“Gənclərin rəqs dalğası: Keçmişdən gələcəyə” adlı ədəbi-bədii tədbir

İmran Verdiyev,

Azərbaycan Respublikasının Əməkdar müəllimi.

“Ədəbiyyat və incəsənət” portalının Oğuz təmsilçisi

 

 

Şəki-Zaqatala Regional Gənclər və İdman İdarəsinin Oğuz rayonu üzrə gənclər və idman sektoru və Oğuz Rayon Tarix-Diyarşünaslıq Muzeyinin birgə təşkilatçılığı, Oğuz Rayon İcra Hakimiyyətinin və Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsinin dəstəyi ilə “Gənclərin rəqs dalğası: Keçmişdən gələcəyə” adlı ədəbi-bədii tədbir keçirilib.

 

Tədbirin əsas məqsədi milli-mədəni irsin təbliği, gənclərdə milli dəyərlərə bağlılığın gücləndirilməsi, xalq rəqslərinin yaşadılması və gələcək nəsillərə ötürülməsinə töhfə vermək olub.

Tədbir iştirakçıları əvvəlcə muzeydə təşkil olunmuş sərgi ilə tanış olublar. Sərgidə bölgənin tarixi, mədəniyyəti və milli-mənəvi irsini əks etdirən eksponatlar nümayiş etdirilib.

Rəsmi hissədə çıxış edən Oğuz Rayon İcra Hakimiyyətinin sektor müdiri Vasif İsgəndərov, Şəki-Zaqatala Regional Gənclər və İdman İdarəsinin Oğuz rayonu üzrə gənclər və idman sektorunun müdiri Şaiq Rüstəmov, sektorun aparıcı məsləhətçisi Elvin Qarayev, YAP Oğuz rayon təşkilatının sədr müavini Mehman Ramazanov,Oğuz rayon Tarix-diyarşünaslıq muzeyinin direktoru Arzu Əliyeva, Oğuz Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədri Günel Abdullayeva və Oğuz rayon Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru Xəyalə Yusubova milli-mədəni irsin qorunması və təbliğində gənclərin rolundan, rəqs sənətinin xalqımızın tarixini və mənəvi dəyərlərini yaşatmaq baxımından əhəmiyyətindən danışıblar.

Daha sonra yeniyetmə və gənclərin təqdimatında Azərbaycan və digər xalqların milli rəqsləri nümayiş olunub. Rəngarəng çıxışlar tamaşaçılar tərəfindən böyük maraq və alqışlarla qarşılanıb.

Tədbir çərçivəsində müxtəlif xalqların mədəniyyətlərini bir araya gətirən rəqs nömrələri dostluq, qarşılıqlı hörmət və mədəni əməkdaşlıq dəyərlərini də nümayiş etdirib.

Tədbirin sonunda rəqs kollektivlərinin rəhbərlərinə gənclərin milli-mədəni dəyərlər ruhunda yetişdirilməsi və tədbirin təşkilinə verdikləri töhfəyə görə təşəkkürnamələr təqdim olunub.

“Gənclərin rəqs dalğası: Keçmişdən gələcəyə” adlı tədbir iştirakçılara milli irsimizin zənginliyini bir daha xatırladaraq, gənclərin mədəni həyata fəal cəlb olunmasının vacibliyini ön plana çıxarıb.

 

“Ədəbiyyat və incəsənət”

(19.06.2026)

 

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.