Super User
Uzun illər xəstə yatsa da nikbinliyini itirməzdi...
İnci Məmmədzadə,
“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi
"Xarakterik obrazları indi də gözümün qabağındadır. O, uzun illərdir ki, xəstə idi. Bir müddət xəstəxanada yatdı. Teatrda işlədiyi dövrdə bir-birindən fərqli, xarakterik rolları ilə fərqlənirdi. Xəstə olduğu vaxtda belə o, nikbin, gümrah görünürdü. Onun nikbin görünüşü adamı sevindirirdi. Adama elə gəlirdi ki, bu adam heç uzun müddət xəstəxanada yatmayıb, xəstəliklə əlbəyaxa olmayıb…”
Tofiq Əbdülrəhim oğlu Hüseynov 1949-cu il iyunun 24-də Bakı şəhərində anadan olub. 1971-ci ildə M. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun "Dram və kino aktyoru" fakültəsini bitirib. O, bir çox teatrların səhnəsində çalışmış, müxtəlif səpkili obrazlar ifa edib. Bunlardan Ü. Hacıbəyovun "O olmasın, bu olsun"unda Rza bəy, F. Aşurovun "Bu meydan, bu şeytan"ında Əzrayıl, Anarın "Adamın adamı"nda Mərd Mazarov və s. başqa obrazları buna misaldır.
T. Hüseynov 2001-ci ildən Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında çalışıb. Öncül sənət ocağının repertuarındakı müxtəlif janrlı tamaşalarda uğurlu rollar oynayıb. Onlardan Komisyonçu (N. Hikmət, "Kəllə"), Knyaz Orbeliani (H. Həsənov, "Brüsseldən məktublar"), Oqtay (B. Vahabzadə, "Rəqabət"), Hacı Kərim (C. Məmmədquluzadə, "Ölülər") kimi obrazlar ona tamaşaçı rəğbəti və məhəbbəti gətirib.
Teatr səhnəsindəki rolları
- Komisyonçu ("Kəllə", Nazim Hikmət)
- Knyaz Orbeliani ("Brüsseldən məktublar", Həsən Həsənov)
- Oqtay ("Rəqabət", Bəxtiyar Vahabzadə)
- Hacı Kərim ("Ölülər", Cəlil Məmmədquluzadə)
- Laz ("Qanlı Nigar", Sadıq Şəndil)
- Ninkoviç ("Nazirin xanımı", Branislav Nuşiç)
Filmoqrafiya
- Axırıncı dayanacaq (film, 2014)
- Bağdada putyovka var... (film, 2000)
- Biz qayıdacağıq (film, 2007)
- Biz qayıdacağıq (veriliş, 2007)
- Cavid ömrü (film, 2007)
- Dəvətnamə (film, 1989)
- Əlvida, cənub şəhəri (film, 2006)
- Ərazi (film, 2005)
- Kənddən gələn var. II hissə
- Köpək (film, 1994)
10 may 2019-cu ildə və 7 may 2020-ci ildə Prezident Mükafatına layiq görülüb. Tofiq Hüseynov 5 iyul 2020-ci ildə Bakıda öz yaşadığı evdə xərçəng xəstəliyindən vəfat edib.
Tofiq Hüseynovun ölümü sənət yoldaşlarını xeyli kədərləndirib. O, sənət yoldaşlarının yaddaşında istedadlı, xarakterik aktyor olmaqla bərabər, səmimi insan kimi qalacaq. Xalq artisti Rafiq Əzimov deyir ki, Tofiq Hüseynov Milli Dram Teatra gəldiyi ildən bəri xırda, epizodik rollarda oynasa belə öz sözünü demiş aktyor olub:
"Bir işdir də, düşmüşük, Allahın köməyi ilə yaxşı olar”- deyəndə, onun nikbinliyinə heyran olurdum. Tofiq Hüseynovun vəfat etməsi ilə bağlı xəbəri internetdə görəndə inanmadım. Onun vəfatı məni çox kədərləndirdi. Mən ümid edirdim ki, onunla bir tamaşada yenə oynayacağıq. Təəssüf ki, istedadlı aktyorlarımızı itiririk. Ondan əvvəl Rafael Dadaşov vəfat etdi. Bu cür aktyorlarımızın ölümü ilə teatrımız itirir ”.
R.Əzimov həmkarını peşəkar aktyorluq keyfiyyətləri ilə yanaşı, səmimi insani keyfiyyətlərə də malik insan kimi xatırlayır:
"Onun hamıya qarşı səmimi ürəyi vardı. Söhbəti yalnız yaradıcılıq işləri, yeni tamaşalarda oynamaqla bağlı olurdu. Mən kədərlənirəm ki, aramızdan belə aktyorlar gedir. İstedadlı aktyor nadir hallarda yetişir. Təəssüf ki, biz Tofiq Hüseynov kimi istedadlı aktyoru daha aramızda görməyəcəyik. Növbəti səhnəmizin pərdələrinin açılacağı günü səbirsizliklə gözləyirik. Teatrı, kinonu televiziya tamaşalarımızı da gözləyirik, amma Tofiqsiz...”
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(24.06.2026)
Bir gün Ordubadda - Qərbi Azərbaycana Qayıdış III festival-konqresi keçirildi
Aygün Bayramlı
“Ədəbiyyat və İncəsənət" portalının İncəsənət şöbəsi
Ölkəmizdə olduqca mühüm hadisə baş verdi. “Qərbi Azərbaycana Qayıdış III festival-konqresi” kimi mötəbər tədbirin bir parçası olmaq olduqca qürurverici idi.
Tədbir iki gün davam edərək birinci günü Ordubadda baş tutdu. Təntənəli konsert proqramı ilə başlayan konqres-festival Qərbi Azərbaycana həsr olunmuş sərgilərlə davam etdi. Sərgidə bölgənin zəngin mətbəxi, Ordubad təamları – sucuq, paxlava, müxtəlif dolmalar, Ordubad qayğanağı, umac halvası, Arzuman küftəsi, tərək, quymaq, qalın (yeznə qalını), doşab, növbənöv pendirlər, hədik, qaysava və ev şəraitində hazırlanmış digər nemətlər təqdim olunurdu. Bütün bu təamlardan dadmaq imkanımız var idi.
Gülərüzlü, mehriban və istiqanlı naxçıvanlılar öz ləziz təamlarını səmimi münasibətləri ilə daha da dəyərli edirdilər. Təqdim olunan təkcə yemək deyil, həm də nəsildən-nəslə ötürülən ənənə, mədəni yaddaş və xalq ruhu idi.
Nahar fasiləsindən istifadə edib Ordubadın qədim Təbriz küçələrini xatırladan məhəllələrini gəzdik. Könül xanımın qonağı olduq. Ordubadlı Könül xanım tərtəmiz, sadə və zövqlə bəzədilmiş rayon evində bizi böyük sevinc və səmimiyyətlə qarşıladı. Dəmlədiyi çayın yanında masaya Ordubad meyvələri, çərəzlər və qoz mürəbbəsi düzdü. Mürəbbənin rəngi o qədər canlı və parlaq idi ki, sanki insanın üzünə gülümsəyirdi. Mən ömrümdə bu qədər ləzzətli qoz mürəbbəsi yeməmişdim. Günün ən isti saatlarında təzə dəmlənmiş çayın mürəbbə ilə yaratdığı dad ahəngini heç zaman unutmaram.
Fasilənin bitməsinə az qalmış yola düşməyə hazırlaşırdıq ki, Könül xanım tələsik bir qab təzəcə yuduğu Ordubad əriklərini gətirib: “Buz kimidir, ürəyiniz sərinləyər, götürün, yolda yeyərsiniz”, – dedi. Bu səmimiyyət və qayğı məni bir daha heyran etdi. Elə bildim Könül xanım, 100ildir görmədiyim doğmamdır.
Yol boyu qarşılaşdığımız insanlar da eyni qonaqpərvərliklə “Gəlin, qonağımız olun” deyə bizi evlərinə dəvət edirdilər. Bu doğmalıq və insan istiliyi Ordubad səfərimizin ən yaddaqalan xatirələrindən birinə çevrildi. Yol boyu öz-özümə deyirdim, nə qədər mehribandırlar, ilahi…
Konqres-festivalın ikinci günü isə elm adamları bir araya gələrək Qərbi Azərbaycanla bağlı müxtəlif istiqamətlər üzrə apardıqları tədqiqat işlərini təqdim etdilər. Mən də “Qərbi Azərbaycan rəqs sənəti və onun türk mədəni irsində yeri” mövzusunda məruzə ilə çıxış etdim. Xatırladlm ki, bu tədqiqat işi elmi rəhbərim, Sənətşünaslıq üzrə fəlsəfə dokrotu Həbibə Məmmədova ilə birgə çalışmamız idi. Təqdimatlar zamanı Qərbi Azərbaycanın tarixi, mədəniyyəti, folkloru, incəsənəti və milli-mənəvi irsinin qorunması istiqamətində aparılan araşdırmalar geniş müzakirə olundu.
Sonda isə yazımı cənab prezidentin sözləri ilə bitirmək istəyirəm; “Bizi Qərbi Azərbaycana böyük qayıdış gözləyir.”
“Ədəbiyyat və incəsənət”
(24.06.2026)
Dəyişmək qorxuludur, amma qalmaq daha qorxulu -ESSE
Aynur İsmayılova,
“Ədəbiyyat və incəsənət” portalının Yaradıcılıq şöbəsi
Hər şey eyni idi – otağın divarları, pəncərənin açılan mənzərəsi, divardakı saat, önümdəki ayna.
Lakin içimdə nəyinsə boğulduğunu, hər gün daha da daraldığını hiss edirdim.
Adını qoymaq çətin idi, nə olduğunu bilmək də.
Günlər bir-birinə bənzəyirdi.
Sanki eyni səhəri eyni yorğunluqla qarşılamaq üçün hər gecə yuxuya dalırdım.
Nə dəyişirdi? Heç nə.
Mən isə içimdə hər gün nələrisə itirirdim.
Dəyişmək istəyirdim. Amma qorxurdum.
Tanımadığım gələcək, alışdığım narahatlıqdan daha təhlükəli görünürdü.
Bəzən alışdığım həyatımı qəbullanmağa çalışırdım.
Amma içimdəki o inadkar səs susmurdu.
“Getməsən, yox olacaqsan…” – deyirdi.
Sadəcə irəliləmək lazım idi – geriyə dönmədən, qorxmadan.
Yerimdə qalsam, içimdəki səs məni sakit-səssiz tükədəcəkdi.
Mən o səsə qulaq asmaq istədim.
Bütün səslərə qulağımı bağladım.
Sadəcə bir səsi – qəlbimin səsini dinlədim.
O səs heç bir səsə bənzəmirdi.
İnamla, cəsarətlə danışırdı.
Deyirdi ki: “Hərəkət etsən, qazanacaqsan. Yoxsa, bir yaz gülü kimi, heç açmadan solub gedəcəksən.”
Mən qorxaraq da olsa, irəliləməyə qərar verdim.
Çünki tükənmək – yaşamaqdan daha təhlükəli idi.
“Ədəbiyyat və incəsənət”
(23.06.2026)
Onlar gün saymır, bir gün azadlığa oyanmaq ümidi ilə yuxuya gedir
Fariz Əhmədov,
“Ədəbiyyat və incəsənət” portalının Naxçıvan təmsilçisi
Onlar gün üzünə yox, azadlığa həsrətdirlər. Bəlkə də heç zaman, heç nə üçün gün saymayan bu insanlar indi dəmir barmaqlıqlar ardında günləri, həftələri və illəri sayırlar. Bəzən də, bu sayım heç bitmiyəcək qədər uzun olur... Ömürlük!
Hər səhər zindan kimi dəmir qapıların cırıltısı, ağ divarların öz-özünə rəsm yaratdığı sonsuz tablo, ümidin səngidiyi, sözün yaddan çıxdığı bu məkanda insan bəzən öz kölgəsini belə görə bilmir. Cəzaçəkmə müəssisələri həyatın dayandığı, xəyalların hər gün beyni qurcaladığı yerdir. Bəzən həyat burda nə cəzanın bitməsi, nə də azadlığa çıxışdır. Həyat sadəcə anı yaşamaqdır.
Cəzaçəkmə müəssisələrində nəfəs alanların əksəriyyəti vaxtlarının bitməsini gözlədiyi halda, bəziləri bunu vərdişə çevirərək monotonluğun içində itib-batırlar. Bura məhkumların dünyasıdır. Günlər bir-birinə bənzəyir. Saatlar Nuh əyyamından qalmış kimi paslanıb. Onlar üçün hər yeni gün təqvimdəki həmin tarixə xətt çəkməklə keçir. Günlər hardasa aşağı-yuxarı eyni keçir. Nə fəsillərin rəngi, nə də ömrün çağları burada hiss olunur. Burada yalnız insanların daxili sükutu hiss olunur.
Bəzi məhkumlar üçün islah evi bir oyanış, bir diriliş və yenidən özünü tapmaqdır. Bəziləri üçün isə sadəcə həyatda qalmaq uğrunda mübarizə. Onlar burada nə qədər yaxşı olduqlarını desələr də, susqunluqlarında tamam başqa bir həqiqət pıçıldayır. Bu həqiqətin adı “vicdan əzabı”dır. Çünki bu divarlar azadlıq üçün bağlı, həqiqət üçün açıqdır.
Bəlkə də onların içində minbir peşmançılıq var. Hərəsi öz içindən qışqırır: “Biz səhvlərin kölgəsində böyüyən, peşmançılığın içində cılızlaşan adamlarıq. Kimimiz bilməyərəkdən, kimimiz isə bilə-bilə bu dəmir barmaqlıqlar arxasındayıq. Biz burada təkcə cəza çəkmirik, həm də cəzanın nə olduğunu anlayırıq. Bəzən bir məktub, bir uşaq şəkli, bir dua, bir göz yaşı bizi dəyişir. Bəzən isə heç nə dəyişmir.”
Gün işığı burada pəncərəyə toxunmur. Pəncərə isə azadlığın nə olduğunu çoxdan unudub. Qapılar bağlanır. Dəmirin dəmirə dəyən səsi eşidilir. Bu səslərin arasında isə gecələr yatmayan adamların hıçqırtılı duaları var. Kimsə illər əvvəl öpdüyü uşağın şəklini çıxarıb qoynuna sıxaraq yuxuya gedir!
Cəza sadəcə azadlıqdan məhrum olmaq deyil. Cəza sənin səsini heç kimin eşitməməsidir. Sənin peşmanlığını heç kimin görməməsidir. Azadlıqlarına qıyanlar, sevdiklərini yalnız xatirələrindəki üzlərindən tanıyırlar.
Bəzən bir anlıq əsəb, stres və hiddətlə verilmiş qərar həyatımızı dəmir barmaqlıqlar arxasına sürükləyir. Biz içəridə də dustaq olduğunuz halda, bütün ailə üzvlərimiz bizimlə bərbar dustaqlaşır. Özümüzə vurduğumuz zərbəni dolayısı ilə canlı mərmi kimi onlara tuşlayırıq.
Gəlin sevdiklərimizə sarılaq ürəklə, övladlarımızın əlindən tutaq sevə-sevə. Ayaqlarımızın, əllərimizin və gözlərimizin qədrini bilək. Onları başımıza gələcək bütün pis hadisələrdən sığortalayaq. Daima ətrafımızda bir nəfər olsun... Bizi bir baxışla, bir sözlə dayandıracaq biri. Unutmayaq: Azadlıq sahib olmaq yox, qoruya bilməkdir.
“Ədəbiyyat və incəsənət”
(23.06.2026)
Yazı — Sözün çölüdürmü?
Eltən Törəçi, dəyər yaradıcısı,
“Ədəbiyyat və incəsənət”
“Yazı” deyəndə biz indi adətən ağ vərəqi, qaradaş (qələm) izini və ya yazılmış düşüncə anlayırıq. Amma bu söz əski türkün dünyasında tam başqa anlam daşıyırdı...
Öz türkcədə “yazı” – sadəcə yazılmış söz deyildi. Bu söz “çöl”, “düz”, “bozqır”, “sərilmiş genişlik” anlamlarında işlənirdi.
Yəni yazı – açıq yer, sərhədsiz dünya, insanın özünü anlada bildiyi, içindəkiləri hayqıra bildiyi oylaq, genişlik idi.
Toponimlərdə bu hələ də yaşayır: məsələn “Qarayazı” – “böyük çöl” deməkdir.
“Qara” – ulu, əzəmətli, güclü;
“Yazı” isə – özgür, sınırsız torpaq.
Yazı – eyni anda “sözün çöldə saldığı iz”dir. Yazmaq – Özgürlük, tinin (ruhun) fırtınasından doğan bir iz salmaqdır sanki. Çünki çöl nə qədər boş görünürsə, yazı da o qədər boş görünə bilər. Amma diqqətlə baxanda – izlər görünür.
Yazıçının işi də bu deyilmi?
O da çıxır çölə – sözlərin çölünə.
Düşüncələr əkir, onları toplumun içinə səpələyir, tümçələrlə torpaq sürür, sözün günəşi altında düşüncələri qurudur, bəzən də içsəl tufanlarını səssiz-səmirsiz çöldə dinclik tapır.
Öz türklər çölə çıxmağı davranış kimi yox, duyğusal sınır (sərhəd ) keçidi kimi görürdülər.
Yazmaq da budur: öz içindən çıxmaq.
Çöldə iz salmaq.
İndi belə bir sorğu doğur:
Əgər yazı çöldürsə…
Yazıçı da Çölçüdürmü?
Bəlkə də elədir.
Məncə, yazıçı:
özünü gurlaşdıra bilən,
içini çölə çevirən adamdır,
düşüncəsini, özünü çöldə açan,
qaranlıqda gözlə yox, duyğu ilə yazan,
keçilməmiş yollarla danışan adamdır.
Bu baxımdan yazıçı – dəyər yaradıcısıdır.
O iz buraxandır.
Çölə çıxan, geri qayıtmayan, gələcəyə, yaşama və toplumun ağlına səssiz izlər salan bir Çölçüdür.
“Ədəbiyyat və incəsənət”
(23.06.2026)
Gəlsən gələrdin...
Nargis,
“Ədəbiyyat və incəsənət”
-Fa’nın insanlaşması məni niyə qorxudurdu?
Bir dəfə yenə kitabxanalara sığındığım günlərdə əlimə keçən köhnə əlyazmada insanın insana duya biləcəyi eşq qavramı ilə tanış oldum. Hələ də məni özümə gətirə bilməyən bu eşq qavramını yaşayanlar neçə dəfə ölürlərmiş ilahi? İnsan insanı tanrısayağı sevə bilərdimi?
Eşqi bir neçə yerə bölmüşdüm o zamanlar. Ancaq həmin əlyazmada təsvir olunan tamam başqa şey idi. Burada insanın insana duyduğu tanrısal bağ haqqındakı fikirlər var idi. Fikrimcə bu cür sevmək bacarığını Tanrı çox adamın qəlbinə qoymur. Bunu yaşayan şəxs kitabda bu hisləri dərinliyinə qədər təsvir etmişdi.
-Mən onu bir qəpiksizkən də, dünyanın maddi zənginliyinin içində boğularkən də eyni hislərlə sevirdim. Mən onu görən kimi tanımışdım. Gözləntim sadəcə məni anlaması və sevməsi idi. Sevdiyini deyirdi də. Beləliklə, illərə yayılan böyük bir sevgi, tutqu ikimizi də qırılmaz bağlarla bir-birimizə bağlamışdı. Həm də necə bağlamışdı. Mən bir-birini tanrısal eşqlə sevən iki nəfəri necə anladım axı sizə? Dodaqlarımı ona toxunduranda Tanrıya toxunur kimi soyunurdum fiziki mənliyimi... Ruhum uçurdu tanımadığım məkanlara...
Hər zaman deyilən o idi ki, insan ki, bir-birinə toxunur, sevişir, artıq bu eşq davam etmir. Hər şey adiləşir... Bəlkə də, insani sevgilərdə elə bu cür də olur. Ancaq bizdə elə deyildi. Bir-birimizə toxunmağımız bu hissi daha da gücləndirirdi. Ey insan oğlu, istəyirsən gül, istəyirsən başla, hazıram, yenə danış öz doğruluq nəzəriyyələrini... Çək silahı vur ürəyimdən, zəhərlə məntiqimi uydurma konsepsiyalarınla. Ruhum, ruhumla bacara bilməyəcəksən. Mən onu ruhumla sevirəm. Bu sadəcə bədənlərin görüşməsi deyil, ruhların rəqsidir. Tanrısayağı eşqdir.
Mənə heç kim o cür toxunmağı bacarmadı. Heç kimin baxışları ağlımı başımdan o cür almadı. Heç kimin gülümsəməsi ruhumu o cür sığallamadı, ağrılarıma antidepresant olmadı.
Bəlkə də mən demiseksual idim... Ammma yox bu başqa bir şey idi. Bu haqda düşüncələrimi yazanda belə təkrar-təkrar yaşayıram hər şeyi, küllərindən yenidən doğulur yaşadıqlarım. Bu çox ağrılı prosesdir. Dözmək mümkün deyil... Yaşamaq da olmur, ölmək də... Başqası ilə deyib gülmək də...Ona duyduğum eşq digər bu tərz münasibətlərə qarşı həm məntiqimi, həm ruhumu, həm qəlbimi, həm də vücudumu bloklayırdı. Mən onun ovuclarına buraxmaq istəyirdim bütün aqibətimi...
Nəfəsim kəsilirdi ona doğru atdığım hər addımda. Əlləri saçlarımı hər sığallayanda, ruhumu könüllü təslim etmək keçirdi içimdən... Saatlarca susurduq. Susaraq sevirdik. Susmaq böyüklükdür deyirlər... Qızıldır deyirlər... Fikrimcə susmaq həm də labüd sonu gecikdirməkdir, susmaq həm də itirmək qorxusudur, incitmək qorxusudur...
Susmaq həm də boğulmaqdır, səssizcə hıçqıraraq ağlamaqdır. Susmaq onun adını qeyri-iradi bağırmaqdır, boşluğa baxıb onu səsləməkdir. Susmaq ağlını getdikcə qaçırmaqdır... dəli olmaqdır...Boşluğa təslimiyyətdir...
-Mənə görə eşq də, ədəbiyyat da tabutdakı ölüdür o ölünü tabutda daşımaq ürküdücü deyil. Nə qədər ki o, tabutdadır mühafizə olunur, qorunur... Düzü də budur bəlkə də...Ancaq bunu hədəflənən nöqtəyə çatdırmaq üçün güvənilən çiyinlər, qeyri-toksik münasibətlər gərəkdir.Çiynin biri xəfif büdrərsə tabut yerə dəyib parçalanar bu isə ürküdücü olar... Bütün hislər muncuq ədası ilə laqeyidcə çıxmazlara səpələnər...
-Hər dəfə çiynin büdürəyir sənin. Bilirsən axı, mən hər dəfə yaralanıram. Hər şeyi hərkəslə rahatlıqla müzakirə etməyə adət etmiş mən, səni heç bir şəkildə paylaşa, danışa bilmirəm. Tanrısal eşqi bir-birini insan sevgisi ilə sevən cəmiyyətdəki fərdlər anlayarmı? Anlamaz, əlbəttə anlamaz. Məni əxlaq, din, doğru, yanlış konsepsiyaları ilə zincirləyəcəkdilər əzizim... Bundan qorxmuram əlbəttə, sənə olan eşqim mənim ruhuma, məntiqimə, iradəmə, duruşuma hər gün sıxılan qurşundur. Ancaq o zincirlər ya sənə gəliş yollarıma əngəl olarsa? Bizi nakam bir sona məhkum edərsə? Bəlkə də elə istədiyin budur. Susmaq bax qorxmaqdır, reallığı öyrənməkdənsə bir uydurmaya təslimiyyətdir... Susmaq əzizim, imitasiya olunmuş cəmiyyətin nəzəriyyəsinə əlimdən axıb gedərkən əllərin danışmamaqdır...Qürurundan ürəyini, mənliyini mühafizə edərək ruhunu deşik-deşik etmək, lezvalamaqdır... Hiss edirəm axan qanın istiliyini... Tükəndiyimi...
Tanrısal eşqdə belə bir tərəf daha məntiqli olurmuş. O bir tərəf digər tərəfdə unutmurmuş bütün mənliyini. Ara-ara yox, elə tez-tez oyanırmış bu “qəflət” uyqusundan. Sorğulamırmış belə bu oyanışını... Fiziki dünyaya daha çox aludəçiliklə də əlaqələndirmirmiş...
Digər yarısını yuxulu-yuxulu uçurum kənarında unudub gedirmiş öz düzlər nəzəriyyəsinin ardınca.
-Bəli, əlbəttə haqlısan əziz oxucum... Yuxulu olan, oyanmaq istəməyən, mənim kimi yuxularında qalmağı seçən düşürmüş uçurumun dibinə... Yaralanırmış, məhv olurmuş, qan itirirmiş, hər gün ölüb dirilirmiş... Bir müddət sonra qartalların zirvələri sevdiyi kimi sevirmiş uçurumun ən dibini... Qorxulu gəlmirmiş artıq ona bu dərinliklər. O ruhunu bu dərinlikdə sakitləşdirir, ovunbdururmuş. Qayıtmaq istəmirmiş insani sevginin hegemaniyasına, qeyri-səmimiliyinə... Onu artıq maraqlandırmırmış zirvələr, o uçurumun dərinliklərinə məhkum edirmiş könlünü...İnanırmış ki, bu əslində ikisini də qorumağın ən gözəl yoludur.
Çoxları eşqi daddığını iddia edir. Ancaq uçurumun dibini görmək, fiziki bədəni soyunub birini ruhunla sevə bilmək hər insana nəsib olmur. Çoxları sevir, bəli, ancaq onlar uçurumun kənarlarından baxır diblərə...dərinliklərə... Tanrısal sevgidə hər şey başqa cür olur...Fiziki dünyada qazanılan bütün kimliklərindən soyunur insan, ruhu səmalaşır. İnsanı Tanrıya duyulan eşqlə sevir...Tanrı da Liliti elə sevməmişdimi? Tanrısal eşq həm də yaşayarkən ölmək deyilmi?
Bəli tanrısal eşqdə belə bir tərəf daha məntiqli olur... Öncəlikləri fərqli olur...Gedir, gəlir, gəlir, gedir, gəlmir, gəlmir, gəlmir və gəlmir...Gəlsə belə, gəlmir... Gəldiyini düşünsə belə gəlmir...
Gəlmirsən əzizim, çoxdandır gəlmirsən...Hiss edə bilmirəm səni... Harda qoymusan ruhunu... Bu fani vücud mənə gərək deyil...Soyuqsan... Ölüm soyuqluğu sığınıb barmaqlarına,..
Tanrısal eşqdə belə bir tərəf daha qəddar olurmuş...
Düşünməzmiş bəs o nə haldadır? Necədir?
- Axı bütün yollarımı əzbər bilirsən...Məni ən çox sən tanıyırsan. Özüm kimi olduğum yeganə yer də, ev də, insan da, dünya da, vətən də sənsən deyilmiydin?
Sənə duyduğum hislər məni aşıb, okeanlaşıb...səmalaşıb...
-Mənim qədər sevir inancı ilə hər gün yemləyirəm məntiqimi. Bağlasam da yollarımı sənə...Bilirsən bütün gizli keçidlərimi... Mən o keçidlərdə hər gün gözləyirəm səni...Ruhunun zindanlarına qapatmışam ruhumu...
Ölüm də diləmək olmur.
-Ölüm ruhun gedişi deyilmi? Getmək istəməyən ruhu Tanrı aparmaq iqtidarındamı?
-Bağlasam da yollarımı sənə... Bilirsən bütün gizli keçidlərimi...
Gəlsən gələrdin əzizim, gəlsən gələrdin əzizim...
“Ədəbiyyat və incəsənət”
(23.06.2026)
“Təqdimat”da Şahmalı Hasan və “Pişik” hekayəsi
Habil Yaşar,
“Ədəbiyyat və incəsənət” portalının Ədəbiyyat şöbəsi
İstəkli oxucularımıza daha bir istedadlı gəncimizi tanıtmaq istəyirəm. Şahmalı Hasan (Həsənov) 02.08.1995 Şəmkir rayonunda anadan olub. Gəncə Dövlət universitetinin Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisasını bitirib. Həmin ixtisas üzrə Magistr dərəcəsi alıb. Hazırda Gəncədə yaşayır. "Təxəyyüllər" adlı hekayələr toplusu müəllifidir. "Pişik" hekayəsi də həmin kitabdandır.
ŞAHMALI HASAN,
“PİŞİK”
Günorta saatlarında Əkbər dayının tərəvəz dükanından çıxanda yenə gördüm onu. Bomboz rəngi, pələngə oxşar qara cizgiləri, xarizmatik duruşu ilə diqqəti cəlb edirdi. Onun məğrur baxışlarında nəsə bir qəribəlik sezilirdi. Küçənin sakit bir küncündə oturub gələn-gedəni izləyir, sanki onlar haqqında beynində müxtəlif düşüncələr qururdu. Məsələn, önündən keçən bir xalaya elə diqqətlə baxırdı ki, sanki beynində: "bu xala müəllimdir, deyəsən, əlindəki və köynəyindəki mürəkkəb ləkəsi, kitablar daşımaqdan aşınmış və köhnəlmiş çantası, üzündəki əsəb, stress dolu ifadə onun müəllim olduğuna işarə edir"- deyə düşünürdü. Yaxud uzaqdan bir-birini qova-qova, deyə-gülə, qışqır-bağırla gələn məktəbli uşaqları görüb baxışını onlara tərəf çevirir və elə bil belə düşünürdü: " mənə sığal çəkib başımı oxşasalar heç, ancaq dəcəllik etmək istəsələr, əllərində, üzlərində cırmaqlanmamış yer qalmayacaq" . Sonra vıyıltı və səs-küylü siqnal ilə küçədən keçən bahalı maşına diqqət yetirdi: " bu da gündə bir maşın aşırdır, birini vurur, birini polis cərimə meydançasına aparır, ancaq yenə də ağıllanmır ki, ağıllanmır" - deyə düşünürmüş kimi bir baxış atırdı. Bütün bu dediklərimi çətin ki, başqaları görə, duya biləydi. Çünki məndən başqa yol kənarında duran bu pişiyə fikir verən yox idi. Hətta məktəbli uşaqlar belə onu görmədən, ya da görməzdən gələrək keçib getdilər. Hərdən ona yazığım da gəlir, onunla çox ortaq cəhətimiz var. Demək olar ki, mən də onun kimi "gözəgörünməz" biriyəm. Gəlib-gedənlər, tanıyıb-bilənlər, dost-tanışlar sanki mən yoxammış kimi davranır, danışır, qərarlar qəbul edirlər. Ancaq mən artıq buna alışmışam. Pişik də çoxdan bu vəziyyətə vərdiş edənə bənzəyir. Biz bir-birimizi görürdük. Mənim ona baxdığım kimi pişik də bəzən diqqətlə mənə baxır, gözünün nazik xətt kimi qarasını mənə dikəndə göz bəbəkləri böyüyüb yupyumuru olur, elə bil nəsə demək istəyir, ancaq deyə bilmirdi. Həmişə də belə baxışların ardından astaca, tənbəlliklə dolu hərəkətlə yerindən durur, gərnəşir və yönünü çevirib gedirdi. İncik, qəlbiqırıq insanlar kimi. Bəs, görəsən, onun xətrinə kim dəymişdi? Mənmi? Digər insanlarmı? Həyatmı?
Bəlkə də, pişiyin belə etinasızlığı onun da həyatının insanların çoxunun həyatı kimi rəngsiz və monoton olmasından irəli gəlir. Biz insanların bir çoxu doğulur, böyüyür, məktəbə gedir, universitet bitirir, işləyir, ailə qurur, işləyir, övlad sahibi olur, yenə işləyir, pensiya çıxır, yenə də işləyir, işləyir və işləyirik. Həyatımızda rəng, əyləncə, istirahət, həzz kimi anlayışlar ya yoxdur, ya da yox deyiləcək qədər azdır. Təbii ki bunu bütün hamıya şamil edə bilmərəm, yaxud bəziləri üçün elə həyat bu ardıcıllıqla, bu süjet xətti ilə başlayan və bitən bir roman, bir teatr tamaşası kimi bir şeydir. Necə ki insanlar bir müddətdən sonra avtomatikləşir, yaşamaq sanki bir vərdişə çevrilir, nəfəs almaq, göz qırpmaq kimi, bax o zaman insan etinasızlaşır. Bu pişikdə də eyni xüsusiyyətlər nəzərə çarpırdı, mənim baxış bucağından təbii ki. Məsələn, bu boz pişiyin öz rəngi kimi boz olan həyatından bir günü sizə danışım:
Səhər günəşin üfüqdən görünən mülayim gülüşləri ilə pişik də gözlərini açır, yerindən durur, gah önə, gah da arxaya dartılma hərəkətləri ilə səhər idmanını tamamlayır. Yeri gəlmişkən bu pişik də məhəllənin digər sahibsiz pişikləri kimi Qaliya xalanın "pişiklər pansionatı"nda yaşayır. Qaliya xala rus əsilli azərbaycanlılardandır, sarısaç, mavi gözlü bu mülayim xala insanlardan daha çox pişiklərə meyillidir, onlarla daha yaxşı yola gedir. Bildiyim qədərilə elə pişiklərdən başqa da kimi-kimsəsi yoxdur. Təxminən iyirmiyə yaxın pişiyə "xozeyinlik" edir. Aldığı pensiya və heyvansevərlərin etdiyi yardımlarla həm bu pişikləri bəsləyir, həm də özünü dolandırır. İstəyən olanda öz pişiklərindən kiməsə hədiyyə də edir, ancaq pişiyə yaxşı baxacağını dəqiqləşdirmək şərti ilə. Əks halda nə Qaliya xala pişik verməz, versə belə, pişik lazımi qayğını görməsə, bir-iki günə qalmaz qayıdıb geri gələrdi. Söhbətin məğzini itirməyək, bizim pişiyimizin səhəri Qaliya xalanın ikiotaqlı evində başlayır. Səhər oyanan kimi bütün pişiklər miyoldamağa, qapını cırmaqlanağa başlayır, Qaliya xalanı ac-sussuz olduqları barədə xəbərdar etməyə çalışırdılar. Ancaq bizim pişik sakitcə öz yemək qabının (hər pişiyin ayrıca qabı var) yanında gözləyir, Qaliya xala də gələndə elə ən birinci ona yemək və ya süd verir.
Yeyib doyduqdan sonra günəş vannası qəbul etmək üçün həyətə çıxıb isti beton örtüyün üstünə uzanan digər pişiklərin əksinə olaraq bizim boz pişik aram addımlarla çıxır məhəlləni gəzib dolanmağa. Məhəllənin mağazaları, dükanları, həyəti silib-süpürən və bir-biri ilə hal-əhval tutan xalalar, işə tələsənlər, gəlib-gedən maşınlar, məktəbə qaçan uşaqlar, pəncərədə asqılara pal-paltar asan işgüzar xanımlar və daha neçə-neçələri bizim pişiyin nəzər nöqtəsində olur. Hərçənd pişiyə fikir verən az olur. Bəzən xalalardan kimsə onu görüb "piş-piş-piş" deyərək çağırır, yemək artığı yaxud sür-sümük atır ki qarnını doyursun, savab qazansın, ancaq pişiyin etinasız baxışı və başını çevirib yoluna davam etməsi onları təəccübləndirir. Hər adamın əlində yemək yemir pişiyimiz.
İlkin dayanacaq pişiklə həmişə qarşılaşdığım Əkbər dayının tərəvəz dükanıdır. Əkbər dayı təxmini əlli beş, ya altmış yaşlı, saçı-saqqalı ağarmış nurani bir kişidir. Mən gördüm-görəli Əkbər dayı bu tərəvəz dükanını işlədir. Vaz 2104 markalı maşını ilə yaxın kəndlərdən müxtəlif növ tərəvəzlər gətirir, bəzən də tapa bilmədiyini topdansatış bazarlarından alıb gətirir, həm özünə, həm də sakinlərə uyğun qiymətə satır. Əsas məqsədinin pul qazanmaq olmadığı hər kəsə aydın idi. Çünki elə zaman olurdu ki, öz pensiyasından (uzun müddət həm Sovet dövründə, həm də müstəqillik dövründə dövlət qulluğunda çalışmış, sonrakı müddətdə xəstəliyi ilə bağlı olaraq vaxtından bir-iki il əvvəl pensiya çıxmışdı) əlavə pul ayırıb xərci-borcu ödəyirdi. Əkbər dayı pişiyi gülərüzlə qarşılayır, onun başını sığallayır, qabda ona süd verir. Pişik də bu comərdliyi qarşılıqsız qoymur, südü ləzzətlə içir, Əkbər dayının ayaqlarına sürtünür, mırıldanır, hərdən də qəzet oxuyarkən onun dizlər üstündə mürgüləyir. Pişik təkcə Əkbər dayının yox, dükana gələnlərin də üzündə gülüş yaradır, xoş əhval-ruhiyyə, pozitiv bir enerji ötürür. Gələnlərin çox artıq onu "Əkbərin pişiyi" kimi tanıyır.
Əkbər dayının dükanından çıxandan sonra, bu adətən saat 11-12 radələrində olur, növbəti dayanacağı məhəllənin aşağı, mərkəz hissəsində, ehsan bulağı və çinarların altında yerləşən çayçı olur. Burada bir ehsan bulağı var ki, bu bulaq bəlkə də, bəşəriyyət yaranandan buradadır desəm mübaliğə olmaz. Üzərindəki yazı silinib, zar-zor "...san bul..ğı" kimi mənası çətin anlaşılan hərf birləşmələri qalıb deyə heç kim dəqiq bilmir ki, bu bulağı kim və kimə tikdirib. Ancaq dəqiq bilirəm ki, yay-qış dayanmadan axan buz kimi suyun dadı başqa heç bir suda yoxdur. Bütün məhəllə sakinləri bu sudan istifadə edir, yoldan gələn-gedənlər hamı bu suyun dadına baxmadan keçmirlər. Bulaqdan sağda hündür çinarların altında təxminən altı - yeddi masalıq çayçı yerləşir. "Səlimin yeri" adlanan bu çayçıda həmişə dünyanın bir çox qlobal siyasi, iqtisadi, sosial, müharibə, sülh və digər önəmli mövzuları müzakirə olunur, alternativ həll yolları təklif olunur, bəzən fikirlər toqquşur, tərəflər bir-birinin fikrini tənqid, ya təkzib edir, atılan nərd zərlərinin, masaya vurulan dominoların, çay bardaqlarının səsi bu müzakirələrin səsinə qarışırdı. Pişik də uzaqda, kölgəlik bir yerdə uzanıb əksəri ağsaqqallardan ibarət bu "politoloq və siyasi şərhçilər"in çıxışlarına qulaq asır. Bəzən də həvəssiz şəkildə masaların arasında dolaşır, onu görənlər bir anlıq söhbəti kəsib ona tamaşa edir, sonra yenidən qızğın söhbətə qayıdırlar. Bəzən də çayçı sahibinin, Vəlinin verdiyi kolbasa-çörəkdən yeyib ona təşəkkür mənasında miyoldayır və ya ayaqlarının arasında fırlanıb ona sürtünür. Maraqlı burasıdır ki, bu çayçı "Səlimin yeri" adlansa da, Səlim adlı şəxs demək olar ki, yüz ilə yaxındır bu dünyada yoxdur. Amma, görünür, bir zamanlar onun çayxanası olmuş, hər kəs onun adı ilə tanımışdı bu yeri və elə illərdir bütün sahibləri buranı "Səlimin yeri" deyə adlandırıb və çayçı olaraq da bir-birinə vəsatət edib. Ara-sıra yoldan keçən təsadüfi şəxslərin də qonaq olduğu bu çayçı kənarda səs-küylü və əcaib bir yer təəssüratı bağışlasa da, əslində həm sahibi, həm də müştəriləri mülayim, canayaxın insanlardır.
Çayçıdan sonra küçə ilə üzüaşağı, mərkəzi prospektə tərəf düşür, yolun solundakı orta məktəbin qapısı önündə dayanıb dərsdən çıxan şagirdlərə, müəllimlərə, övladlarını götürməyə gələn valideynlərə tamaşa edir. Çiyinlərində bəşəriyyətin yükünü daşıyırmış kimi özlərindən böyük çantalarını daşıyan aşağı sinif şagirdləri onu görən kimi gülərüzlə və sevinclə ona tərəf qaçır, sığallayır, oxşayırlar. Bu balaca insancıqlar necə də saf, təmizqəlbli və xoşniyyətlidirlər. Bir də sən böyüklərə bax, övladının "küçə pişiyi" ilə oynadığını görən kimi qışqır-bağırla övladını kənara çəkir, iyrənc və ya radioaktiv bir şeyə toxunubmuş kimi uşağı yaş salfetlə, spreylə təmizləyə-təmizləyə dartıb aparır, bir tərəfdən də danlayır ki, "küçə heyvanlarına əl vurmaq olmaz!". İnsanlar böyüdükcə axmaqlaşır.
Minlərlə, milyonlarla fərqli düşüncə, xasiyyət və xarakterə malik insanların, uşaqların dörd divar arasında monoton bir sistemin quluna çevrilməsini hədəfləyən bir qurum olan məktəbin yanından yavaş-yavaş məhəllənin digər hissələrinə doğru hərəkətə başlayan pişiyimiz özünü ali varlıq sayan bu cılız insanları başa düşməkdə həqiqətən çətinlik çəkirdi. Səyahət davam etdirən pişiyimiz gəlib bir şadlıq sarayının yanında dayandı. Əslində onu bura çəkən müxtəlif rəngli, formalı geyimlər geyən, özlərini əcaib hallara salan yüksək səslə danışan, deyən, gülən, yeyən insan toplumu deyil, daha çox aclığını büruzə verməyə çalışan həssas qoxualma hissiyatı idi. Şadlıq sarayında toy var idi, bişən yeməklərin qoxusu bütün ətrafı bürümüşdü. Sakin addımlarla bər-bəzəkli adamların arasından keçib saraya daxil oldu. Yüksək səs və dəli olmuş kimi qəribə hərəkətlər edən insanlar onu həm təəccübləndirir, həm də qorxudurdu. Görünür, onlar özlərini bu formada əyləndirirdilər. "Dəli yığıncağı"nın tamaşasına başı qarışan pişiyimiz ona yaxınlaşan bir qrup uşağı yüksək tezlikli səsdən görüb-eşidə bilmədi. Bir anda balaca əllərin onu qucub havaya qaldırdığını və bağrına basıb sevələdiyini hiss etdi. Refleksiv olaraq çırpınıb çıxmaq istəsə də, gördüyü qayğı və nəvaziş onu fikrindən daşındırdı. Dönüb balaca və zərərsiz uşaqları gülümsəyən gördü. Uşaqlardan biri qaçıb masadan onun üçün yemək də gətirdi. Hər zaman olduğu kimi yedikdən, sevələndikdən sonra uşaqların ayağına sürtünərək, mırıldayıb-miyoldayaraq təşəkkürlərini bildirdi. Saraydan çıxanda zibil qutularına atılan artıq yeməkləri görəndə məhəllənin uclarında yaşayan bir qarın çörəyə möhtac insanları düşündü. Görəsən, onlar niyə bu "şənliyə" dəvətli deyillər?! Çox qəribədir! Artıq gün qüruba yaxınlaşırdı. Pisik də öz səyahət dairəsini tamamlamaq üzrəydi.
Səyahət dairəsini tamamlayan sonuncu halqa qəbirstanlıq idi. Buradan sonra yenidən öz evinə, Qaliya xalanın "pişiklər pansionatı"na qayıdırdı. İnsan qəbirstanlığa gedəndə içini həmişə bir hüzün, kədər hissi bürüyür. Bunun səbəbi doğmalarını itirməkmi, yoxsa bir gün özünün də bu daş, beton və mərmər yığını altında uyuyacağını bilməsi idimi?! Dəqiq demək çətindir. Pişik də insanlar kimi müxtəlif duyğular seli içində bu mərmər "şəhərciyi" dolanır, sanki mərmərə həkk olunmuş şəkli dəyil də, həmin insanın özünü görürmüş kimi diqqətlə bəzi qəbirləri izləyir, onlara nəsə demək istəyir, ya da qəbirdəkilər ona nəsə pıçıldayırdı. Müxtəlif yaş qruplarından və cinsdən olan yüzlərlə insan, yüzlərlə xəyalları, ümidləri, planları olan insanlar indi çürüyüb torpağa qarışırdı. Həyat döngüsü çox qəribə, eyni zamanda da heyrətamizdir. Pişik də bir gün bu dünyanı, həyatı tərk edib gedəcəyinin fərqindədir, amma o insanlar qədər təəssüf və ya qorxu hissi keçirmir. O bunun təbii və zəruri bir proses olduğunu bilir. Sadəcə insanlarla yaşaya-yaşaya onların bəzi xüsusiyyətlərini əxz etmişdi, deyəsən. İtirdiyi şeylərin peşmançılığını çəkdiyini hiss edirdi bəzən. İtirdiyi ilə keçirə biləcəyi ehtimal olunan anları düşünür, gerçək deyil, xəyal olduğunu bilsə də, o anların həzzini yaşayırdı. İndi də bir qəbir önündə dayanıb həm mərmərə həkk olunmuş şəkli, həm də qəbrin ardında batmaqda olan Günəşin yaratdığı al-qırmızı qürubu izləyirdi. Onun bu halda nələr düşündüyü, nələr hiss etdiyi mənə o qədər də aydın olmasa da, bəzən bu pişik üçün darıxıram. İndi yəqin çoxunuza bu pişiyi haradan tanıdığım, necə onun həyatını belə detalları ilə bildiyim maraqlı gəlir. Bilirsiniz, bu əslində mənim pişiyim idi. İnternat məktəbini bitirəndən sonra işlədiyim kafenin arxasında təsadüfən tapdığım və mənim kimi yetim qalmış pişik idi. Onu sahibləndim, bəslədim, qayğı göstərdim. O da mənim ən yaxın dostum oldu. Yəni, dostum idi. Ta ki mən müharibədə şəhid olana qədər.
“Ədəbiyyat və incəsənət”
(23.06.2026)
Heydər Əliyev pambıqçılardan soruşur, nə istəyiniz var, onlar deyirlər, “İtkin gəlin” kitabı
Ədalət Rəsulova,
AMEA Ədəbiyyat İnstitutunun XX-ƏSR şöbəsinin əməkdaşı
“Ədəbiyyat və incəsənət”
Tələbəlik ömrümüz başlayırdı. Xoş xəyallarla, qanadlı arzularla açmışdın o səhəri! Azərbaycanın müxtəlif yerlərindən gələn uşaqlar ilk dərsin başlanmasını gözləyirdi. Hamı bir-birinə yad nəzərlərlə baxırdı.
Doğma kəndindən ayrıldığım, ilk dəfə şəhərə gəldiyim üçün qərib bir adam kimi sıxılsam da, qəlbim böyük arzularla qanadlanırdı. Zənn edirdim ki, bu az yaşımda üzləşdiyim acılardan, itkilərdən sonra taleyim yəqin ki, bir daha məni ağır sınaqlara çəkməz...
Qəbul imtahanlarına səylə hazırlaşmış, artıq üç imtahandan əla qiymət almışdım. Axırıncı imtahanı da yaxşı versəydim, universitetə qəbul olunacaqdım. Lakin həmin gün imtahan vərəqini itirdim. İmtahan komissiyasının sədri mənə yeni vərəq vermədi. Əvvəl prorektora, sonra rektora müraciət etsəm də, onlardan müsbət cavab almadım.
Zənnimdə yanıldığımı düşünə-düşünə naəlac halda pillələri enirdim. Ayaqlarım keyimişdi elə bil, ürəyim sıxılırdı. Birdən Həmid müəllimi gördüm. Gözlərimdə ümid işıqlandı, dodaqlarıma təbəssüm qondu. Ədəbiyyatdan imtahanı məndən professor Həmid Araslı götürmüşdü. Mənim cavabım onun çox xoşuna gəlmiş, biliyimi "əla" qiymətləndirmişdi. Ürəklənib salam verdim. Bəxtimdən Həmid müəllim məni tanıdı. "Nə olub, bala?" - deyə mənim qəmli olduğumu hiss etdiyindən həlim səslə soruşdu. Mən başıma gələnləri danışdım. Həmid Araslı mənimlə birlikdə imtahan komissiyası sədrinin yanına gəldik: "Mirzə, bir imtahan vərəqi ver, uşaq imtahana getsin". Bayaqdan ağzından "yox" sözündən başqa qeyri kəlmə çıxmayan komissiya sədri imtahan vərəqini mənə uzatdı. Sevincək imtahan otağına girib bilet çəkdim. "Yaxşı" qiymət alıb universitetə qəbul olundum.
Özümə söz verdim ki, ilk dərs günündəcə Həmid Araslıya təşəkkürümü bildirim.
"İlk dərs günü böyük sevinc içində auditoriyaya daxil oldum. Hamı həyəcanla müəllimi gözləyirdi. Fikirləşdim ki, tənəffüs vaxtı nurani simalı Həmid müəllimi tapıb ona təşəkkürümü edəcəyəm. Müəllim auditoriyaya daxil olanda bir anlıq özümü itirdim. Gələn Həmid Araslı idi. İnsanlığına pərəstiş etdiyim Həmid müəllim indi mənə dərs deyəcəkdi. Lakin bir tərəfdən də çox məyus oldum. Çünki təşəkkürümü ona bildirə bilməyəcəkdim. Fikirləşdim ki, əgər mən Həmid müəllimə təşəkkür etsəm, o elə bilər, bu yetim uşaq beş il qiymət almaq üçün ondan kömək istəyəcək. Qərara aldım ki, ali məktəbi bitirməyi gözləyim, o zaman ona minnətdarlığımı bildirim".
Tələbəlik illərimin əvvəllərində çətinliklərlə üzləşdim. Yataqxanada mənə yer vermədikləri üçün, kirayə ev tapıb orada qalmağa məcbur oldum. Maddi sıxıntı içində yaşadım, düz üç il qış aylarını paltosuz, tək pencəkdə keçirtdim. Lakin özümü sındırmadım. Qarşıma qoyduğum məqsəd üçün çalışdım. Zamanının ünlü alimlərindən, görkəmli sənətkarlarından, nəcib insanlarından dərs alırdım: Əli Sultanlı, Həmid Araslı, Mir Cəlal Paşayev, Abbas Zamanov, Mübariz Əlizadə, Yusif Şirvan, Bəxtiyar Vahabzadə...
Mən dərslərimi səylə oxuyur, həvəslə yazırdım: şeirlər, kiçik hekayələr, novellalar. Bir gün təzəcə yazdığım "Ağ saçlı qızın hekayəsi"ni oxuyub fikrini bilmək üçün Bəxtiyar müəllimə verdim. Bəxtiyar Vahabzadə mənim qələmə aldığım hekayəmi bəyənib kiçik bir dəyişiklik edərək bundan sonra yazacağım yazılarımı "Əlibala Hacızadə" imzası ilə təqdim etməyimi mənə tövsiyyə etdi.
Beləliklə, sevimli sənət müəllimimin məsləhətilə yazılarıma Əlibala Hacızadə imzasını qoydum. Universitet qəzetində "Mənim ilk məhəbbətim", "Ömrüm təzələndi", "Yada düşdü", "Bir dəstə nərgiz" kimi lirik hekayələrim çap edildi.
Aşağı kurs tələbələri olan bizlər, eləcə də həmyaşıdlarım bu ortaboy, arıq, xoşsifət, istedadlı oğlana rəğbət bəsləyirdilər. Müəllimlər xətrimi istəyirdilər. Mən həmçinin Bəxtiyar Vahabzadənin sevimli tələbəsi, həmyaşıdım Nahid Hacızadə ilə yaxın dostluq edirdim. Səmimi, təmənnasız dostluğumuz ömür boyu davam etdi.
Qəlb ağrısı, yüksək hissiyyat və böyük sevgiylə yazılmış "Yada düşdü" adlı hekayəm şairin romantik çağlarına həsr olunmuşdu. - ilk məhəbbət, onun ülviyyəti haqqında zərif, poetik bir nəğmə idi...”
Tələbələr divara vurulmuş qəzet lövhəsinin qabağından ayrılmırdılar. Dəhlizdə onu görəndə bir-birlərinə deyirdilər: "Yada düşdü" hekayəsini bax, bu oğlan yazıb".
Hamı ona qibtə ilə baxırdı.
O, beləcə hələ tələbə ikən nəsrin keşməkeşli yollarına çıxıb, taleyini ömürlük sözə bağladı, sözə arxalandı, sözlə qanadlandı. İllər keçdi, Əlibala Hacızadə müasir Azərbaycanın poetik nəsrinin ustadları Seyid Hüseyn, Ənvər Məmmədxanlı, İlyas Əfəndiyev ənənələri üstündə köklənmiş nəğməkar bir yazıçı oldu.
Müdriklər deyiblər: "İstedadı Allah verir, insan tanrısının bu əvəzsiz nemətinə öz zəhmətilə sahib olur".
Müharibə illərində ata-anasını itirib qoca nənəsinin ümidinə qalan Əlibala kiçik yaşlarından zəhmətə qatlaşıb, həm işləyib, həm də oxuyub. Bəxtinə yaxşı insanlar, xüsusilə ömrü boyu unutmayacağı gözəl müəllimlər çıxıb. O, qayğılar, nəcib insani keyfiyyətlər, xeyirxahlıqlar qarşısında həmişə özünü borclu sayıb. Zəhməti, səyi, biliyi ilə müəllimlərinin etimadını doğruldub. Çalışıb ki, sənət müəllimləri Həmid Araslıdan, Mir Cəlal Paşayevdən, Bəxtiyar Vahabzadədən öyrəndiklərinin bəhrəsi kimi öz qələminin məhsulu olan əsərləri ilə ustadlarını sevindirə bilsin. Və buna hər zaman nail olub.
Gəl özünə "yetim" demə, amandı,
"Yurdu sevmək bir ayrıca imandı".
Hər addımda hökm eyləyən zamandı,
"Var ehtiyac tək zamana", ay ustad!
Universiteti bitirəndən sonra respublika Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunda işə başlayır və burada "Fərruxi Yəzdinin poeziyası" mövzusunda namizədlik dissertasiyası müdafiə edir. Akademik Həmid Araslı öz sevimli tələbəsinin hərtərəfli elmi işini bəyənir və bunu dünya şərqşünaslığında XX əsr böyük İran şairi F.Yəzdiyə həsr olunmuş ilk geniş tədqiqat əsəri kimi yüksək qiymətləndirir.
Böyük alimin 10 səhifəlik müsbət rəyi və xoş sözlərini əvəzsiz mükafat hesab edən Əlibala Hacızadə gündəliyində yazmışdı: "Başa düşdüm ki, illərdən bəri qəlbimdə gizlətdiyim o sözləri artıq ona deyə bilərəm. İlk dəfə Həmid müəllimin məndən imtahan götürdüyü, sonra itmiş imtahan vərəqinin yerinə yenisini alıb mənə verdiyini ona dedim: "O vaxt siz mənə kömək etməsəydiniz, indi mən bu səviyyəyə çata bilməzdim". Həmid Araslı bir qədər duruxdu, məndəki dözümə təəccübləndi. Hansı səbəbdən bu sirri saxladığımı dedikdə isə gözləri doldu".
Düz bir il sonra Əlibala Hacızadənin Fərruxi Yəzdi haqqında yazdığı monoqrafiya çapdan çıxdı. O, gündəliyinə bu sözləri yazdı: "Ömrümün beş ilini sərf etdiyim kitab! Qoy bu, ömrü boyu əzab çəkmiş, dodaqları tikilmiş, damarlarına hava verilərək vəhşicəsinə öldürülmüş cəfakeş şairin xatirəsinə məndən kiçik bir əklil olsun!"
Şərqşünas alim kimi Əlibala Hacızadə ömrü boyu yalnız bir yerdə, AMEA-nın Şərqşünaslıq İnstitutunda çalışmış, elmi araşdırmalar aparmış, bir sıra orta əsr mənbələrini dilimizə tərcümə etmiş, eyni zamanda yazıb, yaratmışdır.
Yaradıcılığının ilk illərində sınaq dövrünü uğurla keçən yazıçı öz üzərində səylə çalışaraq getdikcə püxtələşmiş, axtarışlarının bəhrəsi özünün ötən əsrin 60-cı illərində qələmə aldığı hekayə və povestlərdə büruzə vermişdir.
Filologiya elmləri doktoru, tənqidçi Vaqif Yusiflinin təbirincə, yazıçının yaradıcılığında sıçrayış "İnam" povestindən başlayıb. Bu əsərində Ə.Hacızadə adi həyat əhvalatını mənəvi-əxlaqi problem səviyyəsinə qaldıra bilib. Povest çap olunduqdan sonra akademik, görkəmli tənqidçi Məmməd Arif Dadaşzadə əsər haqqında maraqlı bir məqalə ilə çıxış etmiş, onun bədii dəyərini və məziyyətlərini göstərməklə yanaşı, gənc müəllifə tövsiyələrini də vermişdi.
Əlibala Hacızadəyə böyük şöhrət qazandıran, tənqidçi Əsəd Cahangirin "Milli belletrist nəsrin zirvəsi" hesab etdiyi, "oxucu auditoriyası toplamaq baxımından bütün Azərbaycan nəsri tarixində görünməmiş rekord müəyyənləşdirən" "Əfqanıstan trilogiyası" ("İtkin gəlin", "Əfsanəsiz illər" "Ayrılığın sonu yoxmuş") əsərləri oldu. Mərhum tənqidçi Aydın Məmmədovun fikrincə, trilogiyanın ilk əsəri - iki gəncin uğursuz məhəbbətini iddiasız bir dillə nəql edən "İtkin gəlin"lə doğurduğu ümumxalq rezonansı baxımından qarşılaşdırılacaq yeganə roman Anarın "Beşmərtəbəli evin altıncı mərtəbəsi" idi. Trilogiyaya daxil olan romanların ümumi tirajı yarım milyon nüsxədən çox idi və bu, Azərbaycan yazıçısı üçün böyük göstərici sayılırdı. Təsadüfi deyil ki, görkəmli ədəbiyyatşünas alim Abbas Zamanov istedadlı tələbəsinə özünün təzəcə çapdan çıxan "Sabir gülür" kitabını hədiyyə edərkən belə bir avtoqraf yazmışdı: "Azərbaycanın milyonçu yazıçısı Əlibala Hacızadəyə müəllimindən yadigar".
Beləliklə, Əlibala Hacızadə çoxsaylı oxucuların sevimlisinə çevrilmişdi. O, "Mən sözlərimin içində yaşayıram" xatirə-məqaləsində bu haqda yazırdı: "İtkin gəlin" roman-trilogiyasının belə geniş şöhrət tapmasında dahi şəxsiyyət, ədəbiyyatımızın və mədəniyyətimizin dostu və təbliğatçısı Heydər Əlirza oğlu Əliyevin böyük köməyi olmuşdur. Yaşlı nəslin yadındadır ki, Heydər Əliyev o zaman pambıq yığımı mövsümlərində böyük bir qrupla rayonlara gedir, zona müşavirələri keçirirdi. 1980-ci ildə yayın qızmar günlərindən birində Saatlı rayonunda hansısa kolxozun briqadasına gedir, qızları başına yığır, onlara bu ağır zəhmətləri üçün təşəkkür edir və sonra soruşur:
- Bəlkə sizin də bir şeyə ehtiyacınız var, maşına, mebelə! Utanmayın, deyin:- mən canla-başla yerinə yetirərəm.
Pambıqçı qızlardan biri utana-utana qabağa çıxıb: - Heydər müəllim, çox sağ olun. Bizim heç nəyə ehtiyacımız yoxdur, hər şeyimiz var, - deyir, - ancaq bir xahiş eləmək istəyirik: Bu yaxınlarda "İtkin gəlin" kitabı çap olunub. Ondan bizim kəndə bircə nüsxə gəlib çıxıb. Qızlarımız onu oxumaq üçün növbəyə durublar. Əgər mümkünsə, deyin, o kitabdan bir az çox buraxsınlar, biz də oxuya bilək.
Deyirlər, şahların sözü sözlərin şahıdır. O söhbətdən sonra "İtkin gəlin" iki dəfə də hərəsi yüz min tirajla çap olundu və satıldı".
Romanın təkrar nəşr olunan çoxsaylı nüsxələrindən Cəlilabada da göndərildi. Oxucuları müəllifi rayona dəvət etdilər. O, kəndlərdə, təsərrüfatlarda, tarla düşərgələrində oldu, hər yerdə səmimi qarşılandı, oxucuları ilə görüşlərdən çox razı qaldı.
"Qələm əhli gərək heç vaxt məsuliyyət hissini itirməsin, vicdanının, qəlbinin əksinə getməsin, yalan yazmasın".
"Təyyarə kölgəsi" romanının qəhrəmanı Nadirənin gündəliyindəki bu sözlər, şübhəsiz ki, yazıçının öz sözləridir, onun ədəbi mövqeyini əks etdirir. Bu, Əlibala Hacızadənin yaradıcılığı üçün səciyyəvi olan keyfiyyətdir. O, həmişə həyata və insanlara yaxın olub, görüb müşahidə etdiklərini ümumiləşdirərək qələmə alıb, yazdıqlarını özündən uydurmayıb, həyat həqiqətini, gerçəkliyi bədii boyalarla, olduqca təbii, təsirli lövhələrlə təsvir edib. Bütün bunlar yazıçının gözləmədiyi halda, nadanların, qərəzli adamların dedi-qodusuna, müəllifin haqsız hücumlara, böhtanlara, təqiblərə, təzyiqlərə məruz qalmasına səbəb olub. Müsahibələrinin birində o bu barədə ürək ağrısı ilə danışıb:
- "Təyyarə kölgəsi"nin ardı olan "Vəfalım mənim" romanı kitab halında çıxmışdı. Yüksək tirajla çapdan çıxan kitab tez bir zamanda satılıb qurtardı. Roman haqqında qəzetlər yazdı, tənqidçilər xoş sözlər söylədilər. Lakin sevincim uzun sürmədi. Yersiz hücumlara, böhtanlara məruz qaldım. Guya romanda həmin adamların obrazlarını yaratmışam. Hətta o zaman respublikanın baş prokuroru İlyas İsmayılova da şikayət ərizəsi ilə müraciət etdilər. Yaxşı ki, İlyas müəllim romanı oxuyubmuş. Və şikayətçilərə bildirib ki, romanda onlardan heç birinin adı yoxdur. Əgər özlərini orada görürlərsə, bu, müəllifin günahı deyil. Odur ki, müəllifə şər, böhtan atan şəxs kimi məsuliyyətə cəlb olunmalıdırlar.
Onlar qorxub prokurorluqdan əl çəksələr də, yazıçıdan əl çəkmirlər. Onun baş elmi işçi vəzifəsindən çıxarılmasına nail olurlar. Əlibala müəllim çalışıb öz iş yerinə qayıtsa da, qeyri-rəsmi qadağalara, süni maneələrə, mənəvi təqiblərə, hədələrə məruz qalır, əsərlərini nəşr etdirə bilmir. Ona elə gəlir ki, əsəblərini tarıma çəkən, səhhətini korlayan, ailəsinin rahatlığını pozan bu anonim qurama olaylar bitib-tükənməyəcək.
Keçdi günlər aylar ötdu dalbadal,
Qismətinə hər an düşdü qalmaqal,
Zaman səni çox eylədi halbahal,
Çəkdi çətin imtahana ay ustad!
Amma sən saydığını say, mütləq hakim zaman sözünü deyir, zəmanə - dövran dəyişir və çox şeyləri dəyişdirir. Uzun müddət əsərlərinin nəşrinə həsrət qalan yazıçının gözlərində elə bil ümid çırağı yanır və tez də sönür. Bəlli olur ki, indi kitab nəşr etdirmək üçün pul verməlisən, olmasa sponsor tapmalısan, yəni imkanlı adamlara ağız açıb, xahiş-minnət eləməlisən. Onun isə o qədər pulu yox idi, indiyədək heç kimə, heç zaman, ağız açıb minnət eləməmişdi, bundan sonra da eləməyəcəkdi, xasiyyəti belə idi. Odur ki, müsahibələrinin birində - "Mənim kitabımın kitabı bağlanıb", - dedi. Ancaq dünya xali deyil. Kitablarını sevə-sevə oxuyub, istedadına, şəxsiyyətinə ehtiram bəsləyən imkanlı, xeyirxah, ziyalı insanlar özləri onu tapıb əsərlərini çap etdirmək istədiklərini bildirdilər, özü də minnətsiz, təmənnasız.
"Əvvəlcə Saatlıdan xeyriyyəçi Gülhüseyn Əhmədov bir kitabımın çap xərcini öz üzərinə götürdü. Qardaş-qardaşa kömək eləmədiyi indiki zamanda o, mənim 1-ci cildimi çap elətdirdi. Onun əli yüngül oldu. Daha sonra həmyerlimiz, Moskvada yaşayan iş adamı, xeyriyyəçi Gülağa Qənbərov əsərlərimin 10 cildliyinin nəşrinə başladı".
Xeyriyyəçi Gülağa Qənbərov söz verdiyi kimi yazıçının 70 illiyi ərəfəsində əsərlərinin 10 cildliyinin nəşrini başa çatdırdı və kitabların təqdimatını yüksək səviyyədə təşkil etdi.
Əlibala Hacızadə haqqında respublikanın tanınmış ədiblərinin dediklərindən:
- "O, ömrü boyu gözütox yaşayıb, çox təvazökar insan olub, özünü həmişə sakit, təmkinli, ləyaqətlə aparıb" (Anar), "Öz xalqını platonik məhəbbətlə sevib, xalqının Məcnunu olub" (Bəxtiyar Vahabzadə), "Ədəbiyyat xəzinəsinin sahibi olub" (akademik Akif Əlizadə), "Zahirən sakit, səssiz-səmirsiz, daxilən təlatümlü bir həyat yaşayıb" (Ayaz Vəfalı), "Yaradıcılığı Azərbaycan torpağına bənzəyib: yazda əkib, payızda əkib, ildə neçə dəfə çevirib." (Sabir Rüstəmxanlı), "Ən çox oxunan yazıçı olmaq xoşbəxtliyi ona nəsib olub" (Fikrət Sadıq), "Yazıçı kimi onun dəyərini xalq verib" (Qabil).
Əlibala Hacızadə "Əsərləri"nin 1-ci cildinə ön sözündə yazıb: "Dünya malı, sərvəti, fəxri adlar, mükafatlar həsrəti ilə yaşamamışam. Mənim üçün ən böyük fəxri ad - yazıçı, ən böyük mükafat - oxucularımın mənə bəslədiyi məhəbbətdir və bununla həmişə fəxr etmişəm. Ayağımın altında kəsilən qurbanlar, "Qoy o kitabları yazan əlindən öpüm!" - deyən insanlar görmüşəm. Azərbaycanımızın demək olar ki, hər yerində, elində, obasında onlarla, yüzlərlə Əfsanə və Elməddin! - bunlar mənim qəhrəmanlarımdır - adını daşıyan qızlarımız, oğlanlarımız var. Və mən özümü onların mənəvi atası sayıram. Hətta bir neçəsinin nişanında, elçiliyində, toyunda bir ağsaqqal kimi iştirak etmişəm. Bu, məhəbbət deyil, mükafat deyil, bəs nədir?"
Axır vaxtlar Prezident təqaüdü alanda yaxın dostu Nahid Hacızadəyə demişdi: "Yaxşı oldu, lap yerinə düşdü, müalicəyə, dava-dərmana çatdıra bilmirdim".
Müalicəsi uzun sürdü... Gündəliyində yazmışdı: "İnsanların bir yolu var: bu yol anamızın isti beşiyindən başlayıb torpağın soyuq beşiyinə qədər uzanır...
Bir qara tabutda gətirəcəklər,
Üstümə dünyanın gülü gələcək".
O, bu günü görmüşdü. Gül-çiçəyə bürüdülər məzarını. Kimlər? Gözləri nəmli oxucuları, etibarlı yazıçı dostları, həmkarları, yaxınları, sadə insanlar.
"Mən bu dünyaya sakit, səssiz-səmirsiz gəlmişəm, beləcə səssiz-səmirsiz də gedəcəyəm," - demişdi. Elə də oldu. Ancaq dünyaya gələndə ailəsi, yaxın qohumları sevinmişdilər. Son mənzilə yola salanda isə Azərbaycanın bütün guşələrində yaşayan qəhrəmanları - Əfsanələr, Elməddinlər, Nadirələr, təkrar-təkrar kitablarının çapını istəyən oxucular, sənətsevərlər yasa batdılar.
Gül-çiçəyə bürünən məzarını dövrəyə alanlar sözlərini xatırlayıb, elə bil səsini eşitdilər: "Ayrı bir ölməzlik olur - öləndən sonra yaşamaq. Mən öləndən sonra da əsərlərimlə yaşayacağam".
... Günlər aylara, aylar illərə sığındıqca zaman-dövran dəyişdi. Və vaxtilə söylədikləri, yazdıqları çin oldu.
Əlibala Hacızadə sənətsevər insanların qəlbində yaşayır. İndi baba-nəvə olmuş Əfsanələrin, Nadirələrin, Elməddinlərin boya-başa çatmış övladları, əsərlərinin qəhrəmanları 90-nında "Üstünə dünyanın gülü" nü, təzə-tər çiçəklərini gətirirlər, unudulmaz, işıqlı xatirəsini əziz tutan qələm dostları, həmkarları, yaxınları, çoxsaylı oxucuları ziyarətinə gəlirlər, ürəklərinə təsəlli olan sözlərini xatırlayır, sanki həlim, həzin, həm də inam dolu səsini eşidirlər: "Ayrı bir ölməzlik olur - öləndən sonra yaşamaq. Mən öləndən sonra da əsərlərimlə yaşayacağam".
“Ədəbiyyat və incəsənət”
(23.06.2026)
Hekayə saatı Coşqun Xəliloğlunun “Sükan arxasında” hekayəsi ilə
“Ədəbiyyat və incəsənət” portalının “Hekayə saatı” rubrikasında bu gün sizlərə Azərbaycan Yazıçlar Birliyinin üzvü Coşqun Xəliloğlunun “Sükan arxasında” adlı qısa hekayəsi təqdim edilir.
COŞQUN XƏLİLOĞLU
SÜKAN ARXASINDA
QISA HEKAYƏ
Ceyhun babanın altmış beş illik ömründə heç vaxt maşını olmamışdı. Gəncliyində kasıbçılıq, sonralar isə ailə qayğıları ona bu barədə düşünməyə belə imkan verməmişdi. Düzdür, təqaüdə çıxmağa az qalmış bir az vəsaiti var idi. Amma fikirləşirdi ki, artıq gecdir. Maşın sürməyi öyrənmək üçün xeyli vaxt, təcrübə və bacarıq lazımdır. Onun üçün maşın sürmək həmişə əlçatmaz, məsuliyyət tələb edən və həyəcanlı bir məşğuliyyət idi. Amma hər şey beşyaşlı nəvəsi Muradın onlara qonaq gəlməsi ilə dəyişdi.
Həmin gün parkda gəzərkən Murad rəngbərəng attraksion maşınlarının olduğu meydançanı gördü. Balaca əlləri ilə babasının pencəyindən dartıb, "Baba, mən də sürüm!" – yalvarışa bənzər səslə dedi. Meydançada uşaqlar maşınları bir-birinə çırpır, gülüş səsləri, şən qışqırıqlar ətrafa yayılırdı. Murad hələ çox balaca idi, maşını tək idarə edə bilməzdi. Nəzarətçi gülümsəyərək dedi: "Əmi, Siz də minməlisiniz, uşaq hələ kiçikdir."
Ceyhun baba birdən duruxdu. Ətrafa boylandı. O, yaşlı bir adamın oyuncaq maşına minməsini ayıb, bir az da gülünc hesab etdi. "Yox, a bala, mən hara, maşın hara? Ayıbdır, camaat baxır," deyə tərəddüd etdi. Amma Muradın nəmlənmiş gözlərini görəndə tab gətirə bilmədi. Utana-utana, əynindəki təzə, səliqəli kostyumla balaca, qırmızı maşına tərəf addımladı və güclə də olsa, Muradın yanında əyləşdi.
Siqnal səsi eşidildi və maşınlar işə düşdü. Murad sevinclə sükandan yapışdı, amma maşını döndərə bilmədi. Ceyhun baba böyük əlləri ilə balaca sükanı bərk-bərk tutdu, ayağını isə ehtiyatla qaz pedalına basdı. İlk toqquşmada maşın titrədi və onlar silkələndilər. Baba diksinən kimi oldu, amma Muradın bərkdən gülməsi onun ürəyinə sərinlik gətirdi. Digər maşın gəlib onlara dəyəndə, baba artıq özü də bilmədən sükanı sola burdu, cəld manevr etdi. Üç-dörd dəqiqə ərzində o, illərdir unutduğu, bəlkə də heç yaşamadığı bir hissi – uşaqlıq sevincini dadırdı. Çöhrəsindəki o ciddi, qaraqabaq ifadə yox olmuşdu – uşaq kimi gülümsəyirdi.
Növbəti gündən başlayaraq hər gün axşamçağı baba nəvəsi ilə parka gəlir, bilet alıb maşına minirdilər. Bu zaman təkcə balaca Murad yox, həm də baba sevinirdi. Ceyhun baba artıq qazı vaxtında verməyi, toqquşmalardan yayınmağı öyrənmişdi. O, sanki itirilmiş uşaqlığını bu balaca meydançada tapmışdı.
Amma hər gözəl nağılın bir sonu olur. Bir neçə gündən sonra Muradın valideynləri gəlib uşağı öz evlərinə apardılar. Muradsız ev birdən-birə sanki boşaldı, səssizləşdi.
Ertəsi gün Ceyhun baba yenə parka gəldi. Ayaqları onu ixtiyarsız maşın meydançasının yanına gətirdi. Kənarda dayanıb rezin altlıqlı maşınların səsinə, uşaqların hay-küyünə qulaq asdı. İçindən qəribə bir istək keçdi: "Gedim bir bilet alım, yenə sürüm".
Amma yanında nəvəsi yox idi. Təkbaşına o maşına minsə, kənardakılar nə düşünərdilər? "Ağsaqqal kişidir, deyəsən, başı çatmır", deyərdilər.
Cibindəki pulu yoxladı. Pulu var idi. Amma özündə cəsarət tapıb nəzarətçidən xahiş edə bilmədi. İndi o, meydançanın dəmir barmaqlıqlarından yapışıb içəridəki maşınlara baxan kasıb və oyuncaqsız qalmış uşaqdan fərqlənmirdi. Uşaqlığında kasıbçılıqdan oyuncaq maşınlarla oynaya bilmədiyi günlərin həsrəti, qocalığın gətirdiyi "ayıbdır" qorxusu ilə birləşmişdi.
Ceyhun baba dərindən ah çəkdi, əllərini pencəyinin cibinə qoyub, sakitcə evlərinə tərəf addımladı. Amma əllərində o balaca sükanın istisini hiss edir, Muradın dünən maşından düşərkən çöhrəsini bəzəyən gülüşünü xatırlayırdı.
“Ədəbiyyat və incəsənət”
(23.06.2026)
İlk şeirlərini qatarların səsi ilə yazmışdı...
ZİVƏR AĞAYEVANIN XATİRƏSİNƏ
Kamalə Abıyeva,
“Ədəbiyyat və incəsənət”
Valideynləri əslən Ağsudandı. Atası dəmiryolçu olduğundan Hacıqabula Muğan stansiyasına rəis təyin olunur. Zivər Ağayeva da elə 30 may 1934-cü ildə Hacıqabulun Qarasu kəndində dəmiryolçu ailəsində anadan olur. Orta təhsilini Hacıqabulda alır. Orta məktəbdə oxuyarkən ədəbiyyatı, şeiri sevib. Uşaqlıqdan sakitliyi, təmkini, xəyalpərvərliyi ilə seçilib. Öz xatirələrində tez-tez atasının iş yerinə getdiyini söyləyir Zivər xanım. İlk şeirlərini qatarların səsi ilə yazıb...
Həm də gözəl rəsmlər çəkib xarici görünüşü ilə də diqqət çəkən bu qızcığaz. Ədəbiyyata sevgisi bir başqa olsa da, həkim olmağı da arzulayıb. Bu arzuyla 8 illik təhsildən sonra 1 nömrəli Bakı Tibb texnikimuna daxil olub. Texnikumu bitirəndən sonra ailə həyatı qurub. Həyat yoldaşı Yevlax rayonunda işlədiyindən bir müddət orada yaşayıblar. Ailə qayğıları artsa da şeirdən, poeziyadan ayrıla bilməyib.
Həyat dostu xanımının ədəbiyyata sevgisinə həssaslıqla yanaşır. Ailə Bakıya köçür. Artıq 2 oğul, bir qız anası olan Zivər özünü tibb işçisi kimi görə bilmirdi. Çox vaxt sabahları şeirlə açırdı. “ Filoloq olmaq istəyirdim. Həyat yoldaşım dayağım, dostum oldu. Çox həssaslıqla yanaşırdı arzuma. Bakıya köçdük və mən 1963 –cü ildə ADPU-nun dil-ədəbiyyat fakültəsinə daxil oldum”- o dönəmi belə xatırlayırdı Zivər xanım. Tələbəlik illərində artıq dövrü mətbuatda çap olundu, imzası tanındı.
Təhsilini başa vurandan sonra o illərin ən ünlü, oxunaqlı mətbu orqanlarından olan “Azərbaycan qadını” jurnalında işləməyə başladı. 1969-1994-cü illərdə jurnalın məktublar və ədəbiyyat şöbəsinə rəhbərlik edib.
Onun poeziyasında həyat, ana, övlad sevgisi, təbiətə vurğunluq, yaşadığımız bütün duyğular sadə, aydın, poetik dillə verildiyindən oxucuların rəğbətini qazanıb. Vətən sevgisi, ağrıları da onun şeirlərinə hopub elə bil.
Türkün qolu bükülməz
Türkün gücü tükənməz
Bir kərə qalxan bayraq
Bir daha yerə yenməz
Azərbaycan əyilməz
Azərbaycan bölünməz
Bir kərə qalxan bayraq
Bir daha yerə yenmə...
Zivər xanımın yaradıcılığında uşaqlar üçün yazdığı şeirlər də xüsusi yer tutur. Onun “Sürəyyanın yuxusu”, “Qarğı at”, “Özün seç, özün bəyən” kimi kitabları uşaq ədəbiyyatına layiqli tövhədir.
Küsən kitab
Kitabı anasına
Göstərib dedi Süsən:
– Ana, axı dərsimi
Oxuya bilmirəm mən.
Ana gördü kitaba
Süsən şəkillər çəkib.
Heç oxunmur yazılar,
Ev, inək, təkər çəkib…
Ana söylədi: – Kitab
Səndən küsüb, barışmır.
Sən xətrinə dəymisən,
Buna görə danışmır.
Zivər Ağayevanın “İlk baharda gəlmişəm”,“Dənizlə görüş”, “Kimlərə qaldı dünya”,”Axar sular geri dönməz” və s. kitablarında toplanan, axıcılığı, səmimiliyi ilə sevilən şeirlərinə onlarla mahnı bəstələnib.
Hacı Xanməmmədov, Elza İbrahimova, Oqtay Rəcəbov, Rauf Məmmədov, Nailə Mirmmədli, Məmmədbağır Bağırzadə və b. tərəfindən sözlərinə bəstələnən mahnıları Zeynəb Xanlarova, Şövkət Ələkbərova, Nəzakət Məmmədova, Nisə Qasımova, Flora Kərimova kimi sənətkarlar ifa edib.
Yaraşıqlı Zivər xanımın özünəməxsus işıqlı təbəssüm olardı gözlərində. Sonra bu təbəssümə kədər qarışdı. “Xoşbəxt idim. Ailəm, yaradıcılığımla xoşbəxt idim. Amma həyat həmişə güldürmür adamı. Həyat yoldaşımı qəzada itirdim. Gözlənilməz ağır itgi idi. Qohum, dost-tanış təsəlli olmağa çalışsa da, 3 uşaqla tək qaldım. Çətinliklə də olsa övladlarımı böyütdüm. Onların sevgisi, şeirlərim mənə güc verdi. Yaşadım. Narazı deyiləm yenə də. Ana kimi, şair kimi, vətəndaş kimi yaşaya bildim.” – Bu da onun sön illərinin xatirəsidi. Bir də “Şeir-söz ürəyimi narahat etməsə yaza bilməzdim”-deyirdi. 2015-ci il iyunun 22-də dünyasını dəyişsə də sözü ilə yaddaşlarda qalıb. Sözlərinə yazılan nəğmələr kimi ruhumuza hopub. Və bu nəğmələri eşidəndə pıçıldayırsan: sözlərin naxışısan, necə unudaq səni?
Sənətkarımız Flora xanım deyir ki, elə şəxsiyyətlər var ki, yadımıza düşməməlidi, sadəcə onları unutmağa ixtiyarımız yoxdu, Zivər xanım Ağayeva kimi.
Tərsə gördüm, nə gördümsə dünyada,
İnansam da mən yaxına, mən yada.
Zivər, səni salmasa da el yada,
Tarix özü yaddaşında yaşadar.
-deyən Unudulmayan Zivər xanım, ruhun şad olsun.
“Ədəbiyyat və incəsənət”
(23.06.2026)


