Super User

Super User

"Ulduz" dərgisinin və "Xalq qəzeti"nin ortaq layihəsi olan "Ulduz"lu görüşlər" davam edir. 

 

“Ədəbiyyat və incəsənət” portalına “Ulduz” jurnalından verilən məlumata görə, Xalq qəzeti TV-nin informasiya dəstəyi ilə gerçəkləşən layihənin ilk görüşü Azərbaycan Dövlət Pedaqoji Universitetinin professor, tələbə, müəllim heyəti ilə keçirilib.  Növbəti görüş Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində fəaliyyət  göstərən Maliyə İqtisad Kollecində reallaşıb. 

Görüşdə "Ulduz" jurnalının baş redaktoru, Əməkdar jurnalist, şair Qulu Ağsəs, baş redaktor müavini, yazıçı Təranə Vahid, şöbə redaktorları şair Dayandur Sevgin və Taleh Mansur, eləcə də Azərbaycan Yazıçılar Birliyinin Mətbuat xidmətinin rəhbəri, şair Xəyal Rza iştirak ediblər. İlk öncə qonaqları  təhsil ocağının  direktoru, h.f.d dosent Davud Davudov qəbul edib. Səmimi söhbətdən sonra kollecin akt zalında görüşün əsas hissəsi baş tutub. 

Kollecin direktor müavini t.f.d Murad Muradov görüşü  açaraq, qonaqları 90 illik tarixə malik təhsil ocağında görməkdən məmnunluğunu dilə gətirdi. Görüş zamanı Qulu Ağsəs, Xəyal Rza, Dayandur Sevgin və Taleh Mansur öz fikirlərini bölüşdülər, şeirlərini səsləndirdilər. Yazıçı Təranə Vahid tələbələrə öz tövsiyə  və məsləhətlərini verdi, onları maraqlandıran sualları cavabladı. Səmimi ortamda keçən görüşün sonunda tələbələrə "Ulduz" jurnalının müxtəlif sayları hədiyyə edildi, xatirə fotosu çəkildi. "Ulduz"lu görüşlər" yeni ildə,  yeni ünvanlarda keçiriləcək.

 

“Ədəbiyyat və incəsənət”

(23.12.2024)

İmran Verdiyev, Azərbaycan Respublikasının Əməkdar müəllimi, “Ədəbiyyat və incəsənət” portalının Oğuz təmsilçisi

 

 

 Oğuz Rayonunun Mərkəzi Xəstəxanasının akt zalında Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, "Qızıl qələm" mükafatı laureatı, Prezident təqaüdçüsü, "Oğuz yurdu" qəzetinin baş redaktoru Nazim Hüseynlinin oğuzlu həkimlərə həsr olunmuş, "Oğuzlu həkimlər- sağlamlığın sayıq keşikçiləri" kitabının təqdimatı oldu.

 

Məşhur rus yazıçısı, həkim A.P.Çexov həkimlik sənəti haqqında demişdir: "Həkimlik sənəti qəhrəmanlıqdır, hünər deməkdir. Bu peşə adamdan fədakarlıq, pak niyyət tələb edir. Hər kəs buna qadir ola bilməz. Bunun üçün həkimin fikri aydın, qəlbi təmiz olmalıdır". Həqiqətən də, belədir. Oğuzlu yazar Nazim Hüseynli Oğuz həkimlərinə həsr etdiyi kitabda məhz belə həkimlərimizin həyat yoluna işıq salıb.

Tədbirdə Oğuz rayon Mərkəzi xəstəxanasının direktoru Anar Əzizov, baş həkim Şəlalə Tahirova, oğuzlu şair Yusif Rza, şairə Şükufə Ruhlu, Mərkəzi kitabxananın əməkdaşı M.Bəkirova, qonaqlar, xəstəxanada çalışan həkim və tibb personalı iştirak edib.

Əvvəlcə Vətən uğrunda canını qurban verən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Vətən müharibəsi zamanı şəhid olan həkim şəhidlərimiz xatırlanıb.

Sonra Oğuz rayon Mərkəzi xəstəxanasının direktoru Anar Əzizov tədbiri açaraq, tədbirin məram və məqsədi haqqında məlumat verib. Oğuz rayon Mərkəzi xəstəxanasının baş həkimi Şəlalə Tahirova kitabda yer alan mərhum həkimlərimiz haqqında yazılmış məlumatların olmasını alqışlayıb və məmnunluğunu ifadə edib. Sonra həkimlərdən, Akif Məmmədov, Vaqif Səbzəliyev, şairlərdən Yusif Rzayev, Şükufə xanım Ruhlu, kitabda atası Sabir həkim haqqında məlumat verilən Qaxdan gələn qonaq Sabir həkimin qızı Reyhan Mürsəlova, Mərkəzi kitabxananın əməkdaşı Mehparə Bəkirova və başqaları çıxış edərək, həkimlik peşəsinin sirlərindən , müasir dövrdə xəstə ilə həkim münasibətlərindən, qayğıkeş oğuzlu həkimlərdən və Nazım müəllimin yeni ərsəyə gələn kitabından danışıblar.

Sonda müəllif yeni kitabını tədbir iştiraskşılarına  hədiyyə edib, xatirə şəkilləri çəkilib.

 

“Ədəbiyyat və incəsənət”

(23.12.2024)

 

 

 

 

 

Bu barədə İsrailin ərəb dünyası və İran üzrə tanınmış eksperti, İsrail Müdafiə Qüvvələrinin Kəşfiyyat Korpusunun sabiq polkovnik-leytenantı, bu ölkənin nüfuzlu Bar-İlan Universitetinin şərqşünaslıq elmləri üzrə professoru və Universitetin Yaxın Şərq və İslam Tədqiqatları Mərkəzinin direktoru, Begin-Sadat Strateji Araşdırmalar Mərkəzinin tədqiqatçısı doktor Mordexay Kedar dünyanın ən nüfuzlu nəşrlərindən “The Jerusalem Post”da dərc olunmuş “Dinc yanaşı yaşama ölkəsi olan Azərbaycan yəhudilərə nə üçün lazımdır?” sərlövhəli məqaləsində yazıb.

 

“Ədəbiyyat və incəsənət” portalına Diasporla İş Üzrə Dövlət Komitəsindən verilən məlumata görə, yəhudilərin Azərbaycanda həyatına həsr olunan yazıda ilk dəfə eramızdan əvvəl VIII əsrdə Azərbaycana gələn bu xalqın həmin vaxtdan antisemitizmlə qarşılaşmadan sülh və harmoniya içində yaşadığı göstərilir. Xüsusilə ötən il Azərbaycan İsraildə Səfirlik açdıqdan sonra onların həyatı çiçəklənir. Antisemit köklü nifrət və dözümsüzlüyün tüğyan etdiyi dünyada multikultural Azərbaycan nümunədir. Yəhudilərin və müsəlmanların bir-birlərinin bayramlarını qeyd edərək dinc yanaşı yaşamağına və dostluğuna aşkar misaldır. Bakı, Quba, Oğuz, Gəncə və Azərbaycanın digər şəhərlərində məktəbdən evə qayıdan yəhudi uşaqlar təqib edilmir. Onlar öz mədəniyyətlərini və həyat tərzlərini Azərbaycanda yaşayan digər dini qruplarla bölüşməyə təşviq olunurlar.

Azərbaycanın İsrail ilə münasibətlərinə toxunan professor sonuncunun neftə olan tələbatının 40%-dən çoxunun ölkəmiz tərəfindən təmin edildiyini, burada 120-dən çox İsrail şirkətinin fəaliyyət göstərdiyini və digərlərinin də iş qurmaq niyyətində olduğunu diqqətə çatdırıb. Müəllif sonda qeyd edib ki, yəhudilərin Azərbaycan kimi ən çətin anlarda yanında olan dostlara hər zaman ehtiyacı var.

Məqaləni ətraflı şəkildə aşağıdakı linkdən oxumaq mümkündür:

https://www.jpost.com/diaspora/antisemitism/article-833559

 

“Ədəbiyyat və incəsənət”

(23.12.2024)

 

 

Moldova Respublikasının Prezidenti Maya Sandu ölkə qarşısında xüsusi xidmətlərinə və yüksək peşəkarlıq bacarıqlarına görə bir sıra şəxslərə fəxri adlar, medallar təqdim edib. Təltif olunanlar sırasında Moldova Azərbaycanlıları Konqresinin sədri Elçin Bayramov da var.

 

“Ədəbiyyat və incəsənət” portalına Diasporla İş Üzrə Dövlət Komitəsindən verilən məlumata görə, soydaşımız Moldova-Azərbaycan dostluğu və əməkdaşlığının, habelə mədəniyyətlərarası dialoqun inkişafında fəal iştirakına görə Moldova Respublikasının “Vətəndaş xidmətlərinə görə” medalına layiq görülüb.

Moldova Prezidenti təltiflərin təqdimetmə mərasimində çıxış edərək fəxri ad və medal alanların işini yüksək qiymətləndirib, onların cəmiyyətin, ölkənin birliyində, inkişafında mühüm rol oynadıqlarını vurğulayıb.

 

“Ədəbiyyat və incəsənət”

(23.12.2024)

Bazar ertəsi, 23 Dekabr 2024 11:16

Şimali Kaliforniyada Həmrəylik Günü qeyd olunub

Şimali Kaliforniyanın San Xose şəhərində 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə tədbir keçirilib.

Şimali Kaliforniya Azərbaycan Mədəniyyət Cəmiyyətinin təşkilatçılığı ilə keçirilən tədbirdə ABŞ-də yaşayan Azərbaycan icmasının üzvləri, diplomatlar, San Xose şəhərinin hökumət və bələdiyyə üzvləri, mədəniyyət xadimləri, ictimaiyyət nümayəndələri iştirak edib.

 

“Ədəbiyyat və incəsənət” portalına Diasporla İş Üzrə Dövlət Komitəsindən verilən məlumata görə, tədbir Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Şimali Kaliforniya Azərbaycan Mədəniyyət Cəmiyyətinin prezidenti Sevinc Boisvert açılış nitqi ilə çıxış edib. O, çıxışında Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında xaricdə yaşayan soydaşlarımızın üzərinə mühüm vəzifələrin düşdüyünü söyləyib, onların daha da təşkilatlanması, vahid hədəflər naminə mütəşəkkil fəaliyyət göstərməsinin vacibliyini vurğulayıb.

Təbrik nitqi ilə çıxış edən Azərbaycanın Los-Ancelesdəki baş konsulu Vüqar Qurbanov Dünya Azərbaycanlılarının Həmrəylik Gününün yaranma tarixi barədə məlumat verib, Azərbaycan xalqına sülh və əmin-amanlıq arzulayıb. 

San Xose Şəhər Şurasının üzvü Bien Doan Azərbaycan Cəmiyyətinin Silikon vadisindəki fəallığından, xüsusilə də informasiya texnologiyaları və digər sahələrdə soydaşlarımızın aktivliyindən, ABŞ cəmiyyətinə inteqrasiyasının önəmindən danışıb.

ABŞ-də yaşayan diaspor fəalları Nurlan Şükürlü, Könül Əliyeva Azərbaycan həqiqətlərinin Amerika ictimaiyyətinə çatdırılması istiqamətində gördükləri işlərdən bəhs edib, milli-mədəni dəyərlərimizin yaşadılmasında birlik və həmrəyliyin əhəmiyyətini diqqətə çatdırıblar.

Tədbirin bədii hissəsi milli musiqi və rəqslərlə davam edib. Qarmon ustası Xəqani Səmədovun, müğənni Asif Yusifovun və tanınmış xoreoqraf Rozi Alməmmədovanın rəhbərlik etdiyi Şimali Kaliforniya Mədəniyyət Cəmiyyətinin nəzdində fəaliyyət göstərən Azərbaycan rəqs ansamblının çıxışları iştirakçıların alqışları ilə qarşılanıb.  

 

“Ədəbiyyat və incəsənət”

(23.12.2024)

Moldovanın paytaxtı Kişineuda Məhəbbət Güngürün “Qarabağ həsrətinin sonu. Bu yol Cəbrayıla aparır” kitabının təqdimatı keçirilib.

Tədbir Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi və Moldova Respublikasının Milli Kitabxanasının dəstəyi ilə Moldova Azərbaycanlıları Konqresi tərəfindən təşkil olunub. Bu barədə “Ədəbiyyat və incəsənət” portalına Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

 

Təqdimatda Moldova Azərbaycanlıları Konqresinin üzvləri, azərbaycanlı icmasının nümayəndələri, Azərbaycanın Moldovadakı Səfirliyinin nümayəndələri, Moldova Respublikası Parlamentinin deputatı və Azərbaycan-Moldova parlamentlərarası dostluq qrupunun sədri Vitali Jakot, Moldova Etniklərarası Münasibətlərin Konsolidasiyası Agentliyinin idarə rəisi Lyudmila Burlaka, kitabın rəyçisi Adilə Nəzərova iştirak edib.

Şairin nəvəsi, Moldova Azərbaycanlıları Konqresinin Həftəsonu məktəbinin şagirdi Amirə İsmayılova kitabdan şeirlər səsləndirib.

Görüşün rəsmi hissəsindən sonra qonaqlar müəllif ilə söhbət edib, kitablarını imzalatdırıblar.

Kitabın rəyçisi Adilə Nəzərova Moldovaya səfəri çərçivəsində “Xarıbülbül” Azərbaycan-Moldova dostluğu xiyabanını ziyarət edib, Moldova Azərbaycanlıları Konqresinin təşəbbüsü və Diasporla İş Üzrə Dövlət Komitəsinin təşkilati dəstəyi ilə Kişineu şəhərində fəaliyyət göstərən həftəsonu məktəbində açıq dərsdə iştirak edib. Adilə Nəzərova, həmçinin Moldova azərbaycanlılarının ağsaqqalları – Məhəbbət İsmayılov və Əli Bayramov ilə görüşüb.

 

“Ədəbiyyat və incəsənət”

(23.12.2024)

 

ABŞ-də yaşayan soydaşımız, Meyn Azərbaycan Cəmiyyətinin rəhbəri, Amerika Azərbaycan Təşkilatları Alyansının üzvü Tərlan Əhmədova yüksək vəzifə verilib. O, qubernator Janet T. Mills tərəfindən Meyn ştatının Qubernatorluq Siyasət İnnovasiyası və Gələcək İdarəsi yanında Yeni Amerikalılar Ofisinin (Office of New Americans) birinci direktoru təyin edilib.

 

“Ədəbiyyat və incəsənət” portalına Diasporla İş Üzrə Dövlət Komitəsindən verilən məlumata görə, Tərlan Əhmədov bundan öncə Meyn Əmək Departamentində ştat üzrə məşğulluq proqramlarına nəzarət edib, Qaçqınlar və İmmiqrasiya İdarəsində rəhbər vəzifədə çalışıb, Qaçqınların Məskunlaşması Federal Proqramının koordinatoru olub.

Ştatın rəsmi internet səhifəsində Tərlan Əhmədovun yeni təyinatı ilə bağlı məqalə dərc olunub. Məqaləni  ətraflı şəkildə aşağıdakı linkdən oxumaq mümkündür:

https://www.maine.gov/governor/mills/news/governor-mills-announces-director-maine-office-new-americans-2024-12-18

 

“Ədəbiyyat və incəsənət”

(23.12.2024)

 

Cümə, 20 Dekabr 2024 17:15

Gülüş klubunda futbol ölkəsi

Sərtyel, “Ədəbiyyat və incəsənət”

 

1.

Tbilisinin meri futbolçu idi, indi ölkə prezidenti də futbolçu oldu. Braziliyaya futbol ölkəsi deyənlər, görürsünüzmü, yanılırsınız. 

2.

Məstan pişik insanlardan eşidəndə ki, dünyada baldan da şirin şey sözdür, etiraz etdi, bildirdi ki, biz pişiklər üçün viskas miyoltudan daha şirindir.

3.

-Məmə, sevgi nədi?

-Mənim qızım, sevgi odur ki, üzü-gözü tüklü, idbar, ağzının danışığını bilməyən birisinə mənim günəşim deyirsən. 

4.

“Bu kolbasanın istehsalı zamanı heç bir heyvan zərər çəkməyibdir.”

5.

Ərindən plastik əməliyyata, yeni imicə, yeni sədəf dişlərə və daha müasir kosmetika dəstinə 20 min pul qoparan qadın işvəylə söylədi:

-Gözəllik qurban tələb edir! 

 

@sərtyel

 

“Ədəbiyyat və incəsənət”

(20.12.2024)

İtaliyada səfərdə olan Azərbaycanın mədəniyyət naziri Adil Kərimli bu ölkənin mədəniyyət naziri Alessandro Ciuli ilə görüşüb.

“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən  xəbər verir ki, görüşdə Alessandro Ciuli iki ölkə arasında ticarət və energetika sahələrində əlaqələrin yüksək səviyyədə inkişaf etdiyini bildirib. Qeyd edib ki, İtaliya tərəfi Azərbaycanla mədəniyyət sahəsində əməkdaşlıqda da maraqlıdır. “Biz Heydər Əliyev Fondunun İtaliyada, eləcə də Vatikanda tarixi-dini irsin bərpasına verdiyi töhfələri yüksək qiymətləndirir, buna görə Azərbaycan tərəfinə minnətdarlığımızı bildiririk”, – deyə italiyalı nazir əlavə edib.

Adil Kərimli Azərbaycan və İtaliya rəhbərləri arasında qarşılıqlı etimada və dostluğa əsaslanan əlaqələrin ildən-ilə möhkəmləndiyini diqqətə çatdırıb. Vurğulanıb ki, Azərbaycan dövləti də İtaliya ilə əməkdaşlığa önəm verir. 2014-cü ildə “Azərbaycan Respublikası ilə İtaliya Respublikası arasında strateji tərəfdaşlıq haqqında” Birgə Bəyannamə imzalanıb. İki ölkə arasında mədəni əməkdaşlıq da inkişaf edir. Xüsusilə tarixi-mədəni irsin qorunması, memarlıq və dizayn kimi sahələrdə əlaqələr məmnunluq doğurur.

Bildirilib ki, İtaliya tarixi-mədəni irsin bərpası və mühafizəsi, muzey və kitabxana işi sahələrində zəngin təcrübəyə malikdir. Azərbaycan tərəfi bu sahədə dost ölkənin təcrübəsindən faydalanmaqda maraqlıdır.

Nazir diqqətə çatdırıb ki, Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı zamanı xalqımızın çoxəsrlik tarixi-mədəni mirası dağıdılıb, vandalizmə məruz qalıb. Azərbaycan dövləti tərəfindən azad olunmuş ərazilərdə geniş bərpa və yenidənqurma işləri həyata keçirilir. Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən tarixi-mədəni abidələrin təmir-bərpası xüsusilə diqqət mərkəzində saxlanılır. İtaliya da işğaldan azad edilmiş ərazilərdə bərpa prosesinə öz töhfəsini verir.

Görüşdə incəsənət, mədəniyyət ocaqlarının idarə edilməsi, musiqi kollektivlərinin qarşılıqlı qastrol səfərlərinin təşkili qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

 

“Ədəbiyyat və incəsənət”

(20.12.2024)

 

Ermənistanın xilası Qərbin hərbi dəstəyindən yox, Azərbaycanla sülh sazişinin imzalanmasından keçir.

Bu sözləri “Ədəbiyyat və incəsənət” portalına açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov deyib. 

 

Polkovnik qeyd edib ki, Prezident İlham Əliyevin dekabrın 17-də “Rossiya Seqodnya” Beynəlxalq İnformasiya Agentliyinin Baş direktoru, “Rossiya-1” televiziya kanalında “Vesti nedeli” proqramının müəllifi və aparıcısı Dmitri Kiselyova verdiyi müsahibədə səsləndirdiyi fikirlər bu baxımdan mühüm əhəmiyyətə malikdir: “Azərbaycan Prezidenti “Vesti nedeli” proqramının müəllifi və aparıcısının suallarını cavablandırarkən bir daha Qərbin Ermənistanı silahlandırmaq siyasətini, bu siyasətin arxasında dayanan məqamları ifşa etdi. Dövlət başçısı bildirdi ki, Fransa, Hindistan və ABŞ Ermənistana ciddi hərbi dəstək göstərməkdə və onu sürətlə silahlandırmaqdadır. Bu isə o deməkdir ki, hər üç dövlət regionda vəziyyətin yenidən gərginləşməsində, yeni qarşıdurmaların yaranmasında maraqlıdır. Nə qədər qəribə, məntiqə zidd olsa da, məhz həmin ölkələr – Ermənistanı silahlandıran dövlətlər Cənubi Qafqazda sülhün təmin olunmasında maraqlı olduqlarını iddia edirlər. Çünki hər kəs Ermənistana verilən ölümcül hücum silahları ilə sülh anlayışı arasında hər hansı əlaqənin olmadığını yaxşı başa düşür. Bütün bunlar isə onu deməyə əsas verir ki, Cənubi Qafqazda yaşana biləcək mümkün qarşıdurmalara görə məsuliyyət Ermənistanla yanaşı, həm də Fransa, Hindistan və ABŞ-ın üzərinə düşəcək”. 

Müsahibimiz fikirlərinə davam edərək deyib: “Ermənistan anlamalıdır ki, onu sıçrayışla silahlandıran və yeni təxribatlara həvəsləndirən həmin dövlətlərin heç biri dar məqamda ona kömək etməyəcək. Prezident İlham Əliyevin də dediyi kimi, biz buna həm 2020-ci ilin 44 günlük Vətən müharibəsi, həm də 2020-ci ilin antiterror tədbirləri zamanı şahid olduq. Həmin vaxt Fransa müxtəlif bəyanatlar, dezinformasiyalar səsləndirsə də, bunların heç biri qarşıdurmaların nəticələrinə təsir göstərmədi. Azərbaycan döyüş meydanında əldə etdiyi qələbələr hesabına ədaləti bərpa edərək hər şeyin onun istədiyi kimi olacağını sübut etdi. Bu səbəbdən də Ermənistan həmin dövlətlərin vədlərinə aldanmamalı, Azərbaycanın sülh səylərini dəstəkləməklə regionun təhlkəsizliyində iştirak etməlidir. Ermənistan və onun xilası üçün başqa bir yol, başqa bir alternativ mövcud deyil”.

 

“Ədəbiyyat və incəsənət”

(20.12.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.