Musiqiçilər ailəsindən çıxmış Mirzə Mansur Mansurov Featured

 

İnci Məmmədzadə,

“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi

 

Birailə musiqiyə buqədərbağlanarmış...

Mirzə Mansur Mansurov 5 yanvar 1887-ci ildə Bakı şəhərində anadan olub. O, on bir yaşında Sınıq-qala məscidindəki mədrəsədə təhsil alaraq fars dilini mükəmməl öyrənib. Təhsilini rus-tatar məktəbində davam etdirən tarzən burada dörd il təhsil alıb. Mirzə Mansurun atası Məşədi Məlik bəyin Bakı muğam məclislərinin yaradıcısı kimi tanınıb. O, bir sıra musiqi alətlərində - tar, kamança, tütək ifa edib.

 

Həmçinin anası Soltan Bəyim və böyük qardaşı Məşədi Süleyman da saz çalıb. Belə bir mühitdə böyüyən Mirzə Mansurun tara olan meyli artıb və musiqiçi olmağa qərar verib. Kiçik yaşlarından tar çalmağa başlayan Mirzə Mansur ilk tar dərslərini tarzən Mirzə Fərəc Rzayevdən alıb. Onun ilk ifa etdiyi muğamlar "Şur" və "Rast" muğamları olub.

Mirzə Mansur tarzən Mirzə Sadıq Əsəd oğlundan bəhrələnib və Sadıqcan məktəbinin layiqli davamçısı olub. Tarzən muğam nəzəriyyəçisi kimi tanınıb. O, 1920-ci ildən sonra Şərq konservatoriyasında, 1923-cü ildə isə Üzeyir Hacıbəyovun təşkil etdiyi Azərbaycan Dövlət Türk Musiqi Məktəbində tar dərsi deyib.

Daha sonra 1926–1946-cı illərdə isə Azərbaycan Dövlət Konservatoriyasında muğamdan dərs verib. Mirzə Mansur Üzeyir Hacıbəyovun təşəbbüsü ilə tar sinfi üçün ilk muğam tədris proqramını hazırlayan şəxs olub. Üzeyir Hacıbəyovun tapşırığı ilə gənc bəstəkarlar Tofiq Quliyev və Zakir Bağırov Mirzə Mansurun ifasından 1930-cu illərin ortalarında "Rast", "Dügah" və "Zabul" muğamlarını ilk dəfə nota salıblar.

Eyni zamanda Ü.Hacıbəylinin təşəbbüsü ilə o, tar alətini təkmilləşdirib, tarın rekonstruksiyasına yeniliklər gətirib. Mirzə Mansurun yenilik verdiyi 4 tardan biri Ermitaj, ikincisi Luvr, üçüncüsü isə İstanbul muzeylərində qorunub. Sonuncu tarı isə özünə saxlayıb. Mirzə Mansurun tarda ifa etdiyi iki maqnitofon yazısı qalıb: "Xocəstə" və "Mahur-hindi" muğamları.

Mirzə Mansurun oğlu tarzən Ənvər Mansurov onun yolunu davam etdirib. Ənvər Mansurov (1917–1941) Böyük Vətən müharibəsinin ilk günlərindən Brest qalasının müdafiəçilərindən biri olub və qəhrəmanlıqla həlak olublar. Ənvər Mansurovun oğlu Arif Mansurov uzun illər müxtəlif dövlət idarələrində rəhbər vəzifələrdə çalışıb.

Professor Arif Mansurov, həmçinin Yaşıllar Partiyasının sədri və Dövlət Təbiəti Mühafizə Komitəsinin rəhbəri vəzifəsində çalışıb. Mirzə Mansur Mansurova 23 aprel 1940-cı ildə Azərbaycan SSR Əməkdar incəsənət xadimi fəxri adı verilib. Mirzə Mansur 30 iyun 1967-ci ildə vəfat edib və Bakı şəhərində, Yasamaldakı köhnə qəbiristanlıqda dəfn edilib.

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(30.06.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.