İlhamə Məhəmmədqızı,
“Ədəbiyyat və incəsənət” portalının Sumqayıt təmsilçisi
“Rənglərin hekayəti” sərgisi təkcə bir rəssamın yubiley tədbiri deyil, eyni zamanda milli ruhun, azərbaycançılıq ideyasının və suveren dövlət anlayışının sənət dili ilə təqdimatı idi. Şirin Cəfərovun əsərlərində rənglər danışır, düşündürür və tarix yazır. Bu sərgi Sumqayıt şəhərinin mədəni həyatında yadda qalan əlamətdar hadisə kimi dəyərləndirilir...
Sumqayıt Dövlət Rəsm Qalereyasında Azərbaycan təsviri incəsənətinin parlaq simalarından biri, tanınmış peşəkar rəssam Şirin Cəfərovun 70 illik yubileyi münasibətilə “Rənglərin hekayəti” adlı fərdi sərgisi keçirilib.
Əlli ildən artıqdır ki, sənət yolunda inamla addımlayan Şirin Cəfərov əsasən karikatura janrında fəaliyyət göstərir. O, həyatının təxminən otuz ilini Avropada yaşayıb-yaradaraq keçirib, Polşa, Fransa və Belçikada fəaliyyət göstərib. Bununla yanaşı, yaradıcılığının əsas xəttini Qarabağ mövzusu təşkil edib. Rəssamın bu mövzuya həsr olunmuş üç yüzə yaxın əl işi mövcuddur.
Şirin Cəfərov 1955-ci ildə Qubadlı rayonunun Mahmudlu kəndində anadan olub. 1977-ci ildə Əzim Əzimzadə adına Rəssamlıq Məktəbinə qəbul olunub, 1982-ci ildə oranı bitirdikdən sonra təhsilini davam etdirmək məqsədilə Litvaya yollanıb və Litva Rəssamlıq Akademiyasına daxil olub. Qəlbində daima Vətən həsrəti yaşadan sənətkar 2005-ci ildə Azərbaycana qayıdıb. Hazırda paytaxt Bakıda, İçərişəhərdə fəaliyyət göstərir və bu müddət ərzində 10-dan artıq fərdi sərgi açıb. Rəssamın ən böyük arzusu isə erməni işğalından azad edilən Qubadlının tam bərpasından sonra doğma yurda qayıdaraq orada sərgi keçirməkdir.
Konstitusiya və Suverenlik ili çərçivəsində təşkil olunan bu sərgi sənətsevərlərin böyük marağına səbəb olub. Yüksək estetik zövqlə ərsəyə gətirilən əsərlər zəngin rəng palitrası və dərin məna yükü ilə seçilir. Sərgidə nümayiş olunan tablolar rəssamın yaradıcılıq yolunun ən kamil və dolğun nümunələrini əks etdirir. Hər bir əsər Şirin Cəfərovun daxili aləmini, həyat fəlsəfəsini və sənətə olan sonsuz sevgisini tamaşaçıya çatdırır.
Sərginin açılış mərasimində ziyalılar, incəsənət nümayəndələri, media təmsilçiləri və sənətsevərlər iştirak ediblər. Tədbirin moderatoru yazıçı-publisist, kulturoloq Hafiz Ataxanlı çıxış üçün sözü Sumqayıt Dövlət Rəsm Qalereyasının direktoru Ellada Həsənovaya, Qubadlı Rayon İcra Hakimiyyətinin nümayəndəsi Cavidan Mirzəyevə, xalçaçı-rəssam Fazil Abbasqukuzadəyə, yubilyarın uşaqlıq dostu, rəssam Firdovsi Cəfərova, eləcə də rəssamlar İntiqam Cəfərov, Arif Müzəffər və digərlərinə təqdim edib. Çıxış edənlər Şirin Cəfərovun Azərbaycan təsviri incəsənətinə verdiyi əvəzsiz töhfələri vurğulayaraq, onun yaradıcılığını milli mədəniyyətimizin dəyərli xəzinəsi kimi qiymətləndiriblər.
“Ədəbiyyat və incəsənət”
(26.12.2025)


