İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Mixaylo!
Uşaqların oxşamaq istədikləri qəhrəman. 2-ci dünya müharibəsində Balkanlarda faşistlərə qarşı partizan hərəkatının öncülü...
Bu gün anadan olmasının 107-ci ildönümüdür, yəqin ki 60 saylı məktəbin qarşısındakı abidəsini bu gün ziyarət edənlər çox olacaq.
Mehdi Hüseynzadə 22 dekabr 1918-ci il tarixdə Bakının Novxanı kəndində anadan olub. Mehdi Hüseynzadə 1925-ci ildə yazıçı Süleyman Sani Axundovun direktoru olduğu və sonradan 19 nömrəli Orta Məktəb adlanan 77 nömrəli natamam (7 illik) orta məktəbə daxil olub.1936-cı ildə buranı bitirib.
Onun diplom işinin mövzusu Qırmızı Ordu əsgərlərinin həyatı barədə olub və o, bu rəsmini "Qırmızı Ordu əsgərləri düşərgələrdə" adlandırıb. Məktəbi bitirdikdən sonra Mehdi Suraxanı qəsəbəsində ibtidai məktəblərdən birinə müəllim kimi göndərilib. O, burada bir neçə ay işləyib. Bununla yanaşı, o, Abbas Səhhət adına kitabxanada oxu zalının rəhbəri kimi də işləyib.
1941-ci ilin 22 iyun tarixində Almaniya müharibə elan etmədən SSRİ-yə hücum edib. Mehdi Hüseynzadənin ailəsi müharibə elanından Şüvəlandakı bağlarında xəbər tutub. Kiçik bacısı Hürriyət xanım Əzizbəyovanın xatirələrində deyilir ki, bibisi qardaşı oğlunu bağda qalmağa inandırmağa çalışıb. Mehdi isə onun çiyinlərini qucaqlayaraq deyib:
"Mən bağda qala bilmərəm. Birdən, mənə hərbi komissarlıqdan çağırış gələr və mən isə evdə olmaram. Mən Komsomol üzvüyəm. Mənim vəzifəm Vətəni müdafiə etməkdir."
Bundan sonra, o, hərbi çağırışı gözləmək üçün şəhərə gedib. Artıq 9 avqust tarixində vətənsevər Mehdi Hüseynzadə hərbi xidmətə gedib. Qırmızı Ordu sıralarında olarkən K(b)P-ə qoşulub.
Tiflis hərbi-piyada məktəbini bitirdikdən sonra 1942-ci ildə Mehdi Hüseynzadəni cəhbəyə göndəriblər. Bu dövrdə şiddətli döyüşlər gedib. Minaatanlar taqımının komandiri vəzifəsində o, Stalinqrad döyüşündə iştirak edib.
Partizan "Mixaylo"
1944-cü ilin əvvəlində Mehdi Hüseynzadə bir qrup yoldaşları ilə İtaliyadakı düşərgədən qaçıb və Yuqoslaviya Xalq Azadlıq Ordusunun Sloven Sahilyanı 9-cu korpusunda fəaliyyət göstərən partizanlara qoşulub. Burada azərbaycanlılardan ibarət İvan Qradnik adına üçüncü Sloveniya xalq-azadlıq briqadası dördüncü batalyonunun rus rotası yaradılıb. Rotanın komandiri Cavad Həkimli, komissarı Mehdi Hüseynzadə olub
Rota Aydovşçina şəhərindən şimal istiqamətində Angel dağı ətəyində yerləşən Otliça kəndində məskən salıb. Bu zamandan başlayaraq, Mehdi Hüseynzadə ərazidəki partizan hərəkatının "Mixaylo" ləqəbli fəal iştirakçısı olub. Sloveniya partizanı, hərbi tarixçi Stanko Petelin onu bütün doqquzuncu korpusdakı "Ən yaxşı diversantlardan biri" adlandırıb. Partizan Məhər Məmmədov öz xatirələrində yazıb:
"Bu, 1944-cü ilin əvvəlində olmuşdu. Almanlar, yerli əhali və əsirlər o zaman bizə o qədər yaxşı tanış olmayan Mixaylo adını tez-tez çəkirdilər. O zaman bu, bizim üçün sirr idi. Amma tezliklə hər şey aydınlaşdı. Biz Mixaylo ilə əl-ələ faşistlərlə mübarizə aparmaq şərəfinə nail olduq."
Mehdi Hüseynzadə 1944-cü ilin 2 noyabr tarixində vəfat edib.
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(22.12.2025)


