
Super User
Baba Vəziroğlunun “Xatirədir”i UNUDULMAZ SEVGİ ŞEİRLƏRİNDƏ
Rubrikanı aparır: Könül, “Ədəbiyyat və incəsənət”
UNUDULMAZ SEVGİ ŞEİRLƏRİNDƏN növbəti təqdim edəcəyim şeir hamımızın sevimli şairi Baba Vəziroğlunundur. “Xatirədir” şeiri, Alim Qasımovun oxuduğu çox gözəl bir mahnıdan sizə tanışdır.
Bir adadır sevgimiz,
Hər yanı xatirədir...
Necə də gözəl deyir.
Xoş mütaliələr!
Niyə yanır bu ocaq,
Yanıb, külü qalacaq.
Bilmirəm nə olacaq,
Olanı xatirədir...
Qar yağır narın-narın,
Üzü gülür dağların.
O yaşıl yarpaqların
Solanı xatirədir...
Ay çəmənin çiçəyi,
Niyə soldu ləçəyin?!
Bu dünyanın gerçəyi,
Yalanı xatirədir...
Niyə çıxdıq yola biz,
Dəli olub bu dəniz.
Bir adadır sevgimiz,
Hər yanı xatirədir...
Gerçəkdi, yoxsa yalan,
Gəlib keçdi nə zaman?!
Sevginin ömrü bir an,
Qalanı xatirədir...
“Ədəbiyyat və incəsənət”
(28.12.2024)
“İrəvan mətbəxindən nümunələr” layihəsində Heyva dolması
Rubrikanı Könül aparır.
“Ədəbiyyat və incəsənət” portalının Azərbaycan Milli Kulinariya Assosiasiyası ilə birgə layihəsində sizlərə hər dəfə İrəvan mətbəxindən nümunələr təqdim edirik. Bu nümunələr Azərbaycanın bu sahə üzrə tanınmış mütəxəssisi, əməkdar mədəniyyət işçisi, tarix üzrə fəlsəfə doktoru, kulinar Tahir Əmiraslanovun gərgin əməyi nəticəsində ortaya çıxmışdır.
Bu gün sizlərə Heyva dolmasının hazırlanma qaydasını təqdim edəcəyik.
Nuş olsun!
DÜSTUR
§ Quzu əti – 78 qr
§ Quyruq – 15 qr
§ Heyva – 350 qr
§ Yumru düyü – 17 qr
§ Soğan – 15 qr
§ Kərə yağı – 25 qr
§ Badam – 8 qr
§ Albuxara – 8 qr
§ Ərik qurusu – 8 qr
§ Nanə – 8 qr
§ Darçın – 0,1 qr
§ Sarıçiçək şirəsi – 0,1 qr
§ Duz – 4 qr
§ İstiot – 0,05 qr
Xörək əlavəsi:
§ meyvə turşusu (məti) – 20 qr
HAZIRLANMASI:
Quzu ətinə quyruq, duz, istiot, soğan vurularaq qiymə hazırlanır və qızardılır. Heyvanın içi təmizlənir, qaynar duzlu suda pörtlədilir. Badam qaynar suda pörtlədilir, qabığı təmizlənir, iki yerə bölünür. Albuxara və ərik qurusu xırda doğranır. Daha sonra badam, albuxara, ərik qurusu, yarıbişmiş düyü qızardılmış qiyməyə əlavə olunur. Ədviyyatlar da əlavə olunaraq qarışdırılır. Qiymə heyvanın içərisinə yığılır və üzərinə kərə yağı qoyulur. Tavaya yığılır, üzərinə işgənə əlavə olunur və qızdırılmış sobaya qoyulur. 25-30 dəqiqə müddətində 180-200°C-də bişirilir. Süfrəyə yanında meyvə turşuları (məti), uyğun ədviyyatlarla verilir.
Tərifə Kəngərlinskaya (İrəvan) eyni nüsxədə düyü əvəzinə müxəşşər, nanə əvəzinə quru mərzə və ağ reyhandan istifadə etmişdi. Xörəyə quru meyvə, çərəz, sarıçiçək şirəsi, darçın əlavə etməmişdi. Xörək əlavəsi kimi darçın, sarımsaq və qatıqdan istifadə etmişdi.
“Ədəbiyyat və incəsənət”
(28.12.2024)
“QUL BAZARININ OĞULLARI “– Ağalar İdrisoğlunun novellası
“Ədəbiyyat və incəsənət” portalı tanınmış teatr xadimi, yazıçı Ağalar İdrisoğlunun nəsr yaradıcılığı ilə oxucularını tanış etməkdədir.
Bu əhvalat məmləkətdə “it yiyəsini tanıdadığı” vaxtda, yəni 1992-93-cü illərdə baş verib. Buradakı faktlar, hadisələr olmuş əhvalatdır. Sadəcə mən, bir müəllif kimi həmin faktları, hadisələri bədii formaya salmışam.
Buunla birlikdə mən bu novellanı mənim təhsil almağımda, bir şəxsiyyət kimi yetişməyimdə, formalaşmağımda böyük xidmətləri olan, valideyinlərim qədər sevdiyim müəllimlərimə ithaf eləyirəm.
Müəllif
Yalan olmasın, qul bazarında iynə atsaydın, yerə düşməzdi. Ayrı-ayrı boy-biçimdə kişilər, qadınlar bəziləri divara söykənib, bəziləri səkidə, bəziləri çömbəltmə oturub, bəziləri də iş alətləri olan torbaları qoltuqlarında tutub, ümidlə müştəri gözləyirdilər. Bu bazarda səs-küydən çox sakitlik hökm sürürdü. Bu insanların sifətlərdə gülüş, sevinc əvəzinə qəm-kədər daha çox idi. Qul bazarındakı “qullar”ın elə bil çiyinləri də dərdin, kədərin yükündən bükülmüş, yumağa dönmüşdü... Hamını bir fikir, bir arzu özünə daha çox cəlb eləmişdi: “Görəsən bu gün müştəri olacaqmı? Görəsən bu gün evə çörək pulu apara biləcəyikmi? Görəsən çiynimizə yığılan borclardan heç olmasa bir qismini verə biləcəyikmi?...”
Elə bu vaxt bir təzə xarici, son markalı “Cip” maşını adamların yanında dayandı. Qul bazarındakı qulların çoxu həmin maşının yanına qaçdı. Hər kəs öz xidmətini təklif elədi. Amma maşından düşən, əynində bahalı xarici idman geyimi, ayağında bahalı krossovka, gözündə qara, bahalı gün eynəyi olan balacaboy, idmançı cüssəli cavan oğlan gözlərilə kimisə axtarırdı. Tapdı. Gözündəki eynəyi düzəldib, barmağı ilə hasara söykənib dayanan dörd kişini çağırdı. Bayaqdan yazıq görkəmdə dayanan o dörd nəfər tez özlərini düzəldib, həmin oğlana yaxınlaşdılar.
- Nə bacarırsız? - deyə oğlan onlara müraciət elədi.
- Hər şey, - deyə onlardan ən yaşlısı tez dilləndi. Palçıq qarışdırmaqdan tutmuş, daş hörməyə, metlax qoymağa, divar suvamağa qədər. Əlimizdən hər iş gəlir.
- Evi özülündən başlayıb, tavanına qədər tikib, üstünü örtüb təhvil veririk. Özü də ucuz, sərfəli qiymətə və tez bir vaxta, - deyə yaşlı kişidən bir az cavan onun sözünə qüvvət verdi.
- Lazım olsa, lap nisyə də tikirik, - deyə orta yaşlı kişi dilləndi.
- Özümüz də rayondan gəlmişik. Oğul-uşaq da yanımızda yoxdu ki, ayağımıza dəyib-dolaşa. Bütün günü işləyəcəyik, - deyə onlardan cavanı, bığlı kişi dördünün də fikrini tamamladı.
- Onda minin maşına.
Bu dörd kişi oğlanın birdən fıkrini dəyişəcəyindən qorxub, tez maşına mindilər.
Bu vaxt maşın yerdən nə təhər götürüldüsə, dördü də birdən qorxu ilə qışqırdı.
- Yavaş!..
- Nədən qorxursuz? Bir candı Allaha borcluyuq, onsuz da gec-tez hamımız öləcəyik... Lap yüz il yaşa, - deyə oğlan ucadan güldü. Bir də, heç nədən qorxmayın. Mən köhnə qonşikəm...
- Qonşik olanda nə olar, ay bala? Cavan oğlansan. Sən hələ yaşamalı, yaşatmalısan. Biz də kənddə oğul-uşaq, nəvələr qoyub gəlmişik, - deyə hamıdan yaşlı kişi dilləndi.
- Özü də bu şəhərdə az qala adamdan çox maşın var. Heç kim də yol hərəkətinə əməl eləmir. Gör gündə nə qədər hadisələr baş verir, - deyə həmin yaşlıdan bir az cavan kişi onun sözünə qüvvət verdi.
- Tarix boyu yaranışından, maşınlar adamlara qənim kəsilib, - deyə orta yaşlı kişi də o birilərinin sözünə qüvvət verdi. Ona görə də bu maşını icad eləyənlər sonradan peşiman olublar...
- Odu ey, dünən deyirlər on dənə maşın bir-birinə dəyib. Neçə nəfər yaralanıb. Ölənlər də var. Çoxu da varlı adamların uşaqlarıdı. Gecələr maşınlarla bu şəhərdə bir oyunlar çıxarırlar ki, Allah göstərməsin... Özləri almayıb ha maşını. Dədələri haram pulla alıb. Haram pulun da axırı belə olur, - deyə kişilərdən ən cavanı da onların sözünə qüvvət verdi.
- Arxayın ola bilərsiz. Maşını mən özüm almışam. Öz pulumla. Özü də istəsəm, bu maşından dördünü, beşini birdən ala bilərəm. Nə puldu ki, qırx-əlli min dollar? Semiçka pulu... Bir də yadınızda saxlayın. Qorxan gözə çöp düşər. Kişi ona görə kişidi ki, gərək heç nədən qorxmasın. Pul qazanmağı, vurub-yıxmağı gərək bu zəmanədə kişi yaxşı bacarsın. Gərək zəmanə adamı olasan e, zəmanə adamı, - deyə oğlan lovğa-lovğa bir də bu dörd kişiyə baxıb ucadan güldü. Sonra bardaçokdan xarici siqaret çıxartdı. Çəkəniz var?
- Yox, çəkmirik. Biz müəllimik. Sənə də məsləhət bilmirəm bu nikotinlə özünü zəhərləyəsən. Sən bilirsən bu siqaretdə nə qədər zəhərli maddə var, - deyə yaşlı kişi dilləndi.
- Nə qədər,- deyə cavan oğlan ona baxdı.
-Qırx min zəhərli maddə var.
-Yox, ha. Mən heç bilmirdim...
Sonra oğlan çox maraqla yaşlı kişiyə baxıb, siqareti yandırdı. Maqnitafonu işə saldı. Əcaib-qəraib xarici musiqi salonu bürüdü.
- Yox əşşi... İndi sən heç vaxt siqaret çəkməyibsən?
- Əvvəllər bir az çəkmişəm...
- Ancaq elə dedin ki, fıkirləşdim, vay dədə, bu kişi nə mömin adamdı. Yəqin heç siqaretin, arağın ləzzətini bilmir.
- O vaxtlar mənə bunların zərərini heç kim deməmişdi. Amma mən həmişə öz şagirdlərimə bunu deyirəm.
- Deyirsən müəllimsiz? - deyə oğlan söhbəti dəyişdi.
- Bəli.
- Bəs nə əcəb gəlib qul bazarında dayanıbsız?
- İndi müəllimlikdə heç nə yoxdur. Aldığımız qəpik-quruş heç on günlük yeməyə də çatmır.
- Bir də yaydı. Tətildi. Rayondan şəhərə gəlmişik ki, beş-üç manat pul qazanaq...
- Əlimizin zəhmətilə, - deyə lap cavan müəllim özündən yaşlısının sözünə yenə də qüvvət verdi.
- Ay bərəkallah, - deyə oğlan yenə də ucadan güldü. İndi öz zəhmətilə pul qazananları qəzetçilər gündüz çıraqla axtarırlar ki, şəklini çəkib sensasiya səhifəsinə yapışdırsınlar...
Bu sözdən sonra oğlan bir az da ucadan güldü.
- Allah zəmanənin və pis adamların evini yıxsın. Yaxşı gün-güzəranımız vardı. Hər kəs öz işini bilirdi. Hamı da yaxşı yaşayırdı. Heç kim də belə ləley-giryan qalmırdı. Acından ölmürdü - bu sözləri yaşlı kişi yana-yana dedi. Hətta gözləri doldu. Köksünü ötürdü.
- Day demə, day demə. İndi hər qotur-motur ortaya çıxıb ki, məndən başqa kişi yoxdu, - deyə orta yaşlı kişi də yana-yana onun sözünə qüvvət verdi. Hardasan ay Sovet hökuməti?.. Ax, ax...
Sonra oğlanın ona baxdığını görüb, tez sözünü başqa səmtə yönəltdi.
- Allah sənin atanın da canını sağ eləsin. Belə görürəm sənin üçün yaxşı gün-güzəran düzəldib.
- Mən hər şeyi, pulu da, adı-sanı da, şan-şöhrəti də özüm qazanmışam. Cavan olmağıma baxmayın. Ağsaqqal sayılıram. Ərəseydən tutmuş ta bu yana kimi hamı məni eşidir... Atam isə çoxdan ölüb. On il olar... Necə deyirlər o mahnıda... “Nə atam var, nə anam...”.
- Allah rəhmət eləsin. Qəbirləri nurla dolsun.
- Rayonda qəbirlərinin üstündə böyük türbə tikdirmişəm...
- Hansı rayondansan, ay bala?
- Hansı rayondan olmağımı neynirsiz? Mənim yerlibazlıqdan zəhləm gedir. Böyük Azərbaycandanam...
- Allah canını sağ eləsin. Elə bizim də yerlibazlıq, tayfabazlıq sözündən zəhləmiz gedir. Axır vaxtlar da bu ölkəni yerlibazlar, tayfabazlar ölkəsinə çeviriblər…
- Bu zəmanədə hər kişi, hər şeyi özü qazanmalıdı. Hansı yolla olursa-olsun... İndiki zəmanədən baş çıxarmağı bacarasan gərək. Əgər bacarmasan, səni basıb yeyəcəklər...
- Orası düzdür...
- Mən həmişə hər şeyi düz deyirəm. On addım qabağı görməyi də bacarıram. Af-uf eləyən kişidən də zəhləm gedir. Pul qazanmaq isə indiki zamanda kişi üçün problem olmamalıdı. Qorxusu yox, hürküsü yox, gəlib yoxlayan da yox. Nə yapışmısız Sovet hökumətindən? Evə bir dənə artıq daş gətirirdin, o dəqiqə gəlib alırdılar başının üstünü ki, bunu hardan alıbsan. Bəlkə elə deyil? Bəlkə yadınızdan çıxıb?
- Bunu da düz deyirsən...
- Bə nə yapışmısız, ay o hökumət belə idi, elə idi... Bir də məsəl var deyirlər “Adama puluna görə qiymət verərlər, elminə görə yox”. Bu zəmanədə pulun varsa, kişisən. Yoxsa heç kimsən. Lap alim ol. Əgər pulun yoxdursa, kimə lazımdı sənin elmin? Kimə lazımdı sənin savadın? Bir də yadınızda saxlayın. Onun-bunun dalınca danışan kişidən zəhləm gedir. Kişi deyingən, demaqoq olmaz. Deyingənlik arvad işidi!
Oğlan bu sözləri necə əsəbi dedisə, elə bil qurbağa gölünə daş atdılar. Daha heç kim danışmadı. Daha doğrusu, danışmağa cürət eləmədi. Müəllimlər fıkirləşdilər ki, yenə də artıq-əskik danışsalar, oğlan onları maşından düşürər. Ara yerdə belə “yağlı tikəni” əldən çıxararlar. Bir də mübahisə eləməyə onların onsuz da heyi yox idi. Çünki dünəndən bəri fərli-başlı çörək də yeməmişdilər. Oğlan isə özündən razı adamlar kimi siqaretdən bir neçə qullab da vurub, gülümsündü və şəstlə yenə də müəllimlərə baxdı.
- Birdən inciyib eləyərsiz ha? Mən açıq danışmağı xoşlayanam. Siz hələ məni sonra yaxşı tanıyacaqsız, - deyə o, bir də müəllimlərə baxıb ucadan güldü.
Söhbət tamam kəsildi. Oğlan musiqinin səsini artırdı. Və maşının da sürətini çoxaltdı. Hərdən də eynəyinin altından bic-bic müəllimlərə baxırdı ki, görsün onlar nə fıkirləşirlər.
... O, maşını bir dəmir darvazanın yanında saxladı. Bu, hündür hasarlı və bər-bəzəkli darvaza idi. Bu vaxt maşından əcaib-qəraib bir səs çıxdı. Elə həmin anda qapılar özü-özünə taybatay açıldı. Oğlan maşını həyətə sürdü. Gözəl memar zövqü və bər-bəzəyilə düzəldilmiş həyətdə üç mərtəbəli ev ucalırdı. Amma bu, evdən çox qəsrə oxşayırdı. Orta əsrlərin memarlıq üslubunda tikilmiş bər-bəzəkli qəsrə.
- Hə. Çatdıq. Düşün.
Oğlan maşını söndürdü. Hamı maşından düşdü. Maraqla həyətə, evə tamaşa eləməyə başladılar.
- Sağlığınıza qismət, ay bala, - deyə yaşlı müəllim gözlərini evdən çəkmədən dilləndi.
- Sağ olun. Görürsüz kişi öz puluna, öz gücünə necə hündür, yaraşıqlı ev tikdirir? - deyə oğlan qürrələndi. Sonra o bağın bir küncündə dayanan saqqallı kişini əl işarəsilə yanına çağırdı. Saqqallı kişi tez ona yaxınlaşıb baş əydi. Bu donqar və həbəş sifətli, balacaboy bir adam idi. Yaltaqcasına dilləndi:
- Eşidirəm sizi...
- Həyətin bər-bəzəyinin və bu evin layihəsinin müəllifi, bax, bu kişidi. Yəqin eşidibsiz. Rəssam Möhsün Mübarizli. Fəxri adı da var. İndi rəssamlığı mənim bağımda eləyir. Möhsün kişinin yaxşı bir peşəsi də var. Siçan tutur. Bu işdə lap mahirdi. Bağı siçan, siçovul basmışdı. Hamısını Möhsün kişi tutub. Özü də hər tutduğu siçana görə ona yaxşı pul verirəm. Elədi Möhsün kişi?
- Bəli. Düz deyirsiz, cənab, - deyə Möhsün kişi oğlanın üzünə hırıldadı. Güləndə sifəti daha eybəcər vəziyyətə düşdü. Sonra başını aşağı saldı və ağlı-qaralı saqqalını tumarladı.
- Rəsm əsərlərini satsaydı, heç mənim verdiyim pulların yarısını qazanmazdı. Elədi, kişi?
- Bəli, elədi...
- Bu gün neçəsini tutubsan?
- Beş dənə. Dörd dənə siçan. Bir dənə də böyük mış.
Oğlan pulları Möhsün kişiyə sarı atdı. Möhsün kişi pulları tuta bilmədi. Pullar yerə düşdü. O, tez pulları yerdən götürdü.
- Allah sizi başımızın üstündən əskik eləməsin. Sağ olun, - deyə Möhsün kişi pulları tez cibinə qoydu və yenə də oğlanın üzünə hırıldadı.
- Axşama qədər də beş siçan tutmaq normandır. Get işinlə məşğul ol.
- Baş üstə.
Möhsün kişi tez oradan uzaqlaşdı. Müəllimlər gördükləri bu mənzərədən elə bil durduqları yerdə mıxlanmışdılar. Təəccüblə bir-birinə baxırdılar. Oğlan bir-iki addım evə sarı getdi. Sonra uca səslə:
- Kim var orada? - deyə əmrlə çağırdı.
Bu vaxt iki göyçək qız evdən çıxıb ona yaxınlaşdı. Qızlar bir-birinə elə oxşayırdılar ki, elə bil bir alma idi, iki yerə bölünmüşdü. Hərəsi onun bir üzündən öpüb, əmrə müntəzir dayandılar.
- Tez bu tut ağacının altında bir süfrə hazırlayın. Bu ziyalılarımızla yüz-yüz vuraq. Ziyalılara hörmət bizim borcumuzdu. Bizim ölkədə ziyalılar özlərini millətin güzgüsü adlandırırlar. Güzgüyə bax ey,-deyib ucadan güldü və müəllimlərə baxdı.
Qızlar hər ikisi birlikdə: “Baş üstə bəyimiz”,- deyib, tədarük görməkçün cəld evə cumdular. Oğlan müəllimlərə sarı döndü.
- Deməli, belədi məsələ. Burda sizin bir aylıq işiniz var. Özü də sizə yaxşı pul verəcəm. Gedib bir il rayonda heç dərs deməsəniz də, kefnən yaşayacaqsız. Mənim ölənlərimə, qalanlarıma səhər-axşam rəhmət deyəcəksiz.
- Allah elə bu başdan, ölənlərinizə rəhmət eləsin. Allah sizin canınızı sağ eləsin.
- Sağ ol, ay bala. Qərib adamıq. Elə bir ay burda işləsək, sonra gedərik balalarımızın yanına. Beş-üç manat onlara da pul apararıq.
- İndi gəlin sizi işinizlə tanış eləyim.
Oğlan müəllimləri evə dəvət elədi. Onlar bağ evi üçün xüsusi düzəldilmiş liftə minib, üçüncü mərtəbəyə qalxdılar. Özündən çox razı, müştəbeh olan bu cavan, otaqları gəzdirdikcə müəllimlərə işlərini başa salır, tez-tez də özünü, öz məharətini tərifləyir, öz ad-sanından danışırdı. Doğrudan da zövqlə tikilmiş ev, içəridən də qəsrə, orta əsr hökmdarlarının qalalarına oxşayırdı. Burada çoxlu gizli qapılar, pilləkənlər, otaqlar vardı. Böyük çarhovuz, sauna, yeraltı zirzəmi...
- Yəqin nağıllarda oxumusuz. Qırx otaqlı qəsr, qala. Özü də sehirli qala...
- Hə, doğrudan da qalaya oxşayır. Özü də yaxşı zövqlə tikilib. Biz də bacardığımız kimi burda olan suvaq və başqa işləri yüksək səviyyədə görəcəyik. Arxayın ola bilərsiz, - deyə cavan müəllim hamının adından oğlanı inandırmağa çalışdı.
- Görəcəm sizin məharətinizi... Yaxşı. Qırx otağı gəzməyə bizə xeyli vaxt lazımdı. Gedək əvvəlcə boğazımızı yaşlayaq. Sizinçün qalmağa burada otaq da ayrılacaq. Bu gün yeyib-içib kef eləyəcəyik. İşə sabahdan başlayacaqsız, - deyə oğlan pilləkənə sarı getdi. Müəllimlər də onun ardınca həyətə çıxdılar.
Artıq uca tut ağacının altındakı böyük masada süfrə hazır idi. Hər iki qız da əmrə müntəzir dayanmışdı.
- Bax, bu qızlar, qənirsiz gözəllər, bacıdılar. Doğma bacı. İkisi də mənim məşuqələrimdi. Özü də heç vaxt biri o birini qısqanmır. Hər ikisinin də ehtiyacı necə lazımdısa, ödənilir... Elədi?
- Elədi, bəyimiz, - deyə qızlar ikisi də eyni vaxtda cavab verib, nazla, işvəylə oğlana baxıb gülümsündülər.
- Buyurun, əyləşin. Müəllimlərə, bizim ziyalı təbəqəmizə yüz-yüz süzün, - deyə o, qızlara müraciət elədi.
Biz içən deyilik, - deyə yaşlı müəllim dilləndi. Üzrxahlığını bildirdi.
- Eybi yox. Bu gün yüz-yüz içərsiz. Tut arağıdı. Məxsusi göndəriblər. Əyləşin. Oturun də, nə durubsuz?!
Müəllimlər süfrə arxasında əyləşdilər. Süfrədə quş südündən başqa nə desən vardı. Onlar əvvəlcə bir-birinə baxdılar. Udqundular. Hiss olunurdu ki, acdılar. Bunu oğlan da hiss elədi.
- Yeyin. Utanıb çəkinməyin. Elə bilin ki, öz kəndinizdə, öz evinizdəsiz. Hələ bir ay burdasız. İşə başlamamışdan əvvəl də hər birinizə yüz dollar beh verirəm, - deyə oğlan cibindən bir paçka dollar çıxarıb, arasından dörd yüzlük ayırıb, stolun üstünə atdı. Sonra da badəni əlinə götürdü. O biri əlilə isə gözündəki qara gün eynəyini çıxardı. İndi isə gəlin yaxından tanış olaq. Mən Dim Qulamın oğlu Fərasətəm. Sizin keçmiş şagirdiniz...
O, diqqətlə müəllimlərə baxdı. Müəllimlər əllərində çəngəl, bıçaq, bəzilərinin isə ağzında yemək donmuş vəziyyətdə ona baxırdılar.
- Nədi? Tanımadız? Fərasətəm də... Düz on beş il bundan qabaq kənddən çıxmışam. Bu saqqalı da moda üçün saxlayıram... Bax, sən Rza müəllimsən. Ədəbiyyat müəllimi. Arada bir-iki il məktəb direktoru da işlədin. O vaxt yaxşı siqaret də çəkirdin. Araq da içirdin. Bazlıq da eləyirdin... Nə idi o rus dili müəlliməsinin adı?.. Bizi onun həyətinə işləməyə göndərirdin ey. Sonra da məcbur eləyirdin ki, əgər biz ədəbiyyatı, ana dilini oxumasaq, bizdən heç nə çıxmayacaq. Heç qara fəhlə də olmayacaq.
- Elədi, Rza müəlliməm, - deyə ən yaşlı kişi ağzındakı yeməyi udub tez dilləndi. Yemək nəfəs borusuna getdiyinə görə öksürməyə başladı. Tez stəkanı götürüb su içdi. Sonra yenə nə isə demək istədi. Ancaq alınmadı.
- Sən isə İmran müəllimsən. Riyaziyyat müəllimi.
- Hə. İmran müəlliməm. Gör necə yaxşı yaddaşın var, -deyə orta yaşlı kişi tez dilləndi.
- Amma mən məktəbdə oxuyanda deyirdin ki, mənim kimi korazehin, küt, qanmaz, eşşək, dibil uşaq yer üzündə yoxdu. Heç ümumiyyətlə həyatda beləsinə rast gəlməyibsən.
- Mən deyirdim? Nə danışırsan, Fərasət?..
- Nə tez yaddan çıxartdın? Cəmi on beş il keçib. Gör sənin özünün yaddaşın nə qədər kütdür ki...
- Mən axı...
- Korazehin, küt, dibil dediyin o oğlanın indi evinə, geyiminə, altındakı son modalı cip maşına, yanında əyləşən gözəllərə bax, sonra da özüvə bax. Öz görkəmüvə bax...
- Mən...
- Hələ bir ay burdasız. Səninlə söhbətimizin davamını sonra eləyərik. Mən istəyirəm yaddaşımın necə olduğunu o birilərə də sübut eləyəm.
- Axı, mən...
- Dedim sən kəs də, İmran müəllim. Söhbətimizin davamı qalsın sənin qırmızı qulluğunda. Bax, sənsə İsa müəllimsən. Tarix müəllimi. Sovet quruluşundan, bolşeviklərdən, iyirmi altı Bakı Komissarlarından elə ağız dolusu, şəstlə danışırdın ki, elə bil sən də onlarla birlikdə vuruşmuşdun. Elə bil səni də onlarla birlikdə güllələməyə aparmışdılar. “26-lar” poemasını aktyorsayağı elə deyirdin ki…
- O zamankı dövr elə tələb eləyirdi, - deyə İsa müəllim tez dilləndi. Bizdən tələb eləyirdilər ki, sizi kommunizm ruhunda tərbiyə eləyək. Sovet quruluşunun tarixini sizə mükəmməl öyrədək. Ancaq sən...
- Bəli, ancaq mən, sənin dərslərini oxumurdum. Sən də tez-tez məni küncdə saxlayırdın, bir ayağım üstündə. Əlimə də odun parçası verirdin. Uşaqları da məcbur eləyirdin ki, mənə gülsünlər. İndi küncdə qalıb odun tutana sən özün oxşayırsan, ya mən?.. Bax, ona görə də deyirlər ki, kiminin əvvəli, kiminin axırı...
- Mən istəyirdim ki, sən tariximizi öyrənəsən...
- Eh, tüpürüm sənin tarixinə... Neynirəm sənin tarixini? Sənin tarixin gördün necə darmadağın oldu?.. Sovet quruluşunu da atdılar zibil yeşiyinə…
- Bilmək olmaz. Hər şey yenidən geri qayıda bilər...
- Bax, onu görməyəcəksiz. O tarix bir də geri qayıtmayacaq. Ac toyuq yuxuda darı görər… Gözünə dönüm Amerikanın. O, başı xaqllı, xəritəyə oxşayan kişini Sovetlərin rəhbəri eləyib, həmin quruluşu elə ustalıqla dağıtdı ki, heç kim “mık” eləyə bilmədi…
Bax, bu başını sığallayan isə coğrafiya müəllimi Əlisa müəllimdi. Bizim sinif rəhbərimiz olub. Həmişə də gah başını, gah da bığını sığallayırdı. İnstitutu təzə qurtarıb gəlmişdi. Elə qazdı-qazdı, yelli-yelli gəzirdi ki, elə bil alçaq dağları bu yaratmışdı. Yadındadı də, Əlisa bəy. Məni nə qədər dərsdən qovmusan?..
- Yadımdadı. Sən çox nadinc idin. Özün də nəşə, tiryək alveri eləyirdin. Siqaret, nəşə çəkirdin. Yetənə yetirdin, yetməyənə də bir daş atırdın. Elə nəşə satdığına görə də...
- Tutuldum. Yadındadı, atam gəlib sənə xahiş eləyib ki, mənim işimi məhkəmədən qurtara bilər, əgər siz yaxşı xasiyyətnamə versəniz... Yəni o xasiyyətnamənin mənim işimi yüngülləşdirməyə bəlkə köməyi dəyərdi... Ancaq nə sən, nə də o vaxt məktəb direktoru işləyən, bax, bu Rza müəllim, xasiyyətnaməni verməyibsiz.
- Bilirsən, o vaxt...
- Bilirəm, o vaxt belə şeyləri guya eləmək olmazdı. Siz çox təmiz adamlar idiniz. Suyu üfürə-üfürə içirdiz. Amma özüz kimi vələdüznası, nadürüstü yox idi...
- Fərasət, ay bala, bu nə sözdü?..
- Mən nə dediyimi yaxşı bilirəm... Görürsüz dövran necə dəyişir?.. İndi mən sizi öz bağıma qul kimi işləməyə gətirmişəm. Bax, ona görə də bu badəni sizin sağlığınıza içirəm.
Fərasət böyük çapma stəkandakı tut arağını birnəfəsə içib, sağında və solunda əyləşən qrzların dodağından öpdü. Sonra əlindəki stəkanı uzağa atdı. Stəkan yerə düşən kimi cingiltiylə sındı.
- Mən həmişə belə zakuska eləyirəm. Bu bacıların dodağı baldı. Bu da mənə böyük dux verir,- deyə o, müəllimlərə qazlı-qazlı baxdı. Müəllimlər çox pərt vəziyyətdə oturmuşdular. Niyə içmədiz?
- Biz içmirik, - deyə Rza müəllim səbrini basıb, özünəməxsus aramla dilləndi.
- Acığınız niyə gəlir? Mən doğru sözü şappadan adamın üzünə deməyi xoşlayıram. Ona görə də türmədə yatanlar, məni özlərinin ağsaqqalı bilirlər. Lap Ərəseydən ta bu yana kimi... Sizin dildə mənə Lotu Fərasət deyirlər. Daha doğrusu, Lotu Fediya. Mən bir neçə dəfə qul bazarının yanından keçəndə sizi orda görmüşəm. Həmişə də görmüşəm ki, yoluq, yetim cücə kimi boynunuzu çiyninizə qoyub, müştəri gözləyirsiz. Əvvəl istəmirdim baş qoşam, sonra dedim yox, Fediya, sən Dım Qulamın oğlu olmazsan, əgər bunlara bir yaxşı dərs verməsən. Qoy əbədilik yadlarında qalsın. Qoy bilsinlər ki, indi mən kiməm, onlar kimdi... Deməli, hər şey oxumaqla deyil, ay müəllimlər. Görürsüz oxumuşları? Birinə bağımda siçan tutdururam, dördünü də evimdə fəhlə kimi işləməyə gətirmişəm. Düz deyirsiniz. Səkkizinci sinifdə oxuyanda tutdular məni... Daha doğrusu, kimlərsə tutdurdu. Sonra onları xosunvay elədim... İndi isə əlimdə hüquq fakültəsinin diplomu var. Özü də Almaniyada Beynəlxalq Universiteti qurtarmışam. Deməli, hər şeyi pul həll eləyir, bilik yox. Bəlkə elə deyil, ay müəllimlər?
- Həm elədi, həm elə deyil...
- Oyunun olsun, ay İsa müəllim. Əl çəkmədin də bu demaqoqluğundan. Yaşın altmışı keçib. Bu gün-sabahlıqsan... Yenə də xəyal-plovla yaşayırsan... Fikirləşirsən ki, Sovet Hökuməti yenə də geri qayıdacaq? Ay qayıtdı ha. Budu ey, - deyə o, baş barmağını, iki barmağının arasına salıb, biədəb bir şey göstərdi. Qayıdar... Sən o arzularla yaşa. Eşitmişəm. Deyirlər bir həsirsən, bir məmmədnəsir...
- Hörmətinə görə çox sağ ol, - deyə İsa müəllim əsəbi ayağa durdu.
Bu vaxt onun ardınca o biri müəllimlər də ayağa durdular.
- Hara gedirsiz? Bəlkə incidiz? Biz hələ indi başlamışıq sizinlə mehriban söhbətə...
- Bizə dərs vermək istəmirdin? Dərs verdin də, ay bala, -deyə Rza müəllim yenə də özünəməxsus təmkinlə dilləndi. Qaldı inciməyə... Biz səndən yox, öz taleyimizdən, zəmanədən inciyirik. Hökumətdən inciyirik. Əgər o, bilərəkdən biz ziyalıları gətirib, sənin kimisinin ayağının altına atıbsa, deməli, ən böyük cinayətkar odur. Bir rəhbər ki, öz ziyalısının qədrini bilmirsə, onu murdar əskiyə döndərirsə, onun dilənçi kökündə yaşamağına razı olursa, deməli, o məmləkət artıq can üstündədi... O məmləkət gec-tez dağılacaq. Məhv olacaq!
- Bəh, bəh... Əl çəkmədin də öz yalançı fılosofluğundan Rza müəllim. İndi siz özünüz acizsinizsə, buna hökumət neynəsin? Bəlkə çörəyi gətirib boğazımza töksün? Fərasətiniz varsa qazanın də… Başqa müəllimlər kimi götürün şagirdlər hazırlayın ali məktəblərə.
- Sənin atan Dım Qulam mağazada işləyən vaxt, kənd camaatının boğazına ip salıb, istədiyi tərəfə fırladırdı. Onun oğurladığı qəpiklərlə, manatlarla böyüyən və bic doğulan uşaq ancaq sənin kimi olar, - deyə İsa müəllim özünü saxlaya bilməyib Fərasətin üstünə bozardı.
- Bura bax, ey, dəyyus! Düdük! Sən özünü harda hesab eləyirsən? Bura səninçün sinif otağı deyil ha?!.. Bu dəqiqə sənin ən böyük tikəni qulağın boyda eləyərlər!.. Dümbələk!..
Bu vaxt o cibindən tapanca çıxarıb, göyə iki güllə atdı. Fərasətin belə bozarmasına və güllə atmasına evdən iki nəfər yekəpər oğlan çıxdı. Əlləri cibində. Deyəsən, bunlar Fərasətin cangüdənləri idilər və ciblərində də silah vardı. Bunu müəllimlər də başa düşdü və ölümlərinin yaxınlaşdığını hiss eləyib, bərk qorxdular. Lap sarılarını uddular. Yekəpər oğlanlardan biri cəld Fərasətə yaxınlaşıb baş əydi və soruşdu:
- Şef, nə olub? Bir şey lazımdı?
- Heç nə lazım deyil. Siz keçin içəri!
Oğlanlar baş əyib, tez də evə girdilər. Vəziyyətin belə qarışdığını görən Rza müəllim tez Fərasətə yaxınlaşıb yalvardı.
- Ay bala, sənə qurban olum. Heç olmasa, bizim yaşımıza, səninlə hampa olmağımıza hörmət elə. Axı biz sənə nə deyirik? Mən sənin atanla bir yerdə böyümüşəm. Dost olmuşam. Hələ qohumluğumuz da var...
- Ona görə də mənə xasiyyətnamə vermədin?.. Düdük! Sənin kimi qohumdansa, altı yox vedrə yaxşıdı... Götürün adama o yüz dolları, basın bayıra! O yüz dolları da səkkiz il mənə pis-yaxşı dərs dediyinizə görə verirəm sizə.
Deyəsən, bir stəkan tut arağı artıq Fərasətə öz təsirini göstərirdi. Bu vaxt o, durduğu yerdə səndirlədi. Qızlar qollarından tutub onu oturtdular.
- Fərasət, heç olmasa, mən pis-yaxşı iki il sənin sinif rəhbərin olmuşam. Axı, sən niyə bizi belə itdən beşbetər eləyirsən? Ozü də kənar adamların yanında, -deyə Əlisa müəllim, əlini Fərasətin çiyninə qoydu.
- Bunu siz də o vaxt düşünəydiz də, maygülü, - deyə Fərasət, Əlisa müəllimin əlini kənara itələdi. Bəs bilmirsiz ki, dəmir qapının da taxta qapıya işi düşür? Götür o arağı vuraq, mənim kimi taxta qapının və belə gözəl məşuqələrimin, cananlarımın sağlığına.
- Yaxşı. Onda gəl belə danışaq. Onlar heç biri içki içmir. Dədə goru... Arada mən yüz-yüz, pənco-pənco vururam, -deyə Əlisa müəllim iki stəkana araq süzdü. Birini özü götürdü və birini Fərasətin qarşısına qoydu. Sonra, zorla da olsa, Fərasətin üzünə baxıb, gülümsündü və söhbətinə davam elədi. Belə danışaq ki, biz ikimiz səninlə bu badəni içəcəyik. Sonra da sən bizə icazə verəcəksən, biz çıxıb gedəcəyik. Razısan?
- O pulları da götürəcəksiz! Götürməsəniz, mən sizi burdan buraxan deyiləm!
- Yaxşı. Pulları götürürük.
- Hə, ay bala, pulları götürürük, - deyə Rza müəllim, dolları götürməsələr vəziyyətin daha pis olacağını başa düşüb, tez dörd yüz dolları götürüb, hər müəllimə yüz dollar verdi və yüz dolları da cibinə qoydu.
- Sağ ol, sənin sağlığına. Doğrudan da adına layiq fərasətli, səxavətli olmağının sağlığına, - deyə Əlisa müəllim arağı tez içib, stəkanı stolun üstünə qoydu. Tut arağının tündlüyündən onun gözləri yaşardı. Tez su içdi. Sonra nəfəsini dərib əlavə elədi. - Səni and verirəm Qulam əminin goruna, indisə icazə ver, biz gedək.
Fərasət, qızların köməkliyi ilə ayağa durub, üstdən aşağı, aşağıdan yuxarı müəllimlərə ikrahla baxıb əsəbi dedi:
- Gedin! Ancaq eşidəm-biləm bu hadisəni gedib kənddə danışıbsız, o bayaq gördüyünüz oğlanlar ki var, gəlib kənddə sizə çox yaxşı “dərs” verəcəklər. Bu “dərs” isə onun yanında toya getməli olacaq. Ömürlük şikəst qalacaqsız. Eşitdiz?
- Eşitdik, eşitdik. Ayıb sözdü ki. Kişinin arasında söz-söhbət olar, - deyə Əlisa müəllim tez dilləndi.
- Onu da bilin ki, mən prokuror, polis, nə bilim kimlərisə hərləyən oğlan deyiləm! Onlar özləri yeri gələndə məndən qorxurlar... Tula kimi ətrafımda fırlanırlar. Bir paçka dolları başlarına vuranda kölə kimi qabağımda əyilirlər. Başa düşdüz?!
- Başa düşdük. Sağ ol. Sağlıqla qal. Pula görə də çox sağ ol, - deyə Rza müəllim hamının əvəzində dilləndi.
- Bu əlli dolları da götür, maşın tutun sizi şəhərə aparsın. Qalanına da yemək alıb bir neçə gün mənim şotuma yeyərsiz...
O, əlli dollar pulu Rza müəllimin cibinə soxdu.
- Hə, belə-belə işlər... Əziz müəllimlər… Qul bazarının qulları... Gedin!.. Basın bayıra!..
O, yenə cibindən tapançanı çıxarıb, göyə iki güllə də atdı. Sonra da özündən razı halda ucadan gülməyə başladı. Bu, gülüşdən çox vəhşi heyvanın səsinə oxşayırdı.
Bu səsdən qorxan və sarılarını udan müəllimlər tez bağdan çıxıb tozlu, qaranlıq yolla şəhərə doğru hərəkət eləməyə başladılar. Dördü də tez-tez, yeyin addımlarla yeriyir, tezliklə buradan uzaqlaşmaq istəyirdilər. Yeyin addimlarla yeridiklərindən, artıq nəfəsləri çatmırdı… Təngənəfəs olsalar da sürətlərini azaltmırdılar…
Bu vaxt Rza müəllim nə fıkirləşdisə, tez dönüb arxaya baxdı. Arxadan heç kəsin gəlmədiyini yəqin eləyib əsəbi dilləndi.
- O, bic doğulan küçüyün verdiyi pul, mənə lazım deyil.
Cibindən yüz dolları və əlli dolları çıxarıb əsəbi halda cırdı. Tikə-tikə doğramağa başladı.
- Mənə də lazım deyil,- deyə İsa müəllim də əsəbi dilləndi.
- Mənə də,- deyə İmran müəllim də pulu cibindən çıxartdı.
- Mən də elə bayaqdan bunu fıkirləşirdim, - deyə bir stəkan tut arağının təsirindən başı dumanlanan Əlisa müəllim də onların sözünə qüvvət verdi.
Onlar pulları çıxarıb, tikə-tikə doğradılar. Yol boyu səpələdilər...
...Artıq müəllimlər bağ evindən xeyli uzaqlaşmışdılar. Ciblərində bir manat da pul yox idi. Tozlu yolla piyada, şəhərə tələsirdilər. Kirayə qaldıqları evə. Səhərdən heç nə yeməsələr də, artıq heç kimin yemək yadına düşmürdü. Elə bil hər biri bir qoyun cəmdəyinin kababını yemişdi... Ancaq başlarına gələn bu hadisə onları elə alçaldıb, təhqir, bihörmət eləmişdi ki, dördü də bir-birindən utanmadan xısın-xısın ağlayırdılar. Onlar düşdükləri bu rəzil zəmanəyə, haqqın, ədalətin belə alçaqcasına tapdanmasına, kişini kişilikdən salan bu dövrana, nadanlığa, ali təhsilli müəllim olsalar da, dilənçi kökündə yaşamalarına, pul qazanmaq, uşaqlarının acından ölməmələr üçün qul bazarında dayanmaqlarına ağlayırdılar...
Uzaqdan isə şəhərin göydələn evlərindəki işıqlar par-par parıldayırdı. Bu işıqlar şəhəri cənnətə oxşadırdı. Elə bir cənnətə ki, guya orda hər şey gözəl, adamlar isə tam firavan yaşayırdı. Elə bil dərddən-qəmdən uzaq, kef-damaq içində ömür sürürdülər. Amma əsl həqiqətin belə olmadığını, bu şəhərdəki adamların da çoxunun elə müəllimlər kimi ac-yalavac yaşadığını biləndə, elə bu sətirləri yazdıqca, özümün də heç nəyimin bu dilənçi kökündə yaşayan adamlardan, bu müəllimlərdən artıq olmadığını fikirləşdikcə hayqırıb qışqırmaq, bağırmaq istəyir adam:
-E... he... hey!... Hey!... Gidi dünya!.. Sənin hərçi betərinə lənət olsun! Gör bizi nə günlərə, nə kökə saldın... Axı bizim günahımız, suçumuz nədir?!. Bu ədalətsizlik, qəddarlıq, qanunsuzluq, ziyalının dilənçi kimi yaşaması nə vaxta qədər davam eləyəcək?!... Ay Tanrı! Bu məmləkətdə, bu yaziq, zavallı insanların taleyini fikirləşən, onlara xoş gün, xoş güzəran yaradan tapılacaqmı? Tapılacaqmı?!..
Sumqayıt şəhəri, noyabr, 1999-cu il.
Bəzi əlavələr noyabr 2023-cü ildə olub.
“Ədəbiyyat və incəsənət”
(28.12.2024)
QUTUDA KONFET GÜNÜ, yaxud, Məleykə Əsədovanın “bığı”
Sərtyel, “Ədəbiyyat və incəsənət”
Bu gün amerikalılar Qutuda Konfet Gününü qeyd edirlər.
Madam ki, qutuda konfetdən söhbət düşdü, mütləq bir haşiyəyə çıxım. Bizdə sovetlər dönəmində, eləcə də müstəqilliyin ilk illərində qutuda şokolad ən qiymətli hədiyyələrdən sayılırdı, insanlar bir-birinin evinə gedəndə bir şokolad qutusu aparırdılar, o evdəkilər də onu açmır, servantda əziz əşya kimi saxlayırdılar. Sumqayıtda yaşayan Vəliyevlər ailəsi də onlara gətirilmiş, üzərində Məleykə Əsədovanın şəkli olan şokolad qutusunu açıb yeməmişdi, dar gün üçün saxlamışdı, amma evin kiçik uşağı nadinclik edib xanım Əsədovaya bığ çəkmişdi, evin qadını da bu bığı cidi-cəhdlə silsə də yeri qalmışdı.
Bir il keçəndən sonra Vəliyevlər hansısa bir qohumlarıgilə qonaq getməli olanda bu qutunu da büküb aparırlar, qutuyla vidalaşırlar. Daha iki il keçmiş onlara hansısa bir tanışları qonaq gələndə bığlı Məleykə qutusu yenidən onların evinə qayıdır. Qonaqlar gedəndən sonra Vəliyevlər bu dəfə “halal qismətləri olan” şokoladları yemək qərarı verirlər, qutunu açanda görürlər, şokoladlar qurdlayıb, ovxalanıb. İndi diqqət edirlər ki, ərzağın yararlılıq müddəti 4 ildir ki ötübmüş.
Bax belə bir əhvalat. Biz “saxla samanı, gələr zamanı” deyibən dar gün üçün tədarüklü xalqıq, düzdür. Amma bəzən fərqinə varmırıq ki, samanın da saxlanma zamanı var, bu zaman keçəndən sonra o, ən yaxşı halda zibilə atılası olur.
Allah sizləri heç vaxt dəyərdən salmasın, əziz oxucular!
“Ədəbiyyat və incəsənət”
(28.12.2024)
“Bircə mənim tənhalığım oyaqdı…” - TƏRANƏ DƏMİRİN ŞEİRLƏRİ
HƏR GÜN 3 YARPAQ - “Ədəbiyyat və incəsənət” portalı bir neçə gün ardıcıl Təranə Dəmirin şeirlərini sizlərə təqdim etməkdədir. Əminik ki, onları bəyənirsiniz.
Ayrılıq zərrə-zərrə
Mənim içimdən qopur.
Mənim əzablarımdan,
Mənim gücümdən qopur.
Bütün rənglər həsrətdi,
Bütün dadlar ayrılıq.
Bütün sözlər, cümlələr,
Bütün adlar ayrılıq.
Bu şəhər, bu adamlar,
Bu küçə ayrılıqdı.
Bu dəniz, bu dalğalar,
Bu gecə ayrlıqdı.
Dadı, duzu yerində,
Odu, közü yerində,
Bircə ürəyim bilir
Bu necə ayrılıqdı.
Sarılmışam təkliyə,
Bir özüməm, bir hicran.
Ayrılıq adamıyam
Təpədən dırnağacan.
Bu günün öz həsrəti,
Sabahın öz dərdi var.
Deyəsən bircə mənim
Ömrümdən gəlib keçir
Ən saxta məhəbbətlər,
Ən təmiz ayrılıqlar.
*
Gecə-gecə sarılmışam təkliyə,
Evim təkdi, yuvam təkdi, özüm tək.
Heçnə məni bu zülmətin içində
Şirin-şirin ovudammaz özümtək.
Baxıram ki, yuxuludu hər tərəf,
Bircə mənim tənhalığım oyaqdı.
Bu sükutun, sakitliyin içində
Qaranlığı incitmək də günahdı.
Səssizliyin küyü düşür başıma,
Kim alacaq bu gecədən məni, kim?
Xəyalımda rəngli-rəngli nağıllar
Dolanıram dörd yanına təkliyin.
Yanağımı döyəcləyir kölgələr,
Kipriklərim yuvasında qırpınır.
Ürəyimdə haray salır bəlkələr,
Gözlərimdə xatirələr çırpınır.
*
Yuxuyla gerçəyin arasında,
Qaranlıqla işığın kəsişdiyi nöqtədə
Kimsə adımı pıçıldayır,
O dünyadan bu dünyaya qayıdıram.
Kirpiyimin kölgəsi düşür alatoranlığa.
Adım çiliklənir səssizliyin içində
Tavan-tavan, divar-divar.
Dinşəyirəm sükutu,
Qulağım sakitlikdən,
Baxışlarım heyrətdən asılır.
Bayırda yel əsir deyəsən,
yarpaqlar yerini dəyişir budaqda.
Yavaş-yavaş işıq keçir pəncərəmdən,
Dünya gərnəşib oyanır yuxudan,
Bu da Dan!
“Ədəbiyyat və incəsənət”
(28.12.2024)
MƏŞHURLARLA ÜZBƏÜZ – Fərqanə Qasımovanı Alim Qasımovun iradlarını rahat qəbul edirdimi?
“Ədəbiyyat və incəsənət” portalının Məşhurlarla üzbəüz rubrikasında növbəti suallar Respublikamızın əməkdar artisti, xanəndə, Prezident Mükafatçısı Fərqanə Qasımovaya ünvanlanacaq. Rubrikanı Aysel Kərim aparır.
-Atanız Alim Qasımov həm də müəlliminizdir. Siz tələbə olan dönəmlər Alim müəllimin iradlarını rahat qəbul edirdiniz?
-Bəli Alim Qasımov mənim əzəli və əbədi müəllimimdir. Niyə belə deyirəm çünki mənim sənətdə başqa müəllimim olmayıb. Bir tək səsyazmalardan dinlədiyim ifaçıların üzərimdə haqqı da var ki, onlardan hansısa bir nəfəs, boğazda hansısa xırdalıq götürmüşəm. Əlbəttdəki bunu da danmaq olmaz. Bəli Alim müəllimin iradları çox olub. Alim müəllim heç nəyi boğazdan yuxarı etməyib. Eləcə də mənə qarşı bu sənətdə hər şeyi ürəkdən edib, elə-belə etməyib. Nə öyrədibsə, nə deyibsə ürəkdən edib. Alim müəllim heç bir sirlərini məndən gizlətməyib. Bu mənim çox xoşuma gəlib. Əlbətdəki mən bundan küsmək yox əksinə ağıl və məntiqlə düşünmüşəm deyə ürəyimdə demişəm ki, yaxşı ki, mənim atamın bu cür qəlbi var heç bir sirrini məndən gizlədib, saxlamır.
“Ədəbiyyat və incəsənət”
(28.12.2024)
“Sözdən yaranan incilər”də - Pis işləri də yaxşı bacaranlar var.
Tanınmış ictimai-siyasi xadim, yazıçı-publisist, mərhum Sadıq Murtuzayev, publisist, Əməkdar hüquqşünas Müzəffər Ağazadə və yazıçı-rejissor, publisist-jurnalist, Əməkdar incəsənət xadimi Ağalar İdrisoğlu dünya dahilərinin, səmavi insanların və Azərbaycan mütəfəkkirlərinin on üç mindən çox kəlamlarını, aforizmlərini toplayıb, tərcümə eləyib və “Sözdən yaranan incilər” adlı kitab kimi çapa hazırlayırlar. Bu sayımızdan başlayaraq həmin kəlamlardan, aforizmlərlərdən seçmələri səhifələrimizdə çap edirik. İnanırıq ki, sözdən yaran bu incilər sizin xoşunuza gələcək və onları öz yaddaşınıza köçürəcək, gündəliyinizə yazacaqsınız.
HÜMBƏT HƏSƏNOĞLU
Hümbət Həsənoğlu - həkim, yazıçı, ictimai xadim. “Tərəqqi” medallı. Altı mindən çox aforizmlərin müəllifidir. Tükdilli xalqlar arasında ən çox aforizmlər yazan azərbaycanlı yazıçıdır.
- Sevgini geri qaytarmaq olmur, göz yaşlarını gözə qaytarmaq mümkün olmadığı kimi.
- Uğursuzluq qorxusu çox uğurları yiyəsiz qoyub.
- Sərçə özünü qartal kimi apara bilər, ancaq sərçələrin arasında.
- Kişi dula, dul pula sevinər.
- Burnundan uzağa görməyənlərin təsəllisi uzun burunlarının olmasıdır.
- İlk baxışdan sevgi üçün ən yaxşı səbəb dolu pulqabıdır.
- Qadın kişini başının tacı saydığı vaxt şahzadə olur.
- Yaxşı müəllim sualın içində cavab açarını da qoyar.
- Pis işləri də yaxşı bacaranlar var.
- Qəbiristanlıq gözətçisini gələcəklə bağlı təəccübləndirmək çətindir.
“Ədəbiyyat və incəsənət”
(28.12.2024)
Məsud Əlioğlu, “FÜZULİ VƏ ÜZEYİR”
“Ədəbiyyat və incəsənət” portalının "Ulduz" jurnalı ilə birgə BİRİ İKİSİNDƏ layihəsi bu dəfə Füzuliyə həsr edilib.
Füzuli dühası bütün әsrlәri vә zamanları heyrәtә gәtirmişdi – yüksәk ideallara çağıran mündәricәsi, gözәllik vә eşqdәn ibarәt mәnası, kamil sәnәtkarlıq qüdrәtinә görә!
Dahilik Füzuli şeirinin mayasındadır vә onun ümdә, әlamәtdar xüsusiyyәti dövranlara, ictimai hәyatın bütün mәrhәlәlәrinә hökm vermәk əzmindәdir.
Haqqın vә insanlığın xidmәtindә dayanan sәnәt hәr zaman güclüdür, bu mәnada, Füzuli şeirinin fikir, mәna çәkisini, heyrәtamiz gözәllik vә incәlik duyğusunu bu gün biz daha yaxından duyur, dәrk edirik.
…Onlarca әdәbiyyatşünas, mütәfәkkir, sәnәtşünas başdan-başa “tilsimdәn” ibarәt Füzulinin sәnәt kәhkәşanının tәdqiqinә – şәrhinә ömürlәrini sәrf etmişlәrsә dә, hәlә tam, aydın vә dolğun bir nәticә hasil olunmamışdır.
Füzuli tükәnmәzlik xüsusiyyәti – möcüzәsi ilә ağılları, ürәklәri heyran qoymuşdur!
Füzuli şeirinin fәlsәfi-bәdii qaynaqlarının elmi idrakın mәntiqinә әsasәn şәrhi ilә yanaşı, musiqi lisanı ilә tәbliği vә izahı da әsaslı bir mәsәlәdir ki, bu işdә musiqi dühası Üzeyir Hacıbәyovun xidmәti misilsizdir.
Ü.Hacıbәyov Füzulinin şeir-sәnәt dünyasına musiqi sәnәtinin sehrli mahiyyәtindәn vә yüksәkliyindәn diqqәt yetirәn ilk Azәrbaycan bәstәkarıdır. Birinci milli opera “Leyli vә Mәcnun”da, habelә “Arşın mal alan” vә “O olmasın, bu olsun” operettalarında bәstәkar, Füzuli qәzәllәrinin musiqi dili ilә şәrhinә olduqca hәssas yanaşmış surәtlәrin daxili-mәnәvi alәmini, xarakterlәrini, iztirab vә sevinclәrini şәrh mәqsәdilә müvafiq qәzәllәrdәn mәharәtlә istifadә etmişdir.
Mövcud opera vә operettalarda Füzulinin müxtәlif mәzmunlu qәzәllәri “Leyli vә Mәcnun”da Leylinin, Mәcnunun, Leylinin anasının, İbn Sәlamın, Mәcnunun atasının vә Nofәlin әrzi-halının bildirilmәsindә, “Arşın mal alan”da Әsgәrin vә Gülçöhrәnin, “O olmasın, bu olsun”da Gülnazla Sәrvәrin birlikdә oxuduqları duetlәrdә heyrәtamiz dәrәcәdә psixoloji ifadә vasitәsinә çevrilmişdir.
Sәnәtinin vә bәstәkar amalının mayası etibarı ilә iki münbit, tükәnmәz mәnbәyә – xalq musiqisinә vә klassik Şәrq muğamlarına әsaslanan bәstәkar, Füzuli qәzәllәrinin mәna-mәzmun tutumunu, fәlsәfi-idraki dәyәrini, eləcə dә bәdii-poetik incәliklәrin sәsin, avazın vә melodiyanın ifasında şәrhi mәqsәdilә hәmin mәnbәlәrdәn yerli-yerindә, hәm dә mәqsәdәmüvafiq istifadә etmişdir.
...Hәm dә görkәmli musiqi nәzәriyyәçisi kimi fәaliyyәt göstәrәn Hacıbәyov “Azәrbaycan xalq musiqisinin әsasları” adlı elmi-nәzәri traktatında ...musiqi sәnәtinә dair nәzәri müddәalarını әsaslandırmaqla yanaşı, yaradıcı bәstәkar olaraq, klassik milli musiqinin – muğamların başlıca әmәli xüsusiyyәtlәrini dә öz yaradıcılığında dahiyanә bir ustalıqla imtahandan keçirmişdir. Bәstәkarın Füzuli qәzәllәrindәn istifadә ilә özünün opera vә operettalarında yaratdığı ayrı-ayrı musiqi parçaları: ariya, duet, həmçinin müstәqil şәkildә tәsnif vә şöbәlәr klassik Azәrbaycan – Şәrq muğamlarının fikri-bәdii qaynaqlarından qidalanmışdır. Klassik muğamın dinlәyicidә mәrdlik vә gümrahlıq hissi oyadan “Rast”, şәn, lirik әhval-ruhiyyә yaradan “Şur”, mәhәbbәt hissini güclәndirәn “Segah”, dәrin kәdәr duyğusu aşılayan “Şüştәr”, hәyәcan, ehtirası coşduran “Çahargah”, qәmginlik gәtirәn “Bayatı-Şiraz”, daha dәrin bir qüssә tәlqin edәn “Humayun” adlı yeddi әsas pәrdәsi bәstәkarın Füzuli şeirinә yaradıcı münasibәtindә tam dolğunluğu, poetik-emosional tәsir qüvvәsi ilә nәzәrә çarpmaqdadır. Füzuli qәzәllәrinin musiqiyә çevrilməsində bu әsas pәrdәlәrdәn әlavә, yerinә görә, “Simayi-Şәms ”, “Mahur-Hindi”, “Әraq”, “Osmanlı”, “Bayatı-Kürd”, “Bayatı-Qacar” kimi musiqi şöbәlәrindәn dә istifadә olunmuşdur.
“Leyli vә Mәcnun” operasının proloqunda “Şәbi-hicran yanar canım” misrası ilә başlayan qәzәlin musiqi dili ilә şәrhi qәrinәlәrin axınından azadlığa doğru ümid nәzәrlәri ilә baş qaldıran insanlığın nakam arzularının himni kimi sәslәnir...
“Leyli vә Mәcnun” dahiyanə faciәdir. Poemanın mәzmun dәrinliyi fәlsәfi-poetik vüsәti, insanın real imkanları ilә ideal hәyat arzuları arasındakı uçurumlardan doğan әlçatmaz böyük kәdәrini, poetik sözün incәliyi ilә tәsdiqә yetirmәsindәdir. Üzeyir Hacıbәyovun bәstәkar olaraq sәnәtkarlıq mәharәti orasındadır ki, o, Füzuli şeirinin mahiyyәtini – ölçüsünә vә poetik fikir yatağına sığmayan bәşәri-ülvi faciәni musiqiyә köçürmüş, onu musiqinin qәlblәri tәlatümә gәtirәn ecazkar dili ilә yenidәn hәyata qaytarmışdır. Başqa sözlә, musiqi sәltәnәtindә yeni bir “Leyli vә Mәcnun” yaratmışdır. Füzuli poemasının әsasında dayanan “eşq vә azadlıq insanın әn nurlu idealıdır vә insan bu idealının fövqünә yüksәlmәyincә real alәmdә hәqiqi sәadәti tapmaq mümkün olmayacaq” fikrinin musiqi dili ilә tәhlili, operanın da başlıca bәdii-estetik qayәsi kimi meydana çıxmışdır. Eyni halda bәstәkarın ayrı-ayrı surәtlәrin fәrdi alәmini, mәnәvi-intim xüsusiyyәtlәrini canlandırmaq mәqsәdi ilә apardığı sәmәrәli yaradıcılıq işi muğamın müxtәlif şöbәlәrindәn istifadә ilә başa çatdırılmışdır. Nümunә üçün operanın ikinci pәrdәsindәn “Anasının Leyliyә nәsihәti”ni vә Leylinin anasına xitabәn öz dәrdini izah edәn qәzәlin ifasını xatırlamaq kifayәtdir...
Bu ariyalar muğamın “Simayi-Şәms” şöbәsi üstündә bәstәlәnmişdir. Füzulinin poemasında әsas faciәli şәxsiyyәtin – Mәcnunun kәdәri vә mәnәvi sarsıntıları subyektiv amillәrә әsaslanmır vә fәrdi sәciyyә daşımadığından ictimai mәzmun qazanır. Bu sәbәbdәn dә mәna vә fikir etibarilә yüksәlir, büllurlaşır, nəhayət, bәşәri kәdәrә qovuşur. Lakin faciәnin mәrkәzindә dayanan surәtin әhatә olunduğu cәmiyyәtdә “faciәyә mәhkum şәxsiyyәtdirmi, cәmiyyәtdirmi?” – sualına cavab vermәk çәtindir. Füzuli, şeirinin әsrlәri aşıb gәlәn sәdası ilә belә bir hәqiqәti deyir ki, şәxsiyyәtsiz bir cәmiyyәtdә şәxsiyyәt kimi yetişmәk faciәdir! Mәğrur olmaq, lәyaqәtli böyümәk vә müstәqil düşüncәyә sahiblәnmәk fәlakәtdir!
Üzeyir musiqisindә hәyat yolu, amalı vә taleyi fәlakәtә mәhkum mәğrur şәxsiyyәtin faciәsi muğamın “Әraq” şöbәsindә izah olunur...
Üzeyir Hacıbәyovun Füzuli qәzәllәrinә musiqi bәstәlәmәsi bәstәkarın “O olmasın, bu olsun” vә “Arşın mal alan” operettalarında da әhәmiyyәtli yer tutmaqdadır. Mövzu vә janr etibarı ilә şәnlik, gülüş vә yumor hisslәri ilә aşılanmış bu komediyalarında bәstәkar, Füzuli qәzәllәrindәn elә nümunәlәr seçmişdir ki, bunlar, әslindә, dramatik vәziyyәtlәrin gedişi vә qәhrәmanların gәrgin hadisәlәr silsilәsindәn keçәn, müәyyәn qәdәr dә kәdәrli әhval-ruhiyyәyә mәruz qalan sevgi-mәhәbbәt macәralarına xidmәt edir. Bu da tәsadüfi deyil. Füzuli şeirindә şәnlik doğuran komik ünsürlәr yoxdur. Şairin qәzәllәri, ümumәn bәdii-fәlsәfi yaradıcılığında olduğu kimi, hәyatın ziddiyyәtlәrini vә insanın müәmmalı xilqәtini dәrindәn izah edәn ictimai kәdәrlә zәngindir.
Üzeyir Füzuli şeirinin can damarını tәşkil edәn fәlsәfi-bәdii ciddiyyәti, qәzәllәrin mayasına hopmuş düşündürücü lirizmin ahәngini xüsusi qayğı ilә mühafizә etmiş, hәr iki operettanın baş qәhrәmanlarının daxili-ruhi alәmini, sarsıntı vә hәyәcanlar hәlqәsindәn keçәn duyğu-fikir dünyasını tәhlil mәqsәdilә müәyyәn muğam parçalarını seçmişdir...
Füzuli qәzәllәrinin mәrkәzi mövzusu mәhәbbәtdir. Bu mәhәbbәtin әlamәtdar xüsusiyyәti, başlıca vә aparıcı leytmotivi insanın öz taleyi uğrundakı mübarizәsi ilә әlamәtdardır...
Füzulinin bu ruhda vә mәzmunda olan qәzәllәrindәn bәstәkar “Arşın mal alan” komediyasında da istifadә etmişdir. Әsәrdә Füzulinin mәhәbbәt mövzusunda yazdığı dörd qәzәli müәyyәn münasibәtlәrdә әsas surәtlәrin (Әsgәr vә Gülçöhrә) dilindәn verilmişdir...
Füzuli şeiri vә Üzeyir musiqisi yaradıcılıq mәslәkinin ahәngdarlığı, mövzu vә fikir alәmi, fәlsәfi dәrinlik vә poetik hissin genişliyi etibarilә daim vәhdәtdә, üzvi әlaqәdә dәrk edilәn xariqüladә bir alәmdir. Füzuli poeziyasınınmı Üzeyir musiqisinә, bu musiqinin idraki әnginlik vә melodiyasına, avaz vә riqqәtinә, gözәllik vә bәlağәtinә tәsir etdiyini, Üzeyir musiqisininmi Füzuli şeirinin fәlsәfi dәrinlik vә lirizminә, çoxtәrәfli hәyati axtarış qüdrәtinә, bәşәri kәdәr vә işıqlı ideallar problemlәrinә rövnәq verdiyini vә cilalandırdığını söylәmәyә mühakimәnin iqtidarı çatmaz.
Füzuli – fikrin atәşi, hissin tәlatümüdür! Üzeyir – gözәlliyin zinәti, eşqin vüsәtidir! Fikir hisslә, gözәllik mәhәbbәtlә bir doğulduqda, vәhdәtdә olduqda qüvvәtlidir, tәravәtlidir, yüksәkdir.
“Ədəbiyyat və incəsənət”
(28.12.2024)
“Artıq evə getməli idim” - HEKAYƏ
Harun Soltanov, “Ədəbiyyat və incəsənət”
Həmin gecə yaşlı adam yanımda oturmuşdu. Mən pivə içirdim, o isə viski kokteyli sifariş vermişdi. “Dərd” sözünü o qədər təkrarlamışdım ki, mənası özünü itirmişdi, yalnız bir səs olaraq qalırdı.
Sanki dərd bir insanın üzərinə qoyulan, amma heç vaxt həqiqətən anlaya bilmədiyi bir yükdür. Dərd – həyatın özüdür. İnsan dərdlə doğulur, onunla nəfəs alır, onunla böyüyür. Amma dərd həqiqətən nədən ibarətdir? O, bir hissdir, yoxsa bir xatirə? Məncə, dərd bir insanın öz içində yaratdığı və özündən başqa heç kimin paylaşmadığı bir yalandır. Amma mən bu yalanı yaşamağa davam edirəm.
Mənim dərdim bitməz ki. Çünki dərd bir hal deyil, bir varlıqdır. Onu saymaq olmaz, o, nə başlanğıcı, nə də sonu olan bir boşluqdur. Mənim dərdim yalnız bədənimin aclığı deyil, ruhumun doymayan əzabıdır. Ac qala bilərəm, amma dərdim yemək deyil, dərdim tox ola-ola boşluğun çarəsizliyini hiss etməkdir. Mənim dərdim geyindiyimlə deyil, geyinə bilmədiklərimlədir. Geyinə bilmədiklərim də deyil, o paltarların altında həmişə çılpaq qalan mənim özümlədir. Mənim dərdim içimdə həmişə üşüyən bir hissdir – heç vaxt istilməyən, heç vaxt tamamlanmayan bir boşluq.
Mənim dərdim ölkəm deyil, ölkəmin sükutudur. İnsanların danışmağa qorxduğu, amma içində boğulduğu səslərdir. Mənim dərdim televiziyalarda parlayan saxta dünyadır – yalançı xoşbəxtliklərin, parıltılı maskaların ekranıdır.
Hər yerdə zorakılıq, qətl, ağrı. Mənim dərdim coğrafiya deyil, dünya deyil. Mənim dərdim insanın öz içində itirdiyi dünyadır. Biz torpağı zəhərlədik, suları çirkləndirdik, havanı öldürdük. Amma ən çox özümüzü çirkləndirdik. Mənim dərdim insanın öz əlləri ilə yaratdığı fəlakətdir – həm özünü məhv edən, həm də onu yaradan paradoks.
Mənim dərdim tək mənim deyil. İnsanların içində böyütdüyü, amma heç vaxt qəbul etmədiyi bir kölgədir. Biz dərdimizi boynumuza almadıqca, o bizi ağırlaşdırır. Mən deyirəm ki, dərdim, qanadlan və uç. Amma dərd təkcə uçub getmir. O, kölgə kimi ardınca gəlir, nəfəsin kimi içində qalır. Mənim dərdim, bəlkə də, heç bir insanın başa düşməyəcəyi bir axtarışdır. Çünki mənim dərdim insanın öz varlığını anlamamaq qorxusudur. Bu qorxu bizi dağıdır, bizi özü-özümüzdən qoparır.
Mənim dərdim həqiqət axtarışıdır. Həqiqət isə insana rahatlıq deyil, yanan bir od gətirir. Mənim dərdim yalnız dərd deyil, mənim dərdim insanlıqdır – onun ən gözəl və ən fəlakətli yaratdığı şey. Bu dərd, mənim bir hissəmdir. Ondan qurtulmaq mənim varlığımdan qurtulmaqdır. Və bəlkə də, insan həqiqətən ancaq öz dərdi ilə yaşayır
Dərd… dərd… dərd…
Bu sözləri içimdə deyirdim ki, birdən yanımdakı dayday yadıma düşdü. Geri döndüm ona:
– Dayday, hələ də danışmağımı istəyirsən?
– Hə, sən danış, mən dinləyəcəyəm.
- Mən çox varlı, imkanlı və dövlətli ailədə doğulmuşam. Bilmirəm, bəlkə də bu, mənim qanımdadır. Qanımda var ki, yenə pul qazanım. Kiməsə boyun əyməyim və həmişə dik gəzim. Pul hər şeyi həll edirmi həyatda? Pul? Pul əl çirkidir? Pul əl çirkidir deyənlərin artıq əlləri çürüyüb. Pulla xoşbəxtliyi almaq belə mümkündür. Nə isə, qayıdaq mənim dərdimə...
– Dayan, gənc adam, pulla necə xoşbəxtlik alırsan?
– Danışacağam, səbrli ol. Dediyim kimi, mən varlı ailədə doğulmuşam. Təbii ki, nəsə məndə fərqli bir şeylərin olduğunu sezirdim içimdə. Çünki bacım-qardaşım həmişə rahat yola qaçanda, mən elə etməmişəm. Atam sadəcə bir sürücü olsa da, bir deputatdan çox qazanırdı. Amma günlərcə evdə görmürdük onu, xaricdə olurdu. Xülasə, mən atamdan və ya anamdan pul istəməyə həmişə utanırdım, çəkinirdim. Onu da qeyd edim ki, atam çox əzazil biri idi. Necə ki, Ağa Məhəmməd Şah Qacar, elə də mənim atam. Bir gün dərsə gedəndə məktəbin yanındakı çayxananı gördüm. "Ofisiant axtarılır" elanı vardı. Mən isə balaca uşaq idim, 11-12 yaşım olardı, ya olmazdı. Orada işləməyə başladım.
– Bəs bu qədər deyirsən, imkanlısınız, falan. Niyə işləyirdin? Atan elə biri idisə, nə yaxşı icazə verirdi?
– Mən pul almağa utanırdım və atam-anam bilmirdi. Bir gün anam öyrəndi. Təbii ki, mənimlə bacara bilməyəcəyini bildiyi üçün susdu. Amma atam bilsəydi, evdə dava olacaqdı. Ona görə də atam evdə olan vaxtlar işdən icazə alırdım, evdə olurdum.
-….
– Pivə sifariş verirəm, içirsən?
– Çox sağ ol.
-Oktyabr ayları idi. Möhkəm yağış yağırdı. Mən işdən çıxmışdım, qaça-qaça evə gedirdim. Yağışın suyu bizim tam təmirli hamamımızın duşuna oxşamırdı. Hər damcı iliyimə qədər işləyirdi. Külək az qala yıxırdı məni. Təbii ki, oktyabr ayı idi – payızın ən gözəl vaxtları. Gündüzlər sanki bir cənnət idi. Ağaclardakı hər yarpağa günəş şüası bir rəng bəxş edirdi. Həmişəyaşıl ağaclar saralmış, qızarmış ağaclara istehza ilə baxırdı. Gecəsi isə tam başqa bir aləm idi. Şairlərin soyuq Sibirdə təsvir etdikləri bir mənzərəni andırırdı. Evə gəlib çatanda atam evdə idi.
– Evdən qovdular səni? – deyə soruşdu.
-Yox, əşi… Atam evdə idi və mən yalan danışmağı bacarmırdım. Ümumiyyətlə, millətimin heç bir nurüzlü körpəsi yalan danışa bilmir. Ta ki, sistemin əlinə düşənə kimi. Atam sual etdi:
– Haradan gəlirsən?
-Eee… şey...
– Dedim sənə, haradan gəlirsən?
-Ata, bir işə düzəlmişəm…
– İşə düzəlmisən? Çıx bayıra! Mən buna görə əlləşim, vuruşum, sən isə işlə?! Çıx, rədd ol bayıra!
(Arxadan səs gəlir: "Arağımı gətir!")
Çıxdım balkona. Ayaqqabılarım yay üçün idi, içi su idi. Aclıq hissi isə sanki öz barmaqlarımı yeməyə məcbur edirdi. Soyuq və aclıq insanın bir-birinə düşmən olduğu anları yaşadır. Həyatda ən sadə şeylərdən biri olan isti, bir tikə yemək bəzən insan üçün nə qədər əlçatmaz olur! Mənim də o anda tək arzularımdan biri idi. Elə bu vaxt əmim qızı məni səslədi:
– Gəl, bir şey ye.
Mən gedə bilməzdim. Qorxurdum. Əmim qızının evdə olması isə sanki bir xilas idi mənim üçün. Yaxınlaşdı, isti yemək gətirdi. Yeməyin qoxusunu bütün damarlarımla hiss edirdim. Atam isə qışqırdı:
– Ya sən onunla balkonda qalacaqsan, ya da o küçəyə gedəcək!
Bu vəziyyəti qəbul edə bilməzdim. Yeməyi qaytardım və küçəyə çıxdım. Yağış sanki mənimlə müharibəyə başlamışdı. Ayaqlarım donurdu, yağış isə qəlbimdəki acıları yuyurmuş kimi gəlirdi. Soyuq və aclıq birləşib sanki məni təslim olmağa çağırırdı. Amma mən dözürdüm. O an düşündüm: müharibə zamanı insanlar bu iki düşmənlə necə mübarizə aparıb?
Birdən uzaqdan bir qaraltı yaxınlaşdı. Soyuqdan titrəyə-titrəyə qorxmağa da başlamışdım. Gecə saat birdə bu kim ola bilərdi? Cin? Şeytan? Qaraltı yaxınlaşdıqca qəlbim daha sürətlə döyünürdü. Səsimi çıxara bilmirdim.
– Bəs o qaraltı nə idi?
-Qaraltı... O mənim qonşum Turqut idi, məndən üç yaş böyük. Dükana gedirdi. Yanıma yaxınlaşıb soruşdu:
– Ala, burda nöş dayanmısan, bu soyuqda?
Soyuqdan titrəyərək cavab verdim:
-Heç, evdə çox isti idi, çıxdım bir az hava alım. Bilirsən də, peçə xod verirlər, dözülməz olur.
Sanki nəfəsimin qoxusunu hiss etdi. Dedi:
– Dükana gedirəm, nəsə istəyirsən alım?
Mən, özümü sındırmamaq üçün, heç nə istəmədim. O isə gedib yarım saat sonra qayıtdı. Üst-başı islanmışdı, saçlarını əli ilə gözlərindən çəkərək soruşdu:
– Gəlirsənsə, gedək bizə, həm mən də darıxıram.
-Yox, bir azdan evə keçərəm.
– Yaxşı, gecən xeyrə.
-Xeyrə qarşı.
O, yola düşdü, mən isə hələ də qapıda dayanmışdım. Necə uzun dayanacağımı bilmirdim. Üşüyürdüm. Onun getdiyi tərəfdən qəfil qışqırıq gəldi. Heç düşünmədən ora qaçdım. Gördüm ki, əlində bir qazan yarpaq dolması, dəsmal və quru paltar tutub:
– Gəlmirsənsə, ikimiz də məscidə gedərik.
Məni birtəhər sürüyüb ora apardı. O gecə məsciddə həyatımın ən rahat yuxusunu yatdım. Elə bil bu yaşıma qədər belə rahatlıq görməmişdim. Amma o gecədən sonra ayaqlarım heç vaxt isinmədi, həmişə üşüdü. Turqut isə o gecə baş verənləri heç vaxt soruşmadı.
– Maraqlı əhvalatdır. Hesabın nədirsə, mən ödəyəcəyəm.
-Çox sağ ol, dayı. Bəlkə sən də danışasan? Gecə üçdə dərdsiz adam gəlməz bura.
– Gələn dəfəyə qalsın.
-İxtiyar sahibi sənsən.
– Amma bir sual: xoşbəxtliyi pulla necə alırsan? Axı bu mümkünsüzdür.
-Dayı, neçə yaşın var?
– Qırx altı.
Başımı yelləyib cavab verdim:
-Sizi nə xoşbəxt edir?
– Ailəm.
-Çox gözəl. Bəs pulu necə qazanırsınız?
– İşləyərək.
-İşləyib nə itirirsiniz?
– Enerji. Yaş. Güc.
-Vaxtı deməyi unutdunuz.
– Hə, doğrudur, vaxt.
-Deməli, siz öz enerjinizi, gücünüzü və ən əsası vaxtınızı satıb pul alırsınız, düzdür?
– Tamamilə doğrudur.
-Əgər pulunuz olsaydı, işləməz, vaxtınızı ailənizlə keçirərdiniz və xoşbəxt olardınız, elə deyilmi?
Son sözlərimi deyib stəkandakı içkinin son damlasını da içdim. Artıq saat 6-nı keçmişdi. Bir ağırlıqdan, bir çətinlikdən qurtulmuşdum sanki. 28 May metrosunun yaxınlığında, mayın öz gözəlliyini açan təbiətində idim. Narın yağış, həm incə, həm də sərt, hər şeyə toxunaraq öz həyatını davam etdirirdi. Siqaretimi yandırıb, dərin bir qullab aldım və üzüaşağı Dağüstü Parka doğru addımladım. Günəş, sanki boğulmaq üzrə olan şəhəri qurtarmaq istəyirmiş kimi, göy qurşağını yaratmağa çalışırdı. Dənizə çatdım. Qayalara çırpılan dalğalar, bir tərəfdən həyatın mürəkkəbliyini, digər tərəfdən isə boşluğun sonluğunu göstərirdi. Qağayılar nəğmələrini oxuyarkən, yağış daha da güclənirdi, sanki hər damla mənim içimi oxumağa, mənim varlığımı dərk etməyə çalışırdı. Yağışla bir olmaq, sadəcə bədənimlə əlaqə qurmaq deyil, ruhumla təbiət arasında bir harmoniyanı tapmaqdır. Bu an, var olmanın ən dərin həqiqətini anlamam üçün bir imkan idi. Hər damla bir həyat, hər yağışda bir varlıq tapır, mən də həmin anın içində əriyirdim. Yağışla bir olmaq – bu, insanın təbiətlə sonsuz bir dövrə daxil olmasıdır, orada heç bir sərhəd, heç bir limit yoxdur. Bəlkə də, bu, ən böyük azadlıqdır: özünü təbiətin ritminə buraxmaq, onun sonsuzluğunda sükunət tapmaq.
Yağışla bir olmaq, sanki varlığın ən dərin təzahürünə çatmaqdır – doğrudan da, hər damla içində bir dünya saxlayır. Bəlkə də, bu, təbiətin və insanın təkrarlanan dövranı arasında bir harmoniyanın qurulmasıdır. Yağışın altında sükutla əritdiyim hər bir düşüncə, bir çöküş və ya yüksəliş kimi duyğuların qəlbimdə atdığı hər döyüntü – hamısı bir mövcudluq səyahətidir. Yağış mənim içimi oxuyur, mən isə özümü onda tapıram. Belə bir əlaqə yalnız təbiət və insanın qarşılıqlı gizli anlaşması ilə mümkündür, hər damla bir mürəkkəb, hər damla bir məna daşıyır. Varlığın yükünü yüngülləşdirmək üçün bəzən heç bir sözə ehtiyac yoxdur – sadəcə yağışa qulaq asmaq kifayətdir. Bu anın içində hər şeyin bir səbəbi olduğunu hiss edərsən, amma hər şeydən çox, var olmanın özünü dərk edərsən..
Artıq evə getməli idim..
“Ədəbiyyat və incəsənət”
(28.12.2024)
Güney Azərbaycan Poeziyası Antologiyasında Xosrov Barışanın “Kibrit satan qarı” şeiri
“Ədəbiyyat və incəsənət” portalının Güney Azərbaycan Poeziyası Antologiyası layihəsində Təbriz təmsilçimiz Əli Çağlanın növbəti təqdim etdiyi yazar Əhərdə yaşayan Xosrov Barışandır.
Xosrov Barışan
Təbriz
KİBRİT SATAN QARI
Əllərində kibrit,
Ah... kibrit satan qız;
Ahın yaman yandıracaq...
Yanır...
Yandı...
Dingələn bir gecə olacaq...
Olur...
Oldu...
Bəxtin avrupada
“Hans krestian anderson”un
Qələminin cövhərindən də qara.
Və əlbəttə dəlisov bir qar yağacaq...
Yağır...
Yağdı...
Artıq rahat ol, utanma, aç ləçəyivi;
O qədər saçların ağarmış ki
Naməhrəm də görənməz saçlarıvı.
Tanrıların başı nəm-harda qarışıb!!!
Bura Təbriz;
Şair adlı bir pasaj önündə döşən.
Fasilələrdə mi bəzənib qadın oldun sən!?,
Şeir oldun sən!
Dinmə,
Dil tökmə,
Sus...
Sus...
Sayqı duruşundayam mən.
Danışır gözlərində bir sukut!
Oxunur ölkəmin milli marşı...
Bax...
Bax...
Bax...
Çırpınır bir şəhər..,
Çırpınır ürək..,
Titrəyir əl...
Qocalığıvı yazmaq
Mənim payım olur.
Və nəfəs...
Nəfəs...
Həvəs...
Həvəs...
Nəfəs...
Həvəs...
Həvəs...
Həvəs...
Həvəs...
Səs...
Səs...
Səs...
Xiyavan!!!
Hə
Hər kəsi ilgiləndirən bir sov:
“Şəkilla məməsini eşiyə qoymuş,
Orasından yapışıb oynayır Maykel cəkson.”
Ehey şu şəhərdə şeirlərivə şişən şeyi şişmiş şair
Sən tükətdir,
Tükətdirsin muxatəbin:
Oh my god...
Yee... yee...
Oh yee...
Yerikləyirəm zirhov...
Post modern doğam!!!
Pəhov
Hələ təxt üstünü götüm görməmiş.
Yox
Yol getməyirsən yuxuda,
Yuxundan yollar geçir!
Bir mən gedir səndən
Bizə həsrət
Kibrit satan qarı;
Sən darvinism təbiəti tək,
Sən kapitalism cəmiyəti tək
Qat-qat
Qat içində uyumlu,
Qat dışında mütəzad!
Ah... əlbəttə bir
Şıdırğı yağış yağacaq,
Yağır,
Yağdı.
Dur gizlət
Gözyaşlarıvı yağmurda
Və sonra son kibritivi çax,
Qızışsın,
Işıqlansın,
Arınsın
Bu son şeirimi yazım.
“Ədəbiyyat və incəsənət”
(28.12.2024)