İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Təqdimatını şair, şərqşünas, teoloq kimi verdim. Amma o, hər şeydən əvvəl, olduqca savadlı, dünyagörüşlü bir ziyalımızdır. Bu gün doğum günüdür, 69-u haqlayıb yubileyinə səmt götürəcək.
Nəriman Qasımoğlu 1956-cı il dekabrın 26-da Bakıda doğulub. Hüseyn Cavid adına 132 saylı Bakı şəhər orta məktəbini qızıl medalla (1973), Bakı Dövlət Universitinin (BDU) şərqşünaslıq fakültəsini fərqlənmə diplomu (1979) ilə bitirib.
SSRİ EA Şərqşünaslıq İnstitutunda təcrübəçi (1984–1986), Azərbaycan Yazıçılar Birliyi Tərcümə Mərkəzində şöbə müdiri (1989–1992) vəzifələrində, ABŞ-nin Corctaun Universiteti (2003–2004), Macarıstanın Mərkəzi Avropa Universitetində (2006–2007), ABŞ-nin Kaliforniya Dövlət Univerisiteti (2009)və Harvard Universitetində (2012–2013) elmi araşdırmaçı qismində çalışıb.
Hazırda ADA Universitetinin professorudur.
ABŞ, Braziliya, Almaniya, İngiltərə, Polşa, Macarıstan, Rusiya, Qazaxıstan və Gürcüstanda keçirilən elmi konfranslarda məruzələrlə çıxış edib. Hazırda fərdi elmi və bədii yaradıcılıqla məşğuldur.
1987-ci ildə Moskvada namizədlik dissertasiyasını müdafiə edib. 80-ci illərdəki Bakıda və Moskvada elmi fəaliyyəti Yaxın Şərq probleminə həsr etdiyi onlarla məqalədə və bir monoqrafiyada əksini tapıb.
1970-ci illərdən etibarən bədii yaradıcılıqla məşğul olmağa başlayıb. İlk mətbu yazısı ərəbcədən tərcümə etdiyi uşaq hekayələri ("Göyərçin" jurnalı, 1973) olub. Fəal poetik yaradıçılığa 1980-ci illərdən başlamışdır. İlk şeirləri "Yaşıl budaqlar" almanaxında dərc edilib. Şeirləri daha sonra Azərbaycanın ədəbi qəzet və jurnallarında, xaricdə — Türkiyə, İran, Suriya, İraqda çap olunub.
Kitabları
- İki doğum günü
- Quran-i Kərim: Azərbaycan
- Ayə aydınlığında. Bakı: Təhsil, 2005, 218 səh.
- Oxu müqəddəsliyi. Bakı: Təhsil, 2005, 218 səh.
“Ədəbiyyat və incəsənət”
(26.12.2025)


