Super User
Cismən qürbətdə, ruhən vətəndə olanlar
Elman Eldaroğlu,
“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi
ABŞ-da yaşayarkən də bunun şahidi oldum - xarici ölkələrdə məskunlaşan elə soydaşlarımız var ki, hər biri özü boyda bir Azərbaycandır. Vəhşi kapitalizmin tələblərinə baxmayaraq, cismən qürbətdə olsalar da, ruhən vətəndədirlər. Bu gün sizə onlardan biri - Rəhim Sadıqbəyli haqqında söhbət açmaq istəyirəm...
O, 1965-ci ildə Azərbaycanın dilbər guşələrindən biri olan Lənkəran şəhərində anadan olub. Orta təhsilini Lənkəran şəhər 1 saylı məktəbdə alıb. Sonra Azərbaycan Dövlət İncəsənət institutunun dram və kino aktyorluğu fakultəsində ali təhsilə yiyələnib. Əsgəri xidmətini başa vurduqdan sonra beş il “Azərfilm” kinostudiyasında rejissor asissenti və ikinci rejissor kimi çalışıb. 1989-1991-ci illərdə Moskvada Ali rejissorluq və ssenari kurslarında oxuyub. 1993-1998-ci illərdə AzTV-də rejissor,1998-1999-cu illərdə ANS-də prodüsser və efir rejissoru, 1999-2000-ci illərdə “İnternews”-də prodüsser, 2000-2001-ci illərdə STV-də redaktor, 2001-2003-cü illərdə ATV-də yaradıcılıq işləri üzrə vitse prezident vəzifələrində işləyib. 2002-ci ildə Azərbaycanın "Bəyaz həyat" adlı ilk teleserialını çəkib. Həmin serialın qısaldılmış variantı Krım TV filmlər festivalında ən yaxşı rejissor mükafatına layıq görülüb. 2003-cü ildən İsveçdə yaşayır...
Deyir ki:- “Yaşadığım İsveçin və eləcə də Avropanın bütün dövlətlərində dövlət quruluşu sivil toplumlar üstündə qurulub. Bu, əslində vətəndaş cəmiyyətinin demokratik düzən üzərində inkişafı deməkdir. Bir yandan sivil toplum təşkilatları öz tərəfdarlarını bir araya gətirməklə vətəndaş cəmiyyətinin inkişafına təkan verir, digər yandan isə, dövlət bu istiqamətdə əsl demokratik düzənlə inkişaf metodologiyasının fəlsəfi dəyərlərinə dəstək olur. Hələ iyirmi il bundan əvvəl biz İsveçə gələndə buranın əhalisi 7- 8 milyon idi. İndi bu rəqəm bir qədər artıbdır. O zaman belə bir fikir formalaşmışdı ki, İsveçdə hər adam başına bir dərnək düşür. Əlbəttə burada soydaşlarımızın bir sıra dərnəkləri və hətta bir neçə dərnəyi birləşdirən federasiyaları o vaxt da mövcud idi. Və biz beş il bundan əvvəl yeni- fərqli bir təşkilat qurmaq qərarını qəbul etdik. Nəticədə “İveç-Azərbaycan Mədəniyyət Mərkəzi” yaradıldı.”
Bir müddət müxtəlif işlərlə məşğul olsa da 2010-cu ildə İsveçin 3-cü böyük şəhəri olan Linköping bələdiyyəsində web tv prodüsseri və 2011-ci ildən isə İctimai Bilik kanalı olan UR-də sujetlər prodüsseri kimi fəaliyyət göstərib. İsveçdə və həm də Azərbaycanda sənədli və bədii filmlər çəkib. "Bir ümüddür yaşamaq" adlı kriminal romanın müəllifidir. O, həm də “Stockholm-Azərbaycan Media Mərkəzinin” və “İnternational Media Grupu”nun yaradıcısı və rəhbəridir...
“Diaspor təşkilatının siyasiləşdirilməsi fikrimcə tamamilə yalnışdır. Bu gün bizim uzun müddət apardımığız müşahidələrə əsasən onu deyə bilərəm ki, əsl siyasət yaşadığın ölkənin qanunlarına tabe olmaq, eyni zamanda mənsub olduğun xalqı və dövləti ləyaqətlə təmsil etmək çox vacibdir. İndi elə bir qlobal dönəmi yaşayırıq ki, artıq dünyanın özü cib telefonuna belə sığır. İstənilən anda dünyanın hər nöqtəsindən gərəkən informasiyanı almaq adi bir proses kimi qarşılanır. Xalqlararası multikulturalizm fəlsəfəsinin özümüzə məxsus bir məcrada inkişaf etdirilməsi dəyərləri bizim mərkəzimizin ana hədəflərindən biridir. Tolreant münasibətlərin inkişaf etdirilməsi sayəsində Azərbaycan mədəniyyətini dünyanın mədəni düzəninin bir parçasına çevirmək biz qürbətdəkilərin də əsas görəvlərindən biridir.”- söyləyir...
Zahirən sərt görünsə də, həssas və mühafizəkar bir təbiətə sahibdir. Güclü intuisiyası var. Daxili hisslərini necə ortaya qoyamağı bacarır və hisslərinə həddindən artıq etibar edir. Gələcəyə baxışları isə nikbindir...
Deyir ki:- “Doğrudur buradan Azərbaycan problemli, varlı neft ölkəsi və sivil dünyaya inteqrasiya olmağa can atan, istedadlı, lakin imkansız xalqı olan bir məmləkət kimi görünür. Bir də əhalisinin doxsan faizi müsəlman olsa da, modern həyat tərzini üstün tutan bir ölkə kimi... Bunun da əsas səbəbi ötən əsrin əvvəllərində Azərbaycanda baş verən genişmiqyaslı maarifçilik məktəbidir. Həsən Bəy Zərdabi, Əbdürrəhim Bəy Haqverdiyev, Nəcəf Bəy Vəzirov, Üzeyir Bəy Hacıbəyli, Əli Bəy Hüseynzadə, Əhməd Bəy Ağaoğlu, Firudin Bəy Köçərli, Əlimərdan Bəy Topçubaşlı, Fətəli Xan Xoylu, Hüseyn Ərəbslinki, Cəfər Cabbarlı, Abbas Səhət, Mirzə Cəlil, Mirzə Ələkbər Sabir və digər onlarla aydınlarımızın həyat və yaradıcılığının hər biri ayrıca məktəbdir. Amma etiraf edək ki, keçmiş Sovetlər Birliyi 70 il ərzində onların qoyub getdiyi milli-mədəni mirası poza bilmədi. Bu gün Azərbaycan Respublikasının 32 yaşı var. Unutmaq olmaz ki, 1991-ci ildə keçmiş Sovetlər Birliyi dağılanda yenicə qurulan dövlətimizin milli büdcəsində bir qəpik də yox idi. Yəni xalqımız dövləti demək olar ki, sıfrdan qurub. Təbii olaraq, problemlər də yetərincə olacaqdır. Bir də yeni dünya düzəni adına Azərbaycanda idarəetmə prosesində yalnışlıqlar və probnlemlər də olacaq. Fikrimcə bütün bunlar zamanla öz axarını tapmaqdadır. Lap dəqiq desək, indiki sorunları yeni nəsil çözmək iqtidarındadır. Bu gün Azərbaycan hakimiyyətində baş verən gəncləşdirmə siyasətinin mənası da budur...”
Milli dəyərlərə bağlı adamdır. Qürbətdə yaşasa da həyat tərzində adət və ənənələrimizə sədaqətini gizlətmir. Xaraktercə nəzakətlidir. Fəaliyyətində təsəvvürlərini ifadə edə bilir. Xeyirxah işlərlə məşğul olmaq onun həyat kredosudur. Cəmiyyətin ehtiyaclarını aradan qaldırmaq uğrunda çalışmaqdan ləzzət alır. Səmimi olduğu üçün düşündüklərini, giley-güzarını dilə gətirməkdən çəkinmir...
“Açığını deyim ki, Avropada, ABŞ və Rusiyada həmvətənlərimiz yaşasalar da diasporanın vəziyyəti heç də qənaətbəxş deyil. Bunun əlbəttə obyektiv və subyektiv səbəbləri var. Məncə, bu prinsip əsas götürülməlidir. Vətən mənə nə verib deyil, mən vətənə nə vermişəm? Öncə bu suala cavab tapmaq lazımdır. Biz qürbətdə yaşayanlar müasir dünyanın standartlarını öyrənməklə, bütün bunların xalqımız tərəfindən dəyərləndirilməsini hamıdan daha çox istəyirik. Bütün həyatını Amerikada yaşamış və dünya şöhrətli alim Lütfi Zadə kimisinin ölkəmizdə təhqir və aşağılayıcı formada, qondarma ayamalarla dəyərləndirilməsi acınacaqlı bir olaya çevrildi. Sonunda hakimiyyət bəzi boşboğazları yerində oturzdurmaqla Lütfi Zadənin dəyərini qiymətləndirərək böyük bir iradə göstərdi. Hər bir qərib soydaışımıza biz beləcə dəyər verməliyik. Bu gün dünyanın elə bir dövləti yoxdur ki, orada bizim alimlərimiz, sənət adamlarımız və digər ləyaqətli şəxsiyyətlərimiz yaşamasınlar və ya fəaliyyət göstərməsinlər. “İveç-Azərbaycan Mədəniyyət Mərkəzi”i bax bu istedadlı insanları öz öz ətrafında birləşdirməyə çalışır. Biz qürbətdə xalq diplomatiyası vasitəsilə Azərbaycan həqiqətlərini əyani şəkildə tanıtmaq üçün fəaliyyət göstəririk. Ölkəmizə turizmin axınlarının artması üşün bir sıra tədbirlər həyata keçiririk. Vətənmiz haqqında sənədli filmlər çəkərək Azərbaycan təbiətinin nə qədər füsunkar olduğunu dünyaya təbliğ etməyə çalışırıq. Qürbət ölkələrdə anadan olmuş övladlarımızda Vətən sevgisini aşılamaq üçün çoxsaylı tədbirlərimizlə onlara dəstək olmağa səy göstəririk. Və digər planlarımız da var.”- söyləyir.
Düşüncələri xeyli romantikdir. Sevdiklərinə önəm verir, onlarla bağlı təhlükə hiss edəndə, eləcə də emosional vəziyyətlərdə son dərəcə aqressivləşə bilir və şiddətli müqavimət göstərir. Bütün bunlarla yanaşı o, Azərbaycanı ləyaqətlə təmsil edir. Yolunuz İsveçə düşsə özünüz də bunun şahidi ola bilərsiniz. Bəli, haqqında söhbət açdığım Rəhim Sadıqbəyli özü boyda bir Azərbaycandır və heç vaxt soruşmur ki, “Vətən mənə nə verib?..”
“Ədəbiyyat və incəsənət”
(02.07.2026)
Vaqif Yusiflinin Ədəbi fraqmentləri
“Ədəbiyyat və incəsənət” portalında Ədəbi tənqidin klassikası guşəsindəyik, burada görkəmli tənqidçi Vaqif Yusiflinin Adilə Nəzər və Elnur Uğur barədə yazdığı Ədəbi fraqmentlər təqdim edilir.
Vaqif YUSİFLİ
ƏDƏBİ FRAQMENTLƏR
Adilə Nəzər
Adilə Nəzər (Adilə Həsən qızı Nəzərova) artıq yeddi şeir kitabının müəllifidir və imzasını çoxdan tanıdıb. İndi şairlərin türk, rus, fars, ingilis dillərində şeirləri ilə çıxış etməsi qətiyyən təəccüb doğurmur. Adilə xanım da “çoxdilli” şairdir. Onun İraq Yazıçılar Birliyinin üzvü olması da sensasiya sayılmaz. Və Adilə xanımın filologiya üzrə fəlsəfə doktoru kimi fəaliyyəti də (“Azərbaycan dilində fəlsəfə terminlərinin izahlı lüğəti” – 40-a qədər elmi məqalənin və bir monoqrafiyanın müəllifidir) buraya əlavə olunsa (hələ aldığı “San yarlığı” mükafatını, respublikada və xarici ölkələrdə elmi konfranslarda çıxışları), görün Adilə xanım necə zəki bir qadınmış deyərsən...
Sabah Adilə Nəzər hansı şirkətinsə prezidenti ola bilər, ya bir yaxşı vəzifə kreslosunda əyləşə bilər. Amma mənim nəzərimdə o, şairdir. Şairlik isə nə vəzifədir, nə də hansı qurumunsa sədrliyi... Şairlik ürəklə baş-başa verməkdir, həyatı, dünyanı, gözəlliyi, təbiəti, günəşi, ayı, ulduzları, gülü-çiçəyi hamının gördüyündən fərqli görməkdir.
Hansı ağrılardan çıxdın,
Hansı əzablardan gəldin?
Harda ağladın, kim bildi,
Kim bildi ki, harda güldün?
Ruhumun yağmur havası,
Könlümün duman yerisən.
Kiminin ümid işığı,
Kiminin güman yerisən.
Sən elə müqəddəssən ki,
Ayağı yalın girirəm.
Aynaya baxanda sanki
Məni yox, səni görürəm.
Oxuduqca hər sətrini,
Hər hərfini seyr edirəm.
Sənin özün olum deyə,
Ta adımı şair edirəm.
Şairin şeir ömrü yaşamağı barədə etirafları çox eşitmişik.
Adilə Nəzərin ayrıca “Şeir” şeiri də var. Burada onun şeirə müxtəlif yanaşmaları ilə üzləşirik. “Şeir nədir?” sualına cavablar səslənir:
Şeir bir az
Tanrıyla dostluq yaratma ittifaqıdı,
Bir az da şeirin özünü tanıtma ixtirası.
Bir az da buludların
Yaddaşındakı yağışların lirikasıdır.
Şeir sözə vurğunluq sənətidi.
Şairin Tanrı ilə dostluq yaratmaq “ittifaqı” barədə çox eşitmişik, bir az da özünü tanıtma “ixtirası” – məlum. Bəs sonra? Hələlik təzə bir söz eşitmirik.
Amma:
Şeirdən əvvəl ağrısı gəlir,
Şeir həm də ömrü
uzadan nəfəs.
Yıxıl hər misrasına, səcdə et,
Şeir bazarıdır könlüm...
Təbii ki, Adilənin şeir haqqında fikirləri onun özünün düşüncələridir. Bəzən heç razılaşmırsan da. “Şeir adi qulağa xoş gələn uzaq bir coğrafiyadır, rəng korluğudur, səs karlığıdır”, yaxud “bir ucuz sevgiyə bir bahalı canın ödənişindən epitafiyadır” – razılaşmaq olmaz...
Şeiri bu qədər sağa-sola, coğrafiyaya, epitafiyaya sürükləmək neçin?
Amma Adilə Nəzərin elə şeirləri var ki, o “coğrafiya”nı, o “epitafiyanı”da yıxıb-sürüyür, əsl şeir obrazı ilə qarşımızda canlanır. Atasının xatirəsinə həsr etdiyi “Mən ağladım” şeiri kimi...
Ağlamaq – patoloji mənada anlaşılsa, hüzn, ələm, hıçqıraq gətirər. Amma bu şeirdə ağlamaq kövrəkliyin, həzinliyin poetik ifadəsinə çevrilir.
Qızılı saçlarını gün yandıran iyul gecəsiydi...
Gündüzün havası, gecənin sükutu ağı dedi,
Mən ağladım.
Yeddi gün əvvəl –
Namazının ilk günündə xəzan gəldi,
Bütün yarpaqlar tar-mar oldu, titrədi, üşüdü.
Həyat budağından bir yarpaq düşdü – ata adında.
Desəm ki, Adilə Nəzər əsl ovqat şairidir, inandırmaq çətin olmaz. Şeir elə ovqatdan, əhvali-ruhiyyənin rəngarəng, çeşidli çalarlarından yaranmırmı – deyəcəksiniz. Amma məsələ burasındadır ki, hər şairin ovqatı onun öz fərdi dünyasının bəlirtiləridir. Bahar qışdan betər ola bilərmi? Bu da ovqatdan asılıdı:
Xəbərin oldumu?
Çox çağırdım bu gecə,
İlk heca və son heca: –
Al apar məni
Bu xəzan vurmuş baharın əlindən, Allah!
Bu bahar gözümdən düşdü,
Bu bahar məni qışdan betər üşütdü.
Elə güman eləməyin, Adilə Nəzər yalnız ovqat şairidir; canında yatıb qalan duyğularını ovqatı gələndə şeirə çevirir, hətta gününü də qeyd edir. (2 dekabr “şeiri” və s.). Və elə güman eləməyin ki, onun sevgi şeirləri ancaq pessimist ovqat aşılayır sənə, mənə, ona...
Xocalı işğal olunanda qəfəsdə bir quş... harada olduğunu anlamadığı dar və tüstülü bir qəfəsdədir. Xain gözətçilər tez-tez içəri dalıb süngüləyirdilər hiss etmədiyi bədənini... Yaxud:
Çətindir xar olmaq yağı içində,
Bu xalq ümidindən hələ güc alır.
Qalıb dərd içində, ağı içində
Əsir düşən körpələri, qocaları.
Qarabağın şəhid düşən balası
Xocalıdır, Xocalıdır, Xocalı.
Və Adilə Nəzərin o illərdə – 44 günlük zəfərdən öncə yazdığı bir şeirdə “Lap hönkürüb ağlaram, axsın yaşım bulaqtək, Bilim xarıbülbüllər açıb ləçəklənəcək” – “sinəsindən qoparsa Qarabağ adlı dağı, gözlərimi möhürtək o dağa basdıraram”. İndi göz yaşlarının bulaq kimi axmağına lüzum yox, xarıbülbüllər ləçək-ləçəkdir...
“Əsgərə məktub” şeiri hecanın az-az rast gəlinən on ikiliyində yazılıb və uğur – xeyir-dua – yola salma mərasimi ilə səsləşən ritmə uyğundur:
Tələsir qonmağa üçrəngli bayrağın
Laçında, Şuşada başına hər dağın.
Azadlıq gözləyir o əsir torpağın,
Qisasın qalmasın – şərəfə toxunur.
Hələ ki yurd-yuvam, el-obam dardadı,
Hardadır qələbən, zəfərin hardadı?!
Yolunu gözləyən qız intizardadı,
Adına dualar oxuyur, oxuyur...
Adilə Nəzərin şeirlərini fəsil bölgüsü ilə səciyyələndirsək, deyərik ki, bu şeirlər payız fəslinə daha çox oxşayır. Özü də bunu etiraf edir:
Payız hakim olub şeirlərimə,
Nə yazsam, vərəqdə saralıb solur.
Hələ tab edirəm bu ayrılığa,
Gecəni çəkirəm səhərlərimə.
Vaxt gələr, yazaram yazdan, hələ ki
Payız hakim olub şeirlərimə.
“Əsən dəli küləklər” də, ağac olmaq istəyi də, yağışı dinləmək də payızdan, daha doğrusu, payızın şair ürəyində sakin olmasından xəbər verir. Amma bu, məsələnin ancaq zahiri tərəfidir. Əsas odur ki, Adilə Nəzərə, nə qədər subyektiv səslənsə də, payız – şairi – darıxan qadın deyə bilərəmmi?
Yenə də onun bir etirafı:
Hər yerdə eyni fəsil, hər yerdə eyni hava,
İçim, çölüm payızdı,
Rəngim də avazdı.
Köç edən durnaların avazına boylanır
İçimdə rəngi solan gül qoxulu ümidlər.
Çölümdə göy üzünün ətəyindən sarmaşan o boz-qara buludlar.
Adilə Нəzərin şeirləri və şeir kitabları barədə bir neçə məqalə ilə tanış olmuşuq. Tərifləyiblər, xoşlarına gələn şeirlərindən misallar da gətiriblər. Amma bir suala cavab verilməyib ki, axı bu Adilə Nəzərin poetik inkişafı, bir şair kimi inkişafı nəzərə çarpırmı?
Başlıca uğurları hansı yöndədir, zəiflikləri necə?
Adilə Nəzər yeddi şeir kitabının müəllifidir və artıq fərdi üslubu da, deyim tərzi də özünəməxsusluğu ilə seçilir. Əgər poeziyada SƏS məfhumu da bir faktor kimi götürülürsə, Adilə Nəzərin də poetik səsi formalaşıb. Məncə, onun “50 yaşın şeiri”ni elə bu mənada SƏS də adlandırmaq olar.
Sən məni yaza bilərsənmi?
Anlada bilərsənmi ruhumun rəngini?
Səhərlərimin yağış qoxusunu,
Gündüzlərimin sıxıntılarını...
Bu SƏSin güc aldığı mənbə ürəkdir...
Adilə Nəzərdən gətirdiyim şeir parçaları onun sərbəstdə yazdıqlarıdır. Amma o, hecada da mükəmməl şeirlər yazır:
Dünya-aləm sevgi dolu,
Açılıb könlümün yolu.
Dil-dil ötən bir bülbülü
Yazır məhəbbət şеiri.
Qəlbim oda yanır hər gün,
Gözlərim yoluna sürgün.
Əlim nə soyuq, nə yorğun,
Yazır məhəbbət şеiri.
Yaxud:
Bir göl kimiyəm, lalam,
Sən axar çaysan hələ.
Mən səndə daşam, liləm,
Çöküb axa bilmirəm.
Sən mənim can evimin
Təməl bina daşısan.
Evim çökəcək deyə,
Söküb ata bilmirəm.
Adilə Nəzər bir şeirində yazır:
Mən niyə həsrətə qucaq açım ki,
Mənim də dərd adlı öz sevgilim var.
Onu dərd adlı sevgilisi sözdür, şeiridir... Əgər beləysə, eşq olsun o Dərdə!
Elnur Uğur
“Şairin əsərlərini oxuyub yaşamaq-həmin əsərlərin bütün zənginliyini, məzmununun bütün dərinliyini öz daxili aləminə keçirmək, öz qəlbində duymaq deməkdir. Gərək müəyyən bir müddət şairin təsiri altına düşəsən, onun gözləri ilə həyata baxasan, onun qulağı ilə eşidəsən, onun dili ilə danışasan, belə olmasa, şairi anlaya bilməzsən”. Dahi rus tənqidçisi V.Q.Belinskinin bu fikri şair-oxucu qarşılıqlı münasibətini və sevgisini ifadə etmək üçün ən dəqiq bir kriteriyadır. Hər şair öz şeirlərində yaşayır, onun özü üçün qurduğu aləm təkcə özünə aid olmur.O şeirlər kimlərinsə ürəyinə yol tapmalıdır. Əlbəttə, şair-oxucu münasibəti və sevgisi hər zaman baş vermir, necə deyərlər, hər şair hər oxucu ilə yalnız o zaman dil tapa bilir ki, oxucu onu düşündürən suallara o şairin şeirlərində cavab tapa bilir. Bir də axı şeir ürəklə ağlın vəhdətini əks etdirirsə, kimsə ürəyinin, kimsə də ağlının təşviqiylə hərəkət edir, çünki oxucular arasında yalnız hisslər üzərində qurulan şeirlərə meyil edənlər daha çoxdur, amma yalnız rasional düşüncəyə istinad edən şeirlər də çox yazılır. Böyük şairimiz Məmməd Araz yazırdı: “Şeir fikirlə hissin şərikli övladıdır. Hansının ata, hansının ana olduğunu demək çətindir. Bu, mürəkkəb təfəkkür prosesidir. Yaxşı olar ki, ürək ağıllı, ağıl isə ürəkli olsun. Bunlar öz övladlarını birlikdə böyüdüb tərbiyə etsinlər”.
Mətləbdən uzaqlaşmayım, çünki söz sözü çəkir. Çox da təfərrüata varmadan mən bir şairin – Elnur Uğur Abdiyevin son illərdə yazdığı şeirlərindən söz açmaq istəyirəm. Bu şairi çoxdan tanıyıram, demək olar ki, mətbuatda çıxan əksər şeirlərini izləmişəm. Neçə il öncə çapdan çıxan şeir kitablarını da vərəqləmişəm, o şeir kitablarında Elnurun poetik axtarışları hiss olunurdu. Yalnız hiss olunurdu. Elə şeirləri vardı ki, cismi yerində, amma canı yox idi. Amma şairlik həm də məsuliyyət –sözə ehya vermək, təzə fikir söyləmək tələb edir və Elnur Uğur bu məsuliyyəti dərk elədi:
Daş altından qalxan otun
Ümidi var yaşamağa.
Hər sobanın odun-odun
Ümidi var yaşamağa.
Yer döşəmə, səma tavan,
Tən ortada boşluq hava.
Quş qura bilirsə yuva,
Ümidi var yaşamağa.
Ən böyük ağrı sevməkdi,
Ayrılığı ilk kim əkdi?
Bilsən, ölmək dirilməkdi,
Ümidin var yaşamağa.
Yaşamağın – var olmağın mənası haqqında yüzlərlə şeirlər yazılıb və bundan sonra da yazılacaq. Amma Elnurun bu şeiri fikrin poetik ifadəsi baxımından maraq doğurur. Elnurun digər şeirlərində də belə düşündürücü məqamlara tez-tez rast gəlirik. Sırf düşüncədən doğan, amma ifadə etmək istədiyi fikri şeirin bədii təsvir ahənginə uyğunlaşdıran şeirlərdir bunlar. Elə bil Elnur onu narahat edən fikirləri oxucunun öhdəsinə buraxır. O, həyatın, gerçəkliyin müxtəlif anımlarına, olaylarına mürəciət edir.
Hər gün səhəri gülərək açmaq
vaxtın intiharıdır.
Ölümü öldürmək yaşamaqdır.
Ölümü öldürməyə nə top mərmisinin,
Nə qumbara qəlpəsinin gücü çatar.
Ölümü öldürməyə bir göz qırpımı sevgi,
bir ümid elçiliyi edər.
Hər gün gecələr səni
yadına salırsa xatirələr,
yaşamağa dəyər!!!
Bu şeir təkcə fikir söyləmək xatirinə yazılmayıb, həm də fikrin ifadə tərzinə görə də seçilir. Elə şeirdə “Ayrılığı ilk kim əkdi” misrası... “Ayrılığı saldın” ifadəsini həmişə eşitmişik, amma onu əkmək ifadəsi yenidir. Şeirdə “vaxtın intiharı”, “sənin nəzərlərində böyümək”, maraqlı deyimlərdir. Və əgər Elnurun hər şeirində bir və ya bir neçə belə deyimlərə rast gəliriksə, çox gözəl!
Elnurun şeirlərini bir neçə bölgüyə ayırmaq olar. Birinci bölgüdə şərti olaraq müstəqil fikirlərlə aşılanan şeirlərdir ki, bu şeirlər Elnur Uğurun müəyyən bir anlayış haqqında düşündüklərini ifadə edir. Məsələn, o, insan sevincini “göz yaşlarında boğulmaq”, “anadan təzə doğulmaq” “sevinəndə adam o qədər təmiz olur ki, qanadı olsa, mələk deyərdim sevinənlərə” kimi ifadə edir. “Bir gecənin şeiri”ndə sənsizlik anlayışı lirik qəhrəmanın ayla, ulduzlarla, günəşlə paralel olaraq təqdim edilir. Yəni demək istəyir ki, sənsizlik, əslində, bundan doğan tənhalıq kainatı da darıxdırır. Müstəqil fikirlərlə aşılanan şeirlərində predmetləri mənalandırmaq, onları təşbih və metafora ilə nümayiş etdirmək diqqəti xüsusilə cəlb edir və əlbəttə, şairin şairliyi elə bundadır. Və bir də Elnur assosiativ şeirə də meyil edir. Məsələn, “Sevdim” şeirini misal göstərə bilərəm:
Şimal qütbü kimi soyuq biriydim,
Doğdun günəş kimi, isitdin məni.
Əridimsuoldum, qardənəsiydim,
Dağboydadərələreşitdiməni.
Səninecəsevdim, necə, bilmədim?
Həqiqətcavabsızbusualdadır.
Oqardanəriyibsuolanadək
Olanım-qalanımhələəldədir.
Görhardanharacangətirdinməni?
Qaridim, doğradındamarlarımı.
Sukimiaxıram, baxırsan,sudur,
Suqarınqanıdır, eh, qarınqanı.
Assosiativtəfəkkürobrazlıtəfəkküründavamıdırvəburadadahaincəvəzahirəndahamürəkkəbümumiləşdirmələrdiqqəticəlbedir. Mərhumşair-tədqiqatçıArifAbdullazadəyazırdıki: buradabənzəyənləbənzədilənarasındakı “məsafə” dahauzunolur, mənadərinliyidahalakonikifadətərzinəəsaslanır, ümumiməzmun, konkrethissvəfikirçoxzamanyadasalmaqvədüşündürməkyoluiləyaranır. “Sevdim” şeirindədəŞimalqütbüvəsoyuqluqsevgililərətəşbihedilirvəbunaəksmənzərəgünəşvəisitməkmetaforası yaranır. Günəşvəistilikisətəbiiki, qarıvəsuyuəridəcək. Sevənadamın halıqarvəsuilətəşbihlənir. Ammaburadasuyunqarınqanınatəşbihedilməsi “bənzəyənləbənzədilənarasındakıməsafənin” dahauzunolmasıylaşərtlənir. Suqarınqanıolabilərmi? Buradaassosiativtəfəkkür “olabilər” sualınacavabverir. Vəsonda “Böyüksevgilərinqandırsübutu”
ElnurUğurun “Azərbaycan” jurnalınınbirsayındadabirneçəşeiriilətanışoldum. “Şəhidqəbri”və “Abidə” şeirlərindəfərqlənməyəcanatırvəhərikişeirdətəzəsözdeməyəçalışır.
Hardaşəhidqəbrivarsa,
Vətənoradanbaşlanır.
Vətənhərsərhəddəbitir,
Şəhidqəbrindəcanlanır.
Baxırsantorpaqməzara,
Altıdiri, üstüdiri.
Buməzarsabahaqapı,
Buməzarxalqınandyeri.
yaxud:
Xocalı-şəhid şəhər.
Qar üstə bir gəlinin qırmızı yaylığı
Vətən namusunun həyası idi, qızarırdı.
Səndən keçənlər
Özündən keçə bilməyənlərdi.
Səndə güllələnənlər
Əslində, ölümü güllələyənlərdi.
Elnur Uğur bir şair kimi artıq özünü təsdiq etmək mərhələsindədir və deyim ki, bu proses başa çatır. Təbii ki, onun şeirləri arasında müəyyən “xıltlar” da nəzərə çarpır. Xüsusilə müəyyən bir fikrin mübahisəli məqamlarında qətiyyən onunla razılaşmırsan. Məsələn, “Sevmək” şeirində yazır: “Ən gözəl intihar yaşamaqdır”. –Burada intiharla yaşamaq arasında heç bir uyarlıq (birinin o birini təsdiq etməsi) yoxdur. Yaxud həmin şeirdə “Sevginin bir adı da kiçilməkdir elə” – mənfi bir anlayışı sevgi ilə tən tutmaq olarmı? Guya “insanlar kiçiləndə böyüyürlər”. Bir də axı Füzuli babamız “kiçilməkdən” yox, “yox olmaqdan” söz açırdı (“Qəm diyarında əcəl peyki güzar etməz mana, Yox sanıb varım məgər kim, etibar etməz mana”. Fikrimcə, onun “Eşq” adlı iki şeirində də bəzi fikri sona vardırmamaq natamamlığı hiss edilir. “Şeir gecəm”də fikir aydındır, amma sonda pıçıltını “Yaradanın söz görkəmi” kimi mənalandırmaq məntiqə uyğun deyil…
Mən Elnur Uğur Abdiyevin bütün şeirlərindən söz aça bilmədim. Amma onun bir çox şeirlərini oxumaq kifayətdir ki, haqqında “o, şairdir” ifadəsini işlədəsən.
“Ədəbiyyat və incəsənət”
(02.07.2026)
Tannenbaum – Şmidtin lider davranışı kontiniumu
“Ədəbiyyat və incəsənət” portalında motivasiya dərsləri...
Həyatda necə uğur qazanmalı, hədəfi necə seçməli, hədəfə doğru necə irəliləməli, necə lider olmalı – bu sayaq suallar hər birinizi düşündürür, bilirik. Onlara bu rubrikada daim çavab tapmaq olur.
Rubrikanı millət vəkili, motivasiya spikeri, yazıçı Əlibala Məhərrəmzadə aparır.
Tannenbaum – Şmidtin lider davranışı kontiniumu
Nəzər yetirdiyimiz növbəti modeldə liderliyə təsir edən üç faktora (liderin özü, onun ardıcılları və yaranmış vəziyyət) münasibətdə liderin seçə biləcəyi 7 davranış nümunələrindən bəhs olunur.
Burada iki bir-birinin əksi – demokratik və avtoritar liderlik stilləri götürülür, bu liderliklər arasındakı fərq onların hakimiyyət mənbələri və insan xarakterinin təbiəti barədəki qənaətləri səbəbi ilə izah olunur. Demokrat zənn edir ki, hakimiyyət ona ardıcılları tərəfindən verilir və bu insanlar düzgün motivasiya şəraitində özünüidarə və yaradıcı iş qabiliyyətinə malik olurlar. Avtokrat isə hesab edir ki, hakimiyyət ona öz mövqeyi nəticəsində qismət olub, təşkilatlar və insanlar təbiətən tənbəldirlər və onlara güvənmək olmaz.
Demokratik liderlikdə hakimiyyət mənbəyi ardıcıllar üçün fəaliyyət azadlığı sahəsi, avtoritar liderlikdə isə liderin tətbiq etdiyi hakimiyyət sahəsi hesab olunur. Lider davranışının tərkib hissəsi olacaq seçiləsi 7 davranış nümunələri isə aşağıdakılardır:
- lider öz ardıcıllarının «azadlıq» zonası hüdudlarında fəaliyyət göstərmələrinə imkan yaradır;
- lider müəyyən çərçivələrdə qrupların qərarlarını yönəldir;
- lider problemlər irəli sürür, təkliflər verilməsini xahiş edir;
- lider həll yolları təklif edir və onların dəyişdirilməsini mümkün hesab eləyir;
- lider ideyalar irəli sürür və onların müzakirəsini təklif edir;
- lider qərar qəbul edir və onu tabeçiliyində olanlara çatdırır;
- lider öz qərarlarının düzgünlüyünə ardıcıllarını əmin edir.
“Ədəbiyyat və incəsənət”
(02.07.2026)
Səməd bəy Mehmandarov: Xoşbəxt adamam ki, Millətimin ordusunu yaratmaq mənə nəsib oldu
Şərəf Cəlilli,
filologiya üzrə fəlsəfə doktoru,
“Ədəbiyyat və incəsənət” üçün
“Mən xoşbəxt adamam ki, ixtiyar yaşımda millətimin ordusunu yaratmaq mənə nəsib oldu” deyən, qısa zaman kəsiyində 35 minlik Cümhuriyyət Ordusunu yaradan qüdrətli sərkərdə Səməd bəy Sadıx bəy oğlu Mehmandarov 16 oktyabr 1855-ci ildə Şamaxı quberniyasının Lənkəran qəzasında dünyaya gəlmişdi. Soyu, soy-kökü şəcərə dəftəri ilə Şuşanın məşhur zadəganlarından olan Mehmandarovlara bağlı olan Səməd bəy Mehmandarov adını Cümhuriyyət qurucularının sırasına yazdı. Hüquqşünas olan atası Sadıx bəy Qafqaz canişinliyi tərəfindən öncə Şamaxıda, sonra isə Lənkərana məhkəmə icraçısı olaraq göndərilmişdi. Lənkəranda dünyaya gələn Səməd bəy Mehmandarov təhsilini Bakıda Real Məktəbdə almışdı. 16 yaşında isə Peterburq İkinci Konstantinovka Artilleriya Məktəbinə daxil olmuşdu. 1875-ci ildə podporçik rütbəsi alan Səməd bəy Mehmadarov həmin il həm də III dərəcəli “Müqəddəs Stanislav” ordeni ilə təltif olunmuşdu. Daha sonra kapitan 1898-ci ildə isə podpolkovnik rütbəsi ilə xidməti fəaliyyətini davam etdirmişdi.
Mancuriaya diviziyasının komandanı
Podpolkovnik rütbəsini aldıqdan sonra 1900 -1901-ci illərdə Çində baş qaldıran anti-imperialist hərəkatların yatırılmasında onun rəhbərlik etdiyi diviziya da iştirak etmişdi. Silahsız çinlilərə qarşı silah qaldırmayan, üsyançıların rəhbərlərini danışıqılar vasitəsi ilə yola gətirən Səməd bəy Mehmandarova Çar tərəfindən polkovnik türbəsi təqdim edilmiş, eyni zamanda o, III dərəcəli “Vladimir Ordeni” və üzərində “Qəhrəmancasına fərqlənməyə görə yazılan Qızıl qılınc” təqdim olunmuşdur.
Rus-Yapon müharibəsində tarix yaradan iki azərbaycanlıdan biri
General Əliağa Şıxlinskinin tarix yaratdığı Rus-Yapon müharibəsi dövründə göstərdiyi şücaətlərə görə Səməd bəy Mehmandarova general-mayor rütbəsi və IV dərəcəli “Müqəddəs Georgi” ordeni verilmişdi. 1907-1910-cu illərdə III Sibir korpusunda Artilleriya rəisi vəzifəsində çalışan general Səməd bəy Mehmandarov 1908-ci ilə “Hərbi xidmətlərində qüsursuzluğa görə” general-leytenant rütbəsinə layiq görülmüşdü. I Dünya müharibəsində iştirakına görə isə 1915-ci ildə “Tam Artilleriya generalı” rütbəsi almışdı. Bu rütbə hərb tarixində ordu generalı rütbəsinə bərabər rütbə idi. 1917-ci ildə xüsusi istəyi ilə Çar ordusundan istefa verən general Səməd bəy Sadıx bəy oğlu Mehmandarov bu zaman Çar Rusiyası Ordusunun bütün orden və medallarını almış iki peşəkar nüfuzlu türk, müsəlman və azərbaycanlı hərbçidən biri idi. Bununla yanaşı, general Səməd bəy Sadıx bəy oğlu Mehmandarov İngiltərənin, Fransanın, Rumıniyanın, eyni zamanda Qacarlar dövlətinin ən ali mükafatlarına, orden və medallarına layiq görülmüşdü. İstefada olduğu dövrdə Şimali Qafqazdakı huzur dolu malikanəsində doğmaları ilə yaşamışdı. Çarizmin iflası, Rusiya İmperiyasının iflası ucqarların istiqlaliyyəti ilə nəticələndi. Tiflisdə “İstiqlal bəyannaməsi”nin imzalanması ilə Azərbaycanda Milli hökumət quruldu.
Milli Ordunun Bayraqdarı
Şərqin ilk Demokratik Cümhuriyyətinin qurulması ilə, ömrü boyu Əbədi İstiqlalın təşnəsi olan peşəkar hərbçilər, Çar Rusiyası ordusunun nüfuzlu sərkərdələri vətənə dönür. Dönüşü, qayıdışı ilə tarix yaradan dörd generalın isə yeri, rolu, məqamı fərqli idi: Əliağa Şıxlinskinin, Səməd bəy Mehmandarovun, Rzaqulu Mirzə Qovanlı – Qacarın, Sultan bəy Sultanzadənin. Tanrı onları məhz bu gün üçün göndərmiş, Əbədi istiqlalın qorunması, Milli Ordunun yaranması üçün müntəzir etmişdi. Əlahiddə Azərbaycan Korpusunun – Milli Ordunun yaradıcısı kimi tarixdə qalan bu qüdrətli simalar, əvəzsiz sərkərdələr min illər bundan sonra da, Milli Ordunun bayraqdarları kimi tarixdə qalmışlar.
Səməd bəy Mehmadarov Bakıya dəvət edilməzdən öncə onun bütün fəaliyyəti nəzərdən keçirilmişdi. 1918-ci il noyabrın 7-də Nazirlər Şurasının neft milyonçusu Seyid Mirbabayevin Cümhuriyyətə bağışladığı malikanədə təşkil olunan iclasda Azərbaycanda Hərbiyyə Nazirliyinin yaradılması qərara alındı. Müvəqqəti olaraq nazir vəzifəsini hökumətin başçısı Fətəli xan Xoyskiyə həvalə olundu. Onun müavini isə general Səməd bəy Mehmandarov təyin olundu. Ölkədəki durum nəzərə alınaraq vaxt itirmədən Ordu quruculuğu ilə bağlı məsələlər Səməd bəyə tapşırıldı. Həmin gün çap olunan “Azərbaycan” qəzetində Səməd bəy Mehmandarovun vəzifəyə təyin edilməsi haqqında fikirləri dərc edildi. Mehmandarov deyirdi: “Nazirlər Şurasının qərarı ilə mən Hərbiyyə nazirinin müavini təyin edildim. Mən öz vəzifə borcumu yerinə yetirməyə başlayaraq görməli olduğum nəhəng işlərin bütün ciddiliyini, mürəkkəbliyini, çətinliyini gizlətmədən Hərbiyyə Nazirliyinin bütün rütbəli şəxslərini işə dostca yanaşacağını və vicdanlı münasibət bəsləyəcəyini bildirirəm. Hamını birlikdə, dostcasına işləməyə çağırıram. Bütün rütbələrdəki rəislərdən qoşunun təlim-tərbiyəsi, öyrədilməsi və möhkəm nizam-intizam yaradılması işinə ciddi diqqət yetirmələrini istəyirəm”
Mehmandarov: Orduda ana dilini tətbiq edən ilk hərbi nazir
1918-ci il 25 dekabr tarixində Tam Artilleriya generalı Səməd bəy Mehmandarov Hökumətin qərarı ilə Hərbiyyə naziri, general Əliağa Şıxlinski onun müavini təyin edildi. General Mehmandarovun nazir kimi ilk əmri “sırada və sıradan kənar olarkən əsgərlərin Azərbaycan türkcəsində salamlaşması ilə bağlı idi. Komandirlər əsgər salamı, əsgərlər “əleyküm salam!” cavabı verməli idilər.
“Denikin məni rus millətindən və Çardan da yaxşı tanıyır”
1912-ci il Azərbaycan Xalq Cümhuriyyəti üçün ağır dönəmlərdən idi. Ağqvardiyaçı Denikin Azərbaycan sərhədinə yaxınlaşırdı. Təşkil olunan müşavirələrin birində öz hərbiçilərinə müraciətlə general Səməd bəy Mehmandarov demişdi: “Denikin məni rus millətindən və çardan da yaxşı tanıyır. O, bilir ki, rəhbərlik etdiyim korpuslar digərlərindən güclü olmuşdur. Denikin heç zaman mənim komandanlıq etdiyim ordu ilə döyüşə girməyə cəsarət edə bilməz. Mən bütün ömrümü, gəncliyimi Rus Ordusunda xidmətə həsr etdim. Nə xoşbəxt insanam ki, ixtiyar yaşımda Millətimin Ordusunu yaratmaq mənə nəsib oldu”.
Biz həmişə boyunduruq altında olmamışıq!
Səməd bəy Cümhuriyyət naziri kimi tez-tez xalqa müraciət edir, hesabat verir, öz işini peşəkarcasına həyata keçirirdi. Müraciətlərinin birində “Biz həmişə boyunduruq altında olmamışıq” – deyərək, türk tarixinin, Cümhuriyyət hərb tarixinin yazılmasını arzu etmişdi. General Səməd bəy Mehmandarov bütün çıxışlarında əsgərlərə “Övladlarım!” deyə müraciət edərək, onları ruhlandıran böyük sərkərdə idi. Cümhuriyyət Qızıl Ordunun qırmızı terroruna məruz qalarkən Lənkəranın bolşevik terrorundan təmizlənməsi əmrinin verməsi, ərazi bütövlüyümüzün bərpası üçün ordunu səfərbər etməsi, Əsgəran keçidinə Novruz bayramında hücum edən erməni daşnaklarının üzərinə general Həbib bəy Səlimov kimi peşəkar sərkərdəni göndərməsi erməni-daşnak dəstələrinin məhv edilməsi ilə nəticələndi. Xankəndinin, Şuşanın düşməndən azad edilməsi onun hərb tariximizdə, eyni zamanda Cümhuriyyət tariximizdən əzəmətinin təsdiqi olan məqamlardandır.
Hərbi nazir kimi general Səməd bəy Sadıx bəy oğlu Mehmandarovun Azərbaycan xalqına bir tarixi müraciəti də var: “İndi ölkəmizin bütün vətəndaşları, istər kasıb, istərsə də dövlətli eyni şəkildə hərb qulluq çəkəcəklər. Əgər nə zamansa kimlərsə dövlətliləri hərbi qulluqdan azad edərsə günahkarlar ağır cəzalanacaqlar.”
Tomsonla görüşündə ingilislərin verdiyi “Legion Ordeni”ni çıxarıb onun ayaqları altına atmışdı
Səməd bəy Mehmandarov general Tomsonun ermənilər arasında təbliğat aparmasından, Azərbaycan kəndlərində ingilislərin talançılıq etməsindən narahat idi.
Onların bütün fəaliyyətini kəşfiyyat xəbərləri ilə hər gün alırdı. O, hökumət başçısı Nəsib bəy Yusifbəyliyə məktub ünvanlayaraq yazırdı ki, ingilislərin fəaliyyətindən narahatdır. Etiraz əlaməti olaraq onların I Dünya müharibəsi zamanı verdikləri orden və medalları İngilis hökumətinə qaytarılması işini təşkil etsin. Bundan əlavə, o, Tomsonla görüşündə ingilislərin verdiyi “Legion Ordeni” çıxarıb onun ayaqları altına ataraq demişdi: “Mənim torpağımı işğal edib millətimi əzən bir ölkənin ordeni mənə lazım deyil” deyərək ona yerini göstərməkdən çəkinməmişdir.
21 general yetişdirməklə generallar yetişdirən General kimi tarixdə qaldı
Bu qüdrətli əyilməz sərkərdənin, Cümhuriyyətin ilk Hərbiyyə Nazirinin fəaliyyəti cəmi bircə il çəkdi. Qısa zaman çərçivəsində o, Milli Ordunu təşkil etdi, ayrı-ayrı diviziyaların yaradılmasına nail oldu, 21 general yetişdirməklə generallar yetişdirən General kimi tarixdə qaldı. 28 aprel qiyamından, Qızıl Ordunun qırmızı terrorundan sonra Azərbaycan Xalq Cümhuriyyəti işğal olundu. 1920-ci il iyunun 4-də Hərbiyyə Naziri kimi general Səməd bəy Mehmadarovu və müavin, Tam Artilleriya generalı Əliağa Şıxlinskini həbs edərək zindana saldılar. İki ay sonra isə Mərkəzə - Moskvaya göndərdilər.
Nəriman Nərimanovun zəmanəti ilə hər iki general Bakıya gətirildi
Moskvada Azərbaycan generallarını, daha doğrusu Hərbiyyə Nazirini və müavinini qarşılamalı olan Behbud ağa Cavanşir görür ki, onlar qatarda yoxdur. Behbud ağa vaxt itirmədən Bakıya komissar Nəriman Nərimanova məlumat verir və Səməd bəyin və Əliağa Şıxlinskinin tapılmasına nail olur. Həmin vaxt İosif Stalin Fövqəladə Komissiyaya teleqram vuraraq göstəriş vermişdi: “Yoldaş Yaqoda, hər iki general yoxlamadan diqqətlə keçirilsin. Onları həbsxanadan buraxılması işini təşkil etməyi sizə əmr edirəm”. Stalinin göstərişindən və ikitərəfli yoxlamadan sonra məlum oldu ki, generallar Mehmandarov və Şıxlinskinin günahları yoxdur. Daha sonra Nəriman Nərimanovun zəmanəti ilə hər iki general Bakıya gətirildi. 1923-cü ildə general Səməd bəy Sadıx bəy oğlu Mehmandorov Hərbi Dəniz Komissarlığında pul, kağız bölgüsü idarəsində sədr vəzifəsinə təyin olundu. Sonrakı illərdə isə pedaqoq kimi hərb tarixi ilə bağlı mühazirələr oxudu. 1928-ci ildə öz ərizəsi ilə vəzifədən ayrılan general Səməd bəy Mehmandarova 100 manat təqaüd kəsildi. 1931-ci il fevralın 12-də dünyaya vida nəğməsi oxuyan Cümhuriyyətin ilk və son Hərbiyyə Naziri Bakıda, sonralar “Dostluq parkı”na çevrilən Çəmbərəkənd qəbristanlığında dəfn olundu. 30- cu illərin burulğanında məzarı darmadağın olundu. İllər sonra üzə çıxan məzarının indiki Şəhidlər Xiyabanında mövcud olduğu məlumatı kütləvi informasiya vasitələri yaydı.
Ata tərəfdən Qacarlara, ana tərəfdən Talışxanovlara bağlı General
Hüquqşünas - vəkil kimi iş yeri Qafqaz Canişinliyi tərəfindən Şamaxıdan Lənkərana dəyişdirilən Sadıx bəy Mehmandarov burada general-leytenant Mir Mustafa xan Talışinskinin qızı Bikə xanımla evlənmişdi. General Səməd bəy Sadıx bəy oğlu Mehmandarov isə 1907-ci ildə Jitomirin məşhur əsilzadə soylarına bağlı Yelizaveta Teslova ilə ailə qurmuşdu. 1908-ci ildə oğlu Piri dünyaya gəlmişdi. Atası həbs edilib zindana salınanda onun 12 yaşı vardı. Peterburqa köçərkən Yelizaveta Teslova oğlunun adını dəyişərək ona İqor adını vermişdi. 37-ci ilin dəhşətli repressiyaları zamanı İqor anası ilə birlikdə öncə Peterburqdan Saratova, ordan isə Sibirə sürgün edilmişdi. II Dünya müharibəsi zamanı faşistlərin Sibirə gedən qatarı partlatması nəticəsində Yelizaveta Teslova – Mehmandarova həlak olmuş, İqor isə sağ qalmışdı.
Ulu Öndər Mehmandarovun oğluna ev bağışladı
Siyasi hakimiyyətinin birinci mərhələsində, 1970-ci ildə İqor Səməd bəy oğlu Mehmandarovu tapdıran, hələ onun axtarışlarına təhlükəsizlik orqanlarında çalışarkən başlayan Ulu Öndər Heydər Əliyev onu Bakıya dəvət edərək ona ev bağışlamışdı. Bundan sonra həyat yoldaşı ilə birlikdə İqor Səməd bəy oğlu Mehmandarov Bakıya köçmüş, ömrünü doğmalarının arasında başa vurmuşdu.
Qüdrətli sərkərdə, Cümhuriyyətin ilk və son Hərbiyyə Naziri general Səməd bəy Mehmandarovun sürgün əzabı yaşayan oğlu İqor Səməd bəy oğlu Mehmandarov 1989-cu ildə Azərbaycanda Milli Azadlıq hərəkatının boy verdiyi, atasının uğrunda can verdiyi hilallı-ulduzlu, üç rəngli bayraq göy üzünə səriləndə - 1989-cu ildə “Atamın yarımçıq arzuları reallaşır!” nidası ilə dünyasını dəyişərək Yasamal qəbristanlığında torpaq müqəddəsliyinə qovuşdu.
General Səməd bəy Mehmandarov irsi, şəxsiyyəti, Cümhuriyyətin özü, milli dövlətçilik tariximiz qədər əziz və müqəddəs bir dünya kimi bu gün də səcdəgaha çevrilib. Adı xatirəsi əbədiləşdirilən general Səməd bəy Mehmandarovun 160 illik yubileyi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı 26 sentyabr 2015-ci il tarixli Sərəncamla dövlət səviyyəsində qeyd edildi.
Silahlı Qüvvələr günü yenidən təsbit olundu
Azərbaycan Xalq Cümhuriyyəti hökuməti 1918-ci 26 iyun tarixli Sərəncamı ilə Azərbaycan Əlahiddə Korpusunu qurdu. Onun əsasında 1918-ci il noyabrın 17-də Hərbiyyə Nazirliyi yaradıldı. 1918-ci il dekabrın 25-də Tam Artilleriya generalı Səməd bəy Sadıx bəy oğlu Mehmandarov Hərbiyyə Naziri təyin edildi.
20-ci illərin bolşevik istilası ən ali idellara son qoysa da, Azərbaycan xalqı Milli Müstəqilliyə nail oldu. 26 iyun Azərbaycan Respublikasında Silahlı Qüvvələr Günü kimi yenidən təsbit edildi.
Milli Ordunun dirçəlişi, 44 günlük Vətən müharibəsində tarixi zəfərə imza atması üçün Ulu Öndərin əzəmətini, Müzəffət Ali Baş Komandan Prezident cənab İlham Əliyevin qüdrətini, Şuşa qalasına, Pənahəli xanın diyarına, həm də Mehmandarovların tarixi şəhərinə, mülkünə, malikanəsinə bir göz qırpımında qədəm qoyan, “ruh bədənə girən kimi girən” Azərbaycan Ordusunun əzəmətini etiraf etmək məcburiyyətində qalan dünyanın eşitdiyi ilk kəlamlardan biri bu oldu: “Biz boyunduruq altında olmamışıq! Denikin məni rus millətindən və çardan da yaxşı tanıyır. Mənim rəhbərlik etdiyim korpuslar digərlərindən güclü olmuşdur”.
“Ədəbiyyat və incəsənət”
(02.07.2026)
Məhəbbət Kazımov deyiləndə, mütləq yada Laçın düşür…
“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi
Bu gün Azərbaycan Respublikasının Əməkdar artisti Məhəbbət Kazımovun doğum günüdür. O Məhəbbət Kazımovun ki, özündən sonra mahnıları qaldı. Nisgil, kədər dolu mahnılar. Nədirsə, həmişə qəmli mahnılar oxuyardı. Əslən Laçından idi deyə “Laçınım” mahnısı repertuarından düşməzdi. Düşmən tapdağı altında olan ana yurdunun kədərini bir mahnıya bacarıla yükləyə bilmişdi. Əfsus ki, Laçının azadlığını görmədən dünyadan köçdü.
O, 1953-cü il iyul ayının 2-də Laçın rayonunun Çorman kəndində anadan olub. İlk təhsilini Şamkənd kənd orta məktəbində alıbdır. Kiçik yaşlarından istedadına görə digər bacı-qardaşlarından seçilib. Musiqi təhsili alması üçün qohum-əqrabanın təkidi ilə 1974-cü ildə Bakı şəhərinə gedib. Asəf Zeynallı adına musiqi texnikumuna qəbul olunub. İlk muğam dərslərini Nəriman Əliyevdən alıb, sonradan Ağaxan Abdullayevin sinifində oxuyub.
1976-cı ildən peşəkar səhnədə çıxış edirdi. "Dan Ulduzu" ansamblının solisti olub. Azərbaycanın bir çox konsert salonlarında öz tamaşaçılarına solo konsertlər verib. Bir çox xarici ölkələrdə, Türkiyədə, Rusiyada, İranda, Çexoslovakiyada və başqa ölkələrdə qastrol səfərlərində olubdur.
Məhəbbət Kazımov əsasən Azərbaycan milli musiqisi janrında, bir çox tanınmış mahnı və muğamlar oxuyubdur. Ən çox sevilən mahnılarından biri də "Laçınım" mahnısıdır. "Laçın" instrumental ansambılını da o yaradıb, onun rəhbəri olub.
14 sentyabr 2012-ci ildə Azərbaycan Respublikasının "Əməkdar artist" fəxri adına layiq görülüb.
27 yanvar 2014-cü ildə uzun sürən xəstəlikdən sonra vəfat edib. O, yanvarın 28-də Xırdalan qəbiristanlığında dəfn olunub
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(02.07.2026)
2 iyul günü dünyadan Hemenqueyi aldı
“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi
Dünyaşöhrətli Amerika yazıçısı Ernest Heminqueyin bu gün anım günüdür və əminliklə deyirəm ki, dünya boyu pravoslav və katolik kilsələrində nun ruhuna şam yandırılacaqdır.
Onun əsərlərini xumayan çox az adam tapılar.
Onu bütün dünya oxuyur.
Təsadüfi deyil ki, onu dahi adlandırırlar.
O, 21 iyul 1899-cu il tarixində Oak Parkda, ABŞ-ın İllinoys ştatında dünyaya göz açıb. Ernest Heminquey sadəcə bir yazıçı olmayıb — o, yaşadığı dövrün içində həm döyüşən əsgər, həm jurnalist, həm də dəli-dolu bir macəraçı olub. Onun həyatı da, əsərləri kimi, çəkişməli, kədərli, lakin çox güclü olub.
Uşaqlıqdan təbiətə, ovçuluğa və balıqçılığa marağı olan Heminquey, müharibə illərində könüllü olaraq I Dünya Müharibəsinə qatılıb. İtaliyada təcili yardım sürücüsü kimi çalışarkən ağır yaralanıb. Bu təcrübə onun ruhunu dərin şəkildə silkələyib və əsərlərinə sonsuz acı qatıb.
Üslubu sadə, lakonik və güclü cümlələrlə seçilib. O, “buz dağının nəzəriyyəsi” adlandırılan yanaşma ilə yazıb: oxucuya az sözlə çox şeyi hiss etdirmək. Cümlələr qısa olsa da, onların altında böyük hisslər yatır.
"Yaxşı yazıçı dənizin altındakı buz dağını da görə bilən adamdır”, – deyirdi Heminquey.
Yalnız Amerika deyil, bütün dünya ədəbiyyatına yeni nəfəs gətirmiş bir yazıçı olub. Onun əsərlərində insanın təbiətlə, müharibə ilə və öz vicdanı ilə mübarizəsi parlaq şəkildə əks olunub. Onun ədəbiyyatdakı izi – sadə görünən sözlərin dərin mənasında yaşayır.
Ən məşhur əsərləri
1. "Qoca və Dəniz"
Qoca balıqçı Santyaqonun dənizlə mübarizəsi fonunda iradə, tənhalıq və mənəvi qalibiyyət mövzularını işləmişdir. Bu əsərinə görə Pulitzer mükafatını qazanıb.
2. "Əlvida Silah"
Müharibənin boşluğu, insanın sevgiyə və həyata olan ümidsizliyi real və sərt dillə təqdim olunub.
3. "Günəş də Doğur"
"İtirilmiş nəsil"in simvolu olan bu roman, döyüş sonrası gənclərin mənasızlıq içində özlərini axtarışından bəhs edib.
4. "Zəng Kimin Üçün Çalır"
İspaniya vətəndaş müharibəsində amerikalı könüllü Robert Jordanın daxili dilemması və mübarizəsini təsvir edib.
1954-cü ildə Nobel Ədəbiyyat Mükafatına layiq görülən Heminquey, ömrünün sonlarında ciddi depressiyaya düşüb və 1961-ci ildə intihar edib.
Dahiliyin aqibəti bəzən elə bu cür olurmuş.
“İnsanı məğlub etmək olar, amma məhv etmək olmaz.” – Bu kəlam Ernest Heminqueyin "Qoca və Dəniz" romanındandır. Çox təəssüf ki bugünkü dünyada insanları məhz məhv edirlər…
“Ədəbiyyat və incəsənət”
(02.07.2026)
O dürüst idi, vicdanını heç vaxt itirmədi – O, CEYMS STÜART
İnci Məmmədzadə,
“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi
Həyatda ən vacib şey, dürüst olmaq və vicdanını itirməməkdir
Ceyms Stüart
Məşhur ABŞ və Böyük Britaniya aktyoru Ceyms Stüart 20 may 1908-ci ildə İndianada, Pennsilvaniyada anadan olub. “Filadelfiya əhvalatı” filminə görə 1940-cı ildə Oskar mükafatı qazanıb.
20-ci əsrin ən tanınmış və sevilən Hollivud aktyorlarından biri olub. Onun obrazları səmimiliyi, dürüstlüyü və adi insanın həyatındakı dəyərləri əks etdirib. Çox zaman sakit, lakin güclü xarakterli insanları canlandırıb. Çox utancaq və təvazökar şəxsiyyət kimi yadda qalıb.
Təkcə aktyor deyil, həm də II Dünya Müharibəsi və Koreya Müharibəsində xidmət etmiş peşəkar pilot olub. ABŞ Hərbi Hava Qüvvələrində briqada generalı rütbəsinə qədər yüksəldi. Hollivud ulduzları arasında ən yüksək rütbəyə malik olanlardan biri olub.
Aktyorluq tərzi təbii və emosional olub. O, “adi insanın qəhrəmanı” obrazını formalaşdırıb. Səhnədə danışıq tərzi bir qədər ləng və həyəcanlı, lakin səmimi və cazibəli olub.
Ən məşhur filmləri
1. It's a Wonderful Life (1946) – Ən tanınmış filmidir. Bu film, klassik Yeni İl filmi kimi tanınır.
2. Mr. Smith Goes to Washington (1939) – Ona ilk "Oscar" namizədliyi qazandırdı.
3. Rear Window (1954) – Alfred Hitchcock-un rejissorluğu ilə çəkilən məşhur triller.
4. Vertigo (1958) – Psixoloji triller janrında baş rolda.
5. The Philadelphia Story (1940) – Bu filmdəki roluna görə "Ən yaxşı aktyor" Oskarı qazanıb
6. Harvey (1950) – İmaginasiya mövzusunda klassik komediya.
7. Winchester '73 (1950) – Vestern janrında mühüm rol aldı.
Mükafatlar və naliyyətlər
- Oskar mükafatı (1941) – "The Philadelphia Story" filmindəki roluna görə.
- Fəxri Oskar (1985) – Bütün karyerası və Hollivudun dəyərli siması kimi.
- AFI tərəfindən "Ən böyük kişi aktyorlar" siyahısında 3-cü yerdə.
- Prezident Ronald Reyqan tərəfindən Azadlıq Medalı ilə təltif edilib.
1997-ci il iyulun 2-də ürək çatışmazlığından vəfat edib.
Amerikalılara Allah rəhmət eləsin demək mümkünsə, gəlin deyək.
“Ədəbiyyat və incəsənət”
(02.07.2026)
Xalq şairi Osman Sarıvəllinin anım günüdür
“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi
Qazax ellərinin yetişdirdiyi şairlər pleadasının daha bir üzvü - Xalq şairi Osman Sarıvəlli.
Əgər bir şairin azı bir şeiri dillər əzbəri oldusa, demək o şair tarixdə qalacaq. Osman Sarıvəllinin ən məşhur şeirlərindən olan “Günah onun özündədir” şeiri də dillər əzbəri statusunda olan şeirdir.
Dostum, incə barmaqların
Sədəflərin üzündədir.
Mənim meylim bir sazında,
Bir də şirin sözündədir.
Qarayazı meşəsində,
Cavan ovçu həvəsində,
Qulağın maral səsində,
Gözün ceyran izindədir.
Tarixi var hər daşın da,
Tərlanın on beş yaşında,
Bəzən qarlı dağ başında,
Bəzən Muğan düzündədir.
Baxan kimi sərraf gözün,
Təmtəraqlı yalan sözün
Canı yoxdur, dedin özün,
Məna sözün düzündədir.
Zaya getməz alın tərin,
Bir gün bitər şah əsərin,
Arzuların, diləklərin
Hələ sənin gözündədir.
Söz şairin ürəyində,
Zor binanın dirəyində,
Güc pələngin biləyində,
Pəhləvanın dizindədir.
Heç əlinə alma əsa,
Yetmişində batma yasa,
Hər kim yüz il yaşamasa
Günah onun özündədir.
Osman Sarıvəlli 1905-ci il dekabrın 17-də Qazax rayonunun İkinci Şıxlı (Sarıvəlli) kəndində anadan olub. Orta təhsilini Qazax Müəllimlər Seminariyasında aldıqdan sonra bir müddət Göyçay rayonunun Qaraməryəm və Bığır kənd məktəblərində müəllim işləyib. Təhsilini artırmaq məqsədilə Moskvaya gedib və burada Dövlət Universitetinin filologiya fakültəsində oxuyub.
1937-ci ildə Azərbaycan Yazıçılar İttifaqına üzv olub. Bakı Pedaqoji texnikumunda müəllim, Bakı Teatr texnikumunda müdir, Azərbaycan EA Nizami adına Dil və Ədəbiyyat İnstitutunda müdir müavini, "Ədəbiyyat qəzeti"nin redaktoru, Azərbaycan Yazıçılar İttifaqında şeir üzrə məsləhətçi vəzifələrində işləyib.
Ədəbi yaradıcılığına 1933-ci ildə başlayıb. Həmin ildə "Gənc işçi" qəzetində "Ayaqsız" adlı ilk şeiri çap olunub. Osman Sarıvəllinin "Dəmir sətirlərim" adlanan birinci kitabı 1934-cü ildə çap olunub.
Kitabları
- Dəmir sətirlərim
- Bənövşə
- Şairin hədiyyəsi
- Gətir, oğlum, gətir
- Gənclik eşqi
- Bahar çiçəkləri
- Yeni dünyanın qapısı
- İqlimdən-iqlimə
- Sabahı yaradanlar
- Seçilmiş əsərləri (üç cilddə)
- Hər kim yüz il yaşamasa
- Mən sabaha gedirəm
Təltifləri
1. "Azərbaycan SSR xalq şairi" fəxri adı
2. "Oktyabr İnqilabı" ordeni
3. "Qırmızı Əmək Bayrağı" ordeni
4. "Xalqlar Dostluğu" ordeni
5. "Şərəf nişanı" ordeni
6. "Əməkdə fərqlənməyə görə" medalı
Sman Sarıvəlli 1990-cı il iyulun 2-də Bakıda vəfat edib və doğulduğu kənddə dəfn edilib.
Ruhu şad olsun!
“Ədəbiyyat və incəsənət”
(02.07.2026)
Azərbaycan Televiziyasında o bir iz qoydu
Kənan Məmmədli,
“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi
Etibar Babayev – Rejissor və mükəmməl televiziya ustası. Onun yaradıcılığı ilə tanışlığım cəmi bir televiziya tamaşası ilə olub. Rejissoru olduğu, Varisin ssenarisi əsasında çəkilən “Novruz əməliyyatı” tamaşası ilə. Lakin elə bu bir tamaşa da onun fitri istedadına sübut idi.
Etibar Babayev Azərbaycanın tanınmış rejissoru, televiziya və kino sənətinin görkəmli simalarından biri olub. O, 1967-ci ildə anadan olub və uzun illər Azərbaycan Televiziyasında (AzTV) fəaliyyət göstərib.
"Peşəkar Fəaliyyəti"
AzTV-də təxminən 30 ilə yaxın çalışıb. 2018-ci ildən etibarən Bədii rəhbər, 2019-cu ilin fevralından isə Kinoproqramlar və Dublaj Baş redaksiyasının baş redaktoru vəzifəsində işləyib.
O, bir çox bədii və sənədli filmlərin rejissoru olub. Onun çəkdiyi filmlər arasında:
"Ana və poçtalyon"
"Xocalı yol gözləyir"
tamaşaçılar tərəfindən rəğbətlə qarşılanan ekran əsərləri var.
"Təltif və Mükafatlar"
10 noyabr 2011-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə ona "Əməkdar incəsənət xadimi" fəxri adı verilib.
Vəfatı
2 iyul 2020-ci ildə, Bakı şəhərində COVID-19 infeksiyası nəticəsində dünyasını dəyişib. Onun vəfatı mədəniyyət ictimaiyyətində dərin hüznlə qarşılanıb.
"Xatirəsi və İrsi"
Tanınmış rejissor Oqtay Əliyev onun haqqında belə demişdi: “O, mənim üçün müəllim, ustad, böyük qardaş, gözəl insan və əsl peşəkar idi.”
Həm sənətinə, həm də işinə olan sadiqliyi ilə yadda qalan, televiziyanın inkişafında iz qoymuş görkəmli şəxsiyyətlərdən biri olan Etibar Babayevin xatirəsi həmişə əziz olaraq qalacaq.
Allah rəhmət eləsin.
“Ədəbiyyat və incəsənət”
(02.07.2026)
Polislərin təbriki
Elman Eldaroğlu,
“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi
2 iyul Polis Günüdür. Bu gün ölkəmizdə növbəti polis günü qeyd edilir.
“POLİS” yunan sözüdür. Mənası şəhər, dövlət deməkdir. Bir vaxtlar Qədim Yunanıstanın hər şəhəri müstəqil dövlət olub. Bu dövlətlərin özünəməxsus sosial-iqtisadi və siyasi quruluşu vardı. Polis torpaq sahibləri ilə müxtəlif sənət və peşə adamlarının ittifaqından əmələ gəlmişdi. Əkinçilər və tacirlər də buraya daxil idilər. Şəhərlərdə hakimiyyət ağsaqqallar şurasının, kəndlərdə isə hərbi rəhbərlərin əlində idi. Sonrakı əsrlərdə bu ictimai qüvvələr üç əsas təbəqəyə- aristokratlara, demokrtalara və oliqarxlara ayrıldılar. Demokratlar çoxluq təşkil edən geniş xalq kütləsi, aristokratlar varlılar və yüksək vəzifəlilər, oliqarxlar isə hakimiyyət başında olanlar idi. Sonralar bu üç təbəqə arasında saysız ziddiyyətlər baş verdi.
Beləliklə, Qədim Yunanıstan heç zaman mərkəzləşmiş vahid dövlət şəklində birləşə bilmədi. Əvvəl Makedoniyalı İsgəndər, sonra isə romalılar Yunanıstanı işğal edib polislərin- şəhər dövlətlərinin varlığına son qoydular. Lakin şəhər-dövlətlərinin yaratdığı möhtəşəm yunan sivilizasiyası əbədi yaşadı. Onun bütün sahələrdəki mədəni nailiyyətləri kimi “POLİS” termini də bu gün yaşayır. Amma başqa mənada- dövlətin ictimai asayişə nəzarət etmək üçün yaratdığı hərbi dəstələr Avropa ölkələrində və ABŞ-da polis adlandı. Bu dəstələr daha mütəşəkkil forma alıb, dünyanın əksər ölkələrində tətbiq edildi. Hazırda dünyanın bir çox yerində olduğu kimi, sabiq sosialist dövlətlərinin çoxunda, o cümlədən, Azərbaycanda da ictimai asayişi qoruyan şəxslərə POLİS deyilir...
Polisdə, o cümlədən hüquq mühafizə orqanlarında, silahlı qüvvələrdə rütbə artımı bəlkə də adi bir məsələdir. Məlumdur ki, bu sahədə vəzifə yüksəldikcə, ona müvafiq rütbə də verilir. Yadımdadır, DİN-in İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyevin polkovnik-leytinant rütbəsi alması sözün əsl mənasında insanlar arasında sevinclə qarşılandı. Hamı onu təbrik etməyə tələsirdi.
Əslində, buna səbəb rütbə yox, Elşad Hacıyevə olan xalq məhəbbəti idi. Bəli, o, öz vəzifə borcunu ləyaqətlə yerinə yetirir, yerindədir. İnsan yerində olanda isə bütün bucaqlardan baxanda elə yerində görünür...
Haraya göz gəzdirirsən gəzdir, sosial şəbəkə platformalarında, eləcə də KİV-də Elşad Hacıyevə rast gəlirsən. O, ölkə ərazisindəki kriminal hadisələr, polisin uğurları, nöqsanları haqqında ictimaiyyəti daim məlumatlandırır. Daha doğrusu, onu izləməklə ölkədə baş vaerən bütün hadisələrdən xəbərin olur. Zarafat deyil, sanki böyük bir təbliğat və təşviqat maşınının işini görür...
Heyf ki, haqqında geniş bilgi əldə edə bilmədim. İnternet şəbəkəsində onun barəsində çox az məlumat var. Amma buna baxmayaraq, bu ölkənin bir vətəndaşı kimi, xidməti fəaliyyətini, sosial platformalarda insanlarla gözəl rəftarını əsas tutub, ona minnətdarlığımı çatdırmaq istəyirəm...
Bəli, polkovnik-leytinant Elaşad Hacıyev Azərbaycan POLİSİNİ sevdirməyi bacarır. Onun timsalında növbəti 2 iyul Polis Günü xeyli əlamətdar göründü.
“Ədəbiyyat və incəsənət”
(02.07.2026)


