Bir gün Ordubadda - Qərbi Azərbaycana Qayıdış III festival-konqresi keçirildi Featured

Aygün Bayramlı

“Ədəbiyyat və İncəsənət" portalının İncəsənət şöbəsi

 

Ölkəmizdə olduqca mühüm hadisə baş verdi. “Qərbi Azərbaycana Qayıdış III festival-konqresi” kimi mötəbər tədbirin bir parçası olmaq olduqca qürurverici idi.

 

Tədbir iki gün davam edərək birinci günü Ordubadda baş tutdu. Təntənəli konsert proqramı ilə başlayan konqres-festival Qərbi Azərbaycana həsr olunmuş sərgilərlə davam etdi. Sərgidə bölgənin zəngin mətbəxi, Ordubad təamları – sucuq, paxlava, müxtəlif dolmalar, Ordubad qayğanağı, umac halvası, Arzuman küftəsi, tərək, quymaq, qalın (yeznə qalını), doşab, növbənöv pendirlər, hədik, qaysava və ev şəraitində hazırlanmış digər nemətlər təqdim olunurdu. Bütün bu təamlardan dadmaq imkanımız var idi.

Gülərüzlü, mehriban və istiqanlı naxçıvanlılar öz ləziz təamlarını səmimi münasibətləri ilə daha da dəyərli edirdilər. Təqdim olunan təkcə yemək deyil, həm də nəsildən-nəslə ötürülən ənənə, mədəni yaddaş və xalq ruhu idi.

Nahar fasiləsindən istifadə edib Ordubadın qədim Təbriz küçələrini xatırladan məhəllələrini gəzdik. Könül xanımın qonağı olduq. Ordubadlı Könül xanım tərtəmiz, sadə və zövqlə bəzədilmiş rayon evində bizi böyük sevinc və səmimiyyətlə qarşıladı. Dəmlədiyi çayın yanında masaya Ordubad meyvələri, çərəzlər və qoz mürəbbəsi düzdü. Mürəbbənin rəngi o qədər canlı və parlaq idi ki, sanki insanın üzünə gülümsəyirdi. Mən ömrümdə bu qədər ləzzətli qoz mürəbbəsi yeməmişdim. Günün ən isti saatlarında təzə dəmlənmiş çayın mürəbbə ilə yaratdığı dad ahəngini heç zaman unutmaram.

Fasilənin bitməsinə az qalmış yola düşməyə hazırlaşırdıq ki, Könül xanım tələsik bir qab təzəcə yuduğu Ordubad əriklərini gətirib: “Buz kimidir, ürəyiniz sərinləyər, götürün, yolda yeyərsiniz”, – dedi. Bu səmimiyyət və qayğı məni bir daha heyran etdi. Elə bildim Könül xanım, 100ildir görmədiyim doğmamdır.

Yol boyu qarşılaşdığımız insanlar da eyni qonaqpərvərliklə “Gəlin, qonağımız olun” deyə bizi evlərinə dəvət edirdilər. Bu doğmalıq və insan istiliyi Ordubad səfərimizin ən yaddaqalan xatirələrindən birinə çevrildi. Yol boyu öz-özümə deyirdim, nə qədər mehribandırlar, ilahi…

Konqres-festivalın ikinci günü isə elm adamları bir araya gələrək Qərbi Azərbaycanla bağlı müxtəlif istiqamətlər üzrə apardıqları tədqiqat işlərini təqdim etdilər. Mən də “Qərbi Azərbaycan rəqs sənəti və onun türk mədəni irsində yeri” mövzusunda məruzə ilə çıxış etdim. Xatırladlm ki, bu tədqiqat işi elmi rəhbərim, Sənətşünaslıq üzrə fəlsəfə dokrotu Həbibə Məmmədova ilə birgə çalışmamız idi. Təqdimatlar zamanı Qərbi Azərbaycanın tarixi, mədəniyyəti, folkloru, incəsənəti və milli-mənəvi irsinin qorunması istiqamətində aparılan araşdırmalar geniş müzakirə olundu.

 Sonda isə yazımı cənab prezidentin sözləri ilə bitirmək istəyirəm; “Bizi Qərbi Azərbaycana böyük qayıdış gözləyir.”

 

“Ədəbiyyat və incəsənət”

(24.06.2026)

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.