdim. İki gündən sonra çağırdı. Adətim üzrə görüşə yarım saat tez gəlmişdim. Qəbul otağına bir neçə dəfə zəng vurub soruşdu, tıxacda qaldığından bir az gecikdiyini söylədi, qonağa çay, kofe təklif edin, dedi. O, bu zəngi etməyə də bilərdi. Amma daxili mədəniyyəti, sadəliyi, insanlara, yaradıcı şəxslərə ehtiramı, kübarlığı və ən əsası, təşəbbüsə operativ yanaşmasının göstəricisiydi. Müəyyən səbəblərdən həmin iş alınmadı. Amma 2020-ci ilin sonunda məhz Balakişi Qasımovun təşəbbüsü ilə məni Tural Sevdimalı çağlrdı. İstedadlı rejissor dostumuz Nəsimi Əliyevlə birgə 3 bölümlük "Cinayət və cəzasızlıq" sənədli- bədii filmini ərsəyə gətirdik. Çəkiliş məkanları, eləcə də bədii epizodlar çox idi, yaradıcı heyətə kifayət qədər çox adam cəlb olunmuşdu. Filmin istehsalat müddətində hər gün ya özü Nəsimiyə zəng vurur, ya da Tural vasitəsilə xəbər tuturdu. Bircə problemlə rastlaşmadıq Baş prodüser Əziz hər gün yanımızdaydı. Bax həmin vaxtlarda rəhbər diqaətinin və qayğısının, habelə məsuliyyətinin nə olduğunu bildik. Balakişi müəllimin sadəliyi, formalizmlərdən qaçmağı, əməkdaşlarla rəftar kodeksi onu səciyyələndirən cəhətlərdəndir. Balakişi Qasımovun intellekti, zərif yumor hissi, demokratikliyi, bədii- estetik zövqü heç şübhəsiz İTV nin proqram siyasətinə, bədii- vizual keyfiyyətinə də yansıyıb...”

 

Çox ünsiyyətcil və mehriban insandır. İstənilən mövzuda söhbət etməyi bacarır. O, həm də ahəngdar şəxsiyyəti ilə tanınır. Əla dinləyicidir, darıxmadan saatlarla danışa və dinləyə bilər. Xəsis deyil, bildiyi mövzular barədə ətrafdakılarla paylaşmağı bacarır. Gözəllikdən zövq alır. Səliqəsizliyə qarşı dözümsüzdür. Amma çox nəzakətlidir...

 

Filolojiya elmləri doktoru, media eksperti, professor Qulu Məhərrəmli onu belə xarakterizə edir: “Bir sıra baxımlı layihələrin ekrana daşıyıcısı kimi tanınmış Balakişi Qasımov intellektual, işgüzar və bacarıqlıdır. Adətən, prodakşn studiyalarında belə ciddi layihələri reallaşdıran insanlar televiziya istehsalını və komanda işini yaxşı mənimsəyir, adamları yaxşı tanıyır, geniş əlaqələri olur, özlərini diqqətli menecer, rəhbər və gözəl prodüser kimi ifadə edə bilirlər. Balakişi Qasımov bəlli sferada bu peşəkar keyfiyyətlərə yiyələnmiş şəxs kimi qəbul edilir. Azərbaycan cəmiyyətinin irəliləyə bilməsi üçün savadlı, ləyaqətli və peşəkar adamların çalışdığı, dürüst, maarifləndirici və plüralist televiziyaya həmişə ehtiyac olub və var. Ona uğurlar arzulayıram!

 

Olduqca optimist xarakterə malikdir. Hər şeyə müsbət tərəfindən baxmağa böyük əhəmiyyət verir. Həssas təbiəti ilə haqsızlığa reaksiya verməkdən çəkinmir. Hər zaman müsbət enerji yayan insandır. Onun üçün hər bir məsələdə mütləq ədalət başda olmalıdır. O, ədalətsizliyə dözə bilmir. Təbiətcə şən və enerjilidir. Əsl ağsaqqallara xas olan xüsusiyyətləri çoxdur...

 

...Bəli, onu ölkədə məşhurlaşdıran “Nə? Harada? Nə zaman?” verilişindəki suallara operativ, dolğun cavabları olub. Və bu gün də çalışdığı televiziya sahəsində meydana çıxan sualların cavablandırılmasında mahirdir...

 

“Ədəbiyyat və incəsənət”

(19.06.2026)

 

 

 

 

 

 

 

 

Tahirə Ağamirzə,

şairə-jurnalist.

“Ədəbiyyat və incəsənət”

 

 

Tarixə həkk olunmuş böyük şəxsiyyətlər zaman keçdikcə yalnız siyasi fəaliyyətləri ilə deyil, insanların qəlbində buraxdıqları silinməz izlərlə də yaşayırlar. Mənim üçün belə bir insan - böyük lider, xalqımızın ümid və dayaq yeri – Heydər Əliyev olub. Bu yazdıqlarım uzun illər içimdə daşıdığım, amma heç vaxt qələmə almadığım duyğularımın sadə, səmimi bir ifadəsidir...

 

Mən kənddə böyümüşəm. O illərdə Heydər Əliyev Azərbaycan SSR-nin birinci katibi idi. Televiziyada hər çıxışını səbirsizliklə gözləyərdim. O danışanda ekrandan sanki nur yayılırdı. Bölgələrdə quruculuq işləri sürətlə gedirdi. Hər sahədə inkişaf, sabitlik və insanlar arasında bir ümid vardı. Ən çox da yaddaşımda onun sadəliyi, xalqla yaxınlığı, hər kəsə – uşaqdan böyüyə – göstərdiyi diqqət qalıb.

Xüsusilə kənd və fəhlə ailələrindən çıxan uşaqlara göstərdiyi qayğı bu gün də gözümün önündədir. O dövrdə savadlı, əlaçı kənd uşaqları ali məktəblərə qəbul olur, öz gələcəklərini qururdular. Mən Heydər Əliyevə sonsuz sevgi ilə bağlanmışdım. Arzuların qanadında uçur, gələcəyin parlaq olacağına inanırdım...

İndu o günü, o hissi necə ifadə edim? Sevinirdim, həm də inamımın qarşılığını gördüyüm üçün qürur duyurdum. Bilirdim ki, Heydər Əliyev özü də inanc sahibi idi. O da xalqın dəyərlərinə, ocaqlara, seyidlərə böyük hörmətlə yanaşırdı. Elə buna görə xalq onu həm lider, həm də mənəvi dayağı kimi sevirdi.

Bəlkə də bu yazdıqlarım bir insanın sadə xatirələri kimi görünə bilər. Amma içində minlərlə insanın hisslərini, yaddaşını, təşəkkürünü daşıyır. Onun xalqına qaytardığı sabitlik, təhlükəsizlik, gələcək ümidi tək-tək hər birimizin həyatında öz əksini tapıb. Mən illərdir bu barədə məqalələr yazsam da, bu xatirəni ilk dəfədir qələmə alıram. Yalnız yaxınlarım bilirdi. Amma bu gün – içimdən gəldi. Yazmaq istədim. Çünki inanıram: belə xatirələr də tarixdir...

Sonra o, Moskvaya - daha yüksək vəzifəyə çağırıldı. Arxasınca vətən üçün çətin günlər başladı. 1990-cı ilin 20 Yanvarında sovet ordusunun törətdiyi qətliam - günahsız insanların güllələnməsi, tanklarla əzilməsi xalqımızın sinəsinə dağ çəkdi. Elə həmin vaxt Moskvada yaşayan Heydər Əliyev bu faciəyə susmadı. Cəsarətlə çıxış edib, etirazını bildirdi, sonra da istefa verdi. Onun bu addımı liderə xas qətiyyətin və xalqına sədaqətin nümunəsi idi.

Azərbaycan 1991-ci ildə müstəqilliyini elan etsə də, ölkədə sabitlik yox idi. Siyasi çəkişmələr, xaos, qeyri-müəyyənlik hökm sürürdü. Elə bir dönəm idi ki, xalqın köməyə, xilaskara ehtiyacı vardı. O xilaskar yalnız bir nəfər ola bilərdi – Heydər Əliyev. Hər kəs onun yenidən hakimiyyətə qayıtmasını arzulayırdı.

Mən o vaxt artıq Bakıda yaşayırdım. Dərdimlə, ümidimlə kəndimizə qayıtdım. Qonşu kənddə yerləşən, el arasında müqəddəs sayılan “Mir Sədi Ağa ocağı”na getdim. Könüldən gələn bir nəzir verdim: “Əgər Heydər Əliyev hakimiyyətə qayıtsa, bu ocağa daha çox nəzir gətirəcəyəm”. 

Aradan çox keçmədi. Xalqın təkidli çağırışı, inamı və dəstəyi ilə Ulu Öndər yenidən hakimiyyətə qayıtdı. Nəzirim qəbul olmuşdu...

Və bu gün bir daha deyirəm: xalqın sevgisi ilə doğulan liderlər tarix yazır. Heydər Əliyev bu xalqın ürəyində daim yaşayacaq. Mənim üçünsə o, yalnız lider deyil - duasını yerə salmayan, nəzirə cavab verən böyük bir ATA obrazıdır...

 

“Ədəbiyyat və incəsənət”

(19.06.2026)

 

İmran Verdiyev,

Azərbaycan Respublikasının Əməkdar müəllimi.

“Ədəbiyyat və incəsənət” portalının Oğuz təmsilçisi

 

 

Şəki-Zaqatala Regional Gənclər və İdman İdarəsinin Oğuz rayonu üzrə gənclər və idman sektoru və Oğuz Rayon Tarix-Diyarşünaslıq Muzeyinin birgə təşkilatçılığı, Oğuz Rayon İcra Hakimiyyətinin və Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsinin dəstəyi ilə “Gənclərin rəqs dalğası: Keçmişdən gələcəyə” adlı ədəbi-bədii tədbir keçirilib.

 

Tədbirin əsas məqsədi milli-mədəni irsin təbliği, gənclərdə milli dəyərlərə bağlılığın gücləndirilməsi, xalq rəqslərinin yaşadılması və gələcək nəsillərə ötürülməsinə töhfə vermək olub.

Tədbir iştirakçıları əvvəlcə muzeydə təşkil olunmuş sərgi ilə tanış olublar. Sərgidə bölgənin tarixi, mədəniyyəti və milli-mənəvi irsini əks etdirən eksponatlar nümayiş etdirilib.

Rəsmi hissədə çıxış edən Oğuz Rayon İcra Hakimiyyətinin sektor müdiri Vasif İsgəndərov, Şəki-Zaqatala Regional Gənclər və İdman İdarəsinin Oğuz rayonu üzrə gənclər və idman sektorunun müdiri Şaiq Rüstəmov, sektorun aparıcı məsləhətçisi Elvin Qarayev, YAP Oğuz rayon təşkilatının sədr müavini Mehman Ramazanov,Oğuz rayon Tarix-diyarşünaslıq muzeyinin direktoru Arzu Əliyeva, Oğuz Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədri Günel Abdullayeva və Oğuz rayon Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru Xəyalə Yusubova milli-mədəni irsin qorunması və təbliğində gənclərin rolundan, rəqs sənətinin xalqımızın tarixini və mənəvi dəyərlərini yaşatmaq baxımından əhəmiyyətindən danışıblar.

Daha sonra yeniyetmə və gənclərin təqdimatında Azərbaycan və digər xalqların milli rəqsləri nümayiş olunub. Rəngarəng çıxışlar tamaşaçılar tərəfindən böyük maraq və alqışlarla qarşılanıb.

Tədbir çərçivəsində müxtəlif xalqların mədəniyyətlərini bir araya gətirən rəqs nömrələri dostluq, qarşılıqlı hörmət və mədəni əməkdaşlıq dəyərlərini də nümayiş etdirib.

Tədbirin sonunda rəqs kollektivlərinin rəhbərlərinə gənclərin milli-mədəni dəyərlər ruhunda yetişdirilməsi və tədbirin təşkilinə verdikləri töhfəyə görə təşəkkürnamələr təqdim olunub.

“Gənclərin rəqs dalğası: Keçmişdən gələcəyə” adlı tədbir iştirakçılara milli irsimizin zənginliyini bir daha xatırladaraq, gənclərin mədəni həyata fəal cəlb olunmasının vacibliyini ön plana çıxarıb.

 

“Ədəbiyyat və incəsənət”

(19.06.2026)

 

 

 

  

Aynur İsmayılova, “Ədəbiyyat və incəsənət”

 

Bəzən sadəcə gözləyirəm: zamanı, arzularımı, bir gün hər şeyin düzələcəyini.

Baxmayaraq ki, heç nə dəyişmir, ancaq yenə də gözləyirəm. Çünki içimdə bir ümid var – səssiz, amma inadkar. Hər dəfəsində məni ayaqda tutan, tükənməyə imkan verməyən bir inad. Və bəzən gözləmək, yaşamaq qədər cəsarət istəyir.

 

Gözləmək asan deyil. O, səndən çox şey istəyir, çox şey alır – səbrini, zamanını, inamını, bəzən də göz yaşlarını. Sən isə sadəcə bir şey istəyirsən – qovuşmaq.

Bir arzuya, bir hissəyə, bir insana, ya da sadəcə özünə.

Bəlkə də gözlədiyin heç vaxt gerçək olmayacaq. Ancaq yenə də içindəki o ümid, o istək hələ də susmayıb.

Ən son ölən ümidlərdir deyirlər. Bəs sona  qədər yaşayan nədir?

Bəlkə də sevgi.

Ya da xatirələr.

Bəlkə də ruhun gücü.

Ya da insan!

 

“Ədəbiyyat və incəsənət”

(19.06.2026)

 

 

 

 

 

Könül Əliyeva,

“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi

 

Türk teatrı barədə bilgilərimiz çox azdır, amma türk kinosunun hamımız bilicisiyik.

Məşhur türk aktrisası Bircə Akalay!

 

O, 19 iyun 1984-cü ildə istanbulda dünyaya göz açıb. 2003-də Pera Gözəl Sənətlər Liseyi Teatr bölümündə lisey təhsil alıb. Həmin il qəbul olduğu İstanbul Universiteti teatr aktrisalığı və dramaturgiya bölümündəki təhsilini tamamlamayıb, Xaliç Universiteti Konservatoriya Teatr bölümündən məzun olub. 2004-cü ildə  Türkiyə Gözəllik yarışmasında üçüncü olduqdan sonra Avropa Gözəllik yarışmasında Türkiyəni təmsil edib və yarımfinala çıxıb. 2004–2007-ci illər arasında Star TV və TV8-də idman spikerliyi, həm də Çempionlar liqası və 8-ci Pillə kimi verilişlərdə aparıcılıq edib. 

 

2007-ci ildə yayımlanan "Kader" və "Sənin Üçün" seriallarında baş rolda oynayıb. 2008-ci ildə "Asi" adında serialda qonaq aktrisa olaraq qatılıb. Bundan başqa 2008-də vizyona girən "Son Ders" və 2009-un oktyabr ayında vizyona girən "Nefes: Vatan sağolsun" filmində rol alıb. 2009-cu ildə TRT 1-də yayımlanan "Alayına İsyan" serialında Sevtap rolunda, 2009-cu ilin sentyabr ayında "Sizi seviyorum" filmində Emre Altuğ ilə baş rolları paylaşıb.

 

 2009-da ATV-də yayımlanan "Bir kış masalı" serialında Zişan rolunda oynayıb. Həmin il TRT Müzik kanalında başlayan və TV8-də davam edən verilişi Sinema dünyası bir yayın mövsümü davam edib. 2010-cu ildə Murad Ünalmış ilə birliktə Ürgübdə bir eşqi anlatan Yer gök aşk serialında Həvva rolunu canlandırmışdır. 2013-cü ildə ATV-də Baş Nazir Adnan Menderesin həyatından bəhs edən Ben onu çok sevdim adlı serialda opera sənətçisi Ayxan Aydan rolunu canlandırıb.

 

2013-cü ildə TRT 1-də yayımlanan Böyle Bitmesin adlı seriala qonaq aktrisa olaraq qatılıb. Sonra isə Kanal D-də yayımlanan Kiçik Ağa adlı serialda Sinəm rolunu, 2015-ci ildə ATV-də yayımlanan Evli ve Öfkeli adlı serialda isə 4 baş roldan birini canlandırıb. Bircə Akalay Star TV-də yayımlanan Hayat Bazen Tatlıdır serialındada baş rolda oynayıb.

 

Filmoqrafiya 

 

Deliormanlı

Dışarda

Senin Uğruna

Şefkat Tepe

Böyle Bitmesin

Ağlama Anne

 

Hazırladığı və ya aparıcılığını etdiyi televerilişlər

 

Çempionlar liqası final Aparıcı

Çempionlar liqası özəl Aparıcı

İdman gecəsi 

8-ci pillə

Sinema dünyası

 

“Ədəbiyyat və incəsənət”

(19.06.2026)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.