“Tələbə yaradıcılığı” rubrikasında bu gün sizlər Ağdam Dövlət Sosial-İqtisadi Kollecinin tələbəsi Gültəkin Məmmədovanın “Zaman” adlı essesi ilə tanış olacaqsınız.
GÜLTƏKİN MƏMMƏDOVA,
“ZAMAN”
Vaxt, zaman, saat, dəqiqə, saniyə... Günümüzün ən mühüm hissələrini — xoşbəxt, bədbəxt, gülərkən, ağlayarkən bir-birinin dalınca qaçan 3 əqrəbdən ibarətdir, deyilmi? Saat dəqiqəni, dəqiqə saniyəni izləyir. Ancaq yenə də fırlanıb, dönüb-dolaşıb bumeranq kimi eyni şeyi təkrarlayır və iki əsas hissədən ibarət: yarısı və tamam işlənmiş hissə, qalmış hissə. Heç düşünmüsünüzmü? Heç zamanı incələmisinizmi?
Mənə görə bu həyatda hər bir melodiya, film, heykəl, abidə, alət bir insanı və bir insanın xarakterini xarakterizə edir. Məndən soruşsanız, sən hamısı tikili və ya abidəsən, Piza qülləsi deyərəm. Niyəmi? Vaxtı ikən bir zəng qülləsi olan bu bina bir tərəfi çöküb və üzərində iş aparılaraq düzəldilməyə çalışılmış, lakin olmadığı üçün bir neçə il ara verilib və qüllə özünü torpağa tam bərkidərək əyilməyini dayandırıb. Sonra yenidən onun bir yanını tikərək ucaltmaq istəyiblər. Torpağın alışdığı çəkidən artıq olduğu üçün yenidən batıb və belə-belə təkrar olunub. Sonra isə elə buraxıblar və hal-hazırda UNESCO-nun Ümumdünya İrsi Siyahısındadır, var olduğu kimi.
Əlaqə budur ki, mən də ailəmin gələcəklə bağlı bağları üçün zəng səsi yox, uşaq səsi gəlsin deyə dünyaya gətirdikləri uşağam. Uşaqlıqdan məni formalaşdırmağa çalışsalar da, hər zaman bir yanım ruhumun aid olduğu, öyrəşdiyi torpağa meyilli olub və zamanla belə-belə davam edib. Nə qədər bir yanımı düzəldib məni çiyinlərimə yük yükləsələr də, batmağa davam etmiş, var olduğum formada böyüməyə davam etmişəm və dərinliyim mənim qəbul olunmadığım tiki ilə doludur.
Alət hansı? Piano. Niyə? Çünki o qədər incə musiqi alətidir ki, onu sadəcə ifa etmək üçün deyil, hiss etmək üçün ifa etməlisən. İncə toxunsan incə, sərt toxunsan sərt reaksiya verir. Sənin məni necə ifa etməyin, mənim isə özümü sənə o cür ifadə etməyimdən asılıdır.
Bax, görürsünüz? Hər birinə bir misal çəkərəm. Ancaq bütün insanlar, bütün varlıqlar hamısının bir-biri ilə oxşar bir cəhəti və bir aləti var: saat. Bəli, bəli, saat hər bir şəxsin həyat tərzi və xarakterinə uyğundur. İnsanın yaşam boyunca 3 əsas yaş dövrü var: uşaqlıq, yetkinlik, qocalıq. Saatda neçə ox idi? Aa, təsadüfə bax, o da 3. Saniyə uşaqlıq kimi çevik, tez, aktiv. Dəqiqə yetkinlik kimi normal, öz tempində. Saat isə qocalığımız kimi ağır və ən axırıncı, özü üçün asta-asta gedir.
İnsanın həyatda 2 yaşam xüsusiyyəti olur: bir yaşayıb yaşadığı, iki yaşayacağı, yaşamaq istədiyi. Aa, bax yenə təsadüf, saat da iki hissədir: biri işlənmiş, biri qalmış. Necə də uyğundur, düz deyilmi? İşlənmiş həyatımda yaşadığım hissəni, qalmış isə həyatda hələ davam edəcəyimiz hissəni simvolizə edir.
Bəs geri nə qaldı? Yarısı və tamam. Biz yaşadığımız vaxt ərzində iki dəfə həyatımızın yarısını necə gəldi yaşayırıq, geri qalanını isə artıq bir gün tamamlanacaq deyə istədiyimiz kimi yaşamaq lazımdır deyirik və tamamlanana qədər də elə gedir. Bəzən bu həyatın acımasız üzü bəzilərini elə yarıda, tamamlanmadan dayandırır.
Bəzən özümə sual verirəm: doğrudan da bizmi vaxtı idarə edirik, ya vaxtmı bizi idarə edir deyə? Cavab yox. Çünki biz nə qədər idarəli olsaq da, o öz zamanında tamam olub dayanacaq. Bunun üçün zamanında hər şeyin qədrini, dəyərini bilmək gərəkdir. Çünki zaman özünə yenidən geri çəkilərək düzəldilmə şansı tanısa da, bizlərə o şansı tanımır. İtirdiyimiz zamanı geri ala bilmirik.
Doya-doya yaşayın, hər anın dadını çıxarın. Vaxtında sevin, sevilin. Qırmadan, tökmədən, incitmədən. Ağlayaraq deyil, gülərək yaşamaq lazımdır bu zamanı.
Bəlkə də mənə dəli deyirsiniz. “Bir saata bu qədərmi anlam yükləyər insan?” Bəzilərinizsə “Bu qədər boş vaxtın var, oturub bunu yazırsan” deyə düşünür. İnsanlarda düşüncə tərzi və anlayış fərqlidir. Mən bunu yazıramsa, bir şeyləri anlamışam. Vaxt itirərək, o vaxt çərçivəsində sevdiklərimi, dəyərli hər hansı bir şeyi, şansları, fürsətləri anlayanda isə artıq mən də yarısını yaşamış oluram. Yazıram ki, oxuyun. Bəlkə anlayarsınız. Siz mənim kimi yarısına gəlib keçəndən sonra anlamayın, artıq yarısına gələndə anlamış olun deyə.
Olmayacaq şeylər üçün boşuna qaçmayın. Olacaq şeyləri boşuna əlinizdən verməyin. Əlinizdə olanı itirib, itirdikdən sonra sızlamayın. Hər şeyin öz zamanı, öz vaxtı var və əsla nəsə üçün zamanı, zəmanəni günahlandırmayın. Zaman da öz axarında gedir: 1,2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12... birdən-birə 1-dən 12-yə atlamır. Zəmanə də öz axarında gedir, dünya elə özü üçün fırlanır, zaman da onunla.
Siz dəyişmisiniz, sizin düşüncəniz, sizin tərziniz dəyişib müasir dövrə keçid etmisiniz və ayaqlaşa bilmirsinizsə, bunda nə zaman, nə zəmanə günahkardır. Zamanın dili yoxdur bunu belə et deyə. Sizsiniz yaradan, yandıran, ərsəyə gətirən.
Sadəcə anlayın ki, zaman zamandan dəyərlidir. Hər anınızın qədrini bilin. Zaman sizi irəli aparır. Nə geri getmə şansınız, nə də o anı geri gətirmə imkanınız yoxdur. Tanrı belə zamanı geri alıb digər dinləri yox edib İslamı saxlamır və hər zamanında bir elçi ilə gələcəyi düzəltməyə çalışırsa, insan övladının nə həddinə?
Bax, görürsünüz? Bəziləriniz kimi burada da düşüncəmi dinə bağladım. Axı biz hər ZAMAN nə etsək də, bütün günahı işləyib sonra yoluna müsəlman kimi davam edən bir toplumuq.
Bəlkə də düşünürsünüz ki, yersiz idi bu sözüm. Əslində Qiyamət Günü “saat” olaraq adlandırılır və onun vaxtını yalnız Allahın bildiyi vurğulanır. Siz də bu dünyadan o saat tamam olana qədər, ilk halınızdan son halınıza qədər yaşayırsınız.
Həyatınız boyunca etdiyiniz hər şey — yaxşısı ilə, pisi ilə, doğrusu ilə, səhvi ilə — bir-bir üst-üstə yığılır. Sonda isə bütün bu yaşananlar tamamlanır.
Bir sual verim sizə: heç ZAMAN sözünütərsinə oxumağı sınamısınız?
Nə isə, boş verin… bu da mənim sadəcə düşüncəm idi.
“Ədəbiyyat və incəsənət”
(18.06.2026)


