Super User

Super User

 

2015-ci ildə dəyər yaradıcısı və televiziyaçı Eltən Qədimbəyli tərəfindən Çölçü Sosial Klubu kimi əsası qoyulan təşkilat hazırda Çölçü İctimai Birliyi adı ilə fəaliyyətini davam etdirir.

 

“Ədəbiyyat və incəsənət” portalına Çölçü İctimai Birliyi Mətbuat xidmətindən verilən məlumata görə, Çölçü İctimai Birliyi Azərbaycan Respublikasının dövlət siyasətinə uyğun olaraq milli birliyin, milli-mənəvi dəyərlərin və etno-mədəni irsin qorunması, təbliği və gələcək nəsillərə ötürülməsi istiqamətində fəaliyyət göstərir. Birlik eyni zamanda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən ifadə olunan “Türk dünyası bizim böyük ailəmizdir” prinsipindən çıxış edərək Türk dünyası xalqları arasında birlik, həmrəylik və mədəni əlaqələrin inkişafına töhfə verməyi özünün əsas fəaliyyət istiqamətlərindən biri hesab edir.

Birliyin məqsədi elm, sənət, media, təhsil və iş dünyasında dəyər yaradan insanları bir araya gətirmək, onların qarşılıqlı əməkdaşlığını gücləndirmək, təcrübə mübadiləsini təşviq etmək və cəmiyyətə fayda verən layihələrin həyata keçirilməsinə dəstək göstərməkdir.

Layihələrin davamı mahiyətində ötən gün Çölçü İctimai Birliyinin növbəti görüşü keçirilib. Görüşdə təşkilat üzvləri, ictimai fəallar, ziyalılar və müxtəlif sahələrdə fəaliyyət göstərən şəxslər iştirak ediblər. Tədbir çərçivəsində birliyin gələcək fəaliyyət istiqamətləri, həyata keçirilməsi nəzərdə tutulan planlar, təşkilatlanma məsələləri və əməkdaşlıq imkanları müzakirə olunub.

Görüşdə çıxış edən Çölçü İctimai Birliyinin başqanı Eltən Törəçi bildirib ki, təşkilatın əsas məqsədi ortaq milli və mənəvi dəyərlər ətrafında birləşən insanları bir araya gətirmək və onların potensialını cəmiyyətin inkişafına yönəltməkdir.

Başqan qeyd edib ki, Çölçü Birliyi yalnız bir təşkilat deyil, eyni zamanda dəyər yaradan insanların qarşılıqlı dəstək və əməkdaşlıq platformasıdır. O vurğulayıb ki, birliyin əsas prinsiplərindən biri çölçülərin bir-birini daha yaxından tanıması, əməkdaşlıq əlaqələri qurması, təcrübələrini paylaşması və həyatın müxtəlif sahələrində bir-birinə dayaq olmasıdır.

Görüş zamanı bildirilib ki, qarşıdakı dövrdə müxtəlif görüşlər, yürüşlər, düşərgələr, ailəvi təbiət gəzintiləri, ənənəvi oxçuluq, kibertəhlükəsizlik, özünümüdafiə, təbiətdə sağqalma və fərdi inkişaf proqramları təşkil olunacaq. Bununla yanaşı, milli-mənəvi dəyərlərin, Türk törəsinin və etno-mədəni irsin yaşadılmasına xidmət edən sosial layihələrin həyata keçirilməsi nəzərdə tutulur.

Tədbirin sonunda iştirakçılar Çölçü İctimai Birliyinin fəaliyyətinin genişləndirilməsi, yeni layihələrin hazırlanması və cəmiyyət üçün faydalı təşəbbüslərin reallaşdırılması istiqamətində birgə fəaliyyət göstərmək əzmlərini ifadə ediblər.

 

“Ədəbiyyat və incəsənət”

(22.06.2026)

 

 

Bazar ertəsi, 22 İyun 2026 17:40

Kərbəladan Dehliyə uzanan yol

İMAM HÜSEYN VƏ QANDİNİN AZADLIQ FƏLSƏFƏSİ

 

Adəm İsmayıl Bakuvi, yazıçı, publisist, dəyər yaradıcısı

“Ədəbiyyat vı incəsənət”

 

Tarixdə elə insanlar var ki, onlar yalnız öz dövrlərinə aid olmurlar,  zamanın sərhədlərini aşır, millətlərin, dinlərin, coğrafiyaların fövqünə yüksəlirlər. Belə şəxsiyyətlərdən biri Kərbəla səhrasında şəhadət zirvəsinə yüksələn imam Hüseyn, digəri isə Hindistanın isti torpaqlarında imperiyaya qarşı vicdanın gücünü nümayiş etdirən Mahatma Qandidir.

 

Birinin əlində qılınc yox, haqq sözü vardı. Digərinin əlində silah yox, həqiqətə inam vardı. Birinin qarşısında Yezid imperiyası dayanmışdı, digərinin qarşısında Britaniya imperiyası. Lakin hər ikisinin mübarizəsinin mərkəzində hakimiyyət deyil, insanın mənəvi azadlığı dayanırdı. İmam Əlinin dövlətçilik məktəbi yalnız idarəçilik modeli deyildi. Bu məktəb insanın ləyaqətini dövlətin təməli hesab edən böyük bir əxlaq fəlsəfəsi idi. Əli ibn Əbu Talibin məşhur fikirlərindən biri əsrlər boyu siyasət fəlsəfəsinin ən böyük düsturlarından biri kimi yaşayır: "İnsanlar ya din qardaşın ya da yaradılışda sənin bərabərin olan insanlardır".

Bu fikir yalnız dini çağırış deyildi. Bu, dövlət anlayışının mahiyyətini dəyişdirən humanist manifest idi. Əlinin məktəbində hakimiyyət məqsəd deyil, ədaləti həyata keçirmək üçün vasitə idi. Məhz buna görə onun oğlu Hüseyn də hakimiyyət uğrunda deyil, insan vicdanının, ləyaqətin alçaldılmasına qarşı mübarizə aparırdı. Kərbəla hadisəsi bir çox hallarda yanlış şəkildə yalnız dini faciə kimi təqdim edilir. Halbuki Kərbəla, ilk növbədə, mənəvi müqavimətin tarixidir. Burada iki ordunun döyüşündən daha böyük bir qarşıdurma baş verirdi: vicdanla zorakılığın, həqiqətlə yalanın, azad insanla itaətkar kütlənin qarşıdurması. Bu səbəbdən Kərbəla yalnız müsəlmanların deyil, bütün bəşəriyyətin ortaq mənəvi sərvətinə çevrildi.

Mahatma Qandi etiraf edirdi ki, o, haqq uğrunda mübarizənin ən böyük nümunələrindən birini imam Hüseyn şəxsiyyətində görmüşdü. Ona aid edilən məşhur fikir belədir: "Mən Hindistan üçün qələbənin yolunu Hüseyndən öyrəndim". Qandi Kərbəlanı mənəvi qələbənin simvolu kimi qəbul edirdi. Onun fikrincə, fiziki məğlubiyyət tarix qarşısında məğlubiyyət demək deyil; Kərbəlada şəhid olanlar zaman üzərində qalib gəldilər. Bu həqiqəti yalnız Qandi deyil, dünyanın bir çox qeyri-müsəlman mütəfəkkirləri də qəbul etmişlər.

İngilis tarixçisi və yazıçısı Tomas Çarle Kərbəla haqqında yazarkən bildirirdi ki, Hüseynin ən böyük qələbəsi onun sayının azlığına baxmayaraq, mənəvi gücünün sonsuzluğunda idi. Hindistanın ilk baş naziri Cəvahirləl Nehru Hüseyni insan ləyaqətinin simvollarından biri hesab edirdi. Məşhur tarixçi Edvard Gibbon yazırdı ki, Kərbəlanın faciəsi yalnız müsəlmanları deyil, ən soyuqqanlı oxucunu belə sarsıda biləcək gücə malikdir. Livan əsilli böyük xristian yazıçı və filosof Xəlil Cübran Hüseynin şəxsiyyətində insanlığın əbədi üsyanını görürdü. Onun fikrincə, Hüseyn öz dövrünü aşaraq gələcək nəsillərin vicdanına çevrilmişdi. Məşhur ingilis yazıçısı Ç.Dikkens belə bir sual verirdi: "Əgər Hüseyn dünya nemətləri üçün mübarizə aparsaydı, ailəsini və yaxınlarını özü ilə niyə aparırdı?" Bu sualın özü belə Hüseyn hərəkatının mahiyyətini açırdı. Burada məqsəd hakimiyyət yox, prinsip idi. Kərbəla hadisəsinin əsrlər boyu yaşamasının sirri də bundadır.

İnsanlar sadəcə, bir şəhidin xatirəsini yaşatmırlar, onlar vicdanın hakimiyyət üzərində qələbəsini yad edirlər. Qandi ilə Hüseyni birləşdirən əsas xətt zülmə boyun əyməmək və həqiqət uğrunda mənəvi müqavimət ideyası idi. Hər ikisi üçün mənəvi qələbə siyasi nəticələrdən daha üstün idi. Bu gün dünyanın müxtəlif guşələrində milyonlarla insan Hüseyn adını çəkərkən yalnız dini bir şəxsiyyəti xatırlamır. Onlar vicdanın, ədalətin, insan ləyaqətinin və azadlığın əbədi simvolunu yad edirlər. Kərbəladan Dehliyə uzanan yol əslində bir insanlıq yoludur. Bu yolun başlanğıcında Əlinin ədaləti, ortasında Hüseynin şəhadəti, davamında isə Qandinin mənəvi müqaviməti dayanır.

Tarix dəyişir, imperiyalar dağılır, sərhədlər yenilənir. Lakin insan vicdanını oyadan böyük ideyalar əbədi yaşayır. Kərbəla da həmin ideyalardan biridir. O, yalnız keçmişin hadisəsi deyil, gələcəyin də əxlaq dərsidir. Bu səbəbdən imam Hüseyn təkcə bir dinin deyil, bütün bəşəriyyətin ortaq mənəvi irsi olaraq yaşayır və yaşamaqda davam edir.

Kərbəla hadisəsini yalnız bir döyüş, yalnız bir faciə kimi oxuyanlar onun ruhunu deyil, kölgəsini görürlər. Çünki Kərbəla əslində bir iman və mübarizə məktəbidir. Bu məktəbin müəllimi Məhəmməd peyğəmbər, ilk böyük nəzəriyyəçisi Əli ibn Əbu Talib, onun canlı vicdanı Hüseyn ibn Əli, əsrlər sonra başqa bir coğrafiyada tələbələrindən biri isə Mahatma Qandi olmuşdur. İnsanlıq tarixində ideyalar da nəsillər kimi doğulur, böyüyür və bir-birinə miras qalır. Məhəmməd peyğəmbərin gətirdiyi ilahi mesaj insanın daxilindəki azadlıq duyğusunu oyatmaq üçün gəlmişdi. O, insanı bütlərdən azad etdiyi qədər qorxudan da azad etmək istəyirdi. Çünki qorxu ilə idarə olunan insan heç vaxt həqiqətən, azad ola bilməz. Bu ideya sonradan Əlinin dövlətçilik fəlsəfəsində daha sistemli şəkildə özünü göstərdi.  

Əlinin Malik Əştərə yazdığı məktub təkcə İslam tarixinin deyil, bəşər dövlətçilik tarixinin ən böyük siyasi sənədlərindən biri hesab edilə bilər. Bu məktubda dövlətin məqsədi hakimiyyətin qorunması deyil, insanın qorunması kimi təqdim olunur. Əli valisinə yazırdı ki, insanların qəlbinə mərhəmət toxumu səp, çünki onlar ya sənin din qardaşların, ya da yaradılış etibarilə səninlə bərabərdirlər. Bu fikir əslində müasir insan hüquqları konsepsiyasının əsrlər əvvəl ifadə olunmuş mənəvi forması idi. Burada insanın dini, dili, milliyyəti deyil, insan olması əsas meyar sayılırdı. Əlinin dünyasında dövlət xəzinəsi hökmdarın mülkü deyildi. Hakimiyyət şəxsi imtiyaz deyildi. Ədalət dövlətin bəzəyi yox, onun mövcudluq səbəbi idi. Buna görə də Əli hakimiyyəti qılıncla deyil, vicdanla idarə etməyə çalışırdı. Bu məktəbdə böyüyən Hüseyn sonradan Kərbəlada atasının nəzəriyyəsini həyata çevirdi. Əli dövlətin nə olması lazım olduğunu yazmışdı. Hüseyn isə dövlət nə zaman öz mahiyyətini itirərsə, vicdan sahibinin necə davranmalı olduğunu göstərdi. Kərbəla buna görə yalnız şəhadət deyil, siyasi əxlaqın zirvəsidir. Hüseyn bilirdi ki, qarşısındakı qüvvəni məğlub edə bilməyəcək. Lakin onun məqsədi qalib gəlmək deyildi. Məqsədi həqiqətin məğlub olmadığını göstərmək idi. O, sayın deyil, mənanın gücünə inanırdı. Bu nöqtədə Hüseynlə Qandi arasında əsrləri aşan görünməz bir körpü yaranır.

Qandi də Britaniya imperiyasını hərbi güclə məğlub edə bilməyəcəyini anlayırdı. O da bilirdi ki, bəzən insanın ən böyük silahı onun vicdanıdır. Buna görə o, "Satyaqraha" - həqiqətə bağlılıq fəlsəfəsini yaratdı. Bu fəlsəfənin mərkəzində zorakılığa qarşı mənəvi müqavimət dayanırdı. Əgər Əli ədalətin dövlətini xəyal edirdisə, Hüseyn o dövlət uğrunda canını verirdisə, Qandi həmin ideyanı başqa bir mədəniyyətdə siyasi hərəkat formasına çevirdi. Onların dilləri, dinləri ayrı idi. Onların yaşadıqları əsrlər ayrı idi. Lakin  vicdanları eyni həqiqəti danışırdı. İnsan yalnız çörəklə yaşamır. İnsan yalnız hakimiyyət üçün çarpışmır. İnsan yalnız qorxu içində yaşamaq üçün yaradılmayıb. İnsan həqiqəti tanımaq, ədaləti qorumaq və mənəvi kamilliyə yüksəlmək üçün yaradılıb. Kərbəlanın böyük dərsi də məhz budur. Hüseyn insanlara ölməyi yox, ləyaqətlə yaşamağı öyrətdi. Qandi insanlara öldürməyi yox, vicdanın gücü ilə qalib gəlməyi anlatdı. Əli insanlara hakim olmaq yox, ədalətli olmaq dərsi keçdi. Məhəmməd peyğəmbər isə insanlara öz daxilindəki qaranlığı məğlub etməyi öyrətdi.

Buna görə də bu dörd xətt əslində bir çayın müxtəlif qolları kimidir. Mənbə birdir: insanın mənəvi azadlığı. Bu gün dünyanın müxtəlif ölkələrində tarixçilər, filosoflar, siyasətçilər və hüquqşünaslar Kərbəla hadisəsini araşdırarkən yalnız dini hadisəni deyil, mənəvi müqavimətin universal modelini öyrənirlər. Çünki Kərbəla yalnız müsəlmanların deyil, insan vicdanının tarixidir.  Bəlkə də buna görə Hüseynin adı əsrlər keçdikcə kiçilmədi, əksinə, böyüdü. Çünki qılınclar pas atır, imperiyalar dağılır, taxtlar çökür. Lakin vicdan üzərində qurulmuş ideyalar əbədi yaşayır. Onlar zaman keçdikcə daha da güclənir. Kərbəladan Dehliyə, Dehlidən isə bütün dünyaya uzanan yolun sirri də məhz budur. 

Bəlkə də tarixdə çox az insan tapılar ki, ölümündən sonra həyatı daha böyük məna qazansın. İmam Hüseyn məhz belə şəxsiyyətlərdəndir. Onun həyatı bir dövrə, bir xalqa, bir məzhəbə və ya bir coğrafiyaya aid deyil. O, insan vicdanının tarixində yaşayan nadir simalardan biridir. Əsrlər boyu müxtəlif dinlərə, millətlərə və mədəniyyətlərə mənsub insanlar Kərbəla hadisəsinə dönə-dönə qayıtmışlar. Çünki Kərbəla yalnız keçmişin xatirəsi deyil, insanlığın əbədi sualına verilmiş cavabdır: İnsan həqiqət qarşısında necə davranmalıdır?  Tarixin elə səhifələri var ki, onları yalnız oxumaq olmur, öz həyatında yaşamaq lazım gəlir. Elə şəxsiyyətlər var ki, onların həyatı haqqında danışmaq kifayət etmir, onların ruhuna nüfuz etmək lazımdır. Çünki bəzi insanlar bəlli bir dövrün qəhrəmanı olurlar, bəzi insanlar isə zamanın özünə çevrilirlər. İmam Əli və imam Hüseyn belə şəxsiyyətlərdəndir. Onların həyatı yalnız İslam tarixinin bir hissəsi deyil, həm də insan vicdanının, ədalətin, ləyaqətin və həqiqətin tarixidir.

Bəşəriyyət əsrlər boyu eyni sualın cavabını axtarmışdır: insan niyə yaşayır? Yalnız yemək, qazanmaq, qocalmaq və ölmək üçünmü? Yoxsa insanın varlığında daha böyük bir məna gizlənmişdir?! Sokrat da bu sualı vermişdi, Konfutsi də, Budda da. Lakin bu suala ən dərin cavablardan biri Məhəmməd peyğəmbərin gətirdiyi mənəvi məktəbdə öz əksini tapdı. O məktəbin mərkəzində insan dayanırdı. İnsan yalnız bədən deyil, ruh idi. İnsan yalnız torpaqdan yaranmış varlıq deyil, ilahi əmanət daşıyıcısı idi. Yaradılışın mahiyyətində məhz bu fəlsəfə dayanır.

Bəşəriyyət dəyişir, texnologiyalar yenilənir, dövlətlər inkişaf edir. Lakin insanın həqiqətə, ədalətə, vicdana olan ehtiyacı dəyişmir. Məhz buna görə Kərbəla yaşayır, Əli və onun ideyaları bu gün də yaşayır. Məhz buna görə Hüseyn bu gün də istinad mənbəyimizdir. Məhz buna görə Qandi bu gün də bizimlədir. Çünki zaman hakimiyyətləri qocaldır, sarayları dağıdır, imperiyaları tarixə çevirir. Lakin insan vicdanına toxunan həqiqətləri qocalda bilmir. Və bəlkə də insanlığın ən böyük ümidi məhz budur: qaranlıq nə qədər artsa da, həqiqətin işığı heç vaxt sönmür.

Əslində imam Əli və imam Hüseynlə Mahatma Qandini birləşdirən ən böyük körpü siyasət deyil. Onları birləşdirən hakimiyyət də deyil. Onları bir araya gətirən insan ruhuna baxışdır. Bu üç böyük şəxsiyyət insanı yalnız bioloji varlıq kimi qəbul etmirdi. Onlar insanı ilahi məsuliyyət daşıyan mənəvi varlıq hesab edirdilər. Əli insanın daxilindəki vicdanı kainatın ən böyük sərvəti adlandırırdı. Onun düşüncəsində insan torpaqdan yaradılmış bədənlə göylərə bağlı ruhun vəhdəti idi. Bu səbəbdən o, insanın özünü tanımasını bütün biliklərin başlanğıcı hesab edirdi. Onun məşhur hikmətlərindən biri belədir: "Özünü tanıyan Rəbbini tanıyar." Bu fikir sadəcə, dini hökm, doqma deyil. Bu tezis insanın öz daxili aləmini dərk etməsinə çağırışdır. Çünki insan özünü tanımadan nə həqiqəti tanıya bilər, nə də azadlığı dərk etmək iqtidarında olar. Hüseyn atasının bu məktəbində yetişmişdi. O, bilirdi ki, insanın ən böyük məğlubiyyəti ölmək deyil, vicdanını itirməkdir. Məhz buna görə Kərbəla ölüm hadisəsi deyil, vicdanın həyatda varlığını qoruması hadisəsidir. Kərbəla hadisəsi göstərdi ki, insan bədəncə məğlub olsa da, mənəvi cəhətdən qalib gələ bilər. Qandi də eyni həqiqətə inanırdı. Onun bütün siyasi mübarizəsi insan vicdanı üzərində qurulmuşdu. O yazırdı ki, dünyanı dəyişdirmək istəyən insan əvvəlcə özünü dəyişdirməlidir. Bu fikir zahirdə sadə görünür. Lakin onun arxasında böyük fəlsəfə dayanır.

Qandi başa düşürdü ki, cəmiyyət milyonlarla insanın daxili dünyasının cəmidir. Əgər insanın daxilində nifrət yaşayırsa, qurduğu dövlət də nifrət üzərində qurulacaq. Əgər insanın daxilində ədalət yaşayırsa, qurduğu cəmiyyət də ədalətli olacaq. Bu fikir bizi yenidən imam Əliyə qaytarır. Əli də dövlətin qurulması prosesinin insanın qəlbindən başladığını düşünürdü. Onun üçün dövlət yalnız sərhədlər, ordular və qanunlar deyildi. Dövlət ilk növbədə mənəvi sistem idi. Əxlaqı olmayan dövlət uzunömürlü ola bilməzdi. Vicdanı olmayan hakimiyyət isə gec-tez özünü məhv etməyə məhkum idi. Məhz buna görə Əlinin dövlətçilik fəlsəfəsi bu gün də müasir görünür. Məhz buna görə Hüseyn bu gün də müasir düşüncənin prioriteti kimi qəbul edilir. Qandinin düşüncələri bu gün də dünya tarixinə yön vermək iqtidarındadır. Çünki onların mövzuları, ideyaları zamanla dəyişmir.

Buna görə də imam Hüseyn yalnız VII əsrin insanı deyil, həm də XXI əsrin  insanıdır. Qandi yalnız Hindistanın lideri deyil, həm də vicdanın yorulmaz carçısıdır.  İmam Əli yalnız bir dövlətin rəhbəri deyildi, eyni zamanda insanlığın əxlaq müəllimlərindən biri idi. Əsrlər keçsə də, onların adları unudulmur. Çünki onlar əbədi dəyərlərin daşıyıcılarıdırlar.

Qandinin imam Hüseynə yaxınlığı təsadüfi deyildi. Çünki böyük ruhlar bir-birini dinlərinə görə deyil, həqiqətə sədaqətlərinə görə tanıyırlar. Qandi Hindistanın Qucarat bölgəsində dindar bir ailədə dünyaya gəlmişdi. Onun anası Putlibay son dərəcə mənəviyyatlı qadın idi. Uşaqlıq illərində Qandi anasından öyrəndiyi ən böyük dərsin doğru danışmaq, başqasının haqqına girməmək və insanın öz vicdanı qarşısında dürüst qalması olduğunu yazırdı. Sonralar o, etiraf edəcəkdi ki, insanın ən böyük məhkəməsi dövlət məhkəməsi deyil, vicdan məhkəməsidir. Bu fikir bizi yenidən imam Əliyə qaytarır. Çünki Əli də insanın daxilindəki hakimdən danışırdı. O deyirdi ki, insan öz nəfsini idarə edə bilmirsə, dünyanı idarə etməyə çalışması mənasızdır. Əlinin ailə tərbiyəsi də məhz bu düşüncə üzərində qurulmuşdu. O, övladlarına yalnız dini bilik vermirdi. Onlara insan olmağı öyrədirdi. Həsənə və Hüseynə aşılayırdı ki, güclü olmaq başqalarını məğlub etmək deyil. Güclü olmaq öz nəfsini məğlub etməkdir. Bu səbəbdən Hüseyn Kərbəlada atasının öyrətdiyi əxlaqı yaşayırdı. O, ölümdən qorxmurdu. Çünki qorxudan azad insanı məğlub etmək mümkün deyil.

Qandi də həyatının böyük hissəsini bu həqiqəti sübut etməyə sərf etdi. O, dəfələrlə həbs olundu. Dəfələrlə təhqir edildi, təzyiqlərlə üzləşdi. Lakin onun mübarizəsinin əsas xüsusiyyəti nifrətdən uzaq olması idi. O, yazırdı: "Qaranlıq qaranlığı yox edə bilməz. Bunu yalnız işıq edə bilər. Nifrət nifrəti yox edə bilməz. Bunu yalnız sevgi edə bilər."

Bu fikir əslində Kərbəla hadisəsinin ruhuna çox yaxındır. Çünki Hüseyn düşmənlərini məhv etmək üçün deyil, insan vicdanını oyatmaq üçün meydana atılmışdı. Qandi üçün insan həyatının məqsədi yalnız yaşamaq deyildi. Onun fikrincə, insan həqiqətə yaxınlaşmaq, öz daxilindəki mənəvi nuru tapmaq üçün yaşayır. Bu düşüncə imam Əlinin hikmətləri ilə təəccüblü dərəcədə səsləşir. Əli insanı kainatın ən böyük sirri hesab edirdi. O deyirdi ki, sən özünü kiçik hesab edirsən, halbuki ən böyük aləm sənin daxilindədir. Məhz buna görə həm Əli, həm Hüseyn, həm də Qandi insanı dəyişmədən cəmiyyəti dəyişməyin mümkün olmadığına inanırdılar. Onların hər üçünün nəzərində ən böyük inqilab insanın öz daxilində baş verən inqilab idi. Bəlkə də buna görə Hüseyn bu gün yalnız müsəlmanların sevdiyi şəxsiyyət deyil. Onu xristianlar da oxuyurlar, hindular da onun həyat fəlsəfəsini öyrənirlər. Onu ateist tarixçilər də araşdırırlar. Çünki onlar Hüseyndə yalnız dini lider deyil, vicdanın qalibiyyətini görürlər. Onlar Hüseynin simasında insan ləyaqətinin simvolunu görürlər. Onlar Hüseyndə qorxu üzərində qələbə çalmış insanı tapırlar.

Tarixdə çoxlu sərkərdələr, hökmdarlar olmuşdur. Dünya çox qaliblər görmüşdür. Lakin ölümündən sonra əsrlər boyu vicdan müəllimi və mücəssəməsi kimi yaşamaq çox nadir insanlara nəsib olmuşdur. İmam Hüseyn məhz belə insanlardan biridir. Və məhz buna görə Kərbəla bir hadisə olmaqdan çıxaraq insanlığın mənəvi məktəbinə çevrilmişdir.

 

“Ədəbiyyat və incəsənət”

(22.06.2026)

 

 

Bazar ertəsi, 22 İyun 2026 12:00

Telefonlarımız izlənilirmi? - AKTUAL

Fatimə Məmmədova,

"Ədəbiyyat və İncəsənət" portalının Xəbərlər və Təqvim şöbəsi

 

Bu gün bir çox insan sosial şəbəkələrdə qarşılaşdığı alqoritmlərdən narahat olur. İnsanlar düşünürlər ki, bir neçə dəqiqə əvvəl dostu ilə müzakirə etdiyi və ya haqqında düşündüyü mövzu qısa müddət sonra sosial şəbəkədə qarşısına çıxır. Bu isə onlarda "Telefonlarımız izlənilir?" sualını və müəyyən qorxu hissini yaradır.

 

Məsələn, ötən günlərdə tanınmış vəkilin qızının motosiklet qəzasında həyatını itirməsi ilə bağlı xəbərin yayılmasından dərhal sonra sosial şəbəkələrdə həmin şəxsin əvvəlki videoları və paylaşımları geniş şəkildə istifadəçilərin qarşısına çıxmağa başladı. Hətta onun şəxsi hesabında yerləşdirdiyi videolar belə alqoritmlər vasitəsilə çox sayda insana göstərildi.

Belə hallarla tez-tez qarşılaşan insanlar bəzən texnologiyanın onları izlədiyini düşünürlər. Əslində isə sosial şəbəkələrin alqoritmləri istifadəçilərin maraq dairəsini, axtarışlarını və qarşılıqlı əlaqələrini təhlil edərək onlara oxşar məzmun təqdim edir. Bununla belə, bu proses bir çox insanda narahatlıq və şübhə hissi yaradır.

 

Bu barədə "Ədəbiyyat və İncəsənət" portalına danışan psixoloq Gülşən Rüstəmova bildirib ki, həyatda və cəmiyyətdə yaşayırıqsa, bəzi alqoritmləri və informasiya axınını görməzdən gəlmək həyatımızı daha asan edə bilər:

"Dərin informasiyalara malik olmaq hər zaman üstün vəziyyətdə olmaq demək deyil. İnsanların düşüncələrini və fikirlərini kütləvi şəkildə yönləndirmək üçün ortaya atılan bəzi iddialar cəmiyyətdə çaxnaşma yarada bilir. Bəzən bunu müəyyən şəxslər məqsədyönlü şəkildə edir. Məqsəd isə insanları daha vacib məsələlərdən yayındırmaqdır. Bu, əslində, marketinq taktikasıdır".

Psixoloqun sözlərinə görə, bu cür qorxu və narahatlıqlar insan üçün faydalı deyil:

 

 

"Bilmədiyimiz bir mövzu haqqında həddindən artıq detallı araşdırmalar aparmaq bizi sadəcə yoracaq. Həm fiziki, həm də maddi baxımdan itkilərlə üzləşəcəyik və vaxtımızı itirəcəyik. Əgər diqqətimizi daha aktual mövzulara yönəltsək, bu cür məsələlər artıq həyatımızda önəmli yer tutmayacaq. Elə mövzular var ki, onlar bizim təsir imkanlarımızdan kənardadır. Həmin məsələləri həddindən artıq qloballaşdırmaq və onları həyatımızın prioritetinə çevirmək bizə yalnız zərər verə bilər".

G.Rüstəmova tövsiyə edir ki, insanlar həyatlarında daha vacib olan mövzulara diqqət ayırsınlar. Onun fikrincə, hər bir insanın dünyada baş verən bütün hadisələr haqqında məlumatlı olması məcburi deyil. Əsas olan insanın öz həyatı və gələcəyi üçün vacib olan məsələləri müəyyənləşdirərək diqqətini həmin istiqamətlərə yönəltməsidir.

 

“Ədəbiyyat və incəsənət”

(22.06.2026)

 

 

Nargis,

“Ədəbiyyat və incəsənət”

 

 

(Tanrılogiya - davam yazısı)

 

-Sən kimsən!

-İnsan!

-Gümüşlandiyaya insan gəlib?

Ağ saçlı qoca diksinərək arxaya çəkildi. Sonra qusmağa başladı. Dəhşət və ikrah hissi ilə onu izləməyə başladım.

Ağzın və saqqalını çəhrayı rəngli qusuntudan təmizlədikdən sonra diqqətlə mənə baxaraq -Rədd ol burdan, murdar Adəmin törəməsi-dedi...

-Sən kimsən, hansı haqqla bunu deyirsən-bağıraraq üzərinə yeridim.

Əsasının iti ucunu sinəmə dayadıqda, arxaya çəkilməyinin zəiflikdən deyil, ikrah hissindən qaynaqlandığını gec də olsa qavradım.

-Samael mən! Ey məsumiyyəti, gözəlliyi qana, qəddarlığa bulaşdıran rəzil insan-dedi.

Bu gün bütün olanlar sənə görədir.  Ulu baban Adəm bütün gözəllikləri məhv etdi. Öncə cənnəti aldı əlimizdən...Sonra isə Liliti məhv etdi...

-Lilitin ucbatından itirildi cənnət...

-Liliti?

- Sizə, ey insan hər şey səhv danışılır... Adəm Liliti hər zaman alçaltdı, hər şeyin kökündə bu durur. Beləliklə intiqam yarandı. İntiqamı siz yaratdınız ....

Adəm özünə göy üzü, Lilitə yer üzü kimi baxırdı. Hər daim Lilitdən itaət gözləyirdi. Bunu öncə işarələrlə, sonra isə cinsi təzyiqlə etdi. İtaət etmək istəməyən Liliti itaətə məcbur etdi. Hanı azadlıq?

-Lilit Adəmi məhv etdi, başına bəla oldu, Tanrıya qarşı çıxdı yer üzünə qaçdı.

-Onu bu həddə Adəm gətirdi. Tanrı növbəti səhvini Həvvanı yaradaraq düzəltmək istədi, bunun üçün Adəmin qabırğasından istifadə etdi, çünki başqa bir üsyan istəmirdi.

-Həvva daha yaxşı idi. O boyun əydi hər şeyə...Lilit Həvva kimi ola bilmədi... Sevə bilmədi Adəmi...Həvvanın sevgisi daha gerçək idi....

-Nə üçün? Tabe və təslimiyyət sevginin gerçəklik ölçüsümü? Üsyankar ruhun daşıyıcılar həqiqi eşqi daşıya bilməzlərmi?

-Lilit ağıllı deyildi...

-Eşqdə ağıl axtarmaq sənin ağlının miqdarına dəlalət etmirmi?

-Həvva!

-Çünki Tanrı da Liliti məhv etməyə başladı. Çünki o əslində bilərək Lilitin torpağına alov qatmışdı.Həvvanı isə belə yaratmadı, itaət esin deyə kodladı....Necə ki, sizlər süni-intellektləri kodlayırsınız.... Tanrı bilmirdimi ay zavallı insan, alov Lilitə üsyan gücü qatacaq. O Adəm qarşı gələcək. Tanrı ağılsız idimi? Bilmirdimi bu üsyankar ruh bir gün qaçıb gedəcək. Tanrı Liliti yaratmaq üçün Adəmə söz vermişdi. Liliti yoğurmağa başladıqca Tanrı öz təkliyi ilə üzləşdi və bu onu dərindən sarsıtdı. Adəmi qısqandı... Onun təklik heqemoniyasından geriyə dönüş yox idi... O Adəmə verdiyi sözdən dönə bilmədiyi üçün Liliti ona verdi. Ancaq Liliti Tanrı da arzulayırdı. Lilitsiz gecələr ona ağır gəlirdi. Lilitin Adəmin qollarında inildəməsi Tanrını dəli edirdi. Lilit yer üzünün işarəsi idi Tanrı bütün küləklərini göndərib yer üzünü kəsib biçirdi. Dağlarda vulkanlar fışqırtı. Çaylarda daşqınlar yaratdı. Darıxdığından yer üzündə Lilitin alov qırmızısı rəngindəki saçlarına xitabən qırmızı güllər açdırdı. Sonra o gülləri didib parçaladı... küləklə sovurduqca sovurdu. Məsum bülbülləri tikanlara qurban edərək Lilitin ruhunu qana susatdı. Bu ritual idi... Aqresssiyanın, intiqamın ritualı... Güllərin iti tikanları Lilitin əsarəngiz, dəlisov, üsyankarlığına işarə idi. Tanrı darıxırdı. Lilitin ası ruhuna nəhayət ki,  bu ritualları ilə tabe olmamağı xatırlatdı. Lilit getdikcə onu alçaldan Adəmdən uzaqlaşmağa başladı. Adəm öncə Lilitlə danışmağa çalışdı. Lilit dediyini deyirdi. Adəm Lilitə zor tətbiq etməyə başladıqda Lilit bir neçə saniyənin içidə onu tərk etməli olduğunu dərk etdi. Lilitin Adəmi tərk etməyi nəyisə dəyişmədi. Lilit bu dəfə yalnızca Adəmə yox, Tanrıya da nifrət etməyə başladı. Bu nifrət onu mənimlə yaxınlaşdırdı... –dedi Samuel gözlərini uzaqlara dikərək...Gözlərindən qan damcılayırdı...Xof məni basırdı. Arada ətimi didirdim dırnağımla. Yuxuydusa ayılmaq istəyirdim, astralda idimsə qayıtmaq...

-Lilit üçün hər şeyi etməyə hazır idim-Samuel əsasını yasəmən ağacına soxub bağırdı... Yasəmənin sinəsindən dupduru yaş axmağa başladı. Bir anda içimdən Samuelin boğazını dişlərimlə didib parçalamaq keçdi... Gözlərim boğazını axtardı.. Yox idi... Başı sanki havadan asılmışdı...

-Bir dediyini iki etmirdim. Bir gün Tanrı da, Adəm də Lilit üçün darıxmağa başladı... Axı insan da, Tanrı da mahiyyətcə eynidi... Tanrı necə fərqli bir varlıq  yarada bilərdi ki? Tanrı əslində insanın içinə özündən nəsə qoymuşdu. Qoymalı idi... Alov mən  və Lilitin ruhunda mövcud olsa da torpaq bunu söndürməyə qadir deyildimi... Bəs nə üçün bunu etmədilər? Çünki, Tanrı da, Adəm də sakitliyi istəmirdi. Ruhlarında qarğaşaya, xaosa meyil var idi çünki...

Lilit onları bu xaosa sürükləyirdi. Darıxmaq yaşamaqdır axı. Var olmaqdı, nəfəs almaqdı-deyib Gümüşlandiya mütəfəkkirləri ancaq mən onsuz yaşaya bilməzdim. Lilitə hər şeyi başa salmalı idim...Onsuzluğun məni  daha da şeytanlaşdırdığını, Tanrının da arzusunun bu olduğunu.... Axı bu hekayədə ən məsum mən idim... Mən Samuel... Mən Liliti qarşılıqsız sevirdim, onunla ailə olmaq arzusunda idim...

-Bunun üçün nə etdin?

-Öncə Lilitə yalvardım ki, getməsin. Ancaq Lilit Adəmin düzələ biləcəyinə inanırdı. İnanırdı ki, Adəm peşimandı... Əslində mən hər şeyi görürdüm, bu çox ağır idi...Adəm heç onun vecinə də deyildi. Adəm asan loğma idi...

-Ağır olan nədi... Adəm və Lilit eşqimi?

-Hahhaah Adəm və Lilit eşqi? Necə saf bir düşüncə... Necə dərin safsata...

Lilit kimi güclü qadın nə üçün Adəmi sevsin...Adəmi yox...Kaş ki, Adəm olardı.. onda hər şey asan olardı...  Onlar məni aldatdılar... Olsun, bəs Lilit? O bunu necə etdi....Axı Cənnətdən getmək qərarında onu ən çox mən dəstəkləmişdim. Əsəbdən alışıb yanan qan qırmızısı saçlarını sinəmdə soyutmuşdum...

Yasaq eşq idi, hər şeyin kökündə duran... Lilit də Tanrını sevirdi...

Onu itirə bilməzdim. Tanrıya bir gecə o yuxudaykən pıçıldadım və onu inandırdım ki, Lilit Adəmə görə deyil...

-Tanrı yatmır!

-Yatmır? Bunu görmüsənmi?

-Mənim didib parçalamaq arzusunda olduğun boynumu gördüyün kimimi?

Diksindim. Cəld arxamı yasəmən ağacına söykədim.

Boğunuq səslə güldü....

-Bilirsənmi? Adəmi oğlu kimi sevirdi Tanrı və əslində onun ağlına röyasındaykən soxduğum yeni qadın düzəltmək fikri  onu da bu dəli peşimanlıqdan-qadağan eşqin iztirabından xilas edirdi. Həvva bir növü bağışlanılmaq üçün Tanrının son ümidi idi... Mən, mən buna nail oldum. Adəm Həvvanı görən kimi Liliti unutdu ondan əl çəkdi. Adəm zəif xarakter idi.

-Yox Lilit qayıtmadı deyə Tanrı Həvvanı yaratdı...

-Dedim axı qayıdacaqdı...Taki mən o üç mələyi aldadıb başqa yönə göndərənədək. Mələkləri şeytanlar aləmindən Lamaştu qarşıladı. Alov rəngindəki qırmızı saçları ilə o mələkləri Lilit olduğuna inandırdı… Adəmi alçaltdı. Mələkləri qovdu... Tanrı elə bildi ki, Lilit ona qarşı gəldi...Hər şeyi edən mən idim...Mən bədbəxt...

Milyonlarca ildir bu qovğa davam edir. Tanrı və Lilit bir-birini qıraraq sevişirlər. Qana susayıblar...

Bunu çox gec anladım. Bu ehtiras sönmür. Onlar sanki bu cür özlərini rahatladırlar, boşalırlar. Lilit mənimlə acığa sevişir. Doğulan hər uşağı, Tanrı məhv edir .... Bizi isə öldürmür o qəddar! Ölümsüzülük vermək onun  ən böyük cəzası imiş, ən nəhəng intiqamı....

Samuel bunu deyərək getmək istəyirdi... Rahat nəfəs alacaqdım ki, qayıdaraq...

-Lilit isə heç vaxt gerçəkdə mənə aid olmadı. Hər daim mən onun üçün darıxdıqda sığına biləcəyi liman idim. Bu məni dəli edirdi. And içdim o gün ki, Adəm və adəmoğulları mənim ən qəddar düşmənlərimdir. Milyonlarca əsrdir ki, onları pis yola çəkirəm, insandan-səndən nifrət edirəm! İndiysə cəhənnəm ol Gümüşlandiyadan.

 

“Ədəbiyyat və incəsənət”

(22 .06.2026)

Kənan Məmmədli,

“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi

 

Söhbətimiz futbol mədəniyyəti barədədir. Niyə də yox. Axı bu yay günlərində dünyanın diqqəti müharibələrdən də yayınaraq növbəti futbol mundialına yönəlibdir.

ABŞ, Kanada və Meksikada keçirilən 2026-cı il futbol üzrə dünya çempionatında ilkin mərhələ sona adlayır. Artıq ilk pley-off iştirakçıları və ilk uğursuzlar bəllidir. ABŞ-ın ilk iki turda yüz faizlik nəticə ilə özünə pley-off-u təmin etməsi də, Türkiyənin ilk iki turda sıfır fazilik nəticə ilə turniri tərk etməsi də gözlənilməz sayıla bilər. Əlbət ki, ən yaxşı oyunlar qarşıdadır və hələ heç kəsi aşkar favorit hesab etmək də olmaz. Hamı ənənəvi Fransa, Braziliya, Argentina kimi ölkələrin adlarını çempionluğa əsas namizəd hesab edir, amma Norveç və Mərakeş kimi gözləntilər böyük olan yığmalar da var.

Bəs mundialda iştirak edən ən məşhur 33 futbolçu hansılardır? Sport magazine bu suala süni intellektin köməyi ilə cavab alıb və həmin reytinq sizlərə təqdim olunur. Siyahı tərtib edilərkən oyunçuların dünya üzrə populyarlığı, nailiyyətləri və tanınmışlığı, habelə transfer dəyəri nəzərə alınıb.

№

Futbolçu

Yığma

Klub

1

Lionel Messi

Argentina

Inter Miami

2

Cristiano Ronaldo

Portuqaliya

Al Nassr

3

Kylian Mbappé

Fransa

Real Madrid

4

Erling Haaland

Norveç

Manchester City

5

Neymar

Braziliya

Santos

6

Harry Kane

İngiltərə

Bayern Munich

7

Vinícius Júnior

Braziliya

Real Madrid

8

Jude Bellingham

İngiltərə

Real Madrid

9

Lamine Yamal

İspaniya

Barcelona

10

Rodri

İspaniya

Manchester City

11

Mohamed Salah

Misir

Liverpool

12

Lautaro Martínez

Argentina

Inter

13

Kevin De Bruyne

Belçika

Napoli

14

Bukayo Saka

İngiltərə

Arsenal

15

Phil Foden

İngiltərə

Manchester City

16

Virgil van Dijk

Niderland

Liverpool

17

Pedri

İspaniya

Barcelona

18

Federico Valverde

Uruqvay

Real Madrid

19

Achraf Hakimi

Mərakeş

PSG

20

Bruno Fernandes

Portuqaliya

Manchester United

21

Bernardo Silva

Portuqaliya

Manchester City

22

Rafael Leão

Portuqaliya

Milan

23

Osman Dembele

Fransa

PSJ

24

Martin Odegaard

Norveç

Arsenal

25

Alphonso Davies

Kanada

Bayern Munich

26

Christian Pulisic

ABŞ

Milan

27

Jamal Musiala

Almaniya

Bayern Munich

28

Florian Wirtz

Almaniya

Liverpool

29

Kai Havertz

Almaniya

Arsenal

30

Luka Modrić

Xorvatiya

Milan

31

Frenkie de Jong

Niderland

Barcelona

32

Alexis Mac Allister

Argentina

Liverpool

33

Emiliano Martínez

Argentina

Aston Villa.

 

“Ədəbiyyat və incəsənət”

(22.06.2026)

Bazar ertəsi, 22 İyun 2026 11:35

Gözlənilməz keçidlər - ESSE

Aynur İsmayılova,

“Ədəbiyyat və incəsənət” portalının Yaradıcılıq şöbəsi

 

Saat dörddür. Günorta vaxtıdır. Həzin külək özünü daha sərt göstərməyə başladı. Hər yeri işıqlandıran günəş indi yoxa çıxmış, yerini qara buludlar almışdı. Hava anidən tutqunlaşmağa başladı. Göy gurultusunun həyəcanverici səsi aydın eşidilirdi. Qara buludların arasından boylanan ildırımlar bir-birinə toxunaraq, önümdən keçib sanki rəqs edirdilər.

 

Hər an gəlməkdə olan yağışı qarşılayan ildırım əvvəlcə çaxır, göyü titrədirdi, sonra yerə enən damlalara yol açırdı.Mən səmaya baxaraq mənzərəyə tamaşa edirəm. Yağış hələ başlamayıb. Küçənin kənarında dayanıb avtobus gözləyirəm. İçimdə qəribə bir hiss var. Sanki səma da mənimlə eyni hissləri yaşayır.Avtobus bir müddət sonra gəlir. İçəri girib otururam. Pəncərədən ətrafa baxıram. Bir qədər irəlilədikdən sonra yağışa düşdük. Hər tərəfi şiddətli yağış bürümüşdü. Bayaqkı hava geridə qalmışdı. Avtobus sürətini yavaşlatdı, önümüzü görə bilmirdik. Lakin bir dəqiqə sonra gördüyüm mənzərə isə tamam fərqli idi. Elə bil yağış arxamızda qalmış, bizdən uzaq düşmüşdü. İrəlidə isə hər tərəf aydın və günəşli idi — sanki heç nə olmamış kimi. On beş dəqiqəlik yolda sanki bir fəsildən digərinə keçmişdik.Geri qayıdanda isə hər şeyin əksi olur. Şiddətli yağış yağmağa başlayır. Mən addımlarımı tezləşdirirəm, avtobusa yetişməyə çalışıram. Uzaqdan gələn avtobusu görüb, tələsərək yolu keçdim. Avtobus saxladı və mən içəri keçdim. Hər yer dolu idi. Mən özümə birtəhər yer edib, kənarda dayanmışam. Yağışı seyr edirəm. Yağışın damcıları şüşəyə çırpılır, içəridəki sükutu pozurdu. Ancaq mən bu yağışda özümə sükut tapırdım.Qəribəsi onda idi ki, yağış ilk dayandığım yerə yağmırdı. Lakin mən dayandığım zaman hər an yağacaq kimi idi. Bu hadisə məndə qəribə bir hiss oyatdı. Bir saata yaxın zaman içində sanki fəsillər bir-birini əvəzlədi. Mən də onunla birlikdə dəyişdim. Sanki həyatın özü də belədir: sən bir yerdə dayanarkən fırtına gəlir, yerini dəyişəndə isə fırtına geridə qalır.

Və anladım ki, həyat da belədir — bir anda dəyişir. Buludlar çəkilir, günəş görünür və sonra yenə yağış yağır. Biz isə, hər nə olsa da, yolumuza davam edirik. Çünki bilirik ki, hər yağışın ardınca günəş çıxacaq. Elə bu ümidlə də avtobus pəncərəsindən baxaraq yoluma davam edirəm.

 

“Ədəbiyyat və incəsənət”

(22.06.2026)

 

 

 

Bazar ertəsi, 22 İyun 2026 13:07

ŞEİR SAATI Rəsmiyyə Sabirin şeirləri ilə

 

“Ədəbiyyat və incəsənət” portalının Şeir saatı rubrikasında bu gün sizlərə Rəsmiyyə Sabirin şeirləri təqdim edilir.

 

 

BU MƏHƏBBƏT

 

İçindən yıxılır adam

(Ramiz Rövşən)

 

Bu məhəbbət bir az göydən,

Bir az da yerdən sıxılır.

Dünya ruhumuz boydadır,

Fərq etməz hardan baxılır.

 

Sən getdin, yox oldu izin,
Mən süründüm dizin-dizin,

Baxmadığımız dənizin

Suyu gözümə yığılır.

 

Yoxdur səndən xəbər-ətər,

Həsrətin hər vaxt təzə-tər,

Üst-üstə toplanan dərdlər

Hamısı ömürdən çıxılır.

 

Hicran ağır, ürək kövrək,

Gəl bu dərdin yükünü çək,

Bir gün qurumuş ağactək,

Hər kəs içindən yıxılır.

 

 

QADIN

 

Səni tanıyıram, qadın...

Üzündəki minillik kədər

tanışdır mənə.

Nə etsən də,

fələk gəlməz ki,

imana-dinə.

 

Səni tanıyıram, qadın...

Daşıdığın zibil torbaları

ürəyinə ağır gələr.

Bu arsız dərd də gəlib

sənin könlündə dincələr.

 

Səni tanıyıram, qadın...

Nə istəyir fələk səndən?

Əli ətəyindən uzun bəxtin

utanıb keçər gendən.

 

Səni tanıyıram, qadın...

Dünya ruhuna dar olar.

Al-əlvan yaz çiçəkləri

payız əllərində solar.

 

Səni tanıyıram, qadın...

Fəqət, unutdum.

Görən, nəydi sənin adın?..

 

 

MƏN VƏ SƏN

 

Mən həqiqət arayırdım,

Sən yalan kimi çıxdın qarşıma.

Mən ümid arayırdım,

Sən güman kimi çıxdın qarşıma.

Mən xoşbəxtlik arayırdım,

Sən təsəlli kimi çıxdın qarşıma.

Mən əbədiyyət arayırdım,

Sən ömür kimi çıxdın qarşıma.

Mən Yer üzündə

Nə vaxtsa itirdiyim

Özümü axtarırdım,

Sən çıxdın qarşıma…

 

 

SƏN YOXSAN

 

Sən yoxsan,

Bayırda

bahar fəslidir.

Amma bənövşələrin

boynu bükükdür

hələ də...

 

Sən yoxsan,

Bayırda

yay fəslidir.

Günəş həsrətindən

alışıb-yanır.

 

Sən yoxsan,

Bayırda

payız fəslidir.

Sarı yarpaqlar

təbiətin

qırmızı xəyanəti üzündən

intihar edir.

 

Sən yoxsan,

Bayırda

qış fəslidr.

Küçələrin buzunu

ayrılığın alovu

yandırıb-yaxır...

 

Sən yoxsan,

Bütün fəsillərdə,

bütün aylarda,

bütün günlərdə

içimdə

sənsizlik havası var...

 

 

İLĞIM

 

Mən –

kökündən qoparılmış

bir ağacam.

Kötüyüm belə qalmamış...

 

Mən –

sındırılmış bir şüşəyəm.

Toxunsan,

qırıntılarım

doğrayar əllərini...

 

Mən –

saralmış bir yarpağam.

Daha baharlar belə

dəyişə bilməz rəngimi...

 

Mən –

bir boşluğam

ucsuz-bucaqsız...

Yaxın gəlmə,

yıxılarsan...

     

 

DÜNYANIN İÇ ÜZÜ

 

Ömrümüzün yollarına,

Duman, yağış, sis bürünür.

Çıxır astarı üzünə,

Hərdən iç üzü görünür.

 

Fələk də bizə zülm edir,
Bəxtimizin gözün didir,

Gedənlər uçaraq gedir,

Yerdə qalanlar sürünür...

 

Hüznlü payız axşamı,

Kədərə qərq olub hamı,

Küləklər üfürür şamı,

Dünyanın işığı sönür...

 

 

BÖYÜK İNSANLAR

 (Müəllimlərimə ithaf)

 

Bu kiçik dünyamızda

böyük insanlar da var.

Onların ürəyindən

cücərərək boy atar

böyük-böyük amallar.

 

Böyük insanların

kölgəsi düşər

kimsəsizlərin ahının odunun

yandırdığı küçələrə.

 

Böyük insanların

varlığı nur saçar

işığı azalan dünyaya,

qaranlıq gecələrə...

 

Böyük insanlar

dərdlərin bizi

küncə sıxdığı həyatda

qəlbimizdə böyüyər,

qəlbimizi böyüdər...

 

Həmin böyük insanlar

bu kiçik dünyamızda

böyük iz qoyub gedər...

 

 

QAYITDIM

 

Əvvəl bu dünyada bir yuxu gördüm,

Sonra da röyamı yozub qayıtdım.

Bu həyatda hər gün gördüklərimi

Ömür kitabına yazıb qayıtdım.

 

Qürurum yolumda keçilməz qaya,

Dərdlər qəlb evimdə durdu sıraya,

Doyunca baxmadım bu tamaşaya,

Uzaqdan gözucu süzüb qayıtdım.

 

Amansız fələkdən çox gördüm həmlə,

Yaxın sirdaş oldum kədərlə, qəmlə,

Kağızın üstündə lələk qələmlə

Özüm öz qəbrimi qazıb qayıtdım.

 

 

ZALIM

 

Sevgi nağılı uydurub

Məni inandırdın, zalım.

Şirin xəyala dalmışdım,

Niyə oyandırdın, zalım?

 

Məhv etdi bizi inadın,

Taleyi, bəxti qınadın,

Qəlbimi saxlayammadın,

Düşürüb sındırdın, zalım.

 

Bir-bir itirdim ilimi,

Tapmadın mənim dilimi,

Suyçun çırpınan qəlbimi

Qana boyandırdın, zalım.

 

Bu dünya mənlə yağımı,

Axtarıram dayağımı,

Of, söndürüb çırağımı

Canımı yandırdın, zalım.

 

 

AZƏRBAYCAN ƏSGƏRİ

 

Sən Vətən torpağında silinməyən bir izsən,

Bu günsən, gələcəksən, şanlı tariximizsən,

Sənin şücaətini necə vəsf eləyim mən,

Ey Odlar diyarının igid, qəhrəman əri,

Azərbaycan əsgəri!

 

Bu torpaq and yerimiz, sən qürur mənbəyisən,

Yolunu kəsə bilməz nə duman, nə də ki çən,

Vətənə sipər olan şəhidsən, qazisən sən,

Biz müqəddəs bilirik məzarın olan yeri,

Azərbaycan əsgəri!

 

Addımların titrədir dağı, dərəni, daşı,

Zəfərlə başa vurdun sən bu çətin savaşı,
Hünərini unutmaz bu tarixin yaddaşı,

Cəngavər ruhlusan sən uzaq keçmişdən bəri,

Azərbaycan əsgəri!

 

Qutsal qanın qarışdı, torpağı Vətən etdin,

Şanlı zəfər yolunu rəşadətinlə getdin,

Qayaların buzunu nəfəsinlə əritdin,

Göytürk xaqanlarının xələfidir hər biri,

Azərbaycan əsgəri!

 

Şanlı qələbə çaldın, sənə zəfər yaraşır,

Şöhrətinin sədası indi sərhədlər aşır,

Sənə xalqın qəlbində məhəbbət aşıb-daşır,

Qisasımızı alıb ovutdun dərdi-səri,

Azərbaycan əsgəri!

 

Əsla dayanma, igid, yürü ancaq irəli,

Döyüşlərdə hayqırtın dağı, daşları dəlir,
Uzaqdan Bozqurdların ayaq səsləri gəlir...

Silinir Yer üzünün bütün pisliyi, şəri,

Azərbaycan əsgəri!

Azərbaycan əsgəri!

 

“Ədəbiyyat və incəsənət”

(22.06.2026)

 

Bazar ertəsi, 22 İyun 2026 15:36

Barbara Vansın uşaq şeiri

“Ədəbiyyat və incəsənət” portalının UŞAQ ƏDƏBİYYATINI TANIDAQ layihəsində Britaniya və Amerika uşaq şeirindən seçmələr təqdim edilir.

Şeirləri ingilis dilindən tərcümə edən Şahin Xəlillidir.

Bu gün tanış olacağınız şeir Barbara Vansa aiddir. O, Amerika şairidir.

 

Barbara Vans

(1971)

ABŞ

 

Qar dənəsi

 

Qar yağanda yuxarı bax,

Gözün olsun göy üzündə.

Düşüb narın qar dənəsi

Öpər sənin üz-gözündən.

 

“Ədəbiyyat və incəsənət”

(22.06.2026)

 

 Nigar Xanəliyeva,

“Ədəbiyyat və incəsənət” portalının Xüsusi layihələr şöbəsi

 

Türk Mədəniyyəti və İrsi Fondunun “Ədəbiyyat  və incəsənət” portalı ilə birgə layihəsində mövzumuz yenə də türk mifologiyasıdır. Bu dəfə quşlardan danışacağıq.

 

Türk mifologiyasında heyvan obrazları təbiət hadisələrinin, kosmik güclərin və metafizik enerjilərin rəmzi olaraq çıxış edir. Bu heyvanlar arasında quşlar, xüsusilə qartal, hüma və bayquş, xüsusi yer tutur. Onlar təkcə təbiət varlıqları deyil, həm də göyün dili, ilahi ruhun simvolu, bəzən isə qorxunun və ölümün xəbərçisi kimi çıxış edirlər. Bu araşdırma adı çəkilən üç quşun türk mifoloji dünyasında necə mənalandığını, hansı kontekstlərdə ortaya çıxdığını və xalq yaddaşında necə yaşadığını ortaya qoyur.

 

1. Qartal – Güc, səma və Tanrı ilə əlaqə

1.1. Qartalın simvolikası

Qartal qədim türklərdə göy ünsürünün rəmzi kimi çıxış edir. O, Tanrının elçisi, Tanrıya yaxınlıq, qoruyucu ruh və dövlətin gücü kimi qəbul olunurdu.

1.2. Mifoloji və dastanlardakı rolu

Orxon-Yenisey yazılarında qartal birbaşa qeyd olunmasa da, Göy Tanrıya işarə edən metaforik təsvirdə onun simvolikası hiss olunur. Qədim türklərin şaman ayinlərində qartal şamanın göyə qalxmasını təmin edən müqəddəs quş hesab olunurdu.

“Uçmaqka barğan kişi qartal qılığına girər.”
(Ölən adam qartal şəklində Uçmaq (Cənnət) aləminə uçar.)

1.3. Tamğa və bayraq üzərində qartal

Göytürk və Səlcuq dövründə qartal ikibaşlı və ya təkbaşlı formada dövlət rəmzi kimi istifadə olunurdu. Qartal başı “hakimiyyətin göylərdən verildiyi” inancını daşıyır.

 

2. Hüma quşu – Səadət, bəxt və ilahi seçilmişlik

2.1. Hüma quşunun mənşəyi və təsviri

Hüma quşu daha çox Orta Asiya, İran və Anadolu folklorlarında formalaşmış, lakin türklər arasında da dərin məna qazanmış mifoloji quşdur. Onun adı türk və fars ədəbiyyatında tez-tez rast gəlinir. Hüma quşu heç zaman yerə qonmaz, daima göydə uçar və başının üstündən keçdiyi insana bəxt, hökmdarlıq, xüsusi qismət bəxş edər.

“Hüma quşunun kölgəsi düşənin taleyi açılar, padişah olar.”

2.2. Hümanın sufizmdə və şamanizm təsirlərində rolu

Sufi ədəbiyyatında hüma Allahın inayətini simvolizə edən quş kimi qavranılır. Şamanik sistemdə isə uçucu ruhlar arasında bəxt və ruhi bələdçilik simvoludur.

2.3. Ədəbiyyatda və dastanlarda Hüma

Oğuznamədə birbaşa olmasa da, bəzi nəslin seçilməsi, göydən gələn ilahi bələdçilik məfhumları Hüma quşunun ideyasına uyğun gəlir. Molla Pənah Vaqif və Füzuli kimi klassiklərin də şeirlərində Hüma obrazı idarəetmə haqqının ilahi qaynağını simvollaşdırır.

 

3. Bayquş – Sirr, qorxu və qoruyucu ruh

3.1. Bayquşun ikili simvolikası

Bayquş türk mifologiyasında ziddiyyətli mənalar daşıyır: bir tərəfdən ölüm, qəbir, sirr ilə bağlıdır, digər tərəfdən isə müdriklik, gözəgörünməz təhlükədən qorunma ilə əlaqələndirilir. Bayquşun gecə uçması onun görünməyən aləmlə əlaqəsi olduğuna işarə sayılmışdır.

3.2. Türk inanclarında bayquş

Qədim türk inancına görə, bayquşun səsi bəzən ölümün habercisi, bəzən isə şamanın himayəçisi sayılırdı. Şamanların geyimlərində bayquş lələkləri istifadə olunardı.

“Bayquş qanadı – ölü ilə diri arasında keçid qapısıdır.”

3.3. Xalq ədəbiyyatında və atalar sözlərində

  • “Bayquş oxuyan ev viran olar.” – mənfi semantika
  • Lakin eyni zamanda bayquş bəzən qoruyucu ruh kimi qəbul olunurdu və türbə yaxınlarında ruhların qoruyucusu sayılırdı.

 

Türk mifoloji dünyasında quşlar sadəcə canlı varlıqlar deyil, kosmik güclərin, qədim inancların və kollektiv simvolların daşıyıcılarıdır. Qartal – göy, güc və dövlətin rəmzi; Hüma – səadət, liderlik və ilahi bəxşişin simvolu; Bayquş isə – qorxu və qoruma arasında dəyişən bir metafizik obraz kimi çıxış edir. Bu quşlar vasitəsilə türklər həm özlərini Tanrıya yaxınlaşdırmış, həm də bu dünya ilə o dünya arasında bir mifik körpü yaratmışlar.

 

“Ədəbiyyat və incəsənət”

(22.06.2026)

 

 

Bazar ertəsi, 22 İyun 2026 12:34

Biri ikisində - Selcanın ədəbi debütü

 

“Ədəbiyyat və incəsənət” portalı və “Ulduz” jurnalının birlikdə həyata keçirdikləri “Biri ikisində” layihəsində sizlərə AYB-nin Aran bölməsinin sədri Sərvaz Hüseynoğlunun təqdimatında kənd müəllimi Selcanın debüt hekayəsi təqdim edilir.

Layihə ən yaxşı ədəbi nümunələrin təbliğinə hesablanıbdır.

Xoş mütaliələr.

        

 

 

“ÇAPIQ”LA BAŞLANAN YOL

 

“Çapıq bəzən dəridə olmur. Bəzən sözün içində yaranır.  Bəzən verilən vəddə... sonra geri çəkilən cümlədə. “Bacarmıram” deyib gedəndə, “bilmirəm” deyib məsuliyyətdən qaçanda. “Sənsiz  yaşaya bilmirəm” deyib, səssiz yaşamağı öyrənəndə. Elə insanlar var ki, üstünə yerimədən, əzmədən susub boğublar...”

Bu sətirlər İmişli rayonunun ucqar Muradxanlı kəndindəki dördillik orta məktəbdə dərs deyən Selcan xanımın ilk qələm təcrübəsi olan “Çapıq” hekayəsindəndir.

 Oxuduğum andan qənaətim belə olub ki, Selcan özü-özünü yetişdirən nadir qələm adamlarındandı. Gəncdi. Yaradıcılığının ilkin çağlarını yaşayır. Amma mükəmməldi. O, eyni hissləri başqa cür, bir ayrı səssizlikdə yaşayanların, susqunluqla, biganəliklə nəfəsi kəsilənlərin ağrısını özününküləşdirə bilir. Hər cür zədənin, çapığın heç vaxt, qiyamətəcən unudulmayacağının fərqindədi. Bilir ki, çapıq ağrının kül altda qalmış qoru kimidi. Çapıq ağrının bitdiyi yerdi. Ağrının gizli boxçasıdı...

 Selcan sükutun dililə danışa bilir. Selcan heç vaxt dilə gətirilməyən, amma fəhm gücüylə duyulub, hiss edilən duyğuların dilmancı kimi yazır.

 Bu fikir və qənaətlərimi Selcanın ilk qələm təcrübəsi olan “Çapıq” isbatlayır.

 Mənəsə, sadəcə, bu gənc yazıçıya uğurlu yol diləmək qalır.

    

                                                                  Sərvaz Hüseynoğlu

AYB-nin Aran bölməsinin sədri

 

         

 

SELCAN

 

ÇAPIQ

(hekayə)     

            

         Bəzən insan danışmağa hazır olduğunu sanır. Amma deyəcəyi söz boğazında düyünlənir.  Elə o an anlayırsan ki, bəzi xatirələr danışılmaq üçün yox, daşınmaq üçündür.

Çapığın var, – dedi Rafat, sanki bunu ilk dəfə görürdü.

         Səsi sakit idi, amma baxışı ehtiyatlı.

         Deniz çiyinlərini çəkdi. İçindəki qapalı qutu, illərdir toxunulmadan qalan yer yavaş-yavaş açılırdı.

Yaxşı, danışaram, – dedi. – Amma insan bəzən danışdıqca daha çox qanayır.

         Rafat gülümsədi. O gülüşdə təəccüb yox idi, daha çox tanışlıq vardı.

Çox adam çapığı gözəllik saymır və bəzən də unutmuş kimi davranır. Amma unudulan heç nə tam itmir. Sadəcə, gizlənir. Səssizcə insanın içində yaşamağa davam edir.

Bilirəm. Çünki çoxu düşünür ki, çapıq ağrının bitdiyi yerdir. Amma yox… Çapıq ağrının gizlənc yeridi. Unutmadığını sübut edən izdir.

Bir müddət susdular. Sükut danışmaqdan daha ağır idi.

Deniz gözlərini uzaqlara dikdi. Sanki illər geri çəkildi:

– Uşaq idim. Atam mənə iki balıq almışdı. Akvariumda üzürdülər. Onlardan birini daha çox sevirdim. Bir gün o balıq öldü. Elə bildim, yatıb. Amma oyanmadı.

Səsi titrədi:

– İtki ilə ilk tanışlığım o gün oldu.

Rafat diqqətlə qulaq asırdı. Hər söz içində bir yerə toxunurdu.

– O biri balıq tək qaldı. Ona baxanda qorxurdum. Düşünürdüm ki, yenə sevsəm, yenə itirərəm. Sevməməyə çalışdım. Amma sevməmək daha ağır imiş. Qərar verdim… – Deniz udqundu. – Qaçırdım. Qab əlimdəydi. Musiqi məktəbinin həyətindəki hovuza az qalmış ayağım büdrədi. İçəridən  pianino səsi gəlirdi. Sanki barmaqlar klavişlərin üstündə tələsmirdi, amma dəqiq idi – bir anın içində qırılan bir ahəng kimi:

Yıxıldım. Qab sındı. Səs havada kəsildi.

Elə bil pianinoda “staccato” vuruldu – qısa, sərt, geri dönməyən. Balıq yerdə qıvranırdı. Mənim nəfəsim də onunla birlikdə…

Üzüm qan içində idi… Amma ağrını hiss etmirdim. Ağrım, sadəcə, çatmamaq idi.

– Çatdın? – Rafat asta səslə soruşdu.

– Çatdım. Son nəfəsində. Amma alnımda iz qaldı. Hər dəfə aynaya baxanda həmin günə qayıdıram. Ölən balığı çox sevirdim, amma sevgim onu xilas etməyə yetməmişdi. Elə atam da getdi sonra.

Deniz başını aşağı saldı:

– Kimisə sevməyə qorxuram. Çünki kimə sevgim olubsa, hamısı gedib.

Rafat cavab vermədi. Daşların arasında parlaq bir şüşə qırığı gördü. Əlinə aldı. Sanki bunu çoxdan edəcəkmiş kimi sakit idi.

Şüşə ovucunu kəsdi. Qan yavaş-yavaş axmağa başladı.

Bax, – dedi. – Bu da bu günün xatirəsi olsun.

Deniz yerindən sıçradı:

– Dəlisən?!

Rafat susurdu. O, ağrını hiss edirdi, amma üzündə ifadə yox idi. Deniz boynundakı şərfi açıb onun əlini bağladı. Əlləri titrəyirdi. Onların baxışları bir anlıq bir-birinə toxundu. Keçmişlər qarışdı. Sanki bu, təkcə onların hekayəsi deyildi.

         O an səmadan ilk damcı düşdü. Sonra yağış başladı. İçərişəhərin daş küçələrində iki insan uşaq kimi islanırdı. Qaçdılar. Gülmədilər. Amma içlərində nəsə yumşaldı.

Rafat qollarını açdı. Deniz ona sığındı.

Sükut idi. Amma sükutun içində həyat vardı.

Axşam yavaşca şəhərin üstünə çökməyə başlamışdı. İçərişəhərin daş döşəmələri, dar küçələri və əsrlərin susqunluğunu saxlayan divarları onların ayaq səslərini geri qaytarırdı. Hava bir qədər rütubətli, bir qədər dumanlı idi. Yağış kəsmişdi, amma hələ bitməmişdi.

         Yan-yana addımlayırdılar. Rafat arada Denizin əlini tuturdu, amma tam tutmurdu, sadəcə, barmaqları onun barmaqlarına toxunurdu. Sükutla danışırdılar; deyilməyən, amma hiss edilən cümlələrlə.

Deniz birdən dayandı. Köhnə bir həyətin qarşısında:

– Bura necə də tanış gəlir, – dedi asta səslə.

Rafat bir anlıq ona baxdı.

– Bəlkə də əvvəllər gəlmisən. Ya da, bəlkə, bu həyat deyil, başqa bir yaddaşdır səni bura çəkən.

Deniz baxışlarını ondan çəkmədən cavabladı:

Bəzən elə bilirəm ki, bu həyatı daha əvvəl yaşamışam. Amma sən yox idin, Rafat. Sən indi varsan.

Rafat gülümsədi. O gülüşdə bir qədər kədər vardı. Sanki o da eyni hissləri başqa bir səssizlikdə yaşayırdı.

Bəlkə, bu dəfə fərqli olacaq, – dedi. – Bəlkə, bu dəfə…

         Cümlə yarımçıq qaldı.

Amma sükut onu tamamladı.

         Çapıq bəzən dəridə olmur. Bəzən sözün içində yaranır. Bəzən verilən vəddə… sonra geri çəkilən cümlədə.“Bacarmıram” deyib gedəndə, “Bilmirəm” deyib məsuliyyətdən qaçanda, “Sənsiz yaşaya bilmərəm” deyib, sonra sənsiz yaşamağı öyrənəndə. Elə insanlar var ki, heç kim onları vurmayıb, amma bir cümlə ilə sındırıblar. Elə insanlar var ki, heç kim onun üstünə qışqırmayıb, amma susmaqla boğublar.

         Çapıq bəzən  ailə adıyla örtülür,“ayıbdır”, “səbİr elə” sözləri ilə dərinləşdirilir. Elə insanlar var ki, bədənləri yox, səsləri sınır. Onlar sevdikləri üçün susublar, susduqları üçün yaşamağa məcbur ediliblər.

Cəmiyyət buna “adi” deyir.

         Davam etməyə “güc”.

         Sağ qalmağa “şans”.

         Amma heç kim soruşmur: bir insan hansı anda susmağa razı olur? Hansı anda sözündən geri dönməyə məcbur qalır? Hansı anda yaşamaq, özün olmamaq demək olur?

Çapıq məhz o anda yaranır. Və o çapıq təkcə birinin deyil, hamının vicdanındadır.

 

“Ədəbiyyat və incəsənət”

(22.06.2026)

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.