“Ədibin Evi” Ədəbiyyata Dəstək Fondunun təşkil etdiyi Mir Cəlal adına V Hekayə Müsabiqəsi də tarixə qovuşdu. Finalçılar arasından, ümumən isə müsabiqəyə 258 əsər təqdim edən 211 müəllifin arasından 6 mükafatçı seçildi.
3-cü yer
Turan Uğurun “Əbabil Quşu” hekayəsi;
Həmid Piriyevin “Müjdə” hekayəsi;
Xatirə Nurgülün “Bilalın Qayıdışı” hekayəsi;
2-ci yer
Elnur Məmmədlinin “Kəkələmə” hekayəsi;
Ömər Xəyyamın “10410-cu gün” hekayəsi;
1-ci yer
Sərvanə Dağtumasın “Körpənin intiharı” hekayəsi.
Qalib hekayələr geniş oxucu kütləsinə "Azərbaycan" jurnalının iyun sayında təqdim ediləcək. Seçmə hekayələri isə “Ədəbiyyat və incəsənət” portalınada yayımlayırıq.
FƏRİD SADİQ
UROBOROS
və ya qurtuluşun olmadığını anlamağın gətirdiyi məyusluq
Güzgüyə baxıb bəzi detallarda fərqlilik olduğunu sezirdim. Əsas da gözlərimin rəngi dəyişmişdi. İndi daha çox bataqlıq ilə zümrüd rənglərinin qarışığı olan qeyri-müəyyən bir çalar formalaşmışdı. Bundan əvvəl mavi idilər. Öz təbii rəngi isə qonurdu – bioloji valideynlərimdə olduğu kimi. Niyə bioloji? Çünki məni uşaqlıqdan böyüdənlərin sayı ikidən daha artıq idi. Hətta iyirmidən, bəlkə də yüzdən artıq deyərdim. Hər zaman eyni cütlüyün ailəsində dünyaya göz açırdım. Amma hadisələrin sonrakı inkişafı müxtəlif yollarla gedirdi. Bəzən valideynlərimlə yaşayırdım. Hərdən də onlardan birini və ya hər ikisini eyni vaxtda itirib, uşaq evinə düşürdüm. Övladlığa götürüldüyüm vaxtlar da az olmayıb. Belə olan halda, hər dəfə fərqli bir ailəylə yaşamalı olurdum. Bu hadisəyə lotereya adını qoymuşdum. Aralarında yaxşıları da var idi, lakin çox vaxt uşaq arzusunda olub, uşaqla necə davranmalı olduğunu bilməyən insanların himayəsinə verilirdim. Təbii ki, uşaqla həyatlarındakı boşluqları doldurmaq ümidi ilə internatlara müraciət edən insanların sonrakı ümidsizliyi tamam ayrı mövzudur.
Ailə üzü görmədiyim vaxtlar da olurdu ki, indi bütün bunların müzakirəsi əhəmiyyətsizdir. Vacib olan mənim müxtəlif həyatlar yaşamağımdır. Bunun səbəbini soruşsanız, cavab verə bilməyəcəm - səbəbi heç özümə belə bəlli deyil. Sadəcə bir mexanizm var ki, zamanı hər kəs üçün düz xətt kimi çəkdiyi halda, mənim üçün sonsuz spiral formasına salıb. Lap öz quyruğunu dişləyən ilan – uroboros kimi.
İT ilə məşğul olanların “loop” dediyi fenomeni mən reallıqda yaşayıram. Amma bu əslində səsləndiyi qədər dəəyləncəli deyil. Fantastik film və kitablarda olduğu kimi macəralarla da dolu deyil. Əgər zühurum hər dəfə müxtəlif məkan və zamanlara təsadüf etsəydi, məsələyə bir az rəng qatmaq olardı. Amma bu hər dəfə29 sentyabr 1977-ci il, Kaluqa vilayəti, Borovsk şəhəri, 1 nömrəli doğum evində baş verirdi. Ən ağrılısı anamın doğuş əsnasında öldüyü zamanlardı. Anamı itirdiyimiz vaxtlar atam adətən elə həmin gündən içkiyəqurşanır, bir il keçməmiş məni internata yola salırdı. Hərdən isə evdən çıxıb, bir daha geri qayıtmırdı. Qonşular da sanki bunu gözləyirmiş kimi, məni küçəyə atıb, evi mənimsəyirdilər. Növbəti “zühurlarımın” birində həmin qonşuların birindən qisas da almışdım. Amma sonradan, sonsuz həyat təcrübəm artdıqca, insanlara kin bəsləmək kimi hisslərdən də azad oldum. Nə isə ki, senarisi pis yazılmış komediyatək, hər yeni həyatım absurd, amma heç də gülməli olmayan hadisələrlə dolu keçirdi.
Maraqlı bir detal var ki, onu heç cür buraxa bilmərəm. Əks halda bütün danışdıqlarım mənasını itirmiş olacaq. İş ondadır ki, şüurum formalaşmağa başladığı andan bütün keçmiş həyatlarımı, təcrübələrimi xatırlamağa başlayıram. Beş yaşlı uşağın sərxoş ataya məsləhət verdiyini təsəvvür edin. Məsləhətlər isə nə 5, nə də 50, 500 yaşlı insanın məsləhətləri olurdu əslində. İndi isə siz özünüzü zavallı atamın yerinə qoyun. İçkinin təsirindən ayılan kimi nə baş verdiyini anlamağa çalışırdı. Məni çağırıb sorğu-sual edirdi. Əvvəllər özümü “uşaqlığa” vursam da, sonradan oyun oynamağa olan həvəsim azaldı. Eşitdiklərindən saçı ağaran atam isə məni o saat uşaq evinə təhvil verib, bütün əlaqələri kəsirdi.
Başlanğıcda hər şey çox çətin idi. Brejnevin tabutunun Moskva küçələrində necə daşındığının sonsuz sayda şahidi olmaq hər adama qismət olmur. HələBerlin divarının dağılmasını demirəm. Təzə-təzəsuvenirlər də yığırdım hətta. Berlin divarından qopan kiçik bir parçanı uzun müddət özümlə gəzdirdim. Buddistlərdən yadigar qalan antik təsbeh, Triada üzvünün bağışladığı, möhtəşəm işləmələrlə bəzədilmiş bıçaq və bunun kimi, dünyanın müxtəlif nöqtələrindən əldə olunan minlərlə suvenir... Zamanla hər dəfə ciddi-cəhdlə mənalandırmağa cəhd etdiyim simvollar, inanmağa çalışdığım təriqətlər, topladığım var-dövlət vəsairə, bir sözlə hamısı mənasını itirməyə başladı. Var-dövlətin mənbəyini də deyə bilərəm. Mərc oyunları. Xüsusən də oyunun nəticəsini əvvəldən bilirsənsə. Əgər nə vaxtsa mənim yerimdə olsanız, pul mənbəyini tapmaq üçün başınızı çox yormayın. Qumar və onun müxtəlif formaları tarixin hər dönəmində yaxşı qazanc mənbəyi sayılıb. Sadəcə vaxtaşırı bilərəkdən səhv etməyi və ara-sıra “kontoranı” dəyişməyi unutmayın.
İllər öncə “prokrastinasiya” sözünün izahını lüğətdə axtarmışdım. Mənasını da təqribən anlamışdım, amma tam o terminə uyğun vəziyyəti yaşadığımı yadıma sala bilmirdim. Ta ki, həqiqətən də o anlayışı bir sözdən ibarət formaya salan insan kimi, həmin vəziyyəti bütün çalarları ilə yaşayana qədər. İlk 20, bəlkə də 30 həyatımda xroniki depressiya, bipolyar pozuntu, apatiya kimi problemlərdən tam uzaq olduğuma əmin idim. Dünyada o qədər gəzəsi yerlər, görəsi işlər var ikən həyata ağ-qara tonlarla baxmağın ərköyünlükdən başqa bir şey olmadığına inanırdım. Eynilə sizin bir həyatınız olduğuna inandığınız kimi. Amma heç vaxt “heç vaxt” demə və heç vaxt bolluq içində hərəkət etmək üçün motivasiyası olmadığından acından ölən birinə gülmə.
Bütün mənaların gücünü itirdiyi bir dönəmdə ilahi missiyamı insanları xilas etməkdə tapmışdım. Tarix boyu etdiklərinin qarşılığını nə vaxtsa alacaqları ümidi ilə yaşayan insanlardan fərqli olaraq, xeyirxah əməllərimin əvəzini almaq kimi bir imkanım yoxdur. Bəlkə də ölümsüz olsaydım, bunu eləəvvəldən verilən hədiyyə kimi qəbul edər, özümü məni ali mükafatla təltif edən qüvvələrə xidmət etməkdə tapardım. Amma bəzi fərqlərlə eyni həyatı yaşamağın verdiyi əziyyəti yazı ilə izah edə bilmirəm. Heç danışaraq da edə bilmərəm. Bəzi inanclarda cəhənnəm məhz bu cür təsvir olunur – insan eyni həyatı və hadisələri təkrar-təkrar yaşayır. Həmin an nəo yaşamı bitirə bilirsən, nə də ki hadisələrin gedişatına təsir edə. Məncə bağışlanmaz günah işlədən üçün belə, bu çox ağır cəzadır.
Haşiyəyə çıxdım. Demək, yeni məna tapmışdım. Növbəti addımımı qətiləşdirmək axtarışında gözüməAlp dağlarında baş verən təyyarəqəzası sataşdı. Çox sayda insanın həyatını itirdiyi qəzada günah ikinci pilot Andreas Lyubiçdə idi. O, komandirin pilot kabinəsinə girişini əngəlləyib, təyyarəni bilərəkdən dağa çırpmışdı. Səbəb kimi isə Lyubiçin həmin an depressiyadan əziyyət çəkməsi göstərilmişdi. 150 günahsız insan bir nəfərin emosional boşluğunun qurbanı ola bilməzdi.
Qəzanın qarşısını almaq üçün qurduğum planı üçüncü dəfədən həyata keçirə bildim. Lyubiçlə dostlaşmağı bacarmışdım. Onu başqa cür zərəsizləşdirmək imkanlarını heç nəzərdən belə keçirmədim, çünki mənə görə bir insanla milyon insanın həyatı eyni dərəcədə önəmlidir. Qısası, dostum qəza günü mənimlə birgə xizək sürdüyü üçün reysə başqa pilot təyinat almışdı. Xoşbəxtlikdən özümə yer tapa bilmirdim. Yeni Məsih adlandırıla biləcək qədər önəmli bir addım atmışdım - 150 insanın həyatının xilaskarına çevrilmişdim. Onlarsa mənim heç adımı belə bilməyəcəkdilər. Bəlkə də bir gün öyrənəcəkdilər. Hər şey eqomun nəqədər böyüyəcəyindən asılı idi.
Təyyarə həmin gün Alp dağlarına çırpılmadı. Amma eniş zamanı dispetçerin səhvi ucbatından uçuş zolağında daha bir təyyarə peyda olmuşdu. Enişdə olan təyyarəson anda toqquşmadan yayınsa da, digəri imkan tapmayıb yanacaq çəninə çırpıldı. Nəticədə həmin gün dünya 150 yox, 272 insanın həyatını itirməsinin şokunu yaşadı. Nəyisə düzgün hesablamamışdım. “Kəpənək effektinin” nəticəsi olduqca ağır olmuşdu. 24 mart 2015-ci ildə - paralel reallıqda əcəl tamamilə başqa insanları özüylə apardı.
Baş tutmayan planımın nəticəsindən düşdüyüm şokdan özümə gələn kimi yenidən hərəkət etməli olduğumu anladım. Fikrimdən bu qədər asanlıqla dönməməkdə israrlı idim. Kütləvi tələfatla nəticələnən qəzaları buraxıb, daha kiçik çaplı hadisələrə köklənməyəqərar verdim. Nekroloqları izləyirdim. Qəzaların baş verdiyi yerlərə öncədən gəlib, avtomobilləri toqquşmadan yayındırırdım. Ağır xəstəliyə tutulmağından bixəbər insanları anonim şəkildə xəbərdar edirdim. Hamısı olmasa da, bəziləri deyilənləri ciddiyə alıb, ömürlərini uzadırdılar. Yanğın hadisələrinin qarşısını aldığım vaxtlar da az olmayıb. İşiməo qədər aludə olmuşdum ki, bir qədər də canfəşanlıq etsəm, dünya artıq gözəgörünməz xilaskarın varlığından şübhələnəcəkdi.
Bir neçə dəfəxoşagəlməz cinayətlərin qarşısını da almışam və həmin hadisələr uzun illər qürur mənbəyim olub. Amma müraciətimi azyaşlıların da oxuya biləcəyindən ehtiyat edib, bəzi təfərrüatları buraxmaq məcburiyyətindəyəm.
Qəhrəmalıq qərarını verdiyim andan etibarən, 90 ildən bir qədər artıq vaxt ərzində bir çox hadisələrə şahidlik edib, bədbəxtliklərin qarşısını aldım. Əməllərimin nəticəsi barədə təkcə onu deyə bilərəm ki, təyyarə hadisəsində olduğu kimi burada da bir xeyli məntiqsizlik və uyğunsuzluqla qarşılaşdım. Bəzi hallarda heç nə baş vermirdi - olmayan qəzalarda həyatlarını itirməyən insanlar sadəcə yaşamlarına davam edib, sakitcə də onu bitirirdilər. Amma bəzən az qala qlobal bədbəxtçiliklərə gətirib çıxara biləcək hadisələr baş verirdi ki, bunun da səbəbkarı birbaşa və ya dolayı yolla “xilas” olunanlar olurdu. Son ana qədər qanunauyğunluqları anlamağa çalışırdım. Sonda heç bir alqoritmin olmadığına əmin olmaq üçün az qala bir əsr vaxtım getdi.
Yuxarıda qeyd etdiyim kimi təfərrüatlara girmək istəmirəm. Heç məqsədim də o deyil. Sonu görünməyən həyatımda səhərlər yatağımdan qalxmaq üçün sonuncu səbəbimi də itirmişəm. Ən çətin vəziyyətdə belə son çıxış yolu olanlara qibtə edirəm. Yazmaqda məqsədim də elə bunu bildirməkdir. Heç həyatın qısa olduğuna sevindiyiniz vaxtlar olub? Olmayıbsa, onda zorla məna qatmağa çalışdığınız həyatınızdan dincələndə bir az da bu barədə düşünün.
Hal-hazırda 9 yaşım var. Televizorda Qorbaçovun çıxışını göstərirlər. SSRİ xalqlarının dostluğundan danışır. Çox pafoslu çıxışdır, amma bir neçə il sonra baş tutacaq hadisələr hər kəsi olduqca təəccübləndirəcək.
P. S. Daha nələr yazmalı olduğumu bilmirəm. Seçimin çox olmağı da əslində ziyandır, çünki, doğru seçimi olduqca çətinləşdirir. Ortalama üst-üstə dörd min il yaşamışam. Sizin ağsaqqal adlandırdığınız insanlar kimi gələcək nəsillərə həyat barədə məsləhətlər verə bilərdim, amma bu illər ərzində dəyişilməz və mütləq sayılacaq həqiqətləqarşılaşmamışam.
Sevgi? Xeyirxahlıq? Xoşbəxtlik?
Bəlkə də bunları tam anlayacaq qədər uzun yaşamamışam hələ. Deyilənə görə həyatı bir uşaqlar yaxşı anlayır, bir də qocalar. Mən isə yəqin ki, hələ də hekayənin ortasındayam.
“Ədəbiyyat və incəsənət”
(19.06.2026)


