Super User

Super User

Çərşənbə axşamı, 30 İyun 2026 16:35

Müstəqilliyimizin yaşıdı olan Qorqud Abdinli

Elman Eldaroğlu,

“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi

 

1991-ci il Bakı üçün Azərbaycanın dövlət müstəqilliyinin bərpa edildiyi və Sovet hakimiyyətinin rəsmən süqut etdiyi tarixi bir il olub. Həmin il avqustun 30-da Ali Sovet Azərbaycanın dövlət müstəqilliyini bərpa etmək haqqında Bəyannamə qəbul olundu. Oktyabrın 18-də isə Müstəqilliyin Bərpası Günü kimi qeyd edilən tarixi sənəd- "Azərbaycan Respublikasının Dövlət müstəqilliyi haqqında" Konstitusiya Aktı qəbul edildi. Sentyabr ayında Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı rəsmi dövlət bayrağı kimi yenidən gündəmə gəldi. Dekabrın 29-da isə referendum keçirilərək, xalq mütləq səs çoxluğu ilə dövlət müstəqilliyini dəstəklədi. Və 1991-ci ilin dekabr ayında SSRİ rəsmi olaraq süqut etdi. Bununla da Bakı müstəqil Azərbaycan Respublikasının paytaxtı statusuna qovuşdu...

 

Bəli, belə bir rəngarəng və həlledici ildə Bakıda, Məzlumağa kişinin şəcərəsində bir nəvəsi də artdı. Adını Qorqud qoydular. Körpə Qorqud illərin qanadında ayaq tutub yeridi, dil açıb danışdı, böyüyüb böyük kişi oldu, üç ali təhsil aldı və atasının yolunu seçdi. Atası Sabir Abdinov uzun illər prokurorluq orqanlarında çalışıb. Rayon prokuroru vəzifəsinədək yüksələ bilib. Hazırda vəkillik fəaliyyəti ilə məşğul olur. Həm də ölkədə şeirlərinə ən çox mahnılar bəstələnən şairlərdən biridir...

 

Qorqud Abdinli 1991-ci ilin iyun ayının 25-də Bakıda anadan olub. Həmin gün həftənin ikinci gününə, yəni çərşənbə axşamına təsadüf edir. Astroloji inancına görə, çərşənbə axşamı günü dünyaya gələnlər Mars planetinin təsiri altında olurlar. Onlar yüksək fiziki enerjiyə, cəsarətə və döyüşkən xarakterə sahibdirlər. Hədəflərinə doğru irəliləməkdən qorxmayan, özünə inamlı və məqsədyönlü şəxsiyyətlər kimi tanınırlar. Təbii ki, bu xüsusiyyətlər Qorqudda da var. Elə buna görə də çətinliklərdən çəkinmir və risk etməyi sevir. Fikirlərini birbaşa ifadə etməkdən xoşu gəlir. Ailəyə və yaxın dostlarına çox bağlıdır. Sevdiklərini hər cür təhlükədən qorumaq üçün mübarizə aparmağa həmişə hazırdır. Duyğuları hərəkətverici qüvvə olsa da, hədəflərinə çatmaq üçün adətən məntiqdən məharətlə istifadə edir...

 

...Goranboy rayon prokurorluğunda böyük müstəntiq vəzifəsində çalışır. Apardığı bütün işlərdə ədalətin tərəfində dayanmağı özünə borc bilir. Qorqud Abdinli başqa cür ola da bilməz. Rəhmətlik babası Məzlumağa kişi haqqında atam mənə çox danışıb. Deyirdi ki, halal adamdı, heç vaxt haram tikəni süfrəsinə yaxın buraxmır. Elə atası Sabir də prokurorluq orqanlarında çalışan təmənnasız prokurorlardan biri kimi tanınır. Nə olsun ki, təqaüddədir hələ də hörmətini saxlayanlar var...

 

Nə isə, iyunun 25-i Qorqud Abdinlinin 35 yaşı tamam oldu. Hələ də iyundayıq, demək, hələ də təbrik etmək olar. 35 yaş ömrün ən gözəl çağı deməkdir. Bu rəqəm, mələklərin numerologiya sistemində yaradıcılıq, sərbəstlik və dəyişikliyi ifadə edir. İnsanın özünü ifadə etmə bacarığı ilə yeni imkanlara və azadlığa can atmasını söyləyir. Həyatda baş verən müsbət dəyişiklikləri, çətinliklərə asanlıqla uyğunlaşmağı və transformasiyanı önə çıxarır. İntuisiyanı, ünsiyyətcilliyi və işində qazanılan uğuru birləşdirir. Bəzi inanc və təlimlərdə isə bu rəqəm mələklərin adama doğru yolda olduğunu və qərarlarına dəstək göstərdiyini xatırladan bir mesaj kimi də qəbul edilir. Bütün bunları nəzərə alanda, adamın Qorqud Abdinliyə paxıllığı tutur. Kaş mən də müstəqilliyimizin yaşıdı olaydım, kaş mənim də yenidən 35 yaşım olaydı...

 

“Ədəbiyyat və incəsənət”

(30.06.2026)

 

Çərşənbə axşamı, 30 İyun 2026 15:09

Səhnənin və ekranın qətiyyətli səsi Şevket Çoruh

 

Könül Əliyeva,

“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi

 

Türk kinosunu və aktyorlarını kim sevmir ki?

Bu gün olduqca populyar bir türk aktyorunun doğum günüdür, onu xatırlamaqdan necə vaz keçmək olar axı? Şevket Çoruh – səhnənin və ekranın qətiyyətli səsidir o, “Arka Sokaklar"da canlandırdığı Komissar Mesut obrazı ilə məşhurlaşıb.

 

Şevket Çoruh 30 iyun 1973-cü ildə İstanbul şəhərində dünyaya gəlib. Onun uşaqlığı İstanbulun sadə və zəhmətkeş küçələrində keçib. Erkən yaşlarından səhnəyə, sənətə maraq göstərib, gülüş və dramatik ifadələrdə özünü ifadə etməyi sevib.

O, Müjdat Gezen Sanat Mərkəzində aktyorluq təhsili alaraq sənətə ilk addımlarını atıb, illər boyu səhnə və ekran dünyasında böyük təcrübə toplayıb. Teatrla başladığı sənət yoluna, daha sonra televiziya və kinoda davam etdirib.

 

“Arka Sokaklar” və xalqın qəlbindəki Mesut

 

2006-cı ildən etibarən Türkiyənin ən uzunömürlü seriallarından biri olan "Arka Sokaklar"da canlandırdığı Komissar Mesut obrazı ilə milyonların sevgisini qazanıb. Bu obraz, sərt, vətənpərvər, ailə dəyərlərinə sadiq və içindəki sarsılmaz ədalət hissi ilə yadda qalıb. Hər bir səhnədə gözləri ilə danışan, susqunluğu ilə hayqıran, vəzifəyə olan bağlılığı ilə fərqlənən bir qəhrəman yaradıb.

 

“Teatra sevgi – Baba Sahne"

 

Şevket Çoruhun aktyorluq eşqi təkcə kameralar qarşısı ilə məhdudlaşmayıb. O, 2017-ci ildə İstanbulda "Baba Sahne" adlı teatr məkanını quraraq səhnəyə və klassik Türk teatrına olan sevgisini bir daha göstərib. Bu səhnə, gənc istedadların yetişməsi, tamaşaçı ilə canlı sənət arasında körpü qurulması üçün böyük bir missiyaya çevrilib.

 

Ənənəvi Türk teatrının simvollarından sayılan "Dümbüllü Kavuğu"nu alaraq bu mirası davam etdirib. Bu addımı ilə sənət tarixində öz izini daha da möhkəmləndirib.

 

Gülüş və Dərd – “Çakallarla Dans” və “İnşaat”

 

Onun kino karyerası da yadda qalan işlərlə doludur. “Çakallarla Dans” film seriyasında Kayınço Gökhan obrazı ilə tamaşaçını güldürməyi bacardığı kimi, “İnşaat” filmindəki dramatik rolu ilə də düşündürməyi bacarıb. Onun aktyorluq gücü həm komediyada, həm də dram janrında özünü bərqərar edib.

 

"Səhnədə yaşayan bir ömür"

 

Şevket Çoruh üçün sənət yalnız bir peşə deyil, bir həyat tərzidir. O, hər çıxışında tamaşaçını düşünməyə vadar edib, obrazlarına nəfəs verib, onların ruhuna toxunub. Bu səbəbdəndir ki, illər keçsə də, o hələ də xalqın yaddaşında, evlərində və ürəklərində öz yerini qoruyub.

 

“Ədəbiyyat və incəsənət”

(30.06.2026)

 

Çərşənbə axşamı, 30 İyun 2026 10:07

Baharı sevən şair - Əfşan Yusifqızı

 

Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”

 

“O üzündə nələr vardır bilmirəm,

Bu üzündə məşəqqətdir dünyanın.

Gündüzləri yüklənirsən dərd ilə,

Gecələri lap dəhşətdir dünyanın.

 

Bilmək olmur, kim xoşbəxtdir, kim bədbəxt,

Qaçaq düşüb ömrümüzdən səadət,

Yurd salıbdır əzab, nifrət, xəyanət,

Sevgisi də bir minnətdir dünyanın.

 

Yer üzünün əşrəfiyik guya biz,

Həsrət qaldıq havaya biz, suya biz.

Ömür bitir salınmırıq saya biz,-

Əfşan, nəyi de, zinətdir dünyanın?”

 

Onun “Dünyanın” adlandırdığı bu şeiri məni Yer kürəsinin xəritəsində noxud boyda yer tutan Azərbaycandakı insanlararası münasibətlər haqqında yenidən düşünməyimə vadar etdi. Doğrudanmı, bu balaca ölkədə xoşbəxtlərlə bədbəxtlərin arasında heç bir fərq yoxdur? Yəni səadət buradan qaçaq düşüb və bu ölkədə əzab, nifrət, xəyanət ayaq tutub yeriyir? Yoxsa, bu sözlər şairin bir anlıq ovqatından şeirə çevrilən gileyidir? Bilmirəm! Amma hər halda hamı bilir ki, dünya həmişə Xeyirlə Şərin mübarizə meydanı olub. Bu mübarizədə “yaralananlar” da olub, “məhv” olanlar da, “zəfər” çalanlar da...

Bəli, ötən günnövbəti ad gününü qeyd edən Əfşan Yusifqızının bu şeiri, onun yaradıcılığı haqqında söhbət açmağıma bir səbəbdir. Gəlin, əvvəlcə onun ömür yoluna işıq tutaq. 1969-cu ildə Göyçay rayonunun Qəbələ Müskürlü kəndində müəllim ailəsində anadan olub. 1986-cı ildə orta təhsilini başa vurub. "Bir misra söz qədər duyanım ola”, “Bədirlənmiş Ay”, “Əli dağı”, “Xəyala döndün”, “Şəhid üzük” adlı kitabların müəllifidir. "Şirvan” ədəbi-ictimai birliyinin ideya rəhbəridir. Şeirləri müntəzəm olaraq dövri mətbuatda çap olunur...

Bəlkə də özü də bilir, bu dünya bir yuxudur. Burada hər nə tapmısansa itirə-itirə yaşayırsan. Əvvəl uşaqlığını, sonra yeniyetməliyini, daha sonra gəncliyini, cavanlığını itirirsən, sonda da dünya səni doğmalarının, əzizlərinin arasından itirir. Yəqin ki, bütün bunları bilməsəydi “Can nənə, nağıl demə” şerində nəvəsinin dili ilə söyləməzdi:

 

“Can nənə, nağıl demə,

İnanmıram nağıla.

Bu nağıllar üzündən,

Yetəmmədim "ağıla"

 

Gah "tık-tık xanım" oldum,

Tanhalıqdan yoruldum.

Gah da "Qoğala" döndüm,

Öz ədamda boğuldum.

 

Gah "Ağ atlı" oğlanı,

Gah " Xıdırı" gözlədim.

Yunumu yel apardı,

"Fatma" kimi izlədim…

 

Durub çay kənarında,

"Qızıl balıq" səslədim-

Arzulara inanıb,

Xeyli ümid bəslədim.

 

Can nənə, nağıl demə,

Nə deyirsən doğru de.

O saflığı məhv edən,

Bu dövrana oğru de.

 

Barmaq kəsib, duz səpən,

Məlikməmməd yox indi.

Həm "Təpəgöz", həm "Cırtdan",

“Adamyeyən” çox indi.

 

Can nənə, nağıl demə,

Bir bayatı hayla sən.

O məsum Şəhidlərə,

De, bir həzin layla, sən...”

 

Amma bütün bunlar o demək deyil ki, Əfşan Yusifqızının yaradıcılığı büsbütün qəm-qüssəyə bələnib, əsla. Onun şeirlərində sevgi də var, həsrət də, sevinc də…

 

"Can istə, yolunda bu candan keçim,

Könlünə libası sevgidən biçim.

Gəl sənə bəxtinin ulduzun seçim,

Sən eşq göylərindən ay göndər mənə.

 

Sən nə çəkirsənsə qanır ürəyim,

Sanma ki, sevgini danır ürəyim.

Söndürə bilmədin, yanır ürəyim,

Ölləm, dərya göndər, çay göndər mənə.

 

Əfşanam, dərdimin tap çarasını,

Bəxtimin üzündən sil qarasını.

Kəsib ürəyinin bir parasını,

Əgər sevirsənsə, pay göndər mənə."

 

Bu, onun “Ay göndər mənə” adlı poeziya nümunəsidir. Burada ülvü sevgiylə saf diləklərin vəhdəti var…

...Baharı çox sevir. Hər dəfə bu fəsilin gəlişi əhvalına müsbət təsir göstərir, ovqatı gözəl olur...

Deyir ki:- “Hər dəfə yaz fəsli gələndə Bahara dönürəm desəm, yanılmaram. Oxşarlıq elə çoxdu ki, əhvalımda. Əslində, çoxumuz beləyik. Könlümüzün bənövşə kimi küskün-küskün boynunu bükməsi, soyuq mehdən titrəməsi, ürəyimizin lalədən xal alması, gözlərimizin bahar buludu kimi tez-tez dolub-boşalması, yaz dumanının dərələrə yox, fikirlərimizə çökməsi, ruhumuzda səslənən qəmli bülbül nəvası, hər şey hər halı ilə bahara bənzəyir. Hətta ətrafa yayılan qəm rahiyəsi, həsrət qoxusu da... Bu, əhvalımın gözlə görülməyən baharıdır. Bir də, tumurcuq-tumurcuq ümidlər, al çətirli, ləçək-ləçək arzular...”

Vaxtınızı çox almadım ki? İcazə verin, bir şeirini də deyib söhbətimi yekunlaşdırım...

 

"Boşuna yanmağın nə xeyri var ki,

Bir topa üzərlik olaydım barı.

Dolanıb sevdiyim kəsin başına,

Qadasın, bəlasın alaydım barı.

 

Bir çimdik duz olub bir bədnəzərdən,

Uzaq saxlayaydım günahdan, şərdən.

Yanıb qoruyaraq daha nələrdən,

Müqəddəs inanctək qalaydım barı.

 

Xəfifcə çəkilən bir "eh"ə dönüb,

Tüstü-duman olub, zirehə dönüb,

Şəfalar gətirən bir mehə dönüb,

Duatək qəlbinə dolaydım barı."

 

Bəli, iyunun 29-u bu incə ruhlu şair xanımınnövbəti ad günü oldu. Gec də olsa onu bu münasibətlə təbrik edir, can sağlığı, yaradıcılıq uğurları arzulayırıq. Yeni yaşı mübarək olsun!

 

“Ədəbiyyat və incəsənət”

(30.06.2026)

 

 

Çərşənbə axşamı, 30 İyun 2026 08:31

Azərbaycanlı olmaq istəyən Doğuşun doğum günüdür

Könül Əliyeva,

“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi

 

Tam adı Orhan Baltacı olan müğənni Doğuş bizə digər əcnəbi müəğnnilərdən bir kğynək yaxındır. Niyə? Çünki, bizim kürəkən sayılır, məşhur teleaparıcı Xoşqədəm Hidayətqızının həyat yoldaşıdır.

 

Bu gün Doğuşun doğum günüdür, 52 yaşı tamam olur. Gəlin haqqında bir az məlumatlanaq.

Doğuş 30 iyun 1974‑cü ildə Almaniyada dünyaya gəlib. Əslən Rizənin İkizdərəli kəndindən olan müğənni 4 yaşında ailəsi ilə birlikdə Türkiyəyə köçüb.

Acı uşaqlıq keçirib. Ailədaxili problemlər üzündən evdən qaçıb və kiçik yaşlarından küçədə yaşamağa başlayıb. Musiqiyə marağı küçə müğənnilərini dinləməklə başlayıb, tezliklə səs tembri ətrafdakıları cəlb edib. İlk səhnə performansından sonra özünə "Doğuş" təxəllüsü götürüb.

1997‑ci ildən etibarən artıq musiqi çevrələrində tanınmağa başlayıb. İlk single-ları: “Uyan”, “Gamsız” (1997) olub, ardınca “Yan Yüreğim”, “Ayrılmalıyız” kimi hitlərlə davam edib.

 

Mahnılar:

1. Uyan

2. Hadi çiçeğim

3. Yalnızım

4. Gamsız

5. Ahım var

6. Üzülürsün

7. Kısas

8. Babam

9. İnsafsız.

 

 

“Ədəbiyyat və incəsənət”

(30.06.2026)

 

 

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Elm və Təhsil Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyasının təşkilatçılığı ilə Bakı və Xankəndi şəhərlərində Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş irimiqyaslı “Türk Dünyası Həftəsi”nə start verilir. 29 iyun – 3 iyul 2026-cı il tarixlərini əhatə edəcək bu mötəbər həftənin ilk günü Heydər Əliyev Mərkəzində rəsmi açılış ilə başlayıb.

 

Tədbirin ən mühüm və strateji hissələrindən birini “Türk dünyası bir ailə kimi: ortaq məqsədlər naminə beynəlxalq türk əməkdaşlıq təşkilatlarının fəaliyyətləri” mövzusundakı plenar iclas təşkil edib.

 

“Ədəbiyyat və incəsənət” portalına Türk Mədəniyyəti və İrsi Fondundan verilən məlumata görə, plenar iclas türk dünyasının aparıcı beynəlxalq Türk əməkdaşlıq təşkilatlarının rəhbərlərini bir araya gətirərək ortaq dəyərlərin qorunması, mədəni inteqrasiyanın dərinləşdirilməsi, elm, təhsil və humanitar əməkdaşlığın inkişafı istiqamətində görülən işlər və gələcək fəaliyyət prioritetləri ətrafında fikir mübadiləsi üçün mühüm platformaya çevrilib.

Plenar iclasda rəsmi məruzəçi qismində çıxış edən Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti, professor Aktotı Raimkulova bildirib ki, yüz il əvvəl Bakıda əsası qoyulan elmi-mədəni əməkdaşlıq ənənəsi bu gün türk dövlətlərinin siyasi iradəsi və beynəlxalq türk əməkdaşlıq təşkilatlarının birgə fəaliyyəti sayəsində yeni inkişaf mərhələsinə qədəm qoyub.

Fondun prezidenti Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş Türk Dünyası Həftəsinin təşkilinə görə Azərbaycan Respublikasının Hökumətinə, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə və bütün digər tərəfdaş qurumlara təşəkkürünü bildirib.

Professor Aktotı Raimkulova çıxışında bildirib ki, Türk Mədəniyyəti və İrsi Fondu Türk Dünyası Həftəsinin proqramında da fəal iştirak edir. Onun sözlərinə görə, bu təşəbbüslər ortaq türk irsinin tədqiqi və təbliği, elmi əməkdaşlığın genişləndirilməsi, eləcə də türk xalqları arasında mədəni inteqrasiyanın daha da möhkəmləndirilməsinə xidmət edir.

Fondun prezidenti, həmçinin bildirib ki, Fondun təşəbbüsü ilə Baku TV ilə əməkdaşlıq çərçivəsində Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş xüsusi müsahibələr silsiləsi hazırlanıb. Layihədə türk dünyasının tanınmış alim və ziyalıları Qurultayın tarixi əhəmiyyəti, türk xalqlarının ortaq elmi-mədəni irsi və bu irsin müasir dövrdə aktuallığı barədə fikirlərini bölüşüblər.

Çıxışının sonunda professor Aktotı  qeyd edib ki, yubiley tədbirləri bununla yekunlaşmayacaq. Cari ilin sonunda Türk Mədəniyyəti və İrsi Fondunun təşəbbüsü, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin, türk dövlətlərinin UNESCO yanında Daimi Nümayəndəliklərinin və Beynəlxalq Türk Əməkdaşlıq Təşkilatlarının iştirakı ilə UNESCO-nun Parisdəki mənzil-qərargahında Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş beynəlxalq tədbirin keçirilməsi planlaşdırılır. Bu təşəbbüs Qurultayın irsinin beynəlxalq səviyyədə daha geniş tanıdılmasına, ortaq mədəni yaddaşın möhkəmləndirilməsinə və türk dünyası arasında humanitar əməkdaşlığın inkişafına mühüm töhfə verəcək.

İclasda, eyni zamanda Azərbaycan Respublikası Mədəniyyət nazirinin müavini Fərid Cəfərov, TÜRKSOY-un Baş katibi Sultan Raev, Türk Akademiyasının prezidenti Şahin Mustafayev və Yunus Emre İnstitutunun rəhbəri Abdurrahman Aliy çıxış ediblər.

Plenar iclas çərçivəsində beynəlxalq türk əməkdaşlıq təşkilatlarının rəhbərlərinin çıxışlarından sonra “Birinci Türkoloji Qurultayın 100 illiyi (1926–2026)” xatirə nişanı ilə təltifetmə mərasimi də keçirilib.

 

“Ədəbiyyat və incəsənət”

(30.06.2026)

 

 

 

 

Çərşənbə axşamı, 30 İyun 2026 11:36

Biri ikisində - Fidan Vahidin hekayəsi

 

“Ədəbiyyat və incəsənət” portalı və “Ulduz” jurnalının birlikdə həyata keçirdikləri “Biri ikisində” layihəsində sizlərə Fidan Vahidin hekayəsi təqdim edilir. “Əyri kölgə” adlanan bu hekayə Mir Cəlal adına V Hekayə Müsabiqəsinin finalçısı olmuşdur.

 

Layihə ən yaxşı ədəbi nümunələrin təbliğinə hesablanıbdır.

Xoş mütaliələr.

        

 

 

Fidan VAHİD

 

ƏYRİ KÖLGƏ

 

Babam Şaqaydan yarım kisə bobla tutub. Nənəm həyətdə balıqları deyinə-deyinə qızardır. Süfrədə əyləşiblər. Babam balıqların ətli, ağ yerlərinə baxıb nənəmə ağız büzür: sümüyü yaxşı qızarmayıb.

Hər şeyi görürəm. Özümü axtarıram, amma tapa bilmirəm. Nənəmin boşqabın qırağına atdığı tilişkələrdən biriyəm sanki. Boşqabın kənarında büzüşüb qocaları süzürəm. Birdən özümü nənəmin əlindəki tikəyə yapışmış tapıram. Budur, artıq nənəmin boğazındayam. Onun boğazı çox dardır; həm də düyün-düyün... Keçməyə yer tapmıram, ilişib qalmışam. Nənəmin boğazını cırıb qanında boğulurdum ki, ayıldım. Əlimi ayaqlarıma uzatdım – yerində idilər.

Gözümü nənəmgildə açmışam. Hamı deyir ki, babamgildə yaşayıram. Amma yox, mən nənəmgildə qalıram. Son zamanlar yuxularımı qarışdırıram, amma onları ən xırda detallarına qədər xatırlayıram.

Həyətimizdəyəm. Qızmar günəşin şəfəqləri pələd qapıya qədər uzanan üzüm şelindən süzülüb yerə səpələnir. Həyət naxış-naxışdır. Şelin üstündə iki sağsağan dayanmadan ötür. Onlara baxdıqca ürəyim sıxılır. Sağsağan həyətdə ötəndə bilirik ki, bibimgil qonaq gələcək. Nənəm hazırlıq görür. Babamın kəsdiyi çolpaların qanını axıda-axıda bağdan aşxanaya gəlir. Çolpaların boğazını yuyur, tüklərini yolmaq üçün çuqun qazanı götürür.

Başım gicəllənir. Yenə özümü axtarıram. Mən o ağ çuqun qazanın içində vurnuxan qarışqalardan biriyəm. Nənəm qazanı üzüaşağı çırpır, qarışqaların hamısı yerə tökülür – məndən başqa. Nənəm qazanı su ilə doldurub ocağın üstünə qoyur. Qışqırıram, amma səsimi eşitmir. Qarışqaların səsini heç kim eşitmir. Su qaynamağa başlayanda dik atılıb ayıldım. Otağım səpsərin idi. Pəncərədən vuran meh bədənimi üşütdü.

Bütün günü ora-bura qaçır, oynayıram. Babaya, nənəmə işlərində kömək edirəm. Nənəmi çox istəyirəm, babamı da. Amma hərdən, babam namaz qılan vaxtlarda istəyirəm ki, arxadan vurum onu.

Evimizdən tez-tez səslər yüksəlir. Bəzən bu səs-küy mənim ucbatımdan qopur. Özümü çox vaxt yiyəsiz torpaq kimi hiss edirəm.

Yüksəklikdəyəm. Yuxarıdan baxıram, amma harada olduğumu bilmirəm. Bozarmış döşəmə, cırıq divar kağızları, nimdaş cehizlər, çatılmış qaşlar, yanmış günorta yeməyi, toz basmış fotoşəkillər... Heç biri tanış gəlmir. Evin küncündə özümə yuva qurmuşam. Tor çəkirəm – dörd divar boyu. Hərdən aşağı sallanıb yolumu itirirəm. Anamla atamın şəklini tor basıb. Mənim torum... Nənəm əlindəki pol taxtasının tinini qarnıma sıxdı.

Dik ayıldım. Nənəmin xorultusundan qorxdum, amma tez də keçib getdi. Axşamlar qorxuram. Hava qaralanda adam cildindən çıxıram. Nə qədər çabalasam da, adam olmağı bacarmıram.

Bir gün oyandım ki, evdə qırğın qopub. Babam oturaq stolunu nənəmin başına qaldırmışdı. Səbəbini bilmirdim, amma o an yerə yıxılıb dişlərimi bir-birinə sıxdığımı xatırlayıram. Bunu çox əvvəllər haradasa görmüşdüm. Mən də elə etdim. Babam da, nənəm də çox qorxdular. İlk dəfə idi onları belə görürdüm. Babam çəngəllə dişlərimi araladı, üstümə su çırpdılar. Tam gördüyüm kimi edə bilməmişdim, amma alınmışdı.

Ayılanda stola baxa-baxa kəkələməyə başladım. Nənəm dördüncü stolu otaqdan çıxartdı. İkisini də susdurmuşdum. O gündən sonra balaca bir səs-küy qalxan kimi kəkələməyə başlayırdım. Mənə qalsa, nənəm bilirdi ki, mən yalançı və təlxəyəm. Günlər beləcə keçirdi, amma gecələr qara kabus olub basırdı məni. Mən yuxularımı ipək yaylıqlı nənəmə qurban vermişdim.

Bu, əvvəllər maraqlı gəlsə də, sonra məni bezdirdi. Gözümdən düşən oyuncaqları Kürün qırağındakı zibil dərəsinə atardıq nənəmlə. İndi nə edəcəyimi bilmirdim. Nənəm deyərdi ki, adam yalan danışmaz. Seçim etməli idim: ya adam olacaqdım, ya da yalan.

Bu oyuna son qoymağa qərar verdim. Münasib vaxtı gözlədim. Yenə babamla nənəm dalaşanda güzgünün qabağına keçib son məşqimi etdim: “Baba, bəsdir artıq nənəmi incitdin. Qışqırma ona. Siz belə olanda mən çox...” – deyəcəkdim.

Otağımdan çıxdım. Yüyürərək onların otağına girdim. Nənəm də, babam da məni görmürdülər. O anda, İlahi, necə qorxdum! Ayağımı sürüyə-sürüyə babamın düz qarşısında dayandım. Əvvəlcə səsim çıxmadı, sonra bütün gücümlə qışqırdım: “Babaaaa!”

Babam susdu, mənə baxdı. Bədənim tir-tir əsirdi. Davamını gətirmək istədim, amma boğazımda nəsə xırıldadı. Sözlər düyünlənib qaldı. Daha danışa bilmədim. Birdən hiss etdim ki, nəfəsim kəsilir. Sanki yenə daşam, sümüyəm, qarışqayam... Babamın gözlərinə baxdım. Baxışlarında qorxu vardı, amma heç nə demədi. Mən isə səsimi birdəfəlik itirdim.

O gündən sonra bir də heç vaxt adam ola bilmədim.

 

“Ədəbiyyat və incəsənət”

(30.06.2026)

 

Çərşənbə axşamı, 30 İyun 2026 12:31

Gülüş klubunda Leninn büstü

Nemət Tahir,

“Ədəbiyyat və incəsənət” portalının Qarabağ təmsilçisi

 

 

Sizə Sovet dönəmlərinin bir məşhur lətifəsini danışacam. Hərçənd, onun real həvalat olmasını nəql edənlər də az deyil.

 

Demək, bir yəhudi İsrailə köçmə icazəsini alır. Çıxışda ruslar bunun baqajını yoxlayarkən paltarların arasındakı Leninin büstünü tapırlar:

- Bu nədir?

Yəhudi:

- "Bu nədir"? sualı səhvdir, yoldaş! "Bu kimdir"? deməniz lazım idi! Bu Lenindir, sosializmin təməlini quran, sovet xalqına yaxşılıqlar edəndir. Mən də bunu bərəkətli günlərin xatirəsi olaraq özümlə götürdüm.

Təsirlənmiş rus məmuru:

- Yaxşı, keçə bilərsiniz!, - deyir.

Tel-Əviv hava limanında gömrük məmuru büstü görür və soruşur:

- Bu nədir?

Yəhudi:

- "Bu nədir"? sualı səhvdir! "Bu kimdir"? deməniz lazım idi! Bu Lenindir. Bu dəli caninin əlindən o boyda SSRİ-ni tərk etmək məcburiyyətində qaldım! Özümlə götürdüm ki, hər gün ona baxıb lənət oxuyum!, - deyir.

Təsirlənmiş İsrailli məmur başını tərpədir:

- Yaxşı, keçə bilərsiniz!

Yəhudi evinə gəlir, büstü bufetin üstünə qoyur, gəlişi münasibətilə də qohumlarını dəvət edir.

Qonaqlardan biri soruşur:

- Bu kimdir?

Yəhudi:

- "Bu kimdir"? sualı səhvdir, quzum! "Bu nədir"? demək lazım idi! Bu 10 kiloqram, iyirmi dörd əyar qızıldır, vergisiz, gömrüksüz, üstəlik ƏDV-siz!

 

“Ədəbiyyat və incəsənət”

(30.06.2026)

Çərşənbə axşamı, 30 İyun 2026 10:33

İntihar etmiş şair – Sərdar Əsəd

İnci Məmmədzadə,

“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi

 

İntihardan əvvəl oğullarına məktub yazmışdı: “Gedirəm. Qorxmayın. Qapını heç kəsə açmayın”.

 

Sərdar Əsəd 1929-cu il avqustun 29-da Cəbrayıl rayonunun Soltanlı kəndində anadan olub. 1955-ci ildə - APİ-nin filologiya fakültəsini bitirib. 1955-ci ildə institutun ali məktəblərarası ştanq yarışlarında birinci yeri tutub. “Ədəbiyyat və incəsənət” qəzetində (indiki “Ədəbiyyat” qəzeti) düz beş il - 1958-1963-cü illərdə işləyib. İstedadlı şair Sərdar Əsəd hələ gənclik illərini başa çatdırmamış ömrünü başa çatdırsa da, kifayət qədər bədii irs qoyub gedib. 

Sərdar ədəbiyyata 50-ci illərdə gələn Əli Kərim, Qulu Xəlilov, Əlfi Qasımov, Tofiq Mütəllibov, Fikrət Sadıq nəslinin nümayəndələrindən olub. 40 yaşının tamamında yazdığı "Ömür keçdi yarıdan" şeirində mənalı həyat yolunun çətinliklərini qeyd edib. Yaradıcılığının lap erkən çağında - 1954-cü ildə qələmə aldığı "Şairin arzusu" şeirini onun poeziya yolunun proqram sənədi saymaq olar.

“Yer ulduzu" (1974) kitabından aydın olur ki, mərkəzi mətbuatda hələ APİ-nin filologiya fakültəsinin birinci kurs tələbəsi olduğu dövrdən - 1952-ci ildən çap olunmağa başlayıb. "Gənclik illəri" adlı ilk şeir kitabını 1957-ci ildə nəşr etdirə bilib. Bu kitabda və bundan üç il sonra çap etdirdiyi "Səni axtarıram" kitabında hər bir şeirin yazılma tarixi var.

1960-cı ildə nəşr olunan "Səni axtarıram" kitabında son şeirləri 1957-ci ilə aiddir. Bu, o dövrdə nəşr işinin nə qədər çətin olduğunu, bir kitabın çapı üçün ən azı üç il gözləmək lazım gəldiyini göstərən bir faktdır. 50-ci illərə aid bir sıra şeirlərinin "Yanan memar" (1963), "Cərrah ürəyi" (1965), "Simlərin tufanı" (1971) kitablarına daxil edilməsi göstərir ki, ilk kitabları yazdıqlarını əhatə etməyib, seçmə şeirlərdən ibarət olub.

 

Sağlığında bunlarla yanaşı, "Gözəl", "Meşədə qonaqlıq" və başqa şeir, həmçinin Bartodan, Rodaridən tərcümə kitablarını da çap etdirə bilib. Kitabları İ.Soltan, N.Həsənzadə, M.Araz, E.Borçalı, Ə.Salahzadə və başqalarının redaktorluğu ilə çap olunub. 1977-ci ildə - vəfatından iki il sonra şeir və poemalardan ibarət "Dağları aşdı sellər" kitabı nəşr olunub.

 

Kitabları

Gənclik illəri

Səni axtarıram

Yanan memar

Cərrah ürəyi

Simlərin tufanı

Yer ulduzu

Dağları aşdı sellər

Gözəl

Meşədə qonaqlıq

 

Sevda Sultanova onun barəsində yazır:

Şair Sərdar Əsəd haqda ilk dəfə 1990-cı illərin ortalarında eşitmişdim. İntihar etməsi, unudulması çox təsir eləmişdi. Haqqında yazmağı qərara aldım.

Ailəsinin əlaqə telefonlarını öyrənmək üçün Yazıçılar İttifaqına zəng vurdum. Söhbət 1998-ci ildən gedir. Oradan bildirdilər ki, ailəsi ilə heç bir əlaqəmiz yoxdur, harda yaşadığını bilmirik.

“Heç olmasa dostluq elədiyi adamlarla görüşüm”-deyə düşündüm. Yadıma gəlir ki, Vaqif Bayatlı Ödərdən kömək istədim. Dedi ki, Vilayət Rüstəmzadə onu yaxından tanıyıb.

Vilayət Rüstəmzadə şair, tərcüməçiydi. Onunla görüşəndə xəstəxanada yatırdı. Sərdardan xeyli danışdı. O vaxt danışdıqlarından yazımda bunları qeyd eləmişdim: ”Sərdar saçlarını həmişə arxaya darayırdı. Möhkəm futbol azarkeşiydi. 60-cı illərdə “Gənclik” nəşriyyatında şeir üzrə redaktor idi. Mən də orada işləyirdim. Biz ikinci mərtəbədəydik. Bir gün üçüncü mərtəbədən şapalaq səsi eşitdik.

 

Çıxıb gördük ki, Sərdar orada işləyən bir pəzəvəngi nalayiq söz işlətdiyi üçün vurub. Elə vurmuşdu ki, barmaqlarının izi üzündə qalmışdı. Həmin adamı Sərdar insan kimi qəbul edə bilmirdi. O hadisədən sonra Sərdarın nəşriyyatda qalması mümkün deyildi”.

Bu hadisəyə yenə qayıdacağam...

Nə olursa-olsun onun ailəsini tapmaqda israrlıydım. “Azərbaycan müəllimi” qəzetinə zəng vurdum, yoldaşı Tükəzban xanım uzun müddət orada işləmişdi. Redaksiyadan bildirdilər ki, telefon nömrəsi yoxdur, amma evləri Nərimanov metrosu yaxınlığında olmalıdır. Təxmini ünvanı da dedilər.

Həmin ərazidə yaşayan bir rəfiqəmlə, küçə-küçə Sərdar Əsədin ailəsinin yaşadığı evi soraqlaşdıq. Və nəhayət tapdıq. Tərslikdən evdə heç kim yoxuydu. Qonşulardan birinə telefon nömrəmi verdim ki, zəng eləsinlər...

Qısa müddətdən sonra ailəsinin qonağı oldum. Məni çox isti qarşıladılar. Şairin böyük oğlu Qoşqar iş adamıydı, qızı Nazilə səhv eləmirəmsə müəllimə işləyirdi.

Təəssüflənirəm ki, söhbətimizin lent yazısını saxlamamışam. Sərdar Əsəd haqda yazım o illərin populyar qəzetlərindən birində “Rezonans”da çıxmışdı. Yazımı Fəxri Uğurlu redaktə eləmişdi və başlığa “İntihar” sözünü çıxarmışdı. Özü də iri hərflərlə...

Yazıdan sonra Sərdar Əsədin ailəsi məni qonaq çağırdı. Ümumiyyətlə, şairin ailə üzvləri yaddaşımda istiqanlı, səmimi adamlar kimi qalıb. Yazını bəyənmişdilər. Ancaq bir-iki detal xoşlarına gəlməmişdi, nəzakətlə iradlarını bildirdilər. Birincisi, məqalənin “İntihar” sərlöhvəsi ilə getməsiydi. İstəmirdilər ki, o, məhz intihar aktına görə xatırlansın. Haqsız da deyildilər.

Digər irad (daha çox yüngülvarı narazılıq idi) yazıçı Əzizə Əhmədovadan Sərdar haqda soruşmağım idi. Hərçənd, Əzizə xanım onun haqda xoş sözlər demişdi: “Yazıçılar, şairlər adətən redaktorlardan çox şikayətlənirdilər. Sərdardansa hamı razı gedirdi. Öz işini gözəl bilirdi”.

Məsələ ondaydı ki, Əzizə xanım “Gənclik” nəşriyyatının direktoru olmuşdu. Və Sərdar Əsəd də onun rəhbəri olduğu dövrdə işdən çıxarılmışdı. Həmin yuxarıda qeyd elədiyim davaya görə. Onların fikrincə, bu məsələdə rəhbərlik qeyri-obyektiv mövqe tutmuşdu, ona qarşı haqsızlıq olmuşdu. Çox yaxşı xatırlayıram ki, Əzizə xanımdan şair haqda soruşanda o, bir az duruxmuşdu, sanki sıxıla-sıxıla danışmışdı.

Başqa bir irad isə qəzetdə Sərdar Əsədin məhz Rəfiq Zəka Xəndan ilə fotosunun getməsiydi. Onda görüşdüyüm adamlardan biri Rəfiq Zəka Xəndan olmuşdu. Evində görüşdük. Yaddaşımı çözələyirəm. Fəqət ondan yaddaşımda xüsusi nəsə qalmayıb. Bircə onu xatırlayıram ki, evinin qapısından girəndə israr elədi ki, ayaqqabıları çıxartmayım. Evdə ayaqqabıyla gəzirdilər, nədir, baş açmadım.

Hafizəmdə qaldığı qədərilə Rəfiq Zəka Xəndan Sərdarla yaxın idi, məclislərdə çox zaman birgə olurdular. Çox güman ki, şairin içkiyə meylliyində belə məclislərin təsiri az olmamışdı.

Başqa bir tərəfdən Sərdar Əsədin işsiz vaxtlarında, ölümündən sonra, yeyib-içən dostlarının çoxu onun ailəsi ilə maraqlanmamışdı. Əksinə olsaydı, ən azı Yazıçılar İttifaqında ailəsinin telefon nömrəsi olardı, Sərdar Əsədin xatirəsinə həsr olunmuş tədbir keçirilərdi, ya yazılar yazılardı. Bəlkə olub, mən bilmirəm. Hər halda rastıma çıxmayıb.

Bəlkə bu səbəbdən, şairdən yazmaq istəyimi onu tanıyanlar rəğbətlə, eyni zamanda təəccüblə qarşılamışdılar. Necə olmuşdu ki, Sərdar Əsəd yada düşmüşdü.

Sərdar Əsəd 45 yaşında dünyasını dəyişmişdi. Onun intihar səbəblərini əsasən içkiyə aludəçiliyinə, ruhi sarsıntılarına bağlayırdılar. Həyat yoldaşı Tükəzban xanım onun ruhi sarsıntılarını “Gənclik” nəşriyyatından çıxandan sonra 5 il işsiz qalması, ona laqeyd, sayğısız münasibətlə izah edirdi.

Tanıyanlar əsasən onun bu keyfiyyətlərini sadalayırdı: zarafatcıl, sözü birbaşa deyən, mütəvazi, ləyaqətli, ədalətli... Onun haqda tutarlı ifadələrdən birini Əkrəm Əylisli demişdi: “Sərdad Əsəd çox istedadlı və faciəvi şəxsiyyət idi”.

İstedad isə çox vaxt faciə ilə yanaşı gedir və hardasa bir birini tamamlayır da.

Əli Kərim nümunəsi kimi.

Əli Kərimlə Sərdar dost idi, onun ölümündən sonra özünə yer tapa bilmirdi. Sanki özünü günahkar bilirdi.

İntihardan əvvəl oğullarına məktub yazmışdı: “Gedirəm. Qorxmayın. Qapını heç kəsə açmayın”.

Hadisə 1975-ci il iyunun 30-da baş vermişdi. İntihar edən gün Tükəzban xanım qızı Naziləylə evdə olmayıb...

Allahrəhməteləsin!

 

“Ədəbiyyat və incəsənət”

(30.06.2026)

Çərşənbə axşamı, 30 İyun 2026 09:04

Musiqiçilər ailəsindən çıxmış Mirzə Mansur Mansurov

 

İnci Məmmədzadə,

“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi

 

Birailə musiqiyə buqədərbağlanarmış...

Mirzə Mansur Mansurov 5 yanvar 1887-ci ildə Bakı şəhərində anadan olub. O, on bir yaşında Sınıq-qala məscidindəki mədrəsədə təhsil alaraq fars dilini mükəmməl öyrənib. Təhsilini rus-tatar məktəbində davam etdirən tarzən burada dörd il təhsil alıb. Mirzə Mansurun atası Məşədi Məlik bəyin Bakı muğam məclislərinin yaradıcısı kimi tanınıb. O, bir sıra musiqi alətlərində - tar, kamança, tütək ifa edib.

 

Həmçinin anası Soltan Bəyim və böyük qardaşı Məşədi Süleyman da saz çalıb. Belə bir mühitdə böyüyən Mirzə Mansurun tara olan meyli artıb və musiqiçi olmağa qərar verib. Kiçik yaşlarından tar çalmağa başlayan Mirzə Mansur ilk tar dərslərini tarzən Mirzə Fərəc Rzayevdən alıb. Onun ilk ifa etdiyi muğamlar "Şur" və "Rast" muğamları olub.

Mirzə Mansur tarzən Mirzə Sadıq Əsəd oğlundan bəhrələnib və Sadıqcan məktəbinin layiqli davamçısı olub. Tarzən muğam nəzəriyyəçisi kimi tanınıb. O, 1920-ci ildən sonra Şərq konservatoriyasında, 1923-cü ildə isə Üzeyir Hacıbəyovun təşkil etdiyi Azərbaycan Dövlət Türk Musiqi Məktəbində tar dərsi deyib.

Daha sonra 1926–1946-cı illərdə isə Azərbaycan Dövlət Konservatoriyasında muğamdan dərs verib. Mirzə Mansur Üzeyir Hacıbəyovun təşəbbüsü ilə tar sinfi üçün ilk muğam tədris proqramını hazırlayan şəxs olub. Üzeyir Hacıbəyovun tapşırığı ilə gənc bəstəkarlar Tofiq Quliyev və Zakir Bağırov Mirzə Mansurun ifasından 1930-cu illərin ortalarında "Rast", "Dügah" və "Zabul" muğamlarını ilk dəfə nota salıblar.

Eyni zamanda Ü.Hacıbəylinin təşəbbüsü ilə o, tar alətini təkmilləşdirib, tarın rekonstruksiyasına yeniliklər gətirib. Mirzə Mansurun yenilik verdiyi 4 tardan biri Ermitaj, ikincisi Luvr, üçüncüsü isə İstanbul muzeylərində qorunub. Sonuncu tarı isə özünə saxlayıb. Mirzə Mansurun tarda ifa etdiyi iki maqnitofon yazısı qalıb: "Xocəstə" və "Mahur-hindi" muğamları.

Mirzə Mansurun oğlu tarzən Ənvər Mansurov onun yolunu davam etdirib. Ənvər Mansurov (1917–1941) Böyük Vətən müharibəsinin ilk günlərindən Brest qalasının müdafiəçilərindən biri olub və qəhrəmanlıqla həlak olublar. Ənvər Mansurovun oğlu Arif Mansurov uzun illər müxtəlif dövlət idarələrində rəhbər vəzifələrdə çalışıb.

Professor Arif Mansurov, həmçinin Yaşıllar Partiyasının sədri və Dövlət Təbiəti Mühafizə Komitəsinin rəhbəri vəzifəsində çalışıb. Mirzə Mansur Mansurova 23 aprel 1940-cı ildə Azərbaycan SSR Əməkdar incəsənət xadimi fəxri adı verilib. Mirzə Mansur 30 iyun 1967-ci ildə vəfat edib və Bakı şəhərində, Yasamaldakı köhnə qəbiristanlıqda dəfn edilib.

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(30.06.2026)

Çərşənbə axşamı, 30 İyun 2026 08:03

İerosximonax Simona çevrilən azərbaycanlı şair-bəstəkar

İnci Məmmədzadə,

“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi

 

Az tanınmışlar rubrikasında bu gün sizlərə Azərbaycan-sovet şairivə bəstəkarı OneginHacıqasımovbarədə danışmaq istəyirəm. Onun sağlığında necə böyük zirvələr fəth etdiyini eşidəndə isə təəccüblənəcəksiniz.

 

Atası Yusif Hacıqasımov (1892-1960) Moskva Universitetində hüquq fakültəsini bitirib, 1940-cı illərədək NKVD-də işləyib. Anası Mehtəban Hacıqasımova (1905-1980) isə rus dili və ədəbiyyatını çox sevdiyi üçün 4 iyun 1937-ci ildə, böyük rus şairi Aleksandr Puşkinin vəfatının 100-cü ildönümündə dünyaya gələn oğlunu Puşkinin ən məşhur əsərlərindən birinin baş qəhrəmanı olan Yevgeni Oneginin şərəfinə adlandırıb.

Onun 1942-ci ildə dünyaya gələn kiçik qardaşını isə Nizami Gəncəvinin 800 illiyinin şərəfinə Nizami adlandırıb.

Oneginortaməktəbdə dünyaklassiklərininbir çoxəsərlərinioxuyur. 11-12 yaşında şeirlər yazmağa başlayır. İlk şeirlərini də anasına göstərir. Anası balaca Oneginin şeir yazmağının bir uşaqlıq həvəsi olduğunu düşünür. Elə atası da övladının həkim olmasını arzulayır. Amma günlərin bir günü orta məktəbi bitirib attestat alan Onegin Qorki adına Moskva Ədəbiyyat İnstitutuna daxil olur.

Deyilənə görə, Oneginin qaldığı yataqxanaya demək olar ki, hər gün milis naryadı gələrmiş. Dostları ilə hər gün poeziya məclisi düzəldən Genanın (onu belə çağırırmışlar) yataqxanadakı otağı həmişə səsli-küylü olur. Tələbə yoldaşı Mixail Buzıkin xatırlayır ki, onun otağından siqaret tüstüsü və çaxır şüşələri əskik olmazmış.

“Gena durmadan yazırdı. Biz ona heyran qalmışdıq. İnsanda bu qədər enerji haradandır? Bütün institut hər axşam onun balaca otağına yığışırdı. Səhərəcən şeir deyirdi. O, həm də çox gözəl parodiyaçı idi. Hətta Xruşovu belə parodiya etməkdən çəkinmirdi. Yataqxananın komendantı hər axşam azı 10 dəfə otağa gələrdi ki, sakit olaq. Milis də bizdən əl çəkmirdi. İnstitutda isə bizi Oneginin fitri istedadı və rəhbərlik tərəfindən ona qoyulan hörmət xilas edirdi. Ona istedadına görə dözürdülər”.

Onegin birinci kursdan tələbə yoldaşı Anatasiyaya dəli kimi vurulur. Nəinki vurulur, onu təkcə tələbə yoldaşlarına yox, hətta müəllimlərinə belə qısqanır. İkinci kursda oxuyarkən Onegini əsgər aparırlar. O, 3 il hərbi dəniz qüvvələrində xidmət keçməyə məcbur olur. Onegin üç ildə sevgilisinə nə az, nə çox 960 məktub yazır və bu məktubların hamısında da ona şeir həsr edir.

 58-ci ildə əsgərlikdən qayıdan Onegin elə Nastya ilə də evlənir. İl yarım sonra, 1960-cı ildə onların oğlu olur. Uşağın adını Yusif qoyurlar. 1970-ci ildə 33 yaşında ikən Oneginin müəllifi olduğu mahnılardan ibarət albom satışa çıxıb və rekord sayda 15 milyon ədəd val satılır. Bu valda sovet pop musiqisinin hitləri cəmlənir. 15 milyon 730 min tirajla çıxan bu plastinka iki günün içində mağazalardan yoxa çıxır, satılıb qutarır.

Bu günə qədər də bu rekord həcmdə disk və ya plastinka çıxarmaq heç bir müğənniyə nəsib olmayıb, heç bir nəğməkar-şair bu rekordu üstələməyib. Sən demə, ən azı bu faktın özü, ətrafındakılarda ona qarşı qısqanclıq yaradırmış.

1960-1980-ci illərdə Polad Bülbüloğlu, İosif Kobzon, Alla Puqaçova, Yuri Antonov, Sofiya Rotaru, Valeri Obodzinski, Aida Vedişşeva, Müslüm Maqomayev, Rəşid Behbudov, Oqtay Ağayev kimi müğənnilər, “Qaya” Vokal İnstrumental Ansamblı, “Vesyolıye rebyata” qrupu və bir çox başqaları Onegin Hacıqasımovun mahnılarını ifa edib.

Yeri gəlmişkən, Oqtay Ağayevin oxuduğu “Kimsən sən”, Polad Bülbüloğlunun ifa etdiyi “Sevimli diyar”, “Sevincim Bakı”, “Xalidə” kimi mahnıların sözlərinin müəllifi də Hacıqasımovdur. Bundan başqa, “İyirmialtılar” (1966), “Ulduzlar sönmür” (1971), “Mən mahnı qoşuram” (1979), “Musiqi müəllimi” (1983) filmlərindəki mahnıların bir çoxunun sözlərinin müəllifi Onegin Hacıqasımovdur.

 

Filmoqrafiya

- İyirmialtılar (film, 1966)

- Ulduzlar sönmür (film, 1971)

- Mən mahnı qoşuram (film, 1979)

- Musiqi müəllimi (film, 1983)

 

Azərbaycandan tutmuş, Moskvaya qədər hamı onu avaranın, sərgərdanın biri kimi təqdim etməkdən zövq alır, ləkələməyə çalışır, istedadını qısqanırlar. Ondan donos yazırlar, deyirlər ki, partiyaya aid şeir yazmır, burjua həyat tərzi sürür, sovet əxlaqına lağ edir. Hətta bir nəfər yuxarılara yazır ki, o, ümumiyyətlə dəlidir. Bundan sonra işlədiyi yerə komissiya göndərirlər ki, tibbi yoxlamadan keçsin.

Yevtuşenko eşidib, şəxsən işə qarışır, elə beləcə də deyir ki, ey siz, onun əlinə su tökməyə yaramayan bir sürü cılız məxluqlar, adam dahidir, dəli isə sizə bu tapşırığı verənlərdir.

General qızıyla ikinci izdivacı da sona çatandan sonra Onegin 3-cü dəfə dövrün tanınmış dirijoru Karbışevin qızı Tatyana ilə evlənir. Tatyanayla dostların məclisində tanış olmuşdular. Qız Moskva konservatoriyasının tələbəsi idi, atası da elə orda dərs deməklə yanaşı, Böyük Teatrda çalışırdı. Onlar bir il görüşəndən sonra evlilik qərarı verirlər.

Evlənəndən sonra isə ipə-sapa yatmaz Oneginlə məşhur qayınata arasında mübahisələr başlayır. Dirijor Onegindən təhsilini davam etdirməyi, aspiranturaya girməyi, necə deyərlər, o dövrün meyarlarına uyğun karyera qurmağı tələb edir. Onegin isə öz həyatını sürməyə davam edir.

Karbışevə isə nümunəvi kürəkən lazım idi. Çünki onun özündən də yazırdılar: tüfeyli kürəkəni var, sovet gəncliyinin əxlaqına zidd həyat tərzi sürür. Həmin vaxtlar Karbışevə SSRİ xalq artisti adı veriləcəkmiş. Amma buna ən böyük maneə isə zavalı Onegin imiş. Hətta Tanya belə Oneginə qarşı çıxır, atasının karyerasında ona ən böyük maneənin məhz bu qohumluq olduğunu açıq büruzə verir.

1980-ci illərdə Oneginin həyatında dəyişiklik baş verir. “Bibliya” əldə edir və bu kitabı oxuduqdan sonra dünyaya baxışları dəyişir. 1985-ci ildə xristianlığı – pravoslavlığı qəbul edir. Üç il sonra isə evini və ailəsini tərk edərək, Kaluqa vilayətində yerləşən “Optina pustın” monastırına daxil olur və tərki-dünya həyatı yaşamağa başlayır.  Ancaq bu qəfil qərar olmur, monastıra yerləşməmişdən əvvəl Onegin Bakıya gəlir, uşaqlığının keçdiyi İçərişəhəri gəzir.

 

Bu zaman “Bibliya” onun əlində olur. Geri qayıtdıqdan sonra isə qərarını verir. Əmisi qızı Nigar danışır ki, Bakıya gələndə, onu qarşılayanda əlində Bibliya varmış. Əmim elə bilib ki, sadəcə oxumaq üçün götürüb. Amma evə gələndən sonra həmişə deyib-gülən, zarafatından qalmayan atamın davranışları əmimgili təəccübləndirib. Təsəvvür edin, elə hey günahlardan, o dünyadan, ibadətdən danışırmış.

Əmim hətta ağlayıb, göz yaşı töküb ki, qardaş, sənə nə olub? Elə bilirmiş ki, nəsə psixikasında problem var. Həkimə aparmaq istəyirmiş. Amma atam qəzəblənib. Gecəykən evdən çıxıb, üz tutub Moskvaya. Çıxanda deyib ki, siz məni heç vaxt başa düşməyəcəksiz. Oğlu Yusif deyir ki, Bakıdan qayıdan günün səhəri Moskvada, sonuncu dəfə evləndiyi həyat yoldaşıyla da eyni söhbəti edib.

 Ona deyib ki, Tanrı onu çağırır və o gedir. Yoldaşı əvvəlcə elə bilib ki, uzun illər qəbul etdiyi içkinin təsirindəndimi, ya nədi, intihar etmək istəyir. Ağlamağa başlayıb. Ayağına düşüb yalvarıb ki, onu tək qoyub heç hara getməsin. Atam onu qaldırıb, üzünü-gözünü sığallayıb, bircə kəlmə deyib: “Mənim sizlərə yazığım gəlir”.

Ailəsini tərk edəndə 49 yaşı olan Onegin, pravoslavlığı qəbul edib, Optina pustın monastırında İerosximonax Simon adını götürüb. Simon Ata burada da böyük diqqət cəlb edir, dini və dünyəvi bilikləri, gözəl natiqlik qabiliyyəti sayəsində çoxlu sayda heyranlar qazanır. İnsanlar onun söhbətlərini dinləmək üçün monastıra axın edir.

30 iyun 2002-ci ildə onkoloji xəstəlikdən vəfat edib. Moskva vilayətinin Domodedovo rayonunun Lyamtsino kəndinin qəbirstanlığında dəfn olunub.

 

“Ədəbiyyat və incəsənət”

(30.06.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.