Ədəbiyyat bizi daha yaxşı insan edir? Featured

 

Nail Zeyniyev, “Ədəbiyyat və incəsənət”

 

Bu sual ədəbiyyatın funksiyası haqqında minillik diskussiyanın davamıdır. Platon şairləri ideal dövlətdən qovmaq istəyirdi, çünki onlar yalanlar uydurur, insanları emosiyalarla çaşdırırdılar. Aristotel isə inanırdı ki, tragediya katarsisə səbəb olur, ruhu təmizləyir. Mənim qənaətimcə, cavab birmənalı deyil. Ədəbiyyat özü neytral alətdir, bıçaq kimidir çünki onunla çörək də kəsmək olar, qətl də etmək olar. Məsələ hansı ədəbiyyatdan, necə istifadə etməkdədir.

 

Ədəbiyyatın insan etmə potensialı empatiyaya əsaslanır. Romanda, hekayədə, poemada biz başqa insanın daxili aləminə daxil oluruq, onun gözü ilə dünyaya baxırıq, onun duyğularını yaşayırıq. Bu, sosial-psixoloji bacarıqdır və inkişaf etdirilə bilər. Dostoyevskini oxuyanda biz Raskolnikovun daxili dramını yaşayırıq və başa düşürük ki, hər insan mürəkkəb, ağ-qara deyil. Kafkanı oxuyanda bürokratik sistemin qurbanı olan insanın çarəsizliyini hiss edirik. Çingiz Aytmatovu oxuyanda təbiətlə insanın bağının əhəmiyyətini dərk edirik.

Lakin bu proses avtomatik deyil. Ədəbiyyat ancaq aktiv, düşünən oxucunu dəyişdirir. Passiv oxucu sadəcə süjet istehlak edir və heç nə öyrənmir.

Həmçinin, ədəbiyyat pis istiqamətdə də təsir edə bilər. Marquis de Sadın romanları zorakılığı normallaşdırır. Natsist ədəbiyyatı nifrət toxumu səpir. Ucuz populist romanlar klişe təfəkkürü möhkəmləndirir.

Yəni ədəbiyyat dəyər-neytral deyil, amma avtomat etik transformator da deyil. Onun təsiri oxucunun hazırlığından, tənqidi təfəkkür bacarığından, ətraf sosial mühitdən asılıdır. Azərbaycan kontekstində ədəbiyyatın maarifçilik rolu tarixi olaraq böyük olub. M.F.Axundovdan Cəlil Məmmədquluzadəyə qədər ədəbiyyat milli oyanışın, maarifin, ictimai tənqidin vasitəsi olub.

Amma indiki dövrdə oxu mədəniyyəti böhrandadır. İnsanlar az oxuyur, səthiləşir. Sosial media qısa, tez istehlak olunan məzmuna üstünlük verir. Və bu şəraitdə ədəbiyyatın humanitar missiyası zəifləyir.

Yekunda ədəbiyyat bizi yaxşı insan edə bilər, amma bunun üçün üç şərt lazımdır – keyfiyyətli mətn, düşünən oxucu və oxunu təşviq edən mədəni mühit.

 

“Ədəbiyyat və incəsənət”

(16.12.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.