İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Adətən belə böyük səs tembrinə malik olanlara deyirlər, ya Qarabağlıdır, ya Şirvanlı. O isə Cəlilabadda doğulmuşdu. Konsert salonları, teatr zalları onun hər çıxışını alqışlarla qarşılayırdı. O, keyfiyyətli musiqi ortaya qoyur, bu sənətə hədsiz hörmət və ehtiram bəsləyirdi…
Bu gün anım günüdür.
Vəfatının 5-ci ildönümüdür.
Sabir Əliyev 13 fevral 1948-ci ildə Cəlilabad rayonunda anadan olub.1967–1972-ci illərdə A.Zeynallı adına Bakı Musiqi texnikumunun muğam şöbəsində, 1981–1986-cı illərdə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunda təhsil alıb. 1968-ci ildə tələbə ikən Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrına dəvət edilib və 50 ildən artıq bu teatrın muğam bölməsinin solisti olub.
Teatrda çalışdığı illər ərzində muğam bölməsinin tamaşalarında bir çox yadda qalan obrazlar — "Leyli və Məcnun"da (İbn Səlam, Zeyd, Şeyx), "Koroğlu"da (Vəli, Nadir), "Vaqif"də (Xanəndə, Züvvar), "Şah İsmayıl"da (Çapqınçı), "Əsli və Kərəm"də (Sofi, Osmanlı), "Aşıq Qərib"də (Aşıq Vəli, Şahvələd), "Gəlin qayası"nda (Əmioğlu, Şeyx), "Natəvan"da (Aşıq), "Sevil"də (Azançı) rolları yaradıb.
S. Əliyev müxtəlif səhnələrdə, radio və telekanallarda, Türkiyə, BƏƏ, Rusiya, Fransa, İsveçrə, İran, Misir, Nigeriya və b. ölkələrdə qastrol səfərlərində olub və böyük uğurla çıxış edib. Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərinə görə 16 sentyabr 2005-ci ildə "Azərbaycan Respublikasının Əməkdar artisti" fəxri adına, 15 sentyabr 2017-ci ildə isə "Azərbaycan Respublikasının Xalq artisti" fəxri adına layiq görülüb
Sabir Əliyev 22 dekabr 2020-ci ildə Bakı şəhərində vəfat edib.
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(22.12.2025)


