Super User
Yazıçı Zemfira Məhərrəmlinin yaradıcılığı Albaniya mətbuatında
Fatimə Məmmədova, “Ədəbiyyat və incəsənət”
Ədəbiyyatşünas alim, filologiya elmləri doktoru, şair Təranə Turan Rəhimlinin tanınmış yazıçı-publisist, pedaqogika üzrə fəlsəfə doktoru Zemfira Məhərrəmlinin povest və hekayələrinin toplandığı “Çox kiçikdir bu dünya” kitabına həsr etdiyi məqaləsi Albaniyada nəşr olunan nüfuzlu “Nacional” qəzetində dərc edilib.
Qeyd olunmalıdır ki, bu araşdırma yazısı daha öncə qəzetin saytında yayınlanmışdı. Görkəmli ədəbiyyatşünas, şair-publisist Mujo Bucpapajın rəhbərlik etdiyi “Nacional” qəzeti Albaniyanın 10.000 tirajla nəşr edilən, Albaniya, Kosovo, Makedoniya və Monteneqronun bütün qəzet köşklərində satılan və nəşrindən sonra hər sayı üç gün ərzində bütün televiziya kanallarında ardıcıl olaraq təqdim edilən beynəlxalq nüfuzlu bir mətbuat orqanıdır. 32 səhifəlik bu ədəbi nəşrin hər sayında dünya ölkələrindən seçkin yazarların, alimlərin və məşhur Avropa jurnalistlərinin yazıları dərc olunur. “Nacional” qəzeti və eləcə də onun saytı Avropanın ən oxunaqlı informasiya mənbələrindən hesab olunur.
Təranə Turan Rəhimli “Zemfira Məhərrəmlinin nəsrində etik diskurs, insan və taleyin poetikası” adlı məqaləsində müəllifin bədii nəsr yaradıcılığını təhlil etmiş, onun hekayələrinin səciyyəvi məziyyətlərini diqqətə çatdırmışdır.
Araşdırmaçı alimin fikrincə, müasir Azərbaycan nəsrində insanın daxili aləmi, mənəvi seçimləri və taleyin fərdi şüurda yaratdığı etik gərginlik və dramatizm getdikcə daha çox ön plana çıxır. Bu baxımdan Z.Məhərrəmlinin nəsri “kiçik dünya” kimi təqdim olunan, fərdi insan müstəvisində formalaşan, lakin mahiyyət etibarilə geniş fəlsəfi və əxlaqi anlamlar daşıyan bədii mətnlər məcmusu kimi seçilir.
Yazıçının əsərlərində adi həyat situasiyaları, məişət detalları və lokal insan taleləri böyük mənəvi konstruksiyaların daşıyıcısına çevrilir; insanın vicdanla münasibəti, məsuliyyət hissi, öz taleyinə passiv itaəti və ya daxili üsyanı poetik bir sistem daxilində təqdim olunur. Zemfira Məhərrəmlinin nəsrində etik diskursun formalaşma xüsusiyyətləri, insan-tale münasibətlərinin bədii-poetik ifadə imkanları və mənəvi problematikanın əsasını təşkil edən estetik mexanizmlər diqqəti çəkən başlıca yaradıcılıq məziyyətləri kimi qabardılır.
“Ədəbiyyat və incəsənət”
(10.02.2026)
“Məşhur qarabağlılar” silsiləsindən – Vəli Rüstəm oğlu
Nemət Tahir, “Ədəbiyyat və incəsənət” portalının Qarabağ təmsilçisi
Haqqında söhbət açacağım Vəli Rüstəm oğlu Afşar Qaradolaq kəndinin kəndxudası, yüzbaşı, sovet repressiya qurbanıdır.
Vəliş Rüstəm oğlu XIX əsrin sonu – XX əsrin əvvəllərində Qarabağ bölgəsində, indiki Ağcabədi rayonunun Qaradolaq kəndində yaşamış, Afşar tayfasına mənsub, el arasında böyük hörmət və nüfuz sahibi olmuşdur. O, kəndxuda və yüzbaşı rütbəli şəxs kimi həm mülki, həm də hərbi səlahiyyətlər daşıyırdı.
Qarabağ xanlığının süqutundan sonra formalaşan yeni idarəçilik sistemində yerli əhalinin nümayəndəsi kimi çıxış etmiş, Qaradolaq kəndi və mahaldakı digər yaşayış yerlərin idarə olunmasında mühüm rol oynamışdır. Kəndxuda olaraq vergi, təsərrüfat və idarəçilik məsələlərinə nəzarət edir, əhali ilə dövlət qurumları arasında vasitəçi olurdu. Yüzbaşı rütbəsi isə onun kəndin və köç yollarının təhlükəsizliyini təmin edən silahlı dəstəyə rəhbərlik etdiyini göstərirdi.
Vəliş Rüstəm oğlu Qarabağ bölgəsində köhnə elat və kənd idarəçilik ənənələrini təmsil edən ağsaqqallardan biri olmuşdur. Onun fəaliyyəti xüsusilə çar idarəçiliyindən sovet hakimiyyətinə keçid dövründə daha qabarıq hiss olunmuşdur. Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra Gəncə üsyanında iştirak etmiş, üsyan bolşeviklər tərəfindən yatırıldıqdan sonra isə uzun müddət təqiblərdən yayınaraq milli mübarizəni gizli şəkildə davam etdirmişdir.
Ailəli olmuş, iki qız övladı — Nabat və Zeynəb dünyaya gəlmişdir. Oğlan övladının olmaması səbəbilə nəsil rəsmi soyad xətti ilə davam etməsə də, adı və taleyi ailə yaddaşında qorunub saxlanılmışdır.
Sovet hakimiyyətinin ilk illərində köhnə ictimai təbəqəyə qarşı aparılan repressiyalar zamanı Vəliş Rüstəm oğlu 1930-cu il iyunun 24-də Ağdam şəhərində həbs edilmişdir. Ona SSRİ Cinayət Məcəlləsinin 79-cu maddəsi (qolçomaq) və 210-cu maddəsi (qanunsuz silahlı dəstələr yaratmaq) ilə — 1906 nömrəli cinayət işi açılmışdır. Bu ittihamlar hüquqi əsasdan çox, onun sosial mənşəyinə görə irəli sürülmüş və əsasən keçmiş kəndxudalar, yüzbaşılar, el ağsaqqalları hədəf alınmışdır.
Həbsdən sonra Şuşa türməsinə göndərilmiş, təxminən üç ay saxlanıldıqdan sonra məhkəməsiz qərarla 1930-cu ildə güllələnmişdir. Dəfn yeri bu günə qədər məlum deyil.
Onun taleyi barədə ilk rəsmi müraciət 1957-ci ildə, 10 yaşlı nəvəsi Məmmədov Hübət Əkbər oğlu tərəfindən, anası Rəhimova Nabat Vəliş qızının adından Azərbaycan SSR Prokurorluğuna edilmişdir. Bu müraciət cavabsız qalmışdır. Yalnız 1991-ci ildə cinayət işi yenidən araşdırılmış, Azərbaycan Respublikası Prokurorluğunun 28 mart 1998-ci il tarixli rəyi ilə Vəliş Rüstəm oğlu siyasi repressiya qurbanı kimi tam bəraət almışdır.
Vəliş Rüstəm oğlunun həyatı və faciəli ölümü sovet dövründə köhnə elat və kənd idarəçilik sisteminin zorakı şəkildə məhv edilməsinin, yerli nüfuz sahiblərinin repressiyaya məruz qalmasının acı nümunəsidir.
Bu gün o, sovet siyasi repressiyalarının qurbanı kimi xatırlanır və adı ailə tarixində, el yaddaşında yaşamağa davam edir.
“Ədəbiyyat və incəsənət”
(10.02.2026)
“Maraqlı söhbətlər”də öncə 12 saatlıq, 45 ildən sonra əbədi evlilik
Nemət Tahir, “Ədəbiyyat və incəsənət” portalının Qarabağ təmsilçisi
Bu dünyada sədaqət, etibar deyilən nəsnə də var. İndi söhbət açacağım əhvalat bir sədaqət, etibar abidəsi hesab edilə bilər.
10 iyun 1909-cu ildə, on doqquz yaşlı Emma Sallivan toyuna cəmi bir həftə qalmış ayağını paslı bir mismara basdı. Mismar ayağını dərindən deşmişdi. Emma yaranı su ilə yudu, bir parça ilə bağladı və toy hazırlıqlarına davam etdi. Həkimə getməyə vaxtı olmadığını düşünürdü; ağrını görməməzliyə vurdu və yaxınlaşan mərasimə fokuslanmaqda qərarlı idi.
Yaralanmadan beş gün sonra, 15 iyunda Emma çənəsində sərtlik hiss etməyə başladı. Əvvəlcə bunu toy stresi ilə əlaqələndirdi və əhəmiyyət vermədi. Lakin axşam saatlarında çənəsi tamamilə kilidləndi. Ayağına batan mismardakı bakteriya tetanoza səbəb olmuş, sinir sisteminə hücum edən ölümcül toksinlər ifraz etmişdi.
Anası həkim çağırdı. Həkim dəhşətli tetanozu dərhal tanıdı. Bilirdi ki, simptomlar ortaya çıxdıqdan sonra xəstəlik demək olar ki, həmişə ölümcül olur. Emma toy gününü görəcək qədər yaşaya bilməyəcəkdi.
16 iyunda Tomas vəziyyəti ağırlaşan Emmanı ziyarət etdi. Onun bədəni tamamilə sərtləşmişdi; arxası gərilmiş, ağrılı əzələ spazmları keçirirdi. Danışa bilmirdi; kilidlənmiş dişlərinin arasından yalnız iniltilər çıxırdı. Tomas onun əlindən tutdu, Emma da əlini sıxdı — bu, aralarındakı yeganə ünsiyyət idi. Hər ikisi onun ölüm ayağında olduğunu bilirdi.
Toy ertəsi gün planlaşdırılmışdı. Tomas ürəyini parçalayan bir qərar verdi: O gecə Emma ilə evlənəcəkdi.
Emma yatağında hərəkətsiz uzanmışdı, çənəsi kilidli idi. Keşiş mərasimə icazə verdi. Tomasdan ər kimi qəbul edib-etmədiyi soruşulduqda, Emma “bəli” demək üçün bir dəfə göz qırpdı. Tomas göz yaşları içində andını söylədi, üzüyü onun sərtləşmiş barmağına taxdı və kilidli çənəsindən öpdü. O an, Emma ölmək üzrə olsa belə, Tomasın həyat yoldaşı oldu.
Emma 17 iyun 1909-cu il səhər saat 04:30-da — toy gününün səhərində — dünyasını dəyişdi. Tomas və Emma cəmi 12 saat evli ola bildilər. Son saatları şiddətli spazmlar və boğucu tutmalarla keçdi; lakin Emma şüurunu heç vaxt itirmədi. Bu günün onların toy günü olduğunu və Tomasın artıq onun dul əri olduğunu bilirdi.
O səhər qonaqlar kilsəyə gəldikdə, onlara gəlinin öldüyü bildirildi. Toy mərasimi dəfn mərasiminə çevrildi. Toy paltarında gələn insanlar Emma’nın dəfnində iştirak etdilər. Spazmların yaratdığı qan ləkələri ilə çirklənmiş gəlinliyi ilə torpağa tapşırıldı.
Tomas toy geyimində məzarının başında dayandı. Cəmi 12 saatlıq bir ər, artıq dul idi.
Emmanın anası özünü heç vaxt bağışlamadı. Qızını həkimə aparmalı olduğunu düşünürdü. Vaxtında və düzgün müalicə tetanozun qarşısını ala bilərdi. Lakin paslı bir mismar cəmi yeddi gün ərzində qızının həyatına son qoymuşdu.
Tomas bir daha heç vaxt evlənmədi. 1954-cü ildə, 64 yaşında vəfat edənə qədər nikah üzüyünü barmağından çıxarmadı. Emmanın xatirəsinə düz 45 il sadiq qaldı.
Mənbələr yazır ki, o, ölümündən əvvəl bacısı oğluna belə demişdi:
“Emma ilə 16 iyun 1909-cu ildə evləndim. Çənəsi kilidli idi, danışa bilmirdi. Bədəni sərt idi. Keşiş məni əri kimi qəbul edib-etmədiyini soruşanda, göz qırparaq ‘bəli’ dedi. On iki saat sonra öldü. Bu, bizim toy günümüz idi. Onu gəlinliyi ilə torpağa tapşırdım. On iki saat evli qaldıq. O saatları onun ölümünü izləyərək keçirdim. Bu üzüyü 45 il taxdım. Heç vaxt çıxarmadım.”
Emmanın məzar daşında belə yazılmışdı:
“Emma Sullivan Murphy
1890–1909
Əziz qız, gəlin və həyat yoldaşı
İyun 1909”
Tomas bu məzar daşını onların 12 saatlıq evliliyinin yeganə abidəsi olaraq düzəltdirdi. 1954-cü ildə vəfat etdikdə, Emmanın yanına dəfn olundu. Qırx beş il sonra, toy günlərində planlaşdırdıqları kimi, yenidən bir araya gəldilər — əbədi olaraq birlikdə olmaq üçün.
“Ədəbiyyat və incəsənət”
(10.02.2026)
Teatro Colón - Buanes-Ayres operası dünyanın ən yaxşıları beşliyində
Könül, “Ədəbiyyat və incəsənət”
Opera teatrlarının füsünkarlığı həmişə söz yeri olub. Milandakı La Skalanı, Nyu-Yorkdakı Metropoliteni çox vəsf ediblər. Elə bizim Bakının Opera və Balet Teatrı da öz misilsiz gözəlliyi ilə bakılıları heyran qoymaqdadır.
Amma çoxumuz xəbərsizik ki, dünyanın ən gözəl opera binaları beşliyində Cənubi Amerika təmsilçisi – futbol ölkəsi kimi, Leonel Messinin vətəni kimi tanıdığımız Argentinada yerləşən “Kolon” (Teatro Colón) adlanan teatr da qərarlaşıb.
Teatr barədə bilgi almaq üçün Azərbaycanın tanınmış memarı Cahid Həsənova üz tutduq. Burada hansı memarlıq elementlərindən istifadə edilib? Hansı üslubtətbiq olunub?
Cahid müəllim bizə aşağıdakıları izhar etdi:
Paytaxt Buanes-Ayresdə öz misilsiz gözəlliyi ilə göz oxşayan “Kolon”un bir adı da Kolumbun Teatrıdır. Əlbəttə ki, Xristofor Kolumbun şərəfinə belə adlanır.
“Kolon” teatrını haqlı olaraq Buenos-Ayresin fəxri adlandırırlar. Bu, Cənubi Amerikanın ən əsas opera səhnəsidir, klassik musiqi mərkəzidir. Opera həvəskarı olmasanız belə, buranı görməyə dəyər. “Kolon” şəhərin əsas turistik məkanıdır, şəhərə gələn əcnəbi qonaqlar “Boka Xuniors”la “River pleyt”in futbol meydançalarına mütləq tamaşa etdikləri kimi, “Kolon”a da tamaşa edirlər.
Teatrın binası özündə Renessans üslubunu daşıyır və iç məkanı da çox maraqlıdır.
"Kolon" teatrının interyeri çox gözəldir — mərmər pilləkənlər, klassik sütunlar, çoxsaylı heykəllər və qızıl bəzəklər. Burada həmçinin aktyorlar və izləyicilər üçün bütün rahatlıq şəraiti nəzərdə tutulub. Məsələn, parterdəki kreslolar bir-birindən kifayət qədər uzaqdır. Bu, xanımların bəzənib-düzənərək enli, iri paltarlarla cərgələrdən keçərkən heç kimə mane olmamaları üçün xüsusi olaraq edilmişdir.
İnşallah, qismət olsun, biz də bir gün gedib “Kolon”u görək.
“Ədəbiyyat və incəsənət”
(10.02.2026)
Beyləqanda “İnsan hüquqları və sosial ədalət” mövzusunda maarifləndirici tədbir keçirilib
Rəqsanə Babayeva, “Ədəbiyyat və incəsənət”
Beyləqan rayon Dünyamalılar kənd Folklor evi, kənd kitabxana filialı və kənd tam orta ümumtəhsil məktəbinin birgə təşkilatçılığı ilə “İnsan hüquqları və sosial ədalət” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbir Azərbaycan Respublikası Prezidentinin 27 dekabr 2011-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”nın icrası çərçivəsində təşkil olunub.
Tədbirdə Beyləqan rayon İcra Hakimiyyətinin Dünyamalılar kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi, kənd Ağsaqqallar Şurasının və bələdiyyənin üzvləri, məktəbin müəllim və şagird kollektivi, kənd ictimaiyyətinin nümayəndələri və mədəniyyət müəssisələrinin əməkdaşları iştirak ediblər.
Ümummilli Lider Heydər Əliyevin və Vətənimizin azadlığı uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsinin yad edilməsi ilə başlayan tədbirdə Dövlət Himni səsləndirilib.
Tədbirdə çıxış edənlər insan hüquq və azadlıqlarının demokratik inkişafın əsas şərti olduğunu, ləyaqət, ədalət və bərabərlik kimi ümumbəşəri dəyərlər üzərində qurularaq qanunla qorunduğunu bildiriblər. Qeyd olunub ki, insan hüquqları Azərbaycanda dövlət siyasətinin prioritet istiqamətlərindən biridir və Konstitusiya ilə təmin edilir.
Tədbir “İnsan hüquqları nədir?” adlı videoçarxın nümayişi ilə yekunlaşıb.
“Ədəbiyyat və incəsənət”
(10.02.2026)
Şəhadət: Vətənə qanla bağlılıq
Murad Vəlixanov, "Ədəbiyyat və İncəsənət"
Şəhadət yalnız can vermək deyil; o, Vətənin qorunması üçün ən uca fədakarlıqdır. Şəhid, qorxusunu, rahatlığını və şəxsi mənfəətini arxada qoyaraq, Vətən üçün son həddə çatır. Onun qanı torpağa qarışır, amma ruhu xalqın vicdanında yaşayır. Şəhidlik bir anlıq qəhrəmanlıq deyil, ömür boyu vicdanı ilə verilmiş seçimlər silsiləsidir. Hər addımı, hər sözü, hər baxışı Vətənə xidmət edir.
Fəlsəfi baxımdan şəhadət, insanın özünü fərd olaraq yox, Vətənin taleyi qarşısında məsuliyyət sahibi kimi qəbul etməsidir. Hər şəhidin qəhrəmanlığı yalnız ölümün qarşısında durmaqda deyil; o, öz qorxusunu aşmaqda, vicdanını seçimə məcbur etməkdədir. Ölüm burada məqsəd deyil, Vətənin yaşaması üçün verilən ən son öhdəlikdir. Şəhid göstərir ki, Vətən yalnız sözlə qorunmur, fədakarlıqla yaşadılır, əzmlə qorunur, vicdanla müdafiə olunur.
Vətənpərvərlik isə yalnız bayraqda və mərasimlərdə ölçülmür. O, gündəlik əməldə, dürüstlükdə, haqqı qorumaqda və torpağa sahib çıxmaqda görünür. Vətən sevgisi yalnız döyüş meydanında deyil, sülh günündə, sadə həyatın içində, insanların bir-birinə münasibətində, milli dəyərləri qorumaqda də özünü göstərir. Şəhadət bu zirvəni göstərir — onlar canını verdilər ki, biz yaşayaq, Vətəni qoruyaq, gələcək nəsillərə layiqli bir miras buraxa bilək.
Şəhidlik, bir insanın təkcə fərdi qəhrəmanlığı deyil, həm də millətin vicdanına verilmiş bir imtahandır. Onlar getdikdən sonra geridə qalan hər birimiz, öz seçimlərimizlə Vətənə xidmət edib-etmədiyimizi göstəririk. Rahatlıq, qorxu və mənfəət qarşısında dayanmaq — bu gün bizim şəhadətimizdir. Hər dəfə haqqı müdafiə etmək, hər dəfə vicdanla qərar vermək, hər dəfə Vətən üçün bir şey etməyə cəsarət etmək, bizə şəhidlərin yolunu xatırladır.
Vətənpərvərlik isə səsli sözlərdə deyil, sakit sədaqətdə, gündəlik fədakarlıqda və vicdanlı seçimlərdə ölçülür. Bu, bayrağı qaldırmaq və ya sözlə vətən sevgisini ifadə etmək deyil; bu, bayrağın yükünü daşımaq, torpağa sahib çıxmaq və gələcək nəsillərə dəyərləri yaşatmaqdır.
Şəhid getdi ki, bu torpaq yaşasın, biz isə onun yolunu davam etdirərək Vətən üçün yaşamağın mənasını göstərməliyik.
Şəhadət yalnız ölənlərin deyil, yaşayanların da öhdəliyidir.
Vətən sevgisi şüarlarda deyil, əməldə, seçimlərdə, hər gün doğru olanı qorumaqda ölçülür.
Şəhidlər getdi ki, biz rahat yaşamayaq; onlar bizdən Vətənin yolunu yaşamağı, onun namusunu qorumağı tələb edir.
Vətən üçün yaşamaq, onun üçün doğru durmaq və onun yolunu davam etdirmək — hər günümüzün şəhadətidir.
“Ədəbiyyat və incəsənət”
(10.02.2026)
Kitabçılar Birliyi şeir müsabiqəsi elan edir!
Diqqət! Ali məqsədi kitabın təbliği olan, bu yöndə müxtəlif layihələr icra edən Kitabçılar Birliyi şeir müsabiqəsinə start veribdir.
Müsabiqəyə şeirlərin qəbulu 28 fevral tarixinədək davam edəcək. Müsabiqəyə təqdim olunan şeirlər dəyərli şairlərimiz Baba Vəziroğlu, İlqar Fəhmi və gənc şair Samir Əfzəroğlu tərəfindən qiymətləndiriləcək.
Seçim mərhələsindən sonra 3 qalib müəyyənləşdiriləcək. Qaliblərin elan edilməsindən sonra qala gecəsi keçiriləcək və mükafatlandırma mərasimi baş tutacaq.
Birinci yerin qalibi aşağıdakı imkanları əldə edəcək:
Şeiri antologiyada, qəzetdə, jurnalda və saytda dərc olunacaq;
İmzalı sertifikat təqdim ediləcək;
Müəlliflərin kitablarını imzalı şəkildə əldə edəcək;
Kitabçılar Birliyinin təşkil etdiyi müəllif görüşündə iştirak etmək, oxucularla birbaşa müzakirə aparmaq şansı qazanacaq.
Necə iştirak etməli?
Əlaqə yaratmaq üçün Kitabçılar Birliyinin Instagram səhifəsinə (kitabçılar) daxil olun. Profil bölməsində yerləşən linkə keçid edərək qeydiyyatdan keçin və müsabiqənin rəsmi iştirakçısına çevrilin.
“Kitabçılar” deyirlər:
Sözə güvənən hər kəsi bu yaradıcı yarışda görməkdən məmnun olarıq. Uğurlar!
Ətraflı məlumat üçün: +994 99 8621424
“Ədəbiyyat və incəsənət”
(10.02.2026)
Bir xatirənin ünvanı
Fariz Əhmədov,
“Ədəbiyyat və incəsənət” portalının Naxçıvan təmsilçisi
Magistral yolların kənarında qoyulmuş qırmızı güllər bəzən min sözün ifadə edə bilmədiyi mənanı çatdırır. Zaman keçdikcə onlar böyük bir xatirəyə çevrilərək sevgi ilə nifrətin qovuşduğu ünvana dönür. Bu güllər adi bir xatirə əşyası deyil, yarımçıq qalmış ömürlərin səssiz nişanəsidir.
Hiss olunur ki, bu yolda avtoqəza nəticəsində həyatını itirən insanlar olub. Kim olduqları, neçə yaşlarında olduqları və hara tələsdikləri isə məlum deyil. Məlum olan isə yalnız ayrılığın rəngidir. Qırmızı!
Ömrümüzün demək olar ki, tən yarısı yollarda keçir. Yollarda nə qədər plan qursaq da, çox zaman elə yollar özləri bizim axırımıza çıxır. Ani bir diqqətsizlik, bir göz qırpımı qədər qısa zaman içində insan həyatını yarımçıq qoya bilir. Ən pisi isə odur ki, “tez gəl” dediyiniz bir insan üçün gözünüz daim onun getdiyi yollarda qalır.
İnsan çox vaxt sevdiklərinin qədrini onları itirdikdən sonra dərk edir. Gündəlik qayğılar, tələskənlik və məşğuliyyət içində “sonra danışarıq”, “vaxtım yoxdur” kimi sözlər əksər hallarda “sonra”lara imkan vermir. Nədənsə yol kənarındakı bu güllər də mənə bu həqiqəti xatırlatdı.
Kimlər üçün qoyulduğu bilinməyən bu güllər əslində hamımız üçündür. İndi burada hər şey susub, bu qırmızı güllər isə hər şeyi danışır. Onların rəngi də qan rəngidir, yəni ürəyin rəngindədir. Bu güllər sevginin yarımçıq qaldığı yeri göstərir. Bu güllər gözü yolda qalanların hekayəsini danışır.
Bəlkə də yol nişanları arasında bu güllərə də yer verilsəydi, onların adı “səssiz” yol nişanları olardı. Adı yox, şəkli yox, tarixi yox deməli, səssizdir. Fəqət bütün yol nişanlarından daha çox danışan və diqqətimizi ən çox çəkən də məhz bu nişan olardı. Bu nişanlara çatdıqda istər-istəməz ayağımızı qaz pedalından çəkərdik. Həm özümüzü, həm də sevdiklərimizi düşünərək qəlbimizdəki və zehnimizdəki əyləc pedalını sona qədər sıxardıq.
İnsan itirəndə anlayır. Ən çox da gec anlayır ki, dəyər verdikləri insanlar hər gün onun yanında imiş. Onların həmişə var olacağını düşünərək davranırıq. Halbuki heç bir vida planlaşdırılmır.
Bəlkə də bu gülləri bu yerə qoyan insan hər gün bura gəlir, bir az susub danışmaq üçün. Yolların onları ayırdığı bu yerdə yenidən qovuşurlar. Və yol yenə davam edir. Amma və lakin bu qırmızı güllər bizə hər dəfə eyni şeyi xatırladır: Ehtiyatlı ol!
“Ədəbiyyat və incəsənət”
(10.02.2026)
Sosial mediada "psixoloq sözləri": Viral ifadələr sizi aldatmasın-Psixoloq açıqladı
Fatimə Məmmədova, “Ədəbiyyat və incəsənət”
Sosial şəbəkələrdə tez-tez rast gəldiyimiz ifadələrdən biri belədir: “Bizim yanımıza xəstə insanlar gəlmir. Xəstə etdikləri gəlir”. Bu cümlə qısa, dramatik və düşündürücüdür. Tez yayılan, çoxları tərəfindən bəyənilən və paylaşılan sözlər sırasında yer alır. Lakin burada əsas problem odur ki, bu cümlənin mənşəyi məlum deyil və heç kim bilmir ki, hansı psixoloq tərəfindən deyilib, hansı kontekstdə işlənib.
Bu tip ifadələr sosial mediada “mütəxəssis fikri” kimi təqdim edilir, lakin əslində onların çoxu yoxlanmamış, kontekstsiz və bəzən yanlış yönləndirici olur. İnsanlar bu sözlərə inanır, onları gündəlik həyatına tətbiq etməyə çalışır, amma bir çox halda bu sadəcə səthi təsir yaradır, həqiqi psixoloji məsləhət və ya mütəxəssis analizini əvəz edə bilmir.
Psixoloqlar bu tendensiyanı narahatlıqla izləyir. Onların fikrincə, hər hansı bir ifadənin dəyəri onun qısa və cəlbedici olması ilə deyil, onun təcrübəyə, elmi əsaslara və praktiki faydaya söykənməsi ilə ölçülür. Bir sözün məşhur olması, onun həqiqətə uyğun olduğu anlamına gəlmir. Əksinə, sosial mediada bu cür sözlər çox vaxt yanlış yönləndirici bir trendə çevrilir, insanların psixoloji problemlərinə səthi yanaşmalar yaratmağa, hətta zərər verəcək qərarlar qəbul etməyə səbəb ola bilər.
Bu cür ifadələr həm də məsuliyyətsiz paylaşım mədəniyyətini əks etdirir. İnsanlar tez bir zamanda maraqlı, dramatik və ya qıcıqlandırıcı ifadələri “ibrətamiz” kimi paylaşır, amma onların mənbəyini yoxlayır, kontekstini araşdırır, həqiqi mənasını başa düşmür. Nəticədə, təkcə sosial media deyil, cəmiyyətin gündəlik düşüncə tərzi də yanlış təsir altında qala bilir.
Əslində psixoloqların vurğuladığı budur ki, insanlara faydalı olmaq üçün yalnız söz kifayət etmir. Tövsiyələr, ifadələr və ya qısa sitatlar yalnız ona qulaq asan insanın davranışına, seçimlərinə və həyatına tətbiq edildikdə əhəmiyyət daşıyır. Sosial mediada viral olan sözlər əksər hallarda bunun əksini edir – onlar diqqət çəkir, amma insanı həqiqi dəyişiklik və ya həll yoluna yönəltmir.
Beləliklə, bu cümlənin cazibəsi və populyarlığı əslində səthi maraq və qısa təsir effekti yaradır, lakin onun dərinliyinə və həqiqi mənasına baxmadıqda, insanların psixoloji rifahına heç bir töhfə vermir. Əsl məsələ odur ki, biz kimdən öyrəndiyimizi, kimin sözünü analiz etdiyimizi və onu necə həyata keçirdiyimizi düşünək. Çünki ifadələr, tövsiyələr və “ibrətamiz” sözlər yalnız onların arxasında duran məna, kontekst və praktik təsir olduqda dəyərlidir.
Bu barədə “Ədəbiyyat və İncəsənət” portalına açıqlama verən klinik psixoloq Gülşən Rüstəmova qeyd edib ki, sosial şəbəkələrdə ixtisası bəlli olmayan və haradansa eşitdiklərini təkrar edib gündəm yaradan bəzi insanlar var:
"Belə ki onlar hər hansısa bir cümləni işlədirlərdə, və yaxud da hər hansı bir mütəxxəsis tərəfindən işlədilmiş cümləni öz formatlarında göstərməy, işlətməyə çalışırlarsa bu o demək deyil həqiqətə uyğundur".
G.Rüstəmovanın sözlərinə görə, psixoloqa müraciət bir mərhələdir:
"Psixoloqa müraciət edən insan müstəqil surətdə bunu edirsə demək ki, bu insan özünü seçən və özü ilə məşğul olmaq istəyən, insandır. O problemin, onu incidən məsələnin basqısının fərqindədir və bunu həll etmək istəyir, çözüm, yol və çarə axtarır. Biz həmin insanları alqışlamalıyıq və alqışlamalıyıq da... Zatən insan bir mərhələyə çatdıqdan sonra müstəqil şəkildə psixoloqa müraciət edir. İnsan psixoloqa müraciət edibsə, məsələni 50% həll etmiş olur. İnsan buna inanır və seçirsə, demək bunu bacaracaq. Qeyd edim ki, sizə hər hansı bir insan tövsiyə verirsə, yaxud ibrətamiz ifadə işlədirsl, və ya "ibrətamiz" hesab etdiyimiz "ifadə" işlədirsə bu insanın həqiqətən də gəldiyi yola, keçdiyi cığırlara, həyat tərzinə, tutduğu mövqeyə baxaq. Çünki mümkün deyildir ki, insan bir tövsiyə versin və o tövsiyələrə özü faydalanmasın. Buna görə də, bu bizdən daha çox aslıdır ki, kimi dinləyir, kimi eşidir, kimə qulaq asır, kimin sözünü analiz edirik".
“Ədəbiyyat və incəsənət”
(10.02.2026)
“Bizi yaşadan, motivasiya verən, çətinliklərdən çıxmağa kömək edən də məhz işimizdir” – MÜSAHİBƏ
Habil Yaşar, “Ədəbiyyat və incəsənət”
Son illər Azərbaycanda turizm sektoru sürətli inkişaf mərhələsinə qədəm qoyub və bu sahədə fərqlənən yerli şirkətlər beynəlxalq bazarlarda da uğurla təmsil olunmağa başlayıb. Bu inkişafın arxasında isə işini sevərək görən, riskdən çəkinməyən və keyfiyyəti əsas prinsip kimi qəbul edən gənc sahibkarlar dayanır.
Bu müsahibədə turizm sahəsində uzun illərdir fəaliyyət göstərən Gulf Tourism şirkətinin təsisçisi Cavid Nəbiyev ilə həmsöhbət olduq. O, peşəkar yolundan, turizmin incəliklərindən, rəqabət anlayışına baxışından, beynəlxalq təcrübəsindən və gənclərə verdiyi tövsiyələrdən bəhs edir.
-Salam Cavid bəy. Zəhmət olmasa, özünüz və fəaliyyət sahəniz barədə qısa məlumat verərdiniz.
-Mən, Nəbiyev Cavid Mahir oğlu, 24 sentyabr 1989-cu ildə Bakı şəhərində anadan olmuşam. İbtidai və orta təhsilimi Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən 53 saylı tam orta məktəbdə almışam. 2007-ci ildə Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinə, Regionşünaslıq (ərəb ölkələri üzrə) ixtisasına qəbul olmuşam. 2011-ci ildə universiteti bitirdikdən sonra bir il müddətində həqiqi hərbi xidmət keçmişəm. 2013-cü ildə ilk əmək fəaliyyətimə “Azərbaycan Hava Yolları” QSC-nin nəzdində fəaliyyət göstərən Silk Way şirkətinin hüquq şöbəsində başlamışam və 2016-cı ilə qədər burada mütəxəssis kimi çalışmışam.
-Turizm sahəsində fəaliyyət göstərməyə marağınız necə yarandı?
-Sualınıza cavab olaraq bildirmək istəyirəm ki, turizm sahəsi Azərbaycanda əsasən 2015-ci ilin sonları, 2016-cı illərdən etibarən yeni mərhələyə qədəm qoymağa başladı. Xüsusilə ərəb ölkələrindən – Birləşmiş Ərəb Əmirlikləri, Qətər, Küveyt, Səudiyyə Ərəbistanı və Oman kimi ölkələrdən ölkəmizə turist axını formalaşmağa başladı. Əlbəttə ki, bu proses dövlətin turizm sahəsində apardığı məqsədyönlü siyasətin nəticəsi idi. Ondan əvvəlki illərdə genişmiqyaslı təbliğat və təşviqat kampaniyaları həyata keçirilmişdi və Azərbaycan yeni, perspektivli turizm destinasiyası kimi beynəlxalq arenada tanınmağa başlamışdı.
Azərbaycan həm coğrafi baxımdan yaxınlığı, həm də iqlim xüsusiyyətləri ilə turistlər üçün cəlbedici idi. Yay aylarında Qəbələ, Qusar, Şahdağ kimi bölgələrdə havanın 30 dərəcədən yüksək olmaması xüsusilə ərəb ölkələrindən gələn turistlərdə böyük maraq yaradırdı.
2016-cı ildən etibarən bu sahə mənim üçün də maraqlı oldu. Xüsusilə ərəb dili üzrə təhsil almış olmağım turizm sektoruna qoşulmağımda mühüm rol oynadı. Qısa müddət – təxminən üç ay ərzində bu sahədə ilkin fəaliyyət göstərdikdən sonra artıq ciddi bir qərar verdim. Bu, müəyyən risklər daşıyan bir addım idi: daimi iş yerim olan “Silk Way” şirkətindən ayrılaraq, ortağımla birlikdə öz biznesimizi qurmağa qərar verdik. Nəticədə 2016-cı ildə Azərbaycanda “Gulf Tourism” şirkətini təsis etdik və həm klassik turizm, həm də ov turizmi sahəsində fəaliyyətə başladıq.
-Turizm sahəsində sizi ən çox nə motivasiya edir?
-Ümumilikdə hesab edirəm ki, insan hansı sahədə çalışmasından asılı olmayaraq, işi məcburiyyətdən deyil, sevərək görməlidir. Əsl motivasiya insanın sevdiyi işlə məşğul olmasıdır. İllər ərzində müxtəlif beynəlxalq sərgilərdə iştirak etdik, ölkə daxilində kifayət qədər təcrübə topladıqdan sonra şirkətimizi xarici bazarlarda da təmsil etmək qərarına gəldik.
İlk olaraq Gürcüstan və Rusiya bazarlarına daxil olduq. Hazırda isə – 2026-cı il etibarilə – artıq 15-dən çox ölkədə fəaliyyət göstəririk. Bu ölkələr arasında Finlandiya, İsveç, Norveç, Çexiya, Polşa, Avstriya, Almaniya və İtaliya da var. Cari il üçün yeni hədəflərimiz Qazaxıstan, Qırğızıstan və Özbəkistan bazarlarıdır.
Biz golf turizmi daxil olmaqla bir neçə istiqamətdə rəsmi fəaliyyət göstərir, həm ölkəmizə gələn turistlərə, həm də digər ölkələr üzrə xidmətlər təqdim edirik. Əsas məqsədimiz müştərilərə getdikləri ölkəni tam şəkildə tanıtmaq, onların yüksək səviyyəli xidmətlərlə məmnun qalmasını təmin etməkdir. Keyfiyyətli otellər, nəqliyyat vasitələri, peşəkar bələdçilər və səmərəli vaxt planlaması bizim üçün prioritetdir.
-Xarici turistlərlə işləyərkən ən çox rast gəlinən çətinliklər hansılardır?
-Ümumiyyətlə, turizm xidməti xidmət sektoruna aiddir və bu sahədə fəaliyyət göstərmək asan deyil. Xidmət sektorunun əsas şərtlərindən biri səbirli olmaqdır. Tez-tez bizdən soruşurlar ki, əməkdaşları işə qəbul edərkən hansı xüsusiyyətlərə daha çox önəm verirsiniz? Bu sualın cavabı çox sadədir: səbir.
İş prosesində şəxsi problemlər kənarda qalmalıdır və müştəriyə heç bir şəkildə yansımamalıdır. Çünki müştərinin buna heç bir aidiyyəti yoxdur. Gülərüz olmaq, anlayışlı davranmaq və gözlənilməz hallarda belə problemi müştəriyə hiss etdirmədən, operativ şəkildə həll yolunu tapmaq çox vacibdir.
Əlbəttə ki, bəzən kaprizli və çətin müştərilərlə də qarşılaşırıq. Beş barmağın beşi bir olmadığı kimi, bütün müştərilər də eyni deyil. Biz bunu qınamırıq. Əksinə, belə hallarda daha səbirli, daha təmkinli davranmağa çalışırıq. Çünki hər bir çətin müştərinin açarı səbir, təmkin və gülərüz xidmətdir.
-Hansı ölkələrdə səfərlər etmisiniz və səfərləriniz arasında ən çox bəyəndiyiniz şəhər hansıdır?
-Səyahət etdiyim ölkələr arasında Avropa, Asiya və Afrika ölkələri var. Lakin mənim üçün xüsusi cazibəsi olan ölkə Norveçdir. İnsanların yanaşması, təbiətə olan münasibət və ümumi mühit məni cəlb edir. İlk dəfə ötən il kəşf etdiyim bu ölkəyə, təbii ki, özüm üçün, bundan sonra da hər il müəyyən müddətlik səfər etməyi planlaşdırıram.
-Şirkətiniz rəqiblərdən fərqlənmək üçün hansı strategiyaları tətbiq edir?
-Rəqabət mövzusuna gəldikdə isə düşünürəm ki, rəqiblərdən fərqlənmək üçün qiyməti aşağı salmaq düzgün yanaşma deyil. Əsl rəqabət keyfiyyət üzərində qurulmalıdır. Eyni qiymətə daha üstün xidmət təqdim etmək əsas hədəf olmalıdır. Bu, əslində rəqabət anlayışı deyil ki, filan şirkət bir xidməti 10 manata təklif edirsə, mən onu mütləq 9 manata satmalıyam. Xeyr. Mən çalışmalıyam ki, eyni xidməti yenə 10 manata təqdim edim, amma daha üstün fəaliyyət və daha yüksək xidmətlə fərqlənim.
Buna sadə bir misal gətirə bilərəm. Tutaq ki, Bakı–Qəbələ marşrutu üzrə avtobus xətti fəaliyyət göstərir və bilet qiyməti 15 manatdır. Əgər mənim belə bir avtobus xəttim olsaydı, eyni qiymətə əlavə dəyərlər təqdim edərdim: avtobusda pulsuz Wi-Fi, çay, kiçik desertlər, oxumaq üçün kitab və ya jurnal, uşaqlar üçün isə balaca hədiyyələr. Mən bu yolla qiyməti endirməklə yox, xidmətin keyfiyyətini artırmaqla rəqabət aparardım.
Qiyməti aşağı salıb, xidmət səviyyəsini azaltmaq mənim üçün rəqabət sayılmır. Təəssüf ki, Azərbaycanda xüsusilə turizm sahəsində bu yanaşma geniş yayılıb: maksimum şəkildə qiyməti aşağı salmaq. Halbuki bu düzgün strategiya deyil. Digər ölkələrdə rəqabət daha çox keyfiyyət üzərində qurulur. Müştəriyə eyni qiymətə daha keyfiyyətli məhsul və xidmət təqdim etmək əsas prinsipdir.
Mənim üçün rəqabət anlayışı məhz budur. Biz ümumiyyətlə digər şirkətlərlə qiymət üzərindən rəqabət aparmırıq, çünki öz xidmətimizin keyfiyyətinə tam əminik. Müştəri məmnuniyyəti uzunmüddətli uğurun açarıdır.
-Sizcə, sosial media və digər onlayn platformaların turizm sektorundakı rolu nədir?
-Hazırda satış və xidmət sahəsində sosial şəbəkələrin rolu danılmazdır. Reklamın böyük hissəsi artıq sosial platformaların üzərinə düşür. İstər sosial platformalarda, istər Google reklamlarında, istərsə də reklamın digər formalarında tanıtım bu gün çox böyük əhəmiyyət daşıyır. Hazırda reklam bazarının demək olar ki, əsas hissəsi sosial platformaların payına düşür və bu sahədə onların çəkisi təxminən 75–80 faiz təşkil edir. Biz də şirkət olaraq hər il bu istiqamətə xüsusi büdcə ayırır, bloqerlərlə əməkdaşlıq edir, ödənişli reklam kampaniyaları həyata keçiririk.
-Gələcəkdə turizm sahəsində hansı planlarınız və hədəfləriniz var?
-Ümumiyyətlə, bildirmək istəyirəm ki, biz fəaliyyətimizə 2016-cı ildən başlamışıq. Bu müddət ərzində turizmin müxtəlif sahələrində aktiv şəkildə çalışırıq. Yalnız klassik turizm və ya outbound turizm sahəsi ilə kifayətlənmirik; paralel olaraq bir neçə startap layihəmiz mövcuddur. Eyni zamanda, müəyyən məntəqələrdə turizm sektoruna əlavə dəyər qatan kiçik müəssisələrimiz fəaliyyət göstərir.
Təbii ki, insan elə bir varlıqdır ki, yaşından asılı olmayaraq, arzuları onu daim irəli aparır. Bizim də hər zaman planlarımız, hədəflərimiz olub. Allah ömür qismət edərsə, bu planları mərhələ-mərhələ reallaşdırmağa çalışacağıq. Çünki inkişaf heç vaxt dayanmalı deyil.
Bir vaxtlar hörmətli dostlar arasında söhbət edərkən demişdim ki, 40 yaşımdan sonra artıq işləmək istəmirəm. O zaman mənə bildirdilər ki, bu mümkün deyil. Həqiqətən də zaman keçdikcə anlayırsan ki, iş insanı elə bir mərhələyə çatır ki, 60 yaşında, hətta daha yuxarı yaşlarda belə içində yeni nəsə yaratmaq, yeni ideyalar həyata keçirmək enerjisi qalır.
Əslində bizi yaşadan, motivasiya verən, çətinliklərdən çıxmağa kömək edən də məhz işimizdir. İnsan öz işini sevməlidir, ona ailəsi və ya övladı kimi yanaşmalıdır. Vaxtında qayğı göstərməlidir ki, qarşılığında onun bəhrəsini görə bilsin. Biz də hər zaman çalışmışıq ki, arzularımızın və xəyallarımızın arxasınca gedək.
Sonda onu demək istəyirəm ki, heç bir yaşda, heç bir sahəyə başlamaq gec deyil. Ən vacib olan istəkdir. İnsan öz daxilindəki ruhun, enerjinin nə istədiyini anlamalıdır. Onu hansı işlə qidalandıra biləcəyini bilməlidir. Məhz buna görə də heç vaxt, heç bir sahəyə başlamaq üçün gec deyil. Əsas olan insanın daxilindəki istək və enerjidir.
-Şirkət rəhbəri olaraq, turizm sahəsində fəaliyyət göstərmək istəyənlərə hansı tövsiyələri verərdiniz?
-Turizm sahəsində fəaliyyət göstərmək istəyən insanlara məsləhət görərdim ki, əvvəlcə müəyyən bir dövr bələdçi kimi çalışsınlar və sahəni praktik şəkildə öyrənsinlər. Əgər fəaliyyətə Azərbaycandan başlamaq niyyətindədirlərsə, ilk növbədə ölkəni dərindən tanımaq çox vacibdir. Bundan sonra isə istədikləri zaman öz şirkətlərini quraraq fəaliyyət göstərə bilərlər.
Əlbəttə ki, bu yol asan deyil. Ancaq heç bir halda insanları həvəsdən salmaq olmaz. Əksinə, düzgün yönləndirmə və dəstək gənclərin bu sahədə inkişaf etməsinə böyük töhfə verir. Biz də şirkət olaraq hər il turizm institutlarında təhsil alan tələbələrə praktiki dəstək göstəririk.
Əlimizdən gələn hər cür köməkliyi təmənnasız şəkildə etməyə hazırıq. Hər hansı sual yarandıqda və ya dəstəyə ehtiyac olduqda, istər şirkət olaraq, istərsə də əməkdaşlarımız səviyyəsində hər zaman yardım göstərməyə hazırıq.
-Ədəbiyyata və incəsənətə münasibətinizi necə ifadə edərdiniz?
-Habil müəllim, ədəbiyyat sahəsinə olan ehtiramım hədsiz dərəcədə yüksəkdir. Uşaqlıq dövründən oxumağı çox sevmişəm. Hətta bununla bağlı bir xatirəmi bölüşmək istərdim. İbtidai sinifdə oxuyarkən daim kitab oxuyurdum. Bir gün müəllimimiz evimizə gəlib anama dedi ki, uşaq həddindən artıq oxuyur, bir az kitabdan uzaq tutmaq lazımdır.
O vaxtdan bu günə qədər oxuduqlarım hələ də yadımdadır. “Dədə Qorqud” dastanını, “Koroğlu”nu, Nizami Gəncəvinin “Xəmsə”sini, xüsusilə də “Yeddi gözəl”i oxumuşam. Oxumağa olan bu sevgi məni hətta kiril əlifbasını özüm öyrənməyə qədər aparıb çıxarmışdı. İlk dəfə kiril əlifbasında “Türkü Həccə gedir” hekayəsini jurnal formatında oxumuşdum.
Kitab sevgisi ümumiyyətlə itməməlidir. Təəssüf ki, mənə elə gəlir ki, bu gün gənclərimizdə oxumağa olan maraq əvvəlki qədər güclü deyil. Amma əminəm ki, dünya durduqca ədəbiyyat da olacaq və olmalıdır. Ədəbiyyatın faydaları ölçüyəgəlməzdir və hər kəsi oxumağa dəvət edirəm.
Mən də bu məqsədlə öz Instagram profilimdə ayda bir dəfə və ya iki aydan bir kitab müsabiqəsi elan edirəm. İzləyicilərdən beş və ya on nəfərə istədikləri kitab şirkətimiz tərəfindən alınaraq hədiyyə olunur. Məqsəd sadədir: oxusunlar. Əgər oxuyurlarsa, bu bizim üçün ən böyük qazancdır.
Hər zaman bildirmişəm ki, insanın etdiyi ən böyük yatırım özünə olan yatırımdır. Heç bir bilik, heç bir məlumat insana ziyan vermir. Hətta ən lazımsız hesab edilən bilik belə, bir gün mütləq fayda verə bilər. Yəni əslində lazımsız məlumat yoxdur.
Musiqi və ədəbiyyat bizim üçün çox dəyərlidir. Azərbaycan musiqisi dünya mədəniyyətinin incilərindən biridir. Bunu tam səmimiyyətlə deyirəm. Universitet illərində beynəlxalq mədəniyyət festivallarında iştirak etmişəm, bəzilərində tərcüməçi kimi yer almışam və orada bir daha əmin olmuşam ki, Azərbaycan musiqisinin dünyada bənzəri yoxdur.
İnsanlardan xahişim budur ki, əsl musiqiyə qulaq assınlar. Şablon, səthi musiqilərə yox, böyük bəstəkarlarımızın yaratdığı əsərlərə, xalqımızın bizə miras qoyduğu muğamlara, nəğmələrə üz tutsunlar. Bizim o qədər zəngin musiqi irsimiz var ki, bunlar heç vaxt unudulmamalıdır.
Nə qədər ki, Azərbaycan xalqı yaşayır, mövcuddur, bizim ədəbiyyatımız, musiqimiz və tariximiz də yaşamalı, heç vaxt bitməməlidir.
“Ədəbiyyat və incəsənət”
(10.02.2026)


