Şəhidlər Xiyabanında uyuyan ilk Qarabağ müharibəsi şəhidi – Əlif Hacıyev Featured

İnci Məmmədzadə,

“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi

 

Əlif HacıyevVətən uğrunda yaşayan və Şəhid olan Qəhrəman

Əlif Hacıyevin həyat yolu barədə yazıçı Varisin Heydər Əliyev Fondunun “Xocalıya ədalət” kampaniyası çərçivəsində nəşr edilmiş “Qırmızı ləçəklər” kitabından xəbər tutdum. Və anladım ki, belə oğulları olan xalq heç vaxt məğlub durumda qalmaz. Tezliklə də Vətən müharibəsi başladı və qələbəmizi qazandıq.

1953-cü ilin isti yayında – 24 iyununda Qarabağın gözəlliklər beşiyi olan Xocalıda bir oğlan dünyaya gəldi. Onun adını Əlif qoydular. Uşaqlıqdan cəsarəti, dik duruşu, ədalətə olan meyli ilə seçildi. Sonralar bu uşağın adı Azərbaycanın yaddaşına şərəf, igidlik və şəhidlik simvolu kimi yazılacaqdı...

 

Həyat və xidmət yolu

1970-ci ildə orta məktəbi bitirdikdən sonra Xankəndidə sürücülük kursu keçib və 1971–1973-cü illərdə Sovet Ordusunda xidmət etdi. Hərbi xidmətini Belarusda – Minskdə başa vurub. Hərbi nizam-intizam və ciddiyyət onun xarakterində əsas yer tutmağa başlayıb.

1974-cü ildən etibarən daxili işlər orqanlarında fəaliyyət göstərməyə başlayıb. Frunze adına Xüsusi Milis Məktəbində və daha sonra SSRİ DİN Akademiyasında təhsil alıb. Hüquq-mühafizə sahəsində peşəkarlaşdı və ciddi uğurlar qazanıb. Lakin onun bu uğurları bəzi dairələri narahat edib.

Əlif Hacıyev, Qarabağda erməni millətçi dairələrinin gizli fəaliyyətini ifşa etdiyi üçün əsassız ittihamlarla 10 il azadlıqdan məhrum edilib. Bu saxta ittihamlar onun iradəsini sındıra bilməyib. 1987-ci ildə cəzası 6 ilə endirilib və 1989-cu ildə azadlığa buraxılıb.

Lakin Əlif üçün sakit həyat yoxdur. O, yenidən vətənin çağırışına səs verib. 1990-cı ildə Daxili İşlər Nazirliyinə qayıtdı və doğma Xocalı Aeroportunun komendantı təyin olunub. Onun rəhbərliyi ilə hava limanı erməni silahlılarından geri alınıb. 1991-ci ilin sonlarında mayor rütbəsi alıb.

 

Ailəsi və Qalina Manko ilə tanışlığı

Əlif Hacıyev xidməti illərində Belarusda yaşadığı dövrdə Qalina Manko ilə tanış olub. Qalina ilə onların münasibəti dərin hörmət və sevgi üzərində qurulub. Milliyyət fərqi, mədəniyyət fərqi onların arasında maneə ola bilməmişdi – çünki onları birləşdirən ürək, insanlıq, ədalət sevgisi və mənəvi bağlılıq olub.

Onların bu sevgisi 1981-ci ildə ailə qurmaqla rəsmiyyət qazanıb. Bu evlilikdən iki qız övladları – Zərinə və İradə dünyaya gəldi. Qalina xanım, Əlifin Azərbaycan vətəninə olan bağlılığını həmişə dəstəkləmiş, onun çətin və məsuliyyətli həyat yolunda arxa olub. Bu ailə, çətin illərdə də möhkəm qalıb, vətənin taleyinə biganə qalmayıb.

 

Xocalı faciəsi və Qəhrəman ölüm

1992-ci ilin fevralı. Qarlı, sərt və qara xəbərli gecə… 25-dən 26-na keçən gecə Xocalıya erməni silahlı qüvvələrinin amansız hücumu başlayıb. Dinc əhalinin üzərinə tanklar, toplar və avtomatlarla gəliblər. Əlif Hacıyev həmin gecə tam silahlı vəziyyətdə, başında dəbilqə, əlində avtomat – öz vəzifə borcunu yerinə yetirib.

O, yüzlərlə insanı Şelli kəndinə, meşələrə yönəldərək ölüm təhlükəsindən uzaqlaşdırmağa çalışıb. Silahı ilə döyüşüb, əsgərlərinə ruh verib. Lakin, düşmən çox və amansız olub. O, avtomat darağını dəyişərkən düşmənin atdığı güllə ona tuş gəlib. Əlif Hacıyev şəhid olub – amma geri çəkilməyib, qorxmayıb, əyilməyib.

 Onun meyiti beş gün sonra meşədən tapılaraq Bakıya gətirilib. Onun nəşini görən deyir: əgər bilinsə ki bu Əlif Hacıyevdi, onu sizə verməyəcəklər. Ona görə də onun nəşi digər meyitlərin altında gətirilib və Şəhidlər Xiyabanında dəfn olunub.

 

 Təltifləri və əbədi xatirəsi

1992-ci il, 6 iyun tarixində Azərbaycan Respublikasının Prezidenti tərəfindən Əlif Hacıyevə ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adı verilib. O, “Qızıl Ulduz” medalı ilə təltif edilib. Onun adı Bakının Nizami rayonunda bir küçəyə verilib. Onun haqqında sənədli filmlər çəkilib– “Xocalının Əlifi” kimi yaddaşlara yazılıb.

Hər il doğum və şəhidlik günlərində anım mərasimləri keçirilir, məktəblərdə onun haqqında danışılır. Qalina xanım və övladları isə bu gün də onun adını yaşadır, onun döyüş yolunu gələcək nəsillərə çatdırmaq üçün çalışıblar.

 

"Əlif Hacıyev - ölümü ilə də yaşamağı öyrədən qəhrəman. Qəhrəmanlar ölməz… Vətən səni unutmayacaq, Əlif!"

O, təkcə bir mayor, bir komendant olmayıb. O, Xocalının qalası, millətin vicdanı, vəfa və igidliyin simvolu olub. Həm döyüş meydanında, həm ailəsində, həm də xalqının qarşısında o, məsuliyyətli və fədakar duruş sərgiləyib. O, bu torpağın oğluydu və bu torpaqda şəhid olub. Onun qəlbi Xocalı üçün döyündü, son nəfəsinə qədər…

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(24.06.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.