Nərgiz Mustafayeva, Gəncə, “Ədəbiyyat və incəsənət” üçün
Qışın ən uzun çəkən birinci hissəsinə Böyük çillə deyilir. Bu dövr dekabr ayının 21-22-dən yəni ilin ən uzun gecəsindən başlayaraq yanvar ayının son gününədək 40 gün davam edir. Böyük çillənin el arasında qarlı-tufanlı, sümük üşüdən günlərinə “Qaraqış” deyirlər. Belə bir deyim var ki, “Qışın qışlığı çənindən, dumanından bəlli olur, çünki qışın çəni qar gətirər”.
Çillə sözü soryani dilində “Yelda” adlanır. Bu sözün mənası “doğuş” (günün doğması, işığın qaranlığı basması, qaranlığın yox olması) anlamına gəlir.
Çillənin ilk günündə “Çillə gecəsi” adlı bayram keçirirlər. Bu bayram ilin ən uzun gecəsinə düşər, yəni dekabr ayının 21-dən 22-nə keçən gecəyə. Həmin gecə payızın son, qışın isə ilk gecəsidir. Bu bayramda tonqallar yandırılar, şənliklər keçirilər, süfrələr açılar, ərməğan ətri evi başına götürər, istiotlu, darçınlı, mixəkli, zəncəfilli səməni halvası bişirərlər.
Bu gecənin ən əsas təamı isə yaydan bu gün üçün saxlanılmış Çillə qarpızı sayılır. Çillə qarpızının tumları yığılıb gələn ilə saxlanılır, bu həmin il bolluq olacağına işarədir. Çillə qarpızının qabıqları isə suya atılır. Bu adət qədim türklərdə su kultu və ona qurban vermə mərasiminin qalıqlarını özündə daşıyır.
“Ədəbiyyat və incəsənət”
(22.12.2025)


