Fatimə Məmmədova, “Ədəbiyyat və incəsənət”
Rəqəmsal çağın gəlişi insan həyatını hər tərəfdən dəyişib. Artıq gündəlik söhbətlər, şəxsi fikirlər və duyğular saniyələr içində mesajlara, səsyazılara və şəkillərə çevrilir, sosial şəbəkələr və tətbiqlər vasitəsilə paylaşılır. Lakin görünməz bir sərhəd var – hər paylaşımın arxasında hüquqi və etik nəticələr dayanır...
Özəl yazışmaların, şəxsi səsyazıların və fotoşəkillərin icazəsiz yayılması təkcə şəxsi həyatın toxunulmazlığını pozmur, həm də ciddi cinayət məsuliyyətinə yol açır. Bu, texnologiya ilə hüququn kəsişdiyi, insanların gündəlik həyatında tez-tez rast gəldiyi, amma az düşündüyü bir problem sahəsidir. Hər bir klik, hər bir paylaşım, bəzən gözlənilməz və ağır nəticələr doğura bilər – və məhz bu, oxucular üçün həm maraqlı, həm də düşündürücü bir sual ortaya qoyur: şəxsi həyatın gizliliyi ilə rəqəmsal ünsiyyət arasında həqiqi sərhəd haradadır?
Bu barədə “Ədəbiyyat və İncəsənətə2 danışan Azərbaycan Vəkillər Kollegiyasının üzvü Cavanşir Qasımzadə bildirib ki, nəinki səs yazısı, hətta videomaterial və fotoşəkillərin yayılması da cinayət məsuliyyəti yaradır:
"Bu, cinayət məcəlləsinin 156-ci maddəsində-şəxsi həyatın toxunulmazlığı maddəsində öz əksini tapıb. Bundan əlavə 155-ci maddə də gizli telefon danışıqlarının yayılması ilə bağlı məsuliyyət haqqındadır. Burada sübut qismində istifadə olunub-olunmaması ilə bağlı biz bir şeyə fikir veririk ki, WhatsApp yazışması, səsyazısı o halda sübut qismində istifadə olunur ki, bu qanunsuz yolla həyata keçirilməsin. Yəni bu səsyazısı ilə bağlı şəxsin öz icazəsi olsun".
Vəkilin sözlərinə görə, WhatsApp vasitəsilə göndərilən mesajlar məhkəmədə sübut kimi istifadə oluna bilər:
" WhatsApp yazışması və WhatsApp səsyazısı sübut qismində qəbul oluna bilər. Niyə? Çünki şəxs onu qarşı tərəfə atdıqda özü bunu öz razılığı ilə göndərir və gerçəkləşdirir. Belə olan halda bu gizlin səsyazısı sayılmır, şəxsin öz istəyərək etdiyi hal sayılır".
“Ədəbiyyat və incəsənət”
(26.12.2025)


