İnci Məmmədzadə,
“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi
Bu gün tamam ayrı, tam başqayam mən,
Bir kəsək dalında, qum kölgəsində
Gizlənə bilən bir qarışqayam mən!
Qurdların, quşların dişi dibində,
Neçə böyüklərin cibi dibində
Gizlənib dən payım, hər qıxmıq payım.
Bu gün tamam ayrı, tam başqayam mən,
Çiynində özündən nə qədər ağır
Böyük yük gəzdirən qarışqayam mən.
Nə olsun ağırdır dünyanın yükü?
Özləri özümdən heç seçilməyən,
Hər an harayıma yüyürüb gələn
Qarışqa dostlarım, qardaşlarım var,
Başqa sirdaşlarım, yoldaşlarım var!
Çəkib apardığım yükün siqləti
Sanmayın haçansa məni əzəcək, -
Dünya arpa dəni, qarabaşaq tək,
yerimi tutmağa həmişə hazır
Dostların çiynində yenə gəzəcək...
Çingiz Əlioğlu 1944-cü il iyunun 29-da Füzuli şəhərində anadan olub. Burada B.Sərdarov adına orta məktəbi bitirdikdən sonra M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunun istehsalat proseslərinin avtomatlaşdırılması və texnologiyası fakültəsində təhsil alıb. Vətəndaş Həmrəyliyi Partiyasının ilk qurucularından və VHP Ali Məclisinin (Ali Şurasının) ilk üzvlərindən biri olub.
Bədii yaradıcılığa "Gənc qələmlər" (1967) toplusunda çıxan "Xatirələr" şerilə başlayıb. Elə o vaxtdan da fəal ədəbi yaradıcılıqla məşğul olub, dövri mətbuatda şeir, hekayə, ədəbi-bədii tərcümələr və publisistik məqalələrlə müntəzəm çıxış edib. Əmək fəaliyyətinə "Gənclik" nəşriyyatında redaktor kimi başlayıb.
Orada böyük redaktor (1977-1988), redaksiya müdiri (1988-1991), Azərbaycan Dövlət Nəşriyyatında baş redaktor (1991-1992), Azərbaycan Respublikası Mətbuat və İnformasiya Nazirliyində nəşriyyatlar idarəsinin rəisi vəzifəsində çalışıb. Əsərləri keçmiş SSRİ və bir çox Avropa xalqlarının dillərinə tərcümə olunub. Azərbaycan Yazıçılar İttifaqında gənclərlə iş üzrə komissiyanın üzvüdür. Beynəlxalq "Kalevala" cəmiyyətinin üzvüdür.
Gənc şairlərin Ümumittifaq poeziya festivallarında (IV, V, VI) gənc yazıçıların yeddinci Ümumittifaq müşavirəsində və birinci Ümumittifaq toplanışında, Şuşenskoyedə keçirilən yazıçı və tənqidçilərin Ümmuittifaq nəzəri konfranslarında, Krasnoyarsk diyarında, İvanovo-Frankovsk vilayətlərində, Latviya SSR-də keçirilən Sovet ədəbiyyatı günlərində, bir neçə dəfə Moskvada keçirilən Azərbaycan şeiri günlərində, Riqada və Vilnüsdə keçirilən latış, Tilva tərcüməçilərinin beynəlxalq müşavirəsində iştirak edib.
Əsərləri
1.Nikbinlik
2.Vağzallar...Yollar...
3.Soraqlar sevgi məni
4.Ömür ağacı
5.Alnından ay doğan adam
6.Günəşli dayanacaqlar
7.Görüşdən ayrılığa
8.Tanrını tanı (şeirlər və lirik poemalar)
Tərcümələri
(ruscadan)
1.İ.Şklyarevski. Quş kölgəsi (povest)
2.L.T.Tatyaniçeva. Bir budaq şimşək (Xəlil Rza ilə birgə)
3.R.Babloyan. İzsiz bahar (povest və hekayələr)
4.Ayven Soutoll. Bəs sabah necə?
Mükafatları:
"Fransisk Skorina" medalı (Belarus)
Ümumittifaq poeziya müsabiqəsinin üç qalibindən biri kimi "Yunost" jurnalının "Yaşıl yarpaq" mükafatına, Azərbaycan LKGİ MK-nın və Ukrayna KP İvanovo-Frankovsk vilayət komitəsinin fəxri fərmanlarına layiq görülmüşdür. Finlandiya Respublikası Maarif Nazirliyinin təqaüdçüsü (1990).
Azərbaycan ədəbiyyatı və mədəniyyətinin inkişafındakı xidmətlərinə görə 1991-ci ildə Azərbaycanın Əməkdar mədəniyyət işçisi və 2005-ci ildə Azərbaycanın Əməkdar incəsənət xadimi fəxri adlarına layiq görülüb.
“Ədəbiyyat və incəsənət”
(29.06.2026)


