Uzun illər xəstə yatsa da nikbinliyini itirməzdi... Featured

İnci Məmmədzadə,

“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi

 

"Xarakterik obrazları indi də gözümün qabağındadır. O, uzun illərdir ki, xəstə idi. Bir müddət xəstəxanada yatdı. Teatrda işlədiyi dövrdə bir-birindən fərqli, xarakterik rolları ilə fərqlənirdi. Xəstə olduğu vaxtda belə o, nikbin, gümrah görünürdü. Onun nikbin görünüşü adamı sevindirirdi. Adama elə gəlirdi ki, bu adam heç uzun müddət xəstəxanada yatmayıb, xəstəliklə əlbəyaxa olmayıb…”

 

Tofiq Əbdülrəhim oğlu Hüseynov 1949-cu il iyunun 24-də Bakı şəhərində anadan olub. 1971-ci ildə M. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun "Dram və kino aktyoru" fakültəsini bitirib. O, bir çox teatrların səhnəsində çalışmış, müxtəlif səpkili obrazlar ifa edib. Bunlardan Ü. Hacıbəyovun "O olmasın, bu olsun"unda Rza bəy, F. Aşurovun "Bu meydan, bu şeytan"ında Əzrayıl, Anarın "Adamın adamı"nda Mərd Mazarov və s. başqa obrazları buna misaldır.

T. Hüseynov 2001-ci ildən Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında çalışıb. Öncül sənət ocağının repertuarındakı müxtəlif janrlı tamaşalarda uğurlu rollar oynayıb. Onlardan Komisyonçu (N. Hikmət, "Kəllə"), Knyaz Orbeliani (H. Həsənov, "Brüsseldən məktublar"), Oqtay (B. Vahabzadə, "Rəqabət"), Hacı Kərim (C. Məmmədquluzadə, "Ölülər") kimi obrazlar ona tamaşaçı rəğbəti və məhəbbəti gətirib.

 

Teatr səhnəsindəki rolları

- Komisyonçu ("Kəllə", Nazim Hikmət)

- Knyaz Orbeliani ("Brüsseldən məktublar", Həsən Həsənov)

- Oqtay ("Rəqabət", Bəxtiyar Vahabzadə)

- Hacı Kərim ("Ölülər", Cəlil Məmmədquluzadə)

- Laz ("Qanlı Nigar", Sadıq Şəndil)

- Ninkoviç ("Nazirin xanımı", Branislav Nuşiç)

 

Filmoqrafiya

- Axırıncı dayanacaq (film, 2014)

- Bağdada putyovka var... (film, 2000)

- Biz qayıdacağıq (film, 2007)

- Biz qayıdacağıq (veriliş, 2007)

- Cavid ömrü (film, 2007)

- Dəvətnamə (film, 1989)

- Əlvida, cənub şəhəri (film, 2006)

- Ərazi (film, 2005)

- Kənddən gələn var. II hissə

- Köpək (film, 1994)

 

10 may 2019-cu ildə və 7 may 2020-ci ildə Prezident Mükafatına layiq görülüb. Tofiq Hüseynov 5 iyul 2020-ci ildə Bakıda öz yaşadığı evdə xərçəng xəstəliyindən vəfat edib.

Tofiq Hüseynovun ölümü sənət yoldaşlarını xeyli kədərləndirib. O, sənət yoldaşlarının yaddaşında istedadlı, xarakterik aktyor olmaqla bərabər, səmimi insan kimi qalacaq. Xalq artisti Rafiq Əzimov deyir ki, Tofiq Hüseynov Milli Dram Teatra gəldiyi ildən bəri xırda, epizodik rollarda oynasa belə öz sözünü demiş aktyor olub:

"Bir işdir də, düşmüşük, Allahın köməyi ilə yaxşı olar”- deyəndə, onun nikbinliyinə heyran olurdum. Tofiq Hüseynovun vəfat etməsi ilə bağlı xəbəri internetdə görəndə inanmadım. Onun vəfatı məni çox kədərləndirdi. Mən ümid edirdim ki, onunla bir tamaşada yenə oynayacağıq. Təəssüf ki, istedadlı aktyorlarımızı itiririk. Ondan əvvəl Rafael Dadaşov vəfat etdi. Bu cür aktyorlarımızın ölümü ilə teatrımız itirir ”.

R.Əzimov həmkarını peşəkar aktyorluq keyfiyyətləri ilə yanaşı, səmimi insani keyfiyyətlərə də malik insan kimi xatırlayır:

 "Onun hamıya qarşı səmimi ürəyi vardı. Söhbəti yalnız yaradıcılıq işləri, yeni tamaşalarda oynamaqla bağlı olurdu. Mən kədərlənirəm ki, aramızdan belə aktyorlar gedir. İstedadlı aktyor nadir hallarda yetişir. Təəssüf ki, biz Tofiq Hüseynov kimi istedadlı aktyoru daha aramızda görməyəcəyik. Növbəti səhnəmizin pərdələrinin açılacağı günü səbirsizliklə gözləyirik. Teatrı, kinonu televiziya tamaşalarımızı da gözləyirik, amma Tofiqsiz...”

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(24.06.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.