Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”
Kişişik və qəhərmanlıq sözləri hardasa sinonim ola bilirlər. Amma zərif cinsin nümayəndəsindən qəhrəman axtarmaq nəsə fövqəladi bir işdir. Bu səbəbdən də qadın qəhrəmanlar ikiqat tərifə layiqdirlər...
Bu gün onun anadan olmasının 64-cü ildönümüdür. Amma o, hələ də 30 yaşındadır. 640-cı ildönümündə də 30 yaşında qalacaq.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!
Salatın Əziz qızı Əsgərova “Молодежь Азербайджана” (“Azərbaycan gəncləri”) qəzetində çalışırdı, 90-cı illərin əvvəllərində onun işıqlandırdığı məsələlər ölkənin ən vacib problemləri ilə bağlı idi. Qarabağ dərdi, torpaqlarımızın bütövlüyü yazılarının başlıca mövzularına çevrilmişdi.
Tez-tez cəbhə xəttinə gedərək qaynar nöqtələrdən operativ materiallar hazırlayan Salatının ailəsi, iş yoldaşları dəfələrlə bunun qarşısını almağa çalışsalar da, ona mane ola bilməmişdilər.
Onun boğazında zob xəstəliyi olub. Bu xəstəlikdən Salatın Əsgərova yaman əziyyət çəkib. Yaxın adamları və iş yoldaşları tez-tez ona cərrahiyyə əməliyyatını məsləhət görsə də, Əsgərova əməliyyat zamanı ölüm riskindən qorub. Lakin, atası Əziz Əsgərovun məsləhətindən və təkidindən sonra, cərrahiyyə əməliyyatının aparılmasına razılıq verib. 1991-ci il 16 yanvarda əməliyyatın vaxtını təyin ediblər, lakin o, xəstəxanaya -stasionara tələsməyib, işdən məzuniyyət götürməyi hər dəfəsində yubadıb.
1991-ci il yanvar ayının 9-da növbəti dəfə o, Qarabağa – döyüş bölgəsinə səfər etdi. Nə biləydi ki bu, ömründəki son səfəridir.
İçərisində Salatın Əsgərovanın olduğu maşın Laçından Şuşaya gələrkən, yolun 6-cı kilometrində, Qaladərəsi kəndi yaxınlığında erməni quldurları tərəfindən yaxın məsafədən atəşə məruz qaldı. Tanınmış jurnalist vəhşicəsinə qətlə yetirildi, Bakı şəhərinin Şəhidlər Xiyabanında dəfn edildi. Azərbaycan Respublikası Prezidentinin 6 noyabr 1992-ci il tarixli 294 saylı Fərmanı ilə ona ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adı verildi. Ölümündən sonra Beynəlxalq Jurnalistlər İttifaqı Konfederasiyasının laureatı adına layiq görüldü.
Xatirəsi kifayət qədər əbədiləşdirilib Salatın Əsgərovanın: Bakı şəhərində adına küçə var, Bakı buxtasındakı gəzinti kateri onun adını daşıyır, “Təfəkkür” Universitetində büstü qoyulub, yaşadığı binaya barelyefi vurulub, yaxınlığında həlak olduğu kənd “Salatınkənd” adlanır.
Nəbi Xəzri Salatın Əsgərova haqqında elegiya-poema yazdı.
Filmoqrafiya
2016-cı ildə Salatın Əsgərovaya həsr olunan qısametrajlı "Vətən üçün gedirəm" filminin təqdimatı keçirildi.
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(16.12.2025)


