Dövlətinə, xalqına xidmətdə keçən 70 il Featured

Səbinə Yusif,

“Qazax” Xeyriyyə İctimai Birliyinin mətbuat katibi.

“Ədəbiyyat və incəsənət”

 

Elə insanlar var ki, bütün şüurlu ömürlərini övlətinə, xalqına xidmətdə keçirirlər. Onlardan biri də 70 illik yubileyini qeyd edən “Qazax” Xeyriyyə İctimai Birliyi İdarə Heyətinin sədr müavini, iş adamı, xeyriyyəçi Puşkin Əhmədovdur.

 

Həyatda elə yaşamaq lazımdır ki, geriyə baxanda yaşadığın ömrlə fəxr edəsən. Belə insanlar üçün bir amal var: Vətənə layiq övlad olmaq mənim ən müqəddəs borcumdur!

Puşkin Əhmədovhər zaman xeyriyyəçilik işləri ilə məşğul olub. Koronavirus pandemiyasının yayıldığı vaxtlarda “Qazax” Xeyriyyə İctimai Birliyinin İdarə Heyətinin sədri İlham Pirməmmədovun Prezident İlham Əliyevin çağırışından sonra iş adamlarına, imkanlı şəxslərə ünvanlı müraciətinə dəstək olaraq Qazax mahalında ehtiyacı olan onlarca ailənin köməyinə çatan Puşkin Əhmədov onlara maddi və mənəvi dəstək olub. Bundan əlavə Ağstafa rayonunda da bir neçə həssas təbəqədən olan aztəminatlı ailəyə zəruri yardımlar edib.

Bundan başqa 44 günlük Vətən müharibəsi dövründə Ali Baş Komandanın siyasətinə sədaqətini nümayiş etdirərək döyüşən orduya, yaralılara və Şəhid ailələrinə maddi, mənəvi dəstək olub.

“Qazax” Xeyriyyə İctimai Birliyinin fəaliyyətində yaxından iştirak etdiyinə görə Puşkin Əhmədov müxtəlif illərdə Birliyin İdarə Heyətinin qərarı ilə “General Əliağa Şıxlınski Dimpomu” və “Səməd Vurğun adına Diplom”la təltif edilib.

Tərcümeyi halına nəzər yetirsək, Əhmədov Puşkin Kəmaləddin oğlu 1956-cı ildə Ağstafa rayonunda ziyalı ailəsində anadan olub. 1963-cü ildə Ağstafa rayon 24 saylı dəmir yolu məktəbinə gedib və 1973-cü ildə həmin orta məktəbi bitirib.

1975-1977-ci illərdə sovet ordusu sıralarında qulluq edib. Əsgəri xidmətini başa vurduqdan sonra 1978-ci ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutuna daxil olub, müvəffəqiyyətlə təhsil alıb.

İnstitutu bitirdikdən sonra ümummilli liderimiz Heydər Əliyevin SSRİ Nazilər Sovetinin I müavini işlədiyi dövrdə “Azərbaycan Tümen” inşaat briqadasında baş iş icraçısı kimi Rusiyanın Tümen vilayətinin Koqalım şəhərində bir neçə mikrorayonun salınmasında yaxından iştirak edib. Həmin briqadada həmkarlar ittifaqı təşkilatının sədri və partiya sədrinin müavini olub. 1990-cı ildə yüz minlərlə soydaşımızın erməni təcavüzündən yaxa qurtarıb Bakıya pənah gətirməsi, 20 Yanvar hadisələri ilə bağlı Azərbaycan Nazirlər Sovetinin qərarı ilə həmin briqada ləğv olunduqdan sonra Bakıya qayıdan P.Əhmədov “Bakı Baş Tikinti İdarəsi” sistemində şöbə müdiri vəzifəsində çalışıb.

1993-cü ildə kommersiya fəaliyyəti ilə məşğul olmaq üçün “Anar” firmasını təsis edib, kommersiya fəaliyyəti ilə yanaşı daim xeyriyyəçilik işləri ilə də məşğul olub. 1993-cü ildə - 1-ci Qarabağ savaşı dövründə milli ordu və məcburi köçkünlərə “Qazax” Xeyriyyə Cəmiyyətinin xətti ilə iri məbləğdə pul vəsaiti, texnika üçün ehtiyyat hissələri və s. kimi yardımlar edib. Həmçinin Azərbaycan Təhsil işçiləri və tələbələri xeyriyyə fondunun sədr müavini kimi də çalışıb. İşlədiyi dövrdə maarifçiliyin inkişafında, Azərbaycanda fasiləsiz təhsil sisteminin həyata keçirilməsində əməyi olub. Bu fondun bəzi rayonlarda məskunlaşmış qaçqın uşaqlarına köməklik göstərib və onlarla tələbənin illik təhsil haqqını ödəyib.

2001-ci ildə “Səma-3” Mənzil Tikinti kooperativi təsis edərək Bakı və Gəncə şəhərlərində yüksək mərtəbəli binalar tikib.

Ölkəmizdən kənarda Özbəkistan Respublikasının paytaxtı Daşkənd şəhərində tikdiyi “Puşkin Evləri” (Пушкинские Дома) yaşayış kompleksi yerli sakinlər tərəfindən yüksək qiymətləndirilib.

Bundan əlavə “Iron İnşaat” MMC-ni təsis edib, hal- hazırda yüksək mərtəbəli yaşayış binaları tikir.

Yeni Azərbaycan Partiyasının üzvüdür.

Ailəlidir, iki övladı, altı nəvəsi var.

“Qazax” Xeyriyyə İctimai Birliyi İdarə Heyətinin sədri, professor İlham Pirməmmədov, İctimai Birliyin bütün üzvləri, o cümlədən Qazax mahalının ziyalıları  Puşkin Əhmədovu anadan olmasının 70 illik yubileyi münasibətilə ürəkdən təbrik edir, ona uzun ömür, möhkəm can sağlığı arzulayır və bütün işlərində uğurlar diləyirlər.

Hörmətli Puşkin müəllim, biz sizinlə fəxr edirik!

 

“Ədəbiyyat və incəsənət”

(17.06.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.