Super User

Super User

“Ədəbiyyat və incəsənət” portalı dünyadan nakam köçmüş istedadlı gənc Əbil Əbilovun gündəliyindən seçmələri mərhumun atası Etibar Əbilovun təqdimatında nəzərinə çatdırır. 

Allah rəhmət eləsin! 

 

Əbilin gündəliyindən. 30 oktyabr 2006.

 

Böyük Dəmirçi haqqında (Birinci yazı).

...Yenə də Türkçülük barəsində...

İlk ocağı türklər qalayır və Ergenokon dağını əridib dastana çevirirlər. 

Oçaq sözü dünya dillərinə ordan keçib yayılır. Dünya mədəniyyəti ocaqdan başlayır. İlk ocaq mağarada qızınmaq üçün qalanmayıb. İlk ocaq mədəniyyətə xidmət edib. İlk ocaq dağı əridib yol açıb. Türkçülüyün dünyada yayılmasına işıq tutub, məşəl olub.

Hz.Mevlana "Məsnəvi"də dönə-dönə şamın yanması üzərində durur. Şam yanır, ətrafı nura qərq edir, hər kəsə fayda verir. Onun bir amalı var və amalı uğrunda qətrə-qətrə yanır, əriyib, kiçilir. Hər kəsə xeyir verir, amma bir tək özünə xeyri toxunmir, məhv olur. Qətrə-qətrə sonsuzluğa doğru getsə də, bunu bir amal üçün edir. 

Şam mövzusuna Mevlanadan daha çox Məhəmməd Füzuli toxunur: "Məni əşk oduna pərvanə tək, ey şəm yandırma" və s. beytlər.

    Nazim Hikmətin belə şeiri var:

                 Mən yanmasam,

                 Sən yanmasan,

                 Biz yanmasaq.

                 Necə çıxar qaranlıqlar aydınlığa...

Həqiqətən ən gözəl tale şamın payına düşmüş bu dünyada. Nə gözəl, başqalarının səadəti üçün yanacaqsan. Kaş mən də millətimin aydınlıq sabahlarına çıxması üçün yana bilsəydim. Zatən sevgi, amal uğrunda yandıqdan sonra, sənin yanman Hz.İbrahimin  bir zamanlar Nemrud tərəfindən oda atılıb da, güllər, cənnət içərisində hüzura qovuşması kimi bir şey olacaq.

Dönək mətləbə. Artıq türkcülüyün bir qurtarıcısı var: Böyük Dımirçi. Ergenokondan  çıxdıqdan sonra hədəf də var artıq: "Qızıl alma". Yol göstərəni var: "Simurğ" və yaxid  "Əbədi Səməndər quşu".

 M.Ə.Rəsulzadə 1920- ci ildə Azərbaycan gəncliyinə xitabında "Böyük Dəmirçi"nin tərəfinə keçməyi bizə tapşırlr. Rəsulzadə də inanırdı; Böyük Dəmirçinin bizi Qızıl Almaya tərəf aparacağına. Çünki Dəmirçi bir dəfə ən çətin anda bunu bacarmışdı. Dağı dəlib türklüyün yolunu dünyaya açmışdı. M.Ə.Rəsulzadə yanılmadl: Böyük Dəmirçi bizi Qızıl almaya tərıf apardı...

 

“Ədəbiyyat və incəsənət”

(25.12.2024)

Mina Rəşid, “Ədəbiyyat və incəsənət” üçün

 

Lənkəranı tək sitrus diyarı yox, həm də son vaxtlar teatr diyarı da adlandırırlar. 

23 dekabr 2024-cü il tarixdə Azərbaycan Teatr Xadimləri İttifaqı İdarə heyətinin üzvləri Lənkəranda səyyar iclas keçiriblər. 

 

İclasda  Lənkəran-Astara Regional Mədəniyyət İdarəsinin rəisi Bəxtiyar Qılıncov və regionda yerləşən teatr kollektivləri iştirak ediblər. 

Regional İdarənin rəhbərliyi tərəfindən səmimi qarşılanan İttifaqın Sədri, Xalq artisti, Dövlət mükafatı laureatı Hacı İsmayılov, sədr müavinləri - Xalq artisti, professor İlham Namiq Kamal, Əməkdar artist, professor Azad Şükürov, İdarə heyətinin üzvü, Xalq artisti Mərahim Fərzəlibəyov, İttifaqın Məsul katibi Aida Qafarova ölkə teatrlarının bugünki  vəziyyətindən, uğurlarından,  problemlərindən danışıblar.

 

Maraqlı müzakirələrlə davam edən iclası giriş sözü ilə Hacı İsmayılov açıb.

O,  Azərbaycanın teatr həyatından, o cümlədən bölgə teatrlarında yaranan canlanma prosesindən,  2023-cü ilin may ayından başlayan və böyük uğurla davam edən İttifaqın "QONAQ TEATR" layihəsindən danışıb. 

Sonra regionda fəaliyyət göstərən teatrlara göstərdiyi diqqət və qayğıya görə Lənkəran-Astara Regional Mədəniyyət İdarəsinin rəisi Bəxtiyar Qılıncov, teatr sənəti sahəsində uğurlu fəaliyyət göstərən Lənkəran Dövlət Dram Teatrının direktoru, Dağıstan Respublikasinin Əməkdar artisti, Azərbaycan Respublikasının Əməkdar mədəniyyət ișçisi Laləzar Hüseynova, baş rejissor Anar Babalı, teatrın aktrisaları Qızılgül Quliyeva və Aynur Əhmədova, Salyan Dövlət Kukla Teatrının baş rejissoru Rafiq Mirzəyev İttifaqın Fəxri fərmanı ilə təltif olunublar. 

Çıxış edənlər -  Bəxtiyar Qılıncov, İlham Namiq Kamal, Azad Şükürov, Laləzar Mustafayeva, Anar Babalı, Xalq artisti Qabil Quliyev, gənc aktyor Əlirza Şahbazi, regionda yerləşən Xalq teatrlarının nümayəndələri çalışdıqları teatrların uğurlarından və problemlərindən söz açıb, problemlərin həlli yolları barədə fikir mübadiləsi yürüdüblər. 

Səmimi şəraitdə keçən görüşdən məmnun qalan iştirakçılar İttifaq rəhbərliyinə minnətdarlıqlarını bildiriblər. 

Sonda xatirə şəkli çəkilib.

 

“Ədəbiyyat və incəsənət”

(25.12.2024)

Çərşənbə, 25 Dekabr 2024 11:29

Ayağını özü kəsən qazi - MƏTANƏT SİMVOLU

İmran Verdiyev, Azərbaycan Respublikasının Əməkdar müəllimi, “Ədəbiyyat və incəsənət” portalının Oğuz təmsilçisi

 

 

 O, 1992-ci ildə Şuşa uğrunda döyüşlərdə şəhidlik zirvəsinə ucalmış Tofiq Rzayevin (Tofiq Oğuzun) oğludur. Atası kimi qorxmaz, mərd və vətənpərvər biridir qəhrəmanımız. 

 

Müsahibələrinin birində deyir: “…Məyus olduğum yeganə şey tez yaralanmağım və ayaqlarımı itirməyim oldu. Arzum o idi ki, tez çatım Şuşaya. Çünki mənim atam orda həlak olub. Atamın ruhunu şad etmək və ora qələbə bayrağını ilk sancanlardan olmaq istəyirdim. Bunun üçün üstümdə xüsusi bayraq da gəzdirirdim…”.

 

Söhbət Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarına yüksək peşəkarlıqla rəhbərlik etmiş, düşmənin canlı qüvvəsinin və döyüş texnikasının məhv edilməsində fədakarlıq və rəşadət göstərmiş, vəzifə borcunu ləyaqətlə və vicdanla yerinə yetirmiş, göstərdiyi qəhrəmanlığa görə   Azərbaycan Respublikasının Prezidenti cənab İ.Əliyevin müvafiq Sərəncamları ilə “Azərbaycan Bayrağı” ordeni, “Şücaətə görə”, “Füzulinin azad olunması”, “Cəbrayılın azad olunması” və “Qubadlının azad olunması” medalları ilə təltif edilmiş Xüsusi Təyinatlı Qüvvələrin (XTQ) zabiti, mayor Polad Rzayevdən gedir. Polad Həşimovun davamçısı Polad Rzayevdən. Polad kimi Poladdan.

Polad Rzayev 1989-cu ilin mart ayının 13-də Oğuz rayonunun Yaqublu kəndində Birinci Qarabağ müharibəsi şəhidi Tofiq Rzayevin ailəsində anadan olmuşdur.  

1996-cı ildə Yaqublu kəndindəki T.Babayev adına tam orta məktəbinin I sinfinə qəbul olmuş, VI sinfə kimi həmin məktəbdə təhsil almışdır. 2001-ci ildə ailəlikcə Bakı şəhərinə köçmüşdür. Oradakı 189 saylı lisey məktəbdə oxumuşdur. 

Daha sonra təhsilini C.Naxçıvanski adına Hərbi liseydə davam etdirmişdir. 2006-2010-cu illər arasında H.Əliyev adına Ali Hərbi Məktəbdə kəşfiyyat ixtisası üzrə təhsil almış, 2010-2011-ci illərdə Silahlı Qüvvələrin Təlim-tədris Mərkəzində xüsusi kəşfiyyat ixtisası üzrə təhsilini başa vurmuşdur. Bu illərdə müxtəlif ölkələrdə təcrübə keçmişdir. On ildə yaxın Xüsusi Təyinatlı Qüvvələrin tərkibində kəşfiyyatçı kimi xidmət etmiş, çoxsaylı əməliyyatların iştirakçısı olmuşdur. Aprel döyüşlərində bölük komandiri kimi iştirak etmişdir.

Vətən Müharibəsi başlayan ilk gündən döyüşlərdə iştirak edən qazimizin döyüş yolu Kəlbəcərdən - Murov dağından başlayıb. Onların taboru “Canavar qulağı” adlanan strateji əhəmiyyətli mövqenin alınması tapşırığını uğurla yerinə yetirib. Həmin əməliyyatdan sonra Cəbrayılın kəndlərinin azad olunması uğrunda döyüşlərdə iştirak etmişdir. Cəbrayıla qələbə bayrağını ilk sancanlardan biri də o olmuşdur.

Son döyüşü 2020-ci il oktyabrın 19-da Qubadlının erməni işğalçılarından təmizlənməsi olub. Həkəri çayının yaxınlığında–Dağtumas kəndi ətrafında döyüş tapşırığını yerinə yetirərkən piyada əleyhinə minaya düşüb. İki ayağını da topuqdan itirib.

 

Söhbət zamanı ehtiyatda olan mayor P.Rzayev xəyalən 2020-ci ilin payızına qayıdır və söyləyir ki, “…döyüş vaxtı sağ ayağım minaya düşdü, yıxılmamaq üçün sol ayağımı yerə basanda o da minaya düşdü. Zərbə məni yaxınlıqdakı dərəyə atdı. Ayaqlarımın ikisinin də topuqdan qopduğunu və vətərdən sallandığını gördüm. Özümü itirmədim, ilk tibbi yardımdan istifadə etdim. Sallanan ayaqlarımdan birini özüm kəsib üzdüm. Rabitə əlaqəsinə girib özümdən 300-500 metr aralı olan döyüşçülərimə vəziyyəti və yerimi nişan verdim. Onlar tezliklə köməyə gəldilər, ayaqlarıma turna qoyub və məni döyüş zonasından çıxardılar…”.

 

Polad “Yaşat” fondunun və dostlarının da dəstəyi ilə Almaniyada müalicəyə göndərildi. O, altı aya yaxın Berlində Almaniya ordusunun xəstəxanasında  müalicə aldı, üç əməliyyat keçirdi, daha sonra reabilitasiya və terapiya müddətini bitirdi, orada yüksək texnologiya əsasında hazırlanmış protezlərlə təmin olundu.  

Almaniyada müalicə alarkən  Avstriyanın paytaxtı Vyana şəhərində keçirilən və Türkiyənin xarici işlər nazirinin də iştirak etdiyi iftar yeməyinə dəvət olundu. Tədbir çərçivəsində Mövlud Çavuşoğlu qazimizlə görüşərək fikir mübadiləsi edib, ölkələrimiz, xalqlarımız, millətlərimizin qardaşlığı və birliyi bir daha vurğulanıb, qəhrəmanımızın şücaətindən danışılıb.

Altı aya qədər Almaniyada müalicə alan Poladı Vətənə yola salmaq üçün orada yaşayan soydaşlarımız möhtəşəm yolasalma mərasimi təşkil etmişdilər. Belə bir qarşılama mərasim də Bakıda olmuşdu. Bakıya ayaq basan Polad ilk olaraq şəhid döyüşçü dostlarının məzarlarını ziyarət etmişdi. Bu əslində bütün Vətən müharibəsi qəhrəmanlarına, şəhidlərimizə və qazilərimizə hörmət və ehtiramın təcəssümü idi. 

İndi Polad Rzayev alman səhiyyəsinin möhtəşəmliyi və yüksək texnologiyalı protezlərsayəsində ayaq üstədi! Bu gün  tam sərbəst hərəkət edə bilir. Onun yenidən ayağa qalxması hamı, ən çox da Vətən müharibəsi qaziləri üçün böyük stimul olmuşdur.

 

Qəhrəmanımız deyir ki, “Şuşaya qədər irəliləmək arzum ürəyimdə qalsa da, döyüş yoldaşlarım həmin arzunu həyata keçirdilər. Haqq savaşında qalib gəldiyimizə, torpaqlarımızı erməni separatçı qüvvələrindən təmizlədiyimizə görə çox böyük qürur hissi keçirirəm”. 

 

Özü isə ancaq 2021-ci ildə - 29 il sonra atasının Şuşadakı “Tar sexi” adlanan ərazidə şəhadətə ucaldığı məkanı ilk dəfə ziyarət edə bildi.  

Bu gün mayor P.Rzayev öz dözümü və iradəsi ilə nümunədir. İradənin və qəhrəmanlığın simvoludur. Təsadüfi deyildir ki, Almaniyada onu müalicə edən alman həkimi Gernot Kreçmeri Berlindəki Azərbaycan Mədəniyyət Mərkəzində Xocalı soyqırımının 31-ci ildönümü ilə bağlı anım tədbirində P.Rzayevin mətanətli Azərbaycan əsgəri olduğunu, onun polad iradəsinin müalicəsinin uğurla nəticələnməsində və ayağa qalxmasında böyük rol oynadığını qeyd edirdi. İndi Polad protez ayaqlarla xizək sürür, sularda üzür, futbol oynayır, dağlara dırmaşır. 

O, həm də alpinistdir. Azərbaycan Alpinistlər Federasiyasının fəxri üzvüdür. İki ayağını itirmiş mayor qazimiz protezlə 2023-cü ildə “H.Əliyev zirvəsi”nə (3751 m.) qalxaraq bunu bütün şəhidlərə həsr etdiyini bildirmiş və özünün instaqram hesabında yazmışdı: ”…mən bura təkcə öz adımdan deyil, bütün qazilərimiz adından, onların hamısını ürəyimdə tutaraq gəlmişəm və burdan, dahi “H.Əliyev zirvəsi”ndən bütün qazilər adından üzümü həm azərbaycanlılara, həm də dünyaya tutub deyirəm ki, Ali Baş Komandanın bir əmri ilə mən və mənim kimi minlərlə oğullar nəinki vücudumuzun bir hissəsindən, canımızdan belə keçərək bütün zirvələri qət etməyə hazırıq”.  

Həmin ilin avqust ayında isə o, Avropanın ən hündür zirvəsi olan Elbrus zirvəsini (6542 m.) də fəth etmiş (İ.Aşurlu ilə) və orada Azərbaycan Respublikasının dövlət bayrağını dalğalandırmışdır. 

Cavid Səmədovun yönəltmənliyi ilə çəkilən, 26-dan çox ölkədə nümayiş olunan, 34-dən artıq festivalda mükafatlar alan “Half Steel –Yarı Çelik“ filmi P.Rzayevin həyat hekayəsini anladır. Mövzusu gerçək hadisələrdən götürülmüş bu filmdə Poladın həm fiziki, həm də psixoloji cəhətdən özünü yenidən bərpa etmək yolundakı uğurları ekrana daşınmışdır. Onun vücudunda daşıdığı çelik (ayaqlarındakı polad) həm adının anlamı, həm də yenilməz iradəsinin simvolu kimi mənalandırılır. 

 

“Ədəbiyyat və incəsənət”

(25.12.2024)

Şəfa Vəli, “Ədəbiyyat və incəsənət” portalının Şəki-Zaqatala təmsilçisi

 

Divar rəsmləri... Nə vaxtsa bir divar rəsminin önündə dayanıb heyran-heyran baxmısınızmı? Gözünüzü dikmisinizmi uzaqlara-o şəkildə görünənlərin anlatdığı görünməyənlərə? Etməmisiniz? 

 

Bu dəfə qarşınıza divar rəsmi çıxanda azacıq ayaq saxlayın və baxın.  Özünüz də görəcəksiniz ki, daxilinizdə bir çərpələng havalanacaq...  O çərpələngin arxasınca pərvazlanan xəyalların içində xatirələr də tapacaqsınız. 

Heyrətamiz divar rəsmlərindən biri də Gəncə şəhər Uşaq İncəsənət Məktəbinin Filialının Akt zalındadır. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində olan Gəncə şəhər Uşaq İncəsənət Məktəbi sayılıb-seçilən məktəblərdəndir. Yadımdadır, tələbəliyimdə hər gün Mirzə Abbas Abbaszadə küçəsindəki binanın önündən keçirdim, hər dəfə də ayaq saxlayıb o aynabəndə, o taxta pilləkən məhəccərlərinə baxırdım.  Mənimçün o bina  Gəncənin dünənindən qalan beş-on xatirədən biri idi... Bir də, Əhməd İsayevin “Gəncə və gəncəlilər” kitabı idi, “Üsyan” romanındakı Bəndərin səsi idi... Dahası, rəxtərbeyş idi, firni qoxusu idi, Xan bağına baxa-baxa qaynayan, tələbələrin ayaq saxlayıb suyundan içdiyi kəhriz idi... İllər keçdi, Mirzə Abbas Abbaszadə haqqında sənədli film çəkildi. Anam o filmdə rol aldı. Anamın olduğu səhnələr məhz həmin binada çəkildi... Beləcə, Gəncə şəhər Uşaq İncəsənət Məktəbi mənimçün gözəl bir xatirəyə çevrildi... 

Məktəb yüksək keyfiyyətli təhsil proqramları və istedadlı müəllim heyəti ilə də məşhurdur. Burada şagirdlərin rəssamlıq, musiqi, vokal və rəqs üzrə bacarıqları inkişaf etdirilir, almaz istedadları peşəkar müəllimlərin əməyi ilə cilalanır. Uşaqların estetik zövqünün formalaşması, şəxsi və intellektual inkişaflarının dəstəklənməsi də məktəbin fəaliyyət istiqamətlərinə daxildir. 

Uşaq İncəsənət Məktəbinə müxtəlif illərdə Azərbaycan Respublikasının Əməkdar müəllimi Xalid Mustafayef (məktəbin yaradıcısı və ilk direktoru), Rəmayıl Atayev, Təvəkgül Hüseynli rəhbərlik ediblər. Onların hər biri məktəbin inkişafında, təhsil keyfiyyətinin yüksəlməsində və şagirdlərin yaradıcı potensiallarının üzə çıxmasında mühüm rol oynamışdır. Xalid Mustafayef məktəbin ilk illərində onun əsas prinsiplərini və fəaliyyət istiqamətlərini müəyyən edərək, uşaqların sənətə olan marağını artırmağa yönəlmiş bir çox layihə və tədbirlər həyata keçirmişdir. Rəmayıl Atayev və Təvəkgül Hüseynli isə məktəbin fəaliyyətini daha da genişləndirərək, yeni istiqamətlərdə inkişaf etməsinə şərait yaratmışlar. 

2024-cü ildən məktəbin direktoru Qahirə Məmmədovadır. O, məktəbin rəhbərliyinə gələndən sonra müasir təhsil metodlarını tətbiq edərək məktəbin tədris proqramını daha da təkmilləşdirmişdir. 

Məktəblə qısaca tanışlıqdan sonra keçək heyrətamiz divar rəsminə... Monumental rəngkarlıq nümunəsinin eni 5 metr, hündürluyu 3 metrdir. Panno məktəbdə Təsviri İncəsənət şöbəsinin müəllimi vəzifəsində çalışan Azərbaycan Respublikası Rəssamlar İttifaqının üzvü Raul Sadıqov tərəfindən yaradılmışdır. Pannonun ideyasının məktəbin direktoru Qahirə xanım Məmmədovaya və məktəbin kollektivinə məxsus olduğunu deyən Raul Sadıqov  əlavə edir: 

 

“Pannonun mərkəzində Azərbaycanın milli simvolları əks olunub. Parlaq rənglərdən istifadə etmişəm. Azərbaycan Bayrağının üç rəngini - göy, qırmızı və yaşıl -ətrafındakı elementlərlə harmoniya içində birləşdirmişəm. Milli musiqi alətləri və naxışlar Azərbaycanın zəngin folklorunu, mədəniyyətini simvollaşdıran elementlər kimi pannoda yer alıb. Pannoda, həmçinin, Böyük Zəfərimizin simvollarından olan Xarı Bülbül kimi güclü və mənalı obrazlar da təsvir edilmişdir. Xarı Bülbül Azərbaycanın Qarabağ bölgəsindəki təbiətinin, ulu tariximizin unikal işarəsi, əzmkarlıq və milli mübarizənin simvoludur.

Musiqi alətləri Azərbaycan mədəniyyətində musiqinin rolunu vurğulamaqla yanaşı, həm də məktəbin incəsənətə olan dərin bağlılığını nümayiş etdirir. Pannonun hər bir elementindəki bu millilik simvolları məktəbin şagirdlərinə və ziyarətçilərinə Azərbaycan xalqının mədəni irsinin zənginliyini xatırladır, sənətin gücünü, xalqın ruhunu təmsil edir”. 

 

Raul Sadıqovun yaratdığı divar rəsmi yalnız vizual estetikadan ibarət deyil, gələcək nəsillərə ötürülən mədəni və tarixi mesajdır. Məktəb kollektivinin birgə düşüncəsinin nəticəsi olaraq yaradılan panno həm şagirdlərə, həm də məktəbin qonaqlarına Azərbaycanın mənəvi dünyasına, incəsənətinə səyahət etmək imkanı verir... 

Divar rəsmi, həm də, məktəbin təhsil fəlsəfəsinin təzahürüdür: milliyinə bağlılıq, incəsənətin dünyəviliyinin kökünün belə, millilikdən su içdiyinin fərqində olmaq... Rəssam Raul Sadıqova bizi heyrətləndirəcək əsərlərin bolluğunu arzulayır, oxucularımıza isə deyirik: “Yolunuz Gəncədən düşsə, Gəncə şəhər Uşaq İncəsənət Məktəbinin Filialının Akt zalına baş çəkin, bu rəsmə baxın... Görünənlərin haqqında danışdığı görünməyənlərin dərkində duyğularınıza duyğu qatın...”   

 

“Ədəbiyyat və incəsənət”

(25.12.2024)

Heyran Zöhrabova, “Ədəbiyyat və incəsənət”

 

Min hava çalınıb könül tarımda,

Dünyanın nə çoxu, nə azıyam mən.

Fəsillər görüşür duyğularımda,

Elin həm qışıyam, həm yazıyam mən. 

 

Anam Qarabağın, Milin, Muğanın,

Siz də mənim kimi eşqilə yanın.

Başına döndüyüm Azərbaycanın,

Dəli Kürüyəm mən, Arazıyam mən. 

 

Dinlə "çahargahı", eşit "Qatarı",

Könül dünyamızın sərvəti, varı.

Ələsgərin sazı, Qurbanın tarı,

Cabbarın, Seyidin avazıyam mən. 

 

Öz tarixi vardır dağda qarın da,

Ürəkdə eşqin də, etibarın da,

Qədim Qobustanın qayalarında

Pozulmaz, silinməz bir yazıyam mən. 

 

Familəm, həmişə yanmaqdır peşəm,

Can deyən gözələ canan demişəm.

Bu yolda sevinc də, qəm də yemişəm.

Bir daha demərəm tamarzıyam mən. 

 

Bu gün şair, publisist, tənqidçi, elm xadimi, alim, pedaqoq, jurnalist, filologiya elmləri doktoru, professor Famil Mehdinin doğum günüdür.

Famil Mehdi 1934-cü il dekabr ayının 25-də  Ağdam  rayonunun  Sarıhacılı kəndində anadan olub.

Azərbaycanda publisistikanın elmi-nəzəri əsaslarını yazan ilk elm adamı Famil Mehdi olmuşdur.

Bundan başqa onun jurnalistika ilə bağlı bir çox elmi monoqrafiyaları, qələmə aldığı dərs vəsaitləri də var. Amma böyük kütlə tərəfindən Famil Mehdi daha çox şair kimi tanınıb.

O, fəal pedaqoji, elmi və ictimai işlə məşğul olmuş Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) filologiya fakültəsində müəllim, baş müəllim olmuş, jurnalistika fakültəsində jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasının müdiri vəzifəsində işləmişdir. Ali məktəb tələbələri üçün “Jurnalistika məsələləri” dərsliyinin müəlliflərindən biridir.

Şeirlərini tərcümeyi-halı kimi qələmə verən "şeirlərim mənim inamımdır, mübarizəmdir, məğrurluğumdur, hünərimdir" söyləyən Famil Mehdi ömrünün təxminən 50 ilini xalqına və elmin, sənətin inkişafına sərf edib.

Onun əsərləri keçmiş SSRİ xalqlarının və bəzi xarici ölkə xalqlarının dillərinə tərcümə edilmişdir.

Ruhu şad olsun!

 

“Ədəbiyyat və incəsənət”

(25.12.2024)

Çərşənbə, 25 Dekabr 2024 10:33

Günəşə doğru - HEKAYƏ

Güldərən Vəli, “Ədəbiyyat və incəsənət” üçün

 

 

Səhərdən başlamışdı çiskin. Fariz bir pəncərənin o üzündə torpağa olan həsrətini bitirən çiskinə, bir də oğluna baxırdı. 8 yaşlı oğlan dünəndən bu gün üçün özünə planlar qurmuşdu. Atasıyla şəhərə çıxacaq, idman paltarı alacaq, ordan da Xan bağına gedib gül sulayacaqdı. 

Suçu İqbal kişi son 5 ildir ki, uşağı görən kimi, suçiləyəni yarıyacan doldurur, hazır qoyurdu. Sonra da gülümsəyirdi: 

-Güllər səni gözləyir, qəşəng oğlan! 

Bu, oğlanın ən sevimli məşğuliyyəti idi. Fariz həkimlərlə dəfələrlə məsləhətləşmiş, bu vərdişin uşağın psixikasına təsirini öyrənməyə çalışmışdı. Mütəxəssislərin yekdil qənaəti bu idi ki, uşaq harada rahat olursa, orada vaxt keçirməlidir.  Və indi, çiskinin altında parka getmək də, gül sulamaq da  namümkün idi. Bunu uşağa başa salmaq olacaqdımı? Ən böyük narahatlıq isə uşağın bunu özünün başa düşüb-düşməyəcəyi idi.  Həmyaşıdları bunu özləri anlayar, ya da böyüklərin izahatından sonra vəziyyəti dərk edərdilər. Amma onun oğlu fərqli idi. Çox fərqli... 

 

*

...Fərqli doğulmamışdı uşaq.  Dünyadakı ən adi uşaqlardan biriydi. Sonra oldu olanlar.  4 il bir-birini sevən,  gənclik romantikasını bütün künc-bucaqlarınadək yaşayan Fariz-Elnarə cütlüyünün  oğul  övladları dünyaya gələndə iki nəsil də bayram eləmişdi. Babalar hərəsi bir qurban kəsmiş, kasıb-kusuba paylamış, nəvələri üçün könül ziyarətinə tələsmişdilər. Uşağın iki yaşınadək də ömürləri gözəl idi. Amma bir gün qəfildən hər şey dəyişdi. Fariz dostlarıyla birgə Qazaxa-Damcılı mağarasına getmişdi o gün. Aşağı düşəndə yolüstü kafelərdən birində əyləşib yeyib-içirdilər. Fariz “evimin dostu” dediyi İlkinin yanında oturmuşdu. İlkinin tez-tez telefona baxdığını görüb zarafat eləmişdi: 

-Nədi, şirkətin batır? 

İlkin boş nəzərlərlə ona baxmış, qara bulud kimi tutulmuşdu. Cavab vermədən ayağa qalxıb stoldan uzaqlaşmışdı. Fariz qayğılanmışdı; şəhərdəki restoranlardan birində gecə növbəsində ofisiant işləyən İlkin niyə elə fikirliydi,  baxışlarındakı o dərin boşluq nədən idi? Bir neçə dəqiqə sonra ayağa qalxıb onun ardınca eşiyə çıxmışdı. İlkini avtomobilin yanında, yerdə uzanıqlı halda tapmışdı. Telefonu özündən bir-iki addım aralıya düşmüşdü. Ekranı yanıb-keçirdi.  Hövlnak İlkini qaldırmağa çalışan Fariz bir yandan da  bağırmışdı: 

-Köməyə gəlin!  Uşaqlar! 

Saniyələr içində  kafedən 20-dən çox adam çıxmış, başlarına toplanmışdı. Kimsə irəli atılmışdı: 

-Maşına qoyub tez xəstəxanaya çatdıraq! 

Fariz zamanın donan yerində qalmışdı sanki. Adamlar İlkini maşına qoyub oradan uzaqlaşmışdılar.  Farizin gözü bir-birinə nə olduğu haqda sual verən, İlkinlə bağlı ağlagələn və ağlagəlməyən versiyalar danışan insanların üzlərində dolandı, dolandı, sonra yerə dikildi. İlkinin telefonun ekranı hələ yanıb-sönürdü. Telefonu götürdü. Zəng edənin adı “Gündə iki doz” yazılmışdı. Başqa vaxt olsaydı, bu adın qeyri-adiliyi, nə anlama gəldiyi haqda düşünərdi. Amma indi donuq hərəkətlərlə zəngi açdı və qulağına tutdu. Sevdiyi, uğrunda dağları dələ biləcəyini güman etdiyi, oğlunun anası Elnarənin səsini eşitdi: 

-Ay əclaf, sən ki şəhərdən çıxacaqdın, mənim dozumu axşamdan verəydin də! Yataqda sürdüyün keyf yaxşıdı, günə iki dozu verəndə canın çıxır? Əclaf!

Farizin telefonu tutan əli boşalmış, telefon əlindən sürüşüb çıxmışdı.  Farizin bədəni də telefonla eyni anda yerə çırpılmışdı... Gözünü açanda xəstəxanada  idi. Mehriban, gülərüz tibb bacısının: “Hamı sizin ayılmağınızı gözləyir. Qorxmayın, özünüzdən getmisiniz. Azacıq da ürəyinizə yük düşüb. Bilsəniz, nə qədər adam var dəhlizdə sizi görmək istəyən, sizinlə danışmaq istəyən! Birinci kimi görmək istəyərdiniz?”-sözlərinin qarşısında çox fikirləşməmişdi: 

-Atamı! 

Atasına dediyi ilk sözlər bunlar idi: 

-Elnarəni bir daha görmək istəmirəm! O pozğun narkomanı evdən çıxar, sonra məni evə apar! 

...Bu qərarının səhv olduğunu, “Elnarəni evdən çıxar, uşağımı vermə!” deməli olduğunu sonra anlamışdı. Çünki evdən çıxan Elnarə uşağı da özüylə aparmışdı. O isə uşağının bir narkomanın əlində böyüməsini istəmirdi. Oğluna həm ata, həm ana olmağı bacaracağından əmin idi. 1 ili sərasər məhkəmələrdə, ekspertiza rəylərinin açıqlanması proseduralarında keçmişdi. Əli-ayağı işdən soyumuş, əməkdaşı olduğu bankın direktoruna 3 dəfə istefa ərizəsi göndərmişdi. Amma direktor hər dəfə ona şəxsən zəng etmişdi: 

-Fariz, narahat olma! Sən rahatlanana, beynini toplayana qədər məzuniyyətdəsən. Sənin kimi kredit mütəxəssisini itirmək bizim avantajımız olmaz. 

Nəhayət, uşağın 3 yaşı tamam olanda məhkəmə ədalətli qərarı vermişdi: oğlunu Fariz böyüdəcəkdi. Həyatın öz axarına qayıtdığını düşünən Fariz oğlu üçün hər şeyin  ən yaxşı olmasını istəyirdi. Əvvəlcə, ona dayə tutdu.  Lakin 1 həftə keçmədi ki, təcrübəli dayə  ehtiyatla dedi: 

-Fariz bəy, uşağınız xəstədir. Məncə, onu peşəkar həkimlərə göstərməlisiniz. 

-Niyə? Harası ağrıyır? 

-Ağrımır... Psixikası pozulub uşağın. Hər şeydən qorxur, çəkinir. Yemək qaşığını uzadanda belə, diksinir, qorxur, titrəyir.  

Fariz yenidən qayıtdığı iş yerindən icazə almağa utandığından dayədən xahiş etdi: 

-Həftəsonunadək idarə edin. Həftəsonu 2 gün özüm vəziyyəti müşahidə edəcəyəm. 

O iki gündə Fariz yüz dəfə ölüb-dirilmişdi. Oğlunun balaca canındakı qorxunun, dəhşətin ölçüsünü təyin edə bilməsə də, anlamışdı: oğlunu xilas etməkdə gecikmişdi... Çox gecikmişdi... 1 il, düz 1 il bu balaca bəşər narkoman ananın əlində olmuşdu. O 1 ildə yaşadıqlarını ruhundan silib atmağa, yerinə yaxşılıqlar, xoşbəxtliklər, təbəssümlər əkməyə bir ömür yetəcəkdimi? 

...Beş il idi ki, Fariz oğlunu yanına salıb ölkənin, hətta qonşu ölkələrin belə, ən yaxşı psixiatrlarını gəzmişdi. Az-az sıyrılıb çıxırdı oğlu qorxu quyusundan, dəhşət sarmaşıqlarının arasından. Ancaq hələ də həyatın onun qurduğu planlara uymaya biləcəyini dərk edəmmirdi.  Farizin əlindən yalnız o gəldi ki, ürəyində dua etsin: “Tanrım, bilirsən axı, bilirsən özün. Bu çiskini kəs, nə olur. Mən oğlumla eşiyə çıxanadək kəs bu çiskini, nə olur.” 

Deyəsən, Tanrı çox məşğul idi. Çiskin getdikcə sürətlənir, payız leysanına çevrilirdi. Amma o, oğluna “Bu gün evdən çıxmayaq” demək istəmirdi.  Demədi də... Çətirlərini götürüb evdən çıxdılar.   

Maşından düşüb Xan bağıyla üzbəüz “İdman geyimləri” mağazasına girənədək şalvarları dizdən aşağı yaş olmuşdu.  Mağazanın ağ kafeldən olan döşəməsinə şalvarlarından daman su ovuc boyda gölməçələr əmələ gətirdi. Fariz utanmış halda aşağı əyilib gölməçələrə baxdı. Bu vaxt məlahətli bir səs duyuldu: 

-Yağışı bizə gətirdiniz! Nə gözəl! 

Başını qaldırıb səsin sahibinə baxanadək oğlunun gülüşünü eşitdi: 

-Hə. Biz yağışla danışdıq,  yağış da ayaqlarımızla sənəmesaj göndərdi.

Gənc qadın  gülə-gülə onlara yaxınlaşdı.  Başını o yan-bu yana əydikcə sarı saçları yellənir, havada günəş şüalarının rəsmini çəkirdi elə bil. İri, ala gözləri, yumru sifəti isə uşaq kitablarında buludlarla danışan günəş rəsmini xatırladırdı. Bəstəboy idi, Fariz qeyri-ixtiyari onun boyunun çiyninə güclə çatacağını hesabladı. Heç bilmədi ki, bu, haradan ağlına gəldi. Özünü toparlayıb nəsə demək istədi, amma oğlu dil-boğaza qoymadan danışırdı: 

-Bu gün Xan bağında gülləri sulamaq istəyirdim.  Özümə idman paltarı alacağam. Tanrı baba indicə mənə pıçıldadı ki, tələsmə, mağazada çoxluca gəz. “Yağış yağdırdım, gülləri suladım”-dedi.   Mən indi mağazada çoxluca gəzəcəyəm. Bütün xoşuma gələn paltarları geyinib-soyunacağam. Amma bircə dənəsini alacağam ha! Bax, bircə dənəsini! 

Qadın əllərini dizinə qoyub aşağı əyildi, təbəssümlə uşağa cavab verdi: 

-Sən hansı paltarı xoşlayıb geyinsən, soyunmadan öncə mən də sənin şəklini çəkərəm. Bütün xoşladığın paltarlarda şəklin olar. 

-Ay nə gözəl! –Uşaq sevinclə yerində hoppanıb-düşdü, sonra atasına tərəf dönüb göz vurdu: -Atam da öz nömrəsini verər sənə, şəkilləri ona göndərərsən! 

-Baş üstə! –Qadın dikəldi, əlini irəli uzatdı: -Xoş gəlmisiniz! Mən Gülçin! Bu mağazanın müdiriyəm. Bu gün satıcılara icazə vermişəm. Yağışlı gündə müştəri gələcəyinə heç inanmırdım.  Yaxşı ki gəldiniz! İşə yarayaram barı. Yoxsa boş oturmuşdum. 

Fariz ona uzadılmış əli ehmalca sıxdı: 

-Fariz.

Başqa nəsə deməyə cəsarəti çatmadı... Onu sehirləyən bu günəş çöhrəli  qadın idi, yoxsa oğlunun anlayışlı davranmağı, anlayammırdı.  Oğlunun bu anlayışı, bu şənliyi, hələ-hələ, ilk dəfə gördüyü birinə qarşı belə səmimiyyəti onu əməlli-başlı çaşdırmışdı.  

-Gəlin, bu yanda divanda oturun, sizə çay süzüm. Sonra biz də,-qadın başıyla uşağa işarə etdi:-mağazanı gəzərik. 

-Mənə də çay süz, soyusun, gəlib içərəm.-Uşaq ərklə dedi. 

Fariz adi valideynlər kimi uşağına təpinmək istədi, amma buna da ürək eləmədi. Susdu. Divanda oturdu. Qız yandakı masanın siyirməsini açdı, oradan üç fincan çıxardı, elektrikli çaydandan çay süzdü, paket qaraçaylardan birini növbə ilə hər üç fincana saldı, sonra zibil qutusuna atdı.  İkinci siyirmədən bir qutu peçenye çıxardı. Qutunun üst tərəfini cırıb jurnal  masasının ortasına qoydu, fincanları ətrafına düzdü: 

-Siz için, biz gələcəyik!-deyib hündürdə asılan göy idman dəstinə baxan uşağın yanına yollandı. 

Az sonra Fariz onları gözdən itirdi. Amma səsləri geniş mağazanı doldururdu: 

-Əlini yuxarı qaldır, çempionlar kimi! –Qadın deyirdi. 

Oğlunun şən  qəhqəhəsi bəmbəyaz divarlarda əks-səda verirdi:

-Mən çempion olanda, uzaq ölkələrə gedəndə, səni də özümlə aparacağam! 

Bu dəfə qadının gülüşü cingildəyirdi Farizin qulaqlarında... 

Mağazada, təxminən, saat yarım vaxt keçirtdilər ata-bala. Bu vaxta buludlar hikkəsindən azad olmuş, yağış dayanmış,  payız günəşi  səmada nazlanmağa başlamışdı. Oğlu söz verdiyi kimi, 1 dəst idman geyimi aldırmışdı atasına. Qadınla sağollaşıb eşiyə çıxanda oğlu pilləkənin başında dayandı. Xan bağındakı ağaclara baxdı. Köks ötürdü. Farizin ürəyi üzüldü-oğlunun  yenə nəyisə dərd edəcəyini, günlərlə özünə qapanacağaını düşünürdü. Psixiatr seansı həftədə 3 gün olmasına baxmayaraq, bəzən oğlu getmək istəmirdi. Psixiatrın da məsləhətinə əməl edərək, Fariz onu məcburən dartıb klinikaya aparmaq fikrindən çoxdan daşınmışdı. Lakin oğlunun özünə qapanmasını, o bəd xatirələrin əsarətinə keçməsini də istəmirdi. İstəməkdən çox, qorxurdu... Oğlunun yenidən ruhən dibsiz quyulara məhkum olması onun ən böyük qorxusuna çevrilmişdi. Və bu iç çəkişi xeyirə yoza bilmirdi. Əlacı çatandan yapışdı: 

-Oğlum, istəyirsən gedək gülləri sulayaq, hə? 

Oğlu başını qaldırdı, qəribə nəzərlərlə onu süzdü: 

-Yağışdan sonra gül sulanmaz ki ata!  Onlar dahasudan doyublar. 

Bir neçə saniyə ikisi də susdular. Sonra uşaq geriyə boylanıb mağazanın şüşə qapısına baxdı. Əliylə atasına əyilməsini işarə etdi. Fariz qulağını oğlunun ağzına yaxınlaşdırdı. Oğlu pıçıldadı: 

-Bu içəridəki qız bilirsən kimdir, ata?  Keçən il mən xəstəxanadaydım ha, Bakıda. Onda balaca bir qız vardı ey, atasıyla məktəbdən gələndə ikisini də maşın vurmuşdu.  Atası da öldü, balaca qız da öldü. Bu, o balaca qızın anasıdır. Orada da dost olmuşduq bu qızla.

-Nə?

Farizin gözləri böyüdü, necə olmuşdu ki, oğlunun həyatında iz buraxan bir insan haqqında məlumatsız qalmışdı. Halbuki, özünü ən  diqqətli ata sayırdı... Demək, uşağın elə sərhədləri vardı ki, oraya daxil ola biləcək qayğının müəllifi qadın olmalıydı... 

-Hə, hə!-Oğlu tələsə-tələsə danışırdı:-Orada da mən onu güldürmüşdüm. İstəməmişdim qızı öldü deyə ağlasın. Bir də... –Uşaq çəkincənliklə gözlərini yerə endirdi:-Bir də, o bilir ki, mənim anam yoxdur. Var ey, bilir var, amma mənim anam deyil axı o. Amma... Mən bayaq içəridə ona bir söz dedim. Desəm, acığın tutmaz? 

-Yo...Yox, acığım tutmaz, oğlum. Heç mən sənə hirslənərəm, mənim ağıllı balam? 

Fariz oğlunun nə vaxt belə böyüdüyünü, belə anlayışlı, düşüncəli olduğunu anlayammırdı. O çəlimsiz, hər şeydən qorxan, həyata, dünyaya, təbiətə içində özündən böyük nifrətlə gün keçirən uşaq harasa çıxıb getmiş, yerinə bu dünyanın ən adi uşaqlarından biri gəlmişdi. Adi? Yox... 8 yaşında öz dərdini tanıyan, başqasının dərdinə yanan uşaq adi uşaq deyildi axı... Bir pillə üstün idi sanki adi uşaqlardan. Ya da... “Bəlkə, bütün atalar üçün oğulları başqalarından üstündür?”-Fariz bu düşüncəsinə gülümsəmək istədi, özünü saxladı.  Deyəcəyini deməsi üçün oğlunu ürəkləndirdi: 

-Sən hər şeyi yaxşı düşünürsən, balam. Sənin gözəl düşüncələrin məni heç vaxt əsəbiləşdirməz, bilirsən. 

Uşaq ürəkləndi, işıqlı gözlərini atasının bəbəklərinə dikdi: 

-Mən içəridə o qıza dedim ki, istəsə, onun oğlu ola bilərəm. 

Fariz dikəldi. Nəsə deməyə macal tapmamış  mağazanın şüşə qapısı taqqıltıyla açıldı, o məlahətli səs eşidildi: 

-A... Cetlmenlər məni gözləyir? Çox nəzakətlisiniz, bəylər! Hara gedirik? 

-Kitab mağazasına!-Uşaq  əllərini havaya qaldırdı.

-Nizami küçəsindəki mağazaya getsək necə olar? –Qadın qapını bağladı, açarları çantasına qoydu, geri çevrilib Farizlə göz-gözə gəldi: -Orada qəşəng ilıq çay verirlər! Ha-ha-ha... 

Fariz bir oğluna, bir  bəstəboy qadına baxdı,  başını təsdiq mənasında yellədi. Uşaq pillələri qaçaraq enməyə başladı.  Fariz azacıq ləngidi ki, qadın ondan bir addım önə düşsün. Pilləkənlərin sonuna çatanda özünü saxlaya bilmədi: 

-Narkoman anasının uşağımı məhkum etdiyi bədbəxtliyi gülüşünüzlə sildiyiniz üçün sizə mütəşəkkirəm. 

Qadın geri çevrilmədən asta səslə cavab verdi: 

-Məni həyata qaytaran, “hələ yaşamağa dəyər” dedirdən bir uşaq yetişdirdiyiniz üçün mən sizə mütəşəkkirəm. 

-Və bundan sonra bizi bir-birimizə bağlayacaq olan uşaq...

Qadın bir anlıq dayandı, sonra geri boylandı, altdan-yuxarı Farizi süzdü. O anlarda dünyanın ən xoşbəxt uşağının səsi ikisini də diksindirdi: 

-Olar, mən o mağazada deyim ki, atamla anam mənə “Balaca şahzadə” kitabını almağa gəliblər? 

Ani tərəddüddən sonra Fariz də, qadın da eyni anda ucadan səsləndilər: 

-Hə! 

 

“Ədəbiyyat və incəsənət”

(25.12.2024)

Çərşənbə, 25 Dekabr 2024 09:30

İlin müsbət və mənfi hadisələri

Kübra Quliyeva, “Ədəbiyyat və incəsənət”

 

 

2024-cü il dünya miqyasında həm müsbət, həm də mənfi hadisələrlə yadda qaldı. Biz bu hadisələrin bəzilərinə toxunmuşuq. İndi isə daha bir neçə hadisəni sadalamaq istəyirəm. 

 

Aşağıda ilin əsas məqamlarına ümumi bir baxış təqdim olunur:

 

Müsbət Hadisələr

 

Texnoloji İnkişaflar: 2024-cü ildə süni intellekt və bərpa olunan enerji sahələrində əhəmiyyətli irəliləyişlər əldə edildi. Bu inkişaflar qlobal iqtisadiyyata və ətraf mühitin qorunmasına müsbət təsir göstərdi.

 

İdman Tədbirləri: Almaniyada keçirilən UEFA Avro 2024 turniri futbolsevərlərə unudulmaz anlar yaşatdı. Turnir yüksək səviyyəli təşkilatçılığı və rəqabəti ilə seçildi.

 

Mənfi Hadisələr

 

Təbii Fəlakətlər: Mərkəzi Avropada baş verən daşqınlar ciddi maddi ziyan və insan tələfatına səbəb oldu. Bu hadisələr iqlim dəyişikliyinin təsirlərini bir daha gündəmə gətirdi.

 

Terror Hücumları: Türkiyənin TUSAŞ şirkətinə qarşı həyata keçirilən terror hücumu nəticəsində insan itkisi və maddi ziyan meydana gəldi. Bu hücum regional təhlükəsizlik məsələlərini yenidən ön plana çıxardı.

 

Aviasiya Qəzaları: Rusiyanın Belqorod vilayətində və İranda baş verən İl-76 təyyarə qəzaları bir çox insanın həyatını itirməsi ilə nəticələndi. Bu qəzalar aviasiya təhlükəsizliyi mövzusunda narahatlıqları artırdı.

 

2024-cü il həm nailiyyətlər, həm də çətinliklərlə dolu bir il olaraq tarixə keçdi. Qlobal miqyasda baş verən bu hadisələr gələcək illərdə də təsirini göstərəcək.

 

“Ədəbiyyat və incəsənət”

(25.12.2024)

Çərşənbə axşamı, 24 Dekabr 2024 14:15

Çağdaş Azərbaycanın uğur memarı

 

Arzu BAĞIROVA, “Regional Hüquqi və İqtisadi Maarifləndirmə” İctimai Birliyinin sədri - “Ədəbiyyat və incəsənət” üçün

 

Prezident İlham Əliyevin adı və fəaliyyəti Azərbaycanın çağdaş tarixində, xalqın taleyində və müstəqil dövlətçiliyin möhkəmləndirilməsində fövqəladə və danılmaz faktor kimi əks olunub. 

 

Müzəffər Ali Baş Komandan, xalqın sevimlisi olan Prezident İlham Əliyev bütün məmurlara, vəzifəli şəxslərə xalqa xidmətin şərəfini vurğulayarkən, özünü xalqın birinci qulluqçusu, haqlı olaraq, bütün azərbaycanlıların Prezidenti kimi xarakterizə etmişdi.

Onun bu parlaq yanaşması, dövlət idarəçiliyində insanlara xidmət fəlsəfəsini ən ön planda saxladığını bir daha təsdiqləyir. 

Belə bir yanaşma həmçinin regionların sosial-iqtisadi inkişafı, maarifləndirmə, ailə, uşaq, qadın və gənclər siyasətində də öz əksini tapır.

 

Regionların sosial-iqtisadi inkişafı

 

Prezident İlham Əliyevin həyata keçirdiyi sosial-iqtisadi islahatlar, o cümlədən iri infrastruktur layihələr Azərbaycan regionlarını dirçəltdi və necə deyərlər, yenidən formalaşdırdı. Əhalinin rifahının artırılmasına yönəldilmiş layihələr, kənd təsərrüfatının dəstəklənməsi, sənaye parklarının yaradılması, çoxsaylı yolların çəkilməsi və sosial obyektlərin tikintisi sayəsində regionlar yeni inkişaf mərhələsinə qədəm qoyub. 

Prezidentin xeyir-duası ilə həyata keçirilən, Heydər Əliyev Fondunun “Yeni Azərbaycana yeni məktəb” proqramı çərçivəsində tikilən təhsil müəssisələri yalnız maddi baza deyil, həm də maarifləndirmə üçün əsas platformaya çevrilib. Hər yeni məktəb, o kəndin, qəsəbənin simasını dəyişir, sakinlərin ovqatına pozitivlər yükləmiş olur.

 

Hamının Prezidenti olmaq məsuliyyəti

 

Prezident İlham Əliyevin fəaliyyətində hamının Prezidenti olmaq məsuliyyəti ən əsas prioritetdir. Əhalinin bütün təbəqələrinə olan münasibətində bərabərlik və ədalət prinsipləri əsas götürülür. Regionlardan paytaxta, iş adamlarından sadə fermerlərə qədər hər bir vətəndaşın qayğı və ehtiyacları dövlətin diqqət mərkəzindədir. Özəlliklə, pandemiya və postmüharibə dövründə göstərilən dəstək tədbirləri Prezidentin xalqla birgə olduğunu bir daha təsdiqlədi.

 

Vətəndaş cəmiyyəti və ailə siyasəti: 

konseptual yanaşma

 

Dövlət başçısının konseptual baxışı ilə formalaşan siyasətdə vətəndaş cəmiyyətinin inkişafına xüsusi önəm verilir. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın da iştirakı ilə həyata keçirilən ailə, qadın və uşaq siyasəti çağdaş Azərbaycanın ən uğurlu örnəklərindəndir. QHT, KİV-lə bağlı konseptual yanaşmalar, “ASAN xidmət” kimi vətəndaş məmnuniyyətini gücləndirən layihələr, gənclərin innovativ ideyalarının dəstəklənməsi və sosial proqramlar vətəndaşların dövlətə olan inamını daha da artırır.

 

Qarabağ: Böyük Qayıdış və yeni Zəfər salnaməsi

 

Prezident İlham Əliyevin rəhbərliyi ilə xalqımızın illərdir gözlədiyi tarixi ədalət bərpa olundu. Müzəffər Ali Baş Komandanın qətiyyəti sayəsində 44 günlük Vətən müharibəsi və 1 günlük antiterror tədbirləri ilə Azərbaycanın ərazi bütövlüyünü bərpa etməklə yanaşı, xalqımızın milli qürurunun simvoluna çevrildi. Hazırda azad olunan torpaqlarda həyata keçirilən böyük quruculuq, bərpa işləri “Böyük Qayıdış” proqramının bir hissəsi olmaqla yanaşı, Qarabağı və Şərqi Zəngəzuru ən çağdaş regiona çevirmək məqsədini daşıyır.

 

Azərbaycanın yüksələn brendi

 

Prezident İlham Əliyevin adı artıq təkcə Azərbaycanla məhdudlaşmır. Beynəlxalq arenada ölkəmizin uğurlarını təmin edən lider qlobal miqyasda da çox önəmli təşəbbüslərlə çıxış edir. Azərbaycanın dünya enerji təhlükəsizliyində rolu, Şərq-Qərb nəqliyyat dəhlizindəki əhəmiyyəti və multikulturalizm siyasəti Prezidentin uzaqgörən və strateji liderlik örnəyidir.

 

Prezident İlham Əliyevin həyat və fəaliyyəti xalqına xidmət edən liderin çağdaş Azərbaycanı formalaşdırmaqda atdığı qətiyyətli addımlarla səciyyələnir. Bu fəaliyyət həm xalqın, həm də dövlətimizin gələcəyinə inamı möhkəmləndirir.

 

Adgününüz mübarək olsun, cənab Prezident!

 

“Ədəbiyyat və incəsənət”

(24.12.2024)

Çərşənbə axşamı, 24 Dekabr 2024 13:45

İlham Əliyev: Zəfər, Qələbə Memarımız

 

Şərəf Cəlilli, filologiya üzrə fəlsəfə doktoru, “Ədəbiyyat və incəsənət” üçün

 

 

Taleyin sərt üzündən özü öz tarixi torpaqları ilə həmsərhəd olan, Təbrizə, Dərbəndə, Borçalıya, İrəvana, Göyçəyə, Zəngəzura bölünüb parçalanan Odlar Yurdu Azərbaycan yüz illər sonra məhz onun sərkərdə-xaqan ucalığı ilə Birliyini, Bütövlüyünü, Əzəmətini, Qüdrətini, sonsuz Vətən sevgisini dünyaya nümayiş etdirdi. 

 

“Qarabağ Azərbaycandır!” nidası ilə mümkün olmayanları mümkünə çevirdi. Genetik kodlarının diktəsi ilə sübut etdi ki, millət, məmləkət, dövlət də insan kimidi, Yaddaşı ilə yaşayır. 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dövlət müstəqilliyinin sarsılmaz əsaslarını yaratmış Ümummilli Lider Heydər Əliyevin mənəvi və siyasi Varisi olaraq onun Liderlik Məktəbində yetişmişdi. Heydər Əliyev Sovet hakimiyyəti illərində həyata keçirdiyi genişmiqyaslı layihələri, Azərbaycançılıq məfkurəsinə söykənən siyasəti ilə Prezident İlham Əliyevə dövlətə sədaqət, Əbədi İstiqlala inam hissini aşılamışdı. 

O, böyük siyasətə və dövlət idarəçiliyinə görkəmli dövlət xadiminin məktəbini keçərək gəlmişdir. 20 Yanvar dəhşətlərindən bir gün sonra Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə gələrək quruluşa, millətinin qanını tökən Qorbaçov rejiminə etirazını bildirmişdi. Həyatının bütün məqamlarında görkəmli dövlət xadimi Ulu öndər Heydər Əliyevin keçməkeşli və mənalı ömür yolundan, siyasi fəaliyyətindən öyrənən  Prezident İlham Əliyev Heydər Əliyevin dövlət idarəçilik məktəbindən keçərək böyük siyasətə gəlmişdir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin simasında liderlik xarakterinin bütün xüsusiyyətləri cəmləşmişdir. Onun ən mürəkkəb ictimai-siyasi və hərbi proseslərdə anında düzgün qərarlar qəbul etmək bacarığı və iradəsi vardır. Yüksək siyasi hazırlığa və geniş dünyagörüşə malik olan İlham Əliyev dünyadakı və ölkədəki prosesləri və reallıqları obyektiv şəkildə təhlil edib düzgün qiymətləndirməyi bacardığı kimi, həm də heyrət ediləcək qədər uzaqgörən siyasətçidir. İlham Əliyev üçün xalq və dövlət bir-birini tamamlayan vahid anlayışlar olub, fəaliyyət sferasının tam əhatə dairəsini, real mahiyyətini və əsas istiqamətlərini müəyyən edir. Bütün məqamlarda müstəqil qərarlar qəbul etmək qabiliyyəti də onun dövlət xadimi kimi özünəməxsusluğunu əks etdirir.

Liderlik üçün ən zəruri xüsusiyyətləri özündə cəmləşdirən dəyərlər İlham Əliyev əzəmətini yaratmışdır. Qazandığı nailiyyətlərə bütün fəaliyyəti boyu nümayiş etdirdiyi yüksək siyasi-təşkilati qabiliyyətlərinə görə dünya liderləri sırasına çıxan Prezident İlham Əliyev ilk növbədə on milyonluq Azərbaycan xalqının və həm də 50 milyondan çox dünya azərbaycanlılarının lideridir. Eyni zamanda o, həm də dünyada beynəlxalq ictimaiyyət tərəfindən qəbul olunan qüdrətli liderlərdən biridir. Hərtərəfli hazırlığa malik olması və müstəqil siyasət aparması onu dünya liderlərinin ön cərgəsinə çıxarmışdır. Bunun nəticəsidir ki, Azərbaycan Respublikası da lider dövlətlər sırasına çıxmışdır. 

Prezident İlham Əliyevin yürütdüyü mükəmməl daxili və xarici siyasətin nəticəsində həm beynəlxalq münasibətlərdə, həm də regional siyasətdə Azərbaycan Respublikası əsas söz sahiblərindən birinə çevrilmişdir. Ədalətli mövqeyinə, praqmatik baxışlarına, ümummilli mənafeləri digər xalqlar üçün də faydalı ola biləcək ümumi maraqlarla uzlaşdırmaq bacarığına görə Prezident İlham Əliyevin sözü və mövqeyi dünyada eşidilir və qəbul olunur. Azərbaycan Prezidentinin çağırışı ilə Birləşmiş Millətlər Təşkilatının xüsusi iclasını çağırması və orada bəşəriyyəti narahat edən qlobal problemlərin dünya ictimaiyyəti tərəfindən müzakirə olunması Prezident İlham Əliyevin dövlət xadimi kimi yerini və rolunu müəyyən edir. 

Prezident İlham Əliyevin Liderlik xüsusiyyəti, mükəmməl siyasəti, zəngin idarəçilik təcrübəsiAzərbaycanı yenidən qurması ilə nəticələnmişdir. Müstəqilllik dövründə Azərbaycanın inkişafınıntəməlləri Ulu öndər Heydər Əliyev tərəfindən qoyulsa da, Lider-Varis prinsipini əsas götürən Prezident İlham Əliyev müstəqil Azərbaycanı bütün istiqamətlərdəyenidən qurmuş, ən yeni Azərbaycanın Memarına çevrilmişdir. Regionların inkişaf etdirilməsi siyasətinin memarı kimi o, müstəqillik qazanmış ölkələr arasında ilk dəfə olaraq Azərbaycanda sözün həqiqi mənasında şəhərlə kənd arasındakı fərqi aradan qaldırmışdır. Ölkənin paytaxtı Bakı şəhəri də artıq özünün monumental tikililəri,  yeni tipli infrastrukturu ilə dünyanın iri meqapolislərindən birinə çevrilmişdir. Bu gün dünyada Bakı şəhəri qədər sürətlə və planlı şəkildə, həm də fərqli memarlıq üslublarında inkişaf edən paytaxt şəhərləri tapmaq sözün həqiqi və məcazi mənasında mümkün deyildir.

Şaxələndirilmiş iqtisadi inkişaf strategiyasının qəbul edilməsi və həyata keçirilməsi ölkəmizdə bütün sahələrdə böyük nailiyyətlərin qazanılması ilə nəticələnmişdir. Azərbaycanın neft-qaz, enerji sektoru ölkəmizin yenidən qurulmasına xidmət etməklə yanaşı, region dövlətlərinin və Avropanın iqtisadi inkişafına təsir edən əsas iqtisadi faktorlardan birinə çevrilmişdir. 

Prezident İlham Əliyevin düşünülmüş, müdrik siyasəti nəticəsində neft Azərbaycana həm iqtisadi, həm də çoxsaylı etibarlı dostlar və tərəfdaşlar qazandırmışdır. Ölkəmizdə qeyri-neft sektorunun inkişaf etdirilməsi sahəsində Prezident İlham Əliyevin tutduğu qətiyyətli mövqe və atdığı addımlar Azərbaycanda neftdən asılı olmayan dövlət büdcəsinin formalaşdırılmasında mühüm amillərdən birinə çevrilmişdir. 

Xarici siyasətdə Azərbaycan Respublikasının qazandığı mühüm nailiyyətlər ölkəmizin lider dövlətlər cərgəsində yerini qərarlaşdırmışdır. Dünyanın iknci beynəlxalq təşkilatı olan Qoşulmama Hərəkatına Prezident İlham Əliyevin böyük uğurla rəhbərlik etməsi bu ölkələrdən hər birinin həyatında yeniləşmələrin və inkişafın baş verməsi ilə nəticələnmişdir. Qoşulmama Hərəkatı ölkələri bu tarixi mərhələdə seyrçi, müşahidəçi ölkələrdən Birləşmiş Millətlər Təşkilatının qərarlarına təsir etmək imkanlarına malik olan aktiv dövlətlər sırasına çıxmışdır. Azərbaycan Respublikasının BMT-də, Avropanın beynəlxalq təşkilatlarında tutduğu yüksək mövqe Prezident İlham Əliyevin müstəqil siyasətinin mühüm nəticələridir. Şanxay Əməkdaşlıq Təşkilatına doğru atılmış addımlar, xüsusən 2022-ci ildə baş tutmuş Səmərqənd görüşləri Azərbaycan Respublikasının dünyanın Asiya siyasətində də fəal rol oynayacağını göstərir. Türk Dövlətləri Təşkilatında Türkiyə Cümhuriyyəti ilə birlikdə Azərbaycanın tutduğu mövqe Prezident İlham Əliyevin liderlik xüsusiyyətini dünyaya nümayiş etdirmişdir. Azərbaycan-Türkiyə münasibətlərinin yeni mərhələyə qədəm qoyması, Müttəfiqlik Bəyannaməsinin qəbul edilməsinə qədər inkişaf etdirilməsi İlham Əliyevin düşünülmüş, milli dəyərlərə əsaslanan xarici siyasətinin məntiqi nəticəsidir. Bu faktı ölkəmizin ev sahibliyi etdiyi beynəlxalq əhəmiyyətli tədbirlərə də şamil etmək mümkündür ki, onun sırasında BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası -  COP-29- da  vardır.

Müzəffər Ali Baş Komandan İlham Əliyevin Azərbaycan xalqının çoxəsrlik tarixində qazandığı Qarabağ Zəfəri milli dövlətçilik tariximizdə ən böyük qələbədir. Qarabağın 30 illik işğaldan sonra azad edilməsi qətiyyətli lider kimi qəbul olunan Prezident İlham Əliyevin Dəmir Yumruğunun qüdrətini dünyaya nümayiş etdirmişdir. Dəmir Yumruq ətrafında ordununvə xalqın birləşməsi İlham Əliyev Liderliyinin parlaq təcəssümüdür. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin müəllifi olduğu Böyük Qayıdış konsepsiyası Azərbaycanın çoxəsrlik tarixində ən böyük dövlət proqramlarından biridir. Böyük Qayıdış Proqramının uğurla həyata keçirilməsi ölkəmizin ərazi bütövlüyü şəraitində bütöv halda inkişaf etdirilməsi deməkdir. Cənab Prezidentin ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva ilə birlikdə Azərbaycanın regionlarına və o cümlədən Qarabağa səfərləri hər dəfə respublikamızın inkişafında yeni bir parlaq səhifənin yazılması ilə nəticələnir. Bir sözlə, tarixi Qarabağ Zəfəri və Böyük Qayıdış hərəkatı İlham Əliyevin qüdrətli Lider, əvəzolunmaz tarixi Şəxsiyyət, mütəfəkkir dövlət xadimi kimi əzəmətini sübut edir. 

Bu gün Azərbaycan Pespublikasının Prezidenti İlham Əliyevin müdrik siyasəti ilə Zəngəzur dəhlizinin açılması, Laçın koridorunun işə salınması, Ermənistanla sülh müqaviləsinin imzalanması kimi beynəlxalq əhəmiyyətə mailk olan mühüm tədbirlərin həyata keçirilməsi məqsədilə həm ölkə daxilində və həm də dünya miqyasında məqsədyönlü iş aparılır. Dünya Azərbaycanlılarının hüquqlarının müdafiə olunması sahəsində də düşünülmüş siyasəti uğurla həyata keçirir. Qərbi Azərbaycana qayıdışla bağlı məsələlər ən ali kürsülərdə, siyasi platformalarda müzakirəyə çıxarılır.  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ulu öndər Heydər Əliyevin Azərbaycançılıq məfkurəsinin qorunub saxlanması istiqamətində də mühüm addımlar atır, kompleks layihələr gerçəkləşdirir. Ölkəmizdə şəffaf və ədalətli cəmiyyətin qurulması istiqamətində mühüm işlər görülür. Daha işıqlı sabahlara hesablanan siyasətin Yol xəritəsinə töhfələr verilir. Tarixi zəfərlər, möhtəşəm nailiyyətlərlə müşaiyət olunan, Vətənə, torpağa, millətə, məmləkətə sevgi və sədaqət hissi üzərində qurulub inkişaf edən dövlətçilik təlimi ilə Prezident İlham Əliyev dünyaya sübut edir ki, burada, Güney Qafqazda qüdrətli bir dövlət və xalq var. Ona yeraltı və yerüstü sərvətlərinə, bioresurslarına görə deyil, dünyanın siyasi mənzərəsini dəyişən Liderinə - Müzəffər Ali Baş Komandanına, tarixi şəxsiyyətlərinə, bəşəri dəyərlər xəzinəsini zənginləşdirən maddi-mədəni irsinə, sivilizasiyaların, dinlərin, mədəniyyətlərin dialoquna verdiyi töhfələrə görə dəyər vermək, ümumbəşəri problemlərin  həllində onun iradəsini, tarixi qərarlarını nəzərə almaq, hesablaşmaq gərəkdir. 

44 günlük Vətən müharibəsində “Bizim işimiz haqq işidir! Biz Zəfər çalacağıq! Qarabağ Azərbaycandır!” nidası ilə düşmən üzərinə yeriyən, yağı düşməni - erməni daşnaklarını gəldiyi yerə qədər qovan, mənsub olduğu milləti Xudafərin körpüsündə, Şuşa qalasında Bayrağa döndərən Müzəffər Ali Baş Komandan,Prezident İlham Əliyev “Əgər Şərqi Zəngəzur varsa, Qərbi Zəngəzur da var! Biz o torpaqlara qayıdacağıq!” hikməti ilə tarix yaradır. O, bizim  Baba yadigarımız, Yoxdan var edənimiz, Zəfər, Qələbə Memarımız, Sözü imzası olan Liderimizdir! Bu gün onun günüdür! Bu gün, həm də onu deyib bundan sonrakı Zəfərlərə inanan hər birimizin günüdür! 

 

“Ədəbiyyat və incəsənət”

(24.12.2024)

İlhamə Məhəmmədqızı, “Ədəbiyyat və incəsənət” portalının Sumqayıt təmsilçisi

 

Sumqayıt şəhər İcra Hakimiyyətinin, Milli Məclisin deputatı Səbinə Salmanovanın birgə təşkilatçılığı ilə gerçəkləşdirilən “Nəsillərin rəngli dialoqu” mövsuzunda rəsm sərgisi Prezidenti İlham Əliyevin doğum gününə həsr olunub.

 

Milli Məclisin sədr müavini Ziyafət Əsgərov, Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, deputatlar, rəssamlar və ictimaiyyət nümayəndələrinin qatıldığı tədbirdə öncə iştirakçılar sərgilənən rəsm əsərlərinə baxıblar. 

Tədbirdə çıxış edən Milli Məclisin deputatı Səbinə Salmanova sərginin məqsədi haqqında məlumat verib. O, Prezident İlham Əliyevin hər zaman xalqın arasında olduğunu xüsusi vurğulayıb. Bildirib ki, dövlət başçımız doğum günlərində bölgələrə səfər edərək vətəndaşlarla, əsasən də qaçqın və keçmiş məcburi köçkünlərimizlə görüşüb, müxtəlif təməlqoyma və açılış mərasimlərində xalqımızla birlikdə olurdu. Vətən müharibəsindəki tarixi qələbəmizdən sonra isə Prezident öz ad günündə doğma yurdlarına qayıtmış insanlarımızla görüşür, onların yanında olmağa üstünlük verir.

Milli Məclisin sədr müavini Ziyafət Əsgərov təşkil olunan sərgidə öz rəsm əsərləri ilə iştirak edən uşaqların əl işlərini yüksək qiymətləndirib. Vitse-spiker xüsusilə 44 günlük Vətən Müharibəsinə həsr olunan rəsmlərin alqışa layiq olduğunu söyləyib. 

Sumqayıt şəhər Hakimiyyətinin başçısı Zakir Fərəcov vurğulayıb ki, ötən 21 ildə Sumqayıtın iqtisadi və sosial həyatında baş verənlər göstərir ki, Ulu Öndərin şəhərlə bağlı bütün arzuları reallaşır, şəhər Prezident İlham Əliyevin müəyyən etdiyi hədəflərə doğru inamla irəliləyir. Təsadüfi deyil ki, ölkə başçısının inkişaf siyasətinin nəticəsi olaraq Sumqayıt tarixi ənənələrini sürətlə özünə qaytarıb və bu proses bu gün də davam edir.

Zakir Fərəcov həmçinin qeyd edib ki, bu cür tədbirlər gənc nəslin yaradıcılıq imkanlarının inkişaf etdirilməsi, onların milli-mənəvi dəyərlərə bağlılıq ruhunda yetişdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. “Nəsillərin rəngli dialoqu” layihəsi gənclər və yaşlı nəsil arasında mədəni və intelektual bağların möhkəmlənməsinə töhfə verir. Şəhər rəhbəri eyni zamanda diqqətə çatdırıb ki, Sumqayıtda son illərdə incəsənət və mədəniyyət sahəsində əldə edilən nailiyyətlər Prezident İlham Əliyevin göstərdiyi diqqət və qayğının nəticəsidir.

Rəssamlar İttifaqının sədri Fərhad Xəlilov, Xalq şairi Sabir Rüstəmxanlı keçirilən tədbirin əhəmiyyətindən danışaraq iştirakçılara uğurlar arzulayıblar.

Çıxışlardan sonra rəsm müsabiqəsinin qalibləri mükafatlandırılıb.

 

“Ədəbiyyat və incəsənət”

(24.12.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.