İnci Məmmədzadə,
“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi
Kinodramaturq, kinorejissor, üstəlikyazıçı HəsənSeyidbəyli! Bu şəxs kinomuza və ədəbiyyatımıza elə böyük töhfələr verib ki, ərsəyə gətirdiyi işlər dövlət mirası hesab edilir. Sənətkar üçünsə bundan qiymətli heç nə ola bilməz.
Bəli, bu gün Azərbaycan SSR xalq artisti Həsən Seyidbəylinin anım günüdür. Həsən Seyidbəyli 22 dekabr 1920-ci ildə Bakı şəhərində anadan olub. Burada 132 saylı şəhər orta məktəbini bitirib. Leninqrad Kino Mühəndisləri İnstitutunda, Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun kinorejissorluq fakültəsində təhsil alıb.
"Azərbaycanfilm" kinostudiyasında kinorejissor, Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi və sədri vəzifəsində işləyib. "İmtahan", "Qızıl axtaranlar", "Bağlı qapılar" adlı dram əsərləri Azərbaycanda və xaricdə səhnəyə qoyulub.
"Uzaq sahillərdə" (1954, İ. Qasımovla birgə) romanı Sovet İttifaqı Qəhrəmanı M. Hüseynzadəyə həsr olunub. Əsərləri bir sıra xarici dillərə tərcümə edilib. Filmləri Ümumittifaq Kino festivallarında mükafat və diplomlara layiq görülüb. Film Fondunda rejissor Həsən Seyidbəylinin şəxsi arxivi yaradılıb.
Filmoqrafiya
- Bakıdan Göy-gölədək, Böyük yol, Bizim Cəbiş müəllim - rejissor
- Quba bağlarında və Tərtərçay vadisində, Xoşbəxtlik qayğıları - rejissor, ssenari müəllifi
- Doğma xalqıma, Qızmar günəş altında, Uzaq sahillərdə, Şosedə hadisə, Əyri yolla qazanc – ssenari müəllifi
- Telefonçu qız, Möcüzələr adası, Sən niyə susursan?, O qızı tapın - quruluşçu rejissor, ssenari müəllifi
- Kinorejissor Həsən Seyidbəyli – Film Həsən Seyidbəyliyə həsr olunub.
- Kinonu sevən adam. Həsən Seyidbəyli – Film Həsən Seyidbəyliyə həsr olunub
Təltifləri
1. "Azərbaycan SSR xalq artisti" fəxri adı
2. "Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adı
3. "Qırmızı əmək bayrağı" ordeni
4. "Şərəf nişanı" ordeni
Oğlu Ziya atası barədə deyir:
“1939-cu ildə atam Moskvaya getdi. Orada VQİK-də (Ümumittifaq Kinematoqrafiya İnstitutu) kinorejissorluq fakültəsində oxumağa başladı. Atam Sergey Eyzenşteynin və Qriqori Kozintsevin tələbəsi olub. Kozintsevin atama yazdığı məktublar indiyə qədər məndə durur. O, bizdə qonaq da olub. Atam Moskvada institutu bitirib Bakıya qayıdandan sonra burada onu təxminən dörd, beş il kinoya yaxın buraxmadılar. Halbuki ovaxtkı rejissorların heç biri onun qədər savadlı və təcrübəli deyildi.
Həmin illərdə atam “Telefonçu qız”, “Uzaq sahillərdə”, “Cəbhədən cəbhəyə” kimi nəsr əsərləri yazdı. “Telefonçu qız” və “Uzaq sahillərdə” ekranlaşdırıldı. “Cəbhədən cəbhəyə” əsəri də qismən “O, qızı tapın” filminin ssenarisində istifadə olunub.
Atam demək olar ki, bütün filmlərinin ssenarisini ya özü tək yazırdı, ya da kiminləsə birlikdə. “Bizim Cəbiş müəllim” filmi onun ssenarisini yazmadığı yeganə filmidir. Amma həmin filmdəki dialoqların çoxu improvizasiya idi. Ona görə ki, orada gözəl aktyor heyəti vardı. Atam da filmdə iştirak edən aktyorları heç vaxt sıxmırdı. Onlara sərbəstlik verirdi.
O, əsl ata idi. Onun üçün həmişə birinci ailəsi, uşaqları gəlirdi, sonra sənəti. Yaxşı musiqilər dinləməyi, bilyard oynamağı, ova getməyi xoşlayırdı. “Bitlz” qrupunu, onların ifa etdiyi musiqiləri çox sevirdi. Üzməyi, dənizi də çox sevirdi. Hətta mən bildiyimə görə atam gənc olanda Nardaranda dənizdə iki qızı batmaqdan xilas edib.
O ki qaldı dostlarına, İmran Qasımovla dostluq edirdilər, həm də birgə yazırdılar. Amma sonra bir-birlərindən uzaqlaşdılar. Gənclik illərində Maqsud və Rüstəm İbrahimbəyov qardaşları ilə yaxın idi. Atam vaxtilə onların Kinematoqrafiya İttifaqına qəbul olunmaları üçün köməklik etmişdi. Onlar da sağ olsunlar itirmirlər.
İsa Hüseynovla bir yerdə işləyirdilər. Yazıçı Çingiz Hüseynovla da dost idilər. Onda o, Moskvada yaşayırdı, Bakıya qonaq gələndə bizə mütləq baş çəkirdi. Rəssamlardan isə Məmməd Hüseynov, Elbəy Rzaquliyev, süd qardaşı Mikayıl Abdullayevlə dostluq edirdi.
Rasim Balayev o zaman çox gənc olsa da atam Nəsimi rolunu ona etibar etmiş, bu obrazı onda görmüşdü. Buna görə də atam çox maneələrlə rastlaşmışdı. Amma onun öz prinsipləri vardı. Hətta atamın həyatında elə məqamlar olub ki, o, çox yüksək mənsəbli adamlarla, məmurlarla sənət baxımından böyük mübahisələr edib. O dövrdə Mərkəzi Komitə yaradıcı insanları ideoloji baxımdan çox sıxırdı.
Özünün ən çox sevdiyi aktyorlara gəlincə isə, Nəsibə Zeynalovanı çox bəyənirdi. İmkan düşən kimi Nəsibə xanımı filmlərinə çəkirdi. Şəfiqə Məmmədovanı, Xalidə Quliyevanı, Safura İbrahimovanı da çox istəyirdi. Bircə Amaliya Pənahovanı filmlərinə çəkməmişdi. Ondan aktrisa kimi xoşu gəlmirdi. Spesifik aktrisa hesab edirdi. Atamın filmlərindəki rolların heç birinə Amaliya xanım aktrisa kimi uyğun gəlməyib. Amma münasibətləri yaxşı idi. Muxtar Maniyevlə çox yaxın dost idilər, filmlərinə də çəkirdi. Bir də Fazil Salayevi çox bəyənirdi…”
Həsən Seyidbəyli 25 iyun 1980-ci ildə 59 yaşında dünyasını dəyişib.
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(25.06.2026)


