İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Bu gün böyük bəstəkarın anım günüdür, 3 ildir ki aramızda yoxdur.
Onu xüsusən uşaqlar çox sevirdilər. Çünki uşaqlar üçün mən biləni, ondan başqa opera yazan bəstəkarımız olmayıb. “Göyçək Fatma"-cizgi film-operası var, “Xeyir və Şər", “Sərçəcik" uşaq operaları var…
Oqtay Məmmədağa oğlu Rəcəbov (Rəcəbli) 1941-ci il aprelin 5-də Bakıda anadan olub. Ali təhsilini Azərbaycan Dövlət Pedaqoji İnstitutunun fizika və istehsalatın əsasları fakültəsində alıb (1958–1963). Azərbaycan EA-nın Fizika İnstitutunda aspirantura təhsili alıb. Sonradan musiqiyə həvəs onu Azərbaycan Dövlət Konservatoriyasına aparıb. Oranı da müvəffəqiyyətlə bitirib. 116 nömrəli axşam məktəbində fizika, 1 nömrəli Musiqi məktəbində isə musiqi fənnini tədris edib. Azərbaycan Elmi Tədqiqat Pedaqoji Elmlər İnstitutunda kiçik elmi işçi, baş elmi işçi və şöbə müdiri vəzifələrində çalışıb.
Ü. Hacıbəyli adına Musiqi Akademiyasının "Azərbaycan xalq musiqisi" kafedrasının professoru olub. Mahnı janrı ilə yanaşı irihəcmli musiqi əsərləri də onu cəlb edib. 4 operanın, 3 musiqili komediyanın, 3 simfoniyanın, 2 oratoriyanın, 1 kantatanın, 500 mahnının müəllifidir. Pedaqogika və musiqi ilə bağlı 10 monoqrafiyanın, 70 dərslik, dərs vəsaiti və proqramın, 100-dən artıq məqalənin müəllifidir.
O. Rəcəbovun uşaq mahnıları 6 məcmuədə çap olunub. Onun uşaq mahnıları, əsasən vətənpərvərlik, Flora və fauna, rəqəmlər və vurma cədvəli kimi mövzuları əhatə edib.
Operalar
- "Göyçək Fatma"-cizgi film-opera (1992)- Azərbaycan xalq nağılı əsasında
- "Xeyir və Şər" uşaq operası (1994) — N. Gəncəvinin əsəri əsasında
- "Sərçəcik" uşaq operası (2012) — Libretto müəllifi Sevinc Nuruqızı
- "Atatürk" operası (2016) — Libretto müəllifləri Akif Abbasov, Babək Abbaszadə
Musiqili komediyalar, tamaşalar
- "Əlin cibində olsun" (2001) — libretto müəllifi Aqşin Babayev
- "Şeytanın yubileyi" — libretto müəllifi Aqşin Babayev
Simfonik əsərləri
- 4 saylı Simfoniya (1997)
- Simli orkestr üçün 5 saylı Simfoniya (1998);
Məqalə və kitablar
- Musiqi və mənəvi tərbiyə. Monoqrafiya. B., "Maarif", 1995.
- "Musiqi" — I sinif üçün dərslik (rus dil.), B., "Maarif", 1998.
- "Musiqi" — II sinif üçün dərslik (rus dil.), B., "Maarif", 1998.
- Dahilik fenomeni haqqında nə bilirik?"Musiqi dünyası" jurnalı, № 1, 1999.
Oqtay Rəcəbov 2022-ci ilin dekabrın 15-i vəfat edib.
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(15.12.2025)


