Super User

Super User

Çərşənbə axşamı, 24 Dekabr 2024 11:45

Pozitivlərin təntənəsi - ƏKBƏR QOŞALI YAZIR

“Ədəbiyyat və incəsənət” portalı tanınmış şair, publisist, siyasi icmalçı Əkbər Qoşalının günün əsas hadisəsindən bəhs edən yazısını təqdim edir. 

 

Qarabağın və Gündoğar Zəngəzurun işğaldan qurtuluşu ilə sonuclanan mübarizəmiz yalnız hərbi Zəfər deyil, həm də milli iradənin, beynəlxalq hüququn və diplomatiyanın zirvədə dayandığı möhtəşəm hadisə oldu. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin uzaqgörənliyi, strateq zəkası ilə yürüdülən bu unikal mübarizə, Azərbaycanın həm bölgəsəl, həm də qlobal siyasətdə güclənən mövqeyini nümayiş etdirdi.

 

Gəlin Azərbaycan Respublikasının müharibə öncəsi, müharibənin gedişi və postmüharibə dönəmində həyata keçirdiyi tədbirləri, beynəlxalq səviyyədə qazandığı uğurları, beləliklə, tarixi Zəfərin ölkəmizin gələcəyinə təsirlərini yığcam şəkildə təhlil edək.

 

Qarabağın qurtuluşu: 

Qətiyyətli liderlik və milli iradə

 

44 günlük müharibə təkcə hərb meydabında deyil, həmçinin informasiya və diplomatiya meydanında böyük qələbələrlə yadda qaldı. Müharibədən öncə Azərbaycanın uzun illər davam edən diplomatik səyləri ölkənin haqq işinin beynəlxalq arenada geniş dəstəklənməsinə zəmin yaratdı.

Prezident İlham Əliyevin qətiyyətli liderliyi, milli birliyə əsaslanan strategiyası və beynəlxalq ictimaiyyətə ünvanlanan aydın ismarıcları Azərbaycanın uğradığı haqsızlıq qarşısındakı haqlı qələbəsini təmin etdi.

 

* Dəmir Yumruq: 

Hərbi əməliyyatların məqsədyönlülüyü, doğru-dürüst planlaşdırılması, sürətli icrası və maksimum təsirlərlə sonuclanması bu strategiyanın əsas elementlərindən idi. Ordumuzun həyata keçirdiyi əməliyyatlar, Azərbaycan Silahlı Qüvvələrinin gücünü bütün dünyaya nümayiş etdirdi. Bu, əcdadın hərb gələnəyinin çağdaş texnologiyalarla üzvi birliyinin təntənəsi oldu. Dədə-babalarımızın ruhunu şad edən Zəfər, gələcək nəsillərin ilham qaynağı oldu. Bugünümüzə, bizlərə təsiri isə… tanıq olduğumuz, sürəcin içində olduğumuz üçün bir başqadır. - Zəfərin keçmişə xitabı, bugünə təsirləri, gələcəyə yol xəritəsi çəkməsi - hamısı, hamısı gözəllikdir, canlı irsdir, üfüqə qanaddır, üfüqötəsidir!..

 

 • Zəfər diplomatiyası: 

Prezident İlham Əliyevin beynəlxalq media vasitəsilə gerçəkləri səlis şəkildə çatdırması, Ermənistanın yalan-yaman təbliğatını darmadağın etdi. BBC, CNN, “Əl Cəzirə” kimi neçə-neçə aparıcı beynəlxalq platformada Azərbaycan liderinin sərrast, dərin məntiqli çıxışları xalqımızın haqq səsini dünya ictimaiyyətinə çatdırdı. Dünya erməniliyinin milyonlar xərcləyərək apardığı uzumüddətli anti-Azərbaycan, anti-Türk, anti-İslam təbliğatları (cəfəngiyyatları!) puç oldu.

 

 • Milli iradə və birlik: 

Azərbaycanın hər bir vətəndaşı bu mübarizədə birləşdi. Müharibə vaxtı ölkədəki siyasi partiyalar, müxtəlif ictimai qurumlar və diaspor təşkilatlarının vahid mövqe sərgiləməsi milli həmrəyliyin parlaq örnəyi idi. Birlik, həmrəylik bizə çox yaraşır! Dövlət başçımız Şuşada, Xankəndidə, Xocalıda tonqal qalayanda Dədəm Qoqud tonqal öyüdü yadımıza düşdü… 

Bir tonqal - eli-obanı şənliyə, toya çağırışdı;

İki tonqal - eli-obanı düşmənlə mübarizəyə, savaşa səsləyişdi;

Üç tonqal isə bütün el-oba birliyə toplamaq üçündür. Bəli, üç tonqaldan keçən ulusumuz indi əkinə-biçinə, qurub-yaratmağa, eləcə də, toya-düyünə çağrılır və dövlətimizin çağırışı parlaq xəlqi cavablarını bulur.

 

Postmüharibə dönəmi: 

Diplomatiya və inkişaf strategiyası

 

44 günlük müharibə təkcə hərbi Zəfərlə məhdudlaşmadı. Müharibədən sonrakı dönəmdə Azərbaycanın rəhbərliyi ilə bölgədə yeni gerçəkliklər yaradıldı. Bu gerçəkliklər bölgəsəl işbirliyi və inkişaf üçün yeni imkanlar açdı. 44 gün təqvim müddəti olaraq 10 noyabrda bitdi amma bitmədi… O günlərin Zəfər energetikası öz dəyərini, dalğasını və şüasını nümayiş etdirdi: antiterror tədbirləri, Qazaxın 4 kəndinin qurtuluşu öz bayrağımızı daha yeni - əzəli-əbədi şəhər, kəndlərimizə daşıdı!..

 

Böyük Qayıdış Proqramı: 

Qarabağın, Gündoğar Zəngəzurun yenidən dirçəlişi

 

Azərbaycan hökuməti işğaldan azad edilmiş ərazilərdə iri miqyaslı yenidənqurma işlərinə başladı. Dərhal, özü də yüksək sürət və keyfiyyətlə işə başlamaq siyasi iradədən başqa iqtisadi imkanlar, maliyyə təminatı olmadan mümkün deyildi. Dövlətimiz bunu öz iç imkanları, qaynaqları hesabına yerinə yetirdi (yetirir). “Böyük Qayıdış” adı ilə yürüdülən layihələr Qarabağ və Gündoğar Zəngəzuru yüksək iqtisadi potensiala malik bölgələrə çevirmək məqsədi daşıyır:

 

 • Yaşıl Enerji Zonası: 

Qarabağda, Gündoğar Zəngəzurda bərpaolunan enerji layihələri artıq beynəlxalq tərəfdaşların da diqqət mərkəzindədir.

 • Füzuli, Zəngilan, Laçın Beynəlxalq Hava limanları

işğaldan qurtulmuş bölgələrimizi ölkə və qlobal nəqliyyat şəbəkəsinə birləşdirən yeni qapılardır.

 • Ağıllı kəndlər və şəhərlər: 

Zəngilan, Füzuli, Ağdam və b. ərazilərdə qurulan “ağıllı” infrastruktur çağdaş texnologiyaların tətbiqini təmin edərək, bölgəyə yeni texnofəsil gətirir…

 

Qoşulmama Hərəkatı və BMT ilə tərəfdaşlıq

 

Azərbaycanın beynəlxalq nüfuzu müharibədən sonra daha da artdı. Qoşulmama Hərəkatına uğurlu rəhbərliyi, pandemiya dönəmində beynəlxalq həmrəyliyi təşviq edən təşəbbüsləri və sülhməramlı missiyaları Azərbaycanın qlobal siyasətdə əsas oyunçuya çevrildiyini bir daha təsdiq edir.

Əlbəttə, buraya digər beynəlxalq platformalar da daxildir. Daha bu günlərdə D-8-ə tamhüquqlu üzv olduq. Türk Dövlətləri Təşkilatı isə evimiz, ailəmiz, ocağımızdır!

 

Qarabağın strateji perspektivləri

 

Azərbaycan Qarabağ və Gündoğar Zəngəzuru bölgəsəl, habelə beynəlxalq iqtisadi, mədəni və strateji mərkəzə çevirmək niyyətindədir. Bu hədəflər həm ölkədaxili sabitlik, həm də beynəlxalq miqyasda yeni işbirliyi imkanları üçün əsas yaradır.

 • Zəngəzur dəhlizi: 

Gündoğardan Günbatara uzanan nəqliyyat marşrutunda yeni bir strateji bağlantı olaraq çıxış edir. Bu dəhliz təkcə iqtisadi fayda gətirməyəcək, həm də bölgədə siyasi sabitliyə töhfə verəcəkdir.

 • Mədəni dirçəliş: 

Şuşanın Azərbaycanın Mədəniyyət Paytaxtı olmasının rəsmiləşməsi, qanun qüvvəsi qazanması, Qarabağda beynəlxalq festivalların keçirilməsi və milli irsin bərpası Azərbaycanın zəngin mədəniyyətini dünya səhnəsinə çıxarır.

 

Beləliklə, diplomatik uğurlardan qlobal perspektivlər hasil oldu…

Qarabağın və Gündoğar Zəngəzurun qurtuluşu ölkəmizin beynəlxalq sistemdəki gücünü və təsirini artırdı. Prezident İlham Əliyevin liderliyi sayəsində Azərbaycan bu uğurları gələcək strateji başarılar üçün möhkəm bir baza kimi dövriyyəyə daxil etməkdədir…

 

Bir vaxtlar (uzun illər!) gözümüz, qulağımız beynəlxalq ictimai fikirdə, ATƏT-in bekara Minsk qrupu həmsədrlərinin 2X3=6 dodağının arasından çıxacaq sözdə, onların üzündəki saxta təbəssümdə qalmışdı… Artıq Qarabağ, Gündoğar Zəngəzur özü beynəlxalq tədbirlərə evyiyəliyi edir, haqq-ədalətə güvənin ocağına çevrilir… 

Şəhidlər ölmədi,

Vətən bölünmədi!

DÖVLƏTİMİZ ZAVAL GÖRMƏSİN!

 

“Ədəbiyyat və incəsənət”

(24.12.2024)

Çərşənbə axşamı, 24 Dekabr 2024 19:16

Ürəklərdə yuva qurmağı bacaran insan...

Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”

 

İlahi, görəsən yaxşı insanlar barəsində danışmaqdan da gözəl bir iş varmı? Sinədə ürək, ağızda dil də sevinir. Dodaqlara sevinc qonur, gözlərə nur gəlir, xatirələr canlanır...

 

Soyuq qış aylarından biri idi. Zəngləşib onunla nəşriyyatdakı iş yerində görüşdük. Məqsədimizi bilirdi, məlum vertalyot qəzasında şəhid olan Vəli Hüseyn oğlu Məmmədov haqqında xatirələrini danışacaqdı. Adətən kamera qarşısında danışmaq çətin olur, hər adam xatirələrini nizamlayıb fikirlərini ardıcıl ifadə etməyi bacarmır. O isə, elə nizamla danışdı ki, filmi məhz onun söhbəti üzərində qurmalı olduq. O vaxt yaşı yetmiş beşi təzə haqlamışdı. Budur, artıq səksən altı yaşını arxada qoyur. Bəli, bu gün sizə bu gözəl insan- Yasif Nəsirli haqqında danışmaq istəyirəm...

 

Yasif Nəsirli 1938-ci ildə Cəbrayıl rayonunun Kavdar kəndində dünyaya gəlib. Həmin rayonun Soltanlı kənd orta məktəbini bitirdikdən sonra, əvvəlcə Bakı Mədəni-Maarif texnikumunu, sonra isə Azərbaycan Dövlət Universitetini fərqlənmə diplomu ilə bitirib. Daha sonra müxtəlif illərdə Moskvada Maksim Qorki adına Ədəbiyyat İnstitutunda ali ədəbiyyat kurslarında olub, Ali komsomol məktəbində, SSRİ DTK-nin Dzerjinski adına Ali məktəbində təhsilini davam etdirib.

 

Əmək fəaliyyətinə Azərbaycan Dövlət Universitetinin Elmi Cəmiyyətinin sədri və universitet qəzetinin baş redaktorunun müavini kimi başlayıb. Bir müddət sonra Azərbaycan Komsomolunun Mərkəzi Komitəsində təlimatçı işləyib, sonra burada şöbə müdiri vəzifəsində çalışıb. "Ulduz" ədəbi-bədii və ictimai-siyasi jurnalının məsul katibi və ilk baş redaktoru olub...

 

Deyir ki,- “1963-cü ildə indiki BDU-nu bitirib, Azərbaycan Komsomolunun Mərkəzi Komitəsində fəaliyyətə başladım. Səkkiz il komsomol işində çalışdım. Bir gün rəhmətlik Elmira Qafarova məni çağırıb dedi ki, Yasif, sən burda səksən manat maaş alırsan. Təhlükəsizlik orqanlarında işləmək üçün məndən 5-6 nəfər istəyirlər. Məsləhətdir ki, sən də gedəsən. Dedi ki, orada işləsən, indikindən üç dəfə artıq maaş ala bilərsən. Amma razılaşmadım. Dedim ki, mən kənd adamıyam. Biz tərəflərdə belə məsələlərə bir az başqa cür baxırlar. “KQB”də işləsəm, gərək sizinlə çörək kəsəndən sonra gedib əleyhinizə yazam. Qayıtdı ki, ay Yasif, sənə DTK barədə yanlış məlumat veriblər, orada hərənin öz işi var. Nəsə, gördüm ki, məndən əl çəkmirlər. Axırda qayıtdım ki, təhlükəsizlik orqanlarında bütün yazışmaları rus dilində aparırlar. Mənsə rusca bir qədər zəif bilirəm. Burada bir arayış yazanda nöqtəsini, vergülünü düzəltmək üçün başqa yoldaşlara ağız açıram. Axı, “KQB”də belə imkan olmayacaq. Çünki ora qapalı təşkilatdır. Elmira xanım görəndə ki, məni fikrimdən döndərə bilməyəcək, daha israr etmədi. Bu minvalla aradan 10 il keçdi. 1973-cü il idi. Həmin vaxt mən Azərbaycan KP MK-da işləyirdim. İsmayıllı rayon partiya komitəsinin birinci katibi barədə çoxlu neqativ materiallar daxil olurdu. Bir neçə nəfərlə məni İsmayıllı rayonuna yoxlamaya göndərdilər. Bizim hazırladığımız arayış əsasında Mərkəzi Komitənin bürosunda birinci katibi işdən azad etdilər. Elə ordaca məni İsmayıllıya birinci katib təyin etməyə qərar verdilər. Ertəsi gün işə gələndə məni MK-nın təşkilat şöbəsinin müdirinin yanına çağırdılar. Kabinetə girəndə müdirin yerində DTK sədri general Krasilnikovu gördüm. Krasilnikov mənə dedi ki, büro səni Moskvaya DTK-nın Ali Məktəbinə göndərməyə qərar verib. Etiraz etməyin mənasız olduğunu bildiyim üçün Moskvaya getməyə razılıq verdim. Beş illik proqramı iki ilə tamamlayıb, 1975-ci ilin sentyabrında DTK-da işə başladım…”

 

Onun əmək təcrübəsi çox zəngindir. Azərbaycan KP Mərkəzi Komitəsində təlimatçı da işləyib, Azərbaycan Dövlət Təhlükəsizlik Komitəsində şöbə müdiri, İdarə rəisi də, Azərbaycan KP MK-da İnzibati orqanlar şöbəsinin müdiri də olub. Azərbaycan KP MK-sinə üzv də seçilib. Zaqafqaziya Hərbi dairəsi Hərbi Şurasının üzvlərindən biri kimi general-mayor rütbəsinə layiq də görülüb. Azərbaycan Prezidenti yanında Ali Nəzarət İnspeksiyasında İnzibati orqanlar şöbəsinin müdiri, sədr müavini vəzifələrində çalışıb. 1990-cı ildə isə Azərbaycan Respublikası Ali Sovetinin deputatı da olub...

 

Dilçi alim, professor Qəzənfər Kazımov onun barəsində yazır:- “Onun bir natiq, bir vətənpərvər kimi yetişməsində çalışdığı mühitin böyük rolu olub. Həmin mühit Yasifi ləyaqətli, dünyagörüşlü, uzaqgörən bir insan kimi formalaşdırıb. Ona görə də hətta DTK-nın 5-ci şöbəsinə rəhbərlik edərkən, respublikanın yaradıcı elm, maarif, ali məktəb təşkilatlarına, mətbuata nəzarət edərkən böyük xof yaratmış bu təşkilatda qələm sahiblərinə öz səlahiyyəti daxilində daim köməklik göstərib. Müsahibə və qeydlərindən aydın olur ki, 37-ci ildə olduğu kimi, 50-60-cı illərdə də ziyalılarımızın düşmənləri öz içərilərində olub- istedadsız və böhtançılar. Bu şəkildə üstünə "millətçilik və antisovet ruhda" sözləri yapışdırılmış 17 namizədlik və doktorluq dissertasiyasını da DTK-da fəaliyyətinin ilk illərində xilas edib, xalq şairi Bəxtiyar Vahabzadə SSRİ Dövlət mükafatına təqdim edilərkən də "dostları"nın Sov.İKP MK-ya, Siyasi Büroya, DTK-ya göndərdikləri imzasız məktubların, teleqramların "millətçilik" iddialarının ləğvində əməyi az olmayıb.”

 

Bütün bunlardan əlavə Yasif Nəsirli Qarabağ Təşkilat Komitəsinin birinci müavini vəzifəsini icra edib. Qarabağ müharibə veteranıdır. Respublika "Veteran" Xeyriyyə fondunun prezidenti, Dünya azərbaycanlılarının Mədəniyyət Mərkəzinin vitse-prezidentidir. Bir çox xarici ölkə universitetlərinin fəxri doktorudur. Azərbaycan yazıçılarının hərbi vətənpərvərlik komissiyası sədrinin müavinidir. 2007-ci ildən Azərbaycan Dünyası Beynəlxalq Əlaqələr Mərkəzinin (Xarici Ölkələrlə Dostluq və Mədəni Əlaqə Cəmiyyəti) prezidentidir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2008-ci il 19 dekabr tarixli sərəncamı ilə "Əməkdar İncəsənət xadimi" Fəxri adına layiq görülüb. SSRİ-nin Fəxri çekistidir. 2008-ci ildə isə Yaponiyanın Ritsumeikan Universitetinin fəxri doktoru seçilib...

 

Yasif Nəsirlini ölkədə həm də yazıçı kimi də tanıyırlar. İndiyədək iyirmiyə yaxın kitabı işıq üzü görüb, beşdən çox əsəri ruscadan Azərbaycan dilinə tərcümə edib. "Liftdə hadisə", "Təyyarə geri dönür", "Qan qardaşları" və başqa pyeslərinin tamaşaları dəfələrlə Azərbaycan Dövlət televiziyası ilə nümayiş etdirilib...

 

Professor Qəzənfər Kazımov daha sonra yazır:- “Səksəninci illərin sonları idi. Bir məclisdə xalq şairi Bəxtiyar Vahabzadə ilə yanaşı oturmuşduq. Bir qədər aralıda isə Yasif Nəsirli bir nəfərlə söhbət edirdi. Bəxtiyar müəllim yavaşca mənə toxunub barmağı ilə Yasifi işarə edərək xəfif bir səslə dedi: Hazır birinci katibdir. Əgər olsa görün bu xalqa nə qədər xeyri dəyər!..”

 

Bəli, dekabrın 23-ü haqqında söhbət açdığım nasir, tənqidçi, publisist, tərcüməçi, fılologiya elmləri doktoru, təqaüddə olan general- mayor Yasif Nəsirlinin 86 yaşı tamam oldu. Ona möhkəm can sağlığı, ağrı-acısız günlər arzulayırıq.

 

“Ədəbiyyat və incəsənət”

(24.12.2024)

“Ədəbiyyat və incəsənət” portalının “Ədəbiyyat qəzet” ilə birgə ƏDƏBİYYATIMIZI SEVDİRƏK layihəsində bu gün sizlərə Xatirə Fərəclinin şeirləri  təqdim edilir. 

 

Şeirlər - Xatirə FƏRƏCLİ

 

 

İçərişəhər

 

İçərişəhər -

            məhdudiyyət

                        və ümid...

Bitirdim deyib nöqtə qoymaq istərkən

təzədən başladığın sevgi kimidir

            dar

                        dalanlar,

hisslər arasında qalmış kimi

            qalırsan iki divar arasında.

Təzə həyat, təzə eradır sanki

hər bitən və təzədən başlayan dalan,

çox şeyə əl yelləyib boş verməyi öyrədir,

ələklənib ələkdə qalan dostlara

oxunan fatihə kimidir

            arxada qoyduğun küçə.

Küçəyə sığmayan ürəklər görüb,

içində ürək olmayan tənlər

            bu dər-divar,

təpiklər, tapdaqlar görüb,

məhəbbətlə basılan addımlar,

meh sığalı,

            külək öpüşü,

                        günəş təbəssümü görüb

                                    bu daşlar,

soyuq sifəti ilə neçə-neçə

qar, çovğun çöküb sinəsinə.

            Kəpənək yuxulu,

köhnəlik qoxulu,

İçərişəhər, İçərişəhər...

 

 

Yanardağ

 

İçindən od alıb yanan

            Yanardağ,

Yanmağın

və bu yanğı ilə əzəmətin,

            möhtəşəmliyin.

Varlığın, fərqliliyin sönməməyində.

Yanğın ağrıdır,

yoxsa, şövq, həvəs,

kim bilir...

Bəlkə, elə

küləklərin hücumudur səni bərkidən?!

Kimin atəşinə yanırsan,

kimə görksən,

sinə gərib ruzigara

kimin inadına sönmürsən?

 

İçindən od alıb yanan

            Yanardağ.

 

 

Darıxmaq

 

Bilirsənmi,

            nədir darıxmaq?

- yaşadığın, qavradığın bir məqamın

            ayağına getmək,

özünü unutmaq,

ürəyini didmək.

Rəngi-ruhu

oturub ölümünü gözləyən qocanın

gözündən tökülən ətalət rəngində.

Bir ovuc həsrətin

bir dünya hayqırtısı,

            ölümün yarısı.

Bir az da doğmalıqdır

            darıxmaq,

                        bir misqal həzdir.

Darıxırsan,

            yaşayırsan, deməli,

itməyib dünyanın dadı.

Bu acının,

            belə həzzin

elə darıxmaqdır adı.

 

 

Söz oyununda

 

İçimə çəkilib daldalanmışam,

Dəli duyğularım öz oyununda.

Təpədən dırnağa misralanmışam

Çarpışan fikirlər söz oyununda.

 

İntizarım bilmir nə hədd, nə hüdud,

İtir, güman itir, üzülür umud,

Yüklənən kirpiklər - toqquşan bulud,

Yaşlar qıraq gedir göz oyununda.

 

Sən qutsal sandığın kimində oyun,

Aşkarında oyun, sirrində oyun,

Ömrümüz illərin əlində oyun,

Özümüz taleyin boz oyununda.

 

 

Bu sükut

 

Bu sükut nə soyuqdur,

Dondurur ruhu belə?!

Nə qədər sarmaşsa da,

İnsana yaddır elə.

 

Ünvansız vahimədir

Bir kölgə tərpənişi.

Bir sərçə uçuşunda

Ürəyin ürpənişi.

 

Az qalır uda səni,

Hünərin var, yarıb keç.

Sazağın sırsıratək

Boynundan asdınmı heç?

 

Bunun əfkarı zillət,

Dili ilan dilidir.

Niyə ölü deyiblər?

Bu sükut dipdiridir.

 

 

Anam dəniz

 

Laylamı dəniz çaldı bu gecə,

anam oldu dəniz:

            dalğa-dalğa,

                        xırçın-xırçın,

                                    həzin-həzin.

Bir başqa olur dəniz gecələr:

            nəhəng,

                        zəhmli,

                                    romantik,

yer-göy eyni rəngdə,

dənizdir sanki göy də

            qatlanıb gəlib başım üstünə,

səsi şirin,

            nəfəsi şirin,

anam dəniz

            bu gecə mənimdir

arzularım kimi,

            həsrətim kimi...

                                                             

*

Elə çox bənzərimiz var ki dənizlə;

o da havalı, mən də.

Dəlidir, dəlisovdur dəniz,

sıxılır olduğu yerdən mənim kimi,

əl-qol atır,

uzanır sahilə,

çırpır özünü ora-bura.

Dərindir, vahiməlidir dəniz,

amansızdır,

Bəzən içində basdırmağı var

içinə girənləri,

boğub lazımsız əşya kimi

sahilə tullamağı var.

Bəzən həlim, saf, məsum,

nə yükləsən, götürən

Nələri, nələri gizlədib

içinə çəkməyi var,

Etina etmir,

qımışır

ona daş atanlara,

gülür,

kimin kimə daş atmağına gülür.

Adaları

sinəsindəki dağlar

gözlərdən boy verən kədər kimi...

 

Elə çox bənzərimiz var ki dənizlə.

 

 

Qış ağacları

 

Ümidləri yaza, günəşə,

            talanıb yaşılı,

Rəngi, ruhu bomboz.

Yolub saçlarını sərxoş küləklər,

Döyür təpəsinə

            dünyanın qışının dolusu, qarı,

Pəjmürdə görkəmin düzəltmək üçün

            yağış damlasından sırğalar taxıb

                        bu çör-çöp ağaclar -

Qış ağacları...

 

 

Qar yağıb dünyaya

 

Qar yağıb dünyaya,

dünyaya qar yağıb,

hər tərəf ağappaq, tərtəmiz.

Baxır

ilk dəfə qar görən körpə,

o körpənin ruhu,

dünyası rəngdədir hər yer.

Qalsa,

qalıb çirklənəcək,

ləkələr düşəcək bu qara.

Böyüyəcək uşaq

baxa-baxa

            belə yağan, əriyən qarlara,

böyüdükcə bozaracaq,

bozaracaq dünyası,

hər dəfə naxələflik,

saxtalıq görəndə

            eybəcərləşəcək o dünya.

 

 

Ağ üzlü afət

 

Qar yağır...

sevdalı çağıdır təbiətin,

göydən yerə endirib

nazı ilə oynayır

ağ üzlü afətin.

 

Baxıram

            lopa-lopa yağan qara,

qar şələli budaqlar üstündə

ayaqları üşüyən,

bəyaz qardan günü qara quşlara.

 

Kiminə qayğı bu qar,

kiminə göz eşqidir.

Can töküb,

            canlar alan

bu bəyaz zər, bu afət

dünyanın təmiz üzü,

göylərin qız eşqidir.

 

 

Bəkləntisi bəllidir

 

Gedir

payız ilə dərdləşə-dərdləşə

ömrünü payızlara

            paylayan qoca.

Bu dünyanın günəşində isinib,

            yağışında islanıb,

sevinc görüb,

            qəm yeyib doyunca.

Sinəsi xatirələr məskəni,

bəlli edir görünüşü,

            görkəmi.

Daha

ayağı altda yer titrəmir,

əli titrəyir bu qocanın,

birtəhər hərləyir canın.

Gedir,

dəstələyib əllərində illəri,

kim bilir, nə düşünür...

Bir ömür yola verib,

bəllimi görən ona

ömür adlı bu nəsnənin sirləri?!

Sönükən gözlərində

bu dünyaya etiraz,

bəkləntisi

bəllidir,

geci-tezi var bir az.

Durub gözünə yollar

enin, uzunun ölçür,

tapdalamır xəzəli,

dönüb yanından keçir,

            uzanır yolu.

Gedir,

            gedir qüruba doğru.

 

 

Ürək şəkli çəkən qız

 

Ürəklərlə oynayıb,

ürək şəkli çəkən qız,

çəkdiyin o ürəkdə sevinc,

            səadət nə rəng?

Kövrəlməyi göstər, görüm,

            baş ürəklə,

ürək başla yollaşmasa yaman olur,

darıxmağı göstər, görüm.

Yaşantılar rəng-rəng, xal-xal,

ordan nələr ötüb keçdi, orda nə var?

Baş vurub çıxanlar kimlər,

başa çəkilən kim olub?

Neçə arzu, istəklərə

əsim-əsim əsib gedib,

hansı əzab o ürəyi

öz içindən söküb, didib?

Ürəkli qız,

ay dünyası, özü göyçək,

sən

qırmızı qələminlə

qanla yaşayan ürəyi

qan rəngində çəkirsən,

çək!

 

 

Bu duman

 

Udacaq bu duman,

            udacaq məni.

Udacaq

üstünə qonanları udan

            ingilis şehçiçəyitək.

İtəcəm, batacam bu dumanda mən.

 

Ağrı, xiffət kimi gəldi,

            fikrimdə, halımda

                        az imiş kimi,

başımın üstünü də aldı,

düşdüm bu dumanın ovcuna.

 

Bu dumanda təklik, tənhalıq xofu

sarıb sarmaladı hər yeri yenə,

Bu duman

            dünyanın gözünə enən yuxu.

 

Eyni açılmayan insan kimidir

            dilsiz, ağızsız təbiət bu gün,

                        çəkir duman yükün...

 

Həvəsi azdırıb, sozaldır burda

            belə süst, mürgülü,

belə boz duman.

            Yönsüz-yöndəmsiz,

                        tutqun, toz duman.

 

Udacaq bu duman,

udacaq məni,

İtəcəm,

batacam

bu dumanda mən...

 

“Ədəbiyyat və incəsənət”

(24.12.2024)

Çərşənbə axşamı, 24 Dekabr 2024 17:35

Gülüş klubunda alibisi olan məmur

Sərtyel, “Ədəbiyyat və incəsənət”

 

1.

Səni anan doğduğu paltarda görmək istəyirəm.

2.

-Məni poçta apara bilərsiniz?

-Bilərəm. Bəs hara yollayacam?

3.

Bu məmuru korrupsionerlikdə ittiham edirsiniz. Amma haqqına da girməyin də kişinin. O, heç vaxt ona təklif edilməyən rüşvətləri götürməyib axı.

4.

Vəzifə pillələri ilə qalxmaq ömrünü aparacaq. Ona görə də gərək lift tapasan.

5.

Pulun çatmayan arzuya xəyal deyilir.

 

@sərtyel

 

“Ədəbiyyat və incəsənət”

(24.12.2024)

Çərşənbə axşamı, 24 Dekabr 2024 17:06

PA - Planlaşdırma və Hazırlaşmaq

“Ədəbiyyat və incəsənət” portalı PORTAL AKADEMİYASInda növbəti, üçüncü abituriyent kurslarına davam edir. Həyatda necə uğur qazanmalı, hədəfi necə seçməli, hədəfə doğru necə irəliləməli, necə lider olmalı – bu sayaq suallar hər birinizi düşündürür, bilirik. Onlara PORTAL AKADEMİYASI məşğələlərinə qatılmaqla çavab tapacaqsınız. Rubrikanı millət vəkili, motivasiya spikeri, yazıçı Əlibala Məhərrəmzadə aparır.                           

 

Planlaşdırma

Qarşıya qoyulan məqsədlərə çatmaq üçün resursların optimal bölgüsü planlaşdırma adlanır ki, riyazi nöqteyi-nəzərindən bu funksiyanın əsas arqumentlərindən biri də zaman bölgüsüdür. Planlaşdırma olmadan heç bir məqsədə çatmaq, uğur əldə etmək mümkün deyil. Bu sahəni ayrıca təhqiq elədiyim üçün onun üzərində geniş dayanmalı olacağam. Amma indi yox, növbəti hissələrdən birində.

 

Hazırlaşmaq

Arzuladınız, qarşınıza məqsəd qoydunuz, planlaşdırdınız. Növbəti, dördüncü addım hazırlaşmaqdır. Bura həm məqsədinizə çatmaq üçün seçdiyiniz hədəfə aid biliklərinizi artırmaq, bol informasiya toplamaq aiddir, həm lazım olacaq maddi resursları əldə etmək, özünü lazım olan sosial-inzibati şərtlərə uyğunlaşdırmaq, bu yolda sənə yardım edə biləcək tərəfdaşları müəyyənləşdirmək lazımdır, həm də öz obrazını məqsədə doğru gedən insan obrazı ilə uyğunlaşdırmaq lazımdır.

Öncə öz vəziyyətiniz, hiss və emosiyalarınızı idarə etməyi öyrənməlisiniz. Məqsədin vizuallaşdırılması, xəyali obrazının yaradılması emosional vəziyyətlə bilavasitə bağlı olur. Məşhur deyim var, deyirlər – əgər varlı olmaq istəyirsənsə, özünü varlı hesab et, sağlam olmaq istəyirsənsə xəstəliyi və həkimləri unudaraq hər gün sağlam adam halı yarat, xoşbəxt olmaq istəyirsənsə, ol!

Heç vaxt naşükür olmayın, əlinizdə olan hər şey üçün şükür edin. Hər gün özünüzdə yaxşı əhval-ruhiyyə, optimizm, hər şeyə pozitiv münasibət yaradın. Unutmayın, yaxşı fikirlər sizə yaxşılıqlar gətirəcək, pis fikirlərsə pisliklər.

Hazırlıq mərhələsində mütləq özünəgüvən, özünəinam hisslərinizi möhkəmləndirin. Heç vaxt özünüzün qüvvənizə şübhəniz olmasın. Özünə inanmayan, öz uğuruna şübhələnən kəs bu uğuru heç zaman qazana bilməyəcək.

Məqsədə çatmaq üçün qərar qəbulunda müstəqillik şərti mütləqdir, eləcə də qətiyyət çox vacib keyfiyyətdir.

Bütün lazımi təmrinlərə əməl edib öz yetkin obrazınızı yarada bilməyiniz üçün dağıdıcı emosiyalardan (qorxu, qəzəb, nifrət, inciklik, paxıllıq və s.) qopmaq, sevməyi öyrənmək də çox vacibdir. Sevmək hissi, sevgi enerjisi insana güc və qüvvət gətirir, onu tam həyat energisi ilə təmin edir.

Özünəinam, sevgi, sevinc, ekstaz, optimizm, inam və özünü dəyərləndirə bilmək – bunlar birlikdə dərin daxili enerji yaradırlar. Amma şübhə, kədər, qorxu, narahatçılıq isə əksinə, bizi enerjidən məhrum edirlər.

Karlos Kastenada yazır: «Biz gah özümüzü güclü, gah aciz edirik və bu halın hər ikisinə də eyni qüvvə sərf edirik».

Belə isə, niyə biz öz qüvvəmizi özümüzü aciz etməyə sərf edək?

İnsanın fiziki vəziyyəti də onun hissləri və emosiyaları ilə bağlıdır. Buna görə də dik oturmaq, dik gəzmək, gülümsər çöhrəyə malik olmaq çox vacibdir.

Sağlamlıq da uğura, məqsədə çatmaq yolunda vacib faktordur. Sağlam həyat tərzi, bədən tərbiyəsi və idman, faydalı qidalar, daimi həkim müayinələri, profilaktika – bunlar zəruri təmrinlər olmalıdır.

Motivasiyaedən kitablar oxumaq, yüngül, şən musiqi dinləmək, karaoke oxumaq, rəqs etmək, deyib-gülmək, bütün bunlar sizə əlavə stimul verəcək.

Və uğurlu insan olmaq üçün, unutmayın ki, mütləq özünüzdə intuisiya formalaşdırmağı bacarmalısınız. Düşünmə qabiliyyətinizə əl gəzdirməli, tez qərar qəbul etmə xüsusiyyətinizi formalaşdırmalısınız.

İntuisiya formalaşdırmaq üçün sakitliyi dinləmək effektiv rol oynayır. Gün ərzində heç olmasa yarım saat insan özü ilə qalmalı, bu zaman daxili dialoqu dayandırmalıdır.

İntuisiya nədir? Psixoloqlar buna bəzən daxili səs, bəzən altıncı hiss deyirlər. Amma heç bir halda intuisiyanı mifik bir şey hesab etmək olmaz. Amerikalı neyropsixoloq Robert Sperri 1981-ci ildə Nobel mükafatını məhz intuisiyanın fövqəladi bir hiss olmadığını, beyinin sağ yarımkürəsinin normal funksiyası olduğunu sübut etdiyi üçün almışdır. Belə ki, o, bəyan etmişdir ki, beyinin sol yarımkürəsi məntiqə və abstrakt təfəkkürə cavab verdiyi halda beyinin sağ yarımkürəsi informasiyanı obrazlar şəklində qəbul edib araşdırma xüsusiyyətinə malikdir. Bir sözlə, intuisiya şüuraltı alternativ ağıldır, əslində o, hamıda var, ancaq kimlərdəsə inkişaf edib, kimlərdəsə yox. Demək, treninqlər vasitəsi ilə onu hər kəs gücləndirə bilər. Bəs nə cür?

 - Öz intuisiyanızla dostlaşın. İlk öncə öyrənin ki, şüuraltınız sizə hansı siqnalları göndərir;

 - İntuisiyanızın necə yarandığını öyrəndikdən sonra onu lazımi anlarda işə salmağı öyrənin;

 - İntuisiyanıza azadlıq verin, gün ərzində bir çox ağlasığmaz ehtimallar irəli sürün, get-gedə düzgün ehtimallarınız sayca xeyli artacaq;

 - Məntiq çərçivəsindən qopun, daha çox yaradıcı təxəyyülə meyl edin.

Düşünmək, analiz etmək, tez qərar qəbul edə bilmək qabiliyyətinizə isə ən müsbət təsir edə biləcək bir şey şahmat oyunu ola bilər. Xüsusən seytnot vəziyyətindəki adi şahmat, yaxud, blits-şahmat oyunu.

Şəxsən mən özüm hazırkı düşünüb dərindən analiz edə bilmək, eləcə də ani qərar verə bilmək qabiliyyətim üçün şahmat oyununa çox borcluyam.

 

Davamı var.

 

“Ədəbiyyat və incəsənət”

(24.12.2024)

 

“Ədəbiyyat və incəsənət” portalının Məşhurlarla üzbəüz rubrikasında növbəti suallar Respublikamızın əməkdar artisti, xanəndə, Prezident Mükafatçısı Fərqanə Qasımovaya ünvanlanacaq. Rubrikanı Aysel Kərim aparır.

 

-İndiki yaşınız sizə nə hiss etdirir?

 

-Mən elə bilirəm ki, mən hər zaman bu yaşda olmuşam. Keçmişi sadəcə oxuduğum kitab kimi xatırlayıram. Elə bil kiminsə bir romanını, kiminsə hekayəsini oxumuşam. Orda sadəcə özümü, öz həyatımı oxuyuram, nəinki başqasını. Əgər bu həyatı yaşamasaydım heç vaxt keçmişə baxıb “kaş bunu öncədən bilərdim” deyə bilməzdim indi. Demək ki, yaşamısan öyrənmisən. Keçmişə baxanda isə hansısa boşluğu görürsən. O boşluğu görmək üçün mütləq sən onu yaşamalısan ki, bu gün sən onu hiss edə biləsən, dərk edə biləsən. Ancaq mən heç bir zaman həyatda kaş sözünü işlətməyi sevməmişəm. Məhz ona görə ki, bu söz Allahın xoşuna gəlmir. Allah bu sözü bəyənmir. Biz Allahın bizə yaşatdıqlarını, bizə qismət etdiklərini yaşayırıq. Mən bunu belə başa düşünürəm. Əlbəttə, hətta bəzi seçimləri Allah bizim üzərimizə qoyarsa yenə də mən düşünürəm ki, biz Allahın istədiyi cür yaşayırıq. Nə qədər böyük dərdin, problemin olsa da “bunu Allah yaşatdı” deyib düşünsən rahat qəbul edə bilərsən, rahat yaşayarsan. Bu hissin adı isə kamillik olar, beləcə bu həyatdan kamilcə keçə bilərsən.

 

“Ədəbiyyat və incəsənət”

(24.12.2024)

 

Çərşənbə axşamı, 24 Dekabr 2024 16:12

Mifik realizm nədir? - ƏDƏBİYYATŞÜNASLIQ ETÜDÜ

Uraqan Abdullayev, “Ədəbiyyat və incəsənət”

 

Mifik realizm (mythic realism) termini müasir ədəbiyyat və incəsənətdə nadir hallarda rast gəlinən, lakin maraqlı bir konsepsiya kimi müzakirə edilə bilər. Bu üslub, adətən, ənənəvi miflərdən və mədəni arxetiplərdən istifadə edərək onları real dünyanın şəraitinə inteqrasiya etməklə xarakterizə olunur. 

 

Mifik realizmin xüsusiyyətləri:

1. Miflərin və folklorun elementləri: Hekayələr və ya sənət əsərləri qədim mifoloji obrazları və mövzuları gündəlik həyatın tərkib hissəsi kimi təqdim edir.

2. Simvolizmin üstünlüyü: Bu üslubda simvolizm dərin mənalar yaratmaq üçün geniş istifadə olunur. Hadisələr təkcə səthi mənada deyil, həm də daha geniş fəlsəfi və ya mədəni mənada oxunur.

3. Real və mifik dünyaların birləşməsi: Mifik realizmdə reallıq və fantastika sərhədləri bir-birinə qarışır. Lakin bu, sehrli realizmdən fərqli olaraq mifoloji məzmun üzərində qurulur.

4. Kollektiv yaddaşın izləri: Bu üslub çox vaxt mədəni və tarixi yaddaşı qorumaq, keçmişdən gələn arxetipləri müasir dildə ifadə etmək üçün istifadə olunur.

 

Mifik realizm və Sehrli realizm

"Mifik realizm" termini bəzən sehrli realizm ilə qarışdırıla bilər. Sehrli realizm daha çox gündəlik həyatın içində sehrli və fantastik hadisələrin normal qəbul edildiyi üslubdur. Halbuki mifik realizm məhz miflərin və qədim inancların təsirini real dünya ilə birləşdirir...

 

REDAKSİYADAN: Günümüzdə yaradılan ən mükəmməl mifik realizm romanı olaraq oxucularımıza bu günlərdə məşhur qırğız yazıçısı Sultan Raevin dilimizə çevrilərək XAN nəşriyyatında çap edilmiş “Dəlixana” romanını tövsiyyə edirik. 

Mütləq oxuyun! 

 

“Ədəbiyyat və incəsənət”

(24.12.2024)

“Ədəbiyyat və incəsənət” portalının Güney Azərbaycan Poeziyası Antologiyası layihəsində Təbriz təmsilçimiz Əli Çağlanın növbəti təqdim etdiyi yazar Əhərdə yaşayan Xan Sənəmdir.

 

 

Xan Sənəm

Əhər

 

 

QIRMIZI NİSSAN

 

Kitabların dili olsa da, qulağı yoxdur yəqin! Bunu, atam otağında hər gün sancıdan sızıldayarkən, heç səs duymurlar kimi durudan baxan minlər kitabı görüncə anladım. Elə saymaz, elə səssiz baxırdılar, sanki bütün qazancını onlara verən və bütün ömrünü ayaqlarına qoyan bu iniltinin yiyəsini tanımırlar. Daha o gəl-getdən, səs-küydən, qoltuqlarına qəzet vurmuş şallı-papaqlı uzun paltolu alim dostlardan da xəbər yoxdur. Hamısı ya ölüb ya tutulub ya da başqa ölkələrə köçüblər.

Atamın kitab qurdu olduğuna rəğmən üç balasının biri belə onun qədər sıx-sıx oxumağa raqib olmadı. Bəlkə də onun, yazı-pozu eşqindən özünü otaqda həbs edib bizdən və özəlliklə anamdan alması üçündür ki, istəmədən bir təhər içimizdə o kitablara qarşı nifrət yaranmışdı.

Rahat-rahat oxuyub yazsın deyə, müəllimlikdən istefa vermişdi. İki səhminə şərik olduğu fabrikdən gələn gəlirə qane olmuşdu. Deyirdi: “Enimizi də görər, boyumuzu da”.

Kişi sanki dünyanın tərkini qılmışdı. Yeyib-içdiyini içində saxlamağa qadir olsaydı o hərdəni də, kağız qoxusu divarlara hopmuş qarğınmış otaqdan çıxmazdı. Pəncərənin rəfinə belə yarıya kimi kitab qalamışdı. Onun havası da, işığı da, arvad-uşağı da o kitablar idi.

Anam daha əlindən zara gəlmişdi. Babamdan ayrılmaq istəyirdi. Əlindəki buxçanı yaxındakı alma ağacının haçasına qoydu. Ağlaya-ağlaya başına atdığı narın güllü çadrasının ətəklərini yığışdırıb, özəl tərz ilə qoltuğuna yerləşdirdi. Biləyimdən tutub ora-bura çırpa-çırpa hovuzun qırağına sürütlədi.

- Nənəsiz qalasan, indi hay-hayda buları nə cür təmizliyim?

Ağzımdan göbəyimə kimi yol çəkən böyürtkən ləkələrini deyirdi. Ağ paltarıma baxmalı deyildi. Ətəyimdən tutub yuxarı çəkərək, başımdan çıxartdığı paltarı öncə əlində topaladı, sonra o biri əlini isladıb köksümə çəkib, həmin topa ilə quruladı. Göz yaşları yanaqlarında kəhrə bağlamışdı. Yaşıl gözləri daha parlamırdı. Ayağa durub çadrasını üzülmüş belinə doladı. Deyinə-deyinə quruyan paltarları hirs ilə şəritdən yığıb astanadan içəri atdı.

Günəşin isti əlləri mərmər tənimi həvəslə tumarlayırdı. Əyilib su içməyə ağzımı şirə dayadım.

İndi “Nazim Hikmətin” şeirindən bir parçası öz səsi ilə zehnimə gəlir: “Seviyorum seni, Ekmeği tuza banıp yer gibi Geceleyin ateşler içinde uyanarak Ağzımı dayayıp musluğa su içer gibi...”

Yumruğu kürəyimin ortasında otursa da, ruhumun qatbaqatını gəzişib gələcəyimə sarı əzib dağıltmağa sarı getdi!

- Nənəsiz! Deməmişəm o cür su içməzlər?

O zərbənin ardınca başım elə silkələndi ki, üstdən qabaq dişim şirə dəyib ağzımdan atılıb hovuza düşdü. Ağlamadım; ağrımırdı; laxlayırdı zatən. Bu da o birisi kimi iki-üç günə düşəcək idi. Qan dadını ağzımda hiss eləsəm də udub ona bildirmədim. Bilsə nə olacaq ki? Bir yumruq daha yeyəcəkdim. Üzümü ona sarı döndərdim. Buxçasını ağacdan alıb, çadra qarışıq qoltuğuna vurdu. Əlində gətirdiyi təmiz paltarı əynimə çəkdi.

Yenə qolumdan tutub sürüdü.

- Yeri gedək, day bura bizim yerimiz deyil. Ev deyil ki, karvansaradı, Əli çıxır, Vəli girir; Vəli çıxır, Əli girir. Mən də onlara qaravaş olmuşam, qıvraq yeri!

Həmişəki sözlər, həmişəki oyunlar. Neçə gün sonra “Balalarım ac qaldı” deyə, sallana-sallana qayıdacaq idi. Arada dəyən mənə dəyirdi. Qolçaqlarımdan, oyuncaqlarımdan, küçə yoldaşlarımdan, üç-beş gün uzaq düşürdüm. Lap önəmlisi həyətimizin sevgisindən, görüşündən, nakam qalıb ölüşkəyirdim.

Onda kim inanardı, bu xına xınalardan olmayacaq? Elə o gediş getdik. Sanki bizi aparan o röyanın sahibi yuxudan durubmuş. Daha heç kəs anamı qaytaranmadı. Nə atamı, qardaşlarımı dinlədi, nə bircə ağ saqqalı, ağ birçəyi. Atam da acığa düşüb “Boşamıram” dedi.

Davalarını verib qarşısında əyləşirəm. Pərişanlığı çiyinlərini bürüyən ağarmış saçlarına toxunuram. Dinib danışmır. Damarları zol durmuş, ağ-apağ, zəif və qoca əllərindən tuturam.

- Baba! Anam orda can çəkişir, sən də burda belə xəstə düşübsən. Gəlin inadı buraxın bahəm yaşıyaq. İyirmi il oldu! Bəs deyil? Onun dava-dərmanına kürür-kürür pul ehtiyacdı. Hanı o karxanadar dostların, tanışların? Hanı səhmin var idi? Gəlirin onlardan idi?

Di gətir daaa... Mən day tək canıma yetirə bilmirəm. Sərətandı (Xərçəng xəstəliyi); şuxluq deyil ki. Mənim aylığın həmin iki nəfərin qarının doyura. Sən ki müəllimliyi yaxcı bilirsən. Sevinirəm qardaşlarım xaricdə ticarətə baxır. Qadam onların ticarətinə. Genə evlənməmişdən beş-üç qıran yollardılar. Altı-yeddi ildi onu da kəsiblər. Allah balalarından çəkdirəcək.

Heç bilmirdim kimə danışıram. O yallı-yalmanlı Nəsrulla Xandan bir quru ad qalmışdı, bir də xəstə nəfəs. Mən bilən qədər kitablarda heç zaman ailənizə qarşı bu qədər acımasız davranın deyə bir sözlər yazılmayıbdır. Atam bunu haradan öyrənmişdi, necə bacarırdı? Bilmirəm! Əllərindən öpüb, çantamı götürdüm.

- Baba, qurbanın olum, day mən getməliyəm. Yadınnan çıxmasın ha, yatanda bu çəhrayı davanı hətmən at. Sabah genə baş vuracıyam.

Həyətdəki güllərin, ağacların bir çoxu atamın və əlbəttə ki anamın oduna yanıb qurumuşdular. Bu illərdə çəkdiyim əziyyətlərin ucbatından onların bu məzlum hallarını düşünməyəcək qədər sərt, ruhsuz və başı soyuq olmuşdum. Tək düşündüyüm şey əvvəl anamın sağlığını qaytarmaq, sonra onu atam ilə barışdırmaq idi...

Sinifdən çıxdım. Uşaqların başıma düşən səs-küyündən sərsəm olmuşdum. Elə ki, iş yoldaşlarımdan biri öncədən danışdığımız elçilik mövzusuna toxunar-toxunmaz, yazığı toparlayıb dik-dik cavablar dedim. Baxa-baxa donub qaldı. Dalıma baxmadan müəllimlər otağının qapısını çırpıb mədrəsədən çıxdım.

- Görür ha min bir fikrim, dərdim, qayğım var; hələ genə o qarnı yekə qardaşın gözümə soxur. Neylim vəkildir. Dədəmin dərdinə ki! Mənə indi cərrah doktor ehtiyacdı. Anamı qurtara bilən bir möcüzə.

Bunları xiyabanda yeriyərkən qəzəbdən dilaltı deyirdim. İlk gördüyüm taksiyə əl sallayıb saxlatdım. Minərkən də dizimi qapısının kəskin bir yerinə çırpdım. Çox acıyırdı. Getdiyim ünvanı sürücüyə deyib başımı şüşəyə dayadım. Gözlərimi yumdum...

Dizimdəki yaranın göynərtisindən zar-zar zarıyırdım. On üç yaşlı Mustafa saçlarımı tumarlayır öpür; göz yaşlarımı silir; on beşini yeni bitirmiş Məhəmməd isə qıçımın yarasını bağlayır. Armud ağacından armud dərərkən düşmüşəm. Anam hovuz başında ovuşdurduğu paltarların ərovunu (Sabun və ya hansısa bir təmizləyici maddədən suya çəkilməmiş paltarda qalan) alıb suya çəkir. Hər dəfə də paltarları şəritə asdıqca üçümüzü də qatıb qabağına vur hay deyinir. Atam bir əlində çubuq, pencəyi çiynində, yarısı kitab ilə aşağıdan yuxarıya pərdələnmiş pəncərədən bizə baxıb nələrsə yazır...

Taksi dayanır. Dediyim yerə çatmışıq. Orası həsrətlərimin gen-geniş və arzularımın dar və qaranlıq küçəsi idi. Kirayəni hesablayıb təşəkkür eləyərək enirəm. Uzaqdan atamı görürəm. Qapıda qırmızı bir Nissan dayanıb. Maraqlı-maraqlı addımlarımın sürətinə artırıram. Mən çatınca maşın gedir.

- Salam baba, nolub?

Əlimə iki qatlanmış xırda kağız verir. Mən soruşmağa hən-hün eləyincə, çoxdandır duymadığım xəstə səsini qulaqlarıma yayır:

- Maman üçün nə lazımdı gör!

Kağızın qatını açıb baxıram. “Dər vəche aqaye Nəsrollah Zərrin, babəte xəride hezar o həştsəd celd ketab...” (Farscadır: Min səkkiz yüz kitab alınmasına görə Cənab Nəsrullah Zərrin adına.)

 

 

“Ədəbiyyat və incəsənət”

(24.12.2024)

 

Çərşənbə axşamı, 24 Dekabr 2024 15:05

Daha yaşamaq necə olur... - REKVİYEM

“Ədəbiyyat və incəsənət” portalı yazar Rəfail Tağızadənin yazısını təqdim edir. 

 

Şair, rəssam, gözəl dost Adil Mirseyidin növbəti onsuz keçən doğum gününü qeyd etdik!

Ruhun şad olsun, əziz dost!

 

Elə insanlar var ki, onlar dünyaya ancaq duyulmaq, anlamaq və yaratmaq üşün gəlirlər. Onlardan çox şey ummaq, tələb etmək olmaz. Onların missiyaları tam başqadı. 

Seçilmişlər bəşəriyyətə, cəmiyyətə, topluma xeyir vermək üçün göndərilənlərdir. Öyrənmək, öyrətmək, əksəriyyətin bacarmadıqlarını vermək üçün gələnlərdir.  

Bu insanlar, adətən, zamanında başa düşülmürlər. Çünki onlar zamandan çox qabaqdadırlar.

Onlardan sonra bir boşluq yaranır.

Ədəbiyyata, poeziyaya, incəsənətə, mədəniyyətə son dərəcə həssas olan, sözə böyük önəm verən Adil Mirseyid də belə insanlardan idi. 

Adil fərqliliyi ilə gözəl idi. 

Qələbəliyi sevməzdi. Qələbəlikdən qaçardı. Tənhalığı sevərdi. Bəzən adamlardan çox ağaclarla, quşlarla, dənizlə danışardı. Və bir də içindəki məniylə. 

Bildiklərini öyrətməyə, yardımçı olmağa çalışardı. 

Dostları üçün ərk elədiyi bütün qapıları döyərdi. Özü üçün kimsənin yanına getməzdi. İşlə bağlı dəvət aldığı yerlərə gedəndə elə ilk görüşdən bütün ideyalarını verərdi. Sonra onu çağırmayanda özünü pis təsir edirdi. O, hamını özü kimi qəbul edirdi. Pisliyi bacarmazdı. Xoşlamadığı, sevmədiyi adamdan sakitcə aralanardı. Ya da onu gördükdə yanından sakitcə ötüb keçərdi. Bir daha ona dönməzdi. Bəlkə, hansısa çox vacib məcburiyyət olaydı. Onda da çox könülsüz. Ötəri.

Adildə küsmək, tərk etmək var idi. Mən Adili duyurdum. Anlayırdım. Onu olduğu kimi qəbul edirdim. 

Adil onu ağrıdan, incidən nə vardısa hamısını mənimlə bölüşərdi. Edilənləri. Etmək istədiklərini. Məcburən etdiklərini. Və onların mənəvi, daxili acısını da. Bölüşüb bir az rahatlanardı. Onu boğan, ona əzab verən o ağır yükü üstündən, içindən atıb yüngülləşirmiş kimi.

Adil olan məclisdə söhbət nədən gedir getsin, söhbətin məcrası sonda poeziyaya yönələrdi. Dostlarının şeirlərinə mütləq fikir bildirərdi. Və hamı da Adilin fikri ilə razılaşardı. 

“Axşam şeir yazmışam. Oxuyum, bir sən də qulaq as”, − deyərdi, ikilikdə olanda. 

Adil yazıya bir anlıq göz gəzdirib qiymət verərdi. Elə sənət əsərlərinə də. 

Tədbirlərə nadir hallarda qatılardı. Bir də gördün zəng eləyib: “Yarım saatdan sonra filan yerdə olacam. Bir görüşək”, -deyərdi. Görüşəndə, “Axı sən tədbirdə olmalıydın?” sualına başını tərpədib: “Mənlik deyil”, − söyləyərək tez başqa mövzuya keçərdi. Hiss edərdim ki, tədbirdə ya kiminsə olacağını bilib getməyib, ya da darıxıb çıxıb. 

Adil əsl esseist idi. Onun şeirləri kimi esseləri də seçilirdi. 

Son vaxtlar yaşayanlardan − həyatda olanlardan esse yazmırdı. Ancaq dünyasını dəyişənlərdən yazırdı. Bunun da səbəbi vardı. “Onlar dedi-qodu etmirlər. Yazı niyə getmədi, gecikdi və s. demirlər”, − söyləyərdi. 

Bəzən o qənaətə gəlirsən ki, ölülər dirilərdən daha ağıllıdılar. Heç olmasa dinmirlər.

Adilin şeirlərini, poemalarını “Azərbaycan”, “Ulduz” jurnallarına adətən mən təqdim edərdim. Şeirlərini diskə köçürüb gətirərdi ki, özününkü ilə birlikdə bunu da verərsən. Redaksiyada dostlar da artıq öyrəşmişdilər. Mən yazı gətirəndə “Adilin də yazısını gətirmisən?”, − soruşardılar. “Birinci Adilin yazısını verin” ifadəmə də adət etmişdilər. 

                                                        

* * *

Yuxuda məndən “Şairlərdən kimləri görürsən? Çayxanaya gedirsənmi?” - sordun. 

“Yox, artıq sənsiz ləzzəti qaçmış çayxanalara getmirəm, şairləri də hərdən Yazıçılar Birliyinə gedəndə görürəm, ya da tədbirlərdə” − söylədim.”

Bir də “Oralarda nə yeniliklər var?” − dedin.

Gözümü gözündən çəkib, ah çəkəndən sonra: “Səndən sonra qumru quşları da bağlardan perik düşüblər, mənimtək. Daha çayxanalarda müzakirələr, dinləmələr də səngiyib. Daha dostlar da az-az görüşürlər”, - dedim. 

Çıxıb getdin. Sanki bunları bilməyə gəlmişdin.

 

 Payızın xəzanını, yağışlı havasını sevən, yağışa hərdən başını qaldırıb salam verirmiş kimi baxan, sonra eynəyini silib asta addımlarla addımlayıb, arabir dayanıb ağaclara baxan; ayaq saxlayıb, çönüb nələrisə danışan, sevgilisinin sevinc göz yaşlarında islanmaqdan ləzzət alantək sevinən adam yoxdu bu şəhərdə. Hava da, yağış da artıq sevgilisini itirmiş kimidir...

 Budağından qopub yeri məkan seçən yarpağa bu məqamda həm şair, həm rəssam kimi baxan, bir tutarlı ifadə ilə fikrini bildirən, yeni yanaşma, bənzətmə verən; son vaxtlar geydiyi, heç vaxt, hətta ən soyuq havada da yaxasını düymələmədiyi qara paltosunun boynunu qaldırıb, ağ-qara şərfini boğazına bir az da möhkəm sarıyıb uclarını sinəsinə buraxan, idman papağını alnına kimi dartaraq, sanki özü kimi tüstülənən papirosdan istədiyi ləzzəti alırmış kimi sümürüb; yaddaşının alt qatından, ya da yeni düşüncəsindən bir fikri söyləyəcək adam görsənmir mənimçün süsləşmiş bu bağlarda, parklarda... 

Həmişə sənin ad gününü ayrıca qeyd edərdik. İkilikdə. Sənsiz ilk ad günün də elə oldu. Özünü rahat hiss etdiyin o yerlərin birində oturduq. Xatirələrin qoynunda. O gün ancaq sən danışdın, arada, “Mənə çayı az süz”, − deyərək. Həmişəkindən daha çox dinləmək istədim səni. “Səsin üçün çox darıxmışdım”, − dedim sənə. 

Sən mənim yaddaşımda sonuncu kitabının təqdimatında çəkdirdiyimiz şəkildə olduğun kimi qaldın. Sanki nələri isə demək üçün şəkilin çəkilib qurtarmasını gözləyirsən. Hərəkətli, canlı... (Sən xəstə olanda səni təxminən hər gün ziyarət etsəm də, səninlə şəkil çəkdirmədim. İstəmədim...)

“ölümün xeyrinə işləyir saat” − dediyin o son gecədən bir il ötdü. Bu bir ildə sənsiz olmadıq. Hər zaman sən bizimlə oldun. Yanımızda oldun. Düşüncəmizdə oldun... 

Azərbaycan şeirində xırda hərflərlə başlanan, nöqtəsiz, vergülsüz; içərisində rəssamlıq, müxtəlif ədəbi cəryanların elementlərini, xarici dillərdə olan sitatları görəndə, avanqard poeziyadan söhbət gedəndə mütləq və mütləq Adil Mirseyid xatırlanacaq. 

Yada salınacaq. 

Anılacaq.

Daha yaşamaq necə olur...

 

“Ədəbiyyat və incəsənət”

(24.12.2024)

Rubrikanı Könül aparır. 

 

“Ədəbiyyat və incəsənət” portalının Azərbaycan Milli Kulinariya Assosiasiyası ilə birgə layihəsində sizlərə hər dəfə İrəvan mətbəxindən nümunələr təqdim edirik. Bu nümunələr Azərbaycanın bu sahə üzrə tanınmış mütəxəssisi, əməkdar mədəniyyət işçisi, tarix üzrə fəlsəfə doktoru, kulinar Tahir Əmiraslanovun gərgin əməyi nəticəsində ortaya çıxmışdır. 

 

Bu gün sizlərə Narinc (portağal) dolmasının 

hazırlanma qaydasını təqdim edəcəyik. 

Nuş olsun!

 

DÜSTUR 

§ Qoyun əti – 117 qr

§ Quyruq – 20 qr

§ Narınc – 80 qr

§ Soğan – 17 qr

§ Kərə yağı – 20 qr

§ Badam – 10 qr

§ Albuxara – 10 qr

§ Ərik qurusu – 10 qr

§ Yumru düyü – 25 qr

§ Mərzə qurusu – 3 qr

§ Sarıkök – 0,1 qr

§ Darçın – 0,1 qr

§ Duz – 4 qr

§ İstiot – 0,05 qr

Xörək əlavəsi:

§ meyvə turşuları (məti) – 25 qr

 

HAZIRLANMASI:

Qiymə hazırlanır, qovrulur. Narınc tam ortadan bölünür, şirəsi əllə və ya şirəçəkən maşınla çıxarılır. Qiyməni bişməyə qoyduqda su əvəzinə narınc şirəsi qiyməyə vurulur. Qiymə yağa düşənə yaxın qalan ərzaqlar və ədviyyatlar vurulur. Narıncın əvvəl- cədən ayrılmış qabıqlarının içinə hazır qiymə doldurulur. Üstündən kərə yağı, mərzə, darçın vurulur və sobaya bişməyə qoyulur. 180-200°C-də 20-25 dəqiqə bişirilir. Yanında meyvə turşuları (məti) verilir.

 

“Ədəbiyyat və incəsənət”

(24.12.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.