Super User
Səssiz ekranlar dövrü: gənclik niyə daha az oxuyur?
Rəqsanə Babayeva,
Beyləqan rayon Mədəniyyət Mərkəzinin rejissoru,"Gənclik' xalq teatrının rəhbəri, yazıçı. “Ədəbiyyat və İncəsənət” üçün
Bir vaxtlar səssizlik oxumağın təbii fonu idi. Kitab vərəqlərinin xışıltısı, qələm səsi, düşüncəyə çəkilən insanın susqunluğu. Bu gün isə səssizlik dəyişib. Ekranlar səssizdir, amma təsirləri yüksək səsli. Gənclər saatlarla telefona baxır, sürüşdürür, izləyir, amma getdikcə daha az oxuyur. Bu, çox zaman “tənbəllik”, “maraq itkisi” və ya “nəsil fərqi” kimi sadə izahlarla bağlanır. Halbuki məsələ daha dərin, daha strukturlaşmış və daha dövrə xasdır.
Bu yazı gəncliyi ittiham etmək üçün deyil. Əksinə, sual vermək üçündür: oxumaq niyə geri çəkilir və biz bunu doğrudan da itiririkmi?
Oxumaq nə idi, nə oldu?
Oxumaq təkcə informasiya əldə etmək üsulu deyildi. O, düşünmə forması idi. İnsan kitab oxuyarkən təkcə mətnlə deyil, özü ilə dialoqa girirdi. Sətirlər arasında dayanır, geri qayıdır, bəzən razılaşır, bəzən etiraz edirdi. Oxumaq vaxt istəyirdi və bu vaxt düşüncə yaradırdı.
Bu gün isə informasiya bol, vaxt isə parçalanıb. Gənc bir insan eyni anda musiqi dinləyir, mesaj yazır, video izləyir və sosial şəbəkədə paylaşım edir. Bu çoxlu fəaliyyət “aktivlik” kimi görünür, amma dərinlik yaratmır. Oxumaq isə dərinlik tələb edir. Dərinlik də səbr.
Rəqəmsal sürət və diqqətin parçalanması
Müasir gənclik “sürət əsri”nin içində doğulub. Bildirişlər, qısa videolar, sürətli montajlar, 15 saniyəlik mətnlər. Beyin bu ritmə uyğunlaşır. Uzun mətnlər isə bu ritmi pozur.
Bir romanın ilk 30 səhifəsi bəzən personajları tanıtmaq üçündür. Hadisə tələsmir. Amma bu gün gənc oxucu “nə baş verir?” sualına dərhal cavab istəyir. Çünki alışdığı məzmun belə işləyir: dərhal təsir, dərhal nəticə.
Burada məsuliyyət yalnız gənclərin üzərində deyil. Platformalar da sürəti təşviq edir. Alqoritmlər diqqəti uzun müddət saxlayan deyil, tez reaksiya doğuran məzmunu önə çıxarır. Oxumaq isə reaksiyanı gecikdirir, düşüncəni uzadır. Bu da rəqəmsal iqtisadiyyatda “effektiv” sayılmır.
Məktəb oxumağı sevdirə bildimi?
Oxumağın azalmasında təhsil sisteminin rolu xüsusi diqqət tələb edir. Bir çox gənc üçün kitab oxumaq məcburiyyətlə, qiymətlə, imtahanla assosiasiya olunur. Ədəbiyyat dərsi bəzən mətnin ruhunu deyil, sual-cavab mexanizmini öyrədir.
Şagird “bu əsər nə demək istəyir?” sualını vermədən, “burada müəllif nə demək istəyib?” cavabını əzbərləyir. Bu isə oxumağı kəşf yox, tapşırıq halına gətirir.
Oxumaq azadlıqdır. Amma azadlıq öyrədilməyəndə, kitab da yükə çevrilir.
Sosial media: düşmən, yoxsa alternativ?
Sosial media çox zaman oxumağın düşməni kimi təqdim olunur. Amma bu tam doğru deyil. Sosial şəbəkələrdə də oxu var: paylaşımlar, statuslar, şərhlər. Sadəcə bu oxu səthi və parçalıdır.
Problem ondadır ki, sosial media oxumağı “sürüşdürülən” hala gətirir. Oxucu mətni yarımçıq qoyur, digərinə keçir. Bu vərdiş zamanla dərin oxuya qarşı dözümsüzlük yaradır.
Amma eyni zamanda sosial media kitabları tanıtmaq, müzakirə etmək üçün də platforma ola bilər. Burada məsələ istifadədədir. Alət pis deyil, məqsəd zəifdir.
Kitab bahalıdırmı, yoxsa dəyərsizləşib?
Bir arqument tez-tez səslənir: “Kitab bahalıdır”. Bu, müəyyən qədər doğrudur. Amma məsələ təkcə qiymət deyil. Əgər kitab zəruri ehtiyac kimi görülmürsə, ən ucuz kitab belə “bahalı” hiss olunur.
Gənclər texnoloji cihazlara böyük məbləğlər xərcləyir, amma kitab üçün tərəddüd edir. Bu, oxumağın dəyərinin şüuraltında azalması ilə bağlıdır. Kitab “lazım olanda” alınan əşyaya çevrilib, gündəlik həyatın bir hissəsi deyil.
Rol modellər və görünən mədəniyyət
Cəmiyyət gənclərə nə göstərir? Hansı insanlar “uğurlu” kimi təqdim olunur? Oxuyan, düşünən, yazan insanlarmı, yoxsa daha çox görünən, daha tez məşhur olanlar?
Əgər mədəni mühitdə oxumaq prestijli görünmürsə, gənc də ona can atmır. Oxuyan insan səssizdir, amma səssizlik bu dövrdə görünmür. Görünməyən isə təqlid edilmir.
Oxumaq doğrudan da azalırmı?
Bəlkə də sualı başqa cür verməliyik: gənclər daha azmı oxuyur, yoxsa fərqli cürmü oxuyur?
Bəzi gənclər klassik roman oxumur, amma esse oxuyur. Kitab yox, bloq oxuyur. Kağız yox, ekran. Bu da oxudur. Amma məsələ yenə dərinlikdədir. Dərin oxu azalıb. Düşünərək oxumaq, sual verərək oxumaq.
Bu dəyişimi tamamilə rədd etmək yox, anlamaq lazımdır. Çünki hər dövr öz oxu formasını yaradır.
Çıxış yolu varmı?
Oxumağı geri qaytarmaq üçün nostalji kifayət etmir. “Bizim vaxtımızda…” cümlələri gənclik üçün arqument deyil. Oxumaq yenidən mənalı hala gətirilməlidir.
– Kitablar müzakirə edilməlidir, əzbərlədilməməlidir
– Gənclər oxuduqlarını ifadə edə bilməlidir
– Oxumaq tək qalmaq deyil, paylaşmaq kimi təqdim olunmalıdır
– Mədəniyyət siyasəti səssiz dəyərləri dəstəkləməlidir
Oxumaq yenə səssizlikdir, amma bu səssizlik düşüncənin səsidir.
Son söz əvəzi
Gənclik oxumağı tərk etməyib, sadəcə başqa cür yaşayır. Amma əgər cəmiyyət dərin düşüncəni itirərsə, təkcə kitab yox, anlayış da azalacaq. Sürətli məzmun sürətli qərarlar yaradır. Sürətli qərarlar isə həmişə doğru olmur.
Oxumaq lüks deyil. O, mədəni refleksdir. Bu refleksi qorumaq təkcə gənclərin deyil, bütün cəmiyyətin məsuliyyətidir. Çünki oxuyan gənclik təkcə savadlı deyil, sorğulayan, anlayan və gələcəyi düşünən gənclikdir.
“Ədəbiyyat və incəsənət”
(18.12.2025)
“Zəngəzur” romanının müəllifi
İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Qərbi Azərbaycan... Yağıya qalan o torpaqlar barədə əlimizdə sanballı ədəbiyyat da yoxdur. Nə yaxşı ki, “Zəngəzur” romanısa var...
İstedadlı yazıçı, şair, dramaturq, naşir, jurnalist, Azərbaycan SSR əməkdar incəsənət xadimi Abbasov Əyyub Cəbrayıl oğlu 1905-ci ildə tariximizin ən qədim dövrlərindən bəri Azərbaycan türklərinin məskəni, oğuzların yurd yeri olan Zəngəzur qəzasının Şəki kəndində (indiki Ermənistan SSR Sisyan rayonu) anadan olub.
Uşaq yaşlarından yetim qalıb, 1920-ci ildən Naxçıvanda, qohumlarının yanında yaşayıb.
Burada orta təhsil alıb, pedaqoji texnikumu, sonra isə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun (indiki APU) dil və ədəbiyyat fakültəsini bitirib (1930). Naxçıvan Pedaqoji Texnikumunda müəllim, Naxçıvan rayon xalq maarif şöbəsinin müdiri işləyib.
İlk şerləri Şərq qapısı qəzetində çıxıb (1926), Mübarizə adlı şer kitabçası 1932 ildə Naxçıvanda nəşr olunub. Sonralar Bakıda Günəşli yollar (1938), Ürək nəğmələri (1948), Könül şikəstəsi (1956) və s. şeir və poema topluları çapdan çıxıb. İkicildlik Zəngəzur (1956-1957) tarixi romanında 1917-20 illərdə regionun ümumi mənzərəsi təsvir edilib.
Qadın azadlığı adlı ilk pyesi Naxçıvan teatrında tamaşaya qoyulub.
Böhtan, Qardaşlar, Bahar nəğməsi, Şəfəq, Məlik Məhəmməd, Alma ağacı, Qisas, Sevinc pyesləri, tərcümələri var.
"Zəngəzur" Cəmiyyətləri Birliyinin sədri, tarix üzrə fəlsəfə doktoru Hacı Nərimanoğlunun "Əyyub Abasov: Zəngəzur faciəsini yaşayan və yaşadan ədib" monoqrafiyası nəşr edilib. ("Mütərcim" nəşriyyatı-2016)
Əyyub Abbasov 18 dekabr 1957-ci ildə vəfat edib.
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(18.12.2025)
Üzeyir Hacıbəyovun və Müslüm Maqomayevin qaynı
İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Bəli, iki görkəmli musiqi xadimimizin qaynı olub Məhəmməd Hənəfi Terequlov. Özü də yeznələrinin təkidilə mədəniyyət sahəsinə üz tutubdur. Amma deməyim ki, parlayıb, məşhur olub. Elə bizim təqvimə də, olsun ki, yeznələri hesabına düşübdür...
Məhəmməd Hənəfi Terequlov1877-ci il noyabrın 7-də (yeni təqvimlə 19-da) Tiflisdə anadan olub. Hənəfi Terequlov Zaqafqaziya Müəllimlər Seminariyasında pedaqoji təhsil alaraq həmin seminariyanın tam kursunu bitirib və ibtidai məktəb müəllimi adına layiq görülərək bu haqda şəhadətnamə əldə edib.
O, 1900-cu ildən etibarən Bakı şəhər məktəblərində müəllimlik fəaliyyətinə başlayıb. Bundan əvvəlki dövrlərdə isə Hənəfi Terequlov Bakı Şəhər Duması nəzdindəki Məktəb Komissiyasının 3 iyun 1899-cu il qərarına əsasən Əştərəkdəki məktəbdə müəllim vəzifəsinə təyin edilib.
O, Tiflisdə apardığı bolşevik təbliğatına görə 1909-cu ildə növbəti dəfə həbs olunub.
Qeyd etdiyimiz kimi, Hənəfi Terequlov Üzeyir Hacıbəyovun həyat yoldaşı Məleykə Terequlova-Hacıbəyovanın və Müslüm Maqomayevin həyat yoldaşı Baydıgül Terequlovanın qardaşıdır.
Filmoqrafiya
- Arşın mal alan (film, 1917) — rol: Vəli
- Qız qalası əfsanəsi (film, 1923)
Terequlov 18 dekabr 1942-ci ildə vəfat edib.
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(18.12.2025)
Qəfil gələn ölüm hər şeyi alt-üst etdi
İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Onun istedadı hədsiz idi.
O, rəssamlıqda heç kəsi təqlid etmir, öz açdığı çığırla irəliləyirdi. Atası azərbaycanlı, anası rus idi. Gözlənilmədən o, 27 yaşında pravoslav xristianlığını qəbul edir, xaç suyuna salınaraq "Pyotr" adını alır. Söhbət Ucal Haqverdiyrvdən gedir...
Ucal Haqverdiyev 9 iyun 1960-cı ildə Bakı şəhərində rəssam Həsən Haqverdiyev və həkim Vera Kalininanın ailəsində doğulub. O, 1975–1979-cu illərdə Əzim Əzimzadə adına Bakı Rəssamlıq Məktəbində oxuyub. 1979-cu ildə Tallində İncəsənət İnstitutuna qəbul olunsa da, təhsilini Azərbaycan Pedoqoji İnstitutunda davam etdirib.
1985-ci ildə Rəssamlar İttifaqının nəzdində gənc rəssamlar birliyinə daxil olub və 1987-ci ildən Ümumittifaq və respublika sərgilərində iştirak etməyə başlayıb. 1988–1991-ci illərdə SSRİ Rəssamlıq Akademiyasının təqaüdçüsü olub, Akademiyanın hesabat sərgilərində iştirak edib.
1990-cı ildə Azərbaycanın gənc rəssamlarının Fransada keçirilən sərgisində iştirak edib, bundan əlavə rəssamın Tunisdə (Tunis – 1991), Almaniyada (Köln – 1992), Avstriyada (Vyana – 1993) fərdi sərgiləri olub, 1995-ci ildə İstanbulda keçirilən "Azərbaycan və Türk rəssamlarının birgə sərgisi"ndə iştirak edib. Rəssam həmçinin Avstriya, Almaniya və Bakı şəhərində keçirilən simpoziumların iştirakçısı olub.
Ucal Haqverdiyevin əsərləri ABŞ, Almaniya, Avstriya, Fransa, Norveç və Türkiyədə nümayiş olunub. 1997-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvü olub. 1998–1999-cu illərdə bir qrup rəssamlarla ekologiya üzrə "Land ART" layihəsində iştirak edib, 2000-ci ildə "Labirint" qrupu tərkibində "Humay" mükafatına layiq görülüb. 2000–2004-cü illərdə könüllü olaraq Mixail Arxangel kilsəsinin bədii tərtibatı ilə məşğul olub.
Rəssam 2004-cü il dekabrın 18-də vəfat edib
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(18.12.2025)
Səhnəmizin yeni ulduzu
İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Sənətşünaslara, teatrşünaslara sula edəndə ki, Amaliya Pənahovadan sonra səhnəmizin ulduzu kimdir, bir ağızdan deyirlər, Mehriban Zəki.
Gələn il 60 illiyi qeyd ediləcək Mehriban xanım üçün 18 dekabr tarixi təqvimin ən gözəl günüdür, onun ad günüdür.
Mehriban Zəki 18 dekabr 1966-cı ildə Bakı şəhərində anadan olub. 1991-ci ildə Azərbaycan Dövlət İncəsənət Universitetinin Dram və kino aktyorluğu fakültəsini bitirib. 1990-cı ildən 2005-ci ilədək "Yuğ" Dövlət Teatrında aktrisa işləyib və teatrın səhnəsində bir çox rolları oynayıb.
2000-ci ildən 2011-ci ilədək "İbrus" teatrında fəaliyyət göstərib. Hal hazırda Azərbaycan Dövlət Milli Akademik Dram Teatrında işləyir. Eyni zamanda Azərbaycan Dövıət Mədəniyyət və İncəsənət Universitetində Sabah qruplarında pedaqoji fəaliyyətini də davam etdirir.
1995-ci ildə Bişkekdə keçirilən Ümumtürk Mədəniyyətinin bayramı olan "Manas-1000" yubileyində, 1999-cu ildə Parisdə, Moskvada və Bakıda keçirilən "YUNESKO"-nun tədbiri olan Kitabi Dədə-Qorqudun 1300 illik yubileyində iştirak edib.
O, "Azərbaycanfilm" kinostudiyasının istehsalı olan bir çox bədii filmlərdə çəkilmişdir: Jurnalist qız ("Ümid"), Lətifə ("Otel otağı"), Elmira ("Ailə"), Gülya ("Məkanın melodiyası"), Teybə ("Küçələrə su səpmişəm"), Maya ("Əlvida, cənub şəhəri"), Nara ("Düyün"), Nərmin ("Yalançılar"). Gözəl səs tembrinə malik olan aktrisa həmçinin filmlərdə mətn oxuyan və vokalçı kimi çıxış edib.
Filmoqrafiya
- Ümid
- Oyun
- Ailə
- Dədə Qorgud dünyası
- Etimad telefonu
- Küçələrə su səpmişəm
- Bir anın həqiqəti
- Düyün
- Hökmdarın taleyi
Mükafatları
8 dəfə Prezident mükafatına layiq görülüb. O, həmçinin, aşağıdakı təltiflərin də sahibidir:
- Aşqabadda keçirilən "Novruz 93" Teatr Festivalı "Xatun"mono-tamaşasına görə "Ən yaxşı teatr rolu" adı
- Alma-Atada keçirilən Cambul Cabayev Festivalı "Ən yaxşı dastançı" adı
- Azərbaycan Respublikasının Əməkdar Artisti fəxri adı
- "Şərq-Qərb" Kinofestivalında "Küçələrə su səpmişəm" filmində "Ən yaxşı qadın" nominasiyası.
“Ədəbiyyat və incəsənət”
(18.12.2025)
Oğlunun ölümünü qəbul edə bilmədi...
İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Bəzən sənətçilərə qibtə edir, onları xoşbəxtlik yağmuruna tutulan zənn edirik. Amma onların da talesizləri az olmur. Elə haqqında danışacağım qadın müğənni kimi.
Azərbaycan Respublikasının Əməkdar Artisti Zöhrə Abdullayeva 18 dekabr 1952-ci ildə Şuşada anadan olub. Azərbaycan Dövlət Texnologiya Universitetini bitirib. Sara Qədimova, Əbülfət Əliyev, Yavər Kələntərli kimi sənətkarlardan fərdi muğam dərsləri alıb. İlk müəllimi Rəhilə Həsənova olub. Peşəkar səhnəyə isə İslam Rzayev gətirib. Əvvəl "Lalə qızlar anasmblının", sonralar isə Azərbaycan Dövlət Filarmoniyasının solisti kimi fəaliyyət göstərib.
Zöhrə Abdullayeva daha çox Məmmədbağır Bağırzadə ilə ifa etdiyi duetlərə görə tanınıb. Bundan başqa, xalq və bəstəkar mahnıları, muğamlar da ifa edib. Dünyanın otuz ölkəsində Azərbaycan musiqisini tərənnüm edib.
1985-ci ildə "İstedadlar axtarılır" konsert müsabiqəsinin qalibi olub.
2000-ci ildə Bağdadda "Babil festivalı"nın diplomuna layiq görülüb.
Bir sözlə, səhnə həyatı uğurlu və təmtəraqlı olub. Amma ailə həyatı…
16 yaşında ailə həyatı qurub. Bir oğlu, iki nəvəsi vardır. Oğlu 24 may 2018-ci ildə ağır xəstəlikdən vəfat edib. Bu, Zöhrə Abdullayevaya çox pis təsir edib. O, yatağa düşüb. 28 may 2021-ci ildə uzun sürən ağır xəstəlikdən sonra vəfat edib. Xırdalanda dəfn olunub.
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(18.12.2025)
Burada hansı mübarizədən söhbət gedə bilərdi ki? - Sənan Kazımov
Fatimə Məmmədova, “Ədəbiyyat və incəsənət”
Bəzən insanlar bir-birindən uzaq düşürlər. Bəzən bunu seçim kimi düşünürük, amma çox vaxt həyatın özü məcbur edir. Məcburiyyət. O, sevginin, bağlılığın, hətta ümidin üzərinə düşən səssiz bir ağırlıqdır. İnsanlar buna qarşı çıxa bilmir, yalnız dözür, saxlayır, bəzən isə susur.Məcburiyyətdən yaranan ayrılıqların heç biri asan olmur. Onlar gözlə görünməyən yaralar qoyur, qəlbi bəzən daha çox sarsıdır. Hər birimizin həyatında belə anlar olur – susmaq məcburiyyətində qalmaq, danışa bilməmək, seçimi əlindən alınmış kimi hiss etmək.
Bu məcburiyyətlərin içindən çıxan hekayələrdən biri də "Soyuq Günəş" filminin Yarmət obrazıdır. Onun içindəki sevgi və həsrət tamaşaçıya hiss etdirilir, amma heç vaxt birbaşa göstərilmir. Beləcə, Yarmət çox sevsə də məcburiyyətdən ayrılığı görən birinə çevrilir.
Yarməti canlandıran Sənan Kazımov fikirlərini bizimlə bölüşüb:
“Filmdə mənə ən çox təsir edən səhnələrdən biri nərdivan səhnəsidir. Axşam Yarmət Yarqunatın pəncərəsinin altına gəlir, onları dialoqda görürük. Yarqunat Yarmətə deyir ki, "məni Osmana ərə verirlər", Yarmət isə cavab verir: "Gəl səni qaçırım". Bu səhnə çox təsirlidir.
Bundan əlavə, Yarmətin müharibəyə getmə səhnəsi də təsirlidir. Yarqunat onun arxasınca qaçır, amma çatmaq mümkün olmur.
Yarmət kasıb bir ailədə doğulub, atasız böyüyüb, bütün ailənin yükü onun üzərinə düşüb. Sevdiyi qız da bu səbəbdən ona verilmir. O, sevgisi üçün sonadək mübarizə aparmağa çalışır, amma məcburiyyət qarşısında sonda müharibəyə getməli olur. Müasir dövrdə deyildi ki, telefon vasitəsilə əlaqə saxlaya bilsin. Müharibədən isə arxaya qayıtmaq heç mümkün deyil. Burada hansı mübarizədən söhbət gedə bilər ki?”
“Ədəbiyyat və incəsənət”
(18.12.2025)
Mühacir günü, Spilberq, Stradivari
Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”
Bu günə təsadüf edən əsas əlamətdar hadisələri diqqətinizə çatdırırıq:
Beynəlxalq mühacir günü
İnternational Migrants Day 2000-ci ildən qeyd olunur. 1990-cı ilin həmin günündə mühacirlərin və onların ailələrinin hüquqlarının müdafiəsi Konvensiyası qüvvəyə minib. BMT-nin Baş Assambleyası bu zümrədən olan insanların müdafiəsinə qalxmaqla onlara qarşı tətbiq edilən ayrı-seçkiliyə son qoymağa cəhddə bulunub. Son hesablamalara görə, planetin hər 35-ci sakini mühacirdir.
Hazırda öz ölkələrindəki zülm və istibdaddan, müharibələrdən kütləvi şəkildə qaçan əfqanlar, suriyalılar dünya sərhədlərini didib-dağıtmaqdadırlar. Təbii ki, azərbaycanlılar da çoxsaylı mühacirləri ilə diqqət mərkəzində olmalıdırlar. Xüsusən, Rusiyada mühacirlərimizin sayı çoxdur, qeyri-rəsmi məlumatlara görə hətta iki milyon civarındadır. Ardınca Türkiyə gəlir. Güzəran dalınca qürbətə üz tutanlarımız əfsus ki milyonlarladır. Ən çox adamı ağrıdan da xaricə olan “beyin axınıdır”.
Beynəlxalq ərəb dili günü
BMT bu günü təqvimə salmaqla yanaşı, həm də ərəb dilini Baş Assambleyanın və onun komitələrinin rəsmi dilləri sırasına da aid edib. Dinimizin dilinin bu qədər ucalması əlbəttə ki, mütərəqqi haldır. İstəyərdim ki, başında zat aliləri Allahşükür Paşazadə dayanan dini qurumlarımız bu fakta diqqət yetirsinlər, ucdantutma ərəbcə bilməyən mollaların peyda olmasına göz yummasınlar. Yazıçı Varis bir əhvalat danışıb. Tələbəlik vaxtı bir dəfə Qazaxın Yuxarı Salahlı kəndinə gedibmiş, yas mərasimi idi, bir molla əlində tutduğu kağızdan “Quran” kəlmələrini izhar edirdi, camaat da kirimişcə onu dinləyirdi. Təsadüfən gözü mollanın “şparqalkasına” sataşıb, görüb ki, orda ərəb əlifbası (yəni bizim əski əlifba) ilə Səməd Vurğunun şeiri yazılıb : “El bilir ki sən mənimsən, Yurdum yuvam məkənimsən...” Ehmalca mollanın qoluna toxunub qulağına pıçıldayıb ki, əlindəki vərəqdə şeir yazılıb. Molla da yalvar-yaxar eləyib ki, bəs qadan alım, çörəyimə bais olma.
Qətərin milli günü
Nefti və qazı ilə xalqını xoşbəxt edən Qətər dövlətinin bu gün bayramıdır, müstəqilliklərinin ildönümüdür. 1878-ci ilin 18 dekabr günü müstəqil Qətərin qurulduğu gündür. Qətər dövləti quruluşca monarxiyadır. Ərazisi tamamilə səhralıq olan Qətərdə neft və qaz pulları ilə əsl cənnət yaradılıb. Neft və qaz Qətəri Ümumi Daxili Məhsula görə dünyanın lider dövlətinə şevirib. Qətər adambaşına düşən gəlirə görə də dünya lideridir, bu rəqəm bizlərin yuxusuna belə girməyən həddədir – 88222 ABŞ dolları!!! Orada yerli əhali məmurları və biznes sahiblərini çıxmaq şərti ilə demək olar ki işləmir, neft və qazdan adambaşına hesablanan aylıq gəlirlə bəy balası kimi yaşayır, bütün qara işləri gəlmə qasrtobayterlər görürlər.
Əslində Qətər barədə çox danışmaq olar, amma qibtə və paxıllıqdan susmağa üstünlük verirəm.
Spilberqdən Stalinə qədər
Ruslarda “ZAQS” işçiləri, yəni kəbinkəsənlər günüdür. Moldovanlarda polis günü, anqolalılarda mədəniyyət festivalı günləridir. Britaniyalılar Milli Stilton pendiri gününü qeyd edəcəklər. Amerikalılar isə onların açığına Milli Peçenyebişirmə gününü qeyd edəcəklər, üstəlik, “Mən bal sevirəm” gününü qeyd edəcəklər, hələ üstəlik Milli qızartma çoşka gününü də qeyd edəcəklər.
Vyetnamlıların bu gün matəm günüdür, 1972-ci ildə ABŞ prezidenti Nikson Şimali Vyetnamın bombalanması əmrini verib, 1600 vətəndaş həlak olub; 1940-cı ildə 3-cü reyx məşhur Barbarossa planını təsdiqləyib; 1963-cü ilin bu günündə dünyaca məşhur Amerika aktyoru Bred Pitt dünyaya gəlib. Onunla eyni gündə ad gününü dünyaca məşhur Amerika rejissoru Stiven Spilberq də qeyd edir. Stiven Breddən 17 yaş böyükdür. 1921-ci ilin bu günündə komedik filmlərinə günü bu gün də sevə-sevə baxdığımız məşhur sovet aktyoru Yuri Nikulin doğulub. 1878-ci ilin 18 dekabrı isə dünyaya İosif Stalin adlı tarixin ən qəddar diktatorlarından birini bəxş edib.
18 dekabrda dünyadan köçənlərdən isə çex prezidenti, həm də dramaturqu Vaslav Qaveli (2011), island şairi, island himninin müəllifi Mattias Yokumsonu (1920) və dünyaşöhrətli İtaliya skripka ustası, 1200 skripka düzəltmiş Antonio Stradivarini (1737) göstərə bilərik.
“Ədəbiyyat və incəsənət”
(18.12.2025)
“Türk Dünyası Gələcəyin Liderləri Forumu: Təhsildən iş dünyasına” adlı tədbir keçirilib
Eskişehirdə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin xatirəsinə həsr olunan “Türk Dünyası Gələcəyin Liderləri Forumu: Təhsildən iş dünyasına” adlı tədbir keçirilib.
İki gün davam edən tədbir Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyası (TADEF) və Eskişehir Azərbaycanlılar Dərnəyinin EsAzDer Akademiyasının birgə təşkilatçılığı ilə baş tutub.
“Ədəbiyyat və incəsənət” portalına Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, tədbirin birinci günündə hər iki ölkənin Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin, eləcə də türk dünyasının digər dövlət xadimlərinin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Açılış mərasimində EsAzDer Akademiyasının rəhbəri Dr. Nurlan Maarif və TADEF-in sədr müavini Settar Kaya Ümummilli Lider Heydər Əliyevin türk dünyasının birliyi, siyasi həmrəyliyi və strateji əməkdaşlığının möhkəmləndirilməsi istiqamətində göstərdiyi əvəzsiz xidmətlərdən söhbət açıblar. Onlar Heydər Əliyevin uzaqgörən dövlətçilik siyasətinin bugün də Türk dövlətləri arasında münasibətlərin inkişafında mühüm rol oynadığını vurğulayıb, onun ideyalarının gələcək nəsillər üçün yol göstəricisi olduğunu qeyd ediblər.
Rəsmi çıxışlardan sonra tədbir panel iclası ilə davam edib.
Dosent İnci Oya Coşkunun moderatorluğu ilə keçirilən “Təhsildən biznes dünyasına çoxşaxəli baxış” panelində qlobal karyera imkanları, beynəlxalq iş mədəniyyəti, çoxmədəniyyətli komandalar, gənc sahibkarlıq, rəqəmsal iqtisadiyyat və innovasiya mövzuları müzakirə olunub.
Paneldə professorlar Mehmet Başar və Gökçe Yüksek, eləcə də Vəli Səfərov və Dr. Asif Kurban mövzu barədə fikirlərini bölüşüblər. Tədbirin sonunda panel iştirakçılarına plaket və təşəkkürnamələr təqdim olunub.
Forumun ikinci günündə iki seminar və “Bermuda” bilik yarışı təşkil olunub. Eskişehir Ticarət Palatasının Baş katibinin müavini Okan Adıyaman karyera planlaşdırılması və iş həyatında fərdi inkişaf və səlis nitq təlimi, teatr rejissoru Şeker Aybala isə ictimaiyyət qarşısında görünüş, bədən dili və ünsiyyət bacarıqları mövzularında iştirakçılara praktiki tövsiyələr verib.
“Bermuda” Bilik Yarışının nəticələrinə əsasən, I yerə “Generation Pi”, II yerə “102 Life”, III yerə “Spartak” komandası layiq görülüb. Qalib komandalar hədiyyələrlə mükafatlandırılıb.
Bağlanış mərasimində çıxış edən Eskişehir Azərbaycanlılar Dərnəyinin sədri Cavid Aydın türk dünyasını bir araya gətirən belə elmi və peşəkar platformaların əhəmiyyətini vurğulayıb. O, təşkilatçılara, məruzəçilərə, dəstək göstərən qurumlara və iştirakçılara təşəkkürünü bildirib.
“Ədəbiyyat və incəsənət”
(17.12.2025)
Gənclər Kitabxanasında “Osman Sarıvəlli - 120” adlı biblioqrafik vəsait istifadəçilərə təqdim edilib
Bu gün XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq şairi Osman Sarıvəllinin anadan olmasının 120 illik yubileyi tamam olur. Bu münasibətilə Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası şairin həyat və yaradıcılığına həsr edilən biblioqrafik vəsait nəşr etdirib.
“Ədəbiyyat və incəsənət” portalına Gənclər Kitabxanasından verilən məlumata görə, kitabxananın nəşr etdiyi “Osman Sarıvəlli - 120” adlı biblioqrafik vəsait şair haqqında tərtib olunan ilk biblioqrafiyadır.
Şairin 120 illik yubileyi ərəfəsində tərtib olunan biblioqrafik göstəricidə rəsmi sənədlər, akademik Nizami Cəfərovun “Biblioqrafiya haqqında ön söz”, “Osman Sarıvəllinin həyat və yaradıcılığı”, Xalq şairi Zəlimxan Yaqubun “Xatirələr işığında - Osman Sarıvəlli”, ədəbiyyatşünas Vaqif Yusiflinin “Osman Sarıvəlli – 120” adlı məqalələri, “Osman Sarıvəllinin həyat və yaradıcılığının əsas tarixləri”, “Osman Sarıvəlli görkəmli şəxsiyyətlər haqqında”, “Görkəmli şəxsiyyətlər, elm və mədəniyyət xadimləri Osman Sarıvəlli haqqında”, həmçinin müəllifin öz əsərləri, kitabları, dövri mətbuatda, dərsliklərdə, məcmuələrdə çap olunmuş əsərləri, məqalə və çıxışları, tərcümələri, şairin həyat və yaradıcılığını, ədəbi fəaliyyətini əks etdirən 1928-2025-ci illəri əhatə edən materiallar öz əksini tapmışdır.
Vəsait tərtib edilərkən Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasının, M.F.Axundov adına Milli Kitabxananın, AMEA-nın Mərkəzi Elmi Kitabxanasının, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasının, BDU-nun, ADPU-nun kitabxanalarının fondlarından, ənənəvi və elektron kataloqlarından, internet resurslarından, Salman Mümtaz adına Dövlət Ədəbiyyat və İncəsənət Arxivinin sənədlərindən istifadə edilmişdir.
Kitabın elmi redaktoru və ön söz müəllifi akademik Nizami Cəfərovdur.
“Ədəbiyyat və incəsənət”
(17.12.2025)


