Qərbi Azərbaycan ziyalıları: Zərifə Budaqova Featured

Nigar Xanəliyeva, “Ədəbiyyat və İncəsənət”

 

Zərifə İsmayıl qızı Budaqova 1929-cu il 28 aprel tarixində İrəvan şəhərinin Dəmirbulaq məhəlləsində dünyaya gəlmişdir. Orta təhsilinin yeddi sinfini doğma İrəvanda başa vurduqdan sonra 1942-ci ildə İrəvan Pedaqoji Məktəbinə qəbul olunmuşdur. 1946-cı ildə həmin məktəbi bitirərək elə həmin ildə İrəvan Pedaqoji İnstitutunun Azərbaycan bölməsinin Filologiya fakültəsində ali təhsil almağa başlamışdır.

 

1947-ci ilin dekabrında Ermənistanda yaşayan azərbaycanlıların deportasiyası nəticəsində bu fakültə 1948-ci ildə İrəvandan Bakıya – Azərbaycan Pedaqoji İnstitutuna köçürülmüşdür. Zərifə Budaqova 1949-cu ildə institutun Filologiya fakültəsini bitirdikdən sonra Azərbaycan SSR EA Dilçilik İnstitutunun aspiranturasına daxil olmuşdur.

1953-cü ildə Moskvada namizədlik dissertasiyasını uğurla müdafiə edən Zərifə xanım Azərbaycan qadın dilçiləri arasında ilk olaraq filologiya elmləri namizədi elmi dərəcəsinə layiq görülmüşdür. Cəmi 24 yaşında elmi ad alan gənc alim Bakıya qayıdaraq tədqiqat fəaliyyətini davam etdirmişdir.

1955-ci ilin oktyabr ayından etibarən Azərbaycan Elmlər Akademiyasının Müasir Azərbaycan dilçiliyi şöbəsinə rəhbərlik etmiş və 35 il – 1989-cu ilə, ömrünün sonunadək bu vəzifəni icra etmişdir.

1963-cü ildə namizədlik dissertasiyasından on il sonra “Müasir Azərbaycan ədəbi dilində sadə cümlə” mövzusunda doktorluq dissertasiyasını müdafiə etsə də, işin SSRİ Ali Attestasiya Komissiyası tərəfindən təsdiqlənməsi iki il davam etmişdir. Elə həmin ildə professor elmi adına layiq görülmüşdür. O, 1960–1961-ci illərdə nəşr olunan ikicildlik “Azərbaycan dilinin qrammatikası” əsərinin redaktorlarından biri olmuşdur. “Müasir Azərbaycan dilində sadə cümlələr” (1964), “Azərbaycan bədii dilinin üslubiyyatı” (1970), “Azərbaycan dilində durğu işarələri” (1977) kimi fundamental əsərlər də onun elmi irsinə daxildir.

1980-ci ildə Zərifə Budaqova Azərbaycan SSR Elmlər Akademiyasının müxbir üzvü seçilmişdir. Uzun illər məsul vəzifələrdə çalışan alim Dilçilik İnstitutunda direktor müavini olmuş, 1987-ci ildə isə institutun direktoru seçilmiş və həyatının sonuna qədər bu vəzifədə fəaliyyət göstərmişdir.

Zərifə Budaqova 1989-cu il 9 noyabr tarixində vəfat etmişdir. O, eyni zamanda görkəmli alim Budaq Budaqovun ömür-gün yoldaşı olmuşdur.

 

“Ədəbiyyat və incəsənət”

(26.12.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.