Fatimə Məmmədova,
“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi
Ötən gün İran parlamentinin deputatı Kamran Qəzənfərinin səsləndirdiyi fikirlər geniş müzakirələrə səbəb olub. İran mediasının yaydığı məlumata görə, deputat çıxışı zamanı Prezident Məsud Pezeşkianı Azərbaycanın guya hədəfə alınmasının qarşısını almaqda ittiham edib. O, iddia edib ki, İran Silahlı Qüvvələri Bakıya zərbə endirmək istəsə də, Pezeşkian buna imkan verməyib. Qəzənfəri həmçinin heç bir sübut təqdim etmədən Azərbaycanın mərhum Prezident İbrahim Rəisinin həlak olduğu helikopter qəzasında və İranın "12 günlük müharibə" adlandırdığı hadisələr zamanı ABŞ və İsraillə əməkdaşlıq etdiyini irəli sürüb. Qeyd edək ki, deputatın səsləndirdiyi bu iddialar faktlarla əsaslandırılmayıb və onların doğruluğunu təsdiqləyən hər hansı dəlil təqdim edilməyib.
Məsələ ilə bağlı "Ədəbiyyat və İncəsənət" portalına açıqlama verən siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Üzeyir Mustafayevin sözlərinə görə, İran parlamentinin deputatı Kamran Qəzənfərinin çıxışı zamanı Azərbaycana, xüsusilə Bakı şəhərinə yönəlmiş təhdid xarakterli fikirlər səsləndirməsi və hərbi qarşıdurma zamanı Bakıya zərbələrin endirilməsi planının mövcud olduğunu, lakin bunun İran Prezidenti Məsud Pezeşkian tərəfindən dayandırıldığını iddia etməsi Azərbaycan-İran münasibətləri fonunda narahatlıq doğuran növbəti bəyanatlardan biri kimi qiymətləndirilə bilər:
"İkinci Qarabağ müharibəsində Azərbaycanın qələbəsindən sonrakı dövrdə İranın müxtəlif siyasi dairələrinin nümayəndələri, o cümlədən bəzi deputatlar, din xadimləri və digər rəsmilər tərəfindən Azərbaycana münasibətdə sərt ritorika və müxtəlif ittihamlar dəfələrlə səsləndirilib. Bu ittihamların əsas hissəsi Azərbaycanın İsraillə əməkdaşlığı və guya Azərbaycan ərazisinin İran əleyhinə fəaliyyət üçün istifadə olunması ilə bağlı olub. Lakin bu iddiaları təsdiq edən ictimaiyyətə açıq və etibarlı sübutlar indiyədək təqdim edilməyib. Digər tərəfdən, Cənubi Qafqazdakı mövcud geosiyasi vəziyyətə nəzər saldıqda görünür ki, regionun üç ölkəsi arasında yalnız Ermənistan ərazisində Avropa İttifaqının mülki müşahidə missiyası fəaliyyət göstərir. Ermənistanın Qərb dövlətləri ilə təhlükəsizlik və siyasi əməkdaşlığı da son illərdə nəzərəçarpacaq dərəcədə genişlənib. Eyni zamanda, Zəngəzur dəhlizi ilə bağlı müxtəlif beynəlxalq layihələr və xarici şirkətlərin iştirakı da regionun geosiyasi mənzərəsinin bir hissəsinə çevrilib. Beləliklə, əgər İran öz təhlükəsizliyi baxımından regionda xarici təsirləri risk kimi qiymətləndirirsə, həmin prosesləri bütöv regional kontekstdə dəyərləndirməsi daha məntiqli olardı".
Müsahibimizin sözlərinə görə, Azərbaycan və İran münasibətləri isə təkcə cari siyasi hadisələrlə məhdudlaşmır:
" Bu münasibətlər dərin tarixi, dini, mədəni və iqtisadi bağlara söykənir. Bununla yanaşı, İranın şimal-qərbində yaşayan milyonlarla azərbaycanlının mövcudluğu da iki ölkə arasındakı münasibətlərdə zaman-zaman həssas amillərdən biri kimi çıxış edib. Vacib məqamlardan biri də ondan ibarətdir ki, indiyədək İranın bəzi deputatları və ayrı-ayrı siyasi fiqurları tərəfindən səsləndirilən sərt bəyanatlar əksər hallarda rəsmi Tehran tərəfindən nə təsdiqlənib, nə də dövlət siyasəti kimi təqdim olunub. Bununla belə, belə açıqlamalar qarşılıqlı etimad mühitinə mənfi təsir göstərir və iki ölkə arasında inamsızlığın dərinləşməsinə səbəb ola bilir. Bakıya mümkün hərbi zərbə ilə bağlı səsləndirilən fikirlərə gəldikdə isə, Bakı regionun mühüm siyasi, iqtisadi və enerji mərkəzidir və ölkənin ən yüksək səviyyədə qorunan şəhərlərindən biridir. Azərbaycanın uzun illər ərzində müharibə şəraitində yaşamış dövlət kimi hava hücumundan müdafiə sisteminə, strateji obyektlərin mühafizəsinə və milli təhlükəsizlik infrastrukturuna ciddi investisiyalar yatırdığı məlumdur. Bu baxımdan, Bakının və ya onun strateji obyektlərinin asanlıqla hədəfə çevrilə biləcəyi barədə iddialar mövcud reallıqları tam əks etdirmir".
Ü.Mustafayev sonda əlavə edib ki, Kamran Qəzənfəri kimi İranda hakimiyyətdə təmsil olunan anti-Azərbaycan fiqurların vaxtaşırı çıxışları Azərbaycan-İran münasibətlərində onsuz da mövcud olan etimad problemlərini daha da dərinləşdirə, diplomatik mühitə mənfi təsir göstərə və regional təhlükəsizliklə bağlı əlavə suallar yarada bilər. Rəsmi Tehran bu məsələlərdə həssaslıq göstərməli, ifadə azadlığl ilə siyasi sifarişi qarışdırmamalıdır. Yaxın tarixdə baş tutmuş “Mazandaran gölü” mübahisəsindən dərs götürüb nəticə çıxarmaları hakim dairələr daha faydalı olar.
“Ədəbiyyat və incəsənət”
(01.07.2026)


