Super User

Super User

 

Xalq yazıçısı, akademik Kamal Abdullanın əsərlərindən seçilmiş bir sıra qranula – cövhər sayıla biləcək məqamları “Ədəbiyyat və incəsənət” oxucularına təqdim edir.

 

Kamal Abdulla özü seçilmiş bu cövhərlər barədə yazır: “İllərdən bəri yazdığım müxtəlif şeirlərin, esselərin, pyeslərin, hekayə və romanların, publisistik məqalələrin və elmi əsərlərin, verdiyim intervülərin hər birinin içində yer almış və bu gün də öz məzmunu, tutumu, forması ilə diqqətimi çəkən misralar, cümlələr günlərin bir günü sanki dil açıb mənə dedilər ki, bizim bir-birimizdən zaman və məkanca ayrılığımıza son qoy və bizi bir-birimizin yanında yerləşdir. Sən görəcəksən ki, bu zaman biz tamamilə yeni bir cazibədə zühur etmişik. Onlar qeyri-səlis məntiq dili ilə desək, içində olduqları mətnin qranulaları (ilkin vacib hissəcikləri) idi. Qranula, başqa cür ifadə etsək, cümlədən (mətndən) bütün artıq hissələri siləndən sonra yerdə qalan cövhərdir.”

 

Beləliklə, hər gün Kamal Abdulladan 7 qranula:

1.

Bizimlə təbiət arasında sinoptiklər duran kimi bizimlə ədəbiyyat arasında da tənqidçilər durmağa cəhd edir.

2.

Bu küləkli və çiskin, bu ümidsiz və ağır, heç cürə açılmaq istəməyən sabahın ora-burasını bir balaca qayçılayan olsaydı, bəlkə də onu geri qaytarmaq, ortaya ala-babat bir gecə çıxarmaq mümkün olardı.

3.

Bir, iki – Firəngiz.

 Beş, altı – qırmızı don.

 Doqquz, on – qapını ört.

Üç, dörd – bizimki.

Yeddi, səkkiz – daşaltı...

4.

Evində məni qonaq edərkən kitab dəhlizinin sağ tərəfindəki əlyazmalar otağının iki addımlığında Eko qəflətən ayaq saxlayır və sağdakı əlçatan rəfdən az qala baxmadan əlini atıb qara rəngli qalın bir kitab çıxarır, nəvazişlə sığallayır və mənə uzadır:- Bu, Coysdur, - deyir, - O sizdən də qəliz yazır.

5.

Afanasi Fet: O adam lirik deyil ki, havada pərvaz edəcəyinə ürəyində dəli bir ümid özünü 7-ci mərtəbədən aşağı atmasın.

6.

Platon “Fedon” adlı dialoqunda Sokratın həbsxanada ikən ölümdən əvvəlki saatlarını təsvir edir. Sokratın yanına son dəfə dostları və tələbələri yığışıb. Dialoqun iştirakçısı Fedon bu adamların adını bir-bir çəkir: Apollodor, Fedonun özü, Hermogen, Epigen, Esxin, Antisfen... Platona gəldikdə, dialoqun müəllifi olan Platon özü haqda belə yazır: Platon yox idi. Platon, deyəsən, xəstələnmişdi... Bu mətndəki “deyəsən” sözü qədər məzlum və eyni zamanda hiyləgər söz tanımıram.

7.

“ Aldanma ki, şair sözü, əlbəttə, yalandır” və “İ mısl izreçennaya yest loj”. Aralarında üç əsr olan Füzuli ilə Tütçevi nə birləşdirirdi?! Cavab şüurumuzla dilimiz arasındakı münasibətdən gəlir.

 

“Ədəbiyyat və incəsənət”

(16.12.2025)

 

Heyran Zöhrabova, “Ədəbiyyat və incəsənət”

 

Sənin kölgən düşür burda hər şeyə;

Bu evə-eşiyə, yorğan-döşəyə,

Körpəm mışıl-mışıl yatan beşiyə          

Sənin kölgən düşür gecəbəgündüz.

Kölgən düşür qadınımın üzünə,

Gizlədir üzünün eyiblərini...

 

...Ağac kölgəsinə, daş kölgəsinə,

Maşın kölgəsinə, quş kölgəsinə          

ilişir, dolaşır, qarışır kölgən.

Bütün kölgələri çəkib canına         

Təzədən canıma daraşır kölgən.   

 

Görəsən, bir azca səni unudub          

birtəhər başımı qatarammı heç?

Görəsən, kölgənin ucundan tutub        

gəlsəm, gəlsəm sənə çatarammı heç? 

 

Bəlkə ən dözümlü kölgədi kölgən,        

qırılan, cırılan, sökülən deyil.

Tanrı kölgəsidi, bəlkə də, kölgən,          

ölüncə üstümdən çəkilən deyil.

Gecələr kölgənlə üstümü örtüb        

yuxlaya biləydim bu dünyada kaş.

Kölgənə üzümü-gözümü sürtüb

ağlaya biləydim bu dünyada kaş.   

 

Ağlaya bilmirəm... yağır yağış-qar,

Çöldə kölgən qalır yağış-qar altda.

Keçir kölgən üstən ağır maşınlar,

Kölgən tapdalanır ayaqlar altda. 

 

Kölgən dirsəklənib daşa-torpağa

dikəlmək istəyir, qalxmaq istəyir.

Dayanıb mənimlə qabaq-qabağa      

gözümün içinə baxmaq istəyir.   

Tez-tez bu şəhərdə aldanır gözüm,        

sən donda görükür gözümə qızlar.

Bəlkə parça-parça doğrayıb-kəsib        

kölgəndən don tikib özünə qızlar.   

 

Kölgənə nə qədər əllər uzanır,      

o küncə-bu küncə qısılır kölgən.

Aylar ötüb keçir, illər uzanır,      

günbəgün gödəlir, qısalır kölgən.

Kölgən qısaldıqca uzaqlaşırsan,

Bəlkə də hardasa çılpaqlaşırsan...   

 

Beləcə sən məndən, mən səndən uzaq    

ölüncə yaşarıq tək-tək dünyada.

Hələ bircə qarış kölgən qalıbsa,

mən qərib deyiləm, demək, dünyada.   

 

Bir gün sən hardasa dil-dil ötəndə        

son sözüm kölgənə yazılar sənin

Kaş ki, vaxt bitəndə əcəl yetəndə        

qəbrimi kölgəndə qazalar sənin.

 

Ötən gün çağdaş Azərbaycan poeziyasının ən sevilən simalarından biri olan, Azərbaycan şeirinin canlı əfsanəsi, xalq şairi Ramiz Rövşənin doğum günü idi. “Ədəbiyyat və incəsənət” portalı olaraq şairi doğum günü münasibəti ilə təbrik edir, ona möhkəm cansağlığı və yaradıcılığında yeni-yeni uğurlar arzu edirik.  

 

Ramiz Məmmədəli oğlu Rövşən 1946-cı il dekabrın 15-də Bakının Əmircan kəndində anadan olub. Əslən isə Qubadlı rayonunun Teymur Müskanlı kəndindəndir.  Şair ilk təhsilini Suraxanı rayonundakı 208 N-li şəhər orta məktəbində alıb.  Daha sonra təhsilini 1964–1969-cu illərdə Azərbaycan Dövlət Universitetinin  Filologiya fakültəsində, 1976–1978-cu illərdə Moskva Ali Ssenari Kurslarında davam etdirib. 1971-ci ildə Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında,  "Mozalan" satirik kinojurnal studiyasında redaktor, 1974–1975-ci illərdə kinostudiyanın ssenari emalatxanasında ssenarist, 1979–1987-ci illərdə ssenari redaksiya heyətinin üzvü,  1987–1992-ci illərəd kinostudiyanın baş redaktoru,  1992–2020-ci illərdə Azərbaycan Tərcümə Mərkəzinin baş redaktoru vəzifələrində  çalışıb.  "Bir yağışlı nəğmə", "Göy üzü daş saxlamaz", "Kəpənək qanadları", "Hamı oğul böyütmüşdü", "Sevgi açarı", "Nəfəs - kitablar kitabı", “Sevgi məktubu" kimi şeir kitablarının müəllifidir. Ramiz Rövşənin ssenariləri əsasında çoxlu sayda bədii və sənədli film çəkilib. Şeir və hekayələri tərcümə edilərək bir sıra keçmiş SSRİ respublikalarında, eləcə də ABŞ-da, Almaniyada, Böyük Britaniyada, Fransada, Polşada, Bolqarıstanda, Türkiyədə və İranda çap olunub. Azərbaycan Yazıçılar Birliyi İdarə Heyətinin və Dünya Poeziya Hərəkatı (WPM) Koordinasiya Şurasının üzvüdür. 2013-cü ildə "Türk Dünyası Bilim, Kültür ve Sanat Ödülü"nə layiq görülüb.

 

“Ədəbiyyat və incəsənət”

(16.12.2025)

Çərşənbə axşamı, 16 Dekabr 2025 09:03

FHN, Çarli Çaplin və Bethoven

Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”

 

Bu günə təsadüf edən əsas tarixi hadisələri diqqətinizə çatdırırıq:

 

 “Üzünə şokolad çəkilmiş hər şeyin günü”

Maraqlı təyinatdır, şokoladsevərlər təqvimə şokolad günündən savayı ayrıca belə bir gün də salıblar. Qlazur adlanan şokolad örtüyü həqiqətən qənnadı məmulatlarına təkrarsız dad gətirir. Mən üstünə şokolad çəkilmiş ekleri seçirəm, siz də öz seçiminizi edin.

 

Bizim FHN və Çaplin

Bu gün Azərbaycanda Fövqəladə Hallar Nazirliyi işçilərinin peşə bayramıdır. Özlərini oda-alova, uçqunlara, selə-suya ataraq təhlükədə olanları xilas edən bu fədakar insanları təbrik edirik.

Mərkəzi və Şimalı amerikalılar Las Posades festivalına başlayacaqlar, xristian ənənələrinin daim yaşadılmasına dəyər verəcəklər. Amerikalılar da dinc duran deyillər, onların bugünkü mətbəx bayramları Milli yaşıl Çili bibəri günü adlanır. Bu gün yeməklər ağızları yandırıb yaxacaq. Amma ayrıca Şokolad gününü də qeyd edəcəklər amerikalılar, bir növ, yanan ağızlara şirinlik gətiriləcək; Hindistanda və Banqladeşdə Qələbə, Tailandda idman günüdür həm də.

1913-cü ilin bu günündə gənc britaniyalı aktyor Çarli Çaplin həyatında ilk dəfə filmə şəkilib, “ Yaşamaq uğrunda mübarizə” adlanırdı həmin film. 1899-cu ildə İtaliyada “Milan” klubu yaradılıb, ölkəmizdəki “Milan”sevərlər, haydı, şənlənin. 1872-ci ildə rus generalı, bolşeviklərin qənimi Anton Denikin doğulub.

 

Dahi Bethoven

 Və bu yerdə tək musiqisevərlər, incəsənətsevərlər yox, dünyanın hər bir şüurlu sakini 1770-ci ilin bu günündə dünyaya gəlmiş dahi alman bəstəkarı, “Aylı sonata” kimi insan tərəfindən yaranışı belə şübhə doğuran ilahi bir şedevr ortaya qoymuş Lüdviq Van Bethoveni alqışlasın!

 

“Ədəbiyyat və incəsənət”

(16.12.2025)

 

 

Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”

 

Kişişik və qəhərmanlıq sözləri hardasa sinonim ola bilirlər. Amma zərif cinsin nümayəndəsindən qəhrəman axtarmaq nəsə fövqəladi bir işdir. Bu səbəbdən də qadın qəhrəmanlar ikiqat tərifə layiqdirlər...

 

Bu gün onun anadan olmasının 64-cü ildönümüdür. Amma o, hələ də 30 yaşındadır. 640-cı ildönümündə də 30 yaşında qalacaq.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Salatın Əziz qızı Əsgərova  “Молодежь Азербайджана” (“Azərbaycan gəncləri”) qəzetində çalışırdı, 90-cı illərin əvvəllərində onun işıqlandırdığı məsələlər ölkənin ən vacib problemləri ilə bağlı idi. Qarabağ dərdi, torpaqlarımızın bütövlüyü yazılarının başlıca mövzularına çevrilmişdi.

Tez-tez cəbhə xəttinə gedərək qaynar nöqtələrdən operativ materiallar hazırlayan Salatının ailəsi, iş yoldaşları dəfələrlə bunun qarşısını almağa çalışsalar da, ona mane ola bilməmişdilər.

Onun boğazında zob xəstəliyi olub. Bu xəstəlikdən Salatın Əsgərova yaman əziyyət çəkib. Yaxın adamları və iş yoldaşları tez-tez ona cərrahiyyə əməliyyatını məsləhət görsə də, Əsgərova əməliyyat zamanı ölüm riskindən qorub.  Lakin, atası Əziz Əsgərovun məsləhətindən və təkidindən sonra, cərrahiyyə əməliyyatının aparılmasına razılıq verib. 1991-ci il 16 yanvarda əməliyyatın vaxtını təyin ediblər, lakin o, xəstəxanaya -stasionara tələsməyib, işdən məzuniyyət götürməyi hər dəfəsində yubadıb.

1991-ci il yanvar ayının 9-da növbəti dəfə o, Qarabağa – döyüş bölgəsinə səfər etdi. Nə biləydi ki bu, ömründəki son səfəridir.

İçərisində Salatın Əsgərovanın olduğu maşın Laçından Şuşaya gələrkən, yolun 6-cı kilometrində, Qaladərəsi kəndi yaxınlığında erməni quldurları tərəfindən yaxın məsafədən atəşə məruz qaldı. Tanınmış jurnalist vəhşicəsinə qətlə yetirildi, Bakı şəhərinin Şəhidlər Xiyabanında dəfn edildi. Azərbaycan Respublikası Prezidentinin 6 noyabr 1992-ci il tarixli 294 saylı Fərmanı ilə ona  ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adı verildi. Ölümündən sonra Beynəlxalq Jurnalistlər İttifaqı Konfederasiyasının laureatı adına layiq görüldü.

Xatirəsi kifayət qədər əbədiləşdirilib Salatın Əsgərovanın: Bakı şəhərində adına küçə var, Bakı buxtasındakı gəzinti kateri onun adını daşıyır, “Təfəkkür” Universitetində büstü qoyulub, yaşadığı binaya barelyefi vurulub, yaxınlığında həlak olduğu kənd “Salatınkənd” adlanır.

Nəbi Xəzri Salatın Əsgərova haqqında elegiya-poema yazdı.

 

Filmoqrafiya

 

2016-cı ildə Salatın Əsgərovaya həsr olunan qısametrajlı "Vətən üçün gedirəm" filminin təqdimatı keçirildi.

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(16.12.2025)

 

 

 

Aynur İsmayılova, “Ədəbiyyat və incəsənət”

 

Baxarkən gördüklərim, görərəkən düşündüklərim, düşünərkən hiss etdiklərim hər zaman bir-birinə bənzəmir. Bəzən gördüklərim düşündüyüm kimi olmur. Bəzən isə hiss etdiyim kimi görünmür.

 

Amma dəyişməyən bir şey var – hamısının bir-birinə təsiri. Hər fərqlilik içində bir oxşarlıq da daşıyır. Hansı ki, bir – birinə yad görünən şeylərin əslində bənzər tərəflərinin olması kimi. Bu bənzərlik bəzən gözəçarpacaq qədər yaxın, bəzən isə heç görünməyəcək qədər uzaqda dayanır.

Demək ki, qarşılaşdığımız şeylər hər zaman bizə nə yaddır, nə də çox yaxın. Hər yadlıqda  bir doğmalıq, hər doğmalıqda  bir yad baxış gizlənir.

 

“Ədəbiyyat və incəsənət”

(16.12.2025)

 

Çərşənbə axşamı, 16 Dekabr 2025 10:02

Ədəbiyyat bizi daha yaxşı insan edir?

 

Nail Zeyniyev, “Ədəbiyyat və incəsənət”

 

Bu sual ədəbiyyatın funksiyası haqqında minillik diskussiyanın davamıdır. Platon şairləri ideal dövlətdən qovmaq istəyirdi, çünki onlar yalanlar uydurur, insanları emosiyalarla çaşdırırdılar. Aristotel isə inanırdı ki, tragediya katarsisə səbəb olur, ruhu təmizləyir. Mənim qənaətimcə, cavab birmənalı deyil. Ədəbiyyat özü neytral alətdir, bıçaq kimidir çünki onunla çörək də kəsmək olar, qətl də etmək olar. Məsələ hansı ədəbiyyatdan, necə istifadə etməkdədir.

 

Ədəbiyyatın insan etmə potensialı empatiyaya əsaslanır. Romanda, hekayədə, poemada biz başqa insanın daxili aləminə daxil oluruq, onun gözü ilə dünyaya baxırıq, onun duyğularını yaşayırıq. Bu, sosial-psixoloji bacarıqdır və inkişaf etdirilə bilər. Dostoyevskini oxuyanda biz Raskolnikovun daxili dramını yaşayırıq və başa düşürük ki, hər insan mürəkkəb, ağ-qara deyil. Kafkanı oxuyanda bürokratik sistemin qurbanı olan insanın çarəsizliyini hiss edirik. Çingiz Aytmatovu oxuyanda təbiətlə insanın bağının əhəmiyyətini dərk edirik.

Lakin bu proses avtomatik deyil. Ədəbiyyat ancaq aktiv, düşünən oxucunu dəyişdirir. Passiv oxucu sadəcə süjet istehlak edir və heç nə öyrənmir.

Həmçinin, ədəbiyyat pis istiqamətdə də təsir edə bilər. Marquis de Sadın romanları zorakılığı normallaşdırır. Natsist ədəbiyyatı nifrət toxumu səpir. Ucuz populist romanlar klişe təfəkkürü möhkəmləndirir.

Yəni ədəbiyyat dəyər-neytral deyil, amma avtomat etik transformator da deyil. Onun təsiri oxucunun hazırlığından, tənqidi təfəkkür bacarığından, ətraf sosial mühitdən asılıdır. Azərbaycan kontekstində ədəbiyyatın maarifçilik rolu tarixi olaraq böyük olub. M.F.Axundovdan Cəlil Məmmədquluzadəyə qədər ədəbiyyat milli oyanışın, maarifin, ictimai tənqidin vasitəsi olub.

Amma indiki dövrdə oxu mədəniyyəti böhrandadır. İnsanlar az oxuyur, səthiləşir. Sosial media qısa, tez istehlak olunan məzmuna üstünlük verir. Və bu şəraitdə ədəbiyyatın humanitar missiyası zəifləyir.

Yekunda ədəbiyyat bizi yaxşı insan edə bilər, amma bunun üçün üç şərt lazımdır – keyfiyyətli mətn, düşünən oxucu və oxunu təşviq edən mədəni mühit.

 

“Ədəbiyyat və incəsənət”

(16.12.2025)

Çərşənbə axşamı, 16 Dekabr 2025 14:04

Dil, musiqi və kimlik: mahnılarda anlamın itirilən yeri

Rəqsanə Babayeva, “Ədəbiyyat və incəsənət”

 

Musiqi - mədəniyyətin ən davamlı və təsirli ifadə formalarından biri kimi yalnız estetik zövq yaratmaq funksiyası daşımır; o, eyni zamanda dilin qorunması, etik normaların ötürülməsi və kollektiv kimliyin formalaşmasında mühüm rol oynayır.

 

Xüsusilə klassik musiqi nümunələrində söz və səs arasında qurulan incə balans mədəni yaddaşın ötürülməsində əsas mexanizmlərdən biri olmuşdur. Klassik musiqi mətnləri — muğam dəstgahları, xalq mahnıları, klassik romanslar və poeziya üzərində qurulmuş bəstələr — dilin estetik, semantik və etik imkanlarını maksimum səviyyədə nümayiş etdirən nümunələr kimi çıxış edir.

Müasir dövrdə isə musiqi istehsalının sürətlənməsi, bazar yönümlü yanaşmalar və rəqəmsal platformaların dominantlığı nəticəsində mahnı mətnlərində semantik dərinliyin zəiflədiyi, bəzən isə açıq şəkildə etik sərhədlərin pozulduğu müşahidə olunur. Bu məqalənin məqsədi klassik musiqilərdə sözlərin sətiraltı estetik dəyərini elmi–metodik çərçivədə təhlil etmək, yeni dövrdə yayılan bayağı və etikadan kənar mətnlərin dilə, zövqə və mədəni kimliyə təsirlərini akademik müstəvidə araşdırmaqdır.

 

Metodoloji yanaşma

 

Araşdırma kulturoloji analiz, sosiolinqvistika və musiqi semiotikası metodlarına əsaslanır. Klassik və müasir musiqi mətnləri müqayisəli şəkildə təhlil olunur, mətnlərin semantik dərinliyi, etik çərçivəsi və dil normalarına uyğunluğu nəzərə alınır. Bu yanaşma musiqi mətninin təkcə sənət nümunəsi deyil, eyni zamanda sosial təsir aləti olduğunu göstərməyə imkan verir.

 

Klassik musiqidə dil və sətiraltı estetika

 

Klassik musiqi mətnlərinin əsas xüsusiyyətlərindən biri açıq mənadan daha çox sətiraltı məna üzərində qurulmasıdır. Klassik şeir ənənəsində formalaşan bu yanaşma musiqi vasitəsilə daha da güclənir. Sevgi, həsrət, ayrılıq, zaman və ölüm kimi mövzular birbaşa ifadə edilmir; metafora, simvol və alleqoriyalar vasitəsilə təqdim olunur. Bu üsul həm estetik zövqü qoruyur, həm də etik çərçivəni aşmadan emosional təsir yaradır.

Məsələn, muğam mətnlərində istifadə olunan təbiət obrazları — gecə, yol, külək, səssizlik — insanın daxili vəziyyətinin poetik ekvivalentinə çevrilir. Dil burada sadəcə məlumat ötürmür, hiss və düşüncə formalaşdırır. Dilçilik baxımından bu cür mətnlər yüksək səviyyəli poetik diskurs nümunələridir və dilin normativ imkanlarını zənginləşdirir.

 

Musiqinin dil mədəniyyətinin formalaşmasında rolu

 

Sosiolinqvistik tədqiqatlar göstərir ki, musiqi gündəlik danışıq dilinin formalaşmasında mühüm təsir mexanizmlərindən biridir. Klassik musiqi dövründə mahnılar dilin estetik normalarını möhkəmləndirən vasitə kimi çıxış edirdi. İnsanlar mahnılar vasitəsilə yeni söz birləşmələri, məcazi ifadələr və sintaktik konstruksiyalar öyrənirdi.

Bu proses təkcə fərdi zövqü deyil, ictimai dil mədəniyyətini də formalaşdırırdı. Musiqi dili saflaşdıran, kobudluğu yumşaldan və etik sərhədləri qoruyan funksiyaya malik idi. Bu baxımdan klassik musiqi mədəniyyətin tənzimləyici elementlərindən biri kimi dəyərləndirilə bilər.

 

Müasir musiqidə bayağılıq və etik problemlər

 

Müasir dövrdə geniş yayılan bəzi musiqi mətnlərində semantik boşluq və dil pozuntuları diqqət çəkir. Elmi estetikada bayağılıq anlayışı məzmunun və formanın dəyərdən düşməsi, mənanın primitivləşməsi kimi izah olunur. Bu cür mətnlərdə söz estetik obyekt olmaqdan çıxaraq sadəcə diqqət çəkmə alətinə çevrilir.

Etikadan kənar ifadələrin normallaşması xüsusilə narahatedici məqamdır. Qadın və kişi obrazlarının obyektləşdirilməsi, kobud leksikanın estetikləşdirilməsi və şəxsi münasibətlərin açıq-saçıq formada təqdim edilməsi musiqinin tərbiyəvi və formalaşdırıcı rolunu zəiflədir. Psixoloji araşdırmalar sübut edir ki, təkrarlanan mətnlər şüuraltı səviyyədə davranış modellərini formalaşdırır. Bu isə gənc nəsil üçün uzunmüddətli mədəni risklər yaradır.

 

Klassik və müasir mətnlərin müqayisəli analizi

 

Müqayisəli təhlil göstərir ki, klassik musiqi mətnləri struktur və semantik baxımdan çoxqatlıdır. Metafora, simvolika və intertekstual əlaqələr bu mətnlərin əsas xüsusiyyətləridir. Müasir bayağı mətnlərdə isə bu elementlər ya tamamilə yox, ya da səthi xarakter daşıyır.

Klassik mətndə bir ifadə dinləyicini düşünməyə, məna axtarışına sövq edirsə, müasir bayağı mətndə məqsəd ani emosional reaksiya yaratmaqdır. Bu fərq musiqinin maarifləndirici potensialının necə zəiflədiyini aydın şəkildə göstərir.

 

Mədəni kimlik və dövlətin dolayı rolu

 

Musiqi mədəni kimliyin formalaşmasında əsas elementlərdən biridir. Dilin musiqi vasitəsilə qorunması milli yaddaşın davamlılığını təmin edir. Bu nöqtədə mədəni institutların və dövlətin rolu birbaşa müdaxilə deyil, keyfiyyətli işi təşviq edən mexanizmlər yaratmaqdan ibarət olmalıdır. Maarifləndirici layihələr, klassik irsin müasir interpretasiyalarının dəstəklənməsi və musiqi təhsilinin gücləndirilməsi mədəni davamlılıq baxımından strateji əhəmiyyət daşıyır.

Dil, musiqi və etik dəyərlər bir-biri ilə sıx bağlı anlayışlardır. Klassik musiqilərdə sözlərin sətiraltı dərin gözəlliyi yalnız estetik zövq yaratmır, eyni zamanda mədəni kimliyi qoruyur və inkişaf etdirir. Müasir dövrdə bayağı və etikadan kənar mətnlərin yayılması bu tarazlığı pozur və mədəni yaddaşa zərbə vurur.

 

Elmi–metodik təhlil göstərir ki, problemin həlli musiqinin yaradıcı azadlığını məhdudlaşdırmaqda deyil, estetik və etik meyarları yenidən gücləndirməkdədir. Klassik dəyərlərin müasir formalarla sintezi musiqinin yenidən dilimizi saflaşdıran, düşüncəmizi dərinləşdirən və kimliyimizi qoruyan gücə çevrilməsinə imkan verə bilər.

 

“Ədəbiyyat və incəsənət”

(16.12.2025)

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi”nin nümayəndə heyəti  Türkiyə Respublikasının İstanbul şəhərində keçirilən “Take Off İstanbul 2025” beynəlxalq startap sammitində iştirak edib.

“Ədəbiyyat və incəsənət” portalına “ASAN xidmət”dən verilən məlumata görə, ASAN-ın tərəfdaşı olduğu tədbirdə ölkəmiz Azərbaycan stendi ilə təmsil olunub. Stenddə “İnnovasiyalar Mərkəzi”, ASAN AI Hub, "INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzinin rezident startapları və yerli innovasiya ekosistemini təmsil edən perspektivli startaplar - “Enverson AI”, “Convitsa”, “Polygraf AI”, “Speakday”, “IOMETE”, “Qmeter”, “Tryverse” və “StarKidStories” təqdim edilib.

İki gün davam edən sammit çərçivəsində Azərbaycan stendi “Baykar” şirkətinin texniki direktoru Selçuk Bayraktar, “Take Off Girişim” Zirvəsinin direktoru İrem Bayraktar Aksakal, habelə investorlar və innovasiya ekosisteminin digər əsas iştirakçıları tərəfindən ziyarət edilib. Startapların fəaliyyəti ilə yaxından tanışlıq olub, qarşılıqlı əməkdaşlıq imkanları müzakirə edilib.

Tədbirin ikinci günü “İnnovasiyalar Mərkəzi”nin direktoru Vüsal Rüstəmov “Take Off İstanbul 2025” çərçivəsində təşkil olunan “Regional startap ekosistemi: Azərbaycan, Banqladeş, Türkiyə” mövzusunda panel müzakirəsində çıxış edib.

Bu il “Take Off İstanbul” sammiti 40 ölkədən 500-dən çox startapı, 250-dən artıq investoru, 75 maraqlı tərəfi və 11 sponsor təşkilatı bir araya gətirib.

Sammit TEKNOFEST çərçivəsində T3 Fondu, Türkiyə Respublikasının Sənaye və Texnologiya Nazirliyi və Prezident Administrasiyasının İnvestisiya və Maliyyə Ofisinin təşəbbüsü ilə təşkil olunaraq regionun ən genişmiqyaslı innovasiya və startap platformalarından biri kimi fəaliyyət göstərir.

Bu platforma innovasiyaların inkişafı üçün əlverişli və maneəsiz mühit formalaşdırmaq məqsədilə sahibkarları, mentorları, vençur kapitalı nümayəndələrini və şirkətləri bir araya gətirir.

 

“Ədəbiyyat və incəsənət”

(16.12.2025)

 

Bir neçə gün öncə Şirvan Şəhər Mərkəzi Xəstəxanasında baş verən hadisə bütün Azərbaycanda böyük maraq və rəğbətlə qarşılanıb. Xəstəxananın Anesteziologiya, Reanimasiya və İntensiv Terapiya şöbəsinin müdiri Jalə Müslümova cərrahiyyə əməliyyatından sonra kliniki ölüm keçirən 37 yaşlı qadının ürəyini 45 dəqiqə fasiləsiz masaj edərək onu həyata qaytara bilib.

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, bu gün Vəhdət Partiyasının Şirvan şəhər təşkilatının sədri İlkin Nuralıyev və Salyan rayon təşkilatının sədri Sahil Rəhimov Şirvan Şəhər Mərkəzi Xəstəxanasında olublar. Onlar Vəhdət Partiyasının rəhbərliyi və kollektivi adından həkim Jalə Müslümovaya təşəkkür ediblər. Görüş zamanı həkimin yüksək peşəkarlığı, təcrübəsi və fədakarlığı sayəsində bir insanın həyatının xilas edilməsinin təqdirəlayiq olduğu vurğulanıb. Bildirilib ki, həyatla ölüm arasında mübarizə aparan bir xanımın yenidən həyata qaytarılması Azərbaycan səhiyyəsi üçün nümunəvi hadisədir və bu cür həkimlər cəmiyyət üçün böyük dəyər daşıyır.

Həkim Jalə Müslümova göstərilən diqqət və dəyərləndirməyə görə Vəhdət Partiyasına təşəkkürünü bildirib. O qeyd edib ki, altı övlad anası olan bir pasiyentin həyatını xilas etmək onun üçün böyük sevinc və mənəvi məsuliyyətdir. “Bir ailə faciəsinin qarşısını almış olduq. Bu uğur təkcə mənim deyil, bütün tibbi kollektivimizin əməyinin nəticəsidir. İlk andan komanda şəklində çalışdıq, ürəyin qapalı masajı fasiləsiz davam etdirildi və nəticə əldə olundu. Bu, bizim xəstəxanada çalışan hər bir həkimin və tibb işçisinin birgə zəhmətinin göstəricisidir,” – deyə Jalə Müslümova bildirib.

Dünyanı xeyirxah əməllər xilas edəcək!

 

“Ədəbiyyat və incəsənət”

(15.12.2025)

Bazar ertəsi, 15 Dekabr 2025 13:01

15 dekabr - Türk Dili Ailəsi Günüdür

3 noyabr 2025-ci il tarixində, Özbəkistanın Səmərqənd şəhərində keçirilən YUNESKO-nun Baş Konfransının 43-cü sessiyası çərçivəsində Türk dünyası üçün tarixi əhəmiyyətə malik mühüm bir hadisə baş tutdu.

 

Sessiyanın qətnaməsi ilə Türk Dili Ailəsi Gününün (World Turkic Language Family Day) qeyd olunması barədə raılığa gəlindi. Həmin gün də hər ilin 15 dekabr günü müəyyənləşdirildi. Bu əlamətdar gününü keçirilməsi ilə bağlı ortaya olduqca böyük əmək qoyan təsisatlardan biri də Türk Mədəniyyəti və İrsi Fondu oldu.

Tədbirdə Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Türkmənistan, Özbəkistan və Macarıstanın YUNESKO yanında Daimi Nümayəndəliklərinin rəhbərləri, Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti, Özbəkistanda akkreditə olunmuş diplomatik korpusun və beynəlxalq təşkilatların nümayəndələri, tanınmış alimlər, mədəniyyət institutlarının təmsilçiləri və media nümayəndələri iştirak edirdilər. 

Beləliklə, YUNESKO 15 dekabr gününü Türk Dili Ailəsi Günü elan etdi və bu gün ilk dəfədir həmin tarixi gün qeyd edilir.

Bu hadisə türk xalqlarının tarixi üçün növbəti əlamətdar hadisə olmaqla, onların dil və mədəni birliklərinin beynəlxalq miqyasda tanınmasını, eləcə də türk sivilizasiyasının dünya mədəniyyətinin və humanitar əməkdaşlığın inkişafına verdiyi töhfəni əks etdirir.

Yolun açıq olsun, Türk birliyi!

 

“Ədəbiyyat və incəsənət”

(15.12.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.