Orijinal axtarışları ilə elmimizə sanballı töhfələr verən nüfuzlu alim Featured

İnci Məmmədzadə,

“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi

 

Azərbaycan yazıçısı, ədəbiyyatşünas, alim Gülxani Pənah – Yazışılar Birliyində o xüsusi hörmətə malikdir. Zəhmətkeş yazardır, daim axtarışdadır. Həm də fəal təşkilatçıdır.

Bu gün onun ad günüdür. Ömrünün 68-ci baharına qədəm qoyur.

 

Gülxani Pənah 1958-ci ilin iyul ayının 1-də Oğuz rayonun Kərimli kəndində qulluqçu ailəsində anadan olub. Oğuz rayonunun Kərimli kənd orta məktəbini bitirdikdən sonra Bakı Dövlət Universitetinin filologiya fakültəsinə daxil olub, fərqlənmə ilə oranı bitirib.

1975–76-cı illərdə "Azərnəşr"in mətbəəsində cilidləyici, 1976–77-ci illərdə "Natəvan" klubunda oxu zalının müdiri, 1977–81-ci illərdə MİB-də texnik, 1981–85-ci illərdə "Şirvanşahlar" sarayında çalışmışdır. 1985–2009-cu illərdə orta məktəbdə və ali təhsil məktəblərində müəllim işləyib.

1974-cü ildən mətbuatda şeir, hekayə, poema və elmi-publisist yazılarla çıxış edir. Şeirləri müxtəlif illərdə çap olunan almanaxlara daxil edilib. Milli vətənpərvərlik ruhunda yazdığı publisist məqalələri, şeirlər, poemalar, hekayələr və dram əsərlərin müəllifidir. Müəllifi olduğu onlarla marşlara, şeirlərə musiqi bəstələnib.

"Qarabağ dərdi", "Dədə Şəmşir harayı" kitabları Xocalı həqiqətlərinin dünyada yayılmasında dəyəri əsrlər kimi dəfələrlə dünya dillərinə tərcümə olunub yayılıb. Gülxani Pənah Azərbaycan ədəbiyyatşünaslığının və ictimai fikrin inkişafında xüsusi yeri olan, orijinal axtarışları ilə elmimizə sanballı töhfələr verən nüfuzlu alimlərimizdəndir.

Bakı Dövlət Universitetinin aspiranturasını bitirib və "İlyas Əfəndiyevin yaradıcılığında folklor motivləri" mövzusunda namizədlik, “Klassik Azərbaycan ədəbiyyatının elmi-nəzəri, tarixi problemlərinin kompleks tədqiqi” mövzusunda doktorluq işini müdafiə edib. Elmi araşdırmaları Azərbaycan ədəbiyyatşünaslığının və folklorşünaslığının bütün sahələrində elmi-nəzəri fikrin daha da inkişaf etdirilməsinə xidmət edir.

Dünyanın bir sıra nüfuzlu jurnallarında Azərbaycan ədəbiyyatıyla bağlı elmi məqalələri dərc olunub. Amerika, İngiltərə, İtaliya, Rusiya və digər ölkələrin nüfuzlu elmi jurnallarında məqalələri çap olunub. Bir çox beynəlxalq simpoziumun iştirakçısıdır. Azərbaycan Milli Elmlər Akademiyasının Folklor institutunda elmi fəaliyyətini davam etdirir. Hal-hazırda Azərbaycan Yazıçılar Birliyinin Ədəbi Janrlar şöbəsinin müdiridir.

60-dan çox elmi-nəzəri, ədəbi-bədii kitabların müəllifidr. 400-dən çox elmi məqalənin, 50-dən çox kitabın tərtibçisi, üç dərsliyin müəllifi, iki yüzdən çox kitabın redaktorudur. 35 cildlik "Seçilmiş əsərlər"inin 12 cildi çapdan çıxıb. Bir çox elmi simpoziumların, konfransların iştirakçısıdır. Gulxani Pənah tanınmış pedaqoqdur.

Gülxani Pənah Azərbaycan Respublikasının ictimai həyatında yaxından iştirak edir, Respublika Ziyalı Qadınlar Birliyinin idarə heyətinin üzvü olmuş, Müstəqil Azərbaycan Respublikasının ilk qadınlar qurultayına, Yazıçılar Birliyinin qurultaylarına, Müəllimlər qurultaylarına nümayəndə seçilib. Təhsilin müasir problemləri ilə bağlı metodik məqalələrlə, bədii-publisistik yazılarla mətbuatda tez-tez çıxış edir.

Respublikada "Təhsilin humanistləşdirilməsi ili", "Təhsildə keyfiyyət ili" çərçivəsində keçirilən "Pedaqoji müzakirələr"də fəal iştirak etdiyinə, təhsilin keyfiyyətinin yüksəldilməsi ilə bağlı bir sıra əhəmiyyətli ideya və təkliflər irəli sürdüyünə, müasir təlim metodlarının təcrübədə tətbiqinə, bu baxımdan elmi-nəzəri və praktik əhəmiyyətli məruzələrinə və fəaliyyətinə görə Azərbaycan Respublikasının Təhsil Nazirliyinin Birinci dərəcəli Diplomuna, Bakı şəhər Baş Təhsil İdarəsinin Diplomuna və bir sıra Fəxri fərmanlara layiq görülüb.

Yaradıcılığı və elmi fəaliyyəti ilə bağlı yüzlərlə məqalə, 5 elmi monoqrafiya (Əkbər Əlioğlu. Gülxani Pənahın nəsri". (2006); Aygün Sultanlı. Gülxani Pənahın poeziyası. (2017), "Gülxani Pənahın bədii nəsri" (2020) Əli Rza Xələfli. Ədəbiyyatımızın yeddi gözəli. (2011), Salatın Əhmədli. Tədqiqatçı ömrü. (2016) və iki məqalələr toplusu ("G. Pənah-50" (2008), G. Pənah-60" (2018) kitabları çap olunub. Həyat və fəaliyyəti haqqında "Bir ömrün adamı" sənədli film çəkilib. Əsərləri türk, rus, fars, ingilis, alman və s. dillərində nəşr olunub.

 

Mükafatları

- Rəsul Rza mükafatı

- Fəxri fərman. "İlin nüfuzlu ziyalısı"

- 1-ci dərəcəli DİPLOM. "Bizim sərhədçilər" poemasına görə

- "Xanqızı Natavan" media mükafatı laureatı

- UNESKO. Mövlana Rumi-800. Hekayə müsabiqəsində birinci yeri tutub və diplom və mükafat alıb.

- Diplom. "Cəsarətli qadın"

 

“Ədəbiyyat və incəsənət”

(01.07.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.