“Biri ikisində” Marina Svetayevanın şeirləri ilə Featured

“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə Biri ikisində layihəsində bu gün sizlərə Marina Svetayevanın şeirləri təqdim edilir. Rus dilindən şeirləri tərcümə edən Məhəmməd Nuridir.

 

 

PSİXEYA

 

Fırıldaqçı deyiləm, evimə gəlmişəm mən,

qulluqçu da deyiləm, gəlməmişəm çörəkçün.

Mən sənin ehtirasın, bazar günü əyləncən,

sənin yeddinci günün, sənin yeddinci göyün.

 

Orada – Yer üzündə qəpik verərək mənə

dəyirman daşlarını asırdılar boynumdan.

Sevdiciyim! Nə əcəb tanış gəlmirəm sənə?

Mən sənin qaranquşun – mən sənin Psixeyan!

aprel 1918

 

 

QISQANCLIQ CƏHDİ

 

Necə gedir həyat başqa qadınla?

Sahil xətti boyu avar çəkərək

çoxmu tez alındı məni unutmaq?

Çoxmu asan gəldi məni tərk etmək?

 

Mən bir əsrarəngiz, üzən adaydım,

yerim göylər idi, nəinki dəniz!

Ey ruhlar! Siz bacı olmalıydınız,

sevgili olmalı deyildiniz siz.

 

Necə gedir həyat adi qadınla?

Tanrısız qadınla yaşamaq asan?

Necə gedir həyat salandan sonra

şanlı məlikəni uca taxtından?

 

Necə gedir həyat, çabalayırsız?

Sarılıb yatırsız, durursuz necə?

Ölümsüz şitliyin rüsumunu siz

ay yazıq, necə bəs verirsiz, necə?

 

Daha öz yolumla gedəcəyəm mən,

bəs edər özümü kəsib-biçdiyim!

Necədir həyat o yoldan ötənlə?

Necədir, ey mənim sevib-seçdiyim?!

 

Sizə xas, tezbazar o yeməklərdən

bezsəniz, deyinmək yerinə düşməz...

Necə gedir həyat bir surət ilə,

Ey Sina dağını tapdalayan kəs!

 

Necə gedir həyat o yad qadınla?

Gəlirmi xoşunuz qabırğasından?

Xəcalət qırmancı alnınızdan heç

Zevsin cilovutək tökürmü tər, qan?

 

Necə gedir həyat? Sağalmısınız?

Alınır? Gəlirmi nəğmələr dilə?

Ay yazıq, bəs necə keçinirsiniz

ölümsüz vicdanın xorası ilə?

 

Bazar malı ilə necədir həyat?

Yoxsa çox ağırdır vergi şərtləri?

Necədir həyat o gips tozuyla?

Heç yada düşürmü karrar mərməri?

 

Bu mərmər möhkəm və sal qayalardan

yonulmuş büt idi, sındı büsbütün!

Yüz mininci ilə necədir həyat

Liliti tanımış bir kişi üçün?

 

Bazar yeniliyi doydurur sizi?

Mənim sehrim gəlir sizinçün boyat?

Maraqlı gəlirmi dünyaya bağlı,

altıncı hissiz o qadınla həyat?

 

İndi peşmansınız, ya xoşbəxtsiniz?

Yoxsa yorur sizi o dayaz çökək?

Necədir, istəklim, həyat, ağırmı

mənə başqasıyla ağır olantək?

19 noyabr 1924

 

 

YOLÇU

 

Gedirsən, ey mənə bənzər,

gözünü dikərək yerə.

Mən də dikərdim gözümü!

Ey yolçu, dayan bir kərə!

 

Qaymaqçiçəyindən topla,

dəstə bağla lalələrdən.

Oxu, Marinaymış adım,

neçə yaşım varmış, öyrən.

 

Düşünmə, bura məzardır,

çıxıb sənə gələm hədə...

Gülməyi çox sevərdim mən

gülüş yasaq olan vədə!

 

Uçuşardı qıvrımlarım,

yanağımdan damardı qan...

Mən də var idim, ey yolçu!

Ey yolçu, bir gözlə, dayan!

 

Vəhşi saplaq dər özünə –

üstündə giləmeyvə çox.

Qəbristan çiyələyindən

irisi yox, şirini yox.

 

Başını salma sinənə,

nədir bu kədərli sükut?

Məni çox asanca düşün,

çox asanca məni unut.

 

Şüa işıq salır sənə!

Qızıldan toza batmısan...

Torpaq altdan gələn səsim

incitməsin səni bir an.

3 may 1913

 

***

 

Mənim şeirlərim çox tez yazıldı,

bilmirdim şairəm hələ onda mən.

Qopdu fəvvarədən damcılar kimi,

püskürdü qığılcım təki raketdən.

 

Yuxulu, buxurlu ibadətgaha

doluşdu balaca şeytanlar kimi.

Gənclikdən, ölümdən yazdım onları –

heç kim oxumadı şeirlərimi.

 

Tozlu dükanlarda atılıb qaldı,

kimsə heç soruşmur, tapmır yerini.

Mənim şeirlərim baha şərabtək

çox sonra tapacaq öz dəyərini.

13 may 1913

 

 

REKVİYEM

 

Bu ağzı gen girdaba yıxılaraq məhv olub

adamlar neçə-neçə.

Gün gələr, Yer üzündən yoxa çıxaram mən də,

itib dönərəm heçə.

 

O şeylər ki oxuyar, o şeylər ki savaşar,

o şeylər ki işıldar, o şeylər ki qırılar,

hamısı donub qalar:

Səsimin incəliyi, gözlərimin yaşılı,

saçlarımın qızılı.

 

Gündəlik ruzisiylə, unudulan günlərlə

bu həyat edər davam.

Təkcə bu yadda qalar, səmanın altında mən

sanki heç olmamışam.

 

Tez yanıb, tez də sönən,

hər üz ifadəsində uşaqtək dəyişkən mən.

Odunların sobada

yanıb külə döndüyü saatları sevən mən.

 

Violonçel səsini, meşədə atlıları,

kənddə kilsə zəngini sevənlərdən biri mən.

Mehriban torpaq altda

həqiqi mən, diri mən.

 

Ölçü tanımayan mən sizlərə səslənirəm,

yad, ya doğma, nə fərqi?

Sizdən özümə qarşı inam umuram, inam,

inam, bir az da sevgi.

 

Həm “hə”nin, həm də “yox”un həqiqəti naminə,

yazılı və şifahi, həm gündüz, həm də gecə.

Çünki ürəyim tez-tez kədərlərə qərq olur,

yaşımsa iyirmicə.

 

Çünki inciklikləri bağışlamaq mənimçün

təxirəsalınmazdır.

Bütün zərifliyimin,

bu məğrur görkəmimin qarşısı alınmazdır.

 

Sürətli olayların tezliyinin naminə,

həqiqətçün, oyunçün.

Dinləyin! Qulaq asın! Məni bir az da sevin,

öləcəyəm, bununçün.

8 dekabr 1913

 

 

NƏNƏMƏ

 

Uzunsov, sərt oval sifət,

geniş qollu qara geyim...

Gənc nənə, o təkəbbürlü

dodağınızdan öpdü kim?

 

Sarayın salonlarında

Şopen valsı çalan əllər.

Buz çöhrənin yanlarında

spirala dönən tellər.

 

Tünd, sərrast, tələbkar baxış

müdafiə üçün hazır.

Gənc nənə, kimsiniz belə?

Gənc qadınlar belə baxmır.

 

Neçə mümkün apardınız,

neçə-neçə mümkünsüzü?

Yer adlı ac uçuruma

20 yaşlı polyak qızı!

 

Gün günahsız, yel təzəydi

qara ulduzlar sönən an.

Ay nənə, sizdənmi gəlir

qəlbimdəki bu sərt üsyan?

4 sentyabr 1914

 

***

 

Mən həqiqəti bilirəm! Bütün həqiqətləri sil!

Torpaq üstə insanların savaşması boşdur, hədər.

Bir baxsanız a, axşamdır, bir azdan gecə düşəcək,

Nə deyirsiniz, şairlər, sevgililər, sərkərdələr?

 

Külək bürüyür hər yanı, Yer üzü şehə qərq olur,

səmadakı bu ulduzlu boran da donar, çox keçməz.

Çox keçməz ki, torpaq altda yatarıq biz hər birimiz –

torpaq üstə bir-birini yatmağa qoymayan hər kəs.

3 oktyabr 1915

 

 

YUXUSUZ

 

Bax, yenə bir pəncərə,

yatmırlar gecə-gecə.

Şərab içirlər, ya da

oturublar eləcə.

Ya da ki iki nəfər

əl-ələ tutuşublar.

Bütün evlərdə, dostum,

belə bir pəncərə var.

 

Hicran, vüsal naləsi –

ey gecə pəncərəsi!

Bəlkə də, yüz şam yanır,

bəlkə, yanır üçcəsi...

Narahatam, beynimə

yüz qara fikir dolub.

Bax, mənim evimdə də

beləsi peyda olub.

 

Dua elə, can dostum,

yuxusu qaçan evçün!

Tənha pəncərəsindən

o işıq saçan evçün!

23 dekabr 1916

 

***

 

Hamıya öz şeirimi, eşitməmi verdiyim

dünyaya bir də gəlsəm, lal və kar kimi gəlim.

 

Onsuz da anlamıram onların dediyini.

Onsuz da dediyimi dərk edə bilmir heç kim.

 

Allah göstərməsin ki, Korinna kimi gəlib

bu ölkəni yurd edim –

insanları buzundan, buzu da qayasından

sərt olan bu ölkəni.

 

Lal və kar kimi gəlim, saçlarımın hörüyü

uzanıb yerə dəysin, tanımasın qoy məni!

7 aprel 1920

 

***

 

Tanrı sizə yar olsun!

Qoyun olun!

Dəstə-dəstə, sürü-sürü yeriyin,

hədəfiniz, düşüncəniz olmadan,

ya Hitlerin, ya da Stalinin ardınca.

 

Göstərin sərələnmiş bədənlərinizlə

ya ulduzu, ya da svastika qarmaqlarını.

23 iyun 1934

 

“Ədəbiyyat və incəsənət”

(22.12.2025)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.