Super User

Super User

 

Mədəniyyət naziri Adil Kərimli tərəfindən Ucar rayonunda dekabrın 19-da keçirilməsi nəzərdə tutulan vətəndaşların qəbulu tarixi dəyişdirilib.

“Ədəbiyyat və incəsənət” portalı bu xəbəri Mədəniyyət Nazirıiyinə istinadən yayır. 

Bildirilir ki, qəbul tarixi haqqında məlumat nazirliyin rəsmi internet resurslarında yerləşdiriləcək.

“Ədəbiyyat və incəsənət”

(19.12.2025)

 

Bu günlərdə Azərbaycanda keçirilən Özbəkistan Mədəniyyət Günləri iki qardaş xalqın ortaq yaddaşının, tarixi taleyinin və gələcəyə yönəlmiş mədəni strategiyasının təntənəli ifadəsidir. Bu günlərdə Bakının mədəni məkanlarını və böyük səhnələrini bəzəyən özbək musiqisi, rəqsi, ədəbiyyatı və sənət nümunələri bizə könül bağlarımızla doğmadır – çünki bu səs də, bu söz də, bu ruh da Turan coğrafiyasının ortaq nəfəsindən doğur.

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, bu fikirləri Bakıda keçirilən Özbəkistan Mədəniyyət Günləri ilə bağlı AzərTAC-a açıqlamasında Əlişir Nəvai adına Özbəkistan Dövlət Universitetinin fəxri professoru, Türk Dünyası Qadın Şairlər Birliyi rəhbəri Xuraman Muradova bildirib.

O qeyd edib ki, Azərbaycanla Özbəkistan arasındakı münasibətlər diplomatik sənədlərlə məhdudlaşmayan, əsrlərin dərinliyindən gələn mənəvi bağlara söykənən nadir dövlətlərarası əlaqələrdəndir. Nizami ilə Nəvainin eyni hikmət qaynağından su içməsi, Füzuli ilə Baburun eyni duyğu dilində danışması bu birliyin bədii sübutudur. Bu mənada Mədəniyyət Günləri tarixdən gələn bu ortaq irsin müasir dövrdə yenidən oxunuşu, yeni məna qatları ilə təqdimatı kimi dəyərləndirilməlidir.

Tədbirlər çərçivəsində təqdim olunan konsert proqramları, təsviri sənət sərgiləri və ədəbi-bədii görüşlər özbək mədəniyyətinin zənginliyini və çoxqatlılığını aydın şəkildə nümayiş etdirdi. Xüsusilə milli musiqi alətlərinin canlı ifası, muğamla maqomun ruh yaxınlığı, rəqs plastikasında oxşar ritmlər tamaşaçıda yalnız estetik zövq deyil, həm də dərin mənəvi tanışlıq hissi oyatdı.

Əlişir Nəvai adına Özbəkistan Dövlət Universitetinin fəxri professoru deyib: “Bu mədəniyyət bayramının əsas üstünlüyü ondadır ki, təqdim olunan irs yaşayan, nəfəs alan, müasir düşüncə ilə dialoqa girən bir mədəniyyət kimi göstərildi. Özbəkistanın bugünkü mədəni siyasətinin açıq, yenilikçi və eyni zamanda köklərinə sadiq olması tədbirlərin ümumi ruhunda aydın hiss olunurdu.

Azərbaycan ictimaiyyətinin bu tədbirlərə göstərdiyi böyük maraq isə bir daha sübut etdi ki, xalqlarımız arasında mədəni diplomatiya üçün son dərəcə münbit zəmin mövcuddur. Bu maraq yalnız qonaqpərvərlik ənənəsindən doğmur, bu, özümüzü o mədəniyyətdə tanımaq, orada öz tariximizin, öz duyğularımızın izlərini görmək ehtiyacından qaynaqlanır.

Onun sözlərinə görə, bu gün Azərbaycan–Özbəkistan münasibətləri yeni mərhələyə qədəm qoyub. Dövlət başçılarının siyasi iradəsi, ortaq iqtisadi və humanitar layihələr bu əlaqələri möhkəmləndirsə də, onun uzunömürlü və sarsılmaz olmasının əsas təminatçısı məhz mədəni bağlardır. Mədəniyyət Günləri bu baxımdan gələcək əməkdaşlıqlar üçün ideya və ilham mənbəyi rolunu oynayır.

Əminliklə demək olar ki, Azərbaycanda keçirilən Özbəkistan Mədəniyyət Günləri sadəcə bir tədbirlər silsiləsi kimi yadda qalmayacaq. O, xalqlarımızın ortaq mənəvi xəritəsində yeni bir işarə, yeni bir dayanacaq oldu. Bu dayanacaqdan baxanda isə aydın görünür: Özbəkistan da, Azərbaycan da eyni böyük mədəni məkanın – Turanın ayrılmaz parçalarıdır.

“Bu gün biz bu birliyi səhnədə, sərgidə, kitabda və musiqidə görürüksə, sabah onu daha geniş elmi, ədəbi və mədəni layihələrdə görəcəyik. Çünki vətən sevgisi sərhəd tanımadığı kimi, mədəni qardaşlıq da zamanla məhdudlaşmır.

“Özbəkistanım da mənim vətənimdir” və “Vətən eşqi – Turan sevdası” adlı kitablarımın Daşkənddə işıq üzü görməsi və geniş təqdimatla qarşılanması da bu mənəvi doğmalığın, könül bağlılığlmızın bir parçasıdır, deyərdim", - deyə Xuraman Muradova fikirlərini yekunlaşdırıb.

 

 “Ədəbiyyat və incəsənət”

(19.12.2025)

 

Eskişehirdə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin xatirəsinə həsr olunan “Türk Dünyası Gələcəyin Liderləri Forumu: Təhsildən iş dünyasına” adlı tədbir keçirilib. İki gün davam edən tədbir Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyası (TADEF) və Eskişehir Azərbaycanlılar Dərnəyinin EsAzDer Akademiyasının birgə təşkilatçılığı ilə baş tutub.

 

“Ədəbiyyat və incəsənət” portalına komitədən verilən məlumata görə, tədbirin birinci günündə hər iki ölkənin Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin, eləcə də türk dünyasının digər dövlət xadimlərinin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Açılış mərasimində EsAzDer Akademiyasının rəhbəri Dr. Nurlan Maarif və TADEF-in sədr müavini Settar Kaya Ümummilli Lider Heydər Əliyevin türk dünyasının birliyi, siyasi həmrəyliyi və strateji əməkdaşlığının möhkəmləndirilməsi istiqamətində göstərdiyi əvəzsiz xidmətlərdən söhbət açıblar. Onlar Heydər Əliyevin uzaqgörən dövlətçilik siyasətinin bugün də Türk dövlətləri arasında münasibətlərin inkişafında mühüm rol oynadığını vurğulayıb, onun ideyalarının gələcək nəsillər üçün yol göstəricisi olduğunu qeyd ediblər.

Rəsmi çıxışlardan sonra tədbir panel iclası ilə davam edib.

Dosent İnci Oya Coşkunun moderatorluğu ilə keçirilən “Təhsildən biznes dünyasına çoxşaxəli baxış” panelində qlobal karyera imkanları, beynəlxalq iş mədəniyyəti, çoxmədəniyyətli komandalar, gənc sahibkarlıq, rəqəmsal iqtisadiyyat və innovasiya mövzuları müzakirə olunub.

Paneldə professorlar Mehmet Başar və Gökçe Yüksek, eləcə də Vəli Səfərov və Dr. Asif Kurban mövzu barədə fikirlərini bölüşüblər. Tədbirin sonunda panel iştirakçılarına plaket və təşəkkürnamələr təqdim olunub.

Forumun ikinci günündə iki seminar və “Bermuda” bilik yarışı təşkil olunub. Eskişehir Ticarət Palatasının Baş katibinin müavini Okan Adıyaman karyera planlaşdırılması və iş həyatında fərdi inkişaf və səlis nitq təlimi, teatr rejissoru Şeker Aybala isə ictimaiyyət qarşısında görünüş, bədən dili və ünsiyyət bacarıqları mövzularında iştirakçılara praktiki tövsiyələr verib.

“Bermuda” Bilik Yarışının nəticələrinə əsasən, I yerə “Generation Pi”, II yerə “102 Life”, III yerə “Spartak” komandası layiq görülüb. Qalib komandalar hədiyyələrlə mükafatlandırılıb.

Bağlanış mərasimində çıxış edən Eskişehir Azərbaycanlılar Dərnəyinin sədri Cavid Aydın türk dünyasını bir araya gətirən belə elmi və peşəkar platformaların əhəmiyyətini vurğulayıb. O, təşkilatçılara, məruzəçilərə, dəstək göstərən qurumlara və iştirakçılara təşəkkürünü bildirib.

 

“Ədəbiyyat və incəsənət”

(19.12.2025)

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilimiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasında “Yaradıcı oxucularımız” tədbirlər silsiləsi çərçivəsində oxucuların çoxsaylı müraciətlərini nəzərə alaraq oxucuların sərgiləri mütəmadi təşkil olunur.

 

17 dekabr tarixində Mərkəzi Kitabxananın Fəxri  oxucusu, Dünya Azərbaycanlı Yazarlar Qurumunun üzvü, yazıçı Şahzadə İldırımın Yeni il mövzusunda əl işlərinin sərgisi açıldı. “Ədəbiyyat və incəsənət” portalına kitabxanadan verilən məlumata görə, sərgidə yazıçının 9 adda əl işi nümayiş olunur: “Qar kraliçası” (H.X.Andersen), “Laplandiyadan gələn Santa Klaus”, “Qarlı qışda sülh göyərçinlərinin isti yuvalarında eşqi”, “2026-cı il “At ili”nin simvolu”, “Qışın simvolu maral”, “Hədiyyələrlə dolu Yeni il çəkməsi”, “Yeni ildə Ay”, “Saç üçün hərəkətli muncuqlu çənbərlər”, “Nallı zınqırov”, habelə balaca cırtdanlar, yolka oyuncaqları nümayiş olunur. Sərgidə yazıçının 30 əl işi nümayiş olunur.

Oxucular yazıçı Şəhzadə İldırımı gözəl səsli hekayələrindən tanıyır.

Sərgi bir ay nümayiş olunacaq.

 

“Ədəbiyyat və incəsənət”

(19.12.2025)

 

Cümə, 19 Dekabr 2025 13:42

Sözdən yaranan incilər – 20 kəlam

 

Tanınmış ictimai-siyasi xadim, yazıçı-publisist, filologiya üzrə fəlsəfə doktoru, mərhum Sadıq Murtuzayev, publisist, Əməkdar hüquqşünas Müzəffər Ağazadə və yazıçı-rejissor, publisist-jurnalist, Əməkdar incəsənət xadimi Ağalar İdrisoğlu səmavi insanların, dünya dahilərinin  və Azərbaycan mütəfəkkirlərinin on mindən çox  kəlamlarını, sitatlarını, aforizmlərini toplayıb, tərcümə  eləyib və  “Sözdən  yaranan incilər” adlı çox qalın bir kitabı  çapa hazırlayırlar. 

 

 

“Ədəbiyyat və incəsənət” portalı olaraq belə qərara gəldik ki, bu  sayımızdan başlayaraq həmin kəlamlardan, sitatlardan, aforizmlərdən bəzilərini səhifələrimizdə çap edək. İnanırıq ki, sözdən yaran bu incilər sizin də xoşunuza gələcək və onları öz yaddaşınıza köçürəcək, gündəliyinizə yazacaq, dostlarınızla, yaxınlarınızla bölüşəcəksiniz.

Çünki bu incilər, hər insana  lazım olan ən qiymətli sözlərdir. Onun daha yaxşı, mükəmməl  kamilləşməsi üçün əvəzsiz və  lazımlı  bir məktəbdir.

 

 

 AĞALAR   İDRİSOĞLU  (1950), yazıçı, dramaturq, rejissor,

                                  jurnalist, publisist, esseist

 

İLK 20 KƏLAM

 

-  Azad fikir səhnəyə çıxanda qorxu pərdə arxasına çəkilir.

- Axmaqların dərdini çəkməyin. Onlar Ulu Tanrı tərəfində belə yaradılıblar. Ona görə də onları siz dəyişdirə bilməzsiniz.
-  Ağılı insanın ən böyük üstünlüyü, öz səhvini vaxtında bəyan etməsidi.
-  Adamları tanımaqda aldanmayın. Bu çox təhlükəlidi. Hər bir adamı daha dəqiq öyrənib, sonra onun haqqında qərar verin.
-  Səhnə yalandan qorxur, həqiqət isə səhnədən.

-  Söz məsuliyyət daşıyırsa, artıq  ədəbiyyatdır.

-  Yazıçı zamana yox, zaman yazıçıya tabe olmalıdır.

-  İnsan taleyini yazmasa da, onu oynayır.

-  Dram həyatın səsi, səhnə isə onun vicdanıdır.

-  Susdurulan həqiqət bir gün qışqıraraq qayıdır.

-  Sənətkar cəmiyyətin güzgüsüdür, bəzən də yarası.

-  Rejissor hadisəni yox, insanı qurmalıdır.

-  Ədəbiyyat rahatlıq üçün yox, silkələnmək üçündür.

- Tamaşa bitir, tamaşaçıda suallar  qalırsa- deməli, sənət yaşayır.

- Xalqı aldatmaq olar, tarixi yox.

- Müdriklik və igidlik insan üçün tanınmağın, sevilməyin əsas cəhətləri, amilləridir.
- Özünüzü elə aparın ki, sizə və ağlınıza təmasda olduğunuz insanlar həmişə ehtiyac duysunlar.
- İnsanın öz hisslərinin üzərində hakim olmağı bacarması, mənəvi böyüklüyün əsasıdır.

- Elə adamlarla oturub-durun ki, onlardan nə isə yaxşı şey öyrənə və əxz edə biləsiz.

- Bir işi yaxşı başlayan yox, yaxşı qurtaran xoşbəxtdir.

 

 

“Ədəbiyyat və incəsənət”

(19.12.2025)

 

Dahi Azərbaycan bəstəkarı, Şərqdə ilk operanın yaradıcısı, böyük musiqişünas-alim, istedadlı publisist, dramaturq və pedaqoq, tanınmış ictimai xadim, Xalq artisti, Dövlət mükafatları laureatı, Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü Üzeyir Hacıbəylinin anadan olmasının 140 illiyi Avropa səhnələrində təntənəli şəkildə qeyd olunub. Şotlandiyanın Qlazqo şəhərində və Fransanın paytaxtı Parisdə bu münasibətlə konsertlər təşkil edilib.

 

“Ədəbiyyat və incəsənət” portalına Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə,  Qlazqoda komitənin dəstəyilə keçirilən “Arazbarı” adlı konsert proqramı şəhərin nüfuzlu mədəni məkanlarından biri olan “Glasgow Art Club”da baş tutub. Konsertdə Böyük Britaniyada yaşayan istedadlı pianoçu Günel Mirzəyeva dahi bəstəkarın musiqi irsinin yalnız Azərbaycan mədəniyyəti üçün deyil, eyni zamanda ümumbəşəri musiqi düşüncəsi baxımında böyük əhəmiyyət daşıdığını vurğulayıb. Şərq və Qərb musiqi ənənələri arasında mövcud olan yaradıcı dialoq barədə fikirlərini bölüşüb. Proqramda Üzeyir Hacıbəylinin, eləcə də İ.S.Baxın və V.A.Motsartın repertuarından seçilmiş əsərlər səsləndirilib. Günel Mirzəyeva, həmçinin muğam üslubunda bəstələdiyi və müəllifi olduğu “Bax” adlı orijinal kompozisiyanı ifa edib. “Caspian Circle” təşkilatının baş icraçı direktoru Fuad Ələkbərov belə bir konsertin Qlazqoda keçirilməsinin Azərbaycan mədəni irsinin beynəlxalq səviyyədə tanıdılması və diasporun mədəni əlaqələrinin gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıdığını bildirib.

Parisdə Azərbaycan Diasporuna Dəstək Fondunun dəstəyi ilə baş tutan konsertin təşkilatçısı pianoçu Səidə Zülfüqarova olub. Tədbirdə Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva, UNESCO-nun “Sülh naminə incəsənət xadimi” Hedva Ser, fransız bəstəkarı Graciane Finzi və diplomatik nümayəndəliklərin təmsilçiləri iştirak ediblər. Konsert Üzeyir Hacıbəylinin yaradıcılığının parlaq nümunələrindən biri olan “Aşıqsayağı” əsərinin səsləndirilməsi ilə başlayıb. Pianoçu Səidə Zülfüqarova, violonçel ifaçısı Guillaume Martigné və skripkaçı Florian Mavielin ifasında Dmitri Şostakoviç, Oktay Zülfüqarov və Azər Rzayev kimi görkəmli bəstəkarların əsərləri də yüksək peşəkarlıqla təqdim olunub. Zəngin tembr ahəngi və yüksək sənətkarlığı ilə seçilən ifalar, eləcə də Avropa və Azərbaycan musiqilərinin uğurlu sintezi tamaşaçıların böyük rəğbətinə səbəb olub.

Konsertlər musiqi diplomatiyası və diaspor fəaliyyətinin inkişafı baxımından əlamətdar hadisə kimi dəyərləndirilib. Tədbirlər Azərbaycan icmasının üzvləri ilə yanaşı, yerli ictimaiyyət və musiqisevərlər tərəfindən də maraqla qarşılanıb.

 

“Ədəbiyyat və incəsənət”

(19.12.2025)

 

 

Cümə, 19 Dekabr 2025 10:44

Təhsildə incəsənət layihəsi

Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin “Təhsildə İnkişaf və İnnovasiyalar üzrə IX qrant müsabiqəsi” çərçivəsində həyata keçirilən “Təhsildə incəsənət” layihəsinin ilk tədbirinin açılışı baş tutub.


“Ədəbiyyat və incəsənət” portalına Azərbaycan İncəsənət Məktəbindən verilən məlumata görə,  layihənin açılışı 150 nömrəli tam orta məktəbin direktoru Pərvanə Qorxmazlının çıxışı ilə başlayıb. Daha sonra çıxış üçün söz Azərbaycan İncəsənət Məktəbinin müəllimi, gənc aktyor və rejissor Məmməd Rəfiyevə, 150 nömrəli tam orta məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini, pedaqoji elmlər üzrə fəlsəfə doktoru Dürdanə Əsgərovaya, sinifdənxaric və məktəbdənkənar işlər üzrə təşkilatçı Sonaxanım Bayramovaya və məktəbin psixoloqu Türfə Səlimovaya verilib. Çıxış edənlər layihənin əhəmiyyətini vurğulayaraq iştirakçılara uğurlar arzulayıblar.
İcra müddəti 6 ayı əhatə edən layihənin əsas məqsədi şagirdlərin dram dərnəyində iştirakını təmin etməklə onların təhsil üçün mühüm olan həyati bacarıqlarının inkişaf etdirilməsidir.
Layihə çərçivəsində 150 nömrəli tam orta məktəbdə 9–12 yaş arası 15 nəfər, 13–16 yaş arası isə 15 nəfər olmaqla ümumilikdə 30 şagird 4 ay müddətində yaradılacaq “İncəsənət Dərnəyi”nin məşğələlərində iştirak edəcək. Sözügedən dərnək şagirdlərdə aktyorluq və nitq bacarıqlarının inkişafına, eləcə də tamaşaların hazırlanmasına şərait yaradacaq.
Dərnək iştirakçıları tərəfindən Abdulla Şaiqin “Tıq-tıq xanım” və Nəcəf bəy Vəzirovun “Adı var, özü yox” əsərləri əsasında hazırlanan tamaşaların 3 dəfə səhnələşdirilməsi və bununla da 300 təhsilalanın yaradıcı mühitdə iştirakının təmin edilməsi nəzərdə tutulur.
Məlumat üçün bildirək ki, ictimaiyyətin layihənin icrası və nəticələri ilə bağlı məlumatları yaxından izləməsi məqsədilə layihənin “Facebook” və “Instagram” sosial platformalarında rəsmi səhifələri yaradılıb.

 

“Ədəbiyyat və incəsənət”

(19.12.2025)

 

Xalq yazıçısı, akademik Kamal Abdullanın əsəsrlərindən seçilmiş bir sıra qranula – cövhər sayıla biləcək məqamları “Ədəbiyyat və incəsənət” oxucularına təqdim edir.

 

Kamal Abdulla özü seçilmiş bu cövhərlər barədə yazır: “İllərdən bəri yazdığım müxtəlif şeirlərin, esselərin, pyeslərin, hekayə və romanların, publisistik məqalələrin və elmi əsərlərin, verdiyim intervülərin hər birinin içində yer almış və bu gün də öz məzmunu, tutumu, forması ilə diqqətimi çəkən misralar, cümlələr günlərin bir günü sanki dil açıb mənə dedilər ki, bizim bir-birimizdən zaman və məkanca ayrılığımıza son qoy və bizi bir-birimizin yanında yerləşdir. Sən görəcəksən ki, bu zaman biz tamamilə yeni bir cazibədə zühur etmişik. Onlar qeyri-səlis məntiq dili ilə desək, içində olduqları mətnin qranulaları (ilkin vacib hissəcikləri) idi. Qranula, başqa cür ifadə etsək, cümlədən (mətndən) bütün artıq hissələri siləndən sonra yerdə qalan cövhərdir.”

 

Beləliklə, hər gün Kamal Abdulladan 7 qranula:

 

1.

Haqverdiyev və Borxes! Hər ikisində mistika güclüdür. İkisi də roman yazmayıb. Hər ikisi roman qədər dolumlu hekayələr müəllifidir.

2.

Sosrealizmin zahiri təntənəsi və daxili fəlakəti dramatik bir dövrün bu gün bizə bəzən eybəcərlik kimi görünən mənzərəsini yaratdı. Bu eybəcərlik ilk növbədə “bütləşdirmə” adlandıra biləcəyimiz mexanizm ilə hərəkətə gətirilirdi.

3.

“ Kitabi-Dədə Qorqud” dastanı Mifdən Yazıya keçid ideyasını həyata keçirən ədəbi vasitədir. Bu onun hər bir hüceyrəsində özünü göstərir.

4.

Mifin üslubu Sözdür. Yazının üslubu Cümlədir.

5.

Bəziləri tutublar ki, “Yarımçıq əlyazma”da bu söz belə olmalı idi, olmadı, o söz elə olmalı idi, olmadı… Bir kəlmə ilə cavab verirəm. Yoxdu söz! Var Söz! Var mahiyyətlər dünyası! Mənim üçün vacib olan çiynimi dilə söykəyib ondan o tərəfə - mahiyyətlər dünyasına baxmaq, onun siluetini oxucu təsəvvüründə canlandırmaq cəhdidir. Ortada “kon”a qoyulmuş mahiyyətlər dünyası varsa, dil nahamvarlıqları məni düşündürməz!

6.

Mifin Dastandakı və eləcə də bütün Azərbaycan ədəbiyyatındakı səlahiyyətli səfiri Dədə Qorquddur

7.

Peyğəmbərin yaranmasının şərti o deyil dir ki, işıqlı bir adam meydana çıxmalıdır. Əsas şərt odur ki, bu işıq qaranlıq kütlənin fonunda parlasın.

 

“Ədəbiyyat və incəsənət”

(19.12.2025)

 

 

Azərbaycan Ədəbiyyat Fondunun “Yazıçı” nəşriyyatında Xalq yazıçısı Anarın “2=3+4, yaxud iki ailədə üç Xalq yazıçısı, dörd Xalq şairi” adlı kitabı işıq üzü görüb. Nəfis tərtibatlı, illüstrasiyalı kitab Azərbaycan ədəbiyyatı irsinə böyük töhfələr vermiş iki nəsildən, onlar barədə həqiqətlərdən və onların ədəbi nümunələrindən ibarətdir.

 

608 səhifəlik bu unikal kitabı tərtib edən Xalq yazıçısı Anar uzun illər ərzində təkcə öz yazdıqlarını yox, qəhrəmanlarının – Səməd Vurğun, Rəsul Rza, Nigar Rəfibəyli, Vaqif Səmədoğlu, Ənvər Məmmədxanlı və Yusif Səmədoğlunun yazdıqlarını eyni ideya-estetik yaradıcılıq məcrasına qoşaraq, onları eyni axında birləşdirərək ən yeni ədəbiyyatın ən milli paradiqması olaraq təqdim edibdir.

 

“Ədəbiyyat və incəsənət” portalı kitabdan hissələri oxucularına təqdim edir.

 

 

ANAR, “VAQİFİN VAQİFSİZ İLK DOĞUM GÜNÜ”

 

Bu günlərdə cib telefonuma zəng gəldi. Açdım. Diksindim. VAQİF SƏMƏDOĞLU yazılmışdı. Həyat yoldaşı Nüşabə xanımdı, Vaqifin telefonundan zəng edirdi.

V.Səmədoğlunun haçansa mənə ithaf etdiyi şeirindən misraları xatırladım:

 

Dostum,

mən öləndən sonra

Basarsan maqnitofonun

səs qaytaran düyməsini,

bir dəfə də eşidərsən

artıq döyünməyən

qəlbimin səsini.

 

Bütün bunların təsiriylə Vaqifin doğum günü ərəfəsində bu şeir yarandı.

 

Hey ölümdən yazardı…

Ölüm – ani son deyil,

Ölüm çarəsiz, uzun

Sağalmaz bir azardı.

 

İndi sənin yoxluğun

Özü belə yönəldir

yazı yazan əlimi

“Məgər bilmirsən, – deyir, –

Həyat – müvəqqətidir,

Ölüm – daimi”.

Ən uzun həyatın da

Sonu ölümdür ancaq.

Ömür ötüb keçəcək,

Bizə ölüm qalacaq.

 

Ölümün qorxusunu

zarafata salırdın,

xəstəlikdən, ölümdən

bu cür qisas alırdın.

Kanseri lağa qoydun,

xərçəngə rişxənd etdin,

Ömrünün son anında

ölümə güldün getdin.

 

Həmin dənizdir dəniz,

Həmin yağışdı sənsiz,

Həmin günəşdi sənsiz…

Dünyam bomboşdu sənsiz..

Sənsiz ötüşüb keçir

Günlər, həftələr, aylar…

Bura həmin Buradır.

Vaqulya, Orda nə var?

3 iyun, 2015

 

“Ədəbiyyat və incəsənət”

(19.12.2025)

 

 

“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə Biri ikisində layihəsində bu gün sizlərə Səma Muğannanın hekayəsi təqdim edilir.

 

 

NƏSR

 

Səma MUĞANNA

 

KABUSLARIN BULUD PARÇASI

                                              

Sən aldanmamısan... Sənin, bəlkə də, ən böyük günahın məni tanımamağın oldu. Sən məni tanısaydın, xəyallarımı və arzularımı da sevəcəkdin...  Sən məni tanımadın və eləcə də qaçdın... Amma, bəlkə də...

         “Bəlkə”lərlə dolu dünyada yaşamaq çox çətindir. Bəs xəyal və arzular? Bu, insanlar üçün, sadəcə, sevincli, kədərli bir duyğudur, amma onun üçün tamamilə fərqlidir. Mən o qızı tanıyıram. Bəzən dənizin kənarında çılpaq ayaqlarını quma basaraq hayqırar, bəzən isə kiçik ovucları ilə gözlərini qapayıb gülümsəyər. Gözləri qəhvəyidir, günəşdə göz bəbəklərində sanki bir çılğın balaca qız rəqs edir, amma yağış yağanda elə kövrək olur ki, bu qumlu sahil belə onun göz yaşlarını dindirməyi bacarmır... Saçları uzundur... Rüzgar kimi sərtdir, amma qartopu qədər həssas... Toxunsan, qopar əllərindən. O qız saçlarına toxunduğundan qumlu sahilə hədiyyə vermək istədi, amma sonra ayaqlarının qumda titrədiyini görüb geri çəkildi. Məhz o an dedi ki, bəlkə... Bu qızın taleyində yazılan o “bəlkə”, əslində, bütün alın yazısının cavabı idi.

         Göy guruldadı. Şimşək çaxanda göylərdən balaca, xəfif bir bulud parçası yerə qondu və çırpınmağa başladı. O, parçalanan, yaralı bulud parçasına toxunanda bulud parçası qışqırdı:

– Toxunma!

         Araya dərin bir sükut çökdü. Necə ola bilərdi ki, bir bulud parçası ağlayaraq çırpınsın?

         Bəlkə də, mən dəli olmuşam, insanların “şizofrenik” adlandırdığı dəlilik... Bəlkə də, arzular və xəyallar yaratmaq da bir dəlilikdir.

         Qız bulud parçasından yavaş-yavaş uzaqlaşmağa başladı. Ayaqları qumlu sahildən uzaqlaşdıqca üşüyürdü. Bədəninin hər zərrəsi titrədikcə ayaq barmaqları onu getdikcə qaçmağa vadar edirdi:

– Getmə! Sənə sözüm var! Səni biri ilə tanış edəcəm!

– Sən?

– Mənim adım yoxdur. Mən dünyaya gəldikdən sonra belə bir neçə dəqiqə içində ruhumu göylərə təslim etmişəm. İndi sənə deyiləsi vacib sözüm var. Məni diqqətlə dinlə.

Donub qalmışdı. Simasındakı cizgilər belə dəyişmişdi. Ovuclarını sıxıb yerində tullanaraq dinləyirdi.

– Sən... Sən axı buludsan!

– Bulud... Bax sən məni bulud olaraq görürsən. Mən sənə Tanrıdan ismarış gətirmişəm, amma sən hələ də xəyallarda yaşayırsan.

– Məgər xəyallarda yaşamaq bu qədər yanlışdır?

– Yox...  Ancaq sənin bağışlamadığın insanlar çoxdur.

– Mən bağışlamağı bacarmıram.

– Bəlkə də, sən onları unutmamaq üçün bağışlamırsan. Bəlkə də, qorxursan ki, bağışlasan, yenidən həyatına qayıdacaqlar. Bəlkə də, sən özün özünü sevmədiyin üçün bu tozlu quma ayaqlarını basıb ruhunu qorxaq böyütmək istəyirsən?

– Axı...

– Sus. Bax görürsən, həyatında nə qədər “bəlkə”lər var? Arzuların və xəyalların da səndən yavaş-yavaş qaçır, çünki sən onları bir qutucuğun içində boğub öldürmək istəyirsən!

– Mən qatil deyiləm!

– Qatil... Qatil sən və insanlar üçün silahla öldürən adamdır, amma sən ruhundakı arzularını gizlədib torpağa basdırdıqca ən böyük qatil olacaqsan. Sənin bir arzun vardı. Yox, yox, hətta iki arzun.

– Sən hardan bilirsən axı?

         Bu an arxadan kimsə onun çiyinlərinə toxunaraq adını çağırdı:

– Yasəmən...

– Qətiyyən arxaya çevrilmə, deyə bulud qışqırdı.

– Mən... Yasəmən? Adımı hardan bilirsiniz?

– Sənə dedim, sual vermə! Tez ol, diz çök, tez ol!

          İllər sonra adı ilə ona kiminsə səsləndiyini eşitmişdi. O, həyatda nə xoşbəxt, nə də bədbəxt idi, amma arzuları yarımçıq qalan bir insan necə yarımçıqdırsa, o da elə idi. Yerə baxanda balaca bulud artıq qeyb olmuşdu. Geri çevrildi, yanmış bir məktub parçası gördü. Titrəyən bədənini xəfif rüzgarın səsi bir az sakitləşdirdi. Xatırladı ki, o hələ buradadır, kainatda. Yanmış məktubun parçaları ovuclarına töküldü. Bir neçə dəqiqə ovuclarına baxıb parçalanan hissələri dənizə atdı və əlində yarımçıq qalan parçanı oxumağa başladı:

         Bax sənin arzuların da bu yarımçıq, yanmış məktub kimidir. Sənin qolların çox genişdir, Yasəmən. Açdıqca balaca körpələr sənə sığınmaq istəyir. Saçlarına toxunan xəfif rüzigar sənə heyranlıqla baxır. Göz bəbəklərinlə danışmaq istəyən ay gecənin hüznlü vaxtını gözləyir. Bəzən şimşək o qədər güclü qışqırır ki, yağış damlaları simandan süzülüb axmağa tələsir. Bax səninlə danışıram. İndi ayaqların qumdadır, amma qum torpaq deyil axı.

         Sən bu dəniz sahilinə arzularını danışmaq üçün gəlmisən, amma düşünmürsən ki, torpaq, sadəcə, ölüm və kəfən deyil. Bəlkə də, sənin üçün elədir. Görürsən, artıq sənin kimi “bəlkə”lərlə danışıram, amma hələ də arzularından söz aça bilməmişəm. Sənin bağışlamadığın bir insan vardı. Xatırlayırsan onu? Onu xatırlamaq üçün sən bu qumlu sahildən çıxıb ayaqlarını dənizə atmalısan. Sən azad deyilsən, Yasəmən. Sənin ürəyindəki arzularını qəbul etmədikləri və sən o arzuların pilləkənlərini hələ qalxmadığın üçün azad deyilsən!

         Bayaq balaca bulud parçası sənə arxaya baxmamağını söylədi, çünki bilirdi ki, sən hələ də küskünsən. Uşaqlığını xatırla, Yasəmən. Uzun saçlarınla danış, ona hər şeyi izah et. Axı sənin balaca barmaqların pianinonun üstündə gəzirdi. Bir gün o pianinodan əllərin qopdu, amma səni ən çox o səhnədə görmək istəyən bir şəxs vardı. Sən onu unutmusan. Bilirəm, ondan çox qırılmısan, amma qırılan parçaları tapmağa çalış! Biri bu gün qarşında idi. Bax, bulud...

         İndi səninlə sağollaşıram, amma bu məktubu dənizə təslim et, görəcəksən, parçaları qumun üstünə çıxıb və səni gözləyir.

         Yasəmən əlindəki məktub parçasını qatlayıb dənizə təslim etdi. Birdən barmaq uclarına kiçik yanmış kağız parçalarının yapışdığını gördü, amma yanmış kağız parçaları suda ovulmamışdı. Onları titrək əlləri ilə ovuclarına alıb diqqətlə baxdı. Qəribədir, kağız parçalarının yanmış hissəsindəki yazılar suda silinməmişdi. Bu, Tanrının lütfü idi! Parçaları birləşdirib qumun üstünə qoydu:

         Məni bağışla, bəbəşkam. Sən bağışla ki, göylər də məni bağışlasın. İrəlidə səni gözləyən bir hədiyyə var. O hədiyyəyə yaxınlaş, xatırlayacaqsan. Atan...

         Yasəmənin titrəyən bədəni və hıçqırıqla göz yaşları məktub parçasının üstünə töküldü. Göz yaşları ilə məktubdakı sözlər yavaş-yavaş silindi...

         Ovcundakı parçaları sıxıb irəliyə doğru qaçdı. O qədər sürətlə qaçırdı ki, qəfildən balaca daş parçasına dəyib yıxıldı. Dizlərindən axan qanlı göz yaşları daha da incidirdi. Birdən kiminsə onun çiyninə toxunduğunu hiss etdi. Arxasına çevrilib baxmaq istəyəndə yenə də kimsə ona çevrilməməsini söylədi, amma bu dəfə Yasəmən bunu düşünmədən arxaya baxdı:

– Ata!

– Yasəmən, sakit ol, qızım.

– Sən məni 11 il öncə tərk etdin, ata. Tək məni deyil, hamımızı...

– Bilirəm, qızım, sizin yanınızda ola bilmədim, amma bax, yenə yanındayam.

– İndi səni görmək istəmirəm.

– Məni, sadəcə, bir neçə dəqiqə dinlə. Dizin yaralanıb, gəl həkimə gedək.

– Sən axı bu dünyada deyilsən.

– Deyəsən, göy üzünə heç baxmırsan. Düzdür, mənim göy üzünə gəlməyim çox gec oldu, amma indi də göylər məni rahat buraxmır. Məni bağışla, qızım, bağışla ki, qarşıdakı arzularına da çata biləsən.

– Bəlkə də, bağışlamaq heç vaxt olmayacaq, ata?

– Yasəmənim, sən bağışlamadığın müddətcə arzu və xəyalların səndən uzaqlaşacaq. Onlar sənin bir parçandır, amma unutma, insan olmayanlar üçün nifrət və kin, sadəcə, bir boşluqdur.

– Axı...

– Həyatındakı “bəlkə”ləri çıxart. Sən bəlkələrlə yaşadıqca gecikirsən. Əlindəki məktubun sənə kim tərəfindən göndərildiyini hələ anlamamısan?

– Sən göndərmisən.

– Yox, mənim göndərmək icazəm yoxdur. Bir başını qaldırıb diqqətlə buludlara bax, biləcəksən ki, o kimdir.

         Yasəmən yavaşca başını qaldırıb göy üzünə baxdı. Bu gün göy üzündəki buludları elə bil rəssam çəkmişdi. Yasəmən əllərini göyə qaldırıb dedi:

– Ata, bu gün ulduzlara daha çox yaxınam. Onlara toxunmağıma lap az qalıb, amma dizim çox ağrıyır.

– Bilirəm, qızım, amma zamanımız azdır. İrəliyə doğru yavaşca addımla.

– Axı çox ağrıyıram!

– Səbirli ol, mən sənə kömək edəcəm. İndi addımlamağa başla. Əllərini göyə qaldır, hiss et ki, yavaşca göy üzünə yaxınlaşacaqsan.

         Yasəmən bir qolunu yuxarı qaldırıb göy üzünü seyr etməyə başladı. Kiçik addımlarla addımlamağa başladı. Bir neçə addımdan sonra böyük bir qutu ilə rastlaşdı. Qutunun üstündə “Yasəmən, birinci arzun gerçəkləşdi” – yazılmışdı.

         Qutunu açanda içində balaca, ağ rəngli pianino gördü. Göz yaşlarına hakim ola bilməyən Yasəmən atasını həyəcanla səslədi:

– Ata!

– Burdayam, qızım.

– Axı mən pianinonu yarımçıq qoydum.

– İndi qoymayacaqsan. Əllərinə al, bağrına bas və onu hiss et.

Yasəmən həyəcanla pianinonu əllərinə alıb ona xeyli baxdı. Qutunun içində əlavə məktub da vardı. Qatlanmış kağız parçasını açıb oxudu:

         Bir arzunu tapmaq üçün lap az yolun qalıb, amma mənim bu kağız parçalarını sənə göndərməyimin səbəbi sənin özünsən. Sən özündən qorxursan, Yasəmən. O vaxt bir müəlliminin sənə olan nifrətinə görə ən böyük xəyalından vaz keçdin. İndi isə o biri xəyalını, arzunu bu fırtınalı dənizə təslim etmək istəyirsən. Sən bunun üçün çabalayırsan. Bəlkə də, arzuların çoxdur, amma sən onlara qovuşmaq üçün savaşmırsan. Bayaq dizin yaralandı, elə bilirsən ki, o indi baş verdi? Yox... Xatırlayırsanmı, məktəbdə oxuyan vaxt həyətdə qaçaraq yıxılmağını? Atan bəs? Yanında idi. İndi sən onu  etdiyi səhvlərə görə bağışlamaq istəmirsən, amma unutma, atanın da dediyi kimi, qəlbində qırıq parçalar az olsa da, kin, nifrət duyğusu arzularına yetməyə izn verməyəcək. Sənin ən böyük arzun nədir, Yasəmən? Rejissor olmaq, yoxsa pianoçu? Cavabında hər ikisini deyəcəksən. Bilirsən niyə? Çünki rejissor sənin arzun, pianoçu isə xəyalındır. Xəyal və arzu bir-birindən ayrılmayan parçalardır. Atan bayaq göy üzünə baxmağını dedi. Görürsənmi, göy üzündəki buludları sanki rəssam çəkib. Əslində, o buludlar həmişə elədir, amma sənin göz bəbəklərində o ulduzlar məhz ağ lentə bənzəyir. Bu saçlarına bağladığın bant, bəlkə, boynunu isidəcək şərf, ya da göy üzünə qaçmağın üçün bir nərdivandır. Yenə də bunların seçimini sən edəcəksən, Yasəmən. Atanı bağışla... Zamanımız azdır, bağışla ki, arzu və xəyalların qərib diyardan sənə qovuşa bilsin. Axı bizim dünyada sevgililəri belə ayırmaq günahdır. Bunu ən yaxşı sən bilirsən.

         Yasəmən qışqıraraq ətrafda atasını axtarırdı. Sürətlə qaçanda ayaqlarını torpağa basdığını hiss etdi. Diz çöküb dedi:

– Ata! Ata, hardasan, ata!

– Qızım! Gəl, irəliyə gəl!

– Ata, dizlərim çox ağrıyır, ata!

– Gəl, qızım, gəl!

         Yasəmən alnından axan qan-tər, dolaşıq saçları, çatlamış dizləri ilə torpaqdan yapışdı. Dırnaqları ilə torpaqdan yapışıb irəliyə atıldı:

– Ata! Ata, gəldim!

– Qızım, əllərini tuta bilmirəm.

         Bu an göy üzündən balaca bulud parçası Yasəmənin saçlarından yapışdı. – Qəlbini dinlə, Yasəmən, artıq vaxtdır, deyən bulud parçası saçlarından sürüklənib torpaqda son nəfəsini təslim etdi.

– Ata, bağışladım. İndi azadam?

– Sən həmişə azad idin, qızım... Mənim ruhum azaddır.

– Bəs bulud parçası? O...

– Ölmədi. O bulud parçası sizi incitdiyim illərin kabusları idi. O quru torpağa, mən isə göylərə təslim oldum...

 

“Ədəbiyyat və incəsənət”

(19.12.2025)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.