23 İyun 2026-cı il tarixində Özbəkistanın Namangan şəhərində III Beynəlxalq Məqam (muğam) Sənəti Forumunun təntənəli açılış mərasimi keçirilib. Forum Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev tərəfindən rəsmi olaraq açıq elan edilib. Türk Mədəniyyəti və İrsi Fondunun Prezidenti professor Aktotı Raimkulova forumda fəxri qonaq qismində iştirak edib.
“Ədəbiyyat və incəsənət” portalına Türk Mədəniyyəti və İrsi Fondundan verilən məlumata görə, Özbəkistanın dövlət başçısı çıxışı zamanı məqam sənətinin mənəvi dəyərlərin qorunması, mədəni dialoqun möhkəmləndirilməsi və zəngin tarixi-mədəni irsin gələcək nəsillərə ötürülməsində xüsusi rolunu vurğulayıb.
Forum çərçivəsində Özbəkistan Respublikasının Prezidenti məqam sənətinin gələcək inkişafına yönəlmiş bir sıra təşəbbüslərlə də çıxış edib. Belə ki, Yeni Daşkənddə inşa olunan Məqam Mərkəzinə dünya statusunun verilməsi, onun nəzdində Beynəlxalq Məqam Akademiyasının yaradılması, eləcə də vahid Ümumdünya Məqam Antologiyasının hazırlanması təklif olunub. Bu təşəbbüslər Şərq xalqlarının unikal musiqi irsinin qorunmasına, sistemləşdirilməsinə və beynəlxalq miqyasda geniş təbliğinə xidmət edir.
Tədbir çərçivəsində Fondun Prezidenti professor Aktotı Raimkulova fəxri qonaq qismində iştirak edərək, ortaq türk mədəniyyətinin ayrılmaz bir parçası olan məqam sənətinin xalqlararası mənəvi bağların gücləndirilməsindəki rolunu yüksək qiymətləndirib.
Tədbirdə, həmçinin, UNESCO, ISESCO, Türk Dövlətləri Təşkilatı, TÜRKSOY, Türk Dövlətləri Parlament Assambleyası (TÜRKPA) kimi beynəlxalq təşkilatların rəhbərləri, müxtəlif ölkələrin mədəniyyət nazirləri və səfirləri, eləcə də dünyanın 80-dən çox ölkəsindən 250-yə yaxın mədəniyyət və incəsənət nümayəndəsi iştirak ediblər.
Qeyd edək ki, zəngin musiqi irsinin qorunması, öyrənilməsi və təbliği baxımından mühüm beynəlxalq platforma olan III Beynəlxalq Məqam Sənəti Forumu dünyanın müxtəlif ölkələrindən musiqi sənətinin görkəmli nümayəndələrini bir araya gətirib.
“Ədəbiyyat və incəsənət”
(24.06.2026)


