Super User

Super User

“Ədəbiyyat və incəsənət” portalının “Ədəbiyyat qəzet” ilə birgə ƏDƏBİYYATIMIZI SEVDİRƏK layihəsində bu gün sizlərə Ülvi Babasoyun essesi təqdim edilir. 

 

Dünyanın dörd fərqli bölgəsində eyni anda təyyarə qəzaları baş verir. 

Bu qəzalardan yalnız üç uşaq xilas olur. 

Özü də burunları belə qanamadan. 

Özü də burunları belə qanamadan. 

Qəzadan kədərli bir səs yayılır bütün dünyaya. 

Pamela Mey Donald ölüm anında bir səs göndərir: "Uşaq... uşağa diqqət yetirin, ölən insanlara baxın. Ay Allah, o qədər çoxdur ki. İndi də mənimçün gəlir ölüm. Hamı  gəldi-gedərdi. Hamı".

Hadisələr  Sara Lotsun "Üç" romanında baş verir. 

Lots romanında mini qiyamət yaradır. 

Hadisələrə qarşı fərqli mədəniyyətlər və ölkələrin baxış bucağını göstərir.

İnam və inamsızlıq, ümid və ümidsizlik qəza və bəlalarda üzə çıxır. 

25 dekabr 2024-cü ildə Bakı-Qroznı təyyarəsi Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğradı.

Qəzanın görüntüləri sosial mediada ildırım sürətiylə yayıldı.

Çünki bir insanın ölümü bütün insanlığın itkisidir.

Bir insanın xilası isə insan nəslinin davamı və gələcəyidir.

Təyyarə bələdçisi Hökümə Əliyevanın səsi ümidsizlik tunelindən çıxarır sərnişinləri.

Hər şey bitdi deyərkən ürəklərə rahatlıq və dinclik bəxş edir.

Ümidsizlik ən böyük və şiddətli düşmənimizdir.

Qəzada dünyalarını dəyişənlər bizim var olduğumuz həyatda yaşayacaqlar. Ehtiram və hüznlə anırıq onları... 

Və unutmayacağıq. 

Axı unudulmaq metafiziki ölümü reallaşdırır.

Bu dünyadan köçənləri yaşatmağımızın ən yaxşı yolu onların xatirələrini uca tutmaqdır.

Azərbaycan dövləti və xalqı qəzaya işıq sürətiylə münasibət bildirdi.

Hadisəyə hüquqi və humanist qiymət verildi.

Matəm elan olundu.

"Üç" romanında sağ qalan uşaqlar necə ümid və həyat eşqi aşılayırlarsa, Hökümə xanımın səsindəki heyrətamiz duruluq və güvən məhzun bir xatirə kimi ürəklərdə qalacaq.

 

“Ədəbiyyat və incəsənət”

(28.12.2024)

Şənbə, 28 Dekabr 2024 12:14

Yarımçıq xatırələr - ŞEİRLƏR

Aynur İsmayılova, “Ədəbiyyat və incəsənət”

 

 

Bilmirəm yaşamaqmı, 

yaş almaqmı mənimkisi 

Bir ümmanda gəmi olub 

yol almaqmı mənimkisi 

Sonsuzluğa yelkən açıb 

ayrılmaqmı mənimkisi 

Yoxsa baxıb ay-ulduza 

dayanmaqmı mənimkisi.

 

*

 Susur dəniz, səma səssiz, fikrim izsiz 

Dalğalanır küləklə bir mavi dəniz 

Düşüncələr dənizində coşur hərgiz 

Nə tufanlar, nə dalğalar, nə də sellər. 

 

Yaşamaqdır bu dünyanın hər bir halı 

Yaşadandır həm bugünü, həm sabahı 

Yaşladarmı bu quruyan göz yaşımı?

Aylar ötsə, illər keçsə, ömür bitsə....

 

                                                  

 *

 

Düşünürəm, 

yenə susub ürək 

dillənməyir

Səslənirəm, 

ürək yenə susur 

dillənməyir 

Ağlayıram, 

“duy səsimi oyan, hay ver mənə” deyirəm, 

Gözləyirəm, ürək susur 

yenə dillənməyir 

 

 

*

 

Günəş batır, 

axşam düşür, 

hər yer qaralır…

Bu gün də ömrümün 

növbəti bir yarpağı saralır 

Həyat qatarım 

perrondan ayrılıb

son mənzilə yollanır…

Qatarın taqqıltı səsləri isə

Təkrarlayır ki 

alışmısan, 

sönən deyilsən. 

Mən ötən yollara 

bir də

dönən deyiləm…

 

“Ədəbiyyat və incəsənət”

(28.12.2024)

Cahangir NAMAZOV, “Ədəbiyyat və incəsənət” portalının Özbəkistan təmsilçisi

 

 

Azərbaycan hava yollarının uçağının faciəyə uğradığını eşitdiyimdə dərin kədər hissi keçirtdim...

 

Bu cür faciələr insanda dərin kədər hiss və ümidsizlik yaratsa da, hər birimizi ehtiyatlı və diqqətli olmağa, bir-birimizə mərhəmət göstərməyə çağırır. Hər kəsin həyatı qiymətlidir.

Bu ağır faciə yalnız Azərbaycanı deyil, qardaş Özbəkistanı da kədərləndirdi. Ürəyi qardaş və dost olan birinin evində kədərli bir gün yaşanarkən, bizim də ürəyimiz yaralanır. Həqiqətən, biz bir-birimizi dəstəkləyərək, çətin anlarda bir-birimizə kömək etməliyik. Azərbaycan xalqının bu ağır sınaqdan çıxması bizim də birləşərək, sükunət, səbr və mərhəmət göstərməyimizə bağlıdır. 

Öz dərin hüznümü bildirərək, həyatını itirənlərin ailələrinə və yaxınlarına başsağlığı verirəm. İtirilmiş hər bir insanın ailəsi üçün çox böyük kədər hiss edirəm. Hər bir insanın ölümü, onun ailəsinə böyük izlər qoyur. Amma, bizlər bu faciələri düşündükdə, bir insanın həyatı onun zəhməti, arzuları və keçmişi ilə əlaqəlidir. Biz buna görə də bu çətin günlərdə, Azərbaycan xalqına dözüm, səbr diləyirik. Həmçinin, yaralananlara tezliklə sağalmaq, onların ailələrinə güc-qüvvət arzulayıram. Onların sağalması və yenidən həyatın gözəlliklərindən bəhrələnmələri üçün imkanlar diləyirəm. 

Hər bir yaralı insanın arxasında o ailənin və cəmiyyətin böyük bir yükü olduğunu unutmamalıyıq. Bizim dəstəyimiz onlara güc, səbr və ümid verəcəkdir. Dualarımı çatdırıram, Allah Azərbaycan xalqını bütün bəlalardan qorusun, onlara güc və qüvvət versin. Azərbaycana  sülhü, sabitliyi, rifah arzulayıram.

Allah dünyasını dəyşənlərə rəhmət eləsin, yaralananlara şəfa versin!

 

“Ədəbiyyat və incəsənət”

(28.12.2024)

2024-cü ildə dahi Azərbaycan şairi və mütəfəkkiri İmaməddin Nəsiminin anadan olmasının 655 ili tamam oldu. Azərbaycan xalqının çoxəsrlik ənənələrə malik bədii və fəlsəfi fikrində dərin iz qoymuş mütəfəkkir şair İmadəddin Nəsiminin zəngin irsinin təbliği məqsədilə Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında “İmaməddin Nəsimi - 655” adlı elektron məlumat  bazası hazırlanıb. Məlumat bazası kitabxananın rəsmi saytında yerləşdirilib.

 

“Ədəbiyyat və incəsənət” portalına kitabxanadan verilən məlumata görə, kitabxana əməkdaşları tərəfindən hazırlanan məlumat bazasında AMEA-nın prezidenti akademik İsa Həbibbəylinin “Cahana sığmayan Azərbaycan şairi”, Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi Səadət Şıxıyevanın “Nəsimi yaradıcılığında insanın irfani, dini və dünyəvi dərki” məqalələrinin tam mətni ilə yanaşı,  “Rəsmi sənədlər”, “Görkəmli şəxslər İmadəddin Nəsimi haqqında”, “Nəsimi yaradıcılığından nümunələr”, “İmadəddin Nəsimi bədii ədəbiyyatda və incəsənətdə” kimi bölmələr də mövcuddur.

Elektron bazada dahi şairin Azərbaycan, türk, ingilis, alman, fars və rus dillərində nəşr edilən əsərləri, haqqında yazılan kitab və məqalələr, sözlərinə yazılan musiqi əsərləri, Nəsiminin həyat və yaradıcılığına həsr edilən dissertasiya və avtoreferatlar, izonəşrlər təqdim edilir. Kitabxana əməkdaşları tərəfindən hazırlanan bazada İmadəddin Nəsiminin xatirəsinin əbədiləşdirilməsi haqda məlumatlar, kitablarının virtual sərgisi, filmoqrafiyası və videoqalerayası da sərgilənir.

 

“Ədəbiyyat və incəsənət”

(28.12.2024)

Şənbə, 28 Dekabr 2024 11:28

PA - Uğura necə zəmin yaratmalı?

“Ədəbiyyat və incəsənət” portalı PORTAL AKADEMİYASInda növbəti, üçüncü abituriyent kurslarına davam edir. Həyatda necə uğur qazanmalı, hədəfi necə seçməli, hədəfə doğru necə irəliləməli, necə lider olmalı – bu sayaq suallar hər birinizi düşündürür, bilirik. Onlara PORTAL AKADEMİYASI məşğələlərinə qatılmaqla çavab tapacaqsınız. Rubrikanı millət vəkili, motivasiya spikeri, yazıçı Əlibala Məhərrəmzadə aparır.                           

 

Bir məşhur müasir dövr rəvayəti yaranıb, deyirlər, bir nəfər imkansız şəxs radiolardakı, televiziyalardakı lotereya üzrə başgicəlləndirici uduş məbləğlərini, astronomik cek-pot reklamlarını o qədər görür, tanış-bilişin bu mövzudakı bazar söhbətlərini o qədər eşidir ki, böyük bir məbləğ udmaq arzusu onun həyatının şah arzusuna çevrilir. O hər gün xəyallar qurur ki, cek-pota sahib olub bütün borclarını qaytaracaq, mənzil, avtomobil alacaq, uşaqlarını oxudacaq, ailəsinə şad-xürrəm, firavan həyat bəxş edəcək. Və hər səhər işıqlaşanda əllərini göyə açıb Tanrıya dua eləyir ki, ay Tanrım, nə olar, mənə cek-potu udmağı nəsib elə.

Beləcə, aylar ötür, illər keçir. Arzusuna qovuşmadığını görən bu şəxs get-gedə aqressivləşir, Tanrıya duasında kəskin tonlardan, iradlardan istifadə edir, şikayətlənir ki, axı sən necə Tanrısan, bircə arzumu yerinə yetirmirsən.

Və bir gün qeybdən ona səs gəlir ki, ay binəva insan, sən böyük məbləğ udmaq istəyirsən, ancaq adi bir həqiqəti başa düşmək istəmirsən ki, lotereyada udmaq istəyən kəs ilk öncə lotereya biletini almalıdır. Bu necə olur ki, sən bileti almırsan, Tanrıdan uduş arzulayırsan, arzun da reallaşmayanda Tanrıya irad bildirirsən?

Bu rəvayət hazırda hədsiz aktualdır. Bu gün insanlar daha çox əziyyətsiz mənsəbə çatmaq istəyirlər. Oxumur, təhsil almırlar, bir sənət öyrənmirlər, bir əziyyətə qatlaşmaq istəmirlər. Bununla belə, rahat, firəvan, tam təminatlı həyat arzulayırlar. Və bu həyata da qovuşmayanda onların içlərində bir narazılıq, bir küskünlük şeytanları oyanır.

Ünsiyyət qurduğum həyatdan narazıların əksəriyyətində bu əziyyətsiz mənsəbə çatma meyillərini görürəm. Baxırsan, gəncdir, iş axtarır. Müraciət edir, köməklik göstərirsən, bir tanışından xahiş edirsən ki, onu işlə təmin etsin. Nəticə isə ürəkaçan olmur. O səni tanışının yanında pis vəziyyətdə qoyur. Verilən tapşırıqlara əməl etmir, görəcəyi işi görmək istəmir, «məni filankəs tapşırıb» bəhanəsinin altında kölgələnmək istəyir.

Bir dəfə bir tanışımın övladı üçün müəssisələrdən birinin müdirindən iş xahiş etmişdim. Onu növbə ustası vəzifəsinə təyin etdilər, mən də missiyamı bitirib gördüyüm növbəti savab işimin nöqtəsini qoydum. Amma deməzsənmiş, cəmi bir həftədən sonra bu şəxs müdirin qəbuluna düşüb şikayət edib ki, bəs ali təhsilliyəm, növbə ustalığı istəmirəm, heç olmasa sex rəisi təyin edin ki, perspektivim olsun, ən yüksək rəhbər vəzifələrə keçə bilim.

Bu nə təfəkkürdür, nə məntiqdir? Sən niyə istehsalı tam öyrənməmiş, təcrübə yığmamış, aşağı mərhələlərdə təkmilləşməmiş dərhal yuxarı mərhələ istəyirsən? Binanın birinci mərtəbəsi tikilmədən 5-ci mərtəbəsini tikməkmi olar?

Ya da böyük arzularla, amallarla yaşadığını iddia edən bir şikayətçi abiturientin qəbul imtahanlarına hazırlaşmaq əvəzinə həmin böyük arzuların, amalların xəyalları ilə, necə deyərlər, «xəyal-plov» yeməklə gün keçirdiyi məlum olur. Kitab üzü açma, müəllim yanına getmə, bilik əxz eləmə, sınaq imtahanlarına qoşulma, sonda da qəbul imtahanlarında az bal toplayıb küskünləş, ruh düşkünlüyü, xəyal qırıqlığı yaşa? Bu necə olur axı?

Düzdür, həmin gənc ailəsinin imkansız olması səbəbindən məktəbdənkənar vaxtda işlədiyini, boş zamanının olmamasını özünə alibi sanır, amma hər halda, gözəl bir məsəlimiz var, könlü balıq istəyən quyruğunu buzlu suya qoyar.

Sən biliklər qazanmaq əziyyətinə qatlaşmadan, yuxusuz gecələr keçirmədən, adi normal həyat rejimini kəskin dəyişmədən, öz çalışqanlığından motivasiya almadan axı necə ali məktəb tələbəsi ola bilərsən?

Və yaxud, bir şikayətçi olan tanış idmançını götürək. Yunan-Roma güləşçisidir. Yoldaşları durmadan məşq edirlər, qida rasionundan, vitamin qəbulundan, çəki tarazlığından tutmuş olimpiya çempionları olmuş ən güclülərin oyunlarını izləmək, məşqçilərin tapşırıqlarına diqqət kəsilmək, mövcud tematik ədəbiyyatı oxumağa qədər özlərini idmana sərf edirlər. O isə çempion olmaq xülyası ilə yaşayaraq sadəcə, beynində qazanacağı trofeylərdən necə istifadə edəcəyini canlandırır. Təbii ki, nəticə acınacaqlı olur, o, uğur qazana bilmir. Öz məsuliyyətsizliyinin  günahını məşqçi diqqətsizliyi və hakimlərin qeyri-obyektivliyinin üzərinə yıxmaqla indi o, nəyəsə nail ola biləcəkmi? Əlbəttə ki, yox!

Həyatın qızıl qanunu: Uğur qazanmaq üçün ilk öncə bu uğurun zəminini yaratmalısan.

 

“Ədəbiyyat və incəsənət”

(28.12.2024)

 

 

Dekabrın 27-də Azərbaycan Dövlət Film Fondu və Azərbaycan Kinematoqrafçılar İttifaqının təşkilatçılığı ilə tanınmış kinorejissor Fikrət Əliyevin 85 illik yubileyi münasibətilə xatirə gecəsi keçirilib.

 

Film Fondundan AzərTAC-a bildirilib ki, tədbir çərçivəsində sənətkarın həyat və yaradıcılığını özündə əks etdirən fotosərginin açılışı olub.

 

Xatirə gecəsində çıxış edən Azərbaycan Dövlət Film Fondunun direktoru Əməkdar incəsənət xadimi Cəmil Quliyev Fikrət Əliyevin yaradıcılığı haqqında məlumat verib, onun Azərbaycan kinosunda Abşeron mövzusuna xüsusi münasibətinin olduğunu vurğulayıb. Sonra Xalq artistləri Əbdül Mahmudov, Şamil Süleymanlı, Əməkdar artist Ruhəngiz Musəvi tanınmış rejissor haqqında xatirələrini bölüşüblər.

 

Tədbirin sonunda “Aranfilm” studiyasının kinorejissor Fikrət Əliyevə həsr etdiyi “Məni izləyən müəmma” filmi (rejissoru Babək Abbaszadə) nümayiş olunub.

 

“Ədəbiyyat və incəsənət”

(28.12.2024)

Mədəniyyət Nazirliyi, Dünya Türk İş Konseyi, TÜRSOY, Türk Mədəniyyəti və İrsi Fondu, Bakı Media Mərkəzi, “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyi və “Azərlotereya” ASC-nin dəstəyi ilə keçirilən "Gənclər və Türk dünyası mədəniyyəti" tədbiri çərçivəsində “Əmanətə sədaqət” layihəsinin iştirakçıları ilə görüş təşkil edilib.

 

“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, məqsəd zəngin Türk dünyası mədəniyyətini gənclərə tanıtmaq, onların bu irsin qorunaraq gələcək nəsillərə ötürülməsində fəal iştirakını təşviq etməkdir.

 

Tədbirdə çıxış edən mədəniyyət nazirinin müavini Səadət Yusifova Türk dünyası ilə əlaqələrin möhkəmləndirilməsi və gənclər arasında mədəniyyət mübadiləsinin önəmini diqqətə çatdırıb. O, belə təşəbbüslərin gələcəkdə daha geniş miqyasda davam etdirilməsinin vacibliyini vurğulayıb.

 

Sonra "Azərlotereya" ASC-nin İdarə Heyətinin sədri Osman Karakuş çıxış edərək dünyada türk mədəniyyətinin tanınması və dəyərlərimizin yaşadılmasında gənclərin böyük rolundan bəhs edərək “Əmanətə sədaqət” layihəsindən bəhs edib. Bildirib ki, “Azərlotereya”nın dəstəyi ilə 3 ildir həyata keçirilən layihə hazırda 150 şəhid əmanətini əhatə edir. Layihə çərçivəsində Türkiyədə və Azərbaycanda təhsil alan şəhid övladlarının təhsil haqqı və yaşam xərcləri qarşılanır.

 

"Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Sevinc Alızadə də çıxışında gənclərin Türk dünyası mədəniyyəti ilə daha yaxından tanış olması baxımından tədbirin mahiyyətini yüksək qiymətləndirib.

 

Daha sonra Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova və TÜRKSOY-un nümayəndəsi Melik Özsöz çıxış edərək Türk dünyasının zəngin mədəni irsi və ortaq dəyərlərin qorunmasının əhəmiyyətindən danışıblar.

 

Sonda “Tağıyev: Neft” bədii filmi nümayişi olunub.

 

“Ədəbiyyat və incəsənət”

(28.12.2024)

Mədəniyyət naziri Adil Kərimli və Milli Məclisin Mədəniyyət komitəsinin sədri Polad Bülbüloğlunun nazirlik yanında İctimai Şuranın üzvləri ilə görüşü olub.

 

“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir  ki, görüşdə A.Kərimli mədəniyyət sahəsi ilə bağlı məsələlərin daha geniş müzakirə olunmasında və ictimai dinləmələrin təşkilində fəal iştirakına görə İctimai Şuraya təşəkkürünü bildirib.

Nazir mədəniyyət sahəsinin inkişafı istiqamətində İctimai Şura ilə birgə çalışmağın önəmini diqqətə çatdırıb. 

Görüşün əhəmiyyətini yüksək qiymətləndirən Milli Məclisin Mədəniyyət komitəsinin sədri Polad Bülbüloğlu İctimai Şuranın işinin cəmiyyətin mədəniyyət sahəsi ilə bağlı məsələlərə münasibətinin öyrənilməsinə xidmət etdiyini deyib.

İctimai Şuranın sədri akademik Nizami Cəfərov çıxışında bildirib ki, şura ilə sıx əməkdaşlıq Mədəniyyət Nazirliyinin fəaliyyətini daha da möhkəmləndirir, yeniliklərə və islahatlara təkan verir.

İctimai Şuranın sədr müavinləri Əkbər Qoşalı, Vüqar Qədirov, şuranın üzvü Xanoğlan Əhmədov müzakirə olunan məsələlər barədə öz fikirlərini bölüşüblər.

 

“Ədəbiyyat və incəsənət”

(28.12.2024)

Xalq yazıçısı, akademik Kamal Abdullanın əsəsrlərindən seçilmiş bir sıra qranula – cövhər sayıla biləcək məqamları “Ədəbiyyat və incəsənət” oxucularına təqdim edir.

 

Kamal Abdulla özü seçilmiş bu cövhərlər barədə yazır: “İllərdən bəri yazdığım müxtəlif şeirlərin, esselərin, pyeslərin, hekayə və romanların, publisistik məqalələrin və elmi əsərlərin, verdiyim intervülərin hər birinin içində yer almış və bu gün də öz məzmunu, tutumu, forması ilə diqqətimi çəkən misralar, cümlələr günlərin bir günü sanki dil açıb mənə dedilər ki, bizim bir-birimizdən zaman və məkanca ayrılığımıza son qoy və bizi bir-birimizin yanında yerləşdir. Sən görəcəksən ki, bu zaman biz tamamilə yeni bir cazibədə zühur etmişik. Onlar qeyri-səlis məntiq dili ilə desək, içində olduqları mətnin qranulaları (ilkin vacib hissəcikləri) idi. Qranula, başqa cür ifadə etsək, cümlədən (mətndən) bütün artıq hissələri siləndən sonra yerdə qalan cövhərdir.”

 

Bu günlərdə “Everest” nəşriyyatında müəllifin “Seçmələrin seçməsi-qranulalar” adlı kitabı da işıq üzü görmüşdür.

Beləliklə, hər gün Kamal Abdulladan 7 qranula:

1.

“ Qürbət uzun, bu yol qısa.

Möhnət uzun, bu yol qısa

 Sənə əgər çox lazımsa,

Bu yol gətirir mənə”

2

Bizim milli ikiliklər!.. Biz bir tərəfdən Koroğlunun nəvələriyik. O biri tərəfdən dövlətçiliyimiz üçün canımızı verərik. Koroğlu isə, yada salım ki, dövlətçiliyin düşməni idi. O bu dövlətçiliyi təmsil edən xanına qarşı üsyan etmişdi. Biz bir tərəfdən Babəkin nəvələriyik, o biri tərəfdən müsəlmanıq, islam dininə sadiqik. Bir tərəfdən Şah İsmayılı bütləşdiririk, o biri tərəfdən Türkiyə bizim üçün əziz məkandır. Bu əkslikləri bir-birinin yanına sığışdırmaqla biz özümüz özümüzü aldatmırıqmı?!

3.

“ Nə biz yolu tanıyırıq, nə yol bizi,

Haralara gətirəcək bizi bu yol?!”

4.

Bir vaxt mütaliəli və intellektual olduqlarını gözə soxmaq istəyənlər deyirdilər ki, sən bilirsən, mən kimi oxuyuram? Mən Kamal Abdullanı oxuyuram. İndi deyirlər ki, sən bilirsən mən kimi oxumuram? Mən heç Kamal Abdullanı oxumuram...

5.

Bir ingilis tanıyırsınızmı desin, mən Robin Qudun nəvəsiyəm?! Robin Qud ingilislərin Koroğlusudur. Bir rus tanıyırsınızmı desin, mən Stepan Razinin nəvəsiyəm?! Stepan Razin rusların Koroğlusudur. Bir alman tanıyırsınızmı desin, mən Ziqfridin nəvəsiyəm. Təxminən, Ziqfrid də almanların Koroğlusudur. Ancaq bizik öz həqiqi babalarımızı unudub Koroğluları, Babəkləri, Qaçaq Nəbiləri özümüzə baba edən...

6.

İndiki şəraitdə istedada kömək etmək ona mane olmamaq deməkdir.

7.

“ Yenidən dünyaya gəlmək istəyib

Səhvsiz yaşamağı arzulayarıq.

Son dəfə sakitcə ölmək istəyib

 Ölərik – ayılıb görrük ki, varıq.”

 

“Ədəbiyyat və incəsənət”

(28.12.2024)

 

 

 

 

Azərbaycan Yazıçılar Birliyinin üzvü,  şair Çoşqun Xəliloğlu Şəhidlər barədə şeirlər silsiləsini Redaksiyamıza təqdim edib. Növbəti şeir Alı Həsənliyə ithaf olunub. 

 

 

ALI NOFƏL OĞLU HƏSƏNLİ

(22.06.1995.-21.11.2020.)

Əslən Borçalı elindən olan, Bakı şəhərində anadan olmuş, Bakıdakı 220 nömrəli orta məktəbin və ADNSU-nun məzunu, SOCAR-ın Təhlükəsizlik İdarəsinin əməkdaşı, Qarabağın azad edilməsi uğrunda Vətən müharibəsinin şəhidi.

 

A L I

Dostlar, gəlin Alını biz yaxından tanıyaq,

Qorxmaz qəhrəmandır o, onu xalqa tanıdaq.

Alı Vətən istəkli, Vətən sevdalısıydı,

Ərənlərin ərəni, oğulların xasıydı.

İki bacının əziz, istəkli qardaşıydı,

Təkcə qardaş deyildi, həm də bir sirdaşıydı,

Ananın həm fərəhi, həm də qüruru idi,

Atanın ümidləri, fəxri, uğuru idi.

Ocağa bir hərarət, evə yaraşıq idi,

Sevirdi Vətənini, yurduna aşiq idi.

Sakitdi, təmkinliydi, həm də istiqanlıydı,

Yurdumuzun vurğunu, sonsuz vətəncanlıydı.

Zəhməti, işi sevər, daima çalışardı,

Sanki vaxtla -zamanla inamla yarışardı.

Lap kiçik yaşlarından Alı çəkirdi zəhmət,

Kim tər tökərsə əgər qazanar, xətir- hörmət.

Məktəbə gedən zaman bəli, altı yaşında,

Hər bir suala vardı cavab – onun “başında”.

Əlaçıydı, məktəbi əlalarla bitirdi,

Mühəndis olmaq üçün ali məktəbə girdi.

Vətənə qulluq, xidmət necə müqəddəs işdi,

Budur, əsgərlik vaxtı gəldi, çatdı, yetişdi.

Hərbi xidmətdə Alı möhkəmləndi, bərkidi,

Hamı sevirdi onu, cəsur mərdi, igidi.

Əsgərlik xidmətini, vurub uğurla başa:

“- Dedi, ən böyük arzum, dərddən qurtulsun Şuşa.”

Bir gün SOCAR-da işə qəbul olundu Alı,

Xeyir işlər görməkdi, onun məqsəd-amalı.

Vətənin dar günündə Vətən deyib yeridi,

Bildi mərdlik zamanı, bildi hünər yeridi,

Atəşə döndü Alı, alov oldu, od oldu,

Önündə namərd düşmən suya döndü, əridi.

Qızğın döyüşlər gedir, bir an döyüş səngimir,

Hərə öz yerindədir, heç bir əsgər ləngimir.

Dayanmayır Alıgil, bax, necə vuruşurlar,

İşıqlı gündüz olsun, ya gecə vuruşurlar.

Cəbrayılda düşmənlə qanlı döyüş zamanı,

Tanımaq olmayırdı cəsur, mərd qəhrəmanı.

Taleyin qismətidir pələng kimi bu igid,

Əziz canından keçdi, oldu müqəddəs şəhid.

Düşməni məğlub etdi, ordumuz gəldi qalib,

Xalqımız torpağına, elinə oldu sahib.

Alı ürəklərdədir, hər bir zaman o sağdır,

Nə qədər xalqımız var, Alı yaşayacaqdır.

Düşmənin üzərində şanlı zəfər çalınıb,

Şərəfsiz düşmənlərdən, gözəl Şuşam alınıb.

 

“Ədəbiyyat və incəsənət”

(28.12.2024)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.