Super User
Teatr aləmində debütü 13 yaşında oldu
İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Qədim və gözəl diyarımız Şəki. Buradan nə qədər böyük mədəniyyət xadimi yetişibdir. Onlardan biri də bu günə anım günü təsadüf edən Azərbaycan SSR xalq artisti Sona Hacıyevadır.
Sona Hacıyeva 25 iyun 1907-ci ildə Şəkidə Əzizə Məmmədovanın ailəsində dünyaya gəlib. S. M. Qənizadənin "Axşam səbri xeyir olar" tamaşasındakı Çimnaz surəti 13 yaşlı Sonanın teatr aləmində debütü olub.
Gənc qızın səhnə qabiliyyətini, istedadını hiss edən o dövrün görkəmli aktyorlarından Mirzəağa Əliyev və Hacıağa Abbasov Sona Hacıyevanı əvvəlcə Bakı İşçi Teatrına dəvət ediblər. Müxtəlif səpkili rollar oynamaqla bərabər, Sona Hacıyeva Azərbaycan rayonlarına qastrola gedib. Kənd zəhmətkeşləri qarşısında çıxış edib.
1923-cü ildə Sona Hacıyeva Azərbaycan Dövlət Dram Teatrının səhnəsində ilk rolunu ifa edib. Əbdürrəhim bəy Haqverdiyevin "Pəri-Cadu" əsərində yaratdığı Səlimə rolu teatrın direktoru Rza Təhmasibin çox xoşuna gəlib. Sonralar Sona Hacıyeva uzun illər bu teatrda çalışaraq müasir və klassik dramaturqların əsərlərinin tamaşalarında diqqət cəlb edən obrazlar yaradıb.
Sona Hacıyevaya qədər operada qadın rollarını ancaq kişilər oynayıblar. Bu səbəbdən də Üzeyir Hacıbəyov, Müslüm Maqomayev çalışıblar ki, geniş yaradıcılıq imkanlarına malik Sona Hacıyeva daim opera səhnəsində çıxış etsin, amma o dövrdə elə bir vəziyyət yaranıb ki, Azərbaycan teatr tarixinin bütövlükdə inkişafı Sona xanımın həm opera, həm də dram teatrı səhnələrində müntəzəm çıxışını zərurətə çevirib. Sona Hacıyeva əgər bir tərəfdə muğam oxuyurdusa, digər səhnədə dramatik obraz yaradıb və yaxud komik surətə çevrilib.
İkinci Dünya müharibəsi zamanı həmkarları ilə birlikdə cəbhədə azərbaycanlı əsgərlərin yanında olan Sona Hacıyeva məlahətli səsi və xoş avazı ilə döyüşçüləri qələbəyə ruhlandırıb. Tamaşadan-tamaşaya Sona Hacıyevanın yeni yaradıcılıq imkanları üzə çıxıb. Mürəkkəb bir zamanda səhnəyə gələn, 200-dən artıq müxtəlif rollar yaradan, həm lirik, həm də komik obrazların mahir ifaçısı Sona Hacıyeva Azərbaycan kino sənətinin də inkişafında öz töhfəsini verib.
Filmoqrafiya
- Prima
- Səhər
- Bəxtiyar
- Bismillah
- Əmək və qızılgül
- Qızmar günəş altında
- Min birinci söz
- O olmasın, bu olsun
- Telefonçu qız
Sona xanım 24 dekabr 1979-cu ildə vəfat edib. 2017-ci ildə Şəkidə aktrisanın 110 illik yubileyinə həsr olunan xatirə gecəsi keçirilib.
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(24.12.2025)
Bu gün Azərbaycan Prezidentinin 64 yaşı tamam olur
Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”
Azərbaycana Qarabağ zəfərini yaşatmış Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bu gün doğum günüdür, 64 yaşı tamam olur.
Prezidenti İlham Əliyev 1961-ci il dekabr ayının 24-də Bakı şəhərində anadan olub. 1967-1977-ci illərdə orta təhsilini Bakıda alıb, 1977-ci ildə Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutuna qəbul olunub, oranı bitirdikdən sonra 1982-ci ildə institutun aspiranturasına daxil olub, 1985-ci ildə dissertasiya müdafiə edərək tarix elmləri namizədi elmi dərəcəsi alıb. 1985-1990-cı illərdə həmin təhsil ocağında müəllim kimi çalışıb. 1991-1994-cü illərdə özəl biznes sahəsində fəaliyyət göstərib, 1994-cü ildən 2003-cü ilin avqust ayınadək Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti olub. O, iki dəfə - 1995-ci və 2000-ci illərdə Azərbaycan Respublikası Milli Məclisinin üzvü olub. 2003-cü ilin oktyabr ayının 15-də Azərbaycan Respublikasının Prezidenti seçilib. 2008-ci ildə 2-ci dəfə, 2013-cü ildə 3-cü dəfə, 2018-ci ildə keçirilən növbədənkənar prezident seçkilərində isə dördüncü dəfə Azərbaycan Respublikasının Prezidenti seçilib.
1997-ci ildən Azərbaycan Milli Olimpiya Komitəsinin prezidentidir. Bu gün onun sayəsində Azərbaycan dünyada idman ölkəsi kimi tanınır. Ölkədə idmanın sürətli inkişafını və onun perspektivlərini genişləndirmək məqsədilə ölkədə 50-dək Olimpiya İdman Kompleksi, həmçinin ixtisaslaşmış idman qurğuları tikilib istifadəyə verilib, mövcud idman obyektləri yenidən qurulub. Ölkə son illər I Avropa Oyunları, IV İslam Həmrəylik Oyunları, 42-ci Şahmat Olimpiyadası, XV Avropa Gənclər Olimpiya Festivalı, “Formula-1 Avropa Qran-Prisi” kimi bir sıra beynəlxalq idman yarışlarına ev sahibliyi edib.
Prezident İlham Əliyevin təşəbbüsü ilə “ASAN xidmət” mərkəzləri yaradılıb, bununla da dövlət orqanlarının fəaliyyətində şəffaflığın artırılması, vətəndaşlara göstərilən xidmətlərin təkmilləşdirilməsi, daha keyfiyyətli, rahat, yeni üslubda və müasir innovasiyaları tətbiq etməklə həyata keçirilən elektron xidmətlərə keçidin sürətləndirilməsi təmin olunub. Bu mərkəzlərə 2013-2018-ci illər ərzində 24 milyona yaxın müraciət daxil olub, xidmətlərin əhali arasında bəyənilmə əmsalı 100 faizə yaxınlaşıb. Təsadüfi deyil ki, Azərbaycan brendi olan “ASAN xidmət” dünyada böyük maraq doğurub və bu təcrübə bir sıra ölkələr tərəfindən öyrənilir.
Ali Baş Komandan olaraq İlham Əliyev sentyabrın 27-də başlamış və 44 gün davam etmiş İkinci Qarabağ müharibəsini müvəffəqiyyətlə başa vurub, 30 ildən artıq davam edən erməni işğalına son qoyulub, respublikamızın qanuni hüquqları bərpa edilib. Bu müharibə İlham Əliyevin adını tarixin səhifələrinə “İtirilmiş əraziləri geri qaytaran dövlət başçısı” kimi yazıb.
63 yaşını qeyd edəcək Azərbaycan prezidenti “Heydər Əliyev” ordeni (Azərbaycan Respublikası), Beynəlxalq münasibətlər və sülh naminə İhsan Doğramacı mükafatı (Türkiyə), “Rumıniya Ulduzu” ordeni (Rumıniya), “Kral Əbdüləziz” ordeni (Səudiyyə Ərəbistanı Krallığı), “Şərəf” ordeni (Gürcüstan), “Şərəf Legionunun Böyük Xaçı” ordeni (Fransa), Rusiya Pravoslav Kilsəsinin “Prepodobnıy Serqiy Radonejskiy” birinci dərəcəli ordeni, MDB ölkələrinin İdman Təşkilatlarının Beynəlxalq Konfederasiyasının “Şərəf” ordeni, FİLA-nın Şərəf Zalının ən yüksək “İdman Əfsanəsi” ordeni, İtaliyanın “Xidmətlərinə görə” böyük lentlə birlikdə Böyük Xaç Kavaleri ordeni, “Xidmətlərə görə” Böyük Xaç ordeni (Polşa), “I dərəcəli Knyaz Yaroslav Mudrı” ordeni (Ukrayna), “Mübarək əlKəbir” ordeni (Küveyt dövləti), Parlamentin Qızıl medalı (Yunanıstan), Dünya Güləş Birliyinin “Qızıl Orden” ali mükafatı, Beynəlxalq Paralimpiya Komitəsinin ali paralimpiya mükafatı, BMT-nin Əhali Fondunun mükafatı, Avropa Ədalətli Oyunlar Hərəkatının “Şərəf” nişanı və s. ilə təltif olunub.
“Ədəbiyyat və incəsənət”
(24.12.2025)
3 gündə 24 yasaq düşüncə. 2-ci gün
Xatirə Səfər, “Ədəbiyyat və incəsənət” üçün
9.Keçmiş dövrün qalığı olan qadın yasaqları və qadağaları bir çox ölkələrdə hələ də qanuni şəkildə və ya birtərəfli olaraq qanunsuz formada ölkədaxili qaydaların, qərarların hegemonluğunu təsdiqləyir.
10.Yasaqlar olmadan yaşamaq necə olardı, görəsən? Cəmiyyətə xaos kimi təqdim olunan hal-hazırkı mühit, ictimai-sosial vəziyyət, insanlar arasındakı münasibətlərdə yasaqların aradan qalxması şəxsi fikirlərin, şəxsi azadlıqların daha çox qabardılaraq gündəmə gətirilməsinə, bir çox şeylərin haqlı olmaya-olmaya haqq qazandırılıb normal səviyyədə təqdim edilməsinə səbəb olur.
11.İnsan düşünən, idrak edən varlıq olduğu üçün öhdəsinə yaratmaq və öyrətmək kimi missiyalar qoyulur. Hər kəs yaratmağa və ya öyrətməyə sahib bacarıqla dünyaya gəlirmi? Xeyr, mümkün deyil.
12.Bəzən indiki dövr üçün aktual olan problemlərdən danışanda kitab sektorundakı ciddi narahatlıqlar yada düşür. İnsanları vicdanları ilə sınağa çəkərək hədələmək, qorxutmaq həmişə asan olub. Ona görə də istədikləri sözləri, arzuları, hətta xəyalları belə ya utana-utana deyiblər, ya da elə sadəcə xülya kimi təsəvvür ediblər, yaxud da kitablarla ovudublar özlərini.
13.“Doğru sözü deyəni daş-qalaq edərlər” deyə söz yayılan cəmiyyətdə insan çətin ki, öz arzu-istəklərini asanlıqla gerçəkləşdirə bilsin. Hətta arzu-istək bir yana, haqqı olanı tələb etmək hüququndan belə məhrum edilir. Söz azadlığının ancaq kağız üzərində, formal şəkildə mövcud olduğu bir toplumda yaşamaq və bu toplumun bir üzvü olmaq həddindən artıq böyük iradə tələb edir.
14.Mən bir yazımda Şərq qadınlarının duyğularının kor, kar, lal, əlil qaldığı bir dövrü təsvir etmək istərdim.
15.İstənilən ailələrdə “cəmiyyət nə deyər, qohum-əqrəba nə deyər” düşüncəsi ilə doğulan, tərbiyə edilən qız övladları yaşayır. Onların beyninə təlqin olunan, “günah keçisi” adlanan bu düşüncələr və qadağalar vaxtından əvvəl ruhlarının qocalmasına, özlərini yalnız ana, bacı, qız övladı kimi görmələrinə səbəb olur.
16.Amma qadın yaradıcıdır, doğaraq artandır, öyrədəndir, sağaldandır, yaraları sarandır və s. Cəmiyyətdə və ailədə müxtəlif rollarda çıxış edən qadının ana təbiətdən tək istəyi var: gənc qalmaq, sevgi ilə bəslənmək, çəkdiyi ağrı-acıları gördüyü hörmət və qayğı ilə unutmaq, unudulmamaq.
“Ədəbiyyat və incəsənət”
(24.12.2025)
Фонд тюркской культуры и наследия выходит на глобальный уровень
В Сеуле подписан Меморандум с Центром ICHCAP при ЮНЕСКО
В рамках рабочего визита президента Фонда тюркской культуры и наследия Актоты Раимкуловой в Сеул был подписан Меморандум о взаимопонимании между Фондом и Международным информационно-сетевым центром нематериального культурного наследия в Азиатско-Тихоокеанском регионе при ЮНЕСКО (ICHCAP).
Документ подписали президент Фонда Актоты Раимкулова и исполняющая обязанности генерального директора госпожа Гюри Пак. Меморандум предусматривает установление институционального сотрудничества между сторонами в области охраны, изучения, документирования, цифровизации и международного продвижения нематериального культурного наследия.
В рамках Меморандума планируется реализация совместных проектов, проведение научного и информационного обмена, привлечение специалистов, а также продвижение совместных инициатив на региональных и международных платформах.
Документ открывает новые горизонты для укрепления сотрудничества и взаимного диалога между Тюркским миром и Азиатско-Тихоокеанским регионом, создавая широкие возможности для представления богатейшего культурного наследия тюркских народов не только в Европе, но и в Азии, а также на глобальной арене.
Подписание Меморандума и двусторонние встречи на высоком уровне, состоявшиеся в Сеуле, рассматриваются как важный шаг в деле расширения международного партнёрства Фонда тюркской культуры и наследия, укрепления сотрудничества со структурами ЮНЕСКО и продвижения богатого нематериального культурного наследия тюркских народов на международном уровне.
“Ədəbiyyat və incəsənət”
(23.12.2025)
İndoneziya və Azərbaycan arasında dövlət xidmətləri üzrə Simpozium keçirilib
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin və İndoneziya Respublikasının İnzibati və Bürokratik İslahatlar Nazirliyinin birgə təşkilatçılığı ilə İndoneziya və Azərbaycan arasında dövlət xidmətləri üzrə simpozium keçirilib.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, onlayn formatda baş tutan simpozium 24 iyul 2017-ci il tarixində imzalanmış Anlaşma Memorandumu və onun davamı olaraq 1 iyul 2024-cü il tarixində Cakarta şəhərində imzalanmış Fəaliyyət Planı çərçivəsində təşkil olunub. Belə ki, hazırda İndoneziya Respublikasında “ASAN xidmət” təcrübəsi əsasında yaradılmış 300-dən çox Dövlət Xidmət Mərkəzi fəaliyyət göstərir.
Əsas məqsəd dövlət xidmətlərinin göstərilməsində innovativ yanaşmaların və idarəetmə mexanizmlərinin tətbiqi sahəsində bilik və təcrübə mübadiləsinin aparılması olub.
Açılış sessiyasında Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev və İndoneziyanın inzibati və bürokratik islahatlar naziri Rini Vidyantini çıxış ediblər. Onlar dövlət xidmətlərinin daha səmərəli, şəffaf və vətəndaş mərkəzli şəkildə təşkilini, eləcə də iki ölkə arasında bu sahədə əməkdaşlığın genişləndirilməsi məsələlərini vurğulayıblar.
İndoneziyalı nazir “ASAN xidmət”in dövlət xidmətlərinin göstərilməsində vətəndaşların etimadını qazanması ilə yanaşı, bu sahə üzrə beynəlxalq tərəfdaşlarını da ruhlandırdığını qeyd edib.
Simpozium çərçivəsində Dövlət Agentliyinin və İndoneziyanın Bürokratik İslahatlar Nazirliyinin müvafiq şöbələri tərəfindən aidiyyəti sahələr üzrə geniş təqdimatlar edilib, suallar cavablandırılıb.
Sonda tərəflər əməkdaşlığın gələcək mərhələlərinə dair fikir mübadiləsi əsasında qarşılıqlı maraq doğuran sahələrdə birgə fəaliyyətlərin davam etdirilməsinin vacibliyini vurğulayıblar.
Tədbir hər iki ölkədən ümumilikdə 300-ə yaxın iştirakçını əhatə edib.
“Ədəbiyyat və incəsənət”
(23.12.2025)
Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Seulda Beynəlxalq Konfransda iştirak edib
Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti UNESCO-nun Asiya-Sakit Okean Regionunda Beynəlxalq Qeyri-Maddi Mədəni İrs İnformasiya və Şəbəkə Mərkəzi (ICHCAP) tərəfindən təşkil edilən Beynəlxalq Konfransında iştirak edib
Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova Seul şəhərində (C.Koreya) keçirilən “Sərhədləri aşan miras və (ASEAN) Cənub-Şərqi Asiya Ölkələrinin Ortaq Mədəni İrsi: dəyərlər və regional əməkdaşlıq” mövzusuna həsr olunmuş Beynəlxalq Konfransda iştirak edib.
“Ədəbiyyat və incəsənət” portalına Türk Mədəniyyəti və İrsi Fondunun verilən məlumata görə, tədbir Cənubi Koreya Respublikasının Milli İrs Xidməti və UNESCO-nun Asiya-Sakit Okean Regionunda Beynəlxalq Qeyri-Maddi Mədəni İrs İnformasiya və Şəbəkə Mərkəzinin (ICHCAP) birgə təşkilatçılığı ilə baş tutub.
“Türk mədəni məkanında ümum mədəni irs üzrə regional əməkdaşlıq: Ortaq Türk İrsi Kataloqu” məruzəsi ilə çıxış edən Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova beynəlxalq əməkdaşlığın mədəni irsin qorunması və təbliğində artan roluna diqqət çəkib. O, çıxışında Fondun Türk dünyasında ortaq mədəni dəyərlərin sistemli şəkildə sənədləşdirilməsi, gələcək nəsillərə ötürülməsi və beynəlxalq platformalarda tanıdılması istiqamətində həyata keçirdiyi fəaliyyətlərdən bəhs edib.
Seul şəhərində keçirilən konfrans çərçivəsində Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Fond tərəfindən “Türk Dünyasına Baxış– 2040” və TURKTIME strateji sənədlərinə uyğun olaraq hazırlanmış Türk mədəni irsinə dair ilk çoxdilli kataloq “Türk Dünyasının Mədəni Kodu” nəşrini təqdim edib. Qeyd olunub ki, sözügedən kataloq ilk dəfə 4 noyabr 2025-ci il tarixində Səmərqənd şəhərində UNESCO-nun Baş Konfransının 43-cü sessiyası çərçivəsində beynəlxalq ictimaiyyətə təqdim olunub, Koreya Respublikasında baş tutan təqdimat isə layihənin növbəti beynəlxalq tanıtımı baxımından mühüm mərhələ kimi dəyərləndirilib.
Layihə Ortaq Türk İrsi Siyahısının formalaşdırılması və “TurkicHeritage” rəqəmsal platformasının yaradılması üçün əsas zəmin yaradıb.
Türk Mədəniyyəti və İrsi Fondunun fəaliyyəti və təqdim edilən konsepsiya ASEAN ölkələrinin nümayəndələri, beynəlxalq təşkilatlar, akademik dairələr və dövlət qurumları da daxil olmaqla konfrans iştirakçıları tərəfindən yüksək qiymətləndirilib və böyük maraqla qarşılanıb. Xüsusilə Fondun xalqlar arasında mədəniyyətlərarası dialoqun və etimadın möhkəmləndirilməsinə verdiyi töhfələr diqqət mərkəzində olub.
Fondun bu nüfuzlu forumda iştirakı göstərdi ki, Türk Mədəniyyəti və İrsi Fondu beynəlxalq əlaqələrini sürətlə genişləndirir. Təşkilat təkcə Avropa ilə deyil, həm də Asiya, Sakit okean regionu və ümumilikdə dünya ölkələri ilə əməkdaşlığı gücləndirir. Bu addım Türk dünyasının zəngin irsinin dünyada tanıdılması üçün yeni imkanlar yaradır.
“Ədəbiyyat və incəsənət”
(23.12.2025)
Diaspor fəalları fərqləniblər
Soydaşlarımız yerli cəmiyyətlərə uğurla inteqrasiya edərək onların ictimai, siyasi, sosial həyatında olduqca fəal rol oynayırlar. Millətlər arasında mənəvi körpülərin qurulmasına, multikultural dəyərlərin formalaşmasına, gələcək naminə birgə fəaliyyətin təşviqinə töhfələr verirlər. Nəticədə Azərbaycan diasporunun üzvləri yaşadıqları ölkələrdə müxtəlif mükafatlara layiq görülürlər. Koreya Respublikasında yaşayan Rahil Əhmədova və Belçika Krallığında yaşayan Aydan Abdullayeva da bu baxımdan fərqləniblər.
“Ədəbiyyat və incəsənət” portalına Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, Koreya Respublikasında Azərbaycan icmasının fəal üzvü Rahil Əhmədova multikultural ailələrə dair müsbət ictimai rəyin formalaşmasına verdiyi töhfələrə görə “15-ci LG və Dong-A Multikultural Mükafatı”nın “Grand Prize”inə layiq görülüb. Rahil Əhmədova Mükafatlandırma mərasimində bildirib ki, bu mükafat Koreyada yaşayan multikultural ailələr üçün bir təşviqdir və o, gələcəkdə də Koreya ilə Azərbaycan arasında körpü olmağa davam edəcək. 17 ildir həmin ölkədə yaşayan soydaşımız ictimai fəaliyyəti və beynəlxalq layihələri ilə çoxmədəniyyətli ailələrin cəmiyyətdə düzgün şəkildə tanıdılmasına töhfələr verir. Qeyd edək ki, “Dong-A Ilbo” Koreyanın 1920-ci ildən nəşr olunan aparıcı milli qəzetlərindən biridir. “LG və Dong-A Multikultural Mükafatı” isə 2010-cu ildə LG şirkəti və Dong-A Ilbo qəzeti tərəfindən təsis olunub. Mükafat Koreyanı multikultural dost cəmiyyətə çevirməyə əhəmiyyətli töhfə verən şəxsləri və qurumları dəstəkləmək məqsədi daşıyır. Bu il 9 nəfər və 3 təşkilat mükafata layiq görülüb. Tədbir Koreya mətbuatında da işıqlandırılıb: https://n.news.naver.com/article/020/0003680940?sid=102
Belçikanın Brüssel şəhərində yaşayan, diaspor fəalı Aydan Abdullayeva isə 2026–2027-ci illər üzrə Gənc Avropa səfiri (YEAs) seçilib. “Gənc Avropa səfirləri” (YEAs) təşəbbüsü 2016-cı ildə Avropa İttifaqının (Aİ) “Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı” (“EU NEIGHBOURS East”) çərçivəsində həyata keçirilməyə başlanıb. Bu təşəbbüs Azərbaycan, Belarus, Gürcüstan, Moldova, Ukrayna, Ermənistan, eləcə də Aİ-yə üzv dövlətlər və Birləşmiş Krallıqdan olan gəncləri bir araya gətirən, onları əlaqələndirən, qeyri-siyasi, könüllülük prinsiplərinə əsaslanan və dinamik şəkildə fəaliyyət göstərən bir kommunikasiya şəbəkəsidir. Şəbəkə Aİ-nin Şərq Tərəfdaşlığı ölkələri ilə əməkdaşlığı barədə məlumatlılığın artırılmasını, müxtəlif mövzularda siyasi dialoqa dəstək verilməsini və daha yaxşı gələcək naminə birgə fəaliyyətin təşviq edilməsini hədəfləyir. Vrije Universitetində Sosial Elmlər üzrə təhsil alan Aydan Abdullayeva Laçında keçirilən Diaspor Gənclərinin V Yay Düşərgəsinin iştirakçısı və Azərbaycan Diaspor Gəncləri (ADG) təşkilatının üzvüdür.
“Ədəbiyyat və incəsənət”
(23.12.2025)
“Adını tarixə yazan şəhid qardaşım" təqdim olundu
20 dekabr 2025-ci il tarixində Mirvarid Dilbazi Poeziya Məclisi İB-nin təşəbbüsü və təşkilatçılığı ilə Azərbaycan Milli QHT Forumunda Aybəniz Camalovanın birinci Vətən müharibəsinin şəhidi Hüseyn Muxtar oğlu Məmmədovun əziz xatirəsinə həsr olunmuş "Adını tarixə yazan şəhid qardaşım" kitabının təqdimatı keçirib. Kitabın redaktoru araşdırmaçı yazar, ədəbi təhlilçi, publisist Vaqif Osmanlıdı.
“Ədəbiyyat və incəsənət” portalına İB-dən verilən məlumata görə, tədbiri giriş sözü ilə Mirvarid Dilbazi Poeziya Məclisi İB-nin sədri, Kəlağayı Ev Muzeyinin direktoru Güllü Eldar Tomarlı açaraq şəhid Hüseyn Məmmədovun şərəfli ömür yolundan danışdı.
Vətən uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Dövlət himnimiz səsləndirildi.
Söz aparıcılıq üçün təşkilatın idarə heyətinin üzvü, şair, şəhid bacısı Lalə İsmayıla verildi. O, qeyd etdi ki, "Konstitusiya və Suverenlik İli" çərçivəsində şanlı zəfərimizin, tarixi qələbimizin 5 illiyi münasibəti ilə şəhid Hüseyn Məmmədovun adına bağlanan bu kitab ruhuna töhfədir. Mənə elə gəlir şəhid Hüseyn Muxtar oğlu haqqında ən yaxşı kitabı bacısı Aybəniz Camalova yaza bilərdi və yazdı. Çünki qardaşını hamıdan yaxşı tanıyırdı.
Sonra söz kitabın müəllifi Aybəniz Camalovaya verildi. Qardaşı haqqında xatirələrini, onun qəhrəmanlığını dilə gətirən şəhid bacısının kədərinin içində böyük qürur var idi. O, bildirdi ki, qardaşı haqqında saralmış vərəqlərdəki xatirələri, qeydləri, topladığı xatirə şəkilləri artıq kitab kimi ictimaiyyətə, xalqa təqdim olunursa, bu da bizə bir təsəllidi. Bu oğullar “Vətən” dedilər, Vətən uğrunda, torpağımızın azadlığı, xalqımızın xoş sabahı, bu günü və gələcəyi üçün canlarından keçdilər. Şəhid qardaşımın bir oğlu, bir qızı qaldı. Onun cavan həyat yoldaşı üçün, bizim üçün asan olmadı bu illər. Amma bu gün qürurluyam. Zəfər bizimdir, xalqımın sevinci mənimdir. Şəhid qardaşım Hüseynin ruhu şaddı.
Kitabın redaktoru Vaqif Osmanlı çıxışında Aybəniz Camalovanın lirik duyğularının təbiiliyini önə çəkərək onun təcrübəli filoloq, orta və ali məktəb müəllimi olduğunu, “Nitq mədəniyyəti” fənnini tədris etdiyini vurğuladı. Aybəniz xanımın şəhid qardaşı Hüseynin qəhrəmanlığını və tarixi Zəfərimizi tərənnüm edən bayatıları onun kövrək bacı, ana, nənə, vətəndaş duyğularıdır. Aybəniz xanım həm də respublikamızda tanınmış quramaçıdır. İncəsənətin zərif sahəsi olan qurama sənəti ilə ədəbiyyatı ustalıqla birləşdirən müəllif gələcək nəsillərə örnək nümunələr - qurama kimi rəngarəng publisistik yazılar və şeirlər yaradıb.
Tədbirdə şəhidimizin qardaşı Sərxan Muxtaroğlu, bacısı Elmira Muxtarqızı, Amerikadan gələn, Bakıda Azərbaycan tarixi üzrə tədqiqat aparan professor Kelsi Rays, şəhid Zaur İsmayılzadənin anası Sevil Hüseynova, şəhid Əli Abbasquluzadənin anası Nəzakət ana, əmək veteranı, Prezident təqaüdçüsü Tərlan Musayeva, "Üçüncü Bahar İB"-i adından Gültəkin Səlimova, Mingəçevirdən Pəri Tağıyeva, Afət Mehdiyeva, Mələk Tağıyeva, ziyalı Sabit Əzimov, Asif Abdülhəlimov, Faiq Quliyev, Elçin Həsənov, Elçin Həmidov, "Ailələrə Sosial Dəstək" İctimai Birliyinin sədri, əməkdar müəllim Esmira Rəhimova, "Demokratik Cəmiyyət və Qadın Hüquqlarının müdafiəsi" İB-nin sədri Mehriban Abdullayeva, "Əbədi Turan" Kitab Fondunun sədri, filologiya üzrə fəlsəfə doktoru Esmira Fuad, Polad Ağa İbrahimovun rəhbərlik etdiyi "Ədəbi Tədbirlər Birliyi" nin üzvləri Mənsurə Cabbarlı və Mustafa Məmmədov çıxış etdilər.
Sonda Güllü Eldar Tomarlı Azərbaycan Milli QHT Forumunun rəhbəri Ramil İsgəndərliyə, katibliyin rəhbəri Ləman Ağalarovaya və tədbir iştirakçılarına təşəkkürünü bildirdi.
“Ədəbiyyat və incəsənət”
(23.12.2025)
Xaqani Ayxanın 60 illik yubileyinə həsr olunmuş poeziya gecəsi keçirilib
İlhamə Məhəmmədqızı, “Ədəbiyyat və incəsənət” portalının Sumqayıt təmsilçisi
Azərbaycan Yazıçılar Birliyi Sumqayıt bölməsi və Əli Kərim adına Poeziya Klubunun birgə təşkilatçılığı ilə AYB üzvü, şair Xaqani Ayxanın 60 illik yubileyinə həsr olunmuş ədəbi-bədii gecə keçirilib. Tədbir Poeziya Evində baş tutub.
AYB Poeziya bölməsinin rəhbəri, Poeziya Evinin direktoru İbrahim İlyaslı qonaqları salamlayıb və yubiley tədbirinin əhəmiyyətindən danışıb. Daha sonra AYB Sumqayıt bölməsinin sədri Gülnarə Cəmaləddin çıxış edərək Xaqani Ayxanın yaradıcılıq yolu, poeziyada tutduğu mövqe və ədəbi fəaliyyəti haqqında iştirakçılara ətraflı məlumat verib.
Tədbirin moderatoru, şair Zirəddin Qafarlı Xaqani Ayxanın şeirlərindən nümunələr səsləndirərək sözü qələm adamlarına verib. Çıxış edənlər - Əli Nəcəfxanlı, Rafiq Oday, Əbülfəz Əhməd, Elvin İntiqamoğlu, Əli Niyazbəyli, Xan Rəsuloğlu və Esmira Günəş şairin yaradıcılıq xüsusiyyətləri, poetik dünyası və ədəbiyyatımıza verdiyi töhfələr barədə maraqlı və dəyərli fikirlər səsləndiriblər.
Tədbirin sonunda söz şair Xaqani Ayxana verilib. Yubilyar göstərilən diqqət və ehtirama görə hər kəsə təşəkkürünü bildirib, həmçinin yeni qələmə aldığı şeirlərini oxuyaraq tədbir iştirakçılarına unudulmaz anlar yaşadıb.
“Ədəbiyyat və incəsənət”
(23.12.2025)
Misirdə Azərbaycan dilini öyrənən tələbələrə diplomlar təqdim olunub
Misir-Azərbaycan Dostluq Cəmiyyətində Azərbaycan dili və digər kurslarda təhsil alan tələbələrə diplomların təqdim edilməsi mərasimi keçirilib. Tədbirdə müxtəlif ölkələrdən olan tələbələrə ümumilikdə 186 diplom və sertifikatlar təqdim olunub.
“Ədəbiyyat və incəsənət” portalına Misir-Azərbaycan Dostluq Cəmiyyətinin İdarə Heyətinin sədri, diaspora rəhbəri tədqiqatçı-alim Seymur Nəsirovun verdiyi məlumata görə, mərasimdə Seymur Nəsirov çıxışında iki ölkə arasında mövcud olan əlaqələrin tarixindən danışıb. Qeyd edib ki, Azərbaycan əsilli məşhur alimlər, sənətkarlar, sərkərdələr Misirdə, ümumiyyətlə İslam dünyasının inkişafına böyük töhfələr veriblər. Bu kontekstdə diaspora rəhbəri İslam coğrafiyasının işğalçılardan qorunmasında böyük qəhrəmanlıq göstərmiş Nurəddin əz-Zəngi və Səlahəddin Əyyubinin adlarını qeyd edib. S.Nəsirov Misir və Azərbaycan arasında coğrafi baxımdan uzaq məsafəyə baxmayaraq, hər iki ölkənin xalqlarını bir-birinə tarixən sıx elmi və mədəni əlaqələrin bağladığını diqqətə çatdırıb.
S.Nəsirov rəhbərlik etdiyi cəmiyyətin fəaliyyəti barədə də məlumat verib. Bildirib ki, 2014-cü ildən fəaliyyət göstərən cəmiyyət Azərbaycan dilinin və ədəbiyyatının, mədəniyyətinin təbliği ilə məşğuldur.
İdarə heyətinin sədri əlavə edib ki, cəmiyyətdə təşkil edilən kurslarda indiyədək müxtəlif ölkələrdən 3000-ə yaxın tələbə təhsil alıb və hazırda 61 ölkədən olan 650-dən çox şəxs ödənişsiz əsasda təhsilini davam etdirir. Burada Azərbaycan dili ilə yanaşı, xəttatlıq, ərəb dili və ədəbiyyatı, “Qurani-Kərim”in qiraəti, xalçaçılıq, muğam sənəti və digər fənlər tədris olunur.
Qeyd edək ki, Misir-Azərbaycan Dotluq Cəmiyyətinin fəaliyyəti, ərəb ölkələri mediası tərəfindən yüksək qiymətləndirilərək qeniş şəkildə dərc olunur.
“Ədəbiyyat və incəsənət”
(23.12.2025)


