SOL Featured

Nargis,

Yazıçı, naşir.

“Ədəbiyyat və incəsənət”

 

Keçən dəfə Land Mark tərəfdən bir kafedə oturmuşdum. Gözlərimi yavaş-yavaş küçəyə enən qaranlığa zilləmişdim. Qovaq ağaclarının küləkdə çılğınca çırpınışları məni kədərləndirirdi...

 

Oturduğum kafenin pəncərəsindən bomboz şəhərdə bilmədiyim nöqtələrə qaçışan adamları izləyirdim. Texnologiyanın son naliyyətləri ilə təchiz olunmuş kafedə məşhur süni intellekt  F666 –nın mahnıları çalınırdı. Mən ora tək getmişdim. Ona görə ki, hiss və düşüncələrimi bölüşəcəyim kimsə yox idi. Mən izoliyasiya etdiyim ruhumdan, beynimdən kiməsə necə danışa bilərdim. Doğrudur, artıq partiyalar və lüzumsuz ekranların olduğu 1984-cü ildə deyilik. Ancaq indiki inkişaf yaşamağı daha da çətinləşdirib. Hamı bir-birinə qarışıb. Yenə o zamanlar Vinston, partiyadakılar və prollar var idi. Onlar ətdən, qandan ibarət idilər. Robotlaşma onların beynində idi. Ancaq indi robotlaşma həm də ruhdadır. İnsanlar eyni zamanda gerçək robotlarla yaşayır, özlərini onlara bir növ, əmanət edirdilər. Gümüşlərə izah edə bilmədiyim də bu idi. Bir robotun dodağını öpmək...

Həzz, arzu, tutqu, mərhəmət, etibar, əsəb və s. kimi bütün anlayışlar unudulur getdikcə. İnsanlıq mahiyyətini itirir. Gözəlliklərin məhv edildiyi dünya robotlaşmağa məhkumdur. Bunu insan öz əli ilə etdi. Bəs insandan daha ağıllı olduğunu iddia edən Gümüşlər nə üçün bu labüd sonun fərqində deyilldilər? Gümüşlandiyanı da eyni son gözləmirdimi. İnsan eqoizmdən daha sarsıdıcı şey yoxdur zənn edirdim. Amma  var imiş, Gümüşlərin laqeydliyi...

Bəli, kafedə tək idim. Bu isə sarsaq düşünclərimə meydan verirdi. Dəliliyə gedən yolda son surət addımlayırdım. Düşüncələrin burulğanında bütün məntiqimi itirmək təhlükəsi ilə üz-üzə idim. Sanki yüksək bir təpədən özümü okeana çırpılmış kimi hiss edirdim. Üzməyi gözəl bilsəm də, buna cəhd etmək arzusunda deyildim... Sanki mən əllərimi yanıma salıb özümü könüllü boğulmağa məhkum etmək istəyirdim. Bəzən mənə elə gəlirdi ki, Tanrı semiçka çırtlayaraq yer üzündə yaratdığı xaosu izləyir, qımışır. Bu məni dəli edirdi. Görəsən bizi bir marionet ədasıyla  oynatmaqdan bezmədimi?

Kahıya bükülmüş narıncı rəngli günorta yeməyimi vəhşicəsinə ağzıma dürtüşdürdüm. Bütün qanunları pozmaq, doğruluq nəzəriyyəsini kökündən silmək istəyirdim. İntelektual geyimdə bunları etməyim ətrafda maraq oyandırmışdı. Yupyumuru gözlərini gözümə dikib gülümsəyən birini gördüm. O da əlindəki yeməyi mənim etdiyim kimi ağzına dürtüşdürdü. “İnsandır, yoxsa robot” fikri sürətlə keçdi beynimdə. Yalvardım içimdən Tanrıya ki insan olsun. Robot olmasın. O yumru gözlərdəki parlaq səmimiyyət gerçək olsun dedi.

Acı kofemi içirdim. Ağlım kofedə deyildi. İçimə qaynar kofe axırdı. Düşüncələrimin ağırlığı daha çox məşğul edirdi zehnimi. İnsan olsun, nolar.... İnsansızlıqdan yorulmuşam artıq. Bəs Azər? O da var, bəli var, yaxşı ki, var... Onu yığıb bütün gün sarsaqcasına deyinmək keçirdi ağlımdan. Arada yazığım gəlirdi ona da. Nə üçün onu da dartmalı idim arxamca?

Robotvarilikdən bezmişdim. Anidən düşüncələrimi Azərdən ona çevirdim. İmitasiya etdiyim davranışlarından yorulmuşdu. Məni yamsılayırdı dayanmadan. Bu hərəkətlər ancaq bir robot laqeydliyi ilə edilə bilərdi. Sadəcə gözlərindəki  o parlaq səmimiyyət içimdə ümid cücərdirdi.

Ağzımı  elektron təmizləyiciyə yaxınlaşdırdım. Üzümdəki yeməyin artıqları, yağ, qoxu, kir təmizləndi. Burnuma lavanda ətri yayıldı. Yavaşca qalxdım. Qapıya yaxınlaşanda Salam –deyib əlini uzatdı.

-Sol.

Qorxa-qorxa əlini tutdum. Əlindəki istilik bütün damarlarıma yayıldı. Damarlarında hərəkət edən qanın hərarətini duymaq məni xoşbəxt etdi.

-Deyəsən sən də yasəmənləri sevirsən?

Qorxudan və həyəcandan dilimi necə dişlədimsə ağzım qanla doldu.

Yavaşca kənara çəkildim. Sol gülümsəyərək qapıdan çıxdı. İçərişəhərin əyri-ürü tarix qoxan küçələri ilə addımladıq. Hər tərəf xüsusi robotlarla qorunurdu. Mən onların rəngli gözlərindən ürkürdüm. Evimdə də iki robot var idi. Amma nədənsə son vaxtlar mən texnologiyaya üstün varlıq kimi baxa bilmirdim. Hiss edirdim ki, robotlar insan yaradılışı olduqlarını unudublar. Necə ki biz Tanrı tərəfindən yaradıldığımız unutmuşuq. Görəsən robotların da qiyaməti olacaqmı? Onların da 4 müqəddəs kitabı və onlarda da yalnızca öz qövmünü öyən, bəşəriyyəti alçaldan moizələr yer alacaqmı? Xuraftları və inancları məntiqlərini qabaqlayacaqmı? Robotlar da üzərlik yandırıb, falçı yanına gedəcəklərmi? Onların da sitayiş obyektləri, məkanları olacaqmı? Robotlar da bir müddət sonra  insan kimi ölümü (sökümü, məhvi) unudacaqmı?

İnkişafın pik nöqtəsi olduğu kimi, mənəvi çöküşü də gözləniləndir. Bunu robotlar da yaşayacaqmı?

Yasəmənləri qaytarmaq lazımdır. Bu cansız dünyaya  unudulanlar  qaytarılmalıdır.

Sola baxdım. Arıq uzunsov üzündə parlayan gözləri mənə çox canlı göründü, yavaşca əlindən tutdum. Burnumu boynuna yaxınlaşdırdım. Yasəmən ətri gəlirdi...

 

“Ədəbiyyat və incəsənət”

(30.06.2026)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.